Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2096/2022 14.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 onun əvəzinə ödədiyi 300 manat kirayə pulunun əvəzinin, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 ona qarşı törətdikləri qanunazidd hərəkətlərinə görə ona 5400 manat lotoreya puluna görə, 4000 manat Cavabdeh2 məxsus mənzilin təmirinə görə, 800 manat lombarda girov qoyulan qızıllarına görə, 715 manat isə telefona görə, cəmi 11.215 manat məbləğində ziyanın əvəzinin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1982-ci il təvəllüdlüdür, ünvan 1 ünvanında faktiki olaraq yaşayr. Onun iki oğul övladı var, biri qazidir, digəri isə hərbi xidmətə hazırlaşır. Özü də ikinci qrup əlildir. 2020-ci ilin oktyabr ayının 29-da oğlu, xx.xx.2001-ci il təvəllüdlü X2 vətən müharibəsində hərbi əməliyyatlar zamanı baş nahiyəsindən 2 güllə yarası alaraq xəsarət almış va 2-ci qrup əlil olmuş, ruhi-əsəb xəstəsinə çevrilmişdir, qazidir. Bunu ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2021-ci il tarixli məlumatın surəti ilə təsdiq edir. Həyat yoldaşı isə övladları lap uşaq olan zaman xərçəng xəstəliyindən dünyasını dəyişmişdir. Hazırkı iddia ərizəsi üzrə cavabdeh şəxs qismində cəlb olunan ünvan 2 ünvanında qeydiyyatda olan xx.xx.1970-ci il təvəllüdlü Cavabdeh1 1 ildən artıq olar tanıyır. Belə ki, o, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən və yaxın qohumuna məxsus olan mənzildə kirayədə qalmışdır. Qohumu özü Rusiya Federasiyasında yaşadığı üçün onun xahişi ilə 300 manat kirayə haqqını cavabdehdən alıb ona göndərirdi. Cavabdeh təxminən 4 ay əvvəl bir ayın pulunu gecikdirmiş və o, cavabdehə zəng etmişdir. Cavabdeh ona demişdir ki, bir müddətdir işləmir, ona görə evin kirayəsini verə bilmir. Ondan xahiş etmişdir ki, verə bilmədiyi ay kirayə pulunu onun əvəzindən qohumuna ödəsin, gələn ay isə hər iki ayın pulunu ona verəcək. O da cavabdehə inanmış va 300 manatı onun əvəzinə qohumuna göndərmişdir. Lakin sonradan cavabdeh hər aya görə 300 manat kirayə haqqını ona versə də, onun əvəzinə ödədiyi bir aylıq 300 manat kirayə pulunu ona qaytarmamışdır. Bir neçə dəfə cavabdehdən pulunu istəsə də, problem öz həllini tapmamışdır. Belə ki, cavabdeh ona pulu qaytaracağına dəfələrlə söz versə də, vədinə əməl etməmişdir. Bundan əlavə, hazırkı iddia ərizəsi üzrə cavabdeh şəxs qismində cəlb olunan Tərtər rayonu, Seyidimli kənd sakini xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh3 ilə 7-8 il əvvəl tanış olmuşdur. Belə ki, onun ailəsi onların məhəlləsində yaşamış, ailəvi tanışlıqları olmuşdur. Cavabdeh əvvəllər məhəllələrində bərbər işləmiş, daha sonra isə Bayıl bazarında ticarətlə məşğul olmağa başlamışdır. Bu tanışlıq dostluğa çevrilmiş və onun etibarını qazanmışdır. Hətta onu ailə üzvləri və qardaşları da tanıyırdılar. Həmişə mehriban bacı-qardaş kimi yola getmişlər. Daha sonra cavabdeh 2020-ci ilin mart ayında ona lotoreya oynamağı təklif etmişdir. Belə ki, onun deməsinə görə 10 nəfərdən ibarət olan qrupda 15 gündən bir adambaşına 300 manat olmaqla lotoreya oynamalı idilər. Lotoreya pullarını isə cavabdeh özü yığırdı və növbə üzrə hər kəsin pulunu verirdi. Həmin lotoreya oyununa onun iş yoldaşı da qoşulmuş və onlar öz üzərlərinə düşən öhdəliyi yerinə yetirərək hər 15 gündən bir adambaşına 300 manat (iş yoldaşı ilə birlikdə 600 manat) gətirib şəxsən cavabdehin özünə vermişdir. Beləliklə, o, iki nəfərin payçısı qismində 5400 manat lotoreya pulu götürməli idi. İş yoldaşının payına düşən 2700 manat pulu lotoreyanın ortalarında öz şəxsi vəsaiti hesabına vermişdir. Lakin həmin pul cavabdeh tərəfindən ona ödənilməmişdir. O, siyahı üzrə 10-cu olduğu üçün yığılan lotoreya pulunu axırıncı götürməli idi. Lakin 2020-ci ilin avqust ayında axırıncı dəfə yığılan lotoreya (2700 manat) pulunu Cavabdeh3 ona verməmişdir. Cavabdeh həmin pulu yığıb xərclədiyini demişdir. Daha sonra cavabdeh ona demişdir ki, əmisi oğlu Cavabdeh2 evini sataraq ona 15000 manat pul verəcək və həmin puldan onun 5400 manat lotoreya pulunu ona qaytaracaq. Bunun üçün həmin evin təmirə ehtiyacı var. Bu səbəbdən Elnura pul verməlidirlər ki, satacağı mənzilin təmir işlərini tamamlasın. Bu məqsədlə ona Cavabdeh2 mənzilin təmirindən ötrü bir miqdar pul vasaiti verməsini demişdir. O da cavabdehə inanaraq və 5400 manat pulunu geri almaq fikri ilə qazi oğlu X1 müalicə məqsədi ilə dövlət tərəfindən ayrılmış 6600 manatdan 4000 manat məbləğində pul vəsaitini İntiqamın qardaşı Cavabdeh4 şəxsən əlbəəl vermişdir. Bir müddət sonra Cavabdeh4 ona demişdir ki, ev təmir olunub, amma hələ satılmayıb. Ev satılana qədər İntiqam üçün icarəyə bir avtomobil götürsünlər, İntiqam həmin avtomobillə taksi xidmətində çalışaraq hər gün 50 manat verməklə ona olan borclarını yekunlaşdıracaqlar. Həmin avtomobili taksi şirkətindən götürmək üçün isə 1000 manat pul verməli və smartfon telefon almalıdır. O, cavabdehlərdən pullarını almaq düşüncəsi ilə İntiqam üçün “Soliton” mağazasından taksi fəaliyyəti üçün 12 ay müddətinə ilkin ödənişi 55 manat olmaqla aylıq krediti 60 manat olan 775 manat dəyərində “Samsung-A52” markalı mobil telefonu kreditə götürərək Cavabdeh3 vermişdir. Həmin telefonun cəmi 1 aylıq kredit borcunu İntiqam özü vermişdir. Sonrakı aylarda krediti ödəmədiyi üçün telefonu bağlatdırmış, gecikmə olmasın deyə yerdə qalan krediti hazırkı dövrə qədər özü ödəyir. Lakin telefon hələ də İntiqamdadır. Beləliklə, İntiqamın telefona görə ona 715 manat borcu yaranmışdır. Taksi şirkətinə veriləsi 1000 manat pul vəsaitini isə düzəldə bilmirdi. Təxminan 15 gündən sonra İntiqama zəng etmiş, ona zəng çatmamışdır. Onu görmək məqsədi ilə bərbər işlədiyi yerə, Səbail rayonuna gəlmişdir. Orada İntiqamla söhbət zamanı ona demişdir ki, bərbər işlədiyi yerin icarə haqqını ödəyə bilmədiyi üçün onun aldığı mobil telefonu girov qoyaraq pul götürmüş və icarə haqqını ödəmişdir. Telefonu girovdan götürmək üçün isə ona 300 manat pul lazımdır. O, taksi fəaliyyəti işinin yarımçıq qalmaması məqsədi ilə yenə də İntiqama kömək etmiş və özünə məxsus 800 manat dəyərində qızıl-zinət əşyalarını ona vermişdir ki, işlədiyi yerin qonşuluğunda fəaliyyət göstərən lombarda girov qoyaraq lazım olan 300 manatı götürsün va telefonu girovdan çıxarsın ki, taksi işinə başlasın. İntiqam həmin qızılları da bu günədək ona qaytarmamış və ona 800 manat borcu yaranmışdır. Daha sonra o, taksi fəaliyyəti üçün şirkətdən avtomobil götürmək məqsədi ilə nəzərdə tutulan 1000 manat pulun 900 manatını borc taparaq xx.xx.2021-ci il tarixdə Cavabdeh4 təklifi ilə onun əmisi oğlu hazırkı ərizə üzrə cavabdehlərdən biri Cavabdeh2 kartına Milli ön aparatı vasitəsi ilə yükləmişdir. Elə həmin gün sonra 100 manat pulu İntiqamın özünə şəxsən əlbəəl vermişdir. Daha sonra İntiqam taksi üçün nəzərdə tutulan avtomobili əldə etmiş va iki gün sonra telefonunu söndürmüşdür. O, İntiqamın qardaşı Ramilə zəng edərək vəziyyəti ona izah etmiş, demişdir ki, “Sizə pislik etməmişəm, nə vaxt nə istəmisinizsə onu da Sizə etmişəm. Lakin Siz öz vədinizə əməl etmədiniz. Vəziyyət əgər bu cür davam edərsə mən hüquq-mühafizə orqanlarına şikayət edəcəyəm”. Ramil onu telefonda nalayiq sözlərlə təhqir edərək şərəf və ləyaqatini alçaltmış, demişdir ki, əgər “bizdən şikayət etsən gəlib evində boynunu kəsərəm”. O, öz pulunu almaqdan ötrü İntiqamın yaşadığı ünvana getmiş, lakin İntiqamı orada da tapa bilməmişdir. Sonradan ona məlum olmuşdur ki, cavabdeh yaşadıqları məhəllədə və Bayıl bazarında bir neçə şəxsdən pul alaraq yaşamağa başqa ünvana getmişdir. O, dəfələrlə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 telefonlarına zəng etsə də, pulunu onlardan ala bilməmişdir. Cavabdehlər hər dəfə onu təhqir etmiş, şərəf və ləyaqətini alçaltmışlar. O, cavabdehlərin ona qarşı etdikləri bu qanunazidd əməllərin ucbatından mənəvi əzab çəkmişdir. Bundan sonra o, hüquq-mühafizə orqanlarına müraciət etmək qərarına gəlmiş və xx.xx.2021-ci il tarixdə Azarbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 zəng sistemi xidmətinə məlumat vermiş və şikayət ərizəsi ilə Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə müraciət etmişdir. 8-ci Polis Bölməsində araşdırma zamanı Cavabdeh3 ona borclu olduğunu etiraf etsə də, min bir bəhanə gətirərək pulunu yenə də verməmişdir. Hətta bunu cavabdehin qardaşı Cavabdeh4 da izahatında təsdiq etsə də onu tanımadığını bildirmişdir. Bunu iddia ərizəsinə əlavə etdiyi 8ci Polis Bölməsində aparılan araşdırmanın nəticəsinə dair 066-10193-1121 saylı, xx.xx.2021-ci il tarixli arayışın və toplanmış materialın (arayış, izahatlar və s.) surəti ilə təsdiq edir. 8-ci Polis Bölməsinin xx.xx.2021-ci il tarixli, 066-8961D sayli cavab məktubundan görünür ki, şikayəti əsasında aparılan araşdırmanın nəticəsinə görə tələbi mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bunu iddia ərizəsinə əlavə etdiyi həmin məktubun surəti ilə təsdiq edir. Cavabdehlər Cavabdeh3, Cavabdeh4 va Cavabdeh2 qanunazidd hərəkətləri nəticəsində ona 5400 manat lotoreya puluna görə, 4000 manat Cavabdeh2 İslam oğluna məxsus mənzilin təmirinə görə, 800 manat lombarda girov qoyulan qızıllarına görə, 715 manat isə telefona görə, ümumilikdə cəmi 11.915 manat məbləgində maddi ziyan dəymişdir. Bundan əlavə, cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində ciddi stress keçimiş, günlərlə darman qəbul etmiş və indi də qəbul edir. Həmçinin, himayəsində vətənə xidmət zamanı hərbi əməliyyatlar nəticəsində əlil olan övladı var. Onun qulluğunda qalmaq, dava-dərmanlarını vaxtında əldə etmək və digər xidmətləri yerinə yetirmək özü maddi vəsait və səbr tələb edir. Təkcə bu deyil, cavabdehlərin onun əlil övladına va ona qarşı etdikləri həqarətlər heç bir çərçivəyə sığmır. Cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qeyri-qanuni hərəkətləri nəticəsində o, maddi və mənəvi zərər çəkmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, iştirak etməmişlər, bu barədə məhkəməyə məlumat verməmişlər. Eyni zamanda, Cavabdeh1 29 avqust 2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, iddia tələbini tam həcmdə qəbul etdiyini və növbəti məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən Mülki Prosessual Məcəllənin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.5-ci maddəsinə görə iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, borc pulun verilməsi ilə bağlı proseslər 2020- 2021-ci illərə aid olduğundan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman Azərbaycan Respublikasının Mülki Məcəlləsinə 31 may 2016-cı il tarixli 269-VQD nömrəli qanunla edilmiş dəyişikliyə əsasən qüvvədə olan müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə, aşağıdakılara əsasən iddia tələbini Cavabdeh1 aid hissədə əsaslı hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh1 əvəzinə bir aylıq 300 manat kirayə haqqı ödəmişdir. Cavabdeh1 da iddiaçıya 300 manat borcunun olmasını etiraf edir (cavabdehin ərizəsi iş materiallarına əlavə edilmişdir). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 aid hissədə təmin edilməli və ondan 300 (üç yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə, iddia tələbinin digər cavabdehlərə aid hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. İşin mübahisələndirilən halı ondan ibarətdir ki, iddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 lotoreya puluna görə 5400 manat, Cavabdeh2 məxsus mənzilin təmirinə görə 4000 manat, lombarda girov qoyulan qızıllarına görə 800 manat, telefona görə 715 manat, cəmi 10.915 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsini tələb edir. İddiaçı ilə Cavabdeh3 arasındakı “Whatsapp” sosial şəbəkəsindəki yazışmalardan görünür ki, sonuncu iddiaçıya 7200 manat borcunun olmasını etiraf edir, maddi vəziyyəti pis olduğundan borcunu qaytara bilmədiyini bildirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2019-cu il tarixli Qərarında qeyd olunur ki, ... Nəzərə alınmalıdır ki, hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Beləliklə, Mülki Məcəllənin 740-cı maddələsinə uyğun olaraq, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa yazılı formada bağlanmalıdır. Hazırkı mülki mübahisədən görünür ki, iddiaçı ilə Cavabdeh3 arasında 7200 manat məbləğində pulun borc olaraq verilməsi mübahisəsizdir, lakin həmin razılaşma şifahi olaraq bağlanmışdır. Qanunvericiliyin tələbinə əsasən borcun məbləği üç min manatdan çoxdursa bu zaman müqavilənin yazılı formasından istifadə olunmalı idi. Belə olan halda tərəflər aralarında bağlanmış müqavilənin forma və məzmununa riayət etmədiklərindən həmin əqd etibarsız hesab olunmalı, belə olan təqdirdə isə cavabdeh əqd üzrə aldıqlarının hamısını iddiaçıya qaytarmağa borcludur. Bundan başqa, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarında qeyd olunur ki, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Belə ki, qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Beləliklə, məhkəmə Cavabdeh3 İddiaçı xeyrinə 7200 manat məbləğində pul vəsaitinin tutulması qənaətinə gəlir. Məhkəmə, cavabdehlər Cavabdeh4 və Cavabdeh2 aid hissədə iddia tələbini əsassız hesab edir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il Qərarına əsasən... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarda formalaşdırdığı hüquqi mövqeyə görə... çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır...Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir....Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır... Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir... Bununla bağlı olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, Konstitusiyada təsbit olunmuş tərəflərin çəkişməsi prinsipi və əsl (obyektiv) həqiqət bir araya sığmayan məfhumlardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Belə ki, iddiaçı 5400 manatın lotoreya pulu, 800 manatın girovda qoyulmuş qzıllarına və 715 manatın telefona görə, 4000 manatı Cavabdeh4 məxsus mənzilin təmirinə, 900 manatı isə xx.xx.2021-ci il tarixdə Cavabdeh4 təklifi ilə onun əmisi oğlu Cavabdeh2 kartına Milli ön aparatı vasitəsi ilə yüklədiyini bildirsə də, istinad etdiyi bu hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməlidir. Lakin bu halla bağlı yalnız iddiaçının mülahizə xarakterli izahatı mövcuddur. Onun izahatı sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 300 (üç yüz) manat, Cavabdeh3 isə 7200 (yeddi min iki yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ilə bağlı tələb olmadığından dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 300 (üç yüz) manat və Cavabdeh3 7200 (yeddi min iki yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-2096/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2096/2022
14.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver