Məhkəmə qərarları › İş №e-2(005)-229/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-229/2023

22.09.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-229/2023 22.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2 və Cavabdeh qanuni nümayəndəsinin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Nərimanov rayon Nərimanov Bələdiyyəsi cəlb edilməklə, Cavabdeh qarşı icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Nərimanov rayon Nərimanov Bələdiyyəsi cəlb edilməklə, Cavabdeh qarşı icarə müqaviləsinin bağlanılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 589,4 kv.m torpaq sahəsinə dair aylıq icarə haqqı 2947 manat olmaqla Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsinin bağlanması öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, dövlət əmlakının qorunub saxlanılması və ondan təyinatı üzrə səmərəli istifadə olunmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən aparılan monitorinq zamanı Cavabdeh məxsus qeyri-yaşayış binasının yerləşdiyi, dövlət mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 589,4 kv.m torpaq sahəsinin Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsi olmadan istifadə edilməsi müəyyən olunmuşdur. Bununla əlaqədar olaraq Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cavabdehə “istifadə edilən torpaq sahəsinin satın alınması və ya icarəyə götürülməsi barədə” xx.xx.2022-ci il tarixli, **********85 nömrəli məktubla müraciət edilsə də, cavabdeh tərəfindən torpaq sahəsinin satın alınmasından və ya icarə müqaviləsinin bağlanılmasından imtina edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qeyd edilən torpaq sahəsinin bazar dəyərinin müəyyən edilməsi üçün müstəqil qiymətləndiriciyə müraciət olunmuş və qiymətləndiricinin xx.xx.2022-ci il tarixli, SEM/A-664-755/2022 nömrəli rəyinə əsasən torpaq sahəsinin bazar dəyəri 1178800,0 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X5 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh qanuni nümayəndəsinin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələblərinə etiraz etdiyini bildirir və qeyd edir ki, iş üzrə iddiaçı iddia tələbində bir sıra qanunlara istinad edərək göstərmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 9.2-ci bəndinə əsasən Əmlak Məsələləri Dövlət Xidməti fiziki və hüquqi şəxslərin müraciəti əsasında onlara məxsus torpaq sahələrinin satışım həyata keçirə bilər. Üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaq sahələri satın alınması üçün ilk növbədə həmin müəssisə və obyektlərin mülkiyyətçilərinə təklif edilir. Mülkiyyətçilər təklifdən imtina etdikdə həmin torpaq sahəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada onların icarəsinə verilməlidir.” İddiaçının iddia ərizəsində Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı’nın 9.2-ci bəndinə istinad etməklə torpaq sahəsinin özəlləşdirilməsindən imtina etmələrini göstərmələri əsassızdır. Belə ki, torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı bizə heç bir müraciət olunmamışdır. İş materiallarında olan iddaçınm bildirişindən də göründüyü kimi, cavabdehə torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı müraciət edilməsi göstərilmir, bildirişdə bu hal göstərilsə də, həmin bildirişin kim tərəfindən qəbul edilməsi və həmin şəxsin cavabdehə nə kimi aidiyyatın olması göstərilməmişdir. İddiaçının iddia ərizəsində “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”nin 8-ci bəndinə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin illik icarə haqqı Bakı şəhəri üzrə torpağın bazar dəyərinin 3 faizi həcmində müəyyən edilir. Respublikanın digər şəhər və rayonlarında icarə haqqı torpağın bazar dəyərinin 2 faizi həcmində müəyyən edilir.” göstərməsinin bizə heç bir aidiyyatı yoxdur. İddiaçının istinad etdiyi bu qanun özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinə aiddir. Cavabdehin mülkiyyətində olan obyektin və istifadəsində olan torpaq sahəsinin bu bəndə heç bir aidiyyatı yoxdur. Torpaq sahəsi dövlət tərəfindən, yəni Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən cavadehin əmisi X3 ayrılmış, həmin sahədə onun tərəfindən öz şəxsi vəsaiti hesabına qeyri-yaşayış sahəsi inşa etdirilmiş və qeyriyaşayış sahəsi özəlləşdirildikdən sonra cavabdehə hədiyyə edilmişdir. O ki, qaldı iddiaçının istinad etdiyi qanunun tələblərinə, iddiaçı həmin qanunu iddia ərizəsində düzgün təsvir etməmişdir. Belə ki, “özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”nin 8-ci bəndinə əsasən, Torpaq sahələrinin icarəyə verilməsi şərtləri və müddəti “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icarəyə verənlə icarəçi arasında bağlanmış müqavilə əsasında müəyyən edilir, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin illik icarə haqqı Bakı şəhəri üzrə torpağın bazar dəyərinin 3 faizi həcmində müəyyən edilir. Respublikanın digər şəhər və rayonlarında icarə haqqı torpağın bazar dəyərinin 2 faizi həcmində müəyyən edilir. Dövlət mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi torpaq vergisinin 2 misli miqdarında müəyyən edilir. Dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqların icarə haqqı bu Əsasnaməyə uyğun müəyyən edilir. Bütün bunların nəzərə alınaraq, iddia tələblərinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 7 may 2017-ci il tarixli “Daşınmaz Əmlakın Bağışlanması” müqaviləsinin surətindən məlum olur ki, “Hədiyyə verən” X4 tərəfindən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 4016.9 kv.m olan qeyri-yaşayış binası tam mülkiyyət üzrə “Hədiyyə alan” Cavabdeh mülkiyyətinə verilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli-1 küçəsi ünvanında yerləşən 4016.9 kv.m sahəyə malik qeyri-yaşayış binası Cavabdeh tam payda xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2017-ci il tarixdə ********** nömrəli qeyd aparılmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdeh ünvanlanan “istifadə edilən torpaq sahəsinin icarəyə götürülməsi təklifi barədə” 25 aprel 2022-ci il tarixli bildirişdən məlum olur ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli-1 küçəsi ünvanında yerləşən qeyri-yaşayış binasının torpaq sahəsinin icarəyə götürülməsi təklif olunmuşdur. - Bakı şəhəri Nərimanov rayonu Nərimanov Bələdiyyəsinin 07 oktyabr 2022-ci il tarixli arayışından müəyyən olunur ki, ünvan 3 ünvanda yerləşən mülkün sahibi Cavabdeh, həmin mülkə görə Nərimanov Bələdiyyəsində əmlak və torpaq vergi qeydiyyatına alınıb, illər üzrə əmlak və torpaq vergisini ödəyir və 2022-ci il 31 dekabr tarixinə kimi əmlak və torpaq vergi borcu yoxdur. - "xxxx" MMC-nin rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli-1 küçəsi ünvanında yerləşən, icarəyə verilməsi nəzərdə tutulan 589.4 kv.m olan torpaq sahəsinin 27 aprel 2022-ci il tarixinə hesablanmış bazar dəyəri 1 178 800.0 manat təşkil edir. - "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə hesabatından görünür ki, ünvan 5 ünvanında yerləşən, dövlət istifadəsində olan, ümumi sahəsi 0.05894 ha təşkil edən torpaq sahəsinin 18 sentyabr 2023-cü il tarixinə hesablanmış bazar dəyəri 0.01 ha = 125.000 manat, 0.05894 ha = 736.750 manat təşkil edir. - AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 31 may 2023-cü il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli-1 küçəsi ünvanında yerləşən Cavabdeh adına olan 0.05894 ha həyətyanı torpaq sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən ******* manat məbləğində müəyyən edilmişdir. - AR Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 293 nömrəli Sərəncamından görünür ki, Əhməd Rəcəbli küçəsinin davamı olaraq yeni çəkilən yolun kənarında yerləşən ofis binasının vətəndaş B.H.Məmmədovun adına rəsmiləşdirilməsinə icazə verilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1, 700.2, 706,1 390.1, 390.3, 399.1-ci maddələrinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir, icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli-1 küçəsi ünvanında yerləşən qeyri-yaşayış binasına dair hüquqlar xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh adına rəsmiləşdirilmişdir. Bu barədə əmlakın dövlət reyestrində 55 nömrəli reyestr kitabının 5138 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, iddia tələbləri təmin edilməli deyildir. Belə ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 390.3-cü maddəsi təşkil edir. Həmin normaya görə, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Mülki Məcəllənin adıçəkilən müddəasının təhlili göstərir ki, müqavilə bağlamaqda azad olan mülki hüquq subyektlərinin müqavilə bağlamağa məcbur edilməsinə, bir qayda olaraq, yol verilmir. Lakin qanunverici bu qaydaya iki istisna müəyyən etmişdir: 1) müqavilə bağlamaq vəzifəsinin Mülki Məcəllədə və ya 2) tərəfin könüllü götürdüyü öhdəlikdə nəzərdə tutulması. Hazırki işdə qeyd olunan hallardan heç biri mövcud deyil. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 11-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisi icarə müqaviləsi bağlamaqdan imtina etdikdə torpaq sahəsi hərrac vasitəsilə başqa şəxslərə satıla bilər. Göründüyü kimi, obyektin mülkiyyətçisi icarə müqaviləsi bağlamaqdan imtina etdikdə torpaq sahəsinin hərrac vasitəsilə başqa şəxslərə satılması imkanı qanunvericilikdə nəzərdə tutulsa da, qeyd olunan hüquqi münasibətlər üzrə icarə müqaviləsinin məcburi qaydada bağlanması imkanları qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdeh ünvanlanan “istifadə edilən torpaq sahəsinin icarəyə götürülməsi təklifi barədə” 25 aprel 2022-ci il tarixli bildirişdən görünür ki, iddiaçıya torpaq sahəsini satınalma təklif edilməyib. Belə ki, AR Prezidentinin xx.xx.2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət Əmlakının özgəninkiləşdirilməsinin ikinci Dövlət Proqramı”nın 9.2-ci bəndindən görünür ki, Əmlak Məsələləri Dövlət Xidməti fiziki və hüquqi şəxslərin müraciəti əsasında onlara məxsus torpaq sahələrinin satışını həyata keçirə bilər. Üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus məxsus torpaq sahələri satın alınması üçün ilk növbədə həmin müəssisə və obyektlərin mülkiyyətçilərinə təklif edilir. Mülkiyyətçilər təklifdən imtina etdikdə həmin torpaq sahəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada onların icarəsinə verilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ünvan 1 ünvanında yerləşən 589,4 kv.m torpaq sahəsinə dair aylıq icarə haqqı 2947 manat olmaqla Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsinin bağlanması öhdəliyinin Cavabdeh üzərinə qoyulmasına dair iddia ərizəsi təmin edilməli deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 234-234 və 360-cı maddələrinə əsasən, məhkəmə qətetdi: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “icarə müqaviləsinin bağlanması öhdəliyinin Cavabdeh üzərinə qoyulması” barədə iddia tələbi rədd edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən 100 manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən tərəfə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar