Məhkəmə qərarları › İş №e-2(005)-2014/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2014/2024

03.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2014/2024 03.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 538,24 manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı ASC-yə (bundan sonra “İddiaçı” və ya “Bank”) məxsus plastik kart istifadəçisidir. İddiaçı tərəfindən verilmiş plastik kart cavabdeh tərəfindən istifadə edilmişdir. Belə ki, Cavabdeh ona məxsus kart hesabından, ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Cavabdeh həmin kart hesabından (borcluya məxsus kart hesabının № ********************) 11.05-xx.xx.2023 tarixləri aralığında “onlayn” ödəniş əməliyyatları icra etmişdir (çıxarış əlavə edilir). Nəticədə cavabdeh X1 banka cəmi 538.24 ziyan vurmuşdur. Tərəflər arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış müqavilənin 8.2.4cü maddəsinə əsasən şəxs onun kart hesabına artıq və ya səhvən mədaxil edilmiş pul vəsaitlərindən istifadə edə bilməz və həmin məbləği dərhal banka qaytarmalıdır. Kart hesabından çıxarışa nəzər yetirilsə xüsusi bilik tələb olunmadan müəyyən edilir ki, müştərinin kartına 792 manat mədaxil edilib, 4243,27 manat isə məxaric edilmişdir. İlkin qalıq da 2913,03 manat oldğundan buradan da tam aydın olur ki, cavabdeh banka 538,24 manat ziyan vurmuşdur.Pulun qaytarılması barədə bank tərəfindən şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq və iddianın qiymətini nəzərə alaraq, ərizəyə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BRML0496711B299 nömrəli birbank miles müqaviləsinin surətindən görünür ki, “Bank” “Müştəri”yə “Birbank Miles” ödəniş kartı verməyi, “Müştəri”nin müraciəti əsasında bu Müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədilə bərpaolunan kredit xətti ayırmağı, həmin Karta bağlı və (və ya) xəttin istifadəsi ilə əlaqədar müvafiq hesablar açmağı, “Müştəri” isə yaranmış borclarını (xidmət haqqı, əsas və faiz borcu, dəbbə pulu və s.), habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bu Müqavilə ilə müəyyən edilmiş qaydada və Bankın qüvvədə olan Tarif dərəcələrinə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 8.2.4-cü maddəsinə uyğun olaraq kart hesabına artıq və ya səhvən mədaxil olunmuş pul vəsaitlərini istifadə etmir və onları dərhal banka geri qaytarır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli hesabdan çıxarışın surətindən görünür ki, Cavabdeh xx.xx.2023-xx.xx.2024-cü tarixləri aralığında ödəniş əməliyyatları icra etmişdir. İş materiallarında olan bank tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, o, müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirməsi barədə xəbərdar edilmişdir. Həmçinin iş materiallarından görünür ki, bank tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında ödəniş kartından istifadəyə dair müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli birbank miles müqaviləsinə əsasən bank Cavabdeh kart hesabı açmış, Cavabdeh ödəniş əməliyyatları icra etmişdir. Bankla razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin bank qarşısında texniki overdraft borcu yaranmışdır. Müqaviləyə əsasən bu halda müştəri bank qarşısında yaranmış borcu texniki overdraftın yarandığı vaxtdan dərhal ödəməlidir. Nəticədə cavabdehin banka 538,24 manat məbləğində borcu yaranmışdır. Mülki Məcəllənin 954.1-ci maddəsinə uyğun olaraq, bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. Bank hesabı müqaviləsi bağlanarkən müştəriyə və ya onun göstərdiyi şəxsə tərəflərin razılaşdırdığı şərtlərlə bankda hesab açılır. Bank hesabı müqaviləsinə müvafiq surətdə, pul vəsaitinin olmadığına baxmayaraq, bankın ödənişləri həyata keçirdiyi hallarda (hesabın kreditləşdirilməsi) bank bu cür ödənişi həyata keçirdiyi gündən müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır. Tərəflərin hesabın kreditləşdirilməsi ilə bağlı hüquq və vəzifələri borc və kredit haqqında qaydalarla müəyyənləşdirilir, bu şərtlə ki, bu Məcəllədə və ya bank hesabı müqaviləsində ayrı hal nəzərdə tutulmasın (Mülki Məcəllənin 956.1, 960.1 və 960.2-ci maddələri). Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425.1-ci maddəsi). Mülki Məcəllənin 442 və 443.1-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Eyni Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öhdəliyini tam və lazımi qaydada icra etməyərək qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərini pozmuşdur. Bu səbəbdən risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 538,24 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 538,24 (beş yüz otuz səkkiz manat, iyirmi dörd qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar