Məhkəmə qərarları › İş №e-2(005)-2375/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2375/2024

30.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2375/2024 30.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndələri Qanuni nümayəndə2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 (qanuni nümayəndələri Qanuni nümayəndə2) cavabdehlər Cavabdeh1, Cavabdeh4 (qanuni nümayəndələri Qanuni nümayəndə1), Cavabdeh2, Qanuni nümayəndə1 və 5 Saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və payların müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qanuni nümayəndə1 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə vəfat etmiş X9 vərəsələri kimi Cavabdeh1, Cavabdeh4 miras əmlakdan hər birinə 1/10 hissədə, Qanuni nümayəndə1 2/10 hissədə verilmiş xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, iddiaçılar İddiaçı1 və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-1361/2023 saylı qətnaməsi ilə atalıq faktı tanınmış İddiaçı2 xx.xx.2022-ci il tarixdə vəfat etmiş X5nun vərəsələri kimi tanımaqla miras əmlaka iddiaçıların hər birinə 1/8,33333333 payının müəyyən edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı yetkinlik yaşına çatmayanlar İddiaçı1 və İddiaçı2 cavabdehlərdən yetkinlik yaşına çatmayanlar Cavabdeh4 və Cavabdeh2 ilə bacı-qardaş, Cavabdeh2 isə nəvələridirlər. xx.xx.2018-ci il təvəllüdlü İddiaçı1 məhrum X5 tərəfindən atalığı xx.xx.2018-ci ildə müəyyən edilmişdir. X3 xx.xx.2021-ci il təvəllüdlü İddiaçı2 atası olması faktı Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. X16 vəfat edərkən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 58,8 kv.m, yaşayış sahəsi 45,9 kv.m, yardımçı sahəsi 12,9 kv.m olan 3 otaqlı mənzil miras qalmışdır. Adları yuxarıda qeyd edilən cavabdehlərdən əlavə X3 həyat yoldaşı Qanuni nümayəndə1 da birinci dərəcəli vərəsədir. İddiaçıların qanuni nümayəndələri bu ilin mart ayında miras payının alınması üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin alınmasına dair notariat ofisinə müraciət edərkən, artıq miras əmlak ilə bağlı 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisində vərəsəlik işinin açıldığını, yetkinlik yaşına çatmayan bacı və qardaşları olan cavabdehlər Qanuni nümayəndə1 və Cavabdeh4 adına hər birinin miras əmlakdan 1/10 hissədə, Qanuni nümayəndə1 2/10 hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə rəsmiləşdirildiyi, yerdə qalan 1/10 hissənin açıq qaldığı bildirilmişdir. Cavabdeh2 miras payından Qanuni nümayəndə1 xeyrinə imtina etmişdir. Vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün müraciət etdikdə 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisində verilən xx.xx.2024-cü il tarixli imtina məktubunda MM-nin 1159-cu maddəsinə əsasən istinad edilərək bildirilmişdir ki, məhrumun vəfatı ilə əlaqədar onun birinci növbə üzrə vərəsələrinə qanunla müəyyən edilmiş qaydada vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Bununla iddiaçıların qanunla qorunan hüquqları pozulmuşdur. İddiaçıların vərəsəlik hüququ tanınmalı, onların da digər vərəsələr kimi atalarından qalmış əmlak üzərində payları tanınmalı və qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməlidir. Faktiki olaraq iddiaçılar atasından qalan miras əmlakı qəbul etmişdir. Belə ki, məhrum X1 Şəfəq Daşdəmir qızı ilə el adəti ilə toy etmiş, onların faktiki münasibətlərindən xx.xx.2018-ci il tarixində X17 anadan olmuşdur. X16 2018-ci ilin noyabr ayında Nəsimi rayon Qeydiyyat Şöbəsinə uşağın atasının olmasına dair ərizə verərək İddiaçı1 atalığının müəyyən edilməsi haqqında şəhadətnamə və doğum haqqında şəhadətnamə alınmışdır. X20 xx.xx.2021-ci il tarixində anadan olmuşdur. X16 ikinci övladı xx.xx.2021-ci il təvəllüdlü X18 da atası olmasına dair Nəsimi rayon qeydiyyat idarəsinə ərizə ilə müraciət etmək niyyətində olmuş, lakin onun vaxtsız ölümü uşağın atalığının müəyyən edilməsi haqqında şəhadətnamənin alınmasını mümkünsüz etdi. Belə ki, X16 iş üçün getdiyi Türkiyədə Covid 19 virusuna yoluxdu və uzunmüddətli müalicə olunsa da xx.xx.2022-ci ildə Türkiyədə vəfat etmişdir. İddiaçılar yetkinlik yaşına çatmadıqlarından onlar miras əmlakın qəbul edilməsi üçün ancaq X10 qalan şəxsi əşyaları, geyim əşyalarını, atalarına aid sənədləri götürməklə mirası qəbul etdiyini nümayiş etdirmişlər. İş materiallarında olan 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisindən olan vərəsəlik işindən də görünür ki, notarius tərəfindən digər vərəsələrdən birinin dairəsi müəyyən edilərək payı açıq saxlanılmışdır. Digər vərəsənin atalığının müəyyən edilməsi səbəbindən onun payı nəzərə alınmamışdır. Həmçinin vərəsəlik işindən də göründüyü kimi vərəsəlik işi xx.xx.2022-ci ildə açılsa da şəhadətnamə xx.xx.2023-cü ildə verilib. Çünki digər vərəsələr X9 xx.xx.2021-ci il təvəllüdlü İddiaçı2 atası olması faktının müəyyən edilməsi ilə bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət edildiyini bildirdilər. Vərəsələr ərizələrində cavabdehlərdən əlavə digər vərəsələrin olmadığını bildirməklə faktiki olaraq vərəsələri gizlətmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndələri Qanuni nümayəndə2 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa müvafiq izahat verərək bildirmişdir ki, iddiaçılar miras qoyanın faktiki nikahlarından olan uşaqlarıdır. Vərəsəlik şəhadətnaməsi verilərkən uşaqlardan birinin payı açıq saxlanılsa da, digər uşağın payı saxlanılmamışdır. Çünki şəhadətnamə verilən dövrdə uşağın atası kimi miras qoyan müəyyən edilmişdir. Miras qoyan vəfat etdiyindən sonradan məhkəmə qaydasında uşağın atası olması faktı müəyyən edilmişdir. iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəblərini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2022-ci il tarixdə yoluxucu olmayan xəstəlikdən ölmüşdür; - Ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən xx.xx.2023cü il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü ildə vəfat etmiş X4 qalmış əri (arvadı) Qanuni nümayəndə1 nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. Qanuni nümayəndə1 mülkiyyət haqqında şəhadətnamə verilən əmlakın ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə X14 verilmiş **********43-05101-093015 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 58.8 kv.m, yaşayış sahəsi 45.9 kv.m, yardımçı sahəsi 13.9 kv.m olan 3 otaqlı mənzildən ibarətdir. O cümlədən ərin (arvadın) ümumi əmlakdan payı ünvan 2 ünvanında mənzilin ½ hissəsindən ibarətdir; - qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X9 vərəsələri arvadı-Qanuni nümayəndə1 2/10 hissədə, qızı Cavabdeh1-1/10 hissədə, oğlu X21 1/10 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə X14 verilmiş **********43-05101-093015 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 58.8 kv.m, yaşayış sahəsi 45.9 kv.m, yardımçı sahəsi 13.9 kv.m olan 3 otaqlı mənzildən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2023-cü il tarixli qeydiyyat nömrəsi **********RS30506 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 2 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə məhdudiyyət qoyulmamışdır. Yerdə qalan 1/10 hissə pay açıq saxlanılmışdır; - Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1361/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.1981-ci ildə Ermənistan, Amasiya rayonunda anadan olmuş və xx.xx.2022-ci ildə X7 şəhərində ölmüş X9 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində doğulmuş və doğulması Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən doğum haqqında akt qeydləri kitabında xx.xx.2022-ci ildə 31 nömrə ilə qeydə alınmış X18 atası olması faktı müəyyən edilmişdir; - 5 Saylı Bakı "ASAN Xidmət" Mərkəzində Notariat Ofisinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, mərhumun vəfatı ilə əlaqədar onun birinci növbə üzrə vərəsəsi qanunla müəyyən edilmiş müddət ərzində müraciət edərək mirası qəbul etmiş və qanunla müəyyən olunmuş qaydada ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Məhkəməyə müraciət edilməsi tövsiyə olunur; - Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2018-ci ildə Qanuni nümayəndə2 doğulmuş X11 atası hesab edilmişdir; - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx.xx.2018-ci il tarixində anadan olmuşdur. X5, anası Qanuni nümayəndə2dır. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, miras qoyan X16 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Miras qoyana məxsus mübahisələndirilən mənzilin ½ hissəsinə ümumi birgə əmlak kimi arvadı Qanuni nümayəndə1 mülkiyyət hüququ olduğundan, qalan ½ hissəsi miras qoyanın vərəsələri olan cavabdehlər arasında bölünmüşdür. Miras qoyanın vərəsələri Cavabdeh1 (qızı), Qanuni nümayəndə1 (arvadı) və Cavabdeh2 (anası) olmuşdur. Vərəsələrdən biri Cavabdeh2 öz payından Qanuni nümayəndə1 xeyrinə imtina etmişdir. İddiaçılar isə mərhum X9 faktiki nikahlarından dünyaya gəlmiş övladlarıdır. Onlardan xx.xx.2018-ci il təvəllüdlü İddiaçı1 atalığı mərhumun ərizəsi əsasında müəyyən edilmiş və doğum haqqında şəhadətnamə verilmişdir. xx.xx.2021-ci il təvəllüdlü X18 atasının miras qoyan X16 olması məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Hazırda iddiaçıların qanuni nümayəndələri olan anaları məhkəməyə müraciət etmiş, onların atalarının miras qalmış əmlaklarından pay almaq hüquqlarına malik olmasına əsaslanaraq mərhumun rəsmi nikahdan olan övladları və arvadına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini və vərəsələrin paylarının müəyyən edilməsini xahiş edir. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarı ilə müəyyənləşdirilən hüquqi mövqeyin hazırkı işə tətbiqi mümkün deyildir. Çünki həmin qərarda “mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərarın qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil ediləcəyi” xüsusi olaraq göstərilmişdir. Hazırkı iş üzrə vərəsəlik münasibətləri 26 dekabr 2023-cü il tarixdən əvvəl, yəni xx.xx.2022-ci il tarixində yaranmışdır. Bu səbəbdən mübahisə həmin dövrdə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Mülki Məcəllənin 1243-cü maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki qanunvericilikdə mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilmişdir (Mülki Məcəllənin 1243-cü maddəsi). Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli, A.Nadirova və qeyrilərinin şikayəti üzrə 2022-ci il 16 mart tarixli Qərarları). Qanunverici mirasın qəbulunun formal üsulundan istifadə ilə bağlı müəyyən məhdudiyyətlər nəzərdə tutmuşdur ki, bunlardan ən başlıcası Mülki Məcəllənin 1246-cı maddəsində nəzərdə tutulmuş müddətlərdir. Hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Mülki Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyinə əsasən, ...qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Hazırki iş üzrə iddiaçılar mirasın açıldığı dövrdə və hal hazırda yetkinlik yaşına çatmamışdır və onlar Mülki Məcəllənin 28.2-ci maddəsinə əsasən mülki hüquq fəaliyyət qabiliyyətsizdir. Qanunda birbaşa müəyyən edilmiş hallar istisna olmaqla fəaliyyət qabiliyyətsiz şəxsin müstəqil qaydada öz iradəsinə uyğun olaraq mülki hüquq münasibətlərinə daxil olması, o cümlədən hüququ olan miras əmlakı qəbul etməsi və ya onun qəbulundan imtina etməsi mümkün deyildir. Mülki Məcəllənin 1244-cü maddəsi isə birbaşa müəyyən edir ki, mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Həmin norma, həmçinin nəzərdə tutur ki, fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər. Sonuncu norma yetkinlik yaşına çatmayan şəxslərin miras əmlakı qəbul etmələrinin üsulunu müəyyən etdiyi üçün, qanuni nümayəndələrinin səhlənkarlığı və ya digər hərəkətsizliyi nəticəsində mirasın qəbulu üzrə qanunla müəyyən edilmiş müddətin keçməsi yetkinlik yaşına çatmayanların miras əmlakdan və mülkiyyət hüququndan məhrum edilməsi ilə nəticələnə bilməz. Qeyd olunan yanaşma mülki qanunvericiliyin bu kateqoriya şəxslərin vərəsəlik hüquqlarını xüsusi təminat altına alan digər normaları ilə bir daha təsdiqlənir. Belə ki, Mülki Məcəllənin 1287-ci maddəsinə müvafiq olaraq, əgər vərəsənin mayası bağlanmışdırsa, lakin o hələ doğulmamışdırsa, mirasın bölüşdürülməsi yalnız həmin vərəsənin doğumundan sonra mümkündür. Əgər mayası bağlanmış, lakin hələ doğulmamış vərəsə sağ doğularsa, qalan vərəsələr mirası yalnız ona düşən payı ayırmaqla bölüşdürə bilərlər. Yeni doğulanın mənafelərinin müdafiəsi məqsədilə onun nümayəndələri bölgüdə iştiraka dəvət edilməlidirlər. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə eyni yanaşma mirasın açılmasından əvvəl doğulmuş, lakin miras açılarkən yetkinlik yaşına çatmadığı üçün fəaliyyət qabiliyyəti olmayan, müstəqil qaydada öz iradəsinə uyğun olaraq mülki hüquq münasibətlərinə daxil ola bilməyən vərəsələrə də tətbiq edilməlidir. İş materiallarında olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1361/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, xx.xx.2022-ci ildə X7 şəhərində ölmüş X9 xx.xx.2021-ci il təvəllüdlü X18 atası olması faktı müəyyən edilmişdir. Göstərilən qətnamə xx.xx.2022-ci ildə vəfat etmiş X9 ölümündən sonra qəbul edilmiş və bu səbəbdən qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli şəhadətnamə verilən zaman xx.xx.2021-ci il təvəllüdlü İddiaçı2 vərəsə kimi qeyd edilməmişdir. Digər tərəfdən atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2018-ci ildə Qanuni nümayəndə2 doğulmuş X11 atası hesab edilmişdir. Bununla bağlı xx.xx.2018-ci il tarixdə qeyd aparılmışdır. Qanun üzrə vərəsəlik haqqında xx.xx.2023-cü il tarixli şəhadətnamə verilən zaman isə onun payı açıq saxlanılmışdır. Mülki Məcəllənin 1300-cü maddəsinə görə, əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. Göründüyü kimi, qanun hətta olduğu yer məlum olmayan vərəsənin vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görmək vəzifəsini qalan vərəsələrin üzərinə qoyub. Bundan başqa, “Notariat haqqında” Qanunun 55-ci maddəsinə görə, açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. İş materiallarından görünür ki, miras açılarkən vərəsə kimi hazırki iş üzrə İddiaçı2 məlumat verilməmiş, mirasda digər vərəsələr müəyyən hissədə pay aldığı halda, iddiaçı vərəsə kimi müəyyən edilmədiyindən pay almamışdır. Sonuncunun mərhum X9 övladı olması Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmişdir və o, hazırda qanun üzrə vərəsə kimi tanınmasını tələb etməkdə haqlıdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, cavabdehlərin adına verilmiş çıxarış ləğv edilməli, miras əmlak üzrə vərəsələrin payları müəyyən edilməlidir. Məhkəmə miras əmlak üzərində payların nisbəti ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. ünvan 3 ünvanında yerləşən 9 saylı mənzilə dair X9 hüquqları xx.xx.2012-ci il tarixdə qeydə alınmışdır. X2 Xəyalə Ağabəy qızı ilə xx.xx.2005-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Bu isə öz növbəsində qeyd edilən əmlakın onların birgə nikah dövrlərində əldə edildiyini və X6 birgə əmlaka ½ pay hüququnun olmasını təsdiq edir. Bu barədə notarius tərəfindən 08 aprel 2023-cü il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə qüvvədədir. Belə ki, Mülki Məcəllənin 1151.2-ci maddəsinə uyğun olaraq, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Bu səbəbdən vərəsələr üçün mübahisələndirilən mənzilin digər yarısı üzrə paylar müəyyən edilməlidir. İş materiallarından görünür ki, mərhumun anası Cavabdeh2 gəlini Qanuni nümayəndə1 xeyrinə miras əmlaka olan payından imtina etmişdir. Bu isə onu göstərir ki, hazırki mülki iş üzrə vərəsə olaraq qəbul edilən şəxslər mərhumun övladları olan İddiaçı1, İddiaçı2, Cavabdeh1, Cavabdeh4 və rəsmi nikahda olduğu arvadı Qanuni nümayəndə1dır (Cavabdeh2 imtina etdiyi pay nəzərə alınmaqla). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, miras əmlakın 1/2 hissəsi üzərində İddiaçı1, İddiaçı2, Cavabdeh1 və Cavabdeh4 hər birinin 1/6 hissədə (ümumi əmlakdan 1/12 hissədə), rəsmi nikahda olduğu arvadı Qanuni nümayəndə1 isə, Cavabdeh2 imtina etdiyi pay nəzərə alınmaqla, 2/6 hissədə (ümumi əmlakdan 8/12 hissədə) pay hüququ tanınmalıdır. İddiaçı iddia ərizəsində hər bir vərəsənin 1/8,33333 hissədə paylarının müəyyən edilməsini xahiş etsə də, məhkəmə hesab edir ki, iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, qeyd olunduğu kimi, mənzil birgə nikah dövründə əldə edildiyindən yalnız sağ qalan arvadın payı ayrıldıqdan sonra, qalan əmlak vərəsələr arasında bölünə bilər. Bu səbəbdən iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1 və 119.2-ci maddələrinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Hazırki mülki iş üzrə iddiaçılar yetkinlik yaşına çatmayan şəxs olduqları üçün dövlət rüsumu ödənilməmişdir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.16-cı maddəsinə görə, öz hüquqlarının müdafiəsi barədə ərizələr üzrə – yetkinlik yaşına çatmayanlar dövlət rüsumu ödəməkdən azad olunurlar. Cavabdehlərdən Cavabdeh1 və Cavabdeh4 yetkinlik yaşlarına çatmayan şəxslər olduqlarından, ödənilməli olan dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Qanuni nümayəndə1 tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli və həmin vərəsəlik şəhadətnaməsi əsasında verilmiş çıxarışlar ləğv edilməli, X8 miras qalmış ünvan 2 ünvanında yerləşən mənzilin ½ hissəsi üzərində miras qoyanın qanun üzrə vərəsələri İddiaçı1, İddiaçı2, Cavabdeh1 və Cavabdeh4 hər birinin miras payı 1/6 hissədə, Qanuni nümayəndə1 miras payı 2/6 hissədə müəyyən edilməlidir. İş üzrə dövlət rüsumu olaraq ödənilməli olan 100 manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Qanuni nümayəndə1 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin və həmin vərəsəlik şəhadətnaməsi əsasında verilmiş çıxarışlar ləğv edilsin. X8 miras qalmış ünvan 2 ünvanında yerləşən mənzilin ½ hissəsi üzərində miras qoyanın qanun üzrə vərəsələri İddiaçı1, İddiaçı2, Cavabdeh1 və Cavabdeh4 hər birinin miras payı 1/6 hissədə, Qanuni nümayəndə1 miras payı 2/6 hissədə müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilməli olan 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Qanuni nümayəndə1 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, tərəfə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar