Məhkəmə qərarları › İş №e-2(005)-2095/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2095/2023

04.07.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2095/2023 04.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi Nümayəndə, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) müqavilənin etibarsız hesab edilməsi və pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR ilə bağladığı 30 dekabr 2021-ci il tarixli razılaşmanın etibarsız hesab edilməsi və ona ödənilmiş müavinətdən əsassız tutulmuş 3978,23 manat, mediasiya prosesinin təşkili ilə bağlı ödədiyi 50 manat, hüquqi yardıma görə vəkil bürosuna ödədiyi 100 manat, cəmi 4128,23 manat məbləğində pul vəsaitinin cavabdeh SOCAR-dan onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 08 iyun 2011-ci il tarixdən 30 dekabr 2021-ci il tarixədək SOCAR-ın Baş ofisində daxili auditor vəzifəsində işləmişdir. Onunla bağlanmış əmək müqaviləsi xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ləğv edilmişdir. İşdən azad olunması ilə əlaqədar SOCAR və ANQSİHİRK arasında bağlanmış 2020-2023-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişinin 5.16-cı bəndinə (həmin bəndin qəbul edilməsinə əsas olmuş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) və Azərbaycan Neft və X6 Həmkarlar İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK) 57/06-19ə nömrəli, 22 aprel 2009-cu il tarixli əmr-qərarının (həmin əmr-qərara ARDNŞ-nin və ANQSİHİRK-nin 14 avqust 2009-cu il tarixli, 112/07-22ə saylı əmr-qərarı ilə edilmiş dəyişiklik nəzərə alınmaqla) 4-cü bəndinə uyğun olaraq işəgötürənlə bağladığı Razılaşmaya əsasən ona orta aylıq əmək haqqının 5 (beş) misli miqdarında, 15390 manat məbləğində işdənçıxma müavinəti ödənilmişdir. Lakin, həmin məbləğdən qanunsuz olaraq 3597,50 manat gəlir vergisi, 76,95 manat işsizlikdən sığorta haqqı, 149,88 manat icbari tibbi sığorta haqqı,153,90 manat Həmkarlar İttifaqına üzvlük haqqı (halbuki, işdən azad olunduğu andan həmkarlar təşkilatının üzvü deyil), cəmi 3978,23 manat tutulmuşdur. O işəgötürənə bildirmişdir ki, işdən çıxma ilə bağlı ödənilən müavinətdən gəlir vergisi və digər məbləğlər tutulmalı deyildir və onu da bildirmişdir ki, Dövlət Neft Şirkətinin sabiq əməkdaşları çoxsaylı iddia tələbləri ilə məhkəməyə müraciət etmişlər və qanuni qüvvəsini almış məhkəmə qərarları ilə onlardan qanunsuz tutulmuş gəlir vergisinin məbləğləri artıq geri qaytarılmışdır. Lakin, cavabdeh ondan artıq tutulmuş məbləğləri ona geri qaytarmamışdır. Ona ödənilmiş işdənçıxma müavinətindən gəlir vergisinin və digər məbləğlərin tutulması qanunsuz və əsassızdır. Buna görə də ona hesablanmış işdənçıxma müavinətindən qanunsuz tutulmuş 3978,23 manat məbləğ cavabdehdən alınaraq ona qaytarılmalıdır. Qanunvericilikdə nəzərdə tutulmuş pensiya yaşına çatdıqda onun işdən çıxmaq niyyəti olmamışdır, əmək fəaliyyətini davam etdirə bilərdi, “öz təşəbbüsü ilə” yazdığı ərizə iradəsinin sərbəst fikir ifadəsi olmamışdır. İşdən azad olunması barədə ərizəsi ARDNŞ-nin və ANQSİHİRK-nin 57/06-19ə nömrəli, 22 aprel 2009-cu il tarixli “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmillləşdirilməsi haqqında” əmr-qərarında qarşıya qoyulmuş məqsəd və məramlardan irəli gələn işəgötürənin səyinə uyğun olmuşdur. Belə ki, onunla bağlanmış 08 iyun 2011-ci il tarixli 829 №-li Əmək müqaviləsinin 9-cu paraqrafında “Əmək müqaviləsinə xitam verilməsi” bəndinin 9.5.1 d) yarımbəndində “İşçi Azərbaycan Respublikasının Qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqda bu əmək müqaviləsinə işəgötürən tərəfindən 1 (bir) ay müddətində xitam verilə bilər” yarımbəndi tərəflərin müəyyən etdiyi hal deyil, məhz yuxarıda qeyd olunan əmr-qərarda qarşıya qoyulmuş məqsəd və məramlardan irəli gələn işəgötürənin diktəsi olmuşdur. Göründüyü kimi, qanunvericilikdə nəzərdə tutulmuş pensiya yaşına çatdıqda işdən azad olunması barədə “öz təşəbbüsü ilə” ərizəni yazmaması və ya Razılaşmanı imzalamaması isə əmək müqaviləsinin 9.5.1 d) bəndinə əsasən işəgötürən tərəfindən ləğv edilməsi ilə nəticələnərdi. Qeyd olunanlar onu sübut edir ki, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqaüdə çıxması ilə əlaqədar “öz təşəbbüsü ilə” yazdığı ərizə əsasında xitam verildiyi göstərilsə də, SOCAR işçi heyətindən daha səmərəli istifadə etmək, işçilərin sayının azaldılması məqsədilə müvafiq qərar qəbul etmiş, eyni məzmunlu əmr-qərar vermiş və həmin əmr qərara uyğun olaraq o, işçilərin sayının azaldılması məqsədilə təqaüdə çıxmağı ilə əlaqədar işdən azad olunmuş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Beləliklə, o faktiki olaraq Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə deyil, 70-ci maddəsinin “b” - işçilərin sayı və ya ştatları ixtisar edildikdə bəndi ilə işdən azad olunmuşdur. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənlə “bağladığı”, faktiki olaraq isə məcburiyyət qarşısında imzaladığı Razılaşma ilə bağlı qeyd edir ki, işçi əmək münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyətlərə malikdir. Məhz bu baxımdan həmin Razılaşmanın 1.2-ci,1.4cü və 2.1-ci (gəlir vergisinin tutulması hissəsində) bəndlərinin qüvvədə olan qanunvericiliyin tələblərinə zidd olmasına baxmayaraq, əmək müqaviləsinə xitam verilərkən həmin Razılaşma onun tərəfindən maddi təminat kimi işdənçıxma müavinəti almaq məqsədilə imzalanmışdır. Həmin Razılaşma etibarsız əqddir. Belə ki, Razılaşmanın 1.2-ci bəndi vətəndaşın işləmək və iş yeri seçmək hüququnu məhdudlaşdırdığı üçün Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 2-ci hissəsinə (İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.) zidd olduğuna görə; - 1.4-cü bəndi (İşəgötürəni hər hansı iddia və tələblərdən azad edir) AR Mülki Prosessual Məcəlləsinin 4.2-ci bəndinə (Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır.) zidd olduğuna görə; - 2.1-ci bəndi isə ödənilən işdənçıxma müavinətdən gəlir vergisinin qanunsuz və əsassız tutulmasını nəzərə aldığına görə onun üçün arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik deyildir. İşdənçıxma müavinətdən gəlir vergisinin tutulmasının qanunsuz və əsassız olması məhkəmə təcrübəsində də öz təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikasının adından çıxarılmış Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-907/2023 saylı Qətnaməsində məhkəmə kollegiyası qeyd etmişdir: “İddiaçıya ödənilən müavinət Əmək Məcəlləsində nəzərdə tutulmasa da, bu müavinət Əmək Məcəlləsində müəyyən edilmiş işdənçıxma müavinətinə bərabər tutulur. Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinə görə, işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. DNŞ-nin “əmək müqaviləsinin ləğv edilməsi barədə” əmrində iddiaçıya ödənilən müavinət işdənçıxarma müavinəti” adlandırılıb. Əmək müqaviləsinin ləğv edilməsinin əsası həmin müavinətin statusuna (işdənçıxma müavinəti olmasına) təsir etmir. Cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti etiraz ərizəsi və iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, işəgötürən (SOCAR) ilə işçi (İddiaçı) arasında əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Razılaşmanın 1.3-cü bəndinə əsasən, İddiaçı imzası ilə ona ödənilən müavinətdən qanunvericiliyə uyğun olaraq verginin tutulmasına razılıq vermişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Əmək Məcəlləsində əmək müqaviləsinə xitam verilərkən işçinin təminatı kimi, bir neçə hallarda işdənçıxma müavinətinin ödənilməsi nəzərdə tutulur, lakin işəgötürənlə işçi arasında bağlanmış əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xitam verilərkən hər hansı işdənçıxma müavinətinin ödənilməsi müəyyən edilməyib. Buna baxmayaraq SOCAR-da işləyən şəxslərin maddi rifah halının yaxşılaşdırılması məqsədi ilə işçi pensiya yaşına çataraq əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənə müraciət etdikdə, yuxarıda qeyd edilən X4 tələblərinə uyğun olaraq ona orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi müəyyən edilmişdir. İddiaçı əmək müqaviləsinə ƏM-in 69.3-cü maddəsi ilə xitam verilərkən ona yuxarıda qeyd edilən Sazişin tələblərinə uyğun olaraq orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət ödənilmişdir. Həmin müavinət ödənilərkən işəgötürən tərəfindən qanunvericiliyin və tərəflər arasında imzalanmış yuxarıda qeyd edilən razılaşmanın tələblərinə uyğun olaraq işçidən gəlir vergisi tutulmuş və ödənişlər aidiyyəti üzrə aparılmışdır. Göründüyü kimi, iddiaçının iddia etdiyi məbləği SOCAR öz hesabına deyil, dövlət büdcəsinə köçürmüşdür. Buna səbəb isə Azərbaycan Respublikası vergi qanunvericiliyinin tələbidir. İş üzrə ödənilmiş müavinətin vergidən azad olunması qanunvericiliklə nəzərdə tutulmamışdır. Tərəflər arasında bağlanmış Razılaşma da qanunvericiliyin tələblərinə uyğundur və iddiaçı öz imzası ilə həmin razılaşmanın bağlanılmasına iradə ifadəsini bildirmişdir. Bu səbəbdən, İddiaçı SOCAR-a qarşı olan bu tələbi tamamilə əsassızdır. Bununla yanaşı, iddiaçı qanunvericiliklə bu mübahisələrlə bağlı müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Belə ki, əlavə edilmiş sənədlərdən göründüyü kimi, İddiaçı əmək müqaviləsinə 30 dekabr 2021-ci il tarixdə xitam verilmişdir. SOCAR-ın əmək kitabçalarının və əmək kitabçasına əlavə içliyinin uçotu və hərəkəti kitabında aparılmış qeydlərə əsasən, İddiaçı əmək müqaviləsinə xitam verildiyi gün əmək kitabçasını götürmüşdür. Məlum olduğu kimi,Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin maddənin 4-cü hissəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, iddiaçıya əmək kitabçası 30 dekabr 2021-ci il tarixdə verilmişdir, İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş ilkin mediasiya sessiyasında (İSM) iştirak edilməsi ilə barədə arayışdan göründüyü kimi, o 14 mart 2023-cü il tarixdə ərizə ilə Mediasiya təşkilatına müraciət etmişdir. Əmək kitabçası ona rəsmi verildiyi tarixdən 1 il iki aydan artıq vaxt keçdikdən sonra iddiaçı məhkəməyə müraciət etmiş, bununla da bu mübahisələrlə bağlı müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi Əmək Məcəlləsinin 69-cu maddəsində işəgötürən tərəfindən işdənçıxarma müavinətinin ödənilməsi nəzərdə tutulmadığından, iddiaçıya həmin Məcəllənin 77-ci maddəsində nəzərdə tutulmuş işdənçıxarma müavinətinin ödənilməsindən söhbət gedə bilməz. Belə olan halda, işəgötürən tərəfindən iddiaçıya ödənilmiş orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin hüquqi xarakter baxımından işdənçıxarma müavinəti olmadığından gəlir vergisinə cəlb edilməməli olduğuna və həmin məbləğdən qanunsuz olaraq vergi tutulduğuna dair gətirdiyi dəlillər əsassızdır. Qanunvericilikdə konkret olaraq hansı növ müavinətlərin və ya ödənişlərin gəlir vergisindən azad olunduğu göstərilmiş və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində göstəriləndən başqa digər növ gəlirlərə həmin azadolmaların şamil edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Başqa sözlə, vergi qanunvericiliyinə görə bilavasitə işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq, yəni Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işçilərə ödənilən müavinət gəlir vergisindən azad olsa da, həmin maddədə məhz işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi əsasları göstərilmişdir ki, iddiaçıya münasibətdə bu əsaslardan heç biri mövcud olmamışdır. Hazırkı işdə həlledici məsələ ondan ibarətdir ki, iddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xitam verildiyini və eyni zamanda ona verilən müavinətin işdənçıxma müavinəti olduğunu bildirir. Halbuki Əmək Məcəlləsinin 69-cu maddəsi əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası barədə normaları nəzərdə tutur, bu isə öz növbəsində işdənçıxarılma və bununla bağlı hər hansı müavinətin ödənilmə halını istisna edir. İddiaçı ilə işəgötürən arasında mövcud olmuş əmək münasibətlərinə xitam verilməsində əsas Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi, yəni tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi olmuşdur. Bir sözlə, yuxarıda qeyd olunanlardan aşkar şəkildə göründüyü kimi iddiaçının əmək müqaviləsinə işçilərin sayının azaldılması əsası ilə deyil, işçinin öz ərizəsi əsasında təqaüdə çıxması ilə əlaqədar xitam verilmişdir. Hazırkı halda isə işəgötürən tərəfindən iddiaçıya ödənilmiş təminat Əmək Məcəlləsinin qeyd olunan tələblərindən irəli gəlməmiş, eləcə də əmək münasibətlərinə həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndi əsasında deyil, 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi əsasında xitam verilmişdir. Bununla da iddiaçıya ödənilən vəsaitdən gəlir vergisinin tutulması tam qanunamüvafiq olmuşdur. Bu baxımdan Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinə əsaslanmaqla Vergi Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmayan vergi azadolmasının tətbiqi düzgün hesab edilə bilməz. Halbuki, Vergi Məcəlləsinin 2.4-1-ci maddəsinə əsasən vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız həmin Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllədən başqa digər normativ hüquqi aktlarda, o cümlədən həmin Məcəllənin 2.4-cü maddəsində (bu Məcəllənin 2.4.9-cu maddəsi istisna olmaqla) göstərilən normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz. Göründüyü kimi, İddiaçı ödənilmiş orta aylıq əmək haqqının beş misli məbləğində müavinətdən gəlir vergisinin tutulması tamamilə qanunamüvafiq olmuş, iddiaçı tərəfindən məhkəməyə əksini göstərən mötəbər sübutlar təqdim edilməmiş, iddia ərizəsi isə əsaslandırılmamışdır. Xüsusi olaraq qeyd etmək lazımdır ki, eyni predmet üzrə daha əvvəl Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixli 2(103)-13645/2019 nömrəli, xx.xx.2023-cü il tarixli 2(103)- 1347/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2(103)-1792/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 2(103)-578/2023 nömrəli qətnamələr qəbul edilmiş və həmin qətnamələr əsasında birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi rədd etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, ona ödənilən müavinət Əmək Məcəlləsində nəzərdə tutulmasa da, bu müavinət Əmək Məcəlləsində müəyyən edilmiş işdənçıxma müavinətinə bərabər tutulur. İşdənçıxma müavinətindən gəlir vergisinin tutulmasının qanunsuz olması qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə təsdiq edilmişdir. Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Onunla işəgötürən arasında olan münasibətlər əmək münasibətləri olsa da, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar ona ödənilən müavinət artıq onun mülkiyyəti hesab olunur və mülkiyyətçinin hüquqlarının aradan qaldırılması ilə bağlı tələblərə iddia müddəti tətbiq edilmir. Digər tərəfdən, etibarsız hesab edilməsi tələbini qoyduğu Razılaşma Konstitusiyada nəzərdə tutulmuş insan hüquqlarını pozur (maddə 35.2). Belə olan halda hazırkı iddiaya iddia müddəti tətbiq edilə bilməz. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi Nümayəndə etirazın məzmununa müvafiq izahat verərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X2 iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Baş Ofisində Audit departamentinin Daxili Auditin təşkili şöbəsinin daxili auditoru vəzifəsinə işə qəbul edilmişdir. İşçinin taarif maaşının 874 manat olduğu razılaşdırılmışdır; - SOCAR-ın xx.xx.2021-ci il tarixli əmr-qərarından görünür ki, SOCAR və Azərbaycan Neft və X5 İttifaqı Respublika Komitəsinin 23 mart 2020-ci il tarixli əmr-qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Azərbaycan Neft və X5 İttifaqı Respublika Komitəsi arasında 2020-2023-cü illər üzrə Sahə (tarif) Kollektiv Saziş”in Socarda aparılan struktur islahatları çərçivəsində ştat vahidlərinin təkmilləşdirilməsi və işçilərin say tərkibinin optimallaşdırılması ilə əlaqədar 5.16-cı bəndi aşağıdakı redaksiyada verilmişdir: “Ştat vahidlərinin mütərəqqi normativlər hesabına təkmilləşdirilməsi və işçilərin say tərkibinin optimallaşdırılması ilə əlaqədar tədbirlərin həyata keçirilməsi nəticəsində AR ƏM-nin 70-ci maddəsinin “a” (müəssisə ləğv edildikdə) və “b” (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) bəndlərinə əsasən əmək müqaviləsinə xitam verilmiş (SOCAR üzrə sosial dayanıqlığının təmin olunmasına dair proqrama qoşulan şəxslər istisna olmaqla), habelə qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqdan sonra bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş şəxslərə tərəflərin razılığı ilə SOCAR-ın qərarı əsasında orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik müavinət vermək”; - xx.xx.2011-ci il tarixli, 829 nömrəli əmək müqaviləsinə xitam verilməsinə dair işəgötürənlə iddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli razılaşmanın surətindən görünür ki, tərəflər əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69cu maddəsinin 3-cü hissəsi ilə müəyyən olunmuş qaydada ləğv edilməsi, işçiyə orta aylıq əmək haqqının 5 misli miqdarında, cəmi 10950,07 manat işdənçıxma müavinətinin hesablanması və həmin işdənçıxma müavinətindən vergi qanunvericiliyinə əsasən gəlir vergisi tutulduqdan sonra qalan məbləğin ödənilməsi barədə razılığa gəlmişlər; - Əmək müqaviləsinin ləğv edilməsi haqqında 30 dekabr 2021-ci il tarixli əmrin surətindən görünür ki, İddiaçı ilə bağlanmış xx.xx.2011-ci il tarixli əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən (yaşa görə təqaüdə çıxması səbəbindən) xitam verilmişdir; - xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı bank hesabına 17073,82 manat pul köçürülmüşdür; - Azərbaycan Dövlət Neft Şirkətinin xx.xx.2023-cü il tarixli arayışının surətindən görünür ki, SOCAR-ın Baş Ofisinin sabiq işçisi İddiaçı oğlu yaşa görə əmək pensiyasına çıxdığına görə hesablanmış orta aylıq əmək haqqının 5 misli məbləğində müavinət 15390 manat və bu müavinətdən tutulmuş gəlir vergisinin məbləği 3597,50 manat olmuşdur; - Əmək kitabçalarının və əmək kitabçasına əlavə içliyin uçotu və hərəkəti kitabının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı əmək kitabçası təhvil verilmişdir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Baş Ofisində Audit departamentinin Daxili Auditin təşkili şöbəsinin daxili auditoru vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2021-ci il tarixdə isə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, yaşa görə əmək pensiyasına çıxdığına görə öz ərizəsi ilə xitam verilmişdir. İşçi ilə işəgötürən arasında bağlanmış müqaviləyə əsasən iddiaçıya işdən çıxarkən əmək haqqının 5 misli miqdarında işdənçıxma müavinəti hesablanmış və həmin müavinətdən gəlir vergisi tutulmuşdur. Hazırda iddiaçı ona ödənilmiş müavinətin işdənçıxma müavinəti olduğuna və bu səbəbdən ondan vergi tutulmasının qanunsuz olduğuna istinad edərək əmək müqaviləsinə xitam verilməsinin əsası olmuş xx.xx.2021-ci il tarixli razılaşmanın etibarsız hesab edilməsi və ona ödənilmiş işdənçıxma müavinətindən tutulmuş vergi məbləğinin cavabdehdən tutularaq ona qaytarılmasını xahiş edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” və “e” bəndlərinə əsasən, tərəflərdən birinin təşəbbüsü və tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. Əmək Məcəlləsinin 75-ci maddəsinin birinci hissəsinə və ikinci hissəsinin “a” bəndinə əsasən, tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı şərti nəzərdə tutula bilər. Həmin maddənin 4-cü hissəsinə görə əmək müqaviləsinə ona xitam verilməsi barədə tərəflərin nəzərdə tutduqları hallar bu Məcəllənin 2-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş işçinin və işəgötürənin hüquqlarının təminatı prinsiplərinə zidd olmamalıdır. Eyni Məcəllənin 175-ci maddəsinin 1, 2 (a) və 4-cü hissələrinə əsasən, əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. İşəgötürənin sərəncamı ilə işçinin əmək haqqından qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr ödənişlər tutulur. İşdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını nəzərdə tutan Vergi Məcəlləsinin 2.4-1-ci maddəsinə əsasən, vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız bu Məcəllə ilə müəyyənləşdirilir. Bu Məcəllədən başqa digər normativ hüquqi aktlarda, o cümlədən bu Məcəllənin 2.4-cü maddəsində (bu Məcəllənin 2.4.9-cu maddəsi istisna olmaqla) göstərilən normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz. Sahibkarlıq və investisiya fəaliyyətini təşviq edən vergi azadolmaları və güzəştləri fərdi xarakter daşımamalıdır. Həmin Məcəllənin 98.1-ci maddəsinə görə, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. Eyni Məcəllənin 102.1.4-cü maddəsinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır. Məhkəmə ilk növbədə qeyd edir ki, iş materiallarına əsasən tərəflər arasında 30 dekabr 2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsinə dair razılaşma bağlanmış, həmin razılaşmada həm işçinin, həm də işəgötürənin əmək müqaviləsinin xitamına yönəlmiş iradə ifadəsi aydın şəkildə öz əksini tapmışdır. İddiaçı imzası ilə təsdiq etdiyi həmin razılaşmanın onun iradəsi daxilində bağlanmadığını bildirsə də, bu halı təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, eləcə də razılaşmanın aldatma və ya təzyiq altında bağlandığı müəyyən edilməmişdir. Belə ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya müvafiq əsas olmadan onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Göründüyü kimi, əmək müqaviləsinin ləğv edilməsi işçinin ərizəsi, yəni iradə ifadəsi əsasında və qanunvericiliyin müddəalarının pozulmaması ilə həyata keçirilirsə, ləğvetmə baş tutduqdan sonra onun etibarsız edilməsi ilə bağlı müraciətin hüquqi əsası da artıq mövcud olmur. Hazırki iş üzrə iddiaçının tərəf olduğu əmək münasibətlərinə onunla işəgötürən arasında bağlanmış razılaşmaya uyğun olaraq, iddiaçının öz ərizəsi əsasında təqaüdə çıxması ilə əlaqədar xitam verilmişdir. Sözügedən razılaşmaya görə bunun müqabilində Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən İddiaçı orta aylıq əmək haqqının 5 misli miqdarında, cəmi 17073,82 manat işdənçıxma müavinəti hesablanmış və həmin müavinətdən gəlir vergisi tutulduqdan sonra qalan məbləğ ona ödənilmişdir. Qeyd edilənlər baxımından məhkəmə hesab edir ki, iddia SOCAR ilə iddiaçı arasında bağlanmış 30 dekabr 2021-ci il tarixli razılaşmanın etibarsız hesab edilməsi hissəsində təmin edilə bilməz. Həmçinin nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanmış razılaşmada ödənişlərlə bağlı verginin tutulub-tululmamasının müəyyən edilməsindən asılı olmayaraq, müvafiq məsələ yalnız vergi qanunvericiliyinə uyğun həyata keçirilə bilər. Vergi qanunvericiliyinə zidd qaydalar müəyyən edən razılaşma isə etibarsızdır. İddia tələbinin işdənçıxma müavinətindən tutulan verginin qaytarılması hissəsi ilə əlaqədar qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində gəlir vergisindən azad olma halları nəzərdə tutulmuşdur. Həmin maddədə müəyyən edilən hallardan hər hansı biri isə hazırki iş üzrə aşkar edilməmişdir. Belə ki, iddiaçı əslində işçilərin sayı və ştatların ixtisarı ilə əlaqədar əmək müqaviləsinə xitam verildiyini, bu baxımdan ona ödənilən vəsaitin də işdənçıxma müavinəti olduğunu və həmin məbləğdən vergi tutulmasının qadağan olunduğunu bildirsə də, həmin hal iş materialları ilə öz əksini tapmamışdır. Əmək qanunvericiliyində işçilərin sayı və ştatların ixtisarı ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsinin xüsusi qaydası müəyyən edilmişdir və həmin əsasla əmək müqaviləsinə xitam verilərkən əmək haqqının iki misli miqdarında işdənçıxma müavinətinin ödənilməsi nəzərdə tutulmuşdur. Bu əsasla əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən aidiyyəti tədbirlər görülməli, o cümlədən işçinin başqa işə keçirilməsinin mümkünlüyü araşdırılmalı, stajından asılı olaraq müəyyən edilmiş qaydada bir müddət əvvəl bu barədə xəbərdarlıq edilməli və işdənçıxma müavinəti ödənilməlidir. Ən əsası da işçilərin sayı və ya ştatlar real olaraq ixtisar edilməlidir. Bu təminatlar çərçivəsində ödənilən işdənçıxarma müavinəti gəlir vergisindən də azad edilmişdir. O da qeyd edilməlidir ki, tərəflərin razılaşmasında iddiaçıya ödənilən məbləğ işdənçıxma müavinəti adlandırılsa da, bu Əmək Məcəlləsi ilə müəyyən edilmiş hallarda işçiyə ödənilməli olan “işdənçıxma müavinəti” anlayışı ilə əhatə olunmur. Belə ki, Əmək Məcəlləsində yalnız 70-ci maddənin “a” və “b” bəndləri ilə əmək müqaviləsi ləğv edilərkən işçiyə işdənçıxma müavinətinin ödənilməsi nəzərdə tutulmuşdur. Təqaüdə çıxması ilə əlaqədar müəssisənin sərbəst mənfəəti hesabına işçiyə verilən müavinətlər isə işçinin sosial rifanın yaxşılaşdırılması və müəssisənin fəaliyyətinin optimallaşdırılması üçün nəzərdə tutulmaqla icbari xarakter daşımır və əmək qanunvericiliyi ilə tənzimlənmir. Xüsusilə qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 2.4-1-ci maddəsinə uyğun olaraq, vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız həmin Məcəllə ilə müəyyənləşdirilir. Maddənin məzmunundan göründüyü kimi, vergilərin müəyyən edilməsi, vergidən azadolma və güzəştlərin tətbiq edilməsi yalnız sahəvi qanunvericilik olan Vergi Məcəlləsi ilə nəzərdə tutula bilər. Həmin Məcəllənin müəyyən etdiyi qaydalardan kənar hər hansı bir şəxsdən vergi tutulmasına və ya onun vergidən azad edilməsinə yol verilmir. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsində “işdənçıxma müavinətindən məbləğlərin tutulmasına yol verilmir” müddəası qeyd olunsa da, bu müddəa vergi qanunvericiliyinin tələblərinin pozulmasına, ondan kənar vergidən azadolma halının müəyyən edilməsinə səbəb ola bilməz. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 13.5-ci maddəsinə görə, cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz. Eyni zamanda həmin Qanunun 10.3-cü maddəsinə uyğun olaraq, ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. Beləliklə, vergi qanunvericiliyinə görə yalnız Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işçilərə ödənilən müavinət gəlir vergisindən azaddır. Bütün digər hallarda fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir (hər hansı ödəmə və ya fayda) Vergi Məcəlləsinin 101-ci maddəsində nəzərdə tutulmuş qaydada gəlir vergisinə cəlb edilir. Göründüyü kimi, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinin dispozisiya şərtləri hazırkı iddiaya münasibətdə mövcud deyildir. Bu baxımdan cavabdeh-işəgötürən, iddiaçıya ödənilən vəsaitdən gəlir vergisini tutmaqla hər hansı qanun pozuntusuna yol verməmişdir və hazırki halda dövlət büdcəsi xeyrinə tutulmuş vəsaitin cavabdeh tərəfindən geri qaytarılması üçün əsas yoxdur. Məhkəmə cavabdeh tərəfin iddiaçının məhkəməyə müraciət üçün iddia müddətinin buraxılmasına dair ərizəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2 və 269.4-cü maddələrinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Hazırki iş materiallarından göründüyü kimi, iddiaçı ilə bağlanmış əmək müqaləsinə 30 dekabr 2021-ci il tarixində xitam verilmiş, həmin gün əmək kitabçası təqdim edilmiş və son haqq-hesab, eləcə də vergi çıxıldıqdan sonra yerdə qalan əmək haqqının 5 misli miqdarında pul vəsaiti iddiaçının hesabına köçürülmüşdür. İddiaçı isə mediasiya prosesinə xx.xx.2023-cü il tarixdə başlamaqla iddia müddətini ötürmüşdür. İddiaçının pul vəsaiti onun mülkiyyəti olduğundan iddia müddətinin tətbiqinin yolverilməzliyi ilə bağlı dəlili isə əsassız olmaqla, mülki və əmək qanunvericiliyi ilə müəyyənləşdirilmiş iddia müddəti institutunun mahiyyəti ilə ziddiyyət təşkil edir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) razılaşmanın etibarsız hesab edilməsi və pul tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) razılaşmanın etibarsız hesab edilməsi və pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar