Məhkəmə qərarları › İş №e-2(005)-2091/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-2091/2024

08.04.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-2091/2024 08.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, İddiaçı Cavabdeh ASC-yə qarşı “əmək mübahisəsi üzrə pul” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “əmək mübahisəsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdeh “GESCO" ASC-də işlədiyi müddətdə hər növbədə artıq işlədiyi iş saatına görə 1800 manat, gecə növbəsinə görə 480 manat, 14 ay müddətində əmək: kitabçasını vermədiyi üçün 4560 manat olmaqla cəmi 6840 manat, qeyd olunan məbləğin gecikdirilməsinə görə hər gün üçün İ faiz pulun hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını, əmək müqaviləsindən kənar işə cəlb etdiyi üçün Gesco ASC mühafizə şirkətini iyirmi beş min manat məbləğdə cərimə edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Məcəllənin 149.2.4-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 150.0.8-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, mediasiya – mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu Qanunla müəyyən olunan prosesdir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunun 28-ci maddəsinə görə, "kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Bu Qanunun 28.1-ci maddəsində qeyd edilən mübahisələr üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır. Tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. Qeyd edilən müddəalardan da göründüyü kimi əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə tərəflər məhkəməyə iddia ərizəsi ilə müraciət etməzdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya sessiyasında iştirak etməli, bu iştirakla bağlı müvafiq sənədi əldə etdikdən sonra, həmin sənədi iddia ərizəsinə əlavə etməklə məhkəməyə müraciət edə bilər. Göstərilən tələblərə əməl etmədən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi isə iddia ərizəsinin geri qaytarılması üçün əsasdır. İddia ərizəsinin məzmunundan və ərizəyə əlavə edilmiş sənədlərdən göründüyü kimi, hazırkı mübahisə əmək münasibətlərindən irəli gələn mübahisədir və bu iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsindən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Digər tərəfdən iddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli arayışdan isə görünür ki, iddiaçı Cavabdeh ASC-yə qarşı işə bərpa edilmə tələbi üzrə Bakı 8 saylı Mediasiya Təşkilatına müraciət etmiş, bu barədə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayış verilmişdir. Bundan sonra iddiaçı Cavabdeh ASC-yə qarşı işə bərpa edilmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(005)-1780/2023 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh ASC-yə qarşı işə bərpa tələbinə dair iddiası təmin edilməmişdir. Göründüyü kimi, tərəflər hazırki əmək mübahisəsi üzrə pul tələbinə dair mediasiya sessiyasında iştirak etməmişlər. İddiaçı cavabehə qarşı irəli sürdüyü digər tələb (işə bərpa) üzrə keçirilmiş mediasiya sessiyasının nəticəsi olaraq verilmiş Bakı 8 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli arayışını iddia ərizəsinə əlavə etməklə məhkəməyə müraciət etmişdir. Həmçinin qeyd edilənlər Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1338/2024 saylı 29 mart 2024-cü il tarixli qərardadı ilə iddiaçının nəzərinə çatdırılmışdır. Bununla belə, iddiaçı qərardadda göstərilənləri nəzərə almamış, eyni mediasiya arayışını iddia ərizəsinə əlavə etməklə yenidən məhkəməyə müraciət etmişdir. Mülki Prosessual Məcəllənin 152.1.6-1-ci maddəsinə müvafiq olaraq, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri və ödənilmiş dövlət rüsumunu geri qaytarır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak etməsini təsdiq edən sənədlər iddia ərizəsinə əlavə edilmədiyinə görə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Bununla belə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İzah edilir ki, iddiaçı daha geniş məlumat və müvafiq təlimat almaq üçün Mediasiya Şurasına müraciət edilə bilər (əlaqə nömrələri: (012)1927; ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi 21;elektron ünvan Elektron ünvan ). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-152, 263-264 -ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “əmək mübahisəsi üzrə pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar