Məhkəmə qərarları › İş №e-2(005)-2179/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2179/2025

17.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2179/2025 17.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı MMMC-nin Cavabdeh qarşı çoxmənzilli binanın ümumi əmlakının təmiri üçün xərcin ödənilməsi tələbinə dair mülki iş (açar sözlər: mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti, ümumi yığıncağın qərarı, liftdən istifadə edilməməsi) Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı MMMC-nin nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı MMMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İ.Mülki işin mahiyyəti: İddiaçı MMMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh lift ödənişinə görə 360 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayonu, Ə.Əliyev küçəsi 1937-ci məhəllə, ev 8, 228-ci mənzilin yerləşdiyi çoxmənzilli bina İddiaçı MMMC tərəfindən idarə edilir. MMMC nizamnamə ilə müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş sahə mülkiyyətçilərinin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir. MMMC-nin yaradılmasının əsas məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını və s. öhdəliklərinin idarə edilməsindən ibarət olmuşdur. MMMC xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin nizamnaməsinin 2.2.1-ci bəndinə əsasən cəmiyyət yaşayış binasının cəmiyyət iştirakçılarının ümumi istifadəsində olan daxili və xarici kommunal xidmətləri təchizatı xərclərinin və digər qurğu və avadanlıqlarının təmiri və lazım gələrsə bərpa edilərək daim işlək vəziyyətdə saxlanması fəaliyyətini həyata keçirir. MMMC-nin ümumi yığıncağın qərarı ilə çoxmənzilli binanın saxlanılmasına görə cəmiyyətin iştirakçılarının istifadəsində olan sahənin hər kv.metrinə görə ödənişlərin və ya haqqın məbləğinin 0,40 manat təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə X3 və X7 Agentliyinin 27 sentyabr 2022-ci il tarixli, xx/xx-06664 saylı məktubu ilə Agentliyin müfəttişi tərəfindən 24 ədəd liftdə (qeydiyyat nömrələri 31833-31856) texniki təhlükəsizliyin vəziyyətinin yerində qiymətləndirilməsi işlərinin aparıldığı, qiymətləndirmə zamanı qayda tələblərinin pozulması hallarının aşkar olunduğu və bu barədə akt tərtib edildiyi bildirilmiş, texniki təhlükəsizliyin təmin edilməsi məqsədilə pozuntunun aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi və nəticəsi barədə Agentliyə məlumat verilməsi tələb edilmişdir. Buna görə də bina kompleksində istismarda olan 24 ədəd lift maşınlarının yenilənməsi və əlavə vəsaitin yığılması barədə sahə mülkiyyətçilərinin imzaları ilə toplanmış səslərə əsasən Ümumi Yığıncaq qərar qəbul etmişdir. Qərar bina sakinlərinin 50 faiz iştirakçılarının səs çoxluğu ilə təsdiqlənmiş və müvafiq protokolla rəsmiləşdirilmişdir. Qəbul edilmiş qərara əsasən liftlərin yenilənməsi üçün tələb olunan vəsait Cəmiyyətin mənzil fondunun imkanları xaricində olduğundan həmin vəsait mülkiyyətçilərdən toplanaraq həyata keçirilməlidir. Bununla bağlı hesabat aparılmış və bir lift üçün lazım olan vəsaitin 14000 manat olması müəyyən edilmişdir. 24 lift və bir liftə görə 14000 manat pul vəsaiti tələb olunduğunu nəzərə aldıqda ümumilikdə 336000 manat pul vəsaiti tələb olunduğu məlum olmuşdur. Həmin məbləğin isə binada yerləşən 908 mənzil sayına bölünməklə hər bir sahə mülkiyyətçisi üçün 360 manat pul vəsaiti hesabına ödənilməsi qərara alınmışdır. Göründüyü kimi, liftlərin yenilənməsi FHN-nin rəy və aktına, Ümumi Yığıncağın qərarına əsasən həyata keçirilmişdir. Bu da birbaşa təhlükəsizlik baxımından və hazırkı qanunvericiliyin tələblərinə əsasən edilmişdir. Yaşayış kompleksi 8 blokdan ibarətdir və hər blokda 3 ədəd lift mövcuddur. Cavabdeh məxsus mənzil 3-cü blokda yerləşir. Həmin blokda olan 3 liftdən ikisi yeni liftdir, digər 1 lift bina sakinləri tərəfindən ödənişlər tam yığıldıqdan sonra yenisi ilə əvəzlənəcəkdir. Cavabdehə xx.xx.2025-ci il tarixdə pretenziya məktubu göndərilmişdir, lakin məktubu qəbul etməkdən imtina etmişdir. 360 manat liftə görə ödəniş etməsi dəfələrlə bildirilsə də, bugünə kimi heç bir ödəniş etməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı MMMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İİ.Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən İddiaçı MMMC-nin nümayəndəsi X6 bildirmişdir ki, İddiaçı MMMC 2022-ci ilin fevral ayında reyestrdən qeydiyyatdan keçirilərək yaradılmışdır. Cəmiyyət qurulandan sonra İddiaçı MMMC köhnə liftlərin istismarı ilə bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət etmiş, onlar da müayinə aktı tərtib edərək liftlərin texniki cəhətdən qüsurlu olduğunu, dəyişməli olduğunu bildirmişlər. Bina sakinlərinin ümumi yığıncağı keçirilmiş, liftlərin yenilənməsi ilə bağlı qərar qəbul olunmuşdur. Qərara görə yeni lift almaq baha olduğundan liftin əsas işlək hissələrinin yenilənməsi aparılmalıdır. Bina 8 blokdan ibarətdir, hər blokda 3 lift var, ümumi 24 lift var. 1 liftin yenilənməsi xərci 14000 manat təşkil edir. 14000 manat məbləğ də mənzillərin sayına uyğun bölüşdürülüb, nəticədə 1 mənzilə 360 manat düşür. Lift birgə mülkiyyətdə olduğuna görə bütün mülkiyyətçilər ödəməlidir. Lakin cavabdeh bu məbləği ödəməkdən imtina edir. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, o, ümumi yığıncaq keçirilərkən liftə görə pul yığılmasına etiraz etmişdir. O, lifti istifadə etmir, mənzilə köçən vaxtı da liftdən istifadə etməmişdir. Birinci mərtəbədə yaşayır, ümumiyyətlə liftə qarşı fobiyası vardır. Liftdən istifadə etməməsinə baxmayaraq, kommunal xərclərin hamısını ödəyir. Lakin liftə görə əlavə pul yığılmasına etiraz edir. İddianın təmin edilməməsini xahiş etmişdir. İİİ. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 29.3. Qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır; Maddə 38.1. Çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir; Maddə 38.2. Çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir; Maddə 43.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. Maddə 43.2. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aşağıdakılar aiddir: 43.2.1. çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması), təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri haqqında qərar qəbul etmək; Maddə 44.3. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı ümumi səslərin əllidən çox faizinə malik olan sahə mülkiyyətçiləri və ya onların nümayəndələri iştirak etdikdə səlahiyyətlidir (yetərsay yaranır); Maddə 45.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səslərinin ümumi sayının üçdə ikisindən az olmayan səs çoxluğu ilə qəbul edilən bu Məcəllənin 43.2.1-43.2.3-cü maddələrində nəzərdə tutulmuş qərarlar istisna olmaqla, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səsə qoyulmuş qərarları yığıncaqda iştirak edən ümumi səslərin səs çoxluğu ilə qəbul edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarları həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilmiş qaydada protokollarla rəsmiləşdirilir; Maddə 45.5. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir; Maddə 119.1. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir; Maddə 122.3. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır; Maddə 122.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən mütləq ödəniş və haqların və digər ümumi xərclərin ödənilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır; Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar; Maddə 135.2. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: -135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün - mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; -135.2.4. yaşayış sahəsinin mülkiyyətçisi üçün - yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan; Maddə 136.2. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: -136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; -136.2.2. kommunal xidmətlərə görə haqq; Maddə 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər; Maddə 137.5. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər; Maddə 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir; Maddə 138.5. Çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənziltikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir; Maddə 140.1. Çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur; Maddə 141.1. Çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Ələsgərovanın şikayəti üzrə 29 dekabr 2015-ci il tarixli Qərarı: Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır; Konstitusiya Məhkəməsi Plenumunun R.Məhərrəmovanın şikayəti üzrə 22 sentyabr 2020-ci il tarixli Qərarı: Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1937-ci məhəllə, ev 8, mənzil 228 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2020-ci il tarixindən X1 xüsusi mülkiyyətindədir. İddiaçı MMMC ilə X5 arasında bağlanmış çoxmənzilli binanın idarə edilməsinə dair xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, bu müqaviləyə görə “İdarəedici təşkilat” Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev 8 kuçəsi, 1937 unvanında yerləşən çoxmənzilli binanın idarə edılməsini, çoxmənzilli binanın bu Müqavilənin 1 nömrəli əlavəsində göstərilən ümumi əmlakının saxlanması və təmiri üzrə bu Müqavilənin 1 nömrəli əlavəsində qeyd olunan xidmətlər gostərməyi və işlər yerinə yetirməyi, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yonəlmiş mənzildə yaşayan vətəndaşların uçot qeydiyyatının aparılması və digər fəaliyyəti həyata keçirməyi öhdəsinə götürür. Çoxmənzilli binanın saxlanması və təmiri üzrə xidmət və işlərin siyahısı və məbləği 1 kv.m üçün 0.40 qəpik müəyyən olunmuşdur. İddiaçı MMMC-nin nizamnaməsinin surətindən görünür ki, çoxmənzilli binalarda yerləşən qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri cəmiyyətin üzvü ola bilərlər. Nizamnamənin 2.2.1-ci bəndinə əsasən yaşayış binalarının cəmiyyət iştirakçılarının ümumi istifadəsində olan daxili və xarici kommunal xidmətləri təchizatı xətlərinin və digər qurğu və avadanlıqlarının təmiri və lazım gələrsə, bərpa edilərək daim işlək vəziyyətdə saxlanılması; 2.2.2-ci bəndinə əsasən yaşayış binalarının binadaxili istilik və elektrik enerjisi, təbii qaz, lift, məişət tullantıları və kanalizasiya xidmətləri təchizatı qurğuları və xətlərinin təmir və ya bərpa olunması və onların işlək vəziyyətdə saxlanılması cəmiyyətin fəaliyyət növlərinə daxildir. Azərbaycan Respublikası FHN Sənayedə X3 və X7 Agentliyi tərəfindən İddiaçı MMMC-yə ünvanlanmıış məktubun surətindən görünür ki, müraciət ilə əlaqədar xx.xx.2022-ci il tarixdə Agentliyin müfəttişi tərəfindən liftdə texniki təhlükəsizliyin vəziyyətinin yerində qiymətləndirilməsi işləri aparılmışdır. Qiymətləndirmə zamanı qayda tələblərinin pozulması halları aşkar olunmuş və bu barədə akt tərtib edilmişdir. Texniki təhlükəksizliyin təmin edilməsi məqsədilə pozuntunun aradan qaldırılması xahiş olunmuşdur. Azərbaycan Respublikası FHN Sənayedə X3 və X7 Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 11/293 nömrəli aktın surətindən görünür ki, liftlərin illik dövri istismarına icazənin müddəti ötmüşdür. Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq olunmuş T.P.O Dövlət Reyestrindən keçirilməsi qaydaları təmin olunmamışdır. Kabinə kupesində “liftdən düzgün istifadə qaydaları” lövhəsi qoyulmamışdır. Oxuyub attestasiyadan keçmiş, vəsiqəsi olan “lift bələdçisi” yoxdur. Əsas mərtəbədə liftin texniki göstəricilərini əks etdirən lövhə asılmamışdır. Liftlərdə iki tərəfli rabitə əlaqəsi xətti qoşulmayıbdır. Liftlərdə artıq yüklənmə qurğusu qoşulmayıbdır və s. probemlər araşdırma zamanı müəyyən olunmuşdur. İddiaçı MMMC-nin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, ümumi əmlakda yerləşən 24 ədəd lift maşınlarının yeniləri ilə əvəz olunması, liftlərin alınması üçün vəsaitin mülkiyyətçilərdən yığılaraq mənzil fonduna köçürülməsi, cəmiyyətin İdarə Heyətinin üzvləri tərəfindən nümayəndələr təyin edilməsi və təyin olunacaq vəsaitin aylar üzrə bölünərək 6 ay ərzində ödənilməsinin təmin olunması qərara alınmışdır. Həmin qərarla mülkiyyətçilərin əksər hissəsi razı olmuş və bunu imzaları ilə təsdiq etmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 12, M2, m1 ünvanında yerləşən mənzil İddiaçı MMMC tərəfindən idarə olunan çoxmənzilli binada yerləşir. Fövqəladə Hallar Nazirliyi tərəfindən həmin binada yerləşən 24 ədəd liftin texniki baxışdan keçirilməsi zamanı bir sıra pozuntular müəyyən olunmuş, bu səbəbdən liftlərin yenilənməsi zərurəti yaranmışdır. MMMC-nin ümumi yığıncağında səs çoxluğu ilə qəbul edilmiş qərara əsasən, liftlərin yenilənməsi üçün tələb olunan vəsait mülkiyyətçilərdən toplanaraq həyata keçirilməlidir. Hər bir sahə mülkiyyətçisinin ümumi xərclərdə iştirak etməsi məqsədilə 360 manat məbləğində ödəniş müəyyən edilmişdir. İddiaçı cavabdehə bu barədə dəfələrlə bildiriş və xəbərdarlıq göndərilməsinə baxmayaraq ödəniş etmədiyinə əsaslanaraq 360 manat pulun cavabdehdən məhkəmə qaydasında tutulmasını xahiş edir. Cavabdeh isə liftdən istifadə etmədiyini, birinci mərtəbədə yaşadığını və maddi imkanlarının ödənişi etməyə yetmədiyini bildirərək iddia tələbinə etiraz edir. İş üzrə təqdim olunmuş sənədlərdən məlum olur ki, İddiaçı MMMC qanunvericiliklə müəyyən edilmiş qaydada yaradılmış, yaşayış binasının ümumi əmlakının idarə olunmasını həyata keçirən idarəedici təşkilatdır. İddia tələbi üzrə tələb olunan vəsait, yəni liftlərin texniki cəhətdən yenilənməsi üçün vəsaitin toplanması cəmiyyətin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli protokolu ilə müəyyən olunmuşdur. Qərar sahə mülkiyyətçilərinin iştirakı ilə qəbul edilmiş, protokolla rəsmiləşdirilmiş və iştirak edənlərin əksəriyyəti tərəfindən imza ilə təsdiq edilmişdir. Belə olan halda, qəbul edilmiş qərar sahə mülkiyyətçilərinin ümumi iradəsinin ifadəsi kimi hüquqi nəticə doğurmalı və bütün mülkiyyətçilər üçün məcburi hesab edilməlidir. Bu baxımdan iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, cavabdehin liftdən faktiki istifadə etməməsi və birinci mərtəbədə yaşaması, onu bu öhdəlikdən azad etmir. Çünki liftlər binanın ümumi istifadəsində olan və təhlükəsizlik baxımından vacib sayılan texniki avadanlıqdır. Onların mövcudluğu və işlək vəziyyətdə saxlanılması bina sakinlərinin təhlükəsizliyi və rahatlığı üçün ümumi maraq kəsb edir. Bu səbəbdən onların saxlanması və yenilənməsi üçün çəkilən xərclərdə hər bir mülkiyyətçi, istifadə edib-etməməsindən asılı olmayaraq, iştirak etməlidir. Liftdən istifadə edilməməsi bu ödənişdən azad etmək üçün əsas hesab olunmur. Cavabdehin ödəniş etməməsi digər mülkiyyətçilərin üzərinə əlavə maliyyə yükü qoyur və bu, ümumi bərabərlik prinsipinə ziddir. Nəzərə alınmalıdır ki, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, o cümlədən liftin işlək və təhlükəsiz vəziyyətdə saxlanması üçün tələb olunan ödənişləri Mənzil Məcəlləsində nəzərdə tutulan qaydada, yəni ümumi yığıncağın qərarı əsasında ödəməlidirlər. Hazırkı iş üzrə sahə mülkiyyətçilərinin ali kollegial idarəetmə orqanı olan ümumi yığıncağın xx.xx.2022-ci il tarixli qərarı və bu qərarın hüquqi nəticələri qüvvədədir. Həmin qərarla liftin təmiri və yenilənməsi üçün mənzil sahiblərindən vəsaitin toplanması müəyyən olunmuş və protokolla təsdiqlənmişdir. Məhkəmə qeyd edir ki, ümumi yığıncaqda liftlərin təmiri üçün yığılacaq vəsait müəyyən olunmasa da, sonradan hər liftin təmiri xərci müəyyən olunmuş, hər mülkiyyətçiyə 360 manat düşdüyü təsdiq olunmuşdur. Liftlərin dəyərinin yüksək olduğu nəzərə alınarsa həmin məbləğ ağlabatan hesab edilir. Bu baxımdan məhkəmə hesab edir ki, Cavabdeh 360 manat pul tutulmalıdır. V. Nəticə: Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh liftin təmiri üçün 360 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat pul tutularaq İddiaçı MMMC-yə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 360 (üç yüz altmış) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat pul tutularaq İddiaçı MMMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada veridiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar