Məhkəmə qərarları › İş №e-2(005)-2362/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2362/2023

16.10.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2362/2023 16.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1, Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 111.0 kv.m torpaq sahəsinə dair aylıq icarə haqqı 141. 44 manat olmaqla Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsinin bağlanması öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, dövlət əmlakının qorunub saxlanılması və ondan təyinatı üzrə səmərəli istifadə olunmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən aparılan monitorinq zamanı Cavabdeh tərəfindən dövlət mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən, 111.0 kv.m torpaq sahəsinin Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsi olmadan istifadə edilməsi müəyyən olunmuşdur. Bununla əlaqədar olaraq Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cavabdehə torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanılması barədə xx.xx.2022-ci il tarixli, **********5 nömrəli məktubla müraciət edilsə də, cavabdeh məktubu qəbul etməkdən imtina etmiş və bu barədə akt tərtib edilmişdir. Cavabdehin Əmlak Məsələləri Dövlət Xidməti ilə yuxarıda qeyd edilən ünvanda yerləşən torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanılmasından imtina etməsi qanunsuzdur və məhkəmə qətnaməsi ilə cavabdehin üzərinə Xidmətlə müvafiq icarə müqaviləsinin bağlanılması öhdəliyi qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli ********** nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi-1, 2C ünvanındakı qeyri-yaşayış binası cavabdehin mülkiyyətində olsa da, həmin binanın yerləşdiyi 110.0 kv m torpaq sahəsi cavabdehin istifadəsində olmaqla dövlət mülkiyyətindədir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmənin hazırlıq iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələri X3, X2 torpaq sahəsinin üzərində yerləşən tikilinin cavabdehə məxsus olmasına baxmayaraq həmin tikinin üzərində yerləşdiyi torpaq sahəsinin dövlətə məxsus olması səbəbindən həmin tikilinin qanunzsuz tikili hesab edilməməsi üçün torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanmalı olduğunu bildirərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh vəkili və nümayəndəsi Vəkil izahatında cavabdehin əmlakı alqı-satqı əsasında dəyərini ödəməklə aldığını bildirərək iddia tələbinin qanuni əsasının olmadığını bildirdi və iddianın təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: a)Mülki işin materialları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli-1 küçəsi ünvanında dövlət mülkiyyətində olan, Cavabdeh üzərində istifadə hüququ olduğu torpaq sahəsində yerləşən 89.5 kv.m sahəyə malik qeyri-yaşayış binası Cavabdeh tam payda xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2017-ci il tarixdə ********** nömrəli qeyd aparılmışdır. Torpaq sahəsi təyinatı üzrə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına daxildir. AR Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 427 nömrəli Sərəncamından görünür ki, Əhməd Rəcəbli küçəsi 29 saylı binanın arxasında yerləşən qeyri-yaşayış sahəsinin (avtoyuma) təqdim olunmuş layihəyə uyğun, mövcud vəziyyətdə vətəndaş Cavabdeh adına sənədləşdirilməsinə icazə verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdeh ünvanlanan "istifadə edilən torpaq sahəsinin icarəyə götürülməsi təklifi barədə” 21 dekabr 2022-ci il tarixli bildirişdən məlum olur ki, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış binasının torpaq sahəsinin icarəyə götürülməsi təklif olunmuşdur. Məktuba dair aktdan görünür ki, Cavabdeh məktubu almaqdan imtina etmişdir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh tam payda xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin həmin əmlakın yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində qalmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bu torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanması tələbi ilə Cavabdeh müraciət etmişdir. Cavabdeh müsbət cavab ala bilmədikdən sonra müvafiq müqavilənin bağlanması tələbi ilə məhkəməyə müraciət etmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1, 700.2, 706,1-cı maddələrinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir, icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1, 390.3, 399.1-ci maddələrinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına dair hüquqlar xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh adına rəsmiləşdirilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbləri təmin edilməli deyildir. Belə ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 390.3-cü maddəsi təşkil edir. Həmin normaya görə, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Mülki Məcəllənin adıçəkilən müddəasının təhlili göstərir ki, müqavilə bağlamaqda azad olan mülki hüquq subyektlərinin müqavilə bağlamağa məcbur edilməsinə, bir qayda olaraq, yol verilmir. Lakin qanunverici bu qaydaya iki istisna müəyyən etmişdir: 1) müqavilə bağlamaq vəzifəsinin Mülki Məcəllədə və ya 2) tərəfin könüllü götürdüyü öhdəlikdə nəzərdə tutulması. Hazırki işdə qeyd olunan hallardan heç biri mövcud deyil. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 11-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisi icarə müqaviləsi bağlamaqdan imtina etdikdə torpaq sahəsi hərrac vasitəsilə başqa şəxslərə satıla bilər. Göründüyü kimi, obyektin mülkiyyətçisi icarə müqaviləsi bağlamaqdan imtina etdikdə torpaq sahəsinin hərrac vasitəsilə başqa şəxslərə satılması imkanı qanunvericilikdə nəzərdə tutulsa da, qeyd olunan hüquqi münasibətlər üzrə icarə müqaviləsinin məcburi qaydada bağlanması imkanları qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdeh ünvanlanan "istifadə edilən torpaq sahəsinin icarəyə götürülməsi təklifi barədə” 21 dekabr 2022-ci il tarixli bildirişdən görünür ki, iddiaçıya torpaq sahəsini satınalma təklif edilməyib. Belə ki, AR Prezidentinin xx.xx.2000- ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Dövlət Əmlakının özgəninkiləşdirilməsinin ikinci Dövlət Proqramı”nın 9.2-ci bəndindən görünür ki, Əmlak Məsələləri Dövlət Xidməti fiziki və hüquqi şəxslərin müraciəti əsasında onlara məxsus torpaq sahələrinin satışını həyata keçirə bilər. Üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaq sahələri satın alınması üçün ilk növbədə həmin müəssisə və obyektlərin mülkiyyətçilərinə təklif edilir. Mülkiyyətçilər təklifdən imtina etdikdə həmin torpaq sahəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada onların icarəsinə verilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia ərizəsi təmin edilməli deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 234-234 və 360-cı maddələrinə əsasən, məhkəmə qətetdi: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi rədd edilsin. Qətnamədən tərəfə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar