Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-205/2023 06.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X2 Mehdi qızının katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün dəymiş zərərin əvəzi olaraq 26,190 manat və 170 manat dövlət rüsumu olmaqla, cəmi 26,360 manat pul vəsaitinin Cavabdeh MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla "xxxx" MMC arasında bağlanan 20 mart 2021-ci il tarixli tarixli müqaviləyə 1 və 2 saylı əlavələrə əsasən ünvan 1 ünvanda sahəsi 123.6 kv.m olan üç otaqlı mənzilin alınması üçün "xxxx" MMC-yə 166860 (yüz altmış altı min səkkiz yüz altmış) manat məbləğində pul ödəmişdir. Başqa sözlə, mənzilin hər kvadrat metrinə görə (166860:123,6) 1350 (min üç yüz əlli) manat pul ödəmişdir. Lakin həmin mənzilə onun mülkiyyət hüquqları dövlət qeydiyyatına alınarkən xx.xx.2021-ci il tarixli, **********5 saylı cıxarışa əsasən mənzilin ümumi sahəsinin 104.20 kv.metr olduğu müəyyən edilib. Şəhərsalma və Tikinti Məcəlləsinə görə yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının habelə, balkonların məhəccərlərinin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Mənzillərin sahəsinin hesablanması (əmsallaşdırılması) qaydası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 saylı qərarında göstərilmişdir. Həmin Qərarın 3.2.-ci bəndinə əsasən görə mənzillərin sahəsi bayır divarlarının daxilindən ölçülür. Həmçinin, yaşayış binasında olan divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. Sözügedən Qərarın 3.8.-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Görünən odur ki, "xxxx" MMC müqavilə imzalanan dövrdə bu qaydaların heç birini nəzərə almadan ona satılan mənzilin sahəsini məqsədli şəkildə müqavilədə (123.6 – 104.2) 19.4 kv.m artıq göstərməklə ondan (19.4 X 1350) 26 190 (iyirmi altı min yüz doxsan) manat artıq pul alıb. İşin halları göstərir ki, "xxxx" MMC tikinti şirkətinin rəhbərliyi sahəsi 104.6 kvm. olan mənzili onlara 123.6 kvm. mənzil kimi təqdim etməklə əvvəlcədən bizialdatmağı planlaşdırıb. Çünki, müqavilənin imzalandığı vaxt tikinti üzrə layihələndirmə artıq mövcud idi və "xxxx" MMC-nin rəhbərliyi bilirdi ki, müqavilədə nəzərdə tutulan 123.6 kv.m sahəsi olan mənzili onun mülkiyyətinə verə bilməyəcək. Cavabdehlə aralarında bağlanan 20 mart 2021-ci il tarixli müqavilə ona təqdim olunmayıb. Ona görə həmin tarixli müqaviləyə 1 və 2 saylı əlavələr iddia ərizəsinə əlavə olunur. Müqavilə ilə eyni qüvvədə olan həmin əlavələrdə müqavilə şərtləri və mənim mənzil üçün ödədiyim pulun məbləği dəqiq göstərilib. Bu ilin mart ayında mənzilə dair dövlət qeydiyyatından çıxarışı aldıqdan sonra "xxxx" MMC-nin rəhbərliyinə pretenziya ilə müraciət etmişdir. Pretenziyanı şirkətə təqdim edən qohumu sənədin alındığı barədə qeyd və imza qoyulmasını tələb etdiyi üçün şirkətin əməkdaşları müraciəti təqdim edən şəxsə qarşı pis rəftar nümayiş etdirmişdir. Şirkətin əməkdaşları ona da hədə-qorxu gələrək yüksək rütbəli məmur tərəfindən himayə edilən şirkətə dair iddialarımdan imtina etməyini tələb edərək “adamın mənzilini əlindən alarlar” kimi sözlərlə ona təzyiq göstərməyə cəhd ediblər. Dəfələrlə müraciət etsə də, pretenziyasına "xxxx" MMC-nin rəhbərliyi tərəfindən heç bir cavab verilməyib. Yuxarıda qeyd olunanlarla əlaqədar, ölkənin baş prokuroruna ərizə ilə müraciət etmişdir. 12 iyul 2022-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon prokurorluğundan aldığı cavab məktubunda göstərilir ki, öhdəliyin yerinə yetirilməməsi məsələsinə mülki məhkəmə icraatı qaydasında baxıla bilər. Məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, müqavilə öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün dəymiş zərərin əvəzi olaraq 31,455 manat və 170 manat dövlət rüsumu olmaqla, cəmi 31,625 manat pul vəsaitinin Cavabdeh MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsində ünvan 1 ünvanda ona məxsus mənzilin ümumi sahəsi mənzilin texniki pasportundakı göstəricilərə uyğun qeyd olunduğundan ümumi sahə 104.20 kv.metr həcmində göstərilib. Lakini iş üzrə təyin edilən məhkəmə tikinti - texniki ekspertizasının rəyinə əsasən, ona məxsus mənzilin ümumi sahəsinin 100.3 kvadrat metr olduğu müəyyən edilib. Bu halda, onunla "xxxx" MMC arasında bağlanan 20 mart 2021-ci il tarixli tarixli müqaviləyə 1 və 2 saylı əlavələrə əsasən ünvan 1 ünvanda sahəsi 123.6 kv.m olan üç otaqlı mənzilin alınması üçün "xxxx" MMC-yə ümumilikdə 166860 (yüz altmış altı min səkkiz yüz altmış) manat, mənzilin hər kvadrat metrinə görə (166860 : 123,6) 1350 (min üç yüz əlli) manat pul ödədiyini nəzərə alsaq, müqavilədə ona məxsus mənzilin sahəsi iddia ərizəsində göstərildiyi kimi 19.4 kv.m deyil, (123.6 - 100.3) 23.3 kv.m artıq göstərilib. Qeyd olunanlara əsasən, müqavilədə ona məxsus mənzilin sahəsi 23.3 kv.m artıq göstərildiyindən cavabdeh ondan (23.3 X 1350) 31.455 (otuz bir min dörd yiiz əlli beş) manat artıq pul alıb. Cavabdehlə aralarında mülki münasibətlərin yarandığı 2021-ci ildə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi, habelə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 saylı qərarı ilə təsdiq edilən “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları” qüvvədə olub və həmin qanun və normativ aktla müəyyən edilən qanunvericilik normaları cavabdeh tərəfindən pozulub. "xxxx" MMC-nin sifarişi əsasında Bakı şəhəri, Nərimanov rayonu, Qurban Pirimov küçəsi, ev 8 ünvanda çoxmərtəbəli yaşayış binasının "xxxx" MMC tərəfindən hazırlanan layihənin memarlıq hissəsi 2018-ci ildə Dövlət Ekspertizası Baş İdarəsi tərəfindən təsdiqlənib. Həmin layihəyə əsasən qeyd edilən ünvanda ona məxsus mənzilin sahəsi 109.7 kv.m göstərilib. Həmin layihədə ona məxsus mənzildə balkonun sahəsi əmsal tətbiq edilmədən 8.7 kv.m qeyd olunub. Cavabdeh MMC-nin nümayəndəsi (vəkili) Vəkil məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbi tamamilə əsassızdır. İlk öncə bildirmək istəyir ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, “Onunla "xxxx" MMC arasında bağlanılan xx.xx.2021ci il tarixli müqaviləyə 1 və 2 saylı əlavələrə əsasən ünvan 2 ünvanında sahəsi 123.6 kv.m olan üç otaqlı mənzilin alınması üçün Cavabdeh MMC-yə 166860 manat məbləğində pul ödəyib. Başqa sözlə, mənzilin hər kv.m görə (166860:123.6)1350 manat pul ödəyib. Lakin həmin mənzilə iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınarkən xx.xx.2021ci il tarixli, **********5 saylı çıxarışa əsasən mənzilin ümumi sahəsinin 104,20 kv olduğu müəyyən edilib. Görünən odur ki, "xxxx" MMC müqavilə imzalanan dövrdə bu qaydaların heç birini nəzərə almadan mənə satılan mənzilin sahəsinin məqəsədli şəkildə müqavilədə (123,6-104.2) 19.4 kv.m artıq göstərilməklə ondan (19.4 x 1350) 26 190 manat artıq pul alıb.” Bununla bağlı bildiririk ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli, 100130 saylı “İlkin Alqı-Satqı” Müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 1-ci bəndində və müqavilənin ayrılmaz hissəsi olan 1 saylı Əlavəsində qeyd edilib ki, İlkin satıcı ünvan 3 ünvanında blok 1-də, 10-cu mərtəbədə, 3 otaqdan ibarət ümumi sahəsi 123.6 kv.m olan 48 saylı mənzili 166 860 manat məbləğində İlkin alıcıya təhvil verməyi, İlkin alıcı isə bu Müqavilənin 1 saylı Əlavə ilə razılaşdırılmış pul vəsaitini ödəməyi öhdəsinə götürür. Göründüyü kimi tərəflər arasında bağlanılmış müqavilədə ümumi sahəsi 123.6 kv.m. olan mənzili 166 860 manat müqabilində alıcıya satılmasına dair razılıq əldə edilib. Tərəflər arasında mənzilin 1 kv.m. qiyməti müəyyən edilməyib. İddiaçının mənzilin 1 kv.m. üçün 1350 manat məbləğini necə, hansı hüquqi əsasla müəyyən etməsi və tələb etməsi aydın deyil. Həmçinin cavabdeh öz öhdəliklərinə tamamilə əməl edib. Mənzilin ümumi sahəsi müqavilədə qeyd edildiyi kimi həqiqətən də 123.6 kv.m təşkil edir. Müqavilədə göstərilən mənzilin sahəsi barədə tərəflər arasındakı mübahisəyə münasibətdə hesab edirik ki, qanunvericiliyə uyğun olaraq müqavilə şərtlərini və məzmununu müəyyənləşdirməkdə tərəflər azad olduqlarından, həmçinin iddiaçı cavabdeh tərəfindən təhvil verilmiş mənzili eskiz layihəsinə uyğun olaraq bəyənərək qəbul etdyindən, digər tərəfdən, tərəflər arasında mənzilin ümumi sahəsinin və 1 kv.m qiymətinin müəyyən olunması barədə hər hansı bir razılaşmaya dair şərtlər mövcud olmadığından və razılaşma ancaq mənzilin alqı-satqısına dair şərtləri ehtiva etdiyindən, iddia tələbləri əsaslı hesab edilə bilməz. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012 tarixli 07 №-li qərarın 3.2-ci bəndinə istinad edərək bildirik ki, mənzillərin sahəsi bayır divarlarının daxilindən ölçülür. Bununla bağlı da bildirik ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012 tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.2.-ci bəndində iddiaçının istinad etdiyi bir norma yoxdur. Həmin qaydaların 4.1.-ci bəndinin 5-ci abzasında mərtəbənin sahəsi bayır divarların daxili səthləri hüdudunda ölçülməsi qeyd edilib. Göründüyü kimi istinad edilən norma mənzilin sahəsinin ölçülməsi və hesablanması ilə bağlı deyil, mərtəbə sahəsinin ölçülməsi və hesablanamsı ilə bağlıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi (vəkili) Vəkil iddia tələbinin rədd olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: "xxxx" MMC ilə İddiaçı arasında 20 mart 2021-ci il tarixdə bağlanmış 100130 nömrəli müqavilənin surətindən və məzmunundan görünür ki, “ilkin satıcı” bu müqaviləyə əsasən ünvan 4 ünvanında yerləşən mənzili ilkin alıca təhvil verməyi, ilkin alıcı isə həmin mənzili qəbul edib qarşılığında ilkin satıcıya bu müqavilənin 1 saylı Əlavəsi ilə razılaşdırılmış pul vəsaitini ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Qurban Pirimov küçəsi, 8, M 10, m 6) İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyatdan keçmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 yanvar 2023-cü il tarixli, 10/6856 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-na əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Qurban Pirimov küçəsində yerləşən 8 saylı evin 48 saylı mənzilin (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Qurban Pirimov küçəsi, 8, M10, mənzil 6) ümumi sahəsinin 100,3 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Qurban Pirimov küçəsində yerləşən 8 saylı evin 48 saylı mənzilin (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Qurban Pirimov küçəsi, 8, M10, mənzil 6) divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin 123,6 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Qurban Pirimov küçəsində yerləşən 8 saylı evin 48 saylı mənzilin (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Qurban Pirimov küçəsi, 8, M10, mənzil 6) yerləşdiyi binaya dair tərtib edilmiş layihə sənədləri müvafiq icra hakimiyyəti orqanları tərəfindən razılaşdırıldığını nəzərə alaraq sözügedən mənzilin qanunvericiliyin tələblərinə uyğun inşa edildiyi müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC ilə İddiaçı arasında 20 mart 2021-ci il tarixdə bağlanmış 100130 nömrəli müqavilənin surətindən və məzmunundan görünür ki, “ilkin satıcı” bu müqaviləyə əsasən ünvan 4 ünvanında yerləşən mənzili ilkin alıca təhvil verməyi, ilkin alıcı isə həmin mənzili qəbul edib qarşılığında ilkin satıcıya bu müqavilənin 1 saylı Əlavəsi ilə razılaşdırılmış pul vəsaitini ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında xx.xx.2021-ci il tarixli, 100130 saylı “İlkin Alqı-Satqı” Müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 1-ci bəndində və müqavilənin ayrılmaz hissəsi olan 1 saylı Əlavəsində qeyd edilib ki, İlkin satıcı ünvan 3 ünvanında blok 1-də, 10cu mərtəbədə, 3 otaqdan ibarət ümumi sahəsi 123.6 kv.m olan 48 saylı mənzili 166 860 manat məbləğində İlkin alıcıya təhvil verməyi, İlkin alıcı isə bu Müqavilənin 1 saylı Əlavə ilə razılaşdırılmış pul vəsaitini ödəməyi öhdəsinə götürür. Göründüyü kimi tərəflər arasında bağlanılmış müqavilədə ümumi sahəsi 123.6 kv.m. olan mənzili 166 860 manat müqabilində alıcıya satılmasına dair razılıq əldə edilib. Tərəflər arasında mənzilin 1 kv.m. qiyməti müəyyən edilməyib. Mənzilin ümumi sahəsi müqavilədə qeyd edildiyi kimi həqiqətən də 123.6 kv.m təşkil edir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər iddia tələbi üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 437.1-ci maddəsinə əsasən, əgər müqavilənin predmeti fərdi-müəyyən əşyadırsa, kreditor başqa əşyanı, onun dəyəri daha yüksək olsa da, qəbul etməyə borclu deyildir; 568.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur; 577.1-ci maddəsinə əsasən, alıcıya verilməli əşyaların miqdarı alqı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər; 578.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Qeyd edilənləri nəzərə alıb, məhkəmə hesab edir ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə və həmin müqaviləyə 1 saylı Əlavə üzrə cavabdeh təşkilat tərəfindən iddiaçının mübahisələndirdiyi öhdəlik pozulmayıb, bu səbəbdən də iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Belə ki, müqavilələrin müvafiq olaraq 1.3 bəndinə əsasən cavabdehin iddiaçıya satmağı öhdəsinə götürdüyü mənzilin ümumi sahəsi 123.6 kv.metr göstərilmişdir. Göründüyü kimi, qeyd edilən müqavilə üzrə müvafiq mənzilin sahəsi məhkəmə araşdırması zamanı təyin edilmiş tikinti-texniki ekspertizasının nəticəsi kimi verilmiş müvafiq ekspert rəyi ilə mənzilin (divar altı sahə, həmçinin yardımçı sahə nəzərə alınmaqla) ümumi sahəsi 123.6 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Belə ki, mübahisənin kökündə duran mənzilin sahəsi məsələsi tərəflərin bağladıqları müqavilədə aydın və dəqiq şəkildə qeyd olunmuşdur. Yəni, cavabdehin iddiaçıya satmağı öhdəsinə götürdüyü mənzilin ümumi sahəsi 123.6 kv.m göstərildiyi halda, ekspert rəyinə əsasən “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələblərinə əsasən 100.3 kv.metr təşkil edir. Lakin həmin ekspert rəyi ilə müəyyən edilir ki, divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsi 123.6 kv.m təşkil edir. Məhkəmə tərəfindən təyin edilmiş ekspert rəyindən müəyyən edilir ki, İddiaçı tərəfindən mənzilin daxilində konstruktiv dəyişikliklər edilərək, mənzilə dair tərtib olunmuş Texniki Pasportda göstərilən 2 saylı tikilinin uzunluğu 1,75 m-dən 3,2 m-ə artırılmış və qapının yeri dəyişdirilmiş, 3 saylı tikilinin qapısı bağlanaraq 4 saylı tikili istiqamətində açılmış, eyni zamanda 3 saylı tikilinin təyinatı dəyişdirilərək qarderob tikilisinə çevrilmiş, 6 saylı tikili ilə 7 saylı tikilinin arasında inşa edilmiş arakəsmə divarının sökülmüş, mənzilin kənar divarları 0,30 m qalınlığında, arakəsmə divarlar isə 0,10 m qalınlığında inşa olunmuşdur, mənzilin daxilində iki havalandırma şaxtası mövcudur. Mənzilə giriş pilləkən meydançasındandır. Məhkəmə onu da vurğulayır ki, yaşayış binalarında mənzillərin ümumi sahəsinin bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələrin nəzərə alınmadan hesablanması barədə Şəhərsalma və Tikinti Məcəllsinin 59.3-cü maddəsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi şəkildə tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarını tənzimləyən normadır. Həmin müddəa, alqı-satqı münasibətinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində satılan əşyanın sahəsini öz razılaşmalarına uyğun şərtləşdirmək sərbəstliyini aradan qaldırmır. Belə ki, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyənin təmin edilməsinə, sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə, sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmağa yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının maraqlarının tarazlaşdırılmış tənzimlənməsinə (qanunvericiliklə nəzərdə tutulan hədlərdə) xidmət edir. MM-in 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Konstitusiyanın 29-cu və MM-in 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Bununla fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Göründüyü kimi, sərbəst bazar iqtisadiyyatının, azad sahibkarlığın reallaşdırılması elementlərindən biri kimi çıxış edən müqavilə azadlığı prinsipi özündə müqavilə tərəfinə seçdiyi kontragentlə müqavilə bağlamaq, onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini müəyyən etmək sərbəstliyini ehtiva etməklə yanaşı, tərəfin həmin müqavilə şərtlərindən irəli gələn öhdəliklər üzrə də məsuliyyət daşımasını da nəzərdə tutur. Odur ki, hazırkı işdə tərəflər bağladıqları müqavilənin şərtlərini (mənzilin ümumi sahəsini, və dəyərini) azad şəkildə özləri razılaşdırmış və üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər. Belə olan halda, həmin şərtlərin formal əsaslarla və mülahizələrlə icra edilmədiyi, bu səbəbdən də artıq ödənişin olması faktının qeyd edilməsi yolverilməzdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmçinin Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, aparılmış ekspertiza tədqiqatlarının dəyəri cavabdehdən tutularaq, 50 (əlli) manat məbləğində pul Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul İddiaçı tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-205/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-205/2023
06.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver