Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2249/2024 13.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «AMEER-E-MİLLAT TRAVEL İN TOURİSM” MMC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti cəlb edilməklə “əmək müqaviləsinə xitam verilməsi və məlumatın elektron informasiya sisteminə daxil edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «AMEER-E-MİLLAT TRAVEL İN TOURİSM” MMC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti cəlb edilməklə “əmək müqaviləsinin qüvvədən düşmüş hesab verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə aralarında bağlanan 7 dekabr 2018-ci il tarixli, xxxxxxx000200 nömrəli əmək müqaviləsinin qüvvədən salınmış hesab edilməsi, əmək müqaviləsinin qüvvədən salınması ilə bağlı məlumatların “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi hüququnun X2 Xidmətinə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 7 dekabr 2018-ci il tarixdə təsisçisi və direktoru xarici vətəndaş (Pakistan İslam Respublikasının vətəndaşı) Haris Muhammad olan işəgötürən Cavabdeh MMC ilə aralarında xxxxxxx000200 nömrəli müddətsiz əmək müqaviləsi bağlanmışdır. Bildirir ki, aralarında bağlanan müqavilə faktiki olaraq bağlanmışdır, bağlanandan sonra demək olar ki, əmək funksiyaları icra olunmamışdır. İddiaçı bunun gələcəkdə onun digər işlərə keçməyinə maneə olacağından xəbərsiz olub, müqaviləyə xitam verdirməyib. Daha sonra 2021-ci ildə başqa bir iş üçün müvafiq iş yerinə müraciət edən zaman ona bildirilib ki, sizin Cavabdeh MMC ilə aranızda müddətsiz əmək müqaviləsi olduğundan, sizi işə götürə bilmərik, "öncə müqavilənizə xitam verib, sonra yaxınlaşın” - dedilər. İddiaçı bu barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə müraciət etsə də, lakin bununla bağlı ona məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Bundan sonra işin həllinin məhkəmə qaydasında olduğunu bilib, Bakı 10 saylı Mediasiya təşkilatına müraciət etmişdir. Həmin Mediasiya təşkilatı tərəfindən 11 mart 2023-cü il tarixdə, MBŞ/10/2024- 00132 nömrəli X1 (İMS) İştirak Edilməməsi barədə arayış almışdır. Yuxarıda qeyd olunanlara əsasən, iddiaçının digər işlərdə işləməsi üçün 7 dekabr 2018-ci il tarixdə xarici müəssisə olan Cavabdeh MMC ilə aralarında bağlanan xxxxxxx000200 nömrəli müddətsiz əmək müqaviləsinin məhkəmə tərəfindən qüvvədən salınması zərurəti yaranmışdır. İddiaçı hesab edir ki, məhkəmə tərəfindən cavabdeh «AMEER-E-MİLLAT TRAVEL İN TOURİSM” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə iddiaçı arasında olan əmək müqaviləsinin qüvvədən salınmış hesab edilməsi, əmək müqaviləsinin qüvvədən salınmış hesab edilməsi ilə bağlı bildirişin “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi barədə qətnamə qəbul edilməlidir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək Cavabdeh MMC ilə aralarında bağlanan 7 dekabr 2018-ci il tarixli, xxxxxxx000200 nömrəli əmək müqaviləsinə xitam verilməsi və həmin müqaviləyə xitam verilmə ilə bağlı məlumatın Əmək Məcəlləsinin 7.2-ci maddəsinə əsasən elektron informasiya sisteminə daxil edilməsi hüququnu X2 Xidmətinə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, onların nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”nin surətindən görünür ki, İddiaçı ilə «AMEER-E-MİLLAT TRAVEL İN TOURİSM” MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, xxxxxxx000200 nömrəli əmək müqaviləsinə əsasən İddiaçı “xadimə” vəzifəsində çalışır və əmək haqqı 200 manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli MBŞ/10/2024-00132 nömrəli X1 (İMS) iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı İMS-də iştirak etmiş, MMC-nin nümayəndəsi isə iştirak etməmişdir. İş materiallarında olan X2 Xidməti tərəfindən İddiaçı ünvanlanmış 18 yanvar 2024-cü il tarixli, 3-17-5/2-Q-2685/2024 nömrəli məktubdan görünür ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi X2 Xidmətinin səlahiyyətləri xaricindədir. Qeyd olunanlara əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X2 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinə xitam verilməsi ilə "əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququ X2 Xidmətinə həvalə edilməlidir. İş materiallarında olan Kommersiya qurumunun Dövlət Reyestrindən çıxarışdan görünür ki, «AMEER-E-MİLLAT TRAVEL İN TOURİSM” MMC-nin (VÖEN:**********) hazırki qanuni təmsilçisi Muhammad Harisdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı işəgötürən «AMEER-E- MİLLAT TRAVEL İN TOURİSM” MMC ilə “xadimə” vəzifəsinə işə qəbul edilməyi barədə 7 dekabr 2018-ci il tarixli, xxxxxxx000200 nömrəli əmək müqaviləsi bağlanmış və əmək müqaviləsi bildirişi sistemə daxil edilmişdir. Daha sonra isə iddiaçı həmin işdən çıxmamış və işəgötürən hazırda fəaliyyət göstərmədiyinə görə işəgötürənlə işçi arasında bağlanmış əmək müqaviləsinə xitam verilmədiyi üçün, hazırda iddiaçının adında elektron sistemdə aktiv müqavilə mövcuddur. İddiaçı adı elektron informasiya sistemində «AMEER-E- MİLLAT TRAVEL İN TOURİSM” MMC-nin işçisi kimi hələ də qalmaqdadır. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış fərdi əmək mübahisəsi aşağıda qeyd olunan qanunvericilik normalarının tətbiq olunması əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Əmək Məcəlləsinin 3-cü maddəsinin 5 və 5-1-ci bəndlərinə əsasən əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. Həmin Məcəllənin 9-cu maddəsinin “o” bəndinə görə elektron informasiya sistemindən onunla bağlı qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını, habelə iş yerindən elektron qaydada arayışı real vaxt rejimində əldə etmək işçinin hüququdur. Həmin maddənin “b” bəndində əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək də işçinin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. Bu Məcəllənin 12-ci maddəsinin 1-ci bəndinin “h” yarımbəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) işəgötürənin əsas vəzifələrindəndir. Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinin tələblərinə görə əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən isə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Eyni Məcəllənin 12-ci maddəsinin “c” bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 iyun 2014-cü tarixli № 183 qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Göründüyü kimi, əmək müqaviləsinə qanunvericilikdə nəzərdə tutulan qaydada xitam verilməsi və bu barədə bildirişin (əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi) elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi işəgötürənin vəzifələrinə aid edilmişdir. Məhkəmə tərəfindən bir neçə iclas keçirilməsinə və cavabdehin lazımi qaydada məlumatlandırması üçün qanunvericiliklə nəzərdə tutulmuş mümkün tədbirlərin həyata keçirilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Mövcud vəziyyətdə işəgötürənin Əmək Məcəlləsində onun vəzifələri kimi təsbit edilmiş əmək müqaviləsinə xitam verilməsi və bu barədə bildirişin elektron informasiya sisteminə göndərilməsinə dair müvafiq hərəkətləri həyata keçirməməsi iddiaçının qanunvericiliyə əsasən malik olduğu əmək hüquqlarının pozulmasına zəmin yaratmışdır. Bu səbəbdən iddiaçının pozulmuş hüquqları bərpa edilməli və əmək müqaviləsinə (Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən - əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi əsası ilə) xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarına görə, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı “əmək müqaviləsinin məhkəmə tərəfindən xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatların "Əmək və Məşğulluq ” altsisteminə daxil edilməsi hüququnun X2 Xidmətinə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdeh (işəgötürən) hüquqi şəxs hazırda fəaliyyətini dayandırdığından əmək müqaviləsinə xitam verilməsinə dair bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi öhdəliyinin cavabdeh tərəfindən icra edilməsi mümkün deyil. Göründüyü kimi, cavabdeh hüquqi şəxsin qanuni təmsilçisi xarici ölkə vətəndaşıdır və ölkə xaricində olması səbəbindən, hazırda iddiaçının iddia tələbinin cavabdeh hüquqi şəxs tərəfindən icra edilməsi qeyri-mümkün olduğundan, məhkəmə hesab edir ki, iddiaçının qanuni mənafelərinin müdafiəsinin təmini üçün hazırda yuxarıda sadalanan iddia tələbinin yerinə yetirilməsi hüququnun üçüncü şəxsə həvalə edilməsi qanunamüvafiqdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməli, İddiaçı ilə «AMEER-E-MİLLAT TRAVEL İN TOURİSM” MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilmiş hesab edilməli və əmək müqaviləsinə xitam verilməsinə dair bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququ Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə cavabdeh «AMEER-E-MİLLAT TRAVEL İN TOURİSM” MMC arasında bağlanmış 7 dekabr 2018-ci il tarixli, xxxxxxx000200 nömrəli əmək müqaviləsinə xitam verilmiş hesab edilsin. İddiaçı ilə cavabdeh «AMEER-E-MİLLAT TRAVEL İN TOURİSM” MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-2249/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2249/2024
13.06.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver