Məhkəmə qərarları › İş №e-2(005)-2377/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2377/2025

24.09.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2377/2025 24.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa edilməsi, əmək haqqının, son haqq-hesabın ödənilməsi və sair tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işə bərpa olunması, məcburi proqula görə əmək haqqı, son haqq-hesabın ödənilməsinin gecikdirilməsinə görə 1 faiz ödəncin ödənilməsi və xəstələndiyi vaxtlara görə (ilan sancması və çaqqal tutması) xərc ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması və ötürülmüş müddətin üzrlü hesab edilməsi barədə ərizələr təqdim edərək, əmrin ləğv olunması, işə bərpa olunması, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, 3000 manat ödənilməmiş əmək haqqının tutulması, son haqq-hesabın gecikdirilməsinə görə 1 faiz məbləğində ödənişin tutulması və xəstələndiyi zamanlarda ilan çalması və çaqqal tutması nəticəsində çəkilmiş 4300 manat xərcin, həmçinin mənəvi zərərə görə 2000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini, səhhətini, müxtəlif məhkəmələrə dəfələrlə müraciət etmək məcburiyyətində qalmağını, mediasiyaya müraciət etmək tarixini nəzərə alaraq iddia müddəti ötürülmüşdürsə müddətin ötürülməsinin üzrlü hesab edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, cavabdeh təşkilatla müqavilə bağlamaqla xx.xx.2024-cü il tarixdə həmin təşkilatda gözətçi-bağban kimi işə qəbul olunmuşdur. Bu barədə olan müqavilənin surəti ona verilməmişdir. Həmin təşkilatda 5 aya yaxın müddətdə heç bir əmək intizamını pozmadan, heç bir intizam tənbehi almadan işləmişdir. Lakin xx.xx.2024-cü il tarixdə onu qüvvədə olan əmək qanunvericiliyinin tələblərini pozmaqla tam qanunsuz və əsassız olaraq işdən çıxarmışlar və bu tarixdə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildiriş verilmişdir. Onun qanunsuz və əsassız olaraq birtərəfli qaydada əmək müqaviləsinə müdiriyyət tərəfindən xitam verildiyindən əmək qanunvericiliyinin tələbinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə müdriyyətin qərarı (əmri) etibarsız hesab olunmalıdır və o məcburi iş buraxmaya görə əmək haqqı almaqla işinə bərpa olunmalıdır. O, məhkəməyə 1 ay müddətində müraciət etməli olduğuna görə müddəti ötürməmək məqsədi ilə əvvəlcə həmin iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Bu addımı atmaqda məqsədi müddətin ötürülməsinin qarşısını almaq olmuşdur. O Füzuli rayon Məhkəməsinə müraciət etdikdən sonra həm Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Təminat Nazirliyinə, həm aidiyyatı üzrə 1 saylı X2, həm də cavabdeh təşkilatın "xxxx" MMC-nin baş idarəsi olan Binəqədi rayon Təşkilatına xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Füzuli rayon Məhkəməsi xx.xx.2024-cü il tarixdə, 2(064)-1904/2024 saylı qərardadı ilə Mediasiya Təşkilatına müraciət etmədiyinə görə işi geri qaytarmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Təminat Nazirliyi xx.xx.2024-cü il tarixli, 3-17-5/2-Q-93127/2024 saylı məktubu ilə cavabdeh təşkilatın əməllərini araşdırmış Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən protokol yazaraq, işi Nərimanov Rayon Məhkəməsinə göndərmiş və Nərimanov Rayon Məhkəməsi cavabdeh təşkilatı şifahi olaraq bildiyi məlumata görə 20000 manat + 3000 manat məbləğində cərimə etmişdir və yuxarıdakı məktubu ona ünvanlamışdır. Nərimanov rayon Məhkəməsində işə baxılarkən cavabdeh təşkilat ona ərizəni geri götürəcəyi təqdirdə 2000 manat pul təklif etmişdir. Lakin, o bu puldan imtina etdiyi üçün və barışığa getmədiyindən cavabdeh təşkilat cərimə olunmuşdur. Nərimanov rayon Məhkəməsində izah edilmişdir ki, cavabdeh təşkilatın regional ofisi Xocavənd rayonunda yerləşdiyindən o, yuxarıdakı iddia ərizəsilə Füzuli rayon Məhkəməsinə deyil, Xocavənd rayon Məhkəməsinə müraciət etməlidir. O, işə qəbul olunaraq təxminən 1 ay yarım işlədikdən sonra xx.xx.2025-ci il tarixdə onu iş zamanı sağ baldırından ilan sancmış və o, xəstəxanaya çatdırılmışdır. xx.xx.2024-cü il tarixdən 30 iyun 2024-cü il tarixinədək Füzuli rayon X3 Hüquqi şəxsində, daha sonra isə ambulator müalicə almışdır. xx.xx.2024-cü il tarixdə işə buraxılmışdır. xx.xx.2024-cü il tarixdə gözətçi olduğu üçün obyektin ətrafında gəzərkən səhər saat 6-da onu çaqqal dişləmişdir. Həmin vaxt xx.xx.2024-cü il tarixdə, yəni onu çaqqal dişləyəndən 1 gün əvvələ qeydə almaqla müdriyyət onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsi ilə işdən çıxarmışdır. Bu barədə ona bildiriş xx.xx.2024-cü il tarixdə verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, o cavabdeh təşkilatda cəmi 4 ay işləmişdir. Ancaq 1 ayın əmək haqqı ona verilib. O da karta köçürüldükdən sonra özləri tərəfindən silinmişdir. İşlədiyi müddətdə 2 dəfə xəsarət almışdır, bülleteni və digər sənədləri məhkəməyə təqdim etmişdir. Xəsarət aldığına görə 1 ay 18 gün müalicədə olmuşdur. İlk dəfə ilan sancmış, sağaldıqdan sonra 10 gün müddətində işləmişdir. Daha sonra çaqqal hücumuna məruz qalmışdır. Hər iki hadisə tezdən 6-7 radələrində baş vermişdir. Xəstəxanada müalicə alıb qayıtdıqdan sonra ona 200 manat pul verilib. 315 manat da bir dəfə ödənilib. Cavabdeh tərəfindən ona cəmi 1315 manat pul ödənilib. Ona 2000 manat pul təklif edilmişdir. 2000 manat puldan 200 manatı xərcləmişdir. Lakin həmin pul qarşılığında ondan inzibati iş üzrə onların istədikləri formada məhkəməyə ərizə təqdim etməyini tələb etdilər. O da həmin ərizəni verməyəcəyini bildirmiş və məhkəmədən əvvəl 1800 manat pulu geri qaytarmışdır. İş saatı 9-dan 6-dək olsa da, gecə-gündüz orada qalıraq gözətçilik edirdi. Maaşı isə 1000 manat verəcəklərini söz vermişdilər. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, iddiaçı ilə rəsmi müqavilə 22 iyul-31 iyul aralığında bağlanmışdır. İddiaçının müqaviləsi 7 günlük müddəti əhatə etmişdir. İddiaçının rəsmi işlədiyi dövr üçün əmək haqqı ödənilmiş və son haqq-hesab da edilmişdir. Hətta iddiaçıya rəhbərlik tərəfindən köməklik məqsədi ilə artıq 315 manat pul ödənilmişdir. İddiaçı qeyd edir ki, onu müxtəlif işlərdə gecə də işlədiblər. Lakin bu doğru deyil. Əmək müqaviləsindən də göründüyü kimi iddiaçının iş saatı 09:00-dan 18:00-a kimi olmuşdur. İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə əsas səbəb iddiaçının intizamsız olması omuşdur. O, çox zaman işdə olmalı olduğu halda işdə olmamış və bunun kimi bir çox nöqsanlara yol vermişdir. İddiaçının aprel ayından işə başlamasını qəbul edirlər. Bununla bağlı məhkəmə qərarı da var, cavabdeh şirkət inzibati qaydada cərimə edilmişdir. İddiaçıya qeyri-rəsmi işlədiyi dövr üçün də əmək haqqı ödənilmişdir. Əmək müqaviləsinə əsasən iddiaçıya 345 manat əmək haqqı ödənilməli idi. Tutulmalardan sonra ona 315 manat əmək haqqı ödənilib. İddiaçının bildirdiyi kimi qeyri-rəsmi maaşı 1000 manat olmamışdır. İlan sancması isə iş saatı daxilində baş verməmişdir. Şahidlər də bu halı təsdiq edir. Onların heç bir borcu qalmamışdır. İddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin surətindən göründüyü kimi, iddiaçı xx.xx.2024-cü il tarixindən gözətçi vəzifəsinə işə qəbul edilmişdir. Əmək haqqı 345 manat təşkil etmişdir. İş saatı 9:00-dan 18:00-dək müəyyən edilmişdir; - Əmək müqaviləsinə xitam verilməsi barədə 65/24 nömrəli, xx.xx.2024-cü il tarixli əmrin surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən, tərəflərdən birinin təşəbbüsü ilə xitam verilmişdir; - "xxxx" ASC tərəfindən təqdim edilmiş ödəniş kartı üzrə çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə kart hesabına 315 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2024-cü il tarixdə məbləğ hesabdan məxaric edilərək, nağdlaşdırılmışdır; - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-7/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Cavabdeh MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 20000 manat miqdarında inzibati cərimə tənbeh tətbirinin tətbiq edilməsi qərara alınmışdır; - Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışın surətindən görünür ki, Cavabdeh MMC xx.xx.2025-ci il tarixində keçirilmiş mediasiya sessiyasında iştirak etməmişdir; - Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, o, cavabdeh şirkətin ərazisində yaşayır. İddiaçı ilə qohumdur. İddiaçının vəzifəsinin nə olduğunu, gecə növbəsində də işləyib-işləmədiyini bilmir. Bu barədə məluatı yoxdur. İlan sancması və çaqqal dişləməsindən sonradan məlumatlı olmuşdur. Bu məsələdən sonra Hətəm müəllim ona demişdir ki, iddiaçıya köməklik göstərmək istəyir. O, ona 2000 manat pul verdi ki, iddiaçıya versin. O da həyat yoldaşı ilə (iddiaçının bacısı) birlikdə iddiaçının evinə getmiş, həmin pulu arvadının yanında ona vermişdir. Həmin pul da təqribi olaraq qış aylarında verilib. Hətta Hətəm müəllim iddiaçının xəstə olduğu dönəmlərdə də ona çox köməklik edib, oğlunun Gürcüstanda müalicə almasına da köməklik edib; - Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirmişdir ki, o, 2023-cü ildən cavabdeh şirkətdə aqrotexnik vəzifəsində işləyir. İddiaçını isə 2024-cü ilin may ayından tanıyır. İddiaçı həmişə əraziyə gəlirdi, onu görürdü. Bir müddət sonra ona zəng edərək onu ilan sancdığını bildirdi. O da iddiaçının yanına gedərək onu dediyi yerə apardı. İddiaçını ilan sancan zaman şirkətin ərazisində deyildi. Bir qədər kənarda yerləşən hərbi hissənin yanında səhər saatları 7-8 arası ilan iddiaçını sancmışdı. Yəni iş başlamamışdan əvvəl baş vermişdi. Bir dəfə də ona zəng etdi ki, onu çaqqal dişləyib. Yenə də iddiaçıya köməklik göstərdi, ərazidən çıxardı. Həmin hadisə də iş saatından əvvəl 7-8 arası olmuşdu. Onun çalışdığı dövrdə iddiaçının 7-8 günlük iş günü olmuşdur. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı, "xxxx" MMC ilə bağladığı xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə əsasən həmin şirkətdə gözətçi vəzifəsində işləməyə başlamışdır. xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə (ƏM-in 68.2-ci maddəsinin a bəndi ilə) xitam verilmişdir. İddiaçı işdən çıxma barədə ərizə yazmadığını, əmək qanunverciliyinin tələblərinin pozulduğunu bildirərək işə bərpa olunmasını, son haqq-hesabın, mənəvi zərərin ödənilməsini, iş vaxtı ilan sancması və çaqqal dişləməsinə görə zərərin ödənilməsini xahiş edir. Cavabdeh isə əmək haqqının tam ödənildiyinə, iddiaçının işinə məsuliyyətsiz yanaşdığına, ilan sancmasının iş vaxtı baş vermədiyinə istinad edərək iddiaya etiraz edir. İlk növbədə qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 1 və 8-ci bəndlərinə görə, əmək fərdi və ictimai rifahın əsasıdır. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər - işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük vermir. Əmək Məcəlləsinin 9-cu maddəsində göstərildiyi kimi, sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq, əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarındandır. Əmək Məcəlləsi işçi ilə əmək müqaviləsinin xitam verilməsi əsaslarını da dəqiq tənzim etməklə, əmək qanunvericiliyinin tələblərinə zidd əmək müqaviləsinə xitam verilməsinin yolverilməz olduğunu əks etdirir. Əmək Məcəlləsinin 76-cı maddəsinin 2-ci hissəsinə uyğun olaraq bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmçinin Əmək Məcəlləsinin 83.1-ci maddəsinə görə, əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Hazırkı işdə əmək müqaviləsinin xitamına dair əmrin verilməsinə əsas kimi Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə, yəni tərəflərdən birinin təşəbbüsü ilə işdən azad olunduğuna istinad edilmişdir. Qeyd edilməlidir ki, həmin maddədə tərəflərdən birinin təşəbbüsü qeyd edilsə də, bu anlayış yalnız işçinin təşəbbüsü ilə işdən azad edilməni ehtiva edir. Belə ki, işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə yalnız qanunverciliklə müəyyən edilmiş əsaslar olduqda Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilə bilər. Əmək Məcəlləsinin 69-cu maddəsində əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsinin qaydaları nəzərdə tutulmuşdur. Həmin maddənin 1-5-ci hissələrinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Qanunvericilik normalarının məzmunundan göründüyü kimi, işçi 1 ay qabaqcadan xəbərdarlıq etməklə, yazılı ərizə yazaraq əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam vermək hüququna malikdir. Həmçinin, əmək qanunvericiliyində hansı hallarda işçinin ərizədə yazıldığı gün əmək müqaviləsinə xitam verilməsinin mümkünlüyü dəqiq şəkildə qeyd edilmiş və bu halın yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda mümkünlüyü imperativ norma kimi nəzərdə tutulmuşdur. Qeyd edilən əmək müqaviləsini bağlamaq, həm də onu ləğv etmək müqavilə tərəfi kimi işçinin subyektiv hüququdur və o, bu hüququnu reallaşdırmaq üçün müqavilənin digər tərəfi sayılan işəgötürənin iradəsindən (əmrindən) asılı deyil və işəgötürənin əmri əslində mahiyyətinə görə əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi faktını yalnız rəsmiləşdirmək məqsədi daşıyır. Yəni, işçinin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edildiyi halda, onu işçi ərizə verməklə ləğv edir. İşəgötürən isə bu ləğvi Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinin tələbinə uyğun olaraq rəsmiləşdirir. Hazırki iş üzrə hər iki tərəfin izahatları və iş materialları ilə aydın olur ki, iddiaçı tərəfindən işdən çıxma barədə ərizə təqdim edilməmiş, işdən çıxarılması xahiş olunmamış, buna baxmayaraq, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli əmrin surətindən də göründüyü kimi, əmrdə əmək müqaviləsinə xitam verilməsi əsası kimi Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndi - tərəflərdən birinin təşəbbüsü maddəsinə istinad edilmiş və əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verildiyi göstərilmişdir. Bununla belə, iddiaçı tərəfindən hər hansı bir ərizə təqdim edilmədiyi müəyyən edilmiş, cavabdeh tərəf isə bu halı məhkəmə iclasında təsdiq etmişdir. Müvafiq ərizə, işçinin iradəsi olmadan əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xitam verilməsi qanunvericilik tələblərinin kobud pozuntusu hesab edilir. Göründüyü kimi, hazırki iş üzrə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 68, 69 və 76-cı maddələrinin tələbləri, bunun nəticəsində işçinin Konstitusiya ilə təsbit edilmiş əmək hüquqları pozulmuşdur. Bu hal isə əmrin ləğv edilməsi və Əmək Məcəlləsinin 300-cü maddəsinə görə iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi üçün hüquqi əsasdır. Belə ki, Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Göstərilənlərə əsasən hazırki iş üzrə əmək müqaviləsinə xitam verilməsi zamanı əmək qanunvericiliyinin tələbləri pozulduğundan məhkəmə hesab edir ki, iddia əmrin ləğv edilməsi, işə bərpa olunma və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsində təmin edilməlidir. İddiaçının iddia müddətinin ötürülməsinin üzrlü hesab edilməsi barədə ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia müddəti yalnız işə mahiyyəti üzrə baxılması yekunlaşanadək cavabdehin ərizəsi əsasında tətbiq edilə bilər, hazırki iş üzrə isə cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə verilməmişdir. İddia tələbinin ödənilməmiş 3000 manat əmək haqqının cavabdehdən tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə bağlanmış xx.xx.2024-cü il tarixdə ləğv edilmişdir. Hesabdan çıxarışdan görünür ki, iddiaçının hesabına 315 manat pul köçürülmüşdür. Əmək haqqı isə 345 manat təşkil etmişdir. Göründüyü kimi, iddiaçının işlədiyi 8 gün üçün əmək haqqı ödənilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia ödənilməmiş əmək haqqının ödənilməsi hissəsində təmin edilmədiyindən, əmək haqqının gecikdirilməsinə görə ödəncin tutulması hissəsində də təmin edilməməlidir. Qeyd olunmalıdır ki, cavabdeh şirkət əmək müqaviləsinin bağlanmasından əvvəl də hazırki iddiaçını müvafiq işlərin yerinə yetirilməsinə cəlb etmişdir. İddiaçı X6 bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə müraciət etmiş və daha sonra cavabdeh barəsində protokol tərtib edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Cavabdeh inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 20000 manat miqdarında inzibati cərimə növündə tənbeh tətbirinin tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə iclasında iddiaçı cavabdeh tərəfindən ona 1500 manata yaxın pul ödənildiyini bildirmişdir. Cavabdeh də öz növbəsində əmək müqaviləsiz, eləcə də müqavilə ilə işlədiyi dövrdə iddiaçının pulunun ödənildiyini, aylıq 345 manata razılaşdırıldığını bildirmişdir. İddiaçı isə aylıq 1000 manat əmək haqqı ödənilməli olduğunu bildirsə də bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Ödənilmiş əmək haqqının kart hesabından silinməsi dəlili ilə bağlı məhkəmə qeyd edir ki, bununla əlaqədar "xxxx" ASC-yə məhkəmə sorğusu göndərilmiş və təqdim edilən çıxarışdan da göründüyü kimi iddiaçının kartına 315 manat məbləğində əmək haqqı köçürülmüşdür. Bank çıxarışında həmin məbləğin sonradan nağdlaşdırıldığı da qeyd olunmuşdur. Yəni, kart hesabına daxil olan əmək haqqı bankomat vasitəsilə çıxarılmışdır. İddiaçı məhkəmə iclasında həmin məbləği özünün almadığını və kartdan başqa şəxs tərəfindən və ya onun iradəsi olmadan pulun silindiyini bildirmişdir. Lakin, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə iddiaçının mənəvi zərərin ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, işəgötürən tərəfindən işçinin qanunsuz olaraq işdən çıxarıldığı sübut edildiyi təqdirdə, bu hal iddiaçının mənəvi sarsıntı keçirməsi üçün əsas ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 saylı, 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarın 11-ci bəndinə əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi zərərə görə maddi məsuliyyət daşıyır. İşçiyə mənəvi zərərin ödənilməsi ilə əlaqədar müddəalar Əmək Məcəlləsinin 290-ci maddəsi ilə yanaşı bir sıra başqa maddələrində də (məsələn: 2, 16, 194, 195, 196, 202, 288 və 300-cü maddələrdə) nəzərdə tutulmuşdur. İşəgötürənin hər hansı qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində işçiyə vurulmuş mənəvi zərərin məbləği Əmək Məcəlləsinin 290-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilməlidir. Ali Məhkəmənin Plenumu həmin Qərarın 10-cu bəndində qeyd etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, iddiaçının qanunsuz olaraq işdən çıxarıldığı və məcburi iş buraxma nəticəsində müəyyən mənəvi iztirablar keçirməsi şübhəsizdir və o, bu hadisə, habelə ondan sonrakı proseslər zamanı keçirdiyi stres və əziyyətlərlə bağlı olaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin nəticəsində iddiaçının keçirdiyi mənəvi iztirabın xarakteri və dərəcəsini, yaşayışı üçün zəruri olan minimum əmək haqqından məhrum olmasını, məhkəmələrə müraciət etmək məcburiyyətində qalmasını, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməli, iddiaçıya dəymiş mənəvi zərərə görə 1000 manat məbləğində pul cavabdehdən tutularaq ona ödənilməlidir. Belə ki, mənəvi zərərə görə ödənilən təzminat iddiaçının gəlir əldə etməsinə deyil, keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmişdir. Əmək Məcəllənin 239-cü maddəsinin 1, 2 və 5-ci bəndlərinə görə, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. Hazırki iş üzrə iddiaçı iş vaxtı onu ilan sancdığını və çaqqal dişlədiyini, hadisənin səhər tezdən 6-7 radələrində baş verdiyini bildirmişdir. Cavabdeh isə iddiaçının iş vaxtının saat 9:00-dan 18:00-dək olduğunu, özünün istəyi ilə orada qaldığını qeyd etmişdir. Həmçinin əmək müqaviləsində işçinin iş saatının 9:00-dan 18:00-dək olduğu göstərilmişdir. Xüsusilə qeyd olunmalıdır ki, hətta ilan sancması və çaqqal dişləməsinin iş vaxtı ərzində baş verdiyi təsdiq olunsa belə, iddiaçının çəkdiyi xərclər, eləcə də bu hadisənin məhz işəgötürənin təqsiri üzündən baş verdiyi sübuta yetirilməmişdir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.4-cü maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.2-ci maddəsinə görə, hazırkı iddia ərizəsi üzrə 100 manat dövlət rüsumu tutulmalıdır. Mediasiya xərcinə görə iddiaçı tərəfindən 60 manat pul ödənilmişdir. Bu mənada məhkəmə hesab edir ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilməli olan dövlət rüsumunun əvəzi olaraq 40 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Beləlikə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli, 65/24 saylı əmr ləğv edilməli, İddiaçı əvvəllər tutduğu – Cavabdeh MMC-də gözətçi vəzifəsinə işə bərpa edilməli, Cavabdeh MMC-dən xx.xx.2024-cü il tarixindən başlayaraq işə bərpa edildiyi günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqı, mənəvi zərərə görə 1000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun əvəzi olaraq 40 manat məbləğində pul Cavabdeh MMC-dən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair cavabdehin xx.xx.2024-cü il tarixli, 65/24 saylı əmri ləğv edilsin. İddiaçı əvvəllər tutduğu Cavabdeh MMC-də gözətçi vəzifəsinə işə bərpa edilsin. xx.xx.2024-cü il tarixindən başlayaraq işə bərpa edildiyi günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqı, mənəvi zərərə görə 1000 (min) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun əvəzi olaraq 40 (qırx) manat məbləğində pul Cavabdeh MMC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar