Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2114/2023 11.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti X4 X10n nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “X4” X10nə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidməti göstərilməklə) qarşı əmrin ləğv edilməsi, işə bərpa və kompensasiyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “X4” X10nə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidməti göstərilməklə) qarşı əmrin ləğv edilməsi, işə bərpa və kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti X4 X10 tərəfindən Əmək Məcəlləsinin 68 maddəsinin B bəndinə əsasən verdiyi əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, onun öz işinə bərpa edilməsi, məcburi iş buraxmaya görə işə bərpa edildiyi günə qədər müvafiq əmək haqqının hesablanaraq ona ödənilməsi, cavabdeh tərəfindən ona mənəvi zərər əvəzi kimi 20000 manat kompensasiya ödənilməsi, cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətindən müəssisənin ləgvi ilə əlaqədar ona ödənilməli olan əmək haqqının 2 mislininin və mənəvi zərər əvəzi olaraq 50000 manat kompensasiyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.2008-ci il tarixdən Əmlak Məsələləri Dövlət Komitəsi Hərracların Təşkili üzrə Auksion Mərkəzi X1 sektorunda məsləhətçi vəzifəsinə qəbul olunmuşdur. xx.xx.2016-cı il tarixdən ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 1 saylı Sumqayıt zona Bölməsində baş məsləhətçi vəzifəsinə keçirilmişdir. İşlədiyi müddətdə rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və dəqiqliklə yerinə yetirmiş, işdə heç vaxt qüsura yol verməmişdir. Ümumilikdə 17 il, dövlət qulluğunda isə 13 il 8 ay stajı var. Ailənin yeganə gəlir mənbəyi onun əmək haqqısıdır. Övladları məktəblidir, həyat yoldaşı hec yerdə işləmir. xx.xx.2021-ci il tarixdə qeyd etdiyi müəssisənin idarə heyyətinin sədri vəzifəsinə gəldikdən sonra onu sıxışdırmağa başlamış, iş funksiyasına aid olmayan işlərin görülməsini ona məcbur etməyə başlamış, müəssisə rəhbəri öz qulluq mövqeyindən vəzifə və səlahiyyətlərindən sui-istifadə edərək dövlət müəssisəsinə aid olmayan öz şəxsi işlərinin görülməsinə və bir növ öz xidmətçisinə çevirməyə dəfələrlə cəhd etmişdir. Sədrin bu hərəkətləri onun qürurunu sındırmaq və ləyaqətini alçaltmaq məqsədi daşımışdır. Lakin bir qürurlu Azərbaycan Respublikasının sadə vətandaşı kimi müəssisə rəhbərinin şəxsi mənafeyinə xidmət edən göstərişlərinə əməl etməmiş və sonda bu hallar onun işdən azad olmasına səbəb olmuşdur. Hüquqlarının müdafiəsinə qalxaraq müəssisə rəhbərinin nizam intizama riayət etməsi məqsədi ilə bir neçə yuxarı təşkilatlara şikayət ərizəsi ilə müraciət etmişdir .Bundan sonra yuxarı təşkilatların müəssisə rəhbərlərinin verdikləri göstərişləri əsasında Emin Rəsulov bir müddət ona dəyməmişdir. Bir müddət sonra kollektivdə müəssisə rəhbərinin ona qarşı daha da aqresiv olmasını müəyyən etmişdir. İşlədiyi dövrdə bir neçə dəfə Emin Rəsulov onu öz iş otağına çagırmış, onunla işləyə bilməyəcəyini, könüllü öz ərizəsini yazaraq işdən getməyini tələb etmişdir. Bununla razılaşmamışdır. X11 öz planının B variantı əsasında müddətli əmək müqaviləsi variantına kecərək, 1 aylıq əmək müqaviləsi bağlamış və sonra müqavilənin bitməsini əsas gətirərək 15 il çalışdığı müəssisədən uzaqlaşdırmışdır. Onunla AR İN yanında ƏMDX tabeliyində X4 arasında bağlanmış 31 nömrəli əmək müqaviləsinin 9-cu bəndində əmək müqaviləsinə xitam verilməsini qadağan edən əsaslar göstərilmişdir. Əmək müqaviləsi bağlanarkən ona dövlət müəssisəsinin hüquqi bazası əsasında PHŞ yarandığını və müqavilələrin yeniləndiyi barədə məlumat verilərək, yeni formada müqaviləyə imza etdirmişlər. İmza edilən zaman hüquqları məhdudlaşdırılaraq, ona tez tələsik bura imza et, sənədlər toplanılır, nazirlikdə təcili müqavilələri gözləyirlər, müqavilənin tam mətni ilə tanış olmağa imkan verilməmiş, onu çaşdıraraq qeyri-müəyyən duruma salmışlar. Müqavilənin bir nüsxəsini tələb etsə də, kadırlar şöbəsi nazirlik tərəfindən müqavilələr qeydiyyata alındıqdan sonra ona veriləcəyini bildirmişdir. Bundan sonra bir necə dəfə kadrlar şöbəsinə yaxınlaşaraq əmək müqaviləsini tələb etsə də, kadrlar şöbəsi müxtəlif tarixlər deyərək və sənədlərin hələki nazirlikdə olması kimi yalnış məlumatlar verərək, gözlətdirmişdir. Bundan sonra məlumat göndərilərək müqavilə müddətinin bitməsi əsası ilə əmək müqaviləsinə xitam verilməsi bildirilmişdir. Hüquqlarının pozuldugunu və müəssisə rəhbərliyinin onu aldatdığını müəyyən etmişdir. Əmək müqaviləsinin forması dəyişərkən dəyişdirilmiş əmək müqaviləsində işə götürənin adı dəyişdirilmiş formada qeyd edilməli və müqavilənin başqa hissələri dəyişdirilmədən mövcud olduğu şəkildə saxlanılmalıdır. Aldatma yolu ilə əmək müqaviləsinin bütövlükdə məzmununun dəyişdirilməsi qanuna ziddir və işçi olaraq bir başa hüquqlarını pozur. Hazırda aldatma yolu ilə bağlanmış müqavilə onun iradəsini ifadə etmir və qanunsuz hesab edilməlidir. İndiki durumda əmək münasibətlərinə xitam verilməsinin əsasını da bu qanunsuz müqavilə təşkil edir. Mövcud vəziyyətdə əmək müqaviləsinin məzmunu işəgötürən tərəfindən dəyişdirilmiş, quruluşu qanunvericiliyin tələblərinə əməl edilməməklə, aldatma yolu ilə iradəsinə zidd müəyyən edilmişdir. Əmək müqaviləsi onunla işəgötürən arasında müddətsiz olduğu halda işəgötürən tərəfindən aldatma yolu ilə 1 ay müddətinə bağladıgı müqavilə qanunsuz və etibarsız hesab edilməlidir. Onunla işəgötürən arasında 14 il bundan öncə bağlanmış əmək müqaviləsi işəgötürəndən tələb edilməlidir. Qanunveriçiliyin tələbinə əsasən müddətsiz əmək müqaviləsi olan işçilərlə yenidən müddətli əmək müqaviləsinin bağlanılması qanunveriçiliyin tələblərinə ziddir. Müəssisə ləgv edildikdə 10 ildən cox əmək stajı olan işçilərə ən azı 9 təqvim həftəsi öncə xəbərdar edilməli və orta aylıq əməkhaqqının azı 2 misli miqdarında əmək haqqı ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti X4 X10n nümayəndəsi X7 iddianın əsassız olduğunu qeyd edərək, iddianın təmin edilməməsi xahiş etdi. Digər cavabdehə və müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında gəlməmiş və nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti X4 publik hüquqi şəxs xx.xx.2023-cü il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etməmişdir; İddiaçı əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2008-ci il tarixli, K-06 nömrəli əmr ilə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi yanında X1 sektoruna məsləhətçi vəzifəsinə qəbul olunmuşdur. xx.xx.2009-cu il tarixli, LK-01 nömrəli əmr ilə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi yanında X1 ləğv edilmiş və “Dövlət qulluğu” haqqında Azərbaycan Respublikasının Qanununun 33.1.2-ci maddəsinə əsasən (hüquqi şəxsin ləğvi) bağlanmış əmək müqaviləsinə xitam verimişdir. xx.xx.2009cu il tarixli, K-01 nömrəli əmr ilə X1 Şöbəsinin məsləhətçisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2011-ci il tarixli, K-05 nömrəli əmr ilə şəraitin dəyişdirilməsi ilə əlaqədar olaraq Maliyyə əməliyyatları şöbəsinin məsləhətçisi vəzifəsinə keçirilmişdir. xx.xx.2015-ci il tarixli, K-20 nömrəli əmr ilə Hərracların Təşkili üzrə Auksion Mərkəzinin strukturuna uyğun olaraq Hərracların Təşkili şöbəsinin səhmlərinin satışı üzrə pullu hərracların təşkili sektorunun məsləhətçisi vəzifəsinə keçirilmişdir. xx.xx.2016-cı il tarixli, K-09 nömrəli əmr ilə “Dövlət qulluğu” haqqında Azərbaycan Respublikasının Qanununun 21.1.6-cı maddəsinə əsasən ƏMDK yanında Hərracların Təşkili üzrə X3 Təşkili şöbəsinin səhmlərin satışının təşkili sektorunun məsləhətçisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2016-cı il tarixli əmr ilə “Dövlət qulluğu” haqqında Azərbaycan Respublikasının Qanununun 29.2-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq Mərkəzin 1 saylı zona bölməsinin baş məsləhətçisi vəzifəsinə keçirilmişdir. xx.xx.2021-ci il tarixli əmr ilə “Dövlət qulluğu” haqqında Azərbaycan Respublikasının Qanununun 33.1.1-ci maddəsinə əsasən öz arzusu ilə dövlət qulluğuna xitam verilmişdir. xx.xx.2021-ci il tarixli, 30 nömrəli əmr ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X4 X10 1 saylı zona bölməsinin baş mütəxəssisi vəzifəsinə 1 ay müddətinə təyin edilmişdir. xx.xx.2023-cü il tarixli, K-006 nömrəli əmr ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddəti bitdiyi üçün tutduğu vəzifədən azad edilmişdir; Əmək müqaviləsindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X4 X10nin işəgötürəni X8 ilə İddiaçı arasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X4 X10 1 saylı zona bölməsinin baş mütəxəssisi edilməsi barədə 1 ay müddətinə əmək müqavilə bağlanmış, işə başlama tarixi xx.xx.2021 il tarixdən hesablanmışdır. X4 X10n xx.xx.2021-ci il tarixli, 30 əmrdən görünür ki, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X4 X10 1 saylı zona bölməsinin baş mütəxəssisi vəzifəsinə 1 ay müddətinə təyin edilməsi əmr edilmişdir; X4 X10n xx.xx.2023-cü il tarixli, K-006 əmrindən görünür ki, X4 X10n 1 saylı zona bölməsinin baş mütəxəssisi İddiaçı xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddəti bitdiyi üçün tutduğu vəzifədən azad edilmiş və bağlanmış əmək müqaviləsinə xitam verilmişdir; Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 1-ci bəndində göstərilir ki, əmək fərdi və ictimai rifahın əsasıdır. Həmin maddənin 8-ci bəndində göstərilir ki, dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmununda əmək müqaviləsinin ləğv edilməsinin əsası və həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi göstərilməlidir. Hazırkı işdə əmrin verilməsinə əsas kimi Əmək Məcəlləsinin 73.1 -ci maddəsinə istinad edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 45-ci maddəsinin 3-cü bəndinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. 45-ci maddəsinin 4-cü bəndinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli əmək müqavilə bağlanıla bilər. 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 74-cü maddəsinin 2-ci bəndinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi bir daha vurğulamışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyətlərə malik olur. Məhkəmə qeyd edir ki, Konvensiyanın 14-cü maddəsi ilə ayrı-seçkilik qadağan olunur və təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, rəng, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər status kimi hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır. Beləliklə, cavabdehin iddiaçının uzun illər xidmətinə baxmayaraq onunla müddətli əmək müqaviləsi bağlaması, digər işçilərlə müqayisədə ayrı-seçkilik kimi qəbul edilə bilməli və bu halın baş verməsi özü- üzlüyündə ayrı-seçkiliyin əsası kimi hesab olunmalıdır. Məhkəmə qeyd edir ki, müddətsiz əmək müqaviləsi üzrə işləyən işçinin struktur dəyişikliyi nəticəsində yeni yaradılan qurumda 1 aylıq müddətlə işə götürülməsi Əmək Məcəlləsinin prinsipləri və şərtləri ilə, o cümlədən Əmək Məcəlləsinin 56-cı maddəsinin tələbləri ilə uzlaşmır. Belə ki, göstərilən normanın şərtləri gerçəkləşdiyi halda əmək münasibətlərin bu qaydada tənzimlənməsi əvəzinə müddətsiz əmək müqaviləsi ilə çalışan işçinin işdən azad edilməklə (öz xahişi əsasında olsa belə), onun yeni qurumda qısa müddətli əmək müqaviləsi əsasında eyni (yaxud oxşar) işə götürülməsi ƏM-in 47-ci maddəsinin “f” bəndinin tələblərinə uyğun hesab edilə bilməz. Əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlardan biri də işçinin adətən daha təşkilatlanmış və geniş imkanlara malik olan işəgötürənin qeyri-mütənasib təsir və ya təzyiqindən qorunması üçün müddətli əmək müqaviləsinin tərəflərin razılığı əsasında bağlanması zamanı hüquq bərabərliyi prinsipinə riayət olunmasıdır. Bu nöqtəyi nəzərdən məhkəmə hesab edir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən qarşılıqlı razılıq hazırki halda mövcud olmamışdır. Çünki “qarşılıqlı razılıq” deyiləndə hər iki tərəfin razılığı nəzərdə tutulur. İddiaçının 2008-ci ildən işlədiyi və əmək müqaviləsi müddətsiz xarakter daşıdığı halda isə, “öz xahişi ilə” əmək müqaviləsinə xitam verilməsi və cəmi 1 ay müddətinə yeni əmək müqaviləsi bağlanması onun iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə bilməz. İşçinin bu cür dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür. Bu zaman məhkəmə qeyd edir ki, əmək müqaviləsinin müddətli bağlanmasının qanunsuz olmasının müəyyən edilməsi üçün ayrıca tələbə zərurət yoxdur. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Məhkəmə iddia tələbinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətindən müəssisənin ləgvi ilə əlaqədar ona ödənilməli olan əmək haqqının 2 mislininin ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçının işlədiyi müəssisə ləğv edilsə də, göründüyü kimi yeni yaranmış müəssisədə onunla yenidən əmək müqavilələri bağlanmış və iddiaçı əmək fəaliyyətini davam etdirmişdir. Məhkəmə iddia tələbinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti X4 X10ndən 20000 manat və cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətindən 50000 manat mənəvi zərərin tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə qanunsuz və əsassız olaraq xitam verilmişdir. Odur ki, iddia tələbi qismən təmin edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X4 X10n xx.xx.2023-cü il tarixli, K-006 əmri ləğv edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X4 publik hüquqi şəxslə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsi müddətsiz bağlanmış hesab edilərək, İddiaçı işə bərpa edilməli və məcburi iş buraxmaya görə əmək haqqı hesablanaraq cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X4 X10ndən tutularaq iddiaçıya ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X4 X10n xx.xx.2023-cü il tarixli, K-006 əmri ləğv edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X4 publik hüquqi şəxslə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsi müddətsiz bağlanmış hesab edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X4 X10 tərəfindən məcburi işburaxma müddəti üzrə xx.xx.2023-cü il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqı hesablanaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada veridiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №e-2(005)-2114/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2114/2023
11.08.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver