Məhkəmə qərarları › İş №e-2(005)-2179/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2179/2023

08.09.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2179/2023 08.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Zəngilan rayon 22 saylı tam orta məktəbin direktoru vəzifəsinə - işə bərpa edilməsi, 2023cü ilin yanvar ayına görə ödənilməmiş 600 manat, 2023-cü ilin fevral ayına görə 900 manat, mart ayına görə 900 manat və aprel ayına görə 900 manat, cəmi 3.300 manat pul vəsaitinin və 50 manat mediasiya ödənişinin, habelə qətnamə icra olunanadək qalan məcburi iş buraxma müddəti üçün əmək haqqı məbləğinin cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən tutulub İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Həsənova X4 rayon 22 saylı tam orta məktəbin direktoru vəzifəsində işləyirdi. 14 iyul 2022-ci il tarixdə onun 65 yaşı tamam olub. Bununla əlaqədar o, onunla 1 il müddətinə müddətli əmək müqaviləsinin bağlanmasına dair ərizə ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirinə müraciət edib. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirinin xx.xx.2022-ci il tarixli K-932 saylı əmri ilə iddiaçı yenidən direktor vəzifəsinə təyin edilib. Həmin əmrdə onun verilməsinə əsas kimi – ərizəsi və onlar bağlanmış əmək müqaviləsi göstərilib. Bundan sonra iddiaçı əmək fəaliyyətini ona maneə yaradılanadək - 20 fevral 2023-cü il tarixinədək davam etdirib. Belə ki, xəstəliklə bağlı bülletendə olduğu vaxt ona X5 Təhsil İdarəsi tərəfindən 17 fevral 2023-cü il tarixli rəsmi bildiriş göndərilib və 20 fevral 2023-cü il tarixdə direktor kimi təhvil-təslim prosesində iştirak etməyi tələb olunub. Bildirişdə həmçinin, iddiaçının təhvil-təslim prosesində iştirak etmədiyi təqdirdə qanunvericiliyə uyğun hüquqi tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti orqanlara müraciət ediləcəyi qeyd olunub. Buna görə də iddiaçı məcburən xx.xx.2023-cü il tarixdə təhvil təslim prosesində iştirak edib. Lakin cavabdeh iddiaçıya nə işdən çıxarılma barədə əmrin surətini, nə də əmək kitabçasını təqdim etməyib. Son əmək müqaviləsinin surəti iddiaçıya təqdim olunmadığından o, onun surətini əldə etmək üçün Zəngilan rayon Təhsil Sektoruna müraciət edib. Lakin Zəngilan rayon Təhsil Sektorundan iddiaçıya bildiriblər ki, xx.xx.2022ci ildən sonra onunla ümumiyyətlə əmək müqaviləsi bağlanmayıb. İddiaçı işdən qanunsuz olaraq çıxarılıb. Eyni zamanda iddiaçının əmək haqqısı yalnız 11 yanvar 2023-cü il tarixədək ödənilib. Halbuki, iddiaçı yanvar ayının sonunadək öz əmək vəzifələrini icra edib və sonra sağlamlıq vəziyyəti ilə bağlı bülletendə olub. İddiaçının aylıq əmək haqqı 900 manat təşkil etdiyindən 2023-cü ilin yanvar ayı üçün qalan 600 manat, habelə fevral, mart və aprel ayları üçün 2.700 manat (900x3 ay) pul vəsaiti ona ödənilməyib. Cavabdehin iddiaçını işə bərpa etməsini və məcburi iş buraxmanın bütün müddəti üçün ona əmək haqqı ödənilməsi zəruridir. Hazırkı mübahisənin məhkəmədən kənar qaydada həll olunması üçün iddiaçı Bakı 11 saylı Mediasiya Təşkilatına müraciət edib və 50 manat mediasiya xərci ödəyib. Lakin cavabdeh mediasiya prosesində iştirak etməyib. Bununla bağlı Bakı 11 saylı Mediasiya Təşkilatı 18 aprel 2023-cü il tarixdə müvafiq arayış verib. Daha sonra iddiaçı iddia tələbinin artırılmasına dair ərizə ilə müraciət edərək, İddiaçı Zəngilan rayon 22 saylı tam orta məktəbin direktoru vəzifəsindən işdən çıxarılmasının qanunsuz hesab olunması və onun həmin vəzifəsinə işə bərpa edilməsi, 2023-cü ilin yanvar-iyul ayları üçün cavabdehdən 6.945 (altı min doqquz yüz qırx beş) manat pul vəsaitinin tutulması, həmin vəsaitin 6.000 manatının İddiaçı ödənilməsi, qalan 945 manat pul vəsaitinin isə İddiaçı əmək haqqı hesablanması ilə əlaqədar müvafiq qaydada hesablanmaqla vergi və sosial sığorta ödənişlərinin ödənilməsinə sərf olunması, 2023-cü il üçün məzuniyyət pulu qismində cavabdehdən 1.700 (min yeddi yüz) manat pul vəsaitinin tutulub iddiaçıya ödənilməsi və iddiaçıya vurduğu mənəvi ziyana görə cavabdehdən 10.000 (on min) manat pul vəsaitinin və 50 manat mediasiya ödənişinin, habelə qətnamə icra olunanadək qalan məcburi iş buraxma müddəti üçün əmək haqqı məbləğinin cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən tutulub İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək işlədiyi - Zəngilan rayon 22 saylı tam orta məktəbin direktoru vəzifəsinə işə bərpa edilməsi, 2023-cü ilin yanvar ayına görə ödənilməmiş 600 manat, 2023-cü ilin fevral ayına görə 900 manat, mart ayına görə 900 manat və aprel ayına görə 900 manat, cəmi 3.300 manat pul vəsaitinin və 50 manat mediasiya ödənişinin, habelə qətnamə icra olunanadək qalan məcburi iş buraxma müddəti üçün əmək haqqı məbləğinin cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyininə vəkil sorğusu verilməsinə və Nərimanov rayon Məhkəməsi tərəfindən sübutların təmin edilməsi qaydasında qərardad qəbul edilməsinə baxmayaraq, cavabdeh iddiaçının vergilər və sosial ödənişlər daxil olmaqla aylıq ümumi əmək haqqının, məzuniyyət və sosial ödənişlərin məbləği barədə məlumatları, əmək müqaviləsinin surətini və digər məlumat və sənədləri məhkəməyə təqdim etməyib. İddiaçı Zəngilan rayon 22 saylı tam orta məktəbin direktoru kimi aylıq xalis əmək haqqı (vergilər və sosial sığorta ödənişləri, icbari tibbi sığorta haqqı və s. tutulub ödənildikdən sonra qalan məbləğ) 900 manat təşkil edir. Vergilərin hesablanması zamanı onun müharibə veteranı olması da nəzərə alınır və ona vergi güzəştləri edilir. Qətnamənin icrası zamanı da iddiaçının müharibə veteranı olması nəzərə alınmalı və vergi tutma zamanı müvafiq vergi güzəştləri edilməlidir. Bununla belə, iddia ərizəsində iddiaçının xeyrinə cavabdehdən tutulmalı olan məbləğ xalis əmək haqqı şəklində deyil, vergilər və s. məcburi ödənişlər daxil olmaqla tam göstərilməlidir. İddiaçının vergilər və digər sosial ödənişlər daxil olmaqla aylıq əmək haqqı 1035 manat təşkil edir. Beləliklə, cavabdehdən 2023-cü ilin yanvar ayı üçün vergi və sosial ödənişlər daxil olmaqla 735 manat (600 manat xalis əmək haqqı və 135 manat vergi və sosial ödənişlər), 2023-cü ilin fevral - iyul aylarını əhatə edən dövrün hər bir ayı üçün 1035 manat (900 manat xalis əmək haqqı + 135 manat vergi və sosial ödənişlər), 6 ay (fevral - iyul) üçün 6.210 manat, cəmi 6.945 manat əmək haqqı ilə bağlı pul vəsaiti tutulub iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçıya 2023-cü il üçün 1.700 (min yeddi yüz) manat məzuniyyət pulu ödənilməlidir. Bildirirlər ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətinin 1 il uzadılmasına baxmayaraq, cavabdeh iddiaçının 6 ay sonra qanunsuz olaraq işdən çıxarıb, səlahiyyətlərinin təhvil verilməsi və əks təqdirdə onun barəsində tədbirlər görəcəyi barədə ona məktub göndərib, bu yolla onun səlahiyyətlərini təhvil verməyə məcbur edib, vaxtından qabaq və qanunsuz olaraq iddiaçını işdən çıxarmaqla onun kollektiv arasında olan nüfuzuna zərər vurub, onu hörmətdən salıb, kollektiv arasında iddiaçının peşə keyfiyyətinin aşağı olmasına dair təəssüratın yaranmasına səbəb olub. Bu hərəkətlər nəticəsində iddiaçıya mənəvi zərər dəyib. İddiaçıya dəymiş mənəvi zərəri 10.000 (on min) manat həcmində qiymətləndirirlər. Bununla əlaqədar iddia tələbinin həcminin artırılması zərurəti yaranıb. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbi ilə eyniməzmunlu izahat verib, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı Baş Səhiyyə Mərkəzi 26 nömrəli Şəhər Poliklinikasının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə qədər, xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə qədər, xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə qədər işdən azad edilmiş, İşə başlamalı olduğu vaxt xx.xx.2023-cü il tarixidir. İş materiallarında olan İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə 65 yaşı tamam olur. Bir il müddətinə əmək müqaviləsi bağlanmasına köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı 11 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il arayışdan görünür ki, İMS-də iştirak edən tərəf İddiaçı, iştirak etməkdən yazılı imtina edən tərəf Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyidir. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Şərgi Zəngəzur Regional Təhsil İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişindən görünür ki, Zəngilan rayon 22 nömrəli tam orta məktəbin direktoru olaraq əmək müqaviləsinə xitam verildiyi üçün müəssisədə müvafiq təhvil-təslim prosesinin həyata keçirilməsi məqsədilə idarə əməkdaşları tərəfindən İddiaçı bir neçə dəfə məktəbə gəlməyi və qeyd olunan prosesin həyata keçirilməsində iştirak etməyi barədə məlumat verilmişdir. Buna baxmayaraq müxtəlif səbəblər göstərərək təhvil-təslim prosesinin aparılmasında iştirak etməmişdir. Məktəbdə təlim-tərbiyə prosesində fasiləsizliyin təmin edilməsi və sənədləşmə işlərinin vaxtında aparılmasının təmin olunması üçün 20 fevral 2023-cü il tarixdə saat 11:00-da Zəngilan rayon 22 nömrəli tam orta məktəbində olmağı və təhviltəslim prosesinin həyata keçirilməsində iştirakı tələb olunmuşdur. İş materiallarında olan davamiyyət jurnalının surətindən görünür ki, İddiaçı imzası ilə iştirakını təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli vəzifədən azad edilmə barədə əmrin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən Zəngilan rayonu 22 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən azad edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli vəzifəyə təyin edilmə barədə əmrin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən, xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək Zəngilan rayonu 22 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan arayışdan görünür ki, Zəngilan rayonu 22 nömrəli tam orta məktəbin direktoru olaraq çalışmış İddiaçı 05 sentyabr 2022-ci il tarixdən 11 yanvar 2023cü il tarixədək verilmiş əmək haqqı cəmi 4726,37 manat təşkil etmişdir. İş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il K-930 nömrəli əmr ilə ƏM-nin 70-ci maddəsinin “e” bəndinə əsasən çalışmanın yaş həddinə çatdığına görə müqaviləsinə xitam verilmişdir. xx.xx.2022-ci il K-932 nömrəli Əmrə əsasən ƏM-nin 47-ci maddəsinin “f” bəndinə əsasən xx.xx.2022-ci il tarixinədək Zəngilan rayonu 22 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyin edilmişdir. xx.xx.2023-cü il tarixli 3-29/3-1-028 K-12023 nömrəli Əmrə əsasən ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən müddətin bitməsinə görə əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Zəngilan rayonu 22 nömrəli tam orta məktəbin direktoru olaraq İddiaçı ilə əmək müqaviləsi bağlanılan tarix xx.xx.2022-ci ildir. Müqavilənin qurtardığı tarix xx.xx.2023-cü ildir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Həsənova X4 rayonu 22 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin K-930 saylı, xx.xx.2022-ci il tarixli əmrə əsasən çalışmanın yaş həddinə çatdığı üçün onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. Həmçinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin K-932 saylı, xx.xx.2022-ci il tarixli əmri ilə müddətli əmək müqaviləsi əsasında Zəngilan rayonu 22 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyin edilmişdir. Daha sonra Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-29/3-1-028 K-12023 nömrəli Əmrinə əsasən ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən müddətin bitməsinə görə əmək müqaviləsinə xitam verilmişdir. Hazırda məhkəmədə mübahisələndirilən hal ondan ibarətdir ki, iddiaçı onunla bağlanmış müddətli əmək müqaviləsinin 1 il müddətinə, cavabdeh isə xx.xx.2022-ci il tarixədək bağlanıldığını mübahisələndirir. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 43-cü maddəsinin 2-ci hissəsinin “d” bəndinə əsasən əmək müqaviləsinin müddəti əmək müqaviləsində mütləq göstərilməlidir. 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 46-cı maddəsinin 6-cı hissəsinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. 73-cü maddəsinin 1-ci hissəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 76-cı maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə qeyd edir ki, ilkin olaraq hazırki mübahisə üzrə İddiaçı işdən çıxarılmasına əsas olan Azərbaycan Respublikasının Elm və Təhsil Nazirinin xx.xx.2023-cü il tarixli 3- 29/3-1-028 K-12023 saylı əmrinin qanuniliyi yoxlanılmalıdır. Yuxarıda göstərildiyi kimi, iddiaçı ilə əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən ləğv edilmişdir. Bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. Qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilən müqavilənin müddətinin qurtarması şərtdir. Məhz sadalanan halın mövcudluğu əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər. Məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə xitam verilərkən yuxarıda qeyd olunan halın mövcud olması arqumenti əsaslı hesab edilə bilməz. Belə ki, qanunvericiliyin tələbinə əsasən əmək müqaviləsinə xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. O cümlədən, iddiaçı iddia edir ki, müqavilə imzalandıqdan sonra müqavilənin nüsxəsi ona verilməyib. Əmək Məcəlləsinin 44-cü maddəsinin 3-cü hissəsinə görə, əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunur, onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Əmək müqaviləsinin nüsxəsinin işçiyə verildiyini sübut etmə yükü işəgötürənin üzərinə düşür. Lakin cavabdeh bunu sübut edə bilmir. Ona görə də əmək müqaviləsinin müddətinin 31 dekabr 2022-ci il tarixədək bağlanılması şərtinin (müddətə dair şərtin) həqiqiliyinə dair şübhənin aradan qaldırılması mümkün deyil. Aradan qaldırılması mümkün olmayan belə şübhələr işçinin xeyrinə həll olunmalıdır. İş materiallarında olan əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişindən isə görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti 14 iyun 2023-cü il tarixədək qeyd olunmuşdur. Həmin bildiriş sistemə xx.xx.2022-ci il tarixdə daxil edilmişdir. Digər tərəfdən xx.xx.2023-cü il tarixli əmrin surətindən görünür ki, İddiaçı ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən Zəngilan rayonu 22 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən azad edilmişdir. Lakin həmin əmr üzrə əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməmişdir, daxil edilmədiyi üçün də mübahisələndirilən əmr hüquqi qüvvəsini almamışdır. Bununla yanaşı iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə əmrlə də tanış edilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən tərəflər arasında əmək müqaviləsinə xitam verilməsi xx.xx.2023-cü il tarixdən deyil, xx.xx.2023-cü il tarixdən hüquqi qüvvəyə mindiyindən, tərəflər üçün əmək müqaviləsinə xitam verilməsi ilə bağlı hüquqi nəticələr də xx.xx.2023-cü il tarixdən yaranmalı idi. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 8-ci maddəsinin 3-cü bəndinə əsasən, illərlə, aylarla, həftələrlə hesablanan müddətlər müvafiq olaraq ilin, ayın, həftənin sonuncu günündə başa çatır. Təqvim həftələri və günləri ilə hesablanan müddətə qeyri-iş günləri də daxildir. 8-ci maddəsinin 4-cü bəndinə əsasən, əgər müddətin son günü qeyri-iş gününə düşərsə, onun ardınca gələn ən yaxın iş günü müddətin bitdiyi gün hesab edilir. Digər tərəfdən, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Göründüyü kimi, müqavilə müddəti bitdikdən sonrakı bir həftə ərzində cavabdeh tərəfindən müqaviləyə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə yerləşdirilmədiyindən, əmək müqaviləsinə xitam verilməsi barədə əmr hüquqi qüvvəyə minməmiş, əmək münasibətləri davam etdirilmişdir. Bununla da, tərəflər arasında bağlanmış əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunmuşdur ki, həmin müqavilənin qüvvədə olduğu müddətdə cavabdeh tərəfindən əmək müqaviləsinə müqavilənin müddətinin bitməsi əsası ilə xitam verilməsi qanunsuz olmuşdur. Yuxarıda qeyd olunanlara yekun olaraq məhkəmə qeyd edir ki, cavabdeh müddətli müqavilənin xx.xx.2023-cü il tarixədək bağlanıldığına istinad edir. Belə olan halda məhkəmə cavabdehin etirazının bu dəlili ilə o vaxt razılaşa bilərdi ki, sonuncu qeyd etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etmiş olardı. Yox əgər cavabdeh bu barədə yalnız formal etirazlar edərək, iddia tələbinin əsassızlığını bildirirsə, həmin etirazlar təkzibedilməz hallar hesab edilə bilməz. Çünki cavabdeh qeyd edir ki, iş yükünün çoxluğu ilə əlaqədar müqavilə müddəti səhvən xx.xx.2023-cü il tarixinədək sistemdə qeyd edilmişdir. Qeyd olunanların kontekstində məhkəmə bildirir ki, cavabdeh ən azından tərəflər arasında bağlanmış yazılı müqavilənin xx.xx.2022-ci il tarixinədək olmasını sübut edən müqavilənin surətini məhkəməyə təqdim edilməli idi. Digər tərəfdən hətta hesab etsək ki, cavabdehin müqavilə müddətinin xx.xx.2022-ci ilədək olması barədə etirazı əsaslıdır, həmin əmək müqaviləsinə müddətin bitməsindən sonrakı 1 həftə ərzində deyil, 11 gün keçdikdən sonra xitam verilmişdir. Halbuki əmək qanunvericiliyinin müddətlərlə bağlı normalarını nəzərə aldıqda, cavabdeh ilə iddiaçı aralarında bağlanmış əmək müqaviləsinə ən geci xx.xx.2023-cü il tarixdə xitam verilməli idi. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübutetmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Hazırki əmək mübahisəsindən və iş materiallarından göründüyü kimi iddiaçının tələblərini təkzib edəcək hər hansı mötəbər sübutlar mövcud deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh ilə iddiaçı arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə xitam verilməsi barədə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirinin xx.xx.2023-cü il tarixli, 3-29/3-1-028K/2023 saylı əmri qanuni hesab edilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin əmr İddiaçı münasibətdə ləğv edilməli və iddiaçı əvvəlki iş yerinə bərpa edilməlidir. Məhkəmə İddiaçı “yanvar-iyul ayları üçün əmək haqqı, vergi və sosial sığorta ödənişlərinin ödənilməsinin təmin edilməsi” barədə iddia tələbinə münasibətdə qeyd edir ki, həmin tələblər məcburi işburaxmaya görə əmək haqqı tələbinə daxil olduğundan, yəni həmin tələblə ehtiva olunduğundan həmin hissədə iddia tələbinin qismən təmin edilməsi qənaətinə gəlir. Bununla bağlı aşağıdakıları qeyd edir. Məhkəmə həmçinin hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 3-29/3-1-028K/2023 saylı əmrin ləğv edilməsi hissəsində tələb əsaslı hesab edildiyindən və iddiaçı əvvəlki iş yerinə bərpa olunduğundan, iddia tələbi məcburi işburaxmaya görə iddiaçıya əmək haqqının ödənilməsi hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə iddia tələbinin 2023-cü il üçün məzuniyyət pulunun ödənilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 110-cu maddəsinə əsasən, işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.(1-ci bəndi) İşçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz.(3-cü bəndi). 113-cü maddəsinə əsasən, əmək məzuniyyəti - işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır. (1-ci bəndi) Əmək məzuniyyəti müvafiq peşə (vəzifə) üzrə əmək funksiyasını yerinə yetirən işçilərə verilən illik əsas məzuniyyətdən və istehsalın, əməyin xarakterinə və əmək stajına görə, habelə uşaqlı qadınlara verilən əlavə məzuniyyətdən ibarət olub, istər birlikdə, istərsə də ayrılıqda verilə bilər .(2-ci bəndi) Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrı-ayrılıqda istifadə edə bilər. (3-cü bəndi) Məhkəmə bu hissədə iddia tələbini qismən əsaslı hesab edərək qeyd edir ki, hazırda iddiaçının əmək müqaviləsinə xitam verilməsi qanunsuz hesab edilərək işə bərpa edilmişdir, onun həmin il üçün məzuniyyət haqqı yaranmış, müvafiq olaraq işə bərpa olunduqdan sonra məzuniyyətə görə əmək haqqının ödənilməsi hissəsində də qismən təmin edilməlidir. Bundan başqa, məhkəmə, mənəvi zərərin tutulması ilə bağlı aşağıdakıları qeyd edir: «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərhedilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. Vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmin Qərаrındа Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərаrın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) , habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrın 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1128.1-ci maddəsinə müvafiq olaraq malın, işin və ya xidmətin konstruksiya, resept və digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq ödəməlidirlər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərər mənəvi sarsıntı və iztirabların əvəzinin ödənilməsinə yönəldildiyi üçün istehlakçıların hüquqları pozulduğu hallarda mənəvi zərərin məbləği malın (işin, xidmətin) dəyərindən deyil, istehlakçının məruz qaldığı mənəvi sarsıntı və ya iztirablardan asılı olaraq müəyyən edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, «İnsan Hüquqlarının və X2 haqqında» Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Lakin iddiaçı mənəvi sarsıntı və iztirab keçirməsini məhkəmədə sübuta yetirə bilməmişdir. Beləliklə məhkəmə iş üzrə sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirinin xx.xx.2023-cü il tarixli, 3-29/3-1-028K/2023 saylı əmri İddiaçı münasibətdə ləğv edilməli və İddiaçı əvvəlki vəzifəsinə bərpa olunmalı, Cavabdeh tərəfindən İddiaçı məcburi işburaxma müddəti, məzuniyyət üçün əmək haqqı və 50 manat mediasiya xərci ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirinin xx.xx.2023-cü il tarixli, 3-29/3-1- 028K/2023 saylı əmri İddiaçı münasibətdə ləğv edilsin və İddiaçı əvvəlki vəzifəsinə bərpa olunsun. Cavabdeh tərəfindən İddiaçı məcburi işburaxma müddəti, məzuniyyət üçün əmək haqqı və 50 manat mediasiya xərci ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar