Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1991/2022 08.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Laçın rayonu Çıraqlı kənd tam orta məktəbinin direktoru kimi onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən 22 fevral 2022-ci il tarixdən xitam verilərək, onun Laçın rayonu Çıraqlı kənd tam orta məktəbinin direktoru vəzifəsindən işdən azad edilməyi ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinin 22 fevral 2022-ci il tarixli, K-175 nömrəli Əmrinin qanunsuz hesab edilərək ləğv edilməsi, onun Laçın rayonu Çıraqlı kənd tam orta məktəbinin direktoru vəzifəsinə işəbərpa edilməyi və ona 22 fevral 2022-ci il tarixli, K-175 nömrəli əmrlə əmək funksiyasının icrasından məhrum edildiyi bütün dövr üçün (yəni, qanunsuz olaraq işdən azad edildiyi dövrdən başlayaraq işə bərpə ediləcəyi tarixədək) məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Yoxlamanın nəticələrinə dair" 22 fevral 2022-ci il tarixli, K-175 nömrəli Əmri ilə Laçın rayonu Çıraqlı kənd tam orta məktəbinin direktoru kimi onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən 22 fevral 2022-ci tarixindən xitam verilmişdir. Təhsil Nazirliyinin həmin Əmrində (xx.xx.2022-ci il tarixli, K-175 nömrəli) onun əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi təhsil müəssisəsinin fəaliyyətinə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verməyi, vəzifə səlahiyyətlərindən sui-istifadə etməyi, əmək müqaviləsi üzrə öhdəlik və vəzifə funksiyalarını yerinə yetirmədiyi göstərilmişdir. Hesab edir ki, o, İddiaçı Laçın rayonu Çıraqlı kənd tam orta məktəbinin direktoru vəzifəsindən Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin və eləcə də digər normativ aktların tələbləri kobud şəkildə pozulmaqla qanunsuz və əsassız olaraq işdən çıxarılmışdır, belə ki, onunla bağlanmış əmək müqaviləsinə Təhsil Nazirliyi tərəfindən onun Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək hüquqları pozulmaqla xitam verilmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, Laçın rayonu Çıraqlı kənd tam orta məktəbinin direktoru kimi onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsi ilə bağlı Təhsil Nazirliyinin 22 fevral 2022-ci il tarixli, K-175 nömrəli Əmrində göstərilmişdir ki, həmin əmrin verilməsinə nazir müavini Muxtar Məmmədovun xx.xx.2021-ci il tarixli, 1-02-6278 nömrəli xidməti məlumatı, Laçın rayon Təhsil Şöbəsinin İlk Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2021-ci il tarixli, 09 nömrəli iclas protokolu əsas təşkil etmişdir. Qeyd etmək istəyir ki, o, Laçın rayonu Çıraqlı kənd tam orta məktəbinin direktoru kimi bugünədək xx.xx.2021-ci il tarixli, 1-02-6278 nömrəli xidməti məlumat və Laçın rayon Təhsil Şöbəsinin İlk Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2021-ci il tarixli, 09 nömrəli iclas protokolundan tam xəbərsiz olmuşdur. Bildirmək istəyir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli, K-175 nömrəli əmri ilə əmək hüquqları kobud şəkildə pozulmuş o, seriya SN 00007 № ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən xx.xx.2021-ci il tarixindən -xx.xx.2022-ci il tarixədək xəstəliklə (diaqnoz: K 29.7 Kəskin sadə qastrit) bağlı bülletendə olmuşdur. Göstərilən tarixlərdə, xəstəliklə bağlı bülletendə olduğundan onun bir işçi kimi barəsində aparılan araşdırmalardan məlumatı olmamış və əmək məcəlləsi ilə müəyyən edilmiş əmək hüquqlarını həyata keçirməyə imkan yaradılmadan Laçın rayon Təhsil Şöbəsinin İlk Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2021-ci il tarixli iclası keçirilmişdir. Qeyd olunanlardan göründüyü kimi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri kobud şəkildə pozulmaqla o, Laçın rayonu Çıraqlı kənd tam orta məktəbinin direktoru vəzifəsindən qanunsuz olaraq azad edilərək, onunla bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmişdir. Beləliklə, o, İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin 22 fevral 2022-ci il tarixli, K-175 nömrəli "yoxlamanın nəticələrinə dair" əmri Əmək Məcəlləsinin tələbləri pozulmaqla tərtib edildiyindən həmin əmri qanunsuz və əsassız hesab edir. Bildirir ki, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyinin 22 fevral 2022-ci il tarixli, K-175 nömrəli Əmri işçi kimi onun Azərbaycan Republikasımn Əmək Məcəlləsi ilə qorunan əmək hüquqlarımın kobud şəkildə pozulmasına səbəb olduğu üçün Təhsil Nazirliyinin həmin əmri (xx.xx.2022-ci il tarixli, K-175 nömrəli Əmr) qanunsuz hesab edilərək ləğv edilməli, o, Laçın rayonu Çıraqlı kənd tam orta məktəbinin direktoru vəzifəsinə işə bərpa edilməli və məcburi işburaxmaya görə ona qanunsuz olaraq işdən azad edildiyi dövrdən başlayaraq işə bərpə ediləcəyi tarixədək orta əmək haqqının ödənilməsinə dair müvafiq məhkəmə qətnaməsi qəbul edilməlidir. Qeyd etmək istəyir ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən onunla bağlı belə bir qanunsuz və əsassız əmr tərtib edilən zaman işçi ilə işəgötürən arasında əmək münasibətlərini nizama salan müvafiq qanunvericilik aktlarına, xüsusilə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə riayət olunmamış, belə ki, Əmək Məcəlləsinin müvafiq maddələrinin tələbləri əsaslı dərəcədə pozulmuşdur. Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli, K-175 nömrəli əmrinə nəzər saldıqda görünür ki, həmin əmr Əmək Məcəlləsinin tələbləri gözlənilmədən, əksinə işçi kimi onun əmək qanunvericiliyi ilə müəyyən edilmiş əsas hüquqları kobud şəkildə pozulmaqla tərtib edilmiş və məhz həmin əmr də onun qanunsuz olaraq Laçın rayonu Çıraqlı kənd orta məktəbində tutduğu direktor vəzifəsindən azad edilməyinə səbəb olmuşdur. Buradan göründüyü kimi, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən onun Laçın rayonu Çıraqlı kənd tam orta məktəbin direktoru vəzifəsindən azad edilməyi ilə nəticələnən əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci madəsinin "ç" bəndinə əsasən xitam verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli, K-175 nömrəli əmrlə Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndinin tələbləri əsaslı şəkildə pozulmuşdur. Qeyd etmək istəyir ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verən zaman Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbinin də ciddi pozuntusuna yol verilmişdir. Belə ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinin tələbinə əsasən, Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, əmək qanunvericiliyin bu norması əsaslı dərəcədə pozularaq Laçın rayon Təhsil Şöbəsinin İlk Həmkarlar İttifaqı Komitəsi tərəfindən xx.xx.2021-ci il tarixində iclas keçirilmişdir, hansı ki, əmək hüquqları pozulmuş o, həmin tarixdə (Qeyd: SN 00007 № ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən xx.xx.2021-ci il tarixindən - xx.xx.2022-ci il tarixinədək xəstəliklə (diaqnoz: K 29.7 Kəskin sadə qastrit) bağlı) bülletendə olmuşdur. Digər bir tərəfdən, Laçın rayon Təhsil Şöbəsinin İlk Həmkarlar İttifaqı Komitəsi tərəfindən onunla bağlı qəbul olunmuş qərardan - Komitənin xx.xx.2021-ci il tarixli, 09 nömrəli iclas protokolundan o, həmkarlar ittifaqının üzvü olan bir işçi kimi bugünə kimi məlumatsız olmuşdur. Belə ki, o, bir işçi kimi Laçın rayon Təhsil Şöbəsinin İlk Həmkarlar İttifaqı Komitəsi tərəfindən xx.xx.2021-ci il tarixində keçirilmiş iclasda iştirak etməmişdir, ondan izahat alınmamışdır. Lakin qeyd etdiklərinə baxmayaraq, onun Laçın rayonu Çıraqlı kənd tam orta məktəbinin direktoru kimi işdən azad edilməyi ilə bağlı Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli, K-175 nömrəli əmrinə Laçın rayon Təhsil Şöbəsinin İlk Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2021-ci il tarixli, 09 nömrəli iclas protokolu əsas kimi göstərilərək mənimlə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə xitam verilmişdir. Digər bir tərəfdən, onu da bildirmək istəyir ki, ümumiyyətlə ondan Laçın rayon Təhsil Şöbəsinin İlk Həmkarlar İttifaqı Komitəsi tərəfindən Laçın rayonu Çıraqlı kənd tam orta məktəbində icra etdiyi direktor vəzifəsi ilə əlaqədar öz əmək funksiyasını və ya əmək müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməməyi ilə bağlı, eyni zamanda təhsil müəssisəsinin fəaliyyətinə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verilməsi iddiası ilə bağlı ondan hər hansı bir izahat alınmamış və ona Həmkarlar İttifaqı Komitəsinin iddia etdiyi kimi əmək vəzifələrini, əmək müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri pozmağı ilə, rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verilməsi ilə bağlı hər hansı bir xəbərdarlıq edilməmişdir. Ümumiyyətlə qeyd edir ki, o işdən azad edilən tarixədək, yəni tutduğu direktor vəzifəsindən qanunsuz işdən azad edilməyi ilə bağlı ona müvafiq əmrin (xx.xx.2022- ci il tarixli, K-175 nömrəli) tərtib edildiyi barədə məlumat verilən vaxtadək işəgötürən tərəfindən barəsində tam əsassız iddia edilən məsələlər barədə haqqında ədalətli və qanunauyğun formada araşdırma aparılmamış, işəgötürənin əmrdə əmək müqaviləsinə xitam verilməsi üçün əsas hesab etdiyi qeyd olunan hallarla bağlı ondan yazılı formada izahat belə alınmamışdır. Belə ki, o, işəgötürən tərəfindən barəsində tərtib edilmiş belə bir qanunsuz və əsassız əmrə qədər işdən - Laçın rayonu Çıraqlı kənd tam orta məktəbinin direktoru vəzifəsindən Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə azad olunacağından tam xəbərsiz olmuşdur. O, əmək hüquqlarının və qanunla qorunan maraqlarının işəgötürən tərəfindən əsaslı şəkildə pozuntusu nəticəsində işdən (tutduğu direktor vəzifəsindən) qanunsuz və əsassız azad edilməyi ilə bağlı iradını həm Laçın rayon Təhsil Şöbəsinin İlk Həmkarlar İttifaqı Komitəsinə, həm də ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəhbərliyinə ünvanladığı şikayət ərizələri ilə bildirmişdir, lakin müraciətlərinə onlar tərəfindən müsbət cavab verilməmişdir. Beləliklə, Əmək Məcəlləsinin tələbləri kobud şəkildə pozulmaqla qanunsuz olaraq Laçın rayonu Çıraqlı kənd tam orta məktəbində tutduğu direktor vəzifəsindən azad edilməyi ilə bağlı yaranmış fərdi əmək mübahisəsini məhkəməyəqədər mərhələdə həll etmək üçün çoxsaylı cəhdləri hər hansı bir müsbət nəticə vermədiyindən işçi kimi pozulmuş hüquqlarının və qanunla qorunan maraqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbinin tam əsassız olduğunu bildirərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan Əmək kitabçasının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2003-cü il tarixli 253 nömrəli əmri ilə Ali təhsilli sinif müəllimi hazırda Ağanus kənd orta məktəbində sinif müəllimi işləyən irəli çəkilərək xx.xx.2003-cü il tarixdən çıraqlı kənd orta məktəbinin direktoru vəzifəsinə təyin edilmişdir. Daha sonra o, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli K-175 nömrəli əmri ilə Laçın rayon Çıraqlı kənd tam orta məktəbinin direktoru ilə bağlanmış əmək müqaviləsi təhsil müəssisəsinin fəaliyyətinə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 22 fevral 2022-ci il tarixdən ləğv edilmişdir. İş materiallarında olan əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işdən azad edilmişdir. İş materiallarında olan əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işdən azad edilmişdir. İş materiallarında olan “Abşeron rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi Masazır Ailə Sağlamlıq Mərkəzinin xx.xx.2022-ci il tarixli, 175 №-li tibbi arayışından görünür ki, İddiaçı həqiqətən Masazır Ailə Sağlamlıq Mərkəzində xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müayinə olunmuşdur. Diaqnoz K.29.7 kəskin sadə qastrit. İş materiallarında olan 09 №-li protokoldan görünür ki, 27 dekabr 2021-ci il tarixdə ATİAHİ-nin Laçın RK-nın RTŞ üzrə ilk həmkarlar təşkilatının onlayn iclası keçirilmiş və qərara alınmışdır ki, 1. Laçın rayon Çıraqlı kənd tam orta məktəbində aparılmış araşdırmaların nəticəsinə dair Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli xx-xx-1740/10 nömrəli məktubuna münasibət bildirilməsi barədə ATİAHİ Laçın RK-nın RTŞ üzrə ilk həmkarlar təşkilatının sədri Fəxri Şahsuvarovun məlumatı nəzərə alınsın.
2. ATİAHİ-nin Laçın RK-nın RTŞ üzrə ilk həmkarlar təşkilatı Çıraqlı kənd tam orta məktəbinin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə etiraz etmir.
3. ATİAHİ-nin Laçın RK-nın RTŞ üzrə ilk həmkarlar təşkilatının 27 dekabr 2021-ci il tarixdə keçirilmiş onlayn iclasının 09 nömrəli protokolunun surəti Azərbaycan Respublikası Təhsil Nazirliyinin İnsan resursları şöbəsinə təqdim edilsin Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli, K-175 №-li əmrdən görünür ki, Laçın rayonu Çıraqlı kənd tam orta məktəbinin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi təhsil müəssisəsinin fəaliyyətinə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 22 fevral 2022-ci il tarixdən ləğv edilmişdir. xx.xx.2021-ci il tarixli Aktdan görünür ki, aktı imza edənlər qeyd edilən tarixdə məktəbdə olarkən aşağıdakıları aşkar etmişlər: xx.xx.2021ci il tarixdə Laçın rayonu, Çıraqlı kənd orta məktəbində aparılmış monitorinq zamanı 1) Məktəbin təsərrüfat işləri üzrə direktor müavini-X2, məktəbin kitabxanaçısı-X1, “gözətçi” X3, “xadimə”- X5 gündəlik işə gəlmirlər. Məktəbin texniki heyət üzrə işçiləri öz yazılı izahatlarında həmin şəxsləri tanımadıqlarını qeyd etmişlər.
2. İbtidai sinif üzrə vakant dərs saatları olan İV sinfə Füzuli rayon 40 saylı tam orta məktəbdən (Sumqayıt şəhəri, Nasosnu qəs.) 2-ci iş yeri kimi DQ-dan 42 bal (ixtisas 27) toplayan X4 xx.xx.2021-ci il tarixdən müddətli müqavilə ilə qaydalara zidd müəllim təyin olunmuş, 20 saat dərs həvalə edilmişdir.
3. Dərs saatları DQ nəticələrinə uyğun bölünməmişdir.
4. Məktəbdə kimya, biologiya və informatika fənləri üzrə avadanlıqlarla təchiz edilmiş kabinetlər olmadığı halda həmin fənlərdən laborant ştatı saxlanılmışdır.
5. Məktəbdə 2021/ 2022 –ci tədris ili üçün dərs cədvəli, fərdi təhsil cədvəli, dərsdənkənar məşğələ cədvəlləri təsdiq olunmamışdır.
6. Məktəbin idman zalı olmadığı halda fiziki tərbiyə üzrə dərs saatları 2020/ 2021-ci tədris ilində (36 saat) bölünmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər: Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” başlıqlı 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin “işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar” başlıqlı 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi belə halların sırasında göstərilmişdir. Məcəllənin 186-cı və 187-ci maddələrinə görə isə, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbehi verə bilər. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Göründüyü kimi iddiaçının ilkin olaraq mübahisələndirdiyi hal onun Laçın rayonu Çıraqlı kənd tam orta məktəbinin direktoru vəzifəsindən işdən azad edilməyi ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinin 22 fevral 2022-ci il tarixli, K-175 nömrəli Əmridir. Belə ki, İddiaçı qeyd edilən əmrin qanunsuz hesab edilməklə ləğv edilməsi və əvvəlki vəzifəsinə işə bərpa edilməsini tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikasının Təhsil Nazirliyinin xx.xx.2003-cü il tarixli 253 nömrəli əmri ilə Laçın rayonu Çıraqlı kənd tam orta məktəbinin direktoru vəzifəsinə təyin edilmişdir. Qeyd edilən əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 22 fevral 2022-ci il tarixdən ləğv edilmişdir. Belə ki Laçın rayonu Çıraqlı kənd tam orta məktəbində Azərbaycan Respublikasının Təhsil Nazirliyinin əməkdaşları tərəfindən araşdırma aparılarkən məktəbin direktoru tərəfindən təhsil müəssisəsində tədrisin təşkili, əmək intizamına riayət olunması və digər sahələrdə bir sıra nöqsanlar aşkar edilmişdir. Qeyd edilən nöqsanlarla bağlı Azərbaycan Respublikasının Təhsil Nazirliyinin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə akt tərtib edilmiş, aktda İddiaçı tərəfindən yol verilmiş nöqsanlar ayrı-ayrılıqda qeyd edilmişdir. Həmçinin məhkəmə iclasında həmkarlar ittifaqının xx.xx.2021-ci il tarixli 09 saylı iclas protokolu təqdim olunmuş, bu barədə razılığın alınması müəyyən olunmuşdur; Əmək Məcəlləsinin 80-ci maddəsinə görə isə, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Bu mənada məhkəmənin qənaətinə görə, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən bu Məcəllənin 72ci maddəsində göstərilən kobud pozuntuların onun əməllərində mövcud olmaması barədə iddiaçının arqumentləri əsaslı hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində tələb etdiyi halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə təqdim edilmiş iş materiallarını, hər iki tərəfin izahatlarını araşdırıb işə bərpa barədə iddia tələbinin əsassız olması qənaətinə gəlir. Belə ki ilk növbədə iddiaçı tərəfindən əmək müqaviləsinə əsassız və qərəzli olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verildiyini mübahisələndirmiş və işə bərpa edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş aktla sübut olunur ki, İddiaçı öz vəzifə səlahiyyətlərini lazımında icra etməmiş, direktor olduğu dövr ərzində aktda göstəriən pozuntulara yol vermişdir. Digər tərəfdən, İddiaçı işdən çıxarılma barədə əmr verilərkən onun səhhətində yaranmış problemlə bağlı bülletendə olmasını qeyd etsə də, məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli aktda qeyd olunmuş nöqsanlar təkcə həmin dövrü əhatə etməməklə, öz xarakterinə görə davam edən münasibətlərə aiddir və məktəb direktorunun bülletendə olması göstərilən nöqsanlara yol verilməsinə haqq qazandırmır. Bundan başqa iddiaçı tələbinin əsası kimi göstəmişdir ki, 27 dekabr 2021-ci il tarixdə ATİAHİnin Laçın RK-nın RTŞ üzrə ilk həmkarlar təşkilatının onlayn iclası keçirilmiş və həmin vaxt iddiaçının əmək qabiliyyəti olmamışdır. Məhkəmə iddiaçının bu əsasına münasibətdə qeyd edir ki, əmək qanunvericiliyində işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilməsi imperativ norma olaraq qeyd olunsa da, işçinin həmin iclasda iştirakının mütləq təmin olunması və ya işçinin əmək qabiliyyəti olmadığı dövrdə həmkarlar ittifaqı iclasının keçirilməsini qadağan edən norma mövcud deyildir. Məhkəmə ona da qeyd edir ki, iddiaçı barəsində xidməti yoxlama aparılan zaman izahatları alınmış G.Kərimova, A.Əlvəndova, V.Ablullayeva məhkəməyə göndərdikləri ərizə və teleqramda izahatlarının təzyiq alında verilməsini bildirsələr də, ağlabatan mühakimə əsasında məntiqli deyildir. Belə ki, həmin şəxslərə təsir və yaxıd təzyiq göstərilməsi barədə onların hər hansı hüquq mühafizə orqanlarına müraciət etmələri iş materialları ilə müəyyən olunmamışdır. İddiaçının digər tələbi ona məcburi işburaxmaya görə ala bilmədiyi əmək haqqınının ona ödənilməsidir. Məhkəmə hesab edir ki, iddiaçının əmrin ləğvi və işə bərpa barədə iddia tələbi təmin edilmədiyindən, onun məhrum edildiyi vəsait də məcburi işburaxmaya görə maddi itki hesab edilə bilməz. Odur ki, məhkəmə iddiaçının məcburi iş buraxmaya görə əmək haqq tələblərini əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindəm məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin və 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Aytən Novruzova