Məhkəmə qərarları › İş №e-2(005)-2008/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2008/2023

04.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2008/2023 04.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı QSC BOKT-un cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-yə qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh2 və "xxxx" ASCyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-dən müştərək qaydada 42860,75 manat əsas borcun, 35383,24 manat faiz borcunun, cəmi 78243,99 manat borcun və 324,73 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ 11 avqust 2015-ci il tarixli müqavilə əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Həmin Fərmanın icrası ilə bağlı "xxxx" ASC-nin Cavabdeh2 qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da 24 oktyabr 2017-ci il tarixli, S-DİPK-133 saylı təhvil-təslim aktı əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. Azərbaycan Beynəlxalq Bankının Nərimanov filialı ilə Cavabdeh2 arasında bağlanmış 27 iyun 2012-ci il tarixli, İNK-İ-12/17 saylı kredit müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Bünyadzadə küçəsi, bina 1, blok 1-də yerləşən 42 saylı, ümumi sahəsi 78.2 kv.m olan, 2 otaqdan ibarət mənzilin alınması məqsədi ilə 217 ay müddətinə illik 12%-lə 54166,29 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi "xxxx" ASC-nin Nərimanov filialı ilə zamin olmuş şəxs "xxxx" ASC arasında 27 iyun 2012-ci il tarixli, İNK-İ- 12/17 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bağlanmış zaminlik müqavilələrinin şərtlərinə görə zamin borclu Səfərov X4 qarşısında öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öhdəliklərinə götürmüşlər. Bağlanmış zaminlik müqaviləsinin 13.2-ci bəndinə əsasən, borclu kreditorla bağladığı 27 iyun 2012-ci il tarixli, İNK-İ-12/17 saylı kredit müqaviləsinə əsasən üzərinə götürdüyü borcun əsas məbləğini və faizləri kreditora ödəyənədək bu müqavilə qüvvədə olur. Bağlanmış zaminlik müqaviləsinin 13.4-cü bəndinə əsasən, zaminliklə təmin edilmiş öhdəlik borclu, zamin və ya üçüncü şəxs tərəfindən tam həcmdə yerinə yetirildikdə müqaviləyə xitam verilir. Kredit müqaviləsinə görə cavabdehə verilmiş kredit məbləği müqaviləyə uyğun qaytarılmalı olduğu halda, buna əməl olunmamışdır. Cavabdehin İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına əsas borcu 42860,75 manat, faiz borcu 35383,24 manat, cəmi borcu 78243,99 manat təşkil edir. Borcun ödənilməsi barədə Cavabdeh2 və onun zamininə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC BOKT-un nümayəndəsi X3 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin dəlillərini, iddiaçının izahatını və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2010-cu il tarixli mənzilin alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı “X7” ASC Bakı şəhərində, Yasamal rayonu ərazisində X5 küçəsində inşa etdirdiyi 1 saylı binanın, B1 blok, 42 saylı, 2 otaqdan ibarət ümumi sahəsi 78.2 kv.metr olan mənzili “alıcı” Cavabdeh2 satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür; -“Azərbaycan Beynəlxalq Bankı" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, İNK-İ-12/17 nömrəli kredit müqaviləsi və ödəniş cədvəlinin surətindən görünür ki, borc verən "xxxx" ASC borc alan Cavabdeh2 217 ay müddətinə, illik 12% hesablanmaqla, 54166,29 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür; - "xxxx" ASC ilə borclu Cavabdeh2 və zamin "xxxx" ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli, İNK-İ-12/17 nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC xx.xx.2012-ci il tarixli, İNK-İ-12/17 nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icra edilməməsi nəticəsində bank qarşısında borcalanla eyni şərtlər daxilində birgə məsuliyyət daşıyır; - xx.xx.2009-xx.xx.2017-ci illər arasındakı dövr üçün, hesabdan çıxarışın surətindən görünür ki, Cavabdeh2 hesabına kreditin verilməsi təyinatı ilə xx.xx.2012-ci il tarixində 54166,29 manat pul köçürülmüşdür; - xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı QSC BOKT tərəfindən "xxxx" ASC və Cavabdeh2 borcunun olması və onun 10 gün müddətində ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir; - İddiaçı QSC BOKT tərəfindən verilmiş maliyyə arayışının surətindən görünür ki, Cavabdeh2 xx.xx.2012-ci il tarixli, İNK-İ-12/17 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinə əsas borcu 42860,75 manat, müqavilə müddəti üçün hesablanmış faiz borcu 35383,24 manat olmaqla, cəmi borcu 78243,99 manat təşkil edir; - Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 324,73 manat məbləğində dövlət rüsumu ödənilmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-9/5022/2023 saylı ekspert rəyindən görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixə İddiaçı QSC BOKT-a olan borcu 42816,45 manat əsas, 40414,29 manat faiz borcu məbləğində müəyyən edilir. Ekspertiza xərci 100 manat təşkil edir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Kredit müqaviləsinə əsasən "xxxx" ASC borcalan Cavabdeh2 kredit verməyi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin cavabdeh-borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliyi "xxxx" ASC ilə bağlanmış xx.xx.2012-ci il tarixli zaminlik müqaviləsi ilə təmin olunmuşdur. Həmin müqaviləyə əsasən digər cavabdeh – zamin "xxxx" ASC borc alan tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədiyi təqdirdə kredit müqaviləsindən irəli gələn öhdəliyin tam həcmdə icrası üçün cavabdehdir. "xxxx"nın cavabdehlərə qarşı tələb hüququ iddiaçıya keçmişdir. Hazırda iddiaçı müqavilə öhdəliklərinin lazımınca icra edilmədiyini əsas gətirərək kredit müqaviləsi üzrə yaranmış borcun cavabdehlərdən tutulmasını məhkəmədən xahiş edir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (Mülki Məcəllənin 445.2.1 və 445.1-ci maddələri). Eyni Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İddia tələbinin qanuni əsaslarından biri kimi çıxış edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 və 741-ci maddələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İddia tələbinin digər qanuni əsasını təşkil edən Mülki Məcəllənin 470.1 və 472-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər Mülki Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etmiş, yəni tərəflər arasında bağanmış kredit müqaviləsi üzrə müəyyən edilmiş məbləği Cavabdeh2 vermiş, cavabdeh isə qaytarmalı olduğu kredit məbləğini banka ödəməkdən yayınmışdır. Kredit müqaviləsinin bağlanması və "xxxx" ASC tərəfindən Cavabdeh2 217 ay müddətinə, illik 12 faiz olmaqla, 54166,29 manat məbləğində kreditin verilməsi yazılı qaydada tərtib olunmuş kredit müqaviləsi, maliyyə arayışı, hesabdan çıxarış, ödəniş tapşırığı ilə təsdiq olunur. Digər cavabdeh "xxxx" ASC isə xx.xx.2012-ci il tarixində bankla bağladığı zaminlik müqaviləsinə əsasən eyni tarixli kredit müqaviləsi üzrə zamin qismində bank qarşısında borclu ilə birgə məsuliyyət daşıyır. Hazırki iş üzrə cavabdeh – Cavabdeh2 (borc alan) əsas öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçının digər cavabdeh - "xxxx" ASC-yə (zaminə) qarşı da tələb irəli sürmək hüququ yaranmışdır. Bu səbəbdən risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olmaqla öz öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış əsas və faiz borcunu iddiaçıya ödəməlidirlər. Əsas və faiz borcunun məbləğinə gəlincə məhkəmə qeyd edir ki, iddiaçı əsas borca görə 42860,75 manat pul tələb etsə də, məhkəmə tərəfindən keçirilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyi ilə əsas borcun məbləği 42816,45 manat olaraq müəyyən edilmişdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, əsas borca görə 42816,45 manat məbləğində pul cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Faiz borcunun məbləği ilə bağlı məhkəmə qeyd edir ki, ekspert rəyində faiz borcunun 40414,29 manat olduğu göstərilsə də, məhkəmə iddia tələbindən kənara çıxmayaraq hesab edir ki, cavabdehlərdən faiz borcuna görə 35383,24 manat pul tutulmalıdır. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan ekspert rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-dən xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə 42816,45 manat əsas borc, 35383,24 manat faiz borcu olmaqla, cəmi 78199,69 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 324,73 manat pul tutularaq İddiaçı QSC BOKT-a ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 manat pul cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-dən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-dən 42816,45 manat əsas borc, 35383,24 manat faiz borcu olmaqla, cəmi 78199,69 (yetmiş səkkiz min yüz doxsan doqquz manat, altmış doqquz qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 324,73 (üç yüz iyirmi dörd manat, yetmiş üç qəpik) manat pul tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 (yüz) manat pul cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-dən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN**********, AZ34CTRE********************, X1, KOD 210005, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar