Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-221/2024 12.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "xxxx" MMC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "xxxx" MMC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 50.000 (əlli min) manat və 300.000 (üç yüz min) ABŞ dolları (ödəniş gününə ABŞ dolların Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla) məbləğində pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş 850 (səkkiz yüz əlli) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı təsis etmiş olduğu və qanuni təmsilçisi olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" MMC arasında bağlanmış olduğu xidmət müqaviləsinə əsasən, “British Petroleum” şirkətinin və həmin şirkət ilə bağlı podratçı şirkətlərin keçiləcək tender üzrə Sifarişçinin adından danışıqların aparılması, Sifarişçinin tender qalibi elan olunması üçün zəruri göstərilən avadanlıqların alınması və mağaza yerinin müəyyən edilməsi, keçirələcək tenderlər ilə bağlı Sifarişçinin adından sənədləri qanunvericiliyə uyğun olaraq hazırlanması və təqdim olunması, keçirələcək tenderlər ilə bağlı sifarişçiyə tələb olunacaq lazım olacaq kadr potensiyalı barədə tövsiyyələr verilməsi, sifarişçi tender qalibi elan edildikdən sonra bağlanacaq tender müqaviləsinə uyğun olaraq müqavilənin vaxtında icra edilməsinə nəzarət etmək kimi xidmətlər göstərilməsini öz üzərinə götürmüşdür. Bu məqsəd ilə “BP” şirkətində işləyən qohumu, hazırkı iş üzrə Cavabdeh həmin şirkətin keçirməli olan “Xüsusi qeyimlər ilə bağlı” tender prosesi ilə əlaqədar tender məlumatlarını ötürəcəyini, müqavilə bağlamış olduğu şirkətin tender cədvəlinə daxil edəcəyini və həmin şirkətin tender prosesinin qalib olunmasını təmin edəcəyi vədini iddiaçıya vermişdir. Həmin tenderin dəyəri 7.000.000,00 və 10.000.000,00 ABŞ dolları təşkil etməli idi. Bu məqsəd ilə Cavabdeh iddiaçıdan ilkin mərhələ üçün ("xxxx" MMC-ni tender cədvəlinə daxil edilməsi üçün 50.000 (əlli min) manat, sonrakı mərhələ üçün ("xxxx" MMC-ni qalib elan etmək üçün) isə 300.000,00 (üç yüz) ABŞ dolları tələb etmişdir. İddiaçı ilkin olaraq bu məqsəd ilə ona 50.000,00 (əlli min) manat məbləğində pul vəsaitini 2020-ci ilin iyul ayının sonlarında, avqust ayının əvvəllərində vermişdir. O da öz növbəsində iddiaçının müqavilə bağlamış olduğu şirkəti tender cədvəlinə daxil etmiş, İddiaçı tərəfindən sonrakı mərhələnin vəsaitidə yəni 300.000,00 (üç yüz min) ABŞ dollarını 2021-ci ilin aprel ayının ortalarında vermişdir. Bundan sonra cavabdeh iddiaçı ilə görüşmüş və kompyuterində tender məlumatlarını ona göstərmiş və iddiaçı həmin məlumatların fotoşəklini çəkmişdir. Həmin fotoşəkillər iddia ərizəsinə əlavə edilir. Pul vəsaitinin ona verilməsinə baxmayaraq Cavabdeh, həmin şirkəti tender üzrə qalibi edə bilməmiş, bundan sonra İddiaçı tərəfindən Cavabdeh vermiş olduğu vəsaitləri geri tələb etdikdə, sonuncu onları qaytarmaqdan müxtəlif bəhanələr gətirərək imtina etmişdir. İddiaçı tərəfindən pul vəsaitlərinin Cavabdeh verilməsində X2 da iştirak etmişdir və sözügedən şəxs məhkəmə iclasına şahid qismində dəvət olunmaqla iddiada göstərilən halları təsdiq edəcəkdir. Göründüyü kimi, cavabdeh öz öhdəliyini icra etməmiş və iddiaçı ondan dəfələrlə pulunu qaytarmasını tələb etməsinə baxmayaraq pul vəsaitini qaytarmamış və bununla da iddiaçıya maddi ziyan vurmuşdur. İddia ərizəsinin məhkəməyə təqdim olunması üçün 850 (səkkiz yüz əlli) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göstərilən bu məsrəfləri iddiaçı məhz cavabdehin qanunsuz hərəkətləri səbəbindən sərf etmək məcburiyyətində qalmışdır. Bu səbəbdən də Cavabdeh 850 (səkkiz yüz əlli) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya geri ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Öz izahatında bildirdi ki, cavabdeh onun qaynıdır. BP şirkətində işlədiyi dövrdə bir çox firmalara tender məsələlərində köməklik göstərib. Cavabdehin atası, yəni iddiaçının qaynatası rəhmətə getdikdən sonra anası ilə birlik olaraq sonra öz bacısı – Vəlixanlı Günelə vərəsəlikdən imtina barədə ərizə imzaladıblar. Qaynanası söz verib ki, nəvəsinin (iddiaçının oğlunun) 18 yaşı olduqda mərhumdan qalan evi onun adına keçirəcək. Lakin sonra vədinə əməl etməyib. Bundan sonra iddiaçıya aydın olub ki, onları aldadıblar. 50.000 manat ilkin olaraq tender proseslərində iştirak üçün qeydiyyatdan keçmək üçün lazım idi. İOSC şirkətinə göstərilən digər yardım isə onunla bağlı idi ki, tender üçün kifayət qədər çətin və uzun prosedurlardan keçmək lazımdır. Şirkətin distribütorları olmalıdır, layihələr hazırlanmalı, “showroom”-lar təşkil edilməlidir. Pul məbləğləri öz şəxsi vəsaitlərindən ödənilib. Müqaviləyə əsasən daha sonra İOSC MMC-də tərəfindən ödəniş ediləcəkdi. 50000 manatı çay evində, 300000 dolları bağ evində verib. VİM-A şirkəti faktiki fəaliyyət göstərmir, digər hər hansı şirkətlər müqavilə bağlanmayıb, tenderdə iştirak etməyib. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etmədiyini bildirdi və iddia tələbinin rədd edilməsini xahiş etdi. Vəkil2 qeyd etdi ki, tələbin hüquqi əsası ümumiyyətlə yoxdur. Belə ki, tərəflərin arasında hər hansı müqavilə və s. bağlanmayıb, öhdəlik münasibətləri yaranmayıb. İddia ərizəsində əsassız varlanma ilə bağlı normalara istinad edilsə də, əsassız varlanmanın elementləri də yoxdur, belə ki cavabdeh iddiaçıdan heç bir pul vəsaitini almamışdır. Digər tərəfdən, əsassız varlnma ilə bağlı 2 illik iddia müddətini də ötürmüşdürlər. İddiaçı elə bir maddi imkana malik şəxs deyil ki, cavabdehə belə böyük məbləğlərdə pul ödəsin. Əksinə təqdim etdikləri fleşkartda olan səs yazılarından aydın olur ki, cavabdeh iddiaçıya 300 manat borc pul verib, geri qaytarılmasını istədikdə, iddiaçı imtina edib və cavabdehi təhqir edib, ona hədə-qorxu gəlib. Cavabdehin həmişə yüksək əmək haqqısı, şirkətdən bonusları olub. BP şirkətindən ixtisar nəticəsində işdən çıxarılıb, hazırda da digər neft şirkətində işləyir. Hazırda malik olduğu daşınar və daşınmaz əşyaları məhz özünün əmək fəaliyyəti ilə bağlı aldığı qazanc hesabına əldə edib. İddiaçı isə uzun müddətdir işsizdir, həyat yoldaşı da işləmir. İddiaçının dedikləri yalan və şər böhtandır, mülki işin materialları ilə öz təsdiqini tapmır. Cavabdeh nə İOSC, nə VİM-A şirkətlərini tanımır. Mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" MMC–nin nümayəndəsi və vəkili Vəkil3 öz izahatında bildirdi ki, "xxxx" MMC yerli şirkətdir, bir çox tenderdə iştirak edib. Təbii olaraq fəaliyyəti ilə əlaqədar hüquqi şəxs tərəfindən müxtəlif müqavilələr bağlanır. Tender sayı həddən artıq çoxdur. "xxxx" MMC şirkətinin rəhbərliyi İddiaçı tanıdığını təsdiq edir. Müqavilədə şirkətə məxsus imza və möhür vardır. Lakin müqavilənin mövcudluğu barədə hazırda dəqiq məlumatı yoxdur. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini, iddiaçıdan heç bir pul məbləği almadığını, əksinə iddiaçının ona 300 manat borcu olduğunu bildirdi, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Vüqarı 5-6 ildən uzun müddətdir tanıyır, evləri yaxındır və onunla eyni hüquqşünasın qəbulunda olan zaman tanış olmuşdur. 2021-ci ilin mart ayının əvvəllərində Vüqarın evinin yaxınlığında, “Mars” çay evində oturmuşdu. İddiaçı ilə söhbət edən zaman bir nəfər tanımadığı şəxs yaxınlaşdı. Həmin şəxslə iddiaçı arasında tender söhbəti gedirdi, mövzunu bilmədiyi üçün qarışmırdı. Məbləğ böyük idi. Onlara yaxınlaşan şəxs getdikdən sonra iddiaçıdan məsələnin nə olduğunu soruşdu. Yaxın qohumu yəni qaynı adının Azad olduğunu bildirərək, tender məsələləri ilə məşğul olduğunu bildirdi. Məsələnin nə olduğunu soruşanda bildirdi ki, tenderə öncədən 50.000 manat verilməlidir. İddiaçı tərəfindən 5 dəstə 100 manatlıqlardan ibarət pulun cavabdehə verildiyinə şahid olmuşdur. Daha sonra gedən söhbətdən anladı ki, bu ilk ödənişdi, sonra daha böyük ödənişlər olmalıdır. Sonra isə məsələnin necə olmasından məlumatı yoxdur. Mars kafesi köhnə Yasamal rayon məhkəməsi ilə üz-üzə yerləşir. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o iddiaçının həyat yoldaşı, cavabdehin bacısıdır. İndiyə qədər də aralarında anlaşmazlıqlar olub. Atası rəhmətə getdikdən sonra vərəsəlik məsələsində anası və qardaşı onu aldadıb, imtina ərizəsinə qol çəkdriblər. O ancaq illər sonra qohumların təkidi ilə nəyə qol çəkdiyini araşdırmışdır. Bundan əvvəl də onun həyat yoldaşı cavabdehin bir çox məsələlərin həll edib, borc pul verib, hər dəfə də aldanıb. Ona görə o bu məsələdə də iddiaçıya əvvəldən deyib ki qardaşı ilə iş görməsin. Lakin iddiaçı onu dinləməyib. Bildirib ki, qohumdurlar, hç nə olmaz, eyni zamanda hər şey müqavilə ilə rəsmiləşdiriləcəkdir. Cavabdeh əvvəllər də tender məsələləri ilə məşğul olurdu. O cavabdehə 50.000 manat pulun verilməsi barədə eşitmişdir. Yəni o bilirdi ki, ilkin ödəniş olunmalıdır, iddiaçının həmin gün pulu evdən götürüb çıxdığı barədə də məlumatı vardı. Eyni zamanda iddiaçı 300.000 ABŞ dolları pulu onların yanında bağ evində olarkən cavabdehə vermişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadələrini dinləyərək, onların izahatlarını və ifadələrini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - 21 yanvar 2020-ci il tarixli Xidmətlərin Göstərilməsi Haqqında Müqavilədən görünür ki, müqavilənin məqsədləri üçün bundan sonra "Sifarişçi" adlandırılacaq, Azərbaycan Respublikasının qanunvericiliyi və öz nizamnaməsi əsasında fəaliyyət göstərən "xxxx" MMC-nin direktoru X7 şəxsində bir tərəfdən və "İcraçı" adlandırılacaq, Azərbaycan Respublikasının qanunvericiliyi və öz nizamnaməsi əsasında fəaliyyət göstərən “VİM-A" Məhdud Məsuliyyətli Cəmiyyəti, direktoru İddiaçı şəxsində digər tərəfdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389-390-cı maddələrini, qüvvədə olan digər normativ aktlarını rəhbər tutaraq müəyyən şərtlərlə Müqavilə bağlamışlardır. Həmin müqaviləyə əsasən İcraçı, Sifarişçinin "BP" neft şirkətinin və həmin şirkət ilə bağlı olan podratçı şirkətləri üzrə keçiriləcək tenderlərin qalib edilməsi məqsədi ilə xidmət göstərir. Sifarişçi isə göstərilən xidmətlərin dəyərini İcraçıya ödəməyi öhdəsinə götürmüşdür. İcraçı tərəfindən göstəriləcək xidmətlərə aşağıdakılar daxildir: "BP" şirkətinin və həmin şirkət ilə bağlı olan podratçı şirkətlərin keçiləcək tender üzrə Sifarişçinin adından danışıqların aparılması; Sifarişçinin tender qalibi elan olunması üçün zəruri göstərilən avadanlıqların alınması və mağaza yerini müəyyən edilməsi; keçirələcək tenderlər ilə bağlı Sifarişçinin adından sənədləri qanunvericiliyə uyğun olaraq hazırlanması və təqdim olunması; Keçirələcək tenderlər ilə bağlı Sifarişçiyə tələb olunacaq lazım olacaq kadr potensiyalı barədə tövsiyələr verilməsi; Sifarişçi tender qalibi elan edildikdən sonra bağlanacaq tender müqaviləsinə uyğun olaraq müqavilənin vaxtında icra edilməsinə nəzarət etmək; Sifarişçinin tender qalibi elan olunduqdan sonra tender ilə bağlı məsləhətlər və tövsiyələrinin verilməsi. - ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzili Ağayev Rasimə satmışdır. Mənzilin dəyəri 160000 manat müəyyən edilmişdir. - xx.xx.2016-cı il tarixli əizədən görünür ki, X6 05 oktyabr 2016-cı il tarixinə İddiaçı qarşısında heç bir maliyyə öhdəçiliyi qalmamışdır. - AR DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1979-cu il təvəllüdlü X3 adında xx.xx.2023-cü il tarixdən “Porsche Cayenne” markalı **-GX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır. Etibarnamə ilə X3 istifadəsinə nəqliyyat vasitəsinin verilməsi barədə AR DİN Baş Dövlət Yol Polis İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcud deyildir. xx.xx.1972-ci il təvəllüdlü İddiaçı adında və ya etibarnamə ilə istifadəsində nəqliyyat vasitəsi qeydiyyatda yoxdur. - AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X3 adına Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, ev 88, 26 nömrəli mənzil xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. İddiaçı adına hazırda respublika ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. - Cavabdehin vəkili və nümayəndəsi tərəfindən məhkəmə iclasında təqdim edilmiş video diskdə əks edilmiş fayllardan görünür ki, İddiaçı Cavabdeh bacısının (Günel Vəlixanlını) toya getmək istədiyini maddi imkanının olmadığını, 300 manat borc pul istədiyini bildirir. Daha sonra Cavabdeh İddiaçı borcunun nə vaxt qaytarılacağını soruşur, bir həftə ərzində qaytarmağı söz versə də, 3 ay keçməsinə baxmayaraq, qaytarılmadığından şikayət edir. İddiaçı uşaqlarının təhsil ödənişlərinin vaxtı yetişdiyini, hazırda maddi durumunun pis olduğunu, qaytarmağa çalışacağını bildirir. Eyni zamanda cavabdehin 300 manata ehtiyacı olmadığını, bu söhbətlərə görə Azadın yerinə utandığını qeyd edir. Cavabdeh isə pula ehtiyacı olub-olmamasının Vüqara aidiyyəti olmadığını, 3 ay səsinin çıxmadığına gördüyünə görə özünün zəng etdiyini, bu hala görə utanmalı olan adamın Vüqar olduğunu bildirir. İddiaçı cavabdehə bütün gizli işlərini bildiyini, danışmaq istəmədiyini, Cavabdeh özünü “pis” apardığını, atasından qalan əmlaklara yiyələndiyini, qanunsuz olaraq xaricə pul köçürdüyünü, 300000 dollarla bağlı məsələni açacağını, o pulları ondan alacağı barədə xəbərdar edir. Cavabdeh “əgər belə pis adamamsa, pis qohumamsa, mənim mövcudluğumu unudun, düşünün ki mən yoxam” ifadələrini işlədir. - ********** nömrəli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi ilə bağlı 851 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - "BP Exploration (Caspian Sea) Limited" Şirkətinin AR Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh xx.xx.1997-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək “BP Eksploreyşn (Kaspian Si) Limited” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində işləyib və son vəzifəsi Təchizat və tədarükün idarə edilməsi departamentində Azərbaycan üzrə tədarükçü olmuşdur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər qohum olmaqla yeznə qayın münasibətlərindədirlər. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" MMC-ni təsis etmiş və onun qanuni təmsilçisdir. Cavabdeh xx.xx.1997-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək “BP Eksploreyşn (Kaspian Si) Limited” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində Təchizat və tədarükün idarə edilməsi departamentində Azərbaycan üzrə tədarükçü vəzifəsində işləmişdir. İddia tələblərinə əsasən “British Petroleum” şirkətində işləyən qohumu, hazırkı iş üzrə Cavabdeh həmin şirkətin keçirməli olan “Xüsusi geyimlər ilə bağlı” tender prosesi ilə əlaqədar tender məlumatlarını ötürəcəyini, müqavilə bağlamış olduğu şirkətin tender cədvəlinə daxil edəcəyini və həmin şirkətin tender prosesinin qalib olunmasını təmin edəcəyi vədini iddiaçıya verməklə onun tələbi ilə "xxxx" MMC-ni tender cədvəlinə daxil edilməsi üçün 50.000 (əlli min) manatı 2020-ci ilin iyul ayının sonlarında, avqust ayının əvvəllərində X1 iştirakı ilə vermiş, iddiaçının müqavilə bağlamış olduğu şirkəti tender cədvəlinə daxil etdikdən sonra, sonrakı mərhələ üçün "xxxx" MMC-ni qalib elan etmək üçün isə 300.000,00 (üç yüz) ABŞ dollarını 2021-ci ilin aprel ayının ortalarında bağ evində, həyat yoldaşının, cavabdehin bacısının iştirakı ilə vermişdir. İddia ərizəsinə əlavə etdiyi fotoşəkillər cavabdehin ona göstərdiyi kompyuterində tender məlumatlarıdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" MMC-nin nümayəndəsinin izahatından da görünür ki, tender cədvəlinə daxil edilsələr də tenderdə qalib gəlməmişlər. İddiaçının tələbinə görə Cavabdeh "xxxx" MMC-ni tender üzrə qalibi edə bilməmiş, bununla bağlı iddiaçı ona verilmiş pul vəsaitləri geri tələb etdikdə, sonuncu onları qaytarmaqdan müxtəlif bəhanələr gətirərək imtina etmişdir. İddiaçı tələbinin maddi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21. 1096.1, 1096.2, 385.1, 386.1, 425.1, 430.1, 442-ci maddələrinə istinad etmişdir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Başqa sözlə, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə İradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala- qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırki tələb üzrə mövcud olubolmadığı araşdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; - 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göstərilən normaların tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Göründüyü kimi, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedidə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyyatsızlığı nəticəsində yaranır. Müəyyən edilmişdir ki, tərəflər arasında müqavilə münasibətləri olmasa da, tenderlə bağlı müəyyən danışıqlar aparılması faktı baş vermişdir. Bu halı cavabdeh tərəfin inkar etsə də, iddiaçı tərəfin izahatları ilə yanaşı təqdim etdiyi şahid ifadələri iddiaçının tələbinin əsaslandığı halların doğruluğunu təsdiq edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Cavabdeh tərəf iddianı etiraf etməsə də, iddiaçının tələblərinin əsası kimi istinad etdiyi halların doğru və həqiqətə uyğun olmasını təkzib etmək üçün məhkəməyə tutarlı izahatlar verməmiş, verilmiş izahatlarda ümumi sözlərdən istifadə edilərək cavabdeh BP şirkətində işləsə də, əmək funksiyalarına tenderlə bğlı məsələlərlə bağlı səlahiyyətlər aid edilməməsi, onun həmişə yüksək əmək haqqısı, şirkətdən bonuları olması, aralarında hər hansı müqavilə və s. bağlanmayaraq öhdəlik münasibətləri yaranmamasını, cavabdehin iddiaçıdan tenderlə bağlı heç bir pul vəsaitini almamasını göstərmişdir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə həmçinin nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Məhkəmə cavabdeh tərəfin iddiaçının tələbinin hüquqi əsası olmaması ilə bağlı dəlillərinə qiymət verərək hesab edir ki, iddiaçı verdiyi pulların təsdiqi və onun geri qaytarılmasının təsdiqi kimi sadə yazılı formaya və ya digər sübut növlərinə ( məs. səs yazısı, yazışma, SMS, mesajlar və s.) malik olmasa da, iddiaçının təqdim etdiyi şahid ifadələri iddianın tam əsaslı olmasının təsdiqi kimi qiymətləndirilməlidir. Belə ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. (MPM-nin 62-ci və 104.1-ci maddələri) Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci, şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci, şahidin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarətdir. Məhkəmə prinsipcə mülahizə yürütmək üçün daxili inam üzrə halları müəyyən etmək hüququna malikdir. Həmçinin “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh BP şirkətində işləsə də, əmək funksiyalarına tenderlə bağlı məsələlərlə bağlı səlahiyyətlər aid edilməsə də belə, qohumu olan iddiaçıya həmin şirkətin keçirməli olan “Xüsusi qeyimlər ilə bağlı” tender prosesi ilə əlaqədar tender məlumatlarını ötürəcəyini, müqavilə bağlamış olduğu şirkətin tender cədvəlinə daxil edəcəyini və həmin şirkətin tender prosesinin qalib olunmasını təmin edəcəyi vədini verməklə bu niyyətlə ondan 50000 manatı çay evində, 300000 dolları bağ evində almasına dair şahid ifadələri tutarlı və mötəbər sübutlardır. Belə ki, məhkəmə qeyd edir ki, hər bir şahidin ifadəsinin kökündə özünün gördüyü canlı hadisənin təsviri dayanır. Şahidlər ifadələrində tərəflərin arasında olan hadisəni aydın və müfəssəl təsvir etmiş, hər birinin verdiyi ifadə bir-biri ilə uzlaşmış və hadisələr məntiqi ardıcıllıqla əks etdirilmişdir. Eyni zamanda şahidlər pulun verilməsi anını bilavasitə görmüşlər. Göstərilən hallar, eləcə də, şahidlərin verdiyi məlumatlar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olduğu üçün onların ifadələrinin mötəbər olmasına dəlalət edir. Beləliklə də, faktiki olaraq Cavabdeh İddiaçı təsis etmiş olduğu və qanuni təmsilçisi olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 21 yanvar 2020-ci il tarixli Xidmətlərin Göstərilməsi Haqqında Müqavilə bağladığı "xxxx" MMC şirkətini tender prosesinin qalib olunmasını təmin edəcəyi vədini verməklə bu niyyətlə iddiaçıdan 50000 manatı çay evində, 300000 dolları bağ evində alsa da, həmin şirkəti tender üzrə qalibi edə bilməmiş və iddiaçı bu niyyətlə ondan alınmış pulunu dəfələrlə qaytarmasını tələb etməsinə baxmayaraq cavabdeh pul vəsaitini qaytarmamış və bununla da iddiaçıya maddi ziyan vurmuşdur. İşin materiallarından görünür ki, iddiaçının qanuni təmsilçisi olduğu MMC ilə "xxxx" MMC ilə aralarında 21 yanvar 2020-ci il tarixli Xidmətlərin Göstərilməsi Haqqında Müqavilə»si bağlanmışdır ki, həmin müqaviləyə əsasən də “VİM-A" MMC, "xxxx" MMC-nin "BP" neft şirkətinin və həmin şirkət ilə bağlı olan podratçı şirkətləri üzrə keçiriləcək tenderlərin qalib edilməsi məqsədi ilə xidmət göstərir. Sifarişçi isə göstərilən xidmətlərin dəyərini İcraçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5.1.2-ci bəndinə əsasən İcraçı baglanacaq hər bir müqavilələr üzrə Sifarişçiyə göstərdiyi xidmətlərin əvəzi olaraq hər rüb üzrə xalis gəlirin 24 faizini rüb başa çatdıqdan sonra növbəti ayın 1-nə kimi nağdsız heablaşma qaydasında bank hesabına ödəyir. Müəyyən edilmişdir ki, VİM-A şirkəti faktiki fəaliyyət göstərmir, digər hər hansı şirkətlər müqavilə bağlanmamış və tenderdə iştirak etməmişdir. "xxxx" MMC ilə aralarında 21 yanvar 2020-ci il tarixli Xidmətlərin Göstərilməsi Haqqında Müqavilə»si bağlamaqda niyyəti cavabdehin vəd verdiyi kimi "xxxx" MMC-nin "BP" neft şirkətinin və həmin şirkət ilə bağlı olan podratçı şirkətləri üzrə keçiriləcək tenderlərin qalib edilməsi halında müəyyən fəaliyyəti və qazancı olmalı idi. Lakin iddiaçının cavabdehin tələbi ilə müəyyən mərhələlər adı altında aldığı pulların müqabilində vəd olunan işi görməməsi ilə iddiaçı gözləntilərindən və maddi vəsaitindən məhrum olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından cavabdeh öz hüquqi mövqeyini sübut edilə bilməmiş və iddiasının əsassız olmasına və irəli sürülən dəlillərin təkzib edilməsi baxımından hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdeh tərəfindən pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməkdə haqlı olmuş və iddiasıın əsaslı olmasına dair öz hüquqi mövqeyini həm qanunvericiliyə uyğun təqdim etdiyi sübutlarla sübut edilə bilmiş, bununla da iddiasının əsası kimi istinad etdiyi hallar işin araşdırılmış halları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddianın faktiki əsası (faktiki hallar) maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşdığından iddia ərizəsi təmin edilməli və iddia təmin olunduğu üçün 850 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 50.000 (əlli min) manat və 300.000 (üç yüz min) ABŞ dolları (ödəniş gününə ABŞ dolların Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Dövlət rüsumunun əvəzi olaraq 850 manat pul Cavabdeh tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-221/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-221/2024
12.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver