Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2126/2025 16.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin Cavabdeh qarşı (açar sözlər: sudan istifadəyə görə yaranmış borcun ödənilməsi, vaxtaşırı icra edilməli öhdəliklər) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X4 Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X5 Cavabdeh qarşı “pul” tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 845,88 manat borcun (abonent kodu: **********010) və 30.00 manat dövlət rüsumunun tutularaq ”İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə dəftərxana vasitəsilə yazılı ərizə təqdim edərək, iddia ərizəsində qeyd olunan borcla razı olmadığını, işin iddia icraatında baxılmasını xahiş etdiyini bildirmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(005)- 2126/2025 saylı qərardadı ilə kiçik mübahisələr üzrə iddia ərizəsinə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ”İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs tərəfindən Cavabdeh (abonent kodu: **********010) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdehin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri həmin ünvana xx.xx.2022-ci il tarixində quraşdırılmış İSS-15M-1 markalı, 21730185 nömrəli sayğacın göstəricilərinə uyğun olaraq hesablanmışdır. Cavabdeh əhali qrupu abonenti olmaqla xidmətlərdən mütəmadi olaraq istifadə etmiş, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2025-ci il tarixinə 845,88 (səkkiz yüz qırx beş manat, səksən səkkiz qəpik) manat borcu yaranmışdır. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildirişlər, sonuncu dəfə isə xx.xx.2025-ci il tarixində xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsinı təmin etməmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, 2011-ci ildə Tural adlı şəxs onların bir otaqlı evinə gəlmiş və sayğac qoyacağını demişdir. Daha sonra növbəti ay başqa əməkdaş yaxınlaşıb bildirmişdir ki, qoyulan sayğacda külli miqdarda borc var. Bununla bağlı idarəyə yaxınlaşmış və bildirmişlər ki, ərizə yaz borc silinəcək. İki-üç il sonra Mirəli adlı şəxsə yaxınlaşıb borcun niyə silmədiklərini soruşanda bir xanım bildirdi ki, sayğacın üstündə 521 manat borc yazılıb. Mirəli adlı şəxs dedi ki, 400 manat gətir. Pulu aparıb onlara vermişdir. Onlar qeyd etdilər ki, digər qalıq borc silinəcək. Lakin bir müddət sonra başqa əməkdaş sayğaca baxanda bildirdi ki, borc silinməyib. Mirəli adlı şəxsi axtaranda bildirdilər ki, işdən çıxıb. Həmçinin Cavabdeh 01 may 2025-ci il tarixdə yazılı ərizə təqdim edərək iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. III. İşin faktiki halları: İş materiallarında olan: - Cavabdeh xx.xx.2025-ci il tarixli abonent kartının çıxarışından görünür ki, cavabdehin ünvan 1 ünvanı üzrə ödənilməyən ümumi borcu 845,88 manat təşkil edir. Ünvan üzrə 2015-ci il üzrə 96,44 manat, 2019-cu il üzrə 580 manat, 2020-ci il üzə borc dəbbə ilə birlikdə 134,5 manat, 2021-ci ili üzrə dəbbə ilə birlikdə 251,94 manat, 2022-ci ili üzrə dəbbə ilə birlikdə 309 manat, 2023-cü ili üzrə dəbbə ilə birlikdə 250 manat, 2024-cü ili üzrə may ayı da daxil olmaqla 220 manat, 2025-ci ili üzrə fevral ayı daxil olmaqla 38 manatdır. - xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cəmiyyət tərəfindən Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun 7 iş günü ərzində ödənilməsi tələbi ilə xəbərdarlıq göndərilmiş və yaranmış borcunu ödəməyi tələb olunmuşdur. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanlanmış 12 iyun 2025-ci il tarixli məktubdan görünür ki, «İri Şəhərlərin Birləşmiş Su təchizatı Xidməti» X5 tərəfindən ünvan 3 ünvanında yaşayan Cavabdeh son üç il ərzində (xx.xx.2022-ci ildən xx.xx.2025-ci ilə qədər) göstərilmiş su təchizatı və kanalizasiya xidmətləri aşağıdakı şəkildədir: 2022-ci il fevral, dekabr ayları üzrə borc 0 manat, 2023-cü il üzrə borc 150 manat, 2024-cü il üzrə borc 0 manat, 2025-ci ilin yanvar ayı üzrə borc 17 manat olmaqla, cəmi 167 manatdır. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən mənzili iddiaçi tərəfindən xx.xx.2008-ci il tarixdə bağlanmış müqaviləyə əsasən su ilə təchiz edilmişdir. Ünvan üzrə sudan istifadəyə görə ötən dövr ərzində istifadə edilmiş xidmətlərə görə qismən ödəniş edilmiş və nəticədə 2023-cü il üzrə 150 manat, 2025-ci il yanvar ayı üzrə 17 manat borcu yaranmışdır. Cavabdehnun son üç il ərzində göstərilmiş xidmətlər nəticəsində yaranmış borcu cəmi 167 manatdır. Cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Cəmiyyət tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. İddiaçı hazırki tələblə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş "Sudan istifadə Qaydalarının" 4.1.3. bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişi həyata keçirilməsini istehlakçı təmin etməlidir. Həmin Qaydaların 7.4-cü bəndinə uyğun olaraq, əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə qeydiyyatda olan şəxslərin sayma uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Həmin Qaydaların 8.3-cü maddəsinə əsasən, istehlakçı suyun verilməsinin dayandırılması (su təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) və ya müqavilənin vaxtından əvvəl ləğv olunması (bu Qaydaların 8.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla) barədə STKM-ə yazılı müraciət etdikdə, STKM 2 (iki) iş günü müddətində müvafiq olaraq suyun verilməsinin dayandırılması və ya müqavilənin ləğv edilməsi barədə qərar qəbul etməlidir. İstehlakçıya suyun verilməsi həmin qərarın qəbul edildiyi gündən dayandırılmalıdır və istehlakçı sonuncu günədək istifadə etdiyi suyun dəyərini ödəməlidir. Həmin Qaydaların 8.4-cü maddəsinə əsasən, su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) yeni müqavilənin bağlanılması üçün STKM-ə 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə STKM arasında müqavilə bağlanılmalıdır. Həmin Qaydaların 8.5-ci maddəsinə əsasən, su ilə təchiz edilmiş obyektin mülkiyyətçisinin (istifadəçisinin) dəyişdirilməsi suyun verilməsinin dayandırılması üçün əsas deyildir. Azərbaycan Respublikası Tarif Şurasının "xxxx" ASC-nin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə xx.xx.2011-ci il tarixli Qərarına əsasən sayğac quraşdırılmamış mənzillərdə adambaşına su istehlakı norması 5 m3 müəyyən edilmişdir. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının xx.xx.2011-ci il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,30 manat, həmin miqdarda tullantı sularının axıdılmasma görə xidmətin qiyməti isə 0,06 manat, Tarif (Qiymət) Şurasının xx.xx.2016-cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,35 manat, həmin miqdarda tullantı sularının axıdılmasma görə xidmətin qiyməti isə 0,15 manat müəyyən edilmişdir. Tarif (Qiymət) Şurasının xx.xx.2021-cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,70 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,30 manat müəyyən edilmişdir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasinin Qanununun: - 30-cu maddəsinə əsasən, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. - 61-ci maddəsinin 1-ci bəndinə görə "Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır". - 62-ci maddəsinə görə istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəməlidir və istehlakçı tərəfindən bu vəzifənin yerinə yetirilməməsi su təchizatı vo kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görmək hüququnu yaradır. Göründüyü kimi, mübahisəli ünvan 1 ünvanında su təchizatı və axıdılması ilə əlaqədar müqavilə bağlanmışdır. Cavabdehin 2015-2025-ci illər üçün istifadə etdiyi xidmətlərə görə iddiaçıya borcu yaranmışdır. İş materiallarında olan Abonent kartından görünür ki, abonent kodu **********010 ünvan 1 ünvanı üzrə Cavabdeh iddiaçıya ödənilməyən ümumi borcu 845,88 manat təşkil edir. Ünvan üzrə 2015-ci il üzrə 96,44 manat, 2019-cu il üzrə 580 manat, 2020-ci il üzə borc dəbbə ilə birlikdə 134,5 manat, 2021-ci ili üzrə dəbbə ilə birlikdə 251,94 manat, 2022ci ili üzrə dəbbə ilə birlikdə 309 manat, 2023-cü ili üzrə dəbbə ilə birlikdə 250 manat, 2024cü ili üzrə may ayı da daxil olmaqla 220 manat, 2025-ci ili üzrə fevral ayı daxil olmaqla 38 manatdır. Bununla belə mülki dövriyyənin sabitliyinin qorunması məqsədilə qanunvericiliyə iddia müddətinə dair maddi hüquq normaları (AR MM-in 18-ci fəsli) daxil edilmişdir. İddia müddətinin tətbiq edilməsinə dair ərizə cavabdeh üçün tanınan prosessual müdafiə vasitəsidir. İddia müddəti institutu şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verir. Məhkəmə araşdırması zamanı Cavabdeh dəftərxana vasitəsilə iddia müddətinin ötürülməsi ilə bağlı yazılı ərizə təqdim etmişdir. Nəzərə alınmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; -373.3-cü maddəsinə görə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. -375.1-ci maddəsinə görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. -375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. -376-ci maddəsinə görə əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. -377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. -550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. -551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. -551.2.1-ci maddsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Göründüyü kimi, qanunvericiliklə vaxtaşırı ödənişlər üzrə öhdəliklərin icrası üçün (xitam olunması) beş illik müddət müəyyən edilsə də, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə (tələb etmək hüququ) iddia müddəti üç il müəyyən edilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi ilə nəzərdə tutulan məhkəmə müdafiəsi hüququnun təmin edilməsi məqsədilə, məsələ qanunvericilik qaydasında həll edilənədək, qanunverici tərəfindən Mülki Məcəlləyə iddia müddətlərinə dair ayrıca fəslin məqsədli şəkildə salınması nəzərə alınaraq, öhdəliklərdən irəli gələn tələblərə, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulan iddia müddətləri tətbiq edilməlidir. Mülki Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulan iddia müddətlərinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Hazırki iş materialları və cavabdehlə iddiaçının nümayəndəsinin izahatları ilə müəyyən olunmuşdur ki, qeyd olunan ünvan üzrə xx.xx.2008-ci il tarixdə su təhtizatı ilə əlaqədar müqaviləsi bağlanmışdır. Həmin ünvan üzrə abonent Cavabdehdır. Onun 2015- 2025-ci illər üçün istifadə etdiyi xidmətlərə görə borcu yaranmışdır. Qanunvericiliyin tələbinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. İddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur, iddiaçının bu müddətə nəzərən son üç il ərzində yaranmış borcu tələb etmək hüququ vardır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanlanmış 12 iyun 2025-ci il tarixli məktubdan görünür ki, «İri Şəhərlərin Birləşmiş Su təchizatı Xidməti» X5 tərəfindən ünvan 3 ünvanında yaşayan Cavabdeh son üç il ərzində (xx.xx.2022-ci ildən xx.xx.2025-ci ilə qədər) göstərilmiş su təchizatı və kanalizasiya xidmətləri aşağıdakı şəkildədir: 2022-ci il fevral, dekabr ayları üzrə borc 0 manat, 2023-cü il üzrə borc 150 manat, 2024-cü il üzrə borc 0 manat, 2025-ci ilin yanvar ayı üzrə borc 17 manat olmaqla, cəmi 167 manatdır. Göstərilənlərə əsasən, məhkəmə nəticəyə gəlir ki, iddiaçının Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi iddia müddəti tətbiq edilməklə qismən edilməli, cavabdehdən abonent kartı və iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş arayışa əsasən, xx.xx.2022-ci ildən xx.xx.2025-ci ilə qədər yaranmış 167 (yüz altmış yeddi) manat borc tutularaq iddiaçı təşkilatın xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, qanunvericiliyə əsasən (AR MPM 119 və 124.3-cü maddələri) məhkəmə xərcləri iş üzrə tərəflərə aid edilməli olduğundan və iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq 10 (on) manat hissədə cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Beləliklə, tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh ünvan 1 ünvanı üzrə su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış 167 (yüz altmış yeddi) manat borc (abonent kodu: **********010) və 10 (on) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X4 xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. V. Nəticə: Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ünvan 1 ünvanı üzrə su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış 167 (yüz altmış yeddi) manat borc (abonent kodu: **********010) və 10 (on) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X4 xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-2126/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2126/2025
16.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver