Məhkəmə qərarları › İş №e-2(005)-2272/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2272/2024

25.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2272/2024 25.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İlkin iddia üzrə İddiaçı nümayəndəsi Nümayəndə, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “müqavilə üzrə pul” tələbi barədə ilkin; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı (müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Dövlət Vergi Xidməti cəlb edilməklə) “maddi zərərin əvəzinin ödənilməsi” tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “müqavilə üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış müqavilə üzrə 2022-2023-cü təhsil ili üzrə ödənməmiş 3.843 manat miqdarında əsas borcun, ona uyğun hesablanmış 1.270 manat miqdarında dəbbə pulu və dövlət rüsumu qismində ödənilmiş 72 manat olmaqla, yekunda 5.185 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı filialı və Cavabdeh arasında “Təhsil xidmətlərinin göstərilməsinə dair” xx.xx.2023-cü il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı Bakı filialı Cavabdeh övladı X1 müqavilədə nəzərdə tutulmuş qaydada yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, valideyn isə həmin xidmətlərə görə təhsil haqqı ödəməyi öhdəsinə götürür. Aralarında bağlanmış sonuncu müqavilənin 5.1-ci maddəsinə əsasən 1 tədris ili üçün təhsil haqqı 8.500 manat təşkil edir. Lisey tərəfindən öhdəliklər tam yerinə yetirilsə də, Valideyn şagirdin Liseydən ayrıldığı xx.xx.2024-cü il tarixinə qədər mövcud olan borcunu ödəməmişdir. Həmin tarixə qədər Valideynin Liseyə olan borcu 3843 manat təşkil etmişdir. Aralarında bağlanan Müqavilənin 7.2-ci maddəsinə əsasən, valideyn borcun ödənişinə görə hər gecikdirilmiş gün üçün 0,2 faiz dəbbə pulu ödəyir. Beləliklə valideynin dəbbə pulu 1.270 manat təşkil edir. Aralarında bağlanmış müqavilənin 5.5-ci maddəsinə əsasən, müddətindən və səbəbindən asılı olmayaraq şagirdin iştirak etmədiyi təhsil ayalarının haqqı hər bir halda ödənməlidir. Müqavilənin 4.1.1-ci maddəsində təhsil haqqının ödənilməsi valideynin öhdəliyi qismində müəyyənləşdirilir. 4.1.6-cı maddəyə əsasən, şagirdlə əlaqəli Liseyə dəvət olunduqda 5 iş günü ərzində Liseyə yaxınlaşmaq valideynin müqavilə üzrə öhdəliyidir. 6.3-cü maddəyə əsasən, valideyn müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə Lisey birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verə bilər Həmçinin, müqavilənin 3.2.7-ci maddəsinə görə, valideyn tərəfindən təhsil haqqının ödənilməsi müqavilədə nəzərdə tutulan müddətdən artıq gecikdirildikdə təhsil haqqı tam ödənilənədək Lisey şagirdin dərsə buraxılmasını və digər öhdəliklərinin icrasını dayandıra bilər. 7.2-ci maddəyə əsasən, Valideyn hər gecikdirilən gün üçün gecikdirilən məbləğin 0.2%-i həcmində dəbbə pulu ödəyir. Lisey pandemiya dövründə öz fəaliyyətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq təşkil edir. Müqaviləyə əsasən yaranmış vəziyyətdə tərəf(valideyn) üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyə borcludur. Müqavilələrdən aydın olur ki, hər hansı səbəbdən müqaviləyə xitam verilməsi sonradan vəzifələri icra etmək vəzifəsindən azad etmir. Borcun ödənilməsinə dair tərəfimizdən Valideynə xəbərdarlıq ünvanlansa da, hər-hansı ödəniş həyata keçirilməmişdir. Cavabdeh İddiaçınə qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklərini tam və lazımınca icra etməməsi nəticəsində 8.750 manat məbləğində təhsil haqqı, 400 manat məbləğində hüquqi xidmətlərin göstərilməsinə görə və 112 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 9.162 manat məbləğində ona dəymiş maddi ziyanın İddiaçındən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslanıdırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə Təhsil xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmışdır. İddiaçı məhkəmədə iddia qaldıraraq tələb irəli sürmüşdür ki, güya müqavilədən irəli gələn öhdəliklərini icra etmədiyi üçün İddiaçı qarşısında 3.843 manat məbləğində əsas borc, ona uyğun hesablanmış 1.270 manat məbləğində dəbbə pulu və dövlət rüsumu qismində ödənilmiş 72 manat dövlət rüsumu olmaqla, cəmi 5.185 manat məbləğində öhdəliyi yaranmışdır. İddiaçı ilə onun arasında bağlanmış xx.xx.2023-cü il tarixli 2022-2023-cü il tədris ili üçün və 2021-2022-ci il tədris ili üçün bağlanmış Təhsil xidmətlərinin göstərilməsinə dair müqavilələrin 1.1-ci bəndinə əsasən “Lisey” şagirdə Rus bölməsi üzrə yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, “Valideyn” isə həmin xidmətlərə görə təhsil haqqı ödəməyi öhdəsinə götürür. Həmin müqavilələrin 3.1.2-ci bəndinə əsasən “Lisey” müasir tədris metodikalarından istifadə etməklə şagirdə bu müqavilənin 1-ci bəndində göstərilmiş dil üzrə keyfiyyətli təhsil vermək vəzifəsi daşıyır. Həmin müqavilələrin 4.2.1-ci bəndinə görə valideynin bu müqavilə üzrə vəzifələri “Lisey” tərəfindən tam və vaxtında yerinə yetirilməsini tələb etmək hüququ vardır. Həmin müqavilələrin 4.2.3-cü bəndinə əsasən valideynin “Şagird”in təhsilə münasibəti, onun bilik qabiliyyəti, biliyin qiymətləndirilməsi və qiymətləndirilmə üsulları barədə məlumat almaq hüququ vardır. İddiaçı 2023-2024-cü il tədris ili üçün şagirdin qiymət cədvəlindəki 1, 2 və illik yarımillər üzrə qiymətlərindən də məlum olur ki, “Lisey" müqavilələrin 1.1-ci bəndində göstərilən vəzifəsini tam icra etməmişdir. Həmin müqavilələrin 5-ci bəndinə əsasən 2023-2024-cü il tədris ili üçün 1.350 manat, 2023-cü il tədris ili üçün 3.700 manat və 2021-2022-ci il tədris ili üçün isə 3.700 manat olmaqla, son üç il ərzində İddiaçınə 8.750 manat məbləğində pul ödəmişdir. Lakin İddiaçı tərəfindən övladına müqavilə üzrə şərtləşdirilmiş Rus bölməsi üzrə yüksək keyfiyyətli təhsil xidmətləri göstərilməmişdir. İddiaçı tərəfindən üzərinə götürülmüş öhdəliklərin pozulmasının əyani sübutu övladının qiymət cədvəlləridir. Həmin müqavilələrin 6.3.2-ci bəndinə görə “Lisey” tərəfindən aparılan illik monitorinqin nəticələrinə görə şagird müəyyən edilmiş keçid balından aşağı bal toplayarsa “Lisey” birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verə bilər. Lakin İddiaçı övladının keyfiyyətsiz təhsil aldığını bildiyi halda müqavilələrə xitam verməməklə öz öhdəliklərinin icrasına vicdansızca davranmaqla iddiaçıdan əsassız olaraq xeyli miqdarda vəsait əldə etmişdir. Həmin müqavilələrin 7.1-ci bəndinə əsasən tərəflər bu müqavilədən irəli gələn öhdəliklərin tam və ya qismən icra olunmamasına görə bu müqavilə və qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Əlavə olaraq onu da qeyd edir ki, İddiaçınə dəfələrlə şifahi müraciət etsə də, 2022-cü il tədris ili üçün və 2021-2022-ci il tədris ili üçün bağlanmış Təhsil xidmətlərinin göstərilməsinə dair müqavilənin bir nüsxəsi ona təqdim edilməmişdir. Sözügedən sübutları əldə edə bilmədəyi üçün məhkəmə prosesinin gedişində vəkili tərəfindən müqavilələrin surətinin təqdim edilməsi barədə vəkil sorğusu təqdim ediləcəkdir. İddiaçı ilə aralarında bağlanmış müqavilələrin müddəalarından və faktiki hallarından da görünür ki, İddiaçınə son üç ildə ümumilikdə 8.750 manat ödəsə də, İddiaçı övladına yüksək keyfiyyətli təhsil vermədiyi üçün onun hüquqları pozulmuşdur. Pozulmuş hüquqlarının müdafiəsi məqsədilə “Femida” Vəkil bürosunun vəkili Vəkil ilə Hüquqi Xidmətlərin göstərilməsi haqqında müqavilə bağlayaraq 400 manat məbləğində pul ödəmişdir. Həmçinin 112 manat məbləğində isə dövlət rüsumu ödəmişdir. İddiaçı müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklərini tam və lazımınca icra etməməsi nəticəsində 8.750 manat məbləğində təhsil haqqı məbləğində, 400 manat məbləğində hüquqi xidmətlərin göstərilməsinə görə və 112 manat məbləğində dövlət rüsumu olmaqla ümumilikdə 9162 manat məbləğində ona maddi ziyan dəymişdir. Məhkəmə iclasında qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilərək, ilkin iddia ərizəsi ilə birlikdə baxılması qərara alınmışdır. İlk İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında ilkin iddianı müdafiə, qarşılıqlı iddiaya isə etiraz edərək, izahatında göstərmişdir ki, cavabdeh keyfiyyətsiz təhsil göstərildiyini iddia etsə də, bunu sübut edə bilməmişdir. Belə ki, lisey şagirdlərə Nazirlər Kabinetinin müəyyən etdiyi standartlara uyğun təhsil vermiş və tərəflər arasında bağlanmış tapşırıq müqaviləsi üzrə hər hansı öhdəliyi pozmamışdır. Hazırda, bütün öhdəliklər yerinə yetirildiyindən, cavabdehin həmin müqavilə üzrə vəsait əldə etməsi əsassız varlanma ilə nəticələnəcəkdir. Belə ki, lisey tərəfindən sinifdə şagirdlərin sayı və dərslərin tədris olunma müddəti tənzimlənir, şagirdlər dövlət proqramında nəzərdə tutulmayan əlavə vəsaitlərlə təmin olunur, əlavə seminar və kurslar təşkil olunur. Həmçinin, keyfiyyətli təhsil yalnız 40 dəqiqəlik dərs müddətini əhatə etmir, şagirdlər eləcə də, keyfiyyətli qidalanma və təhlükəsizlik xidməti ilə təmin olunur. Eyni zamanda, təhsilverənlərin müxtəlif sertifikatlara malik olması və şagirdlərin qəbul nəticələrinin yüksək olması da keyfiyyətli təhsil verilməsinin göstəricisidir. Bütün bunlara baxmayaraq, lisey şagirdin tədris və qəbul nəticələrinin yüksək olacağına vəd vermir, lakin valideynlər mütəmadi olaraq nəticələr barədə məlumatlandırılır. Belə məlumatlandırılma məhkəməyə təqdim olunmuş müvəffəqiyyətnamələrdən də görünür. Müqavilədə qeyd olunduğu kimi, şagirdin tədrisə hazırlıqlı gəlməsi valideynin öhdəliyidir. Göstərdiklərinə əsasən, məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasında ilkin iddiaya etiraz, qarşılıqlı iddianı isə müdafiə edərək, məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ilkin iddiaya etiraz, qarşılıqlı iddianı isə müdafiə edərək, izahatında göstərmişdir ki, ilkin iddia tələbi yalnız iddiaçının cavabdehə qarşı qərəz faktına əsaslanır. Cavabdehin övladı 1-ci sinifdən 8-ci sinifə qədər liseydə təhsil aldığından, onun ilkin vaxtlardan bütün təhsil standartlarını lisey müəyyən etmişdir. 2023-2024-cü tədris ilinin 1-ci yarımilində cavabdehin övladı əsas fənlərdən biri olan rus dili və azərbaycan dili fənnindən, eləcə də digər bir çox fənlərdən “3” qiyməti almışdır ki, bu da liseyin yüksək keyfiyyətli təhsil göstərmədiyinin göstəricisidir və bu öhdəlik valideynin üzərinə qoyula bilməz. Əgər həmin qiymətlər lisey tərəfindən yazılmışdırsa, lisey də cavabdehin övladının yüksək keyfiyyətli təhsil almadığını etiraf edir. Həmçinin, artıq 6 ay müddət keçməsinə baxmayaraq, cavabdehin övladının yüksək təhsil standartlarını artırmaq mümkün olmamışdır. Eyni zamanda, liseyin 8 il ərzində cavabdehin övladının keyfiyyətli təhsil almamasını görə bilməməsi və bu barədə valideyni xəbərdar etməməsi də absurd haldır. Belə olan halda, iddiaçının 8 il ərzində müqaviləyə xitam vermək hüququndan istifadə etməməsi yalnız pul vəsaiti əldə etmək məqsədi ilə bağlı olmuşdur. Bundan əlavə, iddiaçının ixtisaslaşmaya görə siniflərin birləşdirilməsinə dair təqdim etdiyi sübut mötəbər olmamaqla, siniflərin bu əsas üzrə birləşdirilməsi halı da ağlabatan deyil. Onlarda olan məlumata görə, təhsilin keyfiyyətinin aşağı olmasına görə, həmin sinifdə 6 nəfər şagird qaldığından, sinif bağlanmışdır. Cavabdeh 8 il ərzində müqavilənin şərtlərinə əməl etməsinə baxmayaraq, iddiaçı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir ki, nəticədə cavabdehə ümumi 9.162 manat məbləğində maddi ziyan dəymişdir. Qeyd etdiklərinə əsasən, məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, təmin etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilk iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023cü il tarixdə “Təhsil xidmətlərinin göstərilməsinə dair” müqavilənin surətindən görünür ki, müqaviləyə əsasən iddiaçı cavabdehin övladı X1 rus dillərində yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, cavabdeh isə həmin xidmətlərə görə təhsil haqqını ödəməyi öhdəsinə götürmüşdür. “Liseydə təhsil ili 9 aydan ibarət olmaqla sentyabr ayının 15-dən iyun ayının 15-dək olan dövrü əhatə edir. Müqavilə üzrə bir tədris ili üçün xidmət haqqı 8.500 manat müəyyən edilmişdir. Həmçinin, tərəflər arasında xx.xx.2014-cü il tarixdə “Təhsil xidmətlərinin göstərilməsinə dair” müqavilənin 6.3.2-ci bəndinə əsasən, “Lisey" tərəfindən aparılan illik monitorinqin nəticələrinə görə şagird müəyyən olunmuş keçid balından aşağı bal toplayarsa “Lisey” birtərəfli qaydada bu müqaviləyə vaxtından əvvəl xitam verə bilər. 6.5-ci maddəsinə əsasən, bu müqavilənin qüvvəsinə nər hansı səbəbdən xitam verilməsi tərəfləri bu müqavilədən irəli gələn öhdəliklərini sonadək icra etmək vəzifəsindən azad etmir. 6.6-cı maddəsinə əsasən, Bu müqavilənin bəndlərinə dəyişiklik etmək hüququnu Lisey özündə saxlayır. Müqaviləyə edilən dəyişikliklər tərəflərin imzası ilə təsdiq edilikdən sonra müqaviləyə əlavə olunur. 7.2-ci maddəsinə əsasən, təhsil haqqı “Valideyn” tərəfindən “Lisey”ə bu müqavilənin 5-ci bölməsində nəzərdə tutulmuş müddətdə və məbləğdə “Valideyn” tərəfindən ödənilmədikdə, “Valideyn” hər gecikdirilən gün üçün gecikdirilən məbləğin 0.2 %-i həcmində dəbbə pulunu “Lisey”ə ödəyir. 10.2-ci maddəsinə əsasən, bu müqavilə imzalandığı andan tərəflər arasında bağlanmış təhsil xidmətlərinin göstərilməsi haqqında olan bütün əvvəlki müqavilələr öz hüquqi qüvvəsini itirir. Əvvəlki müqavilələrin öz hüquqi qüvvəsini itirməsi "Valideyn”i hüquqi qüvvəsini itirmiş müqavilələr üzrə yaranmış təhsil haqqı borcundan azad etmir. İş materiallarında olan İddiaçı tərəfindən valideyn Cavabdeh göndərilmiş xx.xx.2024cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, ona Lisey tərəfindən təhsil haqqı üçün 3.843 manat, gecikdirilən hər gün üçün 1.270 manat dəbbə pulu ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan İddiaçı xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh Liseyə 3.843 manat qalıq borcu, 1.270 manat dəbbə borcu vardır. İş materiallarında olan qəbzlərdən görünür ki, Cavabdeh 2023-cü ilin 14 sentyabr və 05 noyabr tarixlərində müvafiq olaraq 850 manat və 500 manat olmaqla, cəmi 1350 manat 2023-2024 tədris ili üçün İddiaçınə pul ödəmişdir. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Məhkəmə ilk əvvəl irəli sürülmüş ilk iddia və qarşılıqlı iddia tələbi ilə bağlı hesab edir ki, hər iki iddia tələbinin qanuni əsası “bağlanmış müqavilədən irəli gələn tələblər”dir. Belə ki, işin faktiki hallarına əsasən tərəflər arasında mülki hüquqlar və vəzifələr qanunvericilikdə nəzərdə tutulmuş müqavilələrdən və başqa əqdlərdən əmələ gəlmişdir. Tərəflər arasında formalaşmış mülki hüquq münasibətlərinin əsasını “tapşırıq” müqaviləsi təşkil edir. Bu baxımdan tərəflər arasında təhsil xidmətlərinin göstərilməsi ilə bağlı yazılı tapşırıq müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. Mübahisə isə, ilk iddiaçıya görə yerinə yetirilmiş xidmətin (tədrisin) haqqının tam ödənilməməsi ilə bağlıdır. İddiaçı müqavilədə göstərilən xidməti, yəni tədrisi müqavilədə göstərilən öhdəliyinə uyğun yerinə yetirdiyini iddia edərək xidmət haqqının qalıq hissəsini tələb edir. İlk iddia üzrə cavabdeh isə tədrisin müqavilədə nəzərdə tutulmuş keyfiyyətdə aparılmadığını və yerinə yetirilməyən xidmət haqqının ondan tələb edilməsini rədd edir, həmçinin son üç ildə Liseyə ödədiyi 8.750 manat pul vəsaitinin ona geri qaytarılmasını tələb edir. Yuxarıda qeyd edilən müddəlardan da göründüyü kimi müqavilə iki və ya bir neçə şəxsin konkret münasibətlərindən irəli gələn hüquq və vəzifələrinin müəyyən edilməsi, dəyişdirilməsi və xitamı üçün, qanunla müəyyən edilmiş hallarda yazılı, yaxud şifahi formada öz iradə azadlıqları ilə, əldə etdikləri razılaşmadır. Müqavilə azadlığı əqli (şüurlu) iradəyə söykənir və bu özünü müqaviləni bağlayan tərəflərin onun məzmununu sərbəst (iradə azadlığı çərçivəsində) müəyyən etməkdə ifadə edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 778.2-ci maddəsinə əsasən, tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Məhkəmə ilk növbədə qarşılıqlı iddianın dəlillərinə hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir. Belə ki, qarşılıqlı iddiaçı Lisey tərəfindən onun övladına verilmiş təhsildən narazılıq edərək, təhsilin keyfiyyətsiz olduğunu, övladının qiymətlərinin yaxşı olmamasını bildirir və buna görə son üç ildə ödədiyi ümumilikdə 8.750 manat pul vəsaitinin ona geri qaytarılmasını tələb edir. Qarşılıqlı iddiaçı tərəfindən övladının təhsil qiymətləri məhkəməyə təqdim edilərək, bildirilir ki, 1-ci sinifdən 8-ci sinifə qədər Liseydə təhsil almasına baxmayaraq, övladının qiymətləri yaxşı deyildir. Liseyin hüququ var idi ki, övladının qiymətləri yaxşı olmadığı təqdirdə təhsil ili üçün bağlanmış müqaviləyə xitam versin. Lakin Lisey bunu etməyərək ondan əsassız təhsil pulları tələb almışdır. Halbuki, bu illər ərzində övladına verilmiş təhsilin həqiqtən keyfiyyətsiz olmasını təsdiq edən hər hansı mötəbər sübutu mövcud deyil. Belə ki, Cavabdeh ilk iddiaçının müqavilə üzrə vəzifələrini lazımı qaydada və keyfiyyətdə icra etməməsini bildirsə də bu barədə mötəbər sübutlarını təqdim edə bilməmiş, işin faktiki hallarında isə iddiaçı tərəfindən müqavilə üzrə vəzifələrinin lazımi qaydada yerinə yetirilməməsi müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçının göstərilən əsasları sübut olunmur. Bundan başqa, məhkəmə qeyd edir ki, əgər qarşılıqlı iddiaçı son üç ildə iddia etdiyi kimi təhsilin keyfiyyətsiz olduğunu hesab edirdisə, övladının üç il ərzində həmin tədris Liseyində bir tədris ili üçün kifayət qədər yüksək xidmət haqqı verməsi nəzərə alındıqda övladının həmin müəssisədə təhsilini davam etdirməsinə razı olması başa düşülən deyil. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir. Ümumiyyətlə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələbinin əsası kimi istinad etdiyi işin mübahisəli faktiki halları kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara deyil, formal mülahizələrə əsaslanmış və gətirdiyi dəlillər öz təsdiqini tapmamışdır. Məhkəmə onu da qeyd edir ki, iddianın əsaslandığı şərtlər, eləcə də tərəflərin arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri məhz onlar arasında bağlanmış əqdin “əvəzli xidmətlərin göstərilməsi” (tapşırıq) müqaviləsinin olmasına dəlalət edir. Belə ki, əvəzli xidmətlərin göstərilməsinə dair müqaviləyə görə “icraçı” “sifarişçi”nin tapşırığı əsasında müəyyən hərəkətlər etməsini və ya müəyyən fəaliyyət göstərməsini, “sifarişçi” isə bu xidmətlərin haqqını ödəməsini öhdəsinə götürür. Göründüyü kimi, qarşılıqlı iddiaçının iddiasının əsasları məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmır. Ona görə də, məhkəmə hesab edir ki, qarşılıqlı iddia təmin edilməməlidir. Qarşılıqlı iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməli, vəkil xidmətləri üçün ödədiyi pulun tutulması hissəsində də iddia təmin edilməməlidir. Məhkəmə ilk iddianın “cavabdeh tərəfindən ödənilməmiş təhsil haqqının qalığının tutulması” barədə hissəsinə hüquqi qiymət verərək, hesab edir ki, ilk iddia göstərilən hissədə təmin edilməlidir. Belə ki, müəyyən olunmuşdur ki, tərəflər arasında mübahisə iddiaçıya görə yerinə yetirilmiş xidmətin (tədrisin) haqqının tam ödənilməməsi ilə bağlıdır. Belə ki, iddiaçı aralarında bağlanmış müqavilə üzrə 3.843 manat məbəğində təhsil haqqı borcunun, gecikdirilən hər gün üçün 0,5% olmaqla, cəmi 1.270 manat dəbbə pulunun və 72 manat dövlət rüsumunun, cəmi 5.185 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını iddia etmiş, cavabdeh isə ödədiyi vəsaitin qarşılığında heç bir vəzifə yerinə yetirilməməsi, təhsilin çox keyfiyyətsiz olduğunu əsas göstərərək iddiaya etiraz etmişdir. Başqa sözlə, iddiaçı müqavilədə göstərilən xidməti, yəni tədrisi müqavilədə göstərilən öhdəliyinə uyğun yerinə yetirdiyini iddia edərək xidmət haqqının qalıq hissəsini tələb edir, cavabdeh isə tədrisin müqavilədə nəzərdə tutulmuş keyfiyyətdə aparılmadığını və yerinə yetirilməyən xidmət haqqının ondan tələb edilməsini rədd edir. Belə ki, tərəflər arasında bağlanmış müqavilə şərtlərindən də göründüyü kimi, iddiaçının öhdəlikləri dairəsi cavabdehin övladına keyfiyyətli təhsilin verilməsindən başqa, həm də onun gigiyenik tələblərə cavab verən və keyfiyyətli qida ilə təmin etmək, dərsdən kənar vaxtda onların istirahəti, idmanın müxtəlif növləri ilə məşğul olmalarına şərait yaratmaq, habelə təhlükəsizliyini təmin etməkdən ibarət olmuşdur. Başqa sözlə, tərəflər arasında müvafiq xidmətin göstərilməsinə dair müqavilənin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır və bu bağlanmış müqavilədə tapşırıq müqaviləsinin elementləri mövcuddur. Belə ki, işin materiallarından görünür ki, bir uşaq üçün xx.xx.2023-cü il tarixində İddiaçı Bakı filialı və Cavabdeh arasında olan müqavilənin adından (Təhsil xidmətlərinin göstərilməsinə dair”) da göründüyü kimi, təhsil xidmətləri göstərilməsi ilə bağlı olmuşdur. Məhkəmə bildirir ki, tədrisin keyfiyyət meyarı şagirdlərin fənlər üzrə əldə etdikləri biliklərinin sonradan test yoxlaması nəticələrinin göstəricilərindən asılı olaraq qiymətləndirilməlidir. Nəticələr nə qədər yüksək olarsa, tədrisin keyfiyyəti bir o qədər qənaət bəxş hesab edilməlidir. Cavabdeh tədrisin keyfiyyətini mübahisələndirərək xidmət haqqının qalıq hissəsini ödəməkdən imtina etməsini bununla əsaslandırsa da, lakin tədrisin keyfiyyətinin aşağı olması işin hər hansı halı ilə müəyyən edilməmişdir. Belə ki, iş materiallarında iddiaçı tərəfindən təqdim edilən şagirdlərin qiymətləndirmə cədvəllərindən müəyyən edilir ki, şagirdlərin təhsili barədə məlumatlar (qənaətbəxş olubolmaması, çalışqanlığının dərəcəsi, dərsdə aktivliyi, dərslərə hazırlıqlı gəlib-gəlməməsi və s) onların valideynlərinə həmin cədvəllərdə qeyd edilməklə müəyyən qədər çatdırılmışdır. Həmçinin cavabdeh tərəfindən təqdim edilən övladının qiymətləri barədə məlumatlardan da müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehin övladının qiymətləri əsassız olaraq şişirdilməmiş, cavabdehin dediyi kimi xidmət haqqının kəsilməməsi üçün cavabdehə yalan məlumat verilməmiş və cədvəllərdə övladının tapşırıqları qismən yerinə yetirdiyi, daha çox çalışmalı olduğu və s. bildirilmişdir. Cavabdeh həmçinin bildirir ki, müqavilədə nəzərdə tutulduğu kimi iddiaçı övladının illik monitorinqin nəticələrinə görə keçid balını keçməməsinə rəğmən aralarında bağlanmış xidmət müqaviləsinə xitam verməmişdir. Məhkəmə həmin hala hüquqi qiymət verərək, hesab edir ki, şagird illik monitorinqin nəticələrinə görə keçid balını keçməzsə valideynlə bağlanmış müqaviləyə xitam verilməsi iddiaçı müəssisənin hüququ olaraq nəzərdə tutulmuş, vəzifəsi olaraq müəyyən edilməmişdir. Həmçinin, tərəflər arasında bağlanmış sonuncu 2023-2024 tədris ili üçün nəzərdə tutulmuş müqavilədə, tərəflər razılığa gəlmişdirlər ki, həmin müqaviləyə sonradan hər hansı səbəbdən xitam verilərsə belə, müqavilə üzrə nəzərdə tutulmuş təhsil haqqı ödənilməlidir. Beləliklə də, araşdırılmış sübutlar əsasında İddiaçı tərəfindən cavabdehin övladına lazımi qaydada təhsil verilməsi faktı öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, iddiaçının müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməməsinə dair cavabdehin etirazının dəlillərinə Mülki Məcəllənin sadalanan müddəaları baxımından iddiaçının hazırki tələblərinin məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməsi barədə qənaəti qanunauyğundur. Belə ki, tərəflər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 14.2.1, 390.1, 386.1. 405.1-ci maddələrinin mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Azərbaycan Respublikası MM-nin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehin övladına müqavilədə nəzərdə tutulmuş təhsil xidmətlərini göstərməsi faktı təsdiq edilsə də, sonuncunun müqavilə tərəfi olaraq üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməyərək təhsil haqqını müqaviləyə uyğun qaydada ödəməmişdir. Bu isə müqavilə üzrə cavabdehin üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 10.2-ci maddəsinə əsasən tərəflər arasında bağlanmış müqavilənin qüvvəsini itirməsi, valideyni həmin müqavilə üzrə yaranmış təhsil haqqı borcundan azad etmir. Beləliklə də, məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə təmin edilməklə iddiaçıdan cavabdehin xeyrinə 2023-2024 tədris ili üzrə 3.843 manat məbləğində pul tutulmalıdır. Məhkəmə hesab edir ki, ilk iddia üzrə cavabdehin mövcud olmuş müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməməsi və ilk iddiaçıya borclu olması işin araşdırılmış halları ilə öz təsdiqini tapdığından, qanunvericiliyin və eləcə də tərəflər arasında bağlanmış müqavilənin tələbi baxımından tərəflər arasında bağlanmış müqaviləyə xitam verilməsi tərəfləri həmin müqavilədən irəli gələn öhdəliklərini sonadək icra etmək vəzifəsindən azad etmir. Məhkəmə həmçinin iddiaçının dəbbə pulunun tutulması barədə tələbinə qiymət verərək, hesab edir ki, iddia göstərilən hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icrasının gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasını aralarında bağlanmış müqavilənin 7.2-ci maddəsinin tələbləri baxımından əsaslandırmışdır. Lakin cavabdehin təhsil haqqını hansı vaxtdan gecikdirməsi və müddətin nə qədər olması işin müəyyən edilməyən halıdır. Odur ki, məhkəmə tələb edilən dəbbə borcuna Mülki Məcəllənin 467-ci maddəsinə əsasən şişirdilmiş borc olaraq qiymət verir və həmin məbləğin 100 manat tutulmasını məqsədəmüvafiq və ədalətli hesab edir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə iddia tələbinin dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, ödənilmiş dövlət rüsumu qiymətləndirilən iddia kateqoriyasına aid iddialar kimi, yəni tələb edilən pul vəsaitinə münasibətdə ödənilmişdir. Tələb edilən ümumi pul vəsaitinə münasibətdə təmin edilmiş iddia isə cəmi 3943 manat olduğundan, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 54,75 manat dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməli, dövlət rüsumunun qalan 17,25 manat hissəsi iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ : İlk iddia qismən təmin edilsin. Cavabdeh 3.843 manat ödənilməmiş təhsil haqqı, 100 manat dəbbə pulu olmaqla cəmi 3943 manat və 54,75 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı (müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Dövlət Vergi Xidməti cəlb edilməklə) “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə İddiaçı tərəfindən ödənilmiş 17,25 manat dövlət rüsumu, habelə qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən ödənilmiş 112 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar