Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-204/2023 01.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 216.000 (iki yüz on altı min) ABŞ dolları əsas borc, 75.600 (yetmiş beş min altı yüz) ABŞ dolları faiz borcu olmaqla 291.600 (iki yüz doxsan bir min altı yüz) ABŞ dolları (ödəniş gününə dolların manata olan məzənnəsinə uyğun olaraq) və iddianın qaldırılması üçün ödənilmiş 786 (yeddi yüz səkkən altı) manat pulun Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhərində mətbəx avadanlıqlarının satışı ilə məşğul olmuş və dəyəri 216.000 ABŞ dolları məbləğində avadanlıqları Cavabdeh təhvil vermişdir. Malları Cavabdeh təhvil verməyinə baxmayaraq, bugünədək həmin malların dəyəri ödənilməmişdir. Cavabdeh malların dəyərini ödəməməklə kifayətlənməyərək, ona qarşı müxtəlif məhkəmə instansiyalarında əsassız iddialar qaldırmışdır. Həmin iddiaları qaldırmaqda məqsədi isə ona olan borcu mənimsəmək olmuşdur. Cavabdeh mallara görə pul borcunun olması onun tərəfindən məhkəmələrə təqdim edilmiş ərizələr və həmçinin məhkəmə iclaslarında verdiyi etirafedici izahatları ilə də təsdiq edilmişdir. Nərimanov rayon Polis idarəsi tərəfindən 31 oktyabr 2017-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarda da, izahatı alınan Cavabdeh ondan 216.000 ABŞ dolları məbləğində mətbəx avadanlıqları aldığını etiraf etmişdir. Cavabdeh Nərimanov rayon Polis idarasində verdiyi izahatda güya ki, borcundan müəyyən ödənişlər etdiyini və borcunun 34.665 ABŞ dolları qaldığını göstərsə də, bugünədək borc üzrə ona hər hansı məbləğ ödəməmişdir. Həmçinin, Cavabdeh direktoru olduğu "xxxx" MTK-nın Erșan Tuna Tolgaya qarșı müqavilənin etibarsızlığı tələbinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılan zaman, Cavabdeh tərəfindən "xxxx" MTK-nin mõhürü ilə təsdiqlənmiş, xx.xx.2016-cı il tarixli mənzil tikintisi və satışına dair müqavilə təqdim olunmuş, həmin müqavilənin alıcı Ersan Tuna sözünün altında imza mövcud olmamışdır. Müqavilədə əl yazısı ilə qeyd edilmişdir ki, “Müqaviləni ondan yana bağlamışam ki, İddiaçı aldığım otel-restoran mallarının pullarını verdikdən sonra müqaviləni geri verəcək. Malların ümumi dəyəri 216.000 ABŞ dolları”. Həmin müqavilə saxtalaşdırılmaqla onun adından müqaviləyə qeyd edilən hissədə yazı əlavə olunduğundan, Nərimanov Rayon Məhkəməsi "xxxx" MTK-nın səlahiyyətli şəxslərinin hərəkətlərində Azərbaycan Respublikası CM-in müvafiq maddəsində ehtiva olunan cinayətin əlamətləri aşkara çıxdığından bu barədə xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsini əsaslı hesab etmişdir. Hazırki cavabdeh qeyd edilən sənədi saxtalaşdırsa da, eyni zamanda 216.000 ABŞ dolları borclu olduğunu həmin sənədlə də bir daha etiraf etmişdir. Cavabdeh “iddia müddətinin tətbiqinə dair” ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı 25 iyul 2022-ci il tarixində Nərimanov Rayon Məhkəməsinə “pul” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək cavabdeh X1 müəyyən məbləğdə pul tələb edir. İddiaçının məhkəməyə təqdim etdiyi və onun mülahizəsinə əsasən əsaslı olduğu sübutlardan görünür ki, işin halları 2016-cı ilin fevral ayına təsadüf edir. Qeyd edilməlidir ki, iddia ərizəsi qanunla müəyyən edilmiş iddia müddətinin ötürülməsi ilə verildiyindən rədd edilməlidir. iddiaçı öz tələblərinin hüquqi əsası kimi cavabdehin əsassız varlanmasına istinad edir. Mülki Məcəllənin 1095-ci maddəsi əsassız varlanma obyektini qaytarmaq üçün müddətin keçməsini qeyd edir. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Göründüyü kimi, bu müddət kəsici müddətdir, kəsici müddət cavabdehin müddətin ötürülməsinə dair ərizənin verilib-verilməməsindən asılı olmayaraq tətbiq edilir. Bundan əlavə istənilən digər hallarda belə iddia müddəti ötürülmüşdür. Beləliklə iddiaçı məhkəməyə xx.xx.2022-ci il tarixində, yəni 6 il 5 aydan sonra müraciət etmișdir. Belə olan halda iddiaçı iddia müddətini ötürmüşdür. Yuxarıda qeyd edilənləri rəhbər tutaraq, iddia ərizəsi qanunla müəyyən edilmiş iddia müddətinin ötürülməsi ilə verildiyindən məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X8 iddia tələbini müdafiə edərək bildirmişdir ki, Nərimanov rayon Polis İdarəsi tərəfindən 31 oktyabr 2017ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarda, izahatı alınan X11 216.000 ABŞ dolları məbləğində mətbəx avadanlıqları aldığını etiraf etmişdir. Cavabdeh Nərimanov rayon Polis idarəsində verdiyi izahatda borcundan müəyyən ödənişlər etdiyini və borcunun 34.665 ABŞ dolları qaldığını göstərsə də, onun tərəfindən həmin borc üzrə ona hər hansı məbləğ ödənilməmişdir. Bu barədə hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Cavabdehin direktoru olduğu "xxxx" MTK ilə İddiaçı arasında 16 fevral 2016-cı il tarixli Mənzil Tikintisi və Satışına dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, "xxxx" MTK tərəfindən tikilən yaşayış binasının 2-ci giriş, 2-ci mərtəbəsində, 119 kv.m .sahəsi olan 42 nömrəli mənzil İddiaçı tərəfindən satın alınmış və "xxxx" MTK tərəfindən verilmiş 16 fevral 2016-cı il tarixli kassa mədaxil qəbzinə əsasən mənzilin dəyəri olan 178500 manat onun tərəfindən tam şəkildə ödənilmiş və mənzilin dəyərinin tam ödənilməsi təsdiq edən 16 fevral 2016-ci il tarixli maliyyə arayışı "xxxx" MTK tərəfindən təqdim edilmişdir. Lakin Cavabdeh həmin mənzilin guya Tolga tərəfindən alınmadığını, onun Tolgaya olan borcunun qarşılığında Tolganın adına müqavilə tərtib etdiyini, Tolganın pulunu ödədikdən sonra həmin müqavilənin ləğv olunacağını bildirməklə Tolganı əsassız məhkəmə mübahisələrinə cəlb etmiş, məqsədi isə Tolgaya olan borcunu ödəməkdən yayınmaq olmuşdur. Cavabdeh bütün məhkəmə instansiyalarında verdiyi ərizələrdə və izahatlarında da, Tolganın mənzilin alınması üçün ödədiyi 178.500 manat pulun onun Tolgaya borclu olduğu 216.000 ABŞ dollarının tərkib hissəsi olduğunu göstərməyə çalışmışdır. Lakin, bütün məhkəmə instansiyaları həmin məsələyə hüquqi qiymət vermiş və Tolganın mənzilin alnması üçün ödədiyi pulun, Vahib İsmayilovun ona borclu olduğu 216.000 ABŞ dollarına hər hansı aidiyyatının olmadığı sübut olunmuşdur. Qeyd edilən işlə bağlı sonuncu yəni, Ali Məhkəmənin qərarı xx.xx.2019-cu il tarixində qüvvəyə minmişdir. Yəni, T.Tolga xx.xx.2019-cu il tarixədək mənzili üçün ödədiyi pulun Cavabdeh ona borclu olduğu 216.000 ABŞ dollarına hər hansı aidiyyətinin olmadığını sübut etməyə çalışmışdır. Sonda həmin pula aidiyyəti olmadığı sübut olunan vaxtdan 3 il keçmədən yəni, xx.xx.2022-ci il tarixində qeyd olunan pulun alması ilə bağlı iddia müddətini ötürmədən məhkəməyə müraciət etmişdir. Qeyd olunanları nəzərə alaraq iddia müddətinin tətbiqi barədə ərizənin rədd edilməsi, iddiaçının iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında işirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək etirazlarında qeyd olunan məzmunda izahat verərək bildirmişdir ki, Ekipan.az şirkətinin Nazimə xanımdan icarəyə götürdüyü obyektdə mətbəx avadanlıqları satılmışdır. X17.az şirkətinin təsisçiləri ilə yaxın münasibətləri olduğundan onlara məxsus mətbəx avadanlıqları həmin obyektdə satılmışdır. Onun Ekipan.az şirkətinin təsisçiləri ilə qeyri-rəsmi formada səmimi münasibəti olmuşdur. Tuna Tolga ilə Ekipan.az arasındakı münasibətlər biznes yox, alqı-satqı münasibətləridir. Cinayət işinin mülki iş üzrə hər hansı preduyusallığı yoxdur. Ekipan.az ilə Cavabdeh arasında biznes münasibətləri vardır. Cavabdeh pulları Ekipan.az şirkətinə Tuna və Amid adlı şəxslər vasitəsilə köçürmüşdür. Bununla bağlı mülki iş olmuş və apellyasiya məhkəməsi tərəfindən yekun məhkəmə aktı qəbul edilmişdir. Həmin məhkəmə aktında 216000 ABŞ dolları ilə bağlı məsələ mübahisələndirilmişdir. Həmin mülki iş üzrə iclas keçirildiyi zaman iddiaçı Tuna Tolga özü də etiraf etmişdir ki, Ekipan.az şirkətinə pulları o köçürmüşdür və həmin puldan 31175 ABŞ dolları ondadır. Hər bir halda bu münasibətlərlə bağlı qanuni qüvvəsini almış məhkəmə aktı vardır. İddiaçı iddia edir ki, onlar arasında icarə münasibətləri olmuş, iddiaçı cavabdehə mal verib və onun pulunu ala bilmir. Lakin Tuna ilə Cavabdeh arasında icarə münasibətlərinin olmaması sübuta yetirilmiş və müəyyən edilmişdir ki, Ekipan.az ilə Cavabdeh həyat yoldaşı arasında icarə münasibətləri olmuşdur. Məhkəmə tərəfindən sorğu vasitəsilə əldə edilən mülki işin materiallarında olan Tuna Tolganın ərizəsində o qeyd edir ki, onun ilə Cavabdeh və həyat yoldaşı Nazimə xanım arasında heç bir biznes münasibətləri olmamış və o, faktiki olaraq biznes fəaliyyəti ilə məşğul olmamışdır. Eyni zamanda qeyd edir ki, Cavabdeh və həyat yoldaşı Nazimə xanım ilə Ekipan.az arasında icarə münasibətləri olmuşdur. O həmin ərizədə Ekipan.az şirkəti ilə heç bir əlaqəsinin olmamasını da qeyd edir. X5 işçisi olmadığını və onunla əmək müqaviləsi bağlamadığını da bildirir. İddiaçı həmin ərizədə Ekipan.az ilə biznes münasibətlərində olmadığını və bu səbədən də Rəhimov Amid tərəfindən ona hər hansı ödəniş edilmədiyini də qeyd edir. İddiaçı hüquqdan sui-istifadə edərək, tərəflər arasında 31175 ABŞ dolları ilə bağlı mübahisə olduğundan hazırda belə bir iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi barədə 31 oktyabr 2017-ci il tarixli qərardan görünür ki, İddiaçı “satın aldığı ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 42 saylı mənzilinin kilidinin "xxxx" MTK-nın rəhbəri Cavabdeh tapşırığı ilə dəyişdirilməsi, Cavabdeh ona heç bir mənzil verməyəcəyini bildirməsi və onu təhdid etməsi” barədə şikayəti Nərimanov RPİ-nin İŞ-də araşdırılmış, nəticə etibarilə şikayətdə göstərilən xüsusatların mülki xarakterli olduğu müəyyən olunaraq cinayət işinin başlanılması rədd edilmişdir. Həmin şikayət araşdırılarkən izahatı alınmış Cavabdeh bildirmişdir ki, Ersan X6 2014-cü ildən tanıyır. Həmin ərəfədə İddiaçı onun inşa etdiyi ünvan 2 ünvanında yerləşən yaşayış binasında icarə mağaza işlədirmiş və həmin mağazada mətbəx avadanlıqlarının satışı ilə məşğul olurmuş. 2016-ci ilin fevral ayında Tolganın tanışı Rəşad adlı şəxs ona yaxınlaşmış, Tolganın Bakıdan getməsini bildirmiş və Tolganın mağazasında olan mətbəx avadanlıqlarını almağı təklif etmişdir. Daha sonra o, Tolganın özü ilə görüşərək bu barədə söhbət etmiş və həmin avadanlıqları almaq qərarına gəlmişdir. Aralarında olan razılaşmaya əsasən o, Ersan X7 80.000 ABŞ dolları pul ödəmiş, qalan pulu ödəyənə kimi əvəzinə müqavilə ilə inşa etdiyi binadan ev vermişdir. Bundan sonra Tolga mağazada olan avadanlıqları saymış və ona, 216.000 ABŞ dolları dəyərində malların siyahısını vermişdir. Lakin o, Tolga ilə birlikdə həmin malları saya bilməmişdir. Razılaşdıqdan sonra o, iş ofisində Tolgaya 80.000 ABŞ dolları nağd pul vermişdir. Qalan pulun yerinə isə müvəqqəti olaraq sahəsi 119 kv.metr olan 42 saylı mənzilin sənədlərini və 178.500 manatlıq kassa mədaxil orderinin qəbzini vermişdir. 16 fevral 2016-ci il tarixdən sonra o, Tolgaya hissə-hissə 136.000 ABŞ dollarından 88.000 ABŞ dollarını ödəmiş, 48.000 ABS dolları borclu qalmışdır. Bundan sonra o, Tolgaya xx.xx.2017-ci tarixdə 135 ABŞ dolları, 600 ABŞ dolları, xx.xx.2017-ci il tarixdə 3.800 ABŞ dolları, xx.xx.2017-ci il tarixdə 8.800 ABŞ dolları pullar vermiş və Tolgaya 34.665 ABŞ dolları borcu qalmışdır. Tolga ilə ticarət əlaqələri davam etdiyi üçün o, mətbəx avadanlıqlarını almaq məqsədi ilə İstanbul şəhərinə, Tolgaya 57.270 ABŞ dolları pul göndərmişdir. Razılaşmaya əsasən Tolga avadanlıqları ona gömrük xətti ilə göndərməyi öz üzərinə götürmüşdür. Lakin Tolga həmin avadanlıqların bəzilərini karqo şirkəti ilə gətirmişdir. Karqo ilə gətirilən mallar fakturasız olduğu üçün dövlətlə onun arasında problem yaranmış və onun dövlətə 32.000 ABŞ dolları borcu yaranmışdır. Bu borc Tolgaya görə yarandığı üçün o, həmin pulu Tolgaya olan borcundan silmişdir. 27 sentyabr 2017-ci il tarixdə Ersan X12 onun yanına gələrək ondan 40.000 ABŞ dolları pulunu tələb etməyə başlamışdır. O, isə Tolgaya, onun ucbatından banka yaranan borcunu bağlamağı təklif etmiş və ancaq bundan sonra onun pulunu verə biləcəyini bildirmişdir. Həmin vaxt Tolga ona, “mən bilirəm pulu səndən necə alacam, evin sənədləri məndədir, səndən şikayət edib evi alacam” sözlərini demiş və çıxıb getmişdir. Səhəri gün, yəni 28 sentyabr 2017-ci il tarixdə Ersan X12 həmin binaya gəlmiş, 42 saylı mənzilin qapısını sındırıb mənzilə daxil olmaq istəmiş, lakin o, binanın komendantı ilə birlikdə buna icazə verməmişlər. Aralarında sözlə mübahisə yaranmış və Tolga DİN-nin 102 xidmətinə zəng edərək ondan şikayət etmişdir. O, heç bir vaxt X2 vurmamış, vurmağa cəhd etməmiş və ya ölümlə hədələməmişdir; İcarə müqaviləsinə xitam verilməsi barədə 05 mart 2016-cı il tarixli razılaşdırma protokolundan görünür ki, X3 ilə "xxxx" Az MMC arasında bağlanmış icarə müqaviləsinə tərəflərin razılığına əsasən xitam verilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli, 2(005)- 3184/2018 saylı qətnaməsindən görünür ki, iddiaçı "xxxx" MTK-nın cavabdeh İddiaçı qarşı “tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli mənzil tikintisi və satışına dair müqavilənin etibarsız hesab edilməsi, xx.xx.2016-cı il tarixli maliyyə arayışının və xx.xx.2016-cı il tarixli kassa mədaxil orderlərinin ləğv olunması” barədə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, satıcı "xxxx" MTK-nın sədri X9 ilə alıcı İddiaçı arasında bağlanmış və hər iki tərəfin imzaladığı müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən "xxxx" MTK tərəfindən inşa edilən yaşayış binasının ikinci giriş, ikinci mərtəbəsindəki 42 nömrəli ümumi sahəsi 119 kv.m. olan mənzili alıcıya təhvil vermiş, İddiaçı isə bunun əvəzində adıçəkilən MTK-nın xeyrinə 178500 manat məbləğində pul ödəmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-440/2018 saylı mülki iş üzrə 17 yanvar 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X20 cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı iddiası təmin edilmiş, ünvan 3 ünvanda inşa edilən yaşayış binasının 2-ci giriş, 2-ci mərtəbəsindəki 42 saylı mənzillə bağlı iddiaçının sahibliyi və istifadəsinə dair cavabdeh MTK tərəfindən yaradılan maneələrə son qoyulması və mənzilin iddiaçıya təhvil verilməsi qət edilmişdir; Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-6091/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 mart 2019-cu il tarixli qərardadı ilə mülki işlər bir icraatda birləşdirilmiş, həmin məhkəmə kollegiyasının 2(103)-843/2019 saylı, 23 aprel 2019-cu il tarixli qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin yuxarıda qeyd edilən qətnamələrindən "xxxx" Mənzil-Tikinti Kooperativinin apellyasiya şikayətləri təmin edilməmiş, qətnamələr dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyasının həmin qətnaməsi kassasiya instansiyası məhkəməsi tərəfindən də dəyişdirilmədən saxlanılmışdır; Məhkəmənin sorğusu əsasında əldə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 2(060)-1665/2019 saylı mülki işin materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh X4 qarşı 31.175 ABŞ dolları məbləğində pulun ödənilməsi tələbinə dair iddiası təmin edilmiş, qətnamə apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanmış, Ali Məhkəmə tərəfindən ləğv edilərək apellyasiya məhkəməsinə qaytarılmış, yekun olaraq Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, X23 Amid Rəhimovdan 31000 ABŞ dolları civarında pulu alıb lazım olan yerə vermişdir; İddiaçı tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış ərizədən görünür ki, İddiaçı Cavabdeh və İsmayılova Nazimə ilə aralarında heç bir biznes fəaliyyəti və müqavilənin olmadığını, onlarla Ekipan.az arasında müqavilə olduğunu, onun isə heç bir bağlılığının olmadığını, onlar arasında heç bir biznes əlaqələri olmadığından ona pul borclu olmadıqlarını bildirmişdir; Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5671/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MMC-ni cəlb etməklə cavabdeh X19rşı “31175 ABŞ dolları pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 2(006)-420/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 iyun 2022-ci il tarixli, 2(103)-2534/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin faiz borcunun məbləği hissəsində dəyişdirilməsi, cavabdehdən 14.927.33 (on dörd min doqquz yüz iyirmi yeddi dollar otuz üç sent) ABŞ dolları məbləğində faiz borcunun iddiaçının xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən X24 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 iyul 2022-ci il tarixli 2(103)-2534/2022 saylı qətnaməsi ləğv edilərək, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kassasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh "xxxx" MTK-nın təsisçilərindən biridir və mənzillərin tikilib, satılması fəaliyyəti ilə məşğuldur. 2015-ci ildə arvadı N.İsmayılovaya məxsus qeyri-yaşayış sahəsini "xxxx" MMC-yə icarəyə vermiş və bu barədə Cəmiyyəti idarə edən şəxslərdən biri Tolqa Tuna ilə razılığa gəlmişlər. Daha sonra "xxxx" MMC Azərbaycanda işlərini dayandırmaq qərarına gəlmiş, həmin vaxt Cəmiyyətin iddiaçının arvadına məxsus qeyri-yaşayış sahəsində yerləşən anbarında 216000 ABŞ dolları həcmində satılmamış malı qalmışdır. X24 əmlak satıldıqca onun dəyərinin ödənilməsi şərtilə 216000 ABŞ dolları dəyərində əmlakı iddiaçıya verərək Türkiyəyə getmişdir. Cavabdeh pulu X21 vasitəçisi olan X4 verməli, Amid Rəhimov da həmin pulu X22, sonuncu isə "xxxx" MMC-yə çatdırmalı olmuşdur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdehin həyat yoldaşı X3 ilə "xxxx" Az MMC arasında icarə müqaviləsi bağlanmış və 05 mart 2016-cı ildə tərəflərin razılığı ilə müqaviləyə xitam verilmişdir. Hazırda iddiaçı Bakı şəhərində mətbəx avadanlıqlarının satışı ilə məşğul olduğu zaman həmin icarə obyektində saxlanılan dəyəri 216.000 (iki yüz on alt min) ABŞ dolları olan avadanlıqları cavabdehə verdiyini, cavabdehin bugünədək həmin malların dəyərini ödəmədiyini, onun mallara görə pul borcunun olmasının məhkəmə və polis orqanlarında verdiyi etirafedici izahatları ilə də təsdiq edildiyini iddia etməklə hazırkı iddia tələblərini irəli sürmüşdür. İddia tələbinin qanuni əsası kimi nəzərdən keçirilə bilən Mülki Məcəllənin 567 və 598.2-ci maddələrinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MTK-nın təsisçilərindən Cavabdeh arvadına məxsus qeyri-yaşayış sahəsini 2015-ci ildə "xxxx" MMC-yə icarəyə vermiş, "xxxx" MMC-nin Azərbaycanda işlərini dayandırmasından sonra həmin Cəmiyyətin Cavabdeh arvadına məxsus qeyri-yaşayış sahəsinin anbarında 216000 ABŞ dolları həcmində satılmamış malı qalmış, MMC-ni idarə edən şəxslərdən biri kimi X24 əmlak satıldıqca onun dəyərinin ödənilməsi şərtilə 216000 ABŞ dolları dəyərində əmlakı təhvil verərək Türkiyəyə getmiş, Cavabdeh mallara görə müəyyən ödənişləri vasitəçi olan X4, Amid Rəhimov da həmin pulu X22 vermiş, sonuncu isə "xxxx" MMC-yə çatdırmalı olmuşdur. Bu hal həmçinin Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarında işin müəyyən edilmiş halları ilə öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mübahisələndirilən 216000 ABŞ dolları dəyərində malların iddiaçıya deyil, "xxxx" MMC-yə məxsus olması halı onu deməyə əsas verir ki, İddiaçıı hazırkı iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Gəldiyi qənaətə uyğun olaraq məhkəmə, cavabdehin nümayəndəsinin “iddiaçının iddia müddətini ötürülməsi” dəlilinə də xüsusi münasibət bildirməyə zərurət olmadığını vurğulayaraq özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-204/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-204/2023
01.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver