Məhkəmə qərarları › İş №e-2(005)-2070/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2070/2023

23.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2070/2023 23.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, Cavabdeh MMC-nın nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı X1 Cavabdeh MMC-ya qarşı müqavilə öhdəliklərindən irəli gələn maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X5 Cavabdeh MMC-ya qarşı müqavilə öhdəliklərindən irəli gələn maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Cavabdeh MMC tərəfindən müqavilə öhdəliklərindən irəli gələn 75 kv.m olan tam təmirli, 2 otaqlı mənzilin verilməsi və Cavabdeh MMC tərəfindən 2019-cu ilin sentyabr ayından hazıradək olan aylıq kirayə haqqı kimi hər ay üçün 400 manat, ümumilikdə (42*400=16800) 16800 manatın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, X5 xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-ci il tarixli, 86 saylı qərarını və Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 37 saylı, xx.xx.2017-ci il tarixli sərəncamını əsas tutaraq, Cavabdeh MMC adından onun direktoru X7 ilə müqavilə bağlamışdır. xx.xx.2017ci il tarixli, 175 nömrəli həmin müqaviləyə əsasən X5 xx.xx.2004-cü il tarixdə, 30/199216 qeydiyyat nömrəsi ilə Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi reyestrindən seriya ÖM, 190644 saylı Qeydiyyat Vəsiqəsi ilə öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 29 kv.m ibarət yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada tikinti şirkəti tərəfindən həmin ərazidə inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Tikinti şirkəti Cavabdeh MMC ünvan 1 ünvanında yerləşən X1 mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərərək, inşa etdiyi binada 75 kv.m təmirli mənzili X1 mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Cavabdeh MMC inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini başa çatdırana və X3 təmirli mənzil ilə təmin edən günədək onun müvəqqəti yaşayışını təmin etmək məqsədi ilə ona 400 manat məbləğində kompensasiyanı əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda 1 dəfə ödəməsi nəzərdə tutulmuşdur. Lakin 2019-cu ilin sentyabr ayında müqavilə öhdəlikləri yerinə yetirilməyərək, təmirsiz, yaşayış üçün yararsız mənzil təqdim edilmiş və həmin mənzildən imtina etmişdir. Belə olduğu halda müqavilə öhdəlikləri yerinə yetirilməli, ona 75 kv.m tam təmirli, 2 otaqlı mənzil verilməli və 2019-cu ilin sentyabr ayından hal-hazıradək olan aylıq kirayə haqqı kimi (42 ay) hər ay üçün 400 manat, ümumilikdə (42*400=16800) 16800 manat ödənilməlidir. Əvvəlki məhkəmə iclasında iddiaçı X4 nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MMC-nın nümayəndəsi və vəkili Vəkil2 iddianın əsassız olduğunu qeyd edərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: “Tikinti şirkəti” Cavabdeh MMC ilə “Əmlak mülkiyyətçisi” X6 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 175 saylı müqavilənin surətindən görünür ki, “Əmlak mülkiyyətçisi” müqaviləyə əsasən xx.xx.2004-cü il tarixdə, 30/199216 qeydiyyat nömrəsi ilə Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi reyestrindən Seriya ÖM, 190644 saylı Qeydiyyat Vəsiqəsi ilə öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 29.0 kv.m yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərədə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürmüş, “Tikinti şirkəti” ünvan 1 ünvanında yerləşən “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 75.0 kv.m təmirli mənzili (təmiri hər bir kvadrat metrəsi 130-150 manat məbləğində olmaqla) “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. “Tikinti şirkəti” inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisi başa çatdırana və “Əmlak mülkiyyətçisi”-ni təmirli mənzil ilə təmin edən günədək onun müvəqqəti yaşayışını təmin etmək məqsədi ilə “Əmlak mülkiyyətçisi”-nə 400 manat məbləğində kompensasiyanı əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda 1 dəfə ödəyir. “Əmlak mülkiyyətçisi”-nin kommunal borcları olduğu halda “Tikinti şirkəti” həmin məbləğləri ona veriləsi kirayə haqlarından tutaraq ödənişlərini təmin edəcəkdir; Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Texniki Pasportun surətindən görünür ki, X2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən əmlakın yaşayış sahəsi 29 kv.m, köməkçi sahəsi 15.7 kv.m olmaqla, cəmi 44.7 kv.m təşkil etmişdir; xx.xx.2019-cu il tarixli, Ö/003264 nömrəli İstismara hazırlıq aktının surətindən görünür ki, Nərimanov rayonu, Qarabağ və T.Şıxəliyev küçələrinin kəsişməsində yerləşən yaşayış binaları istismara verilmişdir; Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli, 350 saylı sərəncamı əsasında pilot layihə çərçivəsində Cavabdeh MMC ilə əvəzləşdirmə müqaviləsi imzalamış mülkiyyətçilərin xx.xx.2023-cü il tarixli Aktından görünür ki, Cavabdeh MMC ilə aralarında bağlanmış əvəzləşdirmə müqavilələri üzrə onlara təhvil verilməli olan mənzillər Cavabdeh MMC tərəfindən 2017-2019-cu illərdə inşa olunaraq, 2019-cu ilin oktyabr ayında onlara təhvil verilmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı X5 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən iddiaçının mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən 29.0 kv.m yaşayış sahəsi sökülmək üçün Cavabdeh MMC-yə təhvil vermiş, Cavabdeh MMC isə həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 75.0 kv.m təmirli mənzili (təmiri hər bir kvadrat metrəsi 130-150 manat məbləğində olmaqla) iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Cavabdeh MMC inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisi başa çatana və iddiaçını təmirli mənzil ilə təmin edən günədək onun müvəqqəti yaşayışını təmin etmək məqsədi ilə 400 manat məbləğində kompensasiyanı əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda 1 dəfə ödənilməsini öhdəsinə götürmüşdür. Hazırda iddiaçı ona verilmiş mənzilin təmirsiz olduğunu və ona iki otaqlı mənzil veriləcəyi halda bir otaqlı mənzil təklif olunduğunu əsas gətirərək, həmin mənzilin MMC ilə arasında bağlanmış müqaviləyə uyğun olmadığını iddia edir, cavabdeh MMC isə müqavilə üzrə öhdəliklərini lazımi dərəcədə icra etdiklərini bildirərək, iddianı qəbul etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iddia tələbinin 75 kv.m olan tam təmirli, 2 otaqlı mənzilin verilməsi hissəsi ilə bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 175 saylı müqavilə üzrə Cavabdeh MMC üzərinə düşən öhdəliyi lazımi dərəcədə icra etmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilədən də göründüyü kimi, Cavabdeh MMC iddiaçıya məxsus mənzilinin əvəzində inşa etdiyi çoxmərtəbəli binada təmirli mənzil (təmiri hər bir kvadrat metrəsi 130-150 manat məbləğində olmaqla) verməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı mənzilin tam təmirinin nədən ibarət olmasını əsaslandırmamışdır. Eyni zamanda müqavilədə mənzilin otaq sayı göstərilməmiş, iddiaçı isə ona iki otaqlı mənzilin verilməsinə dair MMC-nin bu cür öhdəlik götürməsini sübut edə bilməmişdir. Məhkəmə tərəfindən aparılmış yerli baxışda da müəyyən olunmuşdur ki, mənzil təmirli və yaşayış üçün tam yararlıdır. Məhkəmə iddia tələbinin Cavabdeh MMC tərəfindən 2019-cu ilin sentyabr ayından hazıradək olan aylıq kirayə haqqı kimi hər ay üçün 400 manat, ümumilikdə (42*400=16800) 16800 manatın ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia həmin hissədə də təmin edilməməlidir. Belə ki, Cavabdeh MMC ilə əvəzləşdirmə müqaviləsi imzalamış mülkiyyətçilərin xx.xx.2023-cü il tarixli Aktında da qeyd edilmişdir ki, əvəzləşdirmə müqavilələri üzrə onlara təhvil verilməli olan mənzillər Cavabdeh MMC tərəfindən 2019-cu ilin oktyabr ayında onlara təhvil verilmişdir. Cavabdeh MMC bina istismara verilən vaxtdan, yəni 2019-cu ilin oktyabr ayından mənzili iddiaçıya təhvil vermək istəmiş, lakin iddiaçı əsassız olaraq mənzilin iki otaqlı olmadığından və təmirindən narazı qalaraq, mənzili təhvil almaqdan imtina etmişdir. Məhkəmə araşdırması zamanı Cavabdeh MMC tərəfindən xx.xx.2017-ci il tarixli, 175 saylı müqavilə üzrə öhdəliyinin lazımi dərəcədə icra etməməsi halları aşkar edilməmiş və bu səbəbdən iddiaçının mənzili ona təhvil verərkən qəbul etməməsi əsassız olmuşdur. Odur ki, cavabdeh MMC iddiaçıya iddia qeyd edilən aylar üzrə kirayə haqqını ödəməməkdə haqlı olmuşdur. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, yuxarıda qeyd olunan əsaslara görə iddiaçı X1 Cavabdeh MMC-ya qarşı müqavilə öhdəliklərindən irəli gələn maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X1 Cavabdeh MMC-ya qarşı müqavilə öhdəliklərindən irəli gələn maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar