Məhkəmə qərarları › İş №e-2(005)-2259/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2259/2023

27.09.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2259/2023 27.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh MTK-nın nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “çıxarışın alınması üçün MTK üzvlərinin ümumi yığıncağının qərarının və protokoldan çıxarışın və maliyyə arayışının verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı çıxarışın alınması üçün MTK üzvlərinin üzvlərinin ümumi yığıncağının qərarının verilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, (Balaəmi Dadaşov) Ələsgər Hüseynov küçəsində inşa edilmiş 1 saylı binanın 1-ci girişində 8-ci mərtəbədə yerləşən 57 saylı mənzilinə dair öz adına çıxarışın alınması üçün MTK üzvlərinin ümumi yığıncağının qərarının verilməsinin cavabdehə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tərəfindən iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edilərək, Bakı şəhəri, Nərimanov rayonu, (Balaəmi Dadaşov) Ələsgər Hüseynov küçəsində inşa edilmiş 1 saylı binanın 1-ci girişində 8-ci mərtəbədə yerləşən 57 saylı mənzilə dair iddiaçının öz adına çıxarışın alınması üçün MTK üzvlərinin ümumi yığıncağının qərarının və ya müvafiq protokoldan çıxarışın, eyni zamanda mənzilin əldə olunması ilə bağlı iddiaçının MTK-ya hər hansı borcunun olmamasına dair maliyyə arayışının verilməsinin cavabdehə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum anası X4 ilə Cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixli 85-50/18 saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh əvvəllər T.Litvintsevanın mülkiyyətində olmuş evinin əvəzi olaraq yuxarıda göstərilən ünvanda 7-ci mərtəbədə tam təmirli sahəsi 51 kv.m.olan 2 otaqlı mənzili tikib ona təhvil verməyi öhdəsinə götürmüşdür. İddiaçının anası 17 iyun 2021-ci il tarixdə vəfat etmişdir. İddiaçı anasının xüsusi mülkiyyyətində olmuş əmlak üzərində vərəsə kimi hüquqlarını qeydiyyatdan keçirmiş, vərəsəlik hüququ haqqında şəhadətnamə və çıxarış almışdır. Cavabdeh isə müqaviləyə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirərək mənzili ona təhvil versə də, lakin mənzilə dair adına çıxarış alınması üçün lazımi sənədləri ona verməmişdir. Vəkil tərəfindən verilmiş sorğuya Dövlət Vergi Xidmətinin cavabı ilə müəyyən edilmişdir ki, Cavabdeh MMC xx.xx.2016-cı il tarixdə dövlət qeydiyyatından keçmiş, təsisçilərinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Cavabdeh MTK-ya çevrilmiş və çevrilmə barədə qeyd dövlət reyestrinə xx.xx.2021-ci il tarixdə daxil edilmişdir. Müqavilədə təhvil veriləcək mənzilin mərtəbəsi 7 kimi göstərilsə də, sonradan qonşunun xahişi, iddiaçının razılığı və MTK-nın məlumatı ilə qonşu ilə onun mənzilləri dəyişdirildiyindən mərtəbəsi dəyişdirilmiş, o 8-cimərtəbədə olan eyni ölçülü mənzilə köçmüşdür. Mənzil MTK tərəfindən faktiki ona təhvil verilmiş, mənzil faktiki olaraq onun sahibliyində və istifadəsindədir, bununla bağlı MTK ilə arasında hər hansı problem yoxdur. Mənzil onun adına müvafiq kommunal xidmətlərlə də təchiz edilmişdir və onun tərəfindən hər ay buna görə kommunal haqqlar ödənilməkdədir. Mənzilə dair adına çıxarış alınması üçün MTK tərəfindən ona müvafiq sənədlərin verilməməsi onun mülkiyyət hüquqlarını pozur. Bununla bağlı MTK-ya müraciət etsə də, MTK bəhanələrlə həmin sənədləri verməkdən yayınır və ona yalnız məhkəmə qərarı əsasında həmin sənədi verə biləcəklərini bildirir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etiraz ərizəsi təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən Cavabdeh MTK-ya qarşı iddia qaldırılaraq Bakı şəhəri, Nərimanov rayonu, (Balaəmi Dadaşov) Ələsgər Hüseynov küçəsində inşa edilmiş 1 saylı binanın 1-ci girişində, 8-ci mərtəbədə yerləşən 57 saylı mənzilinə dair öz adına çıxarışın alınması üçün MTK üzvlərinin ümumi yığıncağının qərarının verilməsinin cavabdehə həvalə edilməsinə dair qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir. İddiaçının mərhum anası X4 ilə Cavabdeh MTK arasında 02 may 2018-ci il tarixdə, 85-5DU8 saylı müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən T.İddiaçıanın mənzili söküntü üçün MTK tərəfindən qəbul edilmiş və əvəzində ona göstərilən ünvanda inşa edilən 1-ci binanın 1-ci girişində, 7-cü mərtəbəsində mənzil verilmişdir. Lakin onlar öz istəklərinə uyğun olaraq iddia ərizəsində göstərdikləri kimi öz razılıqları əsasında öz mənzillərini 8-ci mərtəbədə yerləşən qonşuya məxsus məzillə dəyişmişlər və dəyişdikləri mənzildə yaşayırlar. T.V.Lintvinsevanın oğlu, hazırki iş üzrə iddiaçı olan İddiaçı anasının vəfatından sonra sökülmüş mənzilin sənədlərini , yəni mülkiyyət hüququna dair Çıxarışı vərəsəlik qaydasında öz adına rəsmiləşdirmişdir və hazırda sökülmüş mənzilə dair son çıxarış İddiaçı adınadır. İddiaçı onlara yeni mənzilə dair çıxarış almaq üçün tələb olunan sənədləri, maliyyə arayışı və MTK-nm ümumi yığıncağın protokolunu istədikdə ona izah olunub ki, hazırki vəziyyətdə MTK tərəfindən həmin sənədlərin verilməsi yeni müqavilə imzalanmayana qədər mümükünsüzdür. Bunun da səbəbləri aşağıdakılardır: göstərilən mənzilə dair hazırda Vitaliy Lintvintsevdə olan müqavilənin tərəfi İddiaçı deyil mərhum Litvintseva Tatyanadır. Lintvintsev qonşu ilə öz aralarında şifahi razılıq əsasında mənzili dəyişmişdir və onun hazırda yaşadığı mənzilə dair MTK ilə müqavilə imzalanmamışdır. Göstərilən mənzilə dair hazırda Vitaliy Lintvintsevdə olan müqavilənin tərəfi İddiaçı deyil mərhum Litvintseva Tatyanadır. Lintvintsev qonşu ilə öz aralarında şifahi razılıq əsasında mənzili dəyişmişdir və onun hazırda yaşadığı mənzilə dair MTK ilə müqavilə imzalanmamışdır. Eyni zamanda cavabdehin nümayəndəsi bildirib ki, sözügedən binada bir sıra sakin öz aralarında razılaşaraq, mənzilləri qarşılıqlı dəyişdirmişlər. Hazırki mülki iş üzrə iddiaçının mərhum anası da qonşu ilə razılaşaraq 7-ci mərtəbədə deyil, 8-ci mərtəbədə olan mənzili istifadə və sahibliyinə qəbul etmişdir. Eyni zamanda cavabdeh iddiaçı ilə müqavilənin bağlanması üçün hazırlıqlar aparmış və müqavilə layihəsi artıq hazırdır. İddiaçı müqaviləni imzaladığı təqdirdə, tələb edilən sənədlər təqdim ediləcək. Deyilənləri nəzərə alaraq hesab edir ki, qətnamənin qəbul edilməsi üçün hər hansı əsas qalmamışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən əmlak 1/16 hissədə X1 adına xx.xx.2010-cu il tarixində qeydiyyata alınmışdır. . - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən əmlak 1/16 hissədə İddiaçı adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. - 02 may 2018-ci il tarixli 85-5D/18 nömrəli müqavilədən görünür ki, X4 ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. - “AR Dövlət Neft Şirkəti X6” “Asan xidmət” mərkəzinin arayışından görünür ki, X1 Bala Dadaşov ev 5, 2A saylı mənzilə dair təbi qazdan istifadəyə dair xx.xx.2021-ci il tarixə borcu yoxdur. - Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Bakı şəhəri 21 saylı notariat ofisi tərəfindən xx.xx.2016-cı il tarixdə təsdiq edilən və reyestrdə 02 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş X1 vəsiyyətnamədə göstərilən əmlakın vərəsəsi Rusiya Federasiyası ünvanında qeydiyyatda olan İddiaçıdir və o miras əmlakdan tam hissədə pay almalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, X4 ilə Cavabdeh arasında 02 may 2018-ci il tarixdə müqavilə bağlanmış və həmin müqavilə əsasında tərəflərin hüquq və vəzifələri müəyyən edilmişdir. Müqavilə üzrə Cavabdeh sözügedən mənzili təmirli şəkildə X3 təhvil verməyi öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə tərəf olan X4 vəfat etdikdən sonra onun həmin əmlak üzrə hüquqları hazırki mülki iş üzrə iddiaçı X5 keçmişdir. Cavabdeh müqavilə üzrə mənzili təhvil versə də, mənzil üzrə çıxarışın alınması üçün zəruri olan sənədləri İddiaçı əsassız olaraq təqdim etmir. Belə ki, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə xx.xx.2021-ci il tarixdə vəfat etmiş X1 vəsiyyətnamədə göstərilən əmlakın vərəsəsi İddiaçıdir. Bu o demekdir ki, İddiaçı X1 vərəsəsi olduğundan, mərhuma məxsus əmlak xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olduğundan müqavilə üzrə hüquq və vəzifələr də iddiaçıya ötürülmüş hesab edilməli və müvafiq müqavilə üzrə vəzifələr ona münasibətdə yerinə yetirilməlidir. Məhkəmə bu qənaətə gələrkən onu da nəzərə alır ki, cavabdehin nümayəndəsi iddiaçının həmin mənzil üzrə borcunun olmamasını, mənzilin onun istifadə və sahibliyində olmasını etiraf etmiş və sənədlərin təqdim edilməməsini yalnız iddiaçının özü ilə yeni müqavilənin bağlanmaması ilə əsaslandırmışdır. Məhkəmə etirazın bu dəlilini əsassız hesab edir. Belə ki, müqavilə üzrə tərəf olan X2 vəfat etməsi və əmlak üzərində hüquqların vərəsəlik qaydasında iddiaçıya keçməsi işin mübahisəsiz halıdır. Digər tərəfdən, tərəflərin izahatları, iddiaçının nümayəndəsinin vəsatəti əsasında məhkəmə tərəfindən keçirilən yerində müayinənin protokolu ilə də təsdiq edilir ki, mənzil iddiaçının istifadə və sahibliyindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçırirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə). 10-cu maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-cimaddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 568.2-ci maddəsinə əsasən əgər alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, belə nəticəyə gəlir ki, Cavabdeh üzvlərinin ümumi yığıncağının qərarının və ya müvafiq protokoldan çıxarışın, eyni zamanda mənzilin əldə olunması ilə bağlı iddiaçının MTK-ya hər hansı borcunun olmamasına dair maliyyə arayışının İddiaçı təqdim edilməsi Cavabdeh üzərinə öhdəlik olaraq qoyulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu (Balaəmi Dadaşov) Ələsgər Hüseynov küçəsində inşa edilmiş 1 saylı binanın 1-ci girişində 8-ci mərtəbədə yerləşən 87 saylı mənzilə dair İddiaçı adına çıxarışın alınması üçün Cavabdeh üzvlərinin ümumi yığıncağının qərarının və ya müvafiq protokoldan çıxarışın, eyni zamanda mənzilin əldə olunması ilə bağlı iddiaçının MTK-ya hər hansı borcunun olmamasına dair maliyyə arayışının təqdim edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə Düzdür. Hakim: Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar