Məhkəmə qərarları › İş №e-2(005)-2177/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2177/2025

10.07.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2177/2025 10.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı işə bərpa və s.tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia tələbi və onun dəlilləri İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı işə bərpa və s.tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən İddiaçı barəsində verilmiş 3-29-69/3-1-35K/2025 saylı, xx.xx.2025-ci il tarixli əmrin ləğv edilməsi, İddiaçı işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün pul məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki,bildirir ki,İddiaçı direktor vəzifəsinə işə qəbul üzrə test və müsahibə mərhələsini müvəffəqiyyətlə tamamlayaraq 14 sentyabr 2023-cü il tarixdə Mingəçevir şəhər Dilqəm Nağıyev adına 9 nömrəli tam orta məktəbə direktor təyin edilmişdir.Direktor kimi fəaliyyət göstərdiyi dövrdə hər hansı problem yaranmamış,əksinə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X8 Aran Regional Təhsil İdarəsi tərəfindən direktor kimi göstərdiyi səmərəli fəaliyyətə görə ona sertifikat təqdim edilmişdir.Belə ki, 07 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X8 Aran Regional Təhsil İdarəsinin nümayəndələri heç bir əmr təqdim etmədən, məlumat vermədən Mingəçevir şəhər Dilqəm Nağıyev adına 9 nömrəli tam orta məktəbə gəlmiş, məktəbin və direktorun fəaliyyəti ilə əlaqədar guya monitorinq aparmışlar. Bu zaman direktor İddiaçı məktəbdə olmamış (təhsil sektorunda olmuşdur), ona xəbər verilən zaman məktəbə gəlmiş, otağına daxil olan zaman onu dərhal otağından çıxarmışlar.Təsadüf burasındadır ki, iddiaçı direktor səlahiyyətlərini icra etməyə başladıqdan yarım tədris ili sonra yoxlama aparılması adı ilə,maliyyə yoxlaması adı ilə məktəbdə monitorinq olmuş və əsassız yerə onu əmək və icra intizamının pozulmasına görə intizam tənbehinə cəlb etmişlər.Monitorinq bitdikdən sonra, direktoru bu monitoriqdən kənarlaşdırdıqları üçün məktəbdə çalışan Afət adlı xanıma bildirmişlər ki,direktora məlumat ver ki, öz iradəsi ilə, öz xoşu ilə ərizə yazsın və işdən çıxsın. İddiaçı bununla razılaşmamış və məlumat göndərən şəxsə yaxınlaşaraq bunun səbəbini soruşmuşdur. O, isə istehza ilə belə bir şey demədiyi bildirmişdir. Buna baxmayaraq, Afət xanım iddiaçıya təkidlə bildirmişdir ki, deyirlər ki, ərizə yazmalıdır. İddiaçı isə Cavad Cavadovla danışacağını bu məsələyə bir aydınlıq gətirəcəyini bildirmişdir.İddiaçı bilavasitə Cavad Cavadovla görüşmək istəmiş, onun qəbulunda olmuşdur. Ondan baş verən proseslərin nə məqsəd güddüyünü, nə üçün belə etdiklərini soruşmuşdur. Cavad Cavadov iddiaçıya yanlış ittihamlar etmiş, ona öz xoşu ilə vəzifədən getməsini bildirmişdir.Görüş zamanı qeyd etmişdir ki, “Gəlin yollarımızı ayıraq”. Əks halda, öz xoşu ilə vəzifədən getməsə onu AR ƏM-in 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılacağını bilmişdir.xx.xx.2025-ci il tarixdə isə İddiaçı ilə olan əmək müqaviləsinə AR ƏM-in 68-ci maddəsinin 2-ci hissəsinin “b”bəndi ilə (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir.Belə ki, əmək müqaviləsinə AR ƏM-in 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə xitam verilsə də cavabdeh orqan normanın tələblərini pozmuş və başqa halları əsas gətirərək və müqavilə müddətinin bitməsini bəhanə edərək əmək müqaviləsinə xitam vermişdir.Nəzərinizə çatdırmaq istərdik ki, direktorla bağlanın müqavilə daimi xarakter daşıdığı üçün əvvəldən müddəti müəyyən edilmədən bağlanılmalı idi. Direktorun iş fəaliyyəti mövsimi xarakter daşımır. Belə ki, onun səlahiyyəti olduqca genişdir və həmin səlahiyyətlər Vahid X1 qeyd edilmişdir.Sağlamlıq vəziyyəti ilə əlaqədar olaraq bülleten götürmüş və bu səbəbdən xx.xx.2025-ci il tarixdə məktəbin təhvil-təslimini həyata keçirə bilməmişdir. İddiaçı bu barədə öncədən sektor müdirinə xəbər verərək halının pisləşdiyini bildirmişdir. Sektor müdiri isə ona icazə vermişdir. Belə bir vəziyyətdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X8 Aran Regional Təhsil İdarəsi onun həqiqətən bülletendə olub-olmamasını yoxlamaq üçün polisə sorğu vermişdir.İddiaçının əmək kitabçası, əmri və son haqq-hesabı işə çıxdığı sonuncu iş günü ona təqdim edilməmişdir. Bu isə cavabdeh orqan tərəfindən növbəti maddi və prosessual pozuntunun törədildiyini göstərir. Cavabdehin etiraz ərizəsi və onun dəlilləri Cavabdeh tərəfindən iddia ərizəsinə yazılı etiraz daxil olmuşdur. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Musa qızının cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi barədə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi aşağıda qeyd olunanlara əsasən İddiaçı Musa qızının iddia ərizəsinə etiraz edir:İddiaçı ərizəsində bildirir ki, Əmək Müqaviləsinə qanunvericiliyin normaları pozularaq xitam edilmişdir. Bildirilir ki, X10 Təhsil İdarəsi tərəfindən 19 dekabr 2024-cü il tarixində Mingəçevir şəhəri Dilqəm Nağıyev adına 9 nömrəli tam orta ümumtəhsil məktəbində şagirdlərin və pedaqoji heyətin məktəbə davamiyyəti, məktəb sənədlərinin aparılması və şagirdlərin biliyinin qiymətləndirilməsi üzrə monitorinq aparılmışdır.Monitorinq keçirilən tarixdə müəssisə üzrə şagirdlərin dərsə davamiyyəti aşağı səviyyədə olmuş və şagirdlərin biliyinin qiymətləndirilməsində ciddi nöqsanlar aşkarlanmışdır. Belə ki,9 və 11-ci siniflərdə Summativ Qiymətləndirmə aparılmamış, ancaq sinif jurnallarında Summativ Qiymətləndirmə səhifələrində şagirdlərin biliyi qiymətləndirilmişdir.Məktəb üzrə dərsə davam etməyən şagird olsa da sinif jurnalında məktəbə davam etməməsi barədə heç bir qeyd aparılmamış və 3 fənn üzrə biliyi qiymətləndirilmişdir.Müəssisədə siniflərə şagirdlərin qəbulu və yerdəyişməsi aparılsa da, bəzi sinif jurnallarında məktəbə yeni qəbul olunan şagirdlərin adları səhifələrə yazılmamış, bu səbəbdən də sinif jurnallarında olan şagirdlərin sayı fənlər üzrə müxtəlif sayda qeyd edilmişdir. Əlavə olaraq müəssisə üzrə sənədləşmənin məktəb sənədlərinin aparılması və saxlanılması haqqında təlimata uyğun olaraq aparılmadığı müəyyən olunmuşdur. Mingəçevir şəhəri Dilqəm Nağıyev adına 9 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru İddiaçı pedaqoji sahədə fəaliyyətini, kollektiv daxilində nüfuzunu və müqavilə müddətinin bitməsini nəzərə alaraq 16 yanvar 2025-ci il tarixdən direktor vəzifəsindən azad olunmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin birinci hissəsinə əsasən, əmək münasibətlərində elektron qaydada məlumatların göndərilməsi və qəbul edilməsi yazılı formada xəbərdarlıq kimi tanınır. Agentlik tərəfindən göndərilən bildiriş qanuni qaydada şəxsi kabinetdə yerləşdirilmiş və iddiaçıya bu barədə məlumat verilməsi təmin edilmişdir. Qeyd olunanlara əsasən, İddiaçı Musa qızının “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi barədə” iddia tələbi əsassız olduğu üçün iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçı qeyd etdi ki, direktor vəzifəsinə işə qəbul üzrə imtahanları müvəfəiyyətlə tamamlayaraq həmin vəzifəyə təyin edilmişdir. İşlədiyi müddət ərzində məktəbin bütün göstəriciləri yaxşılaşmışdır. Məktəbdə heç bir xəbərdarlıq edilmədən yoxlama aparılmış və qərəzli şəkildə intizam tənbehinə cəlb edilmişdir. Daha sonra isə müqavilə müddətinin bitməsi əsası ilə əmək müqaviləsinə xitam verilmişdir. Hesab edir ki, əmr əsassızdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. O qeyd etdi ki, məktəb direktoru ilə müddətli müqavilənin bağlanması əmək qanunvericiliyinə ziddir. Bi vəzifə təhsil ilə əlaqədar olmaqla, mövsümi xarakter daşımır. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi X6 iddia tələbini qəbul etmədiklərini, 19 dekabr 2024-cü il tarixində Mingəçevir şəhəri Dilqəm Nağıyev adına 9 nömrəli tam orta ümumtəhsil məktəbində monitorinq keçirilmiş və monitorinq zamanı şagirdlərin dərsə davamiyyəti aşağı səviyyədə olmuş və şagirdlərin biliyinin qiymətləndirilməsində ciddi nöqsanlar aşkarlanmışdır. Bundan sonra iddiaçınn müqaviləsinin müddətinin uzadılması məqsədəmüvafiq hesab edilməmişdir. Mülki işin materialları - xx.xx.2024-cü il tarixli Əmək Müqaviləsindən görünür ki,Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi ilə İddiaçı arasında müddətsiz bağlanaraq, Mingəçevir şəhər Dilqəm Nağıyev adına 9 nömrəli tam orta məktəbə direktor təyin edilmişdir. Əmək müqaviləsinin 2.3-cü bəndinə əsasən tərəflər Əmək müqaviləsi 47.f tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə (Az. Res. Əmək Məcəlləsi)"bəndində qeyd olunan səbəbə görə xx.xx.2025 tarixinədək 1 il müddətinə bağlanmışdır. - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyini direktoru Eşqi Bağırov tərəfindən verilən ”Vəzifəyə təyin edilmə barədə”Əmrin surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən 16 yanvar 2024-cü il tarixdən 1(bir) il müddətinə Niyazova X4 şəhər Dilqəm Nağıyev adına 9 nömrəli tam orta məktəbə direktor təyin edilmişdir. -19 dekabr 2024-cü il tarixli aktın surətindən görünür ki,həmin akt ondan ötrü tərtib edilmişdir ki,19 dekabr 2024-cü il tarixdə Mingəçevir şəhər Dilqəm Nağıyev adına 9 nömrəli tam orta məktəbdə şagirdlərin dərsə davamiyyəti, pedaqoji və texniki heyətin əmək intizamına, məktəb sənədlərinin aparılmasına baxış keçirilən zaman ciddi nöqsanlar aşkar edilmişdir. - ”İnzibati tənbehin tətbiqi barədə”Əmrin surətindən görünür ki, X10 Təhsil idarəsi tərəfindən 19 dekabr 2024-cü il tarixdə Mingəçevir şəhər Dilqəm Nağıyev adına 9 nömrəli tam orta ümumitəhsil məktəbində şagirdlərin və pedaqoji heyətin məktəbə davamiyyəti, məktəb sənədlərinin aparılması və şagirdlərin biliyinin qiymətləndirilməsi üzrə monitorinq aparılmış və Mingəçevir şəhər Dilqəm Nağıyev adına 9 nömrəli tam orta ümumitəhsil məktəbinin direktoru İddiaçı vəzifəsinin icrasında yol verdiyi ciddi nöqsanlara görə Azərbaycan respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b”bəndi ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Vəzifədən azad edilmə barədə” əmrin surətindən görünür ki, Mingəçevir şəhər Dilqəm Nağıyev adına 9 nömrəli tam orta məktəbin direktoru İddiaçı Azərbaycan respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin ”a” bəndinə əsasən 15 yanvar 2024-cü il tarixdən tutduğu vəzifədən azad edilərək,əmək müqaviləsinə xitam verilməsi qərara alınmışdır. -Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyini direktoru Eşqi Bağırov tərəfindən verilən “Əmək müqaviləsinə xitam verilməsi barədə ”Əmrin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X2”nin 5.5.8-ci və 5.5.11-ci bəndlərini rəhbər tutaraq Mingəçevir şəhəri Dilqəm Nağıyev adına 9 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 16 yanvar 2025-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (müqavilə müddətinin bitməsi) xitam verilməsi, Məktəbəqədər və Ümumi Təhsil üzrə X5 Aran Regional Təhsil İdarəsi (Cavad Cavadov) İddiaçı ilə qanunvericiliklə müəyyən edilmiş müddətdə son-haqq hesabın və təhvil-təslim işlərinin aparılmasını təmin etməsi qərara alınmışdır. - X10 Təhsil İdarəsinin müdiri səlahiyyətini müvəqqəti icra edən Cavad Cavadov tərəfindən tərtib edilən “Ümumi təhsil müəssisələrinin direktorunun vəzifəsindən azad edilməsi ilə bağlı “Əsaslandımasından görünür ki, Mingəçevir şəhər Dilqəm Nağıyev adına 9 nömrəli tam orta ümumitəhsil məktəbinin direktoru İddiaçı pedaqoji sahədə fəaliyyətini, kollektiv daxilində nüfuzunu və müqavilə müddətinin bitməsini nəzərə alaraq, 16 yanvar 2025-ci il tarixdən direktor vəzifəsindən azad olunması məqsədəmüvafiq hesab edilmişdir. - Bakı 20 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MŞB/20/2025-00143 saylı arayışdan görünür ki, ilkin mediasiya sesiyasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirak etmiş və 60 manat mediasiya haqqı ödəmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi isə ilkin mediasiya sesiyasında iştirak etməmişdir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 125-ci maddəsinin Vİİ-ci bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 35-ci maddəsinin 4-cü hissəsinə görə Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 42-ci maddəsinin 1-ci hissəsinə əsasən Əmək müqavilələri sərbəst bağlanır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 43-cü maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. 43-cü maddəsinin 2-ci hissəsinin “d” bəndinə əsasən əmək müqaviləsinin müddəti əmək müqaviləsində mütləq göstərilməlidir. 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır.Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 46-cı maddəsinin 6-cı hissəsinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. 73-cü maddəsinin 1-ci hissəsinə əsasən Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 76-cı maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də, tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. İşə baxan məhkəmənin mövqeyi İşin araşdırılan hallarından görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən iddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən 16 yanvar 2024-cü il tarixdən 1(bir) il müddətinə xx.xx.2025 tarixinədək Mingəçevir şəhər Dilqəm Nağıyev adına 9 nömrəli tam orta məktəbə direktor təyin edilmişdir. Hazırda İddiaçı barəsində verilmiş 3-29-69/3-1-35K/2025 saylı, xx.xx.2025-ci il tarixli əmrin ləğv edilməsini xahiş edir. Hazırda iddia tələbi üzrə müəyyən olunmuş halların qanunvericiliklə müəyyən olunmuş tələblərlə uzlaşdırılması zamanı uyğunsuzluq aşkar olunmamışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə müqavilənin bağlandığı müddətin bitməsi əsası ilə xitam verilmişdir. İlk öncə qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Belə ki, işçi – iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, müqavilənin müddəti bitdikdən sonra bir həftə keçməmiş müqaviləyə xitam verilmiş, bu barədə əmr verilmiş, tərəflər arasında bağlanmış müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etməmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında əmək münasibətləri müddətli əmək müqaviləsinə əsaslanmaqla, qanunvericiliyə əsasən də həmin müqavilənin müddətinin uzadılmaması təşəbbüsü məhz işəgötürənə aiddir. Müddətli müqavilə üzrə əmək müqaviləsinə xitam verilməsi isə işəgötürənin hüququdur. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında əmək müqaviləsi bağlanarkən və ona xitam verilərkən cavabdeh AR TN Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyi tərəfindən əmək qanunvericiliyinin tələblərinə riayət edilmiş, hər hansı qanun pozuntusuna yol verilməmişdir. İddiaçının 3-29-69/3-1-35K/2025 saylı, xx.xx.2025-ci il tarixli əmrin ləğv edilməsininin ləğv edilməsi və işə bərpa olunması“ barədə tələbi əsaslı deyildir və bu səbəbdən məhkəmə tərəfindən təmin edilə bilməz. Mülki işin araşdırılmış hallarından görünür ki, tərəflər arasında bağlanmış əmək müqaviləsi müddətli olmuş və 1 il müddətinə bağlanmışdır. Müqavilənin müddətinin bitməsi ilə əlaqədar olaraq AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən işəgötürən tərəfindən müqaviləyə xitam verilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. İddia ərizəsinin dəlillərinə münasibət bildirən məhkəmə qeyd edir ki, iddiaçının dəlilləri əsassız olmaqla, subyektiv mülahizələrdən ibarətdir. Məhkəmə hesab edir ki, “əmrin ləğv edilməsi” hissəsi əsassız olduğundan digər törəmə tələbləri (yeni əmək müqaviləsinin bağlanması, əmək haqqı tələbi) üzrə əlavə araşdırılmasına lüzum görmür və özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4- cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı əmrin ləğvi, işə bərpa və s. tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar