Məhkəmə qərarları › İş №e-2(005)-2100/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2100/2025

02.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2100/2025 02.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi ilə, İddiaçı ASC "xxxx" Bankının Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC "xxxx" Bankı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh140,83 (bir yüz qırx manat səksən üç qəpik) manat məbləğində pul vəsaiti və iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ASC "xxxx" Bankı ilə X1 MTK arasında bağlanmış xx.xx.2022-ci il tarixli SD-1000116 nömrəli “Təşkilatın işçiləri üçün ASC "xxxx" Bankının beynəlxalq plastik kartlarının buraxılması və onlara xidmət göstərilməsi qaydası haqqında” Müqaviləyə (bundan sonra Müqavilə) əsasən Bank, Təşkilatın işçiləri üçün Azərbaycan manatında kart hesabları açır, Kart saxlayıcıları üçün əmək haqqı kartlarını buraxır və kartlar üzrə kart saxlayıcılarının hesablaşma əməliyyatlarına xidmət göstərilməsini təmin edir. Müqaviləyə uyğun olaraq Təşkilatın işçisi Cavabdeh plastik kartın sifariş olunması barədə ərizəsi əsasında ona müvafiq kart hesabı (AZ84HAJCFPRAZN**********1001) açılmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixinə kart hesabında olan qalıq vəsaiti (1,25 «bir manat iyirmi beş qəpik») və həmin tarixə aparılmış əməliyyatlar da nəzərə alınmaqla həmin hesabdakı vəsaitlərin ümumi məbləği 1,27 (bir manat iyirmi yeddi qəpik) manat təşkil etmişdir. Bundan sonra kart hesabından çıxarış məlumatlarından da göründüyü kimi Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində hesab üzrə mövcud balansdan artıq məbləğdə - 140 (bir yüz qırx manat) manat məbləğində məxaric əməliyyatı aparılmış, bu səbəbdən texniki overdraft (Kart saxlayıcısına overdraftın təqdim edilməsi barədə tərəflər arasında razılaşma olmadığı halda, Kart hesabının qalığından artıq məbləğdə əməliyyatın aparılması) halı baş vermiş və bunun nəticəsində Cavabdeh İddiaçının 142,10 (bir yüz otuz səkkiz manat 73 qəpik) manat məbləğində vəsaiti (2,10 «iki manat on qəpik» məbləğində əməliyyatın komissiyası ilə birlikdə) hesabına əsassız olaraq varlanmışdır. Nəticədə, Cavabdeh kart hesabındakı qalıq vəsaitinin (1,27 manat) silinməsi də nəzərə alınmaqla İddiaçı qarşısında 140,83 (bir yüz qırx manat səksən üç qəpik) manat məbləğində ödənilməmiş pul öhdəliyi qalmışdır ki, həmin öhdəliyin icra edilməsi ilə əlaqədar olaraq isə Cavabdeh ilə bir neçə dəfə əlaqə saxlanılmasına və ona öhdəliyin icra edilməsinə dair xx.xx.2024-cü il tarixli BŞ-XO- 24.6.2024-006 №-li Xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, tərəfindən öhdəliyin icra edilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. Cavabdeh məhkəmə tərəfindən iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş göndərilmiş, bildiriş qeyd olunan ünvanda xx.xx.2025-ci il tarixdə qəbul edilmiş, lakin cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasına qərara gəlmişdir. Nəhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh 10 iş günü müddətində iddia tələbinə münasibət bildirməmişdir. Belə ki, iş materiallarında olan: - ASC "xxxx" Bankı ilə “X1” MTK arasında bağlanmış təşkilatın işçiləri üçün ASC "xxxx" Bankının beynəlxalq plastik kartlarının buraxılması və onlara xidmət göstərilməsi qaydası haqqında SD-1000116 nömrəli müqavilədən görünür ki, Bank Təşkilatın işçiləri üçün Azərbaycan manatında Kart hesablarını açır, Kart saxlayıcıları üçün əmək haqqı Kartlarım buraxır və Kartlar üzrə Kart saxlayıcılarının hesablaşma əməliyyatlarına xidmət göstərilməsini təmin edir. Bank Təşkilatın tapşırıqları ilə Təşkilatın işçilərinin Kart hesablarına pul vəsaitini (əmək haqqını, mükafatları, maddi yardımı və s.) köçürür, Təşkilat isə ödəniş sənədlərinin lazımi qaydada rəsmiləşdirilməsini həyata keçirir. - Təşkilatın işçiləri üçün ASC "xxxx" Bankının beynəlxalq plastik kartlarının buraxılması üçün işçilərin siyahısı ilə müəyyən olunur ki, Cavabdeh təşkilatın işçisidir. - Həmin müqaviləyə 7 saylı əlavə ilə müəyyən olunur ki, Cavabdeh plastik kartın sifarişi üçün ərizə ilə ASC "xxxx" Bankına müraciət etmişdir. - Cavabdeh xx.xx.2022-xx.xx.2025-ci il tarixi üzrə ASC "xxxx" Bankı AZ84HAJCFPRAZN**********1001 saylı hesabdan çıxarış məlumatlarından görünür ki, müştərinin kartında qalıq “-140,83 AZN” təşkil edir. - Bank tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, texniki overdraft nəticəsində yaranmış 140,83 manat vəsaitin 3 iş günü ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə borcun məhkəmə qaydasında ödənilməsinin təmin olunması üçün tədbirlər görüləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -954.1-ci maddəsinə əsasən, bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. -956.1-ci maddəsinə əsasən, bank hesabı müqaviləsi bağlanarkən müştəriyə və ya onun göstərdiyi şəxsə tərəflərin razılaşdırdığı şərtlərlə bankda hesab açılır. -960.1-ci maddəsinə əsasən, bank hesabı müqaviləsinə müvafiq surətdə, pul vəsaitinin olmadığına baxmayaraq, bankın ödənişləri həyata keçirdiyi hallarda (hesabın kreditləşdirilməsi) bank bu cür ödənişi həyata keçirdiyi gündən müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır. -1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.3-cü maddəsinə əsasən varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. - 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ASC "xxxx" Bankı ilə “X1” MTK arasında təşkilatın işçiləri üçün ASC "xxxx" Bankının beynəlxalq plastik kartlarının buraxılması və onlara xidmət göstərilməsi barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, Bank Təşkilatın işçiləri üçün Azərbaycan manatında Kart hesablarını açır, Kart saxlayıcıları üçün əmək haqqı Kartlarını buraxır və Kartlar üzrə Kart saxlayıcılarının hesablaşma əməliyyatlarına xidmət göstərilməsini təmin edir. Cavabdeh təşkilatın işçisidir. Ona ASC "xxxx" Bankı tərəfindən kart təqdim edilmiş və AZ84HAJCFPRAZN**********1001 saylı hesab açılmışdır. cavabdeh tərəfindən xx.xx.2022ci il tarixində hesab üzrə mövcud balansdan artıq məbləğdə - 140 (bir yüz qırx manat) manat məbləğində məxaric əməliyyatı aparılmış, bu səbəbdən texniki overdraft yaranmışdır. İddiaçı tərəfindən cavabdehə müraciət olunaraq qeyd olunan borcun qaytarılması xahiş olunmuş, lakin cavabdeh həmin məbləği Banka qaytarmamışdır. Bu səbəbdən də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. “Overdraft” dedikdə, kart hesabında olan pul vəsaiti kartdan istifadə etməklə aparılan əməliyyatlar üçün kifayət etmədikdə, həmin əməliyyatlar üçün tələb olunan pulun çatışmayan hissəsinin bank tərəfindən ödənilməsi, texniki (icazə verilməmiş) overdraft dedikdə isə, tərəflər arasında overdraftın təqdim edilməsi barədə razılaşma olmadığı halda, kart istifadəçisi tərəfindən kart vasitəsilə kart hesabında olan vəsaitdən artıq məbləğdə əməliyyatların aparılması nəzərdə tutulur. Cavabdeh kart hesabında mövcud olan pul vəsaiti həcmində əməliyyatlar aparmalı olduğu halda, həmin vəsait həcmindən artıq istifadə etmiş və bununla da iddiaçının vəsaiti hesabına 140,83 manat məbləğində əsassız varlanmışdır. Belə olan halda cavabdeh həmin pul vəsaitini iddiaçıya qaytarmaq öhdəliyini daşıyır. Odur ki, iddiaçı qeyd olunan vəsaiti geri tələb etməkdə haqlıdır. Həmçinin məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci və 124-cü maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, iddia tələbi tam təmin edildiyindən və cavabdehin dövlət rüsumu ödəməkdən azad olması halları məhkəmə tərəfindən müəyyən olunmadığından hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia tələbi təmin edilməli. Cavabdeh 140,83 (yüz qırx manat səksən üç qəpik) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat tutularaq iddiaçı ASC "xxxx" Bankının xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 140,83 (yüz qırx manat səksən üç qəpik) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat tutularaq iddiaçı ASC "xxxx" Bankının xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar