Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2383/2023 18.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin onunla bağladığı əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2023-cü il tarixli, 3-29/3-1-228K/2023 nömrəli əmrinin ləğv edilməsi və Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1986-cı ildən Xaçmaz şəhər 6 saylı tam orta məktəbində rus dili və ədəbiyyatı müəlliməsi kimi pedaqoji fəaliyyətə başlamışdır. 1991-ci ildən 1997-ci il kimi Xaçmaz şəhər 1 nömrəli tam orta məktəbdə tədris hissə üzrə direktor müavini işləmişdir. 1998-ci ildən 2008-ci ilin yanvarına qədər Xaçmaz Rayon Təhsil Şöbəsində metodist işləmişdir, 23 yanvar 2008-ci ildən isə 2023-cü ilin fevral ayına qədər Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbdə direktor vəzifəsində işləmişdir, əməkdar müəllimdir. Azərbaycan Respublikası Elm və Təhsil Naziri cənab Emin Əmrullayevin xx.xx.2023-cü il tarixli 3-29/3-1-288K/2023 nömrəli əmri ilə əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə həmin tarixdən ləğv edilmişdir. Əmr ona 17 mart 2023-cü il tarixdə poçtla göndərilmişdir. Cavabdehə mübahisənin mediasiya prosesində həll edilməsi barədə təklif göndərməyinə baxmayaraq təklifi qəbul etməmiş, mediasiya sessiyasına gəlməmişdir. Bu barədə Mediasiya Şurasının Bakı 15 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixli, MŞB/MTO15/2023/00196/02 nömrəli arayış verilmişdir. Əmrin məzmunundan görünür ki, cavabdeh onunla bağlanan əmək müqaviləsini AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə ləğv etsə də, onun əmək funksiyası və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməyinin nədən ibarət olmasını əsaslandırmamışdır. AR Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndində göstərilir ki, bu Məcəllənin 70-ci maddəsinin "ç" bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin maddənin 3-cü bəndində göstərilir ki, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Qanunvericiliyinin bu tələbi əmrdə öz əksini tapmamışdır. Əmrin əsaslandırıcı hissəsində göstərilir ki, onunla bağlanmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvinə əsas nazir müavini Həsən Həsənlinin xx.xx.2023-cü il tarixli, 3-29-00-591 qeydiyyat nömrəli xidməti məlumatı, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin ilk Həmkarlar Təşkilatının xx.xx.2023-cü il tarixli, 4 nömrəli protokolundan çıxarış, müvafiq akt və izahatlardan ibarətdir. İşəgötürən göstərilən bu əsasların heç biri ilə onunla tanış etməmiş, onlara qarşı münasibətini öyrənməmiş, onları təkzib etmək üçün əsaslarının olub-olmamasını aydınlaşdırmamışdır. Ona görə də hesab edir ki, cavabdeh olaraq işəgötürən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə əmri qanunsuz və əsassızdır, əmr ləğv olunmalı və o, vəzifəsinə bərpa edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun uzahat verdi və əlavə olaraq bildirdi ki, bütün kitablar 2008-ci ildən mövcuddur və təlimata uyğun aparılmışdır. İllərdir Təhsil Nazirliyinin əməkdaşları yoxlamalar aparmış və hər şey qaydasında olmuşdur. Əlifba kitabında bütün şagirdlərin adları vardır. Təhsil Nazirliyinin əməkdaşları inventar kitabının olmadığını yazsalar da, bu tamami ilə yalandır, inventar kitabı həmişə olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək bildirdi ki, cavabdehin nümayəndəsi tərəfindən təqdim olunan sənədlər ilə tanış olmuşdur. Əmrin məzmunundan görünür ki, əmr lazımi qaydada əsaslandırılmamış və cavabdehin nümayəndəsinin təqdim etdiyi sənədlərdə göstərilən səbəblər iddiaçıya aid deyildir. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı öz izahatlarında yol verdiyi bütün nöqsanları etiraf etmişdir. Direktorun müavinin də bu barədə izahatı vardır. Əlavə olaraq bildirdi ki, məktəbin direktoru tərəfindən mənimsəmələr olmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2023-cü il tarixli, 3-29/3-1-288K/2023 saylı Əmrinə görə Xaçmaz şəhəri 9 nömrəli tam orta məktəbin direktoru X18 ilə bağlanmış əmək müqaviləsi müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəliklər və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən ləğv edilmişdir; ATİAHİ Quba-Xaçmaz Regional Təhsil İdarəsinin İlk Həmkarla Təşkilatının xx.xx.2023-cü il tarixli, 4 saylı protokoluna görə aparılan araşdırmanın nəticələrində, sənədlərdə və aktlarda göstərilən nöqsanlar və Quba-Xaçmaz Regional Təhsil İdarəsindən daxil olan məktuba əsasən Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbinin direktoru İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifəsindən azad olunması məqsədəmüvafiq hesab edilmişdir; Azərbaycan Respublikasının Elm və Təhsil Nazirinin müavini Həsən Həsənli tərəfindən Azərbaycan Respublikasının Elm və Təhsil Naziri Emin Əmrullayevə ünvanlanmış xidməti məlumatdan görünür ki, Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbin direktoru İddiaçı tutduğu vəzifədən azad olunması təklif olunmuşdur; xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Xaçmaz şəhəri 9 nömrəli tam orta məktəbdə aparılmış araşdırma zamanı tədrisin təşkilində, sənədləşdirmənin aparılmasında, rəhbərlik və nəzarətin həyata keçirilməsində həmçinin digər sahələr üzrə nöqsan və çatışmazlıqlar aşkar olunmuşdur; Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbdə aparılmış monitorinqin nəticələri barədə məlumatdan görünür ki, xx.xx.2023-cü il tarixdə sinif jurnallarına baxış keçirilmiş və bir sıra nöqsanlar aşkarlanmışdır; İddiaçı izahatında xx.xx.2023-cü il tarixdə Elm və Təhsil Nazirliyinin əməkdaşları tərəfindən məktəbdə aparılan yoxlamalar zamanı aşkar olunan çatışmazlıqlar onun diqqətinə çatdırılmışdır. Bundan başqa pedaqoji heyətin uçot kitabının qaytarılmaması aşkarlanmış və dərhal qaytarılmışdır. Attestat blanklarının uçotu və verilməsi kitabında mədaxil-məxaric qrafası yazılmamışdır. Bütün nöqsanların aradan qaldırılması üçün əməli işlər görülür. Məktəbdə yaranmış narazılıqlara görə əmək intizamı möhkəmləndirilmiş, işçilərin əmək intizamı tam bərpa olunmuşdur. Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbin təsərrüfat işlər üzrə direktor müavini Rəhimov Şöhrət tərəfindən verilmiş izahata görə xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə Elm və Təhsil Nazirliyinin əməkdaşları tərəfindən aparılmış yoxlama zamanı 2023-cü ilin invertarlaşdırma Aktının olmaması nöqsan kimi qeyd olunmuşdur. T.İ.Q-nun müdiri Həsənov İmran indiyədək təsərrüfat işlərindəki sənədləşmə işlərində heç bir kömək göstərməmişdir ki, bunun ucbatından Şimal bölgəsində bir neçə məktəbdə olmadığı kimi onların məktəbinin inventar kitabı da tələb olunan standartlara uyğun olmamışdır ki, bunu da Quba-Xaçmaz Regionalın əməkdaşları xx.xx.2023-cü ildə keçirdikləri monitorinq yoxlaması zamanı irad tutmuş, nöqsan kimi qeyd etmişdilər və o artıq istənilmiş qaydalara uyğun invertar kitabını təsis etmişdir; Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbində fərdi təhsil və dərsdənkənar məşğələlərə dair keçirilmiş monitorinqin nəticələrindən aydın olur ki, müxtəlif siniflər və dərslər üzrə sinif jurnallarında nöqsanlar aşkar olunmuş və qeyd olunmuşdur; Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbin tədris(təlim-tərbiyə) işləri üzrə direktor müavini X13 izahatından görünür ki, 2023-cü ilin yanvar ayından bəri məktəbdə bu vəzifədə çalışır. Təyin oldunduğu vaxtdan məktəbdə dərnək məşğələsi dərsdənkənar müəllimlər tərəfindən tədris olunmamışdır. Təyin olunduğu vaxtdan vəzifə bölgüsü aparılmayıb, səlahiyyətlərinə aid olan vəzifələrdən ona həvalə olunmayıb, yalnız ona 1-ci yarımilin nəticələrinin toplanılması tapşırılmışdır. Hansı siniflərə rəhbərlik edəcəyini məktəbin direktoru ona bildirməmişdir; Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini X7 izahatında bildirmişdir ki, 2021-ci ilin sentyabrından hazırkı vəzifəsinə təyin olunub. Məktəb üzrə dərnək və dərsdənkənar məşğələlər müəllimlər tərəfindən tədris olunmayıb, lakin həmin müəllimlərə əmək haqqı hesablanır. Məktəb üzrə səlahiyyətinə aid olan buraxılan və əvəz edilən dərslərin uçotu kitabı onun tərəfindən işlənmir, direktor tərəfindən işlənir. Məktəb üzrə dərnək, dərsdənkənar məşğələ evdə fərdi təhsil və məktəbdə fərdi təhsil cədvəlləri tərtib olunmamış, təsdiq olunaraq müəllimlər otağından asılmamışdı. Fərdi təhsilə cəlb olunan şagirdlər üçün dərs cədvəlləri tərtib olunmamışdı. Müəllimlərin evdə təhsildə dərslərin tədris olunması aparılmamışdır. Sinif otaqlarının çatışmaması nəticəsində bölünən saatları müəllimlər bir yerdə keçir; Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbin təşkilatçı müavini Məcidova Ellada tərəfindən yazılmış izahatda göstərilmişdir ki, dekabrın 6-sı polislər əməliyyat keçirdiyi zamandan Şöhrət Rəhimovla aralarında konflikt yaranmış, üstünə hücum çəkmiş, onu məqsədli şəkildə polislə əlbir olmaqda günahlandırmışdır. Vəziyyəti pisləşmiş, müalicə almışdır. Dekabrın 30-da məktəbə gəldiyi zaman Nadya adlı xadimənin vasitəsilə otağının açarını dəyişərək onu pis vəziyyətdə, koridorda qoymuşdur və bütün bu şikayətlərdən sonra Tünzalə müəllimə ona qarşı düşmən mövqe sərgiləmişdir. Yanvarın 9-u məktəbə gələndə Şöhrət tərəfindən onun üzərinə naməlum adam salınmış, o özünü insan resurslarından Emin adlı şəxs kimi təqdim etmiş, direktorun otağında direktorun iştirakı ilə ona hədə qorxu gələrək şikayətini geri götürməsini tələb etmişdir. Vəziyyəti pisləşmiş, təcili yardım gəlmişdir. Bu günə qədər müalicədədir; Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi X19 izahatında bildirmişdir ki, 2019-cu ilin sentyabrın 15-dən bu vəzifədə işləyir. 2022-ci ilin 20 sentyabr tarixindən 2023-cü ilin 09 yanvar tarixinədək ictimai əsaslarla təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsini icra etmişdir. Vəzifəsini icra edərkən “Təhsil haqqında” Qanunu, məktəbin fəaliyyət planını rəhbər almışdır. Direktor müavini vəzifəsini icra etdiyi müddətdə məktəbin fakültativ məşğələləri və dərnəklər üçün cədvəl tərtib etmiş, cədvəlləri müəllimlərə müəllimlər otağında təqdim etmişdir. Cədvəl üzrə fakültativ və dərnək müəllimlərinin tədris prosesini müəyyən vaxtlarda nəzərdən keçirmişdir; Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Xaçmaz rayon Təhsil sektorunun TİQ rəhbəri X32 izahatında göstərmişdir ki, dəfələrlə məktəb rəhbərliyinə və təsərrüfat müdirinə məktəbdə invertarizasiya aparmaq haqqında müraciət etmişdir. Lakin məktəbdə invertarizasiya aparılmamışdır. xx.xx.2022-ci il tarixdə məktəbə gəlmiş, məktəbin təsərrüfat müdiri işdə olmamışdır. İki dəfə telefon vasitəsilə əlaqə saxlamış, lakin təkrarən şərait yaradılmamışdır; Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbin xadiməsi Əlipaşayeva Gülşən tərəfindən verilmiş izahatda göstərilmişdir ki, 2001-ci ilin yanvarın 5-dən xadimə kimi işləyir, vəzifə bölgəsində onda kitabxana və akt zalı ayrılıb, lakin oranı nə zaman təmizlədiyini unudub. Ailə problemlərinə görə işə gələ bilmir. Əmək haqqını özü almır; Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbin xadiməsi Usmanova Elnarə tərəfindən verilmiş izahata görə 3-cü mərtəbənin xadiməsi o və Nadyadır. Gülşən akt zalının təmizliyinə baxır. Əlavə olaraq, X21, İbrahimova Gülşad və Rəhimova Arzu işləmir; Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbin xadiməsi Absəlimova Ruhəngizin izahatına görə 2-ci mərtəbədə xadimə o və Arzu Əkbərovadır. X21, İbrahimova Gülşad və Rəhimova Arzu işləmir; Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbin xadiməsi Əkbərova Arzunun izahatında göstərilmişdir ki, 2-ci mərtəbədə xadimə o və Ruhəngizdir. X21, İbrahimova Gülşad və Rəhimova Arzu işləmir; Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbin xadiməsi Əmirova Nadiyanın izahatına görə 3-cü mərtəbədə o və Elnarə xadimə, Gülşən isə akt zalına baxır. Əlavə olaraq, X21, İbrahimova Gülşad və Rəhimova Arzu işləmir; Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbin xadiməsi X14 izahatına görə 1-ci mərtəbənin xadiməsi o, Gülafət və Validədir. X21, İbrahimova Gülşad və Rəhimova Arzu işləmir; Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbin xadiməsi Məhərrəmova Gülafətin izahatına görə 1-ci mərtəbənin xadiməsi o Gülnaz və Validədir. X21, İbrahimova Gülşad və Rəhimova Arzu işləmir; Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbin xadiməsi Cavadova Validənin izahatında göstərilmişdir ki, 1-ci mərtəbənin xadiməsi o, Gülafət və Gülnazdır. X21, İbrahimova Gülşad və Rəhimova Arzu işləmir; Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi X1 izahatına görə 8a sinfində dərsdənkənar məşğələ jurnalında xx.xx.2023-cü il tarixində məşğələni keçsə də, jurnalı yazmağı sonraya saxlamış, 1-ci yarımilin sonu olduğundan yazı işlərinin çoxluğu səbəbindən xx.xx.2023-cü il tarixini jurnalda yazmağı unutmuşdur; Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbin ingilis dili müəllimi X2 izahatında göstərilmişdir ki, 9c və 9d siniflərində xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərində ingilis dili fənni üzrə dərsdənkənar məşğələni keçdiyi halda jurnalları yerində tapmadığına görə jurnalda qeyd apara bilməmişdir; Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbin texnologiya müəllimi X8 izahatına görə xx.xx.2023-cü il tarixindən məktəbin 5b sinif şagirdi Xəlil Əli ev təhsilinə cəlb olunmuşdur. Həmən sinifdə ona 0,5 saat texnologiya və 0,5 saat təbiət fənlərinin tədris olunması verilmişdir. O, xx.xx.2023-cü il tarixdə dərsi tədris etmək üçün onların evində olmuşdur. Jurnalda qeyd etmişdir. Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbin ingilis dili müəllimi X3 izahatına görə 9a sinfində xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərində və 8d sinfində xx.xx.2023-cü il tarixində ingilis dili fənni üzrə dərsdənkənar məşğələni keçdiyi halda jurnalları yerində tapmadığına görə jurnalda qeyd apara bilməmişdir; Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbin rus dili müəllimi Şahbalayeva.S tərəfindən verilmiş izahatda göstərilmişdir ki, 6c sinfində bəzi şagirdlərə qiymətləri karandaşla yazmışdır. Qiymətləri qələmlə işləmək sadəcə olaraq yadından çıxıb.(səh edib) Səhvini başa düşmüşdür. Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbin rus dili müəllimi X9 izahatına görə 4b sinfində təhsil alan Quluyev Coşquna tədris edilmək üçün 1 saat rus dili fənnindən dərs ayrılmışdır. Ailə vəziyyəti ilə əlaqədar olaraq şagirdə dərs deməyə evə getməmişdir və bu səbəbdən də jurnalı yazmamışdır. Bu haqda direktorluğa məlumat verməmişdir; Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbin müəllimi (10b sinfinin rəhbəri) X4 izahatına görə 10b sinif jurnalında ikinci yarımilin cədvəlini və şagirdlər tərəfindən buraxılmış dərslərin miqdarını yazmamışdır. Üzrlü hesab edilməsini xahiş edir. Bir daha belə səhvlərə yol verməyəcək; Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi X10 izahatına görə 11a sinfində Məcidov Müslümə səhvən qiymət yazmışdır. Qaralama düşməsin deyə şagirdin qiymətini silməmişdir. Bir daha belə səhvlərə yol verməyəcək; Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi X5 izahatına görə 11e sinfində dərsdənkənar məşğələ jurnalından xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixində məşğələni keçsə də, jurnalı yazmağı sonraya saxlamışdır. 1-ci yarımilin sonu olduğundan yazı işlərinin çoxluğu səbəbindən xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixini jurnala yazmağı unutmuşdur; Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbin rus dili müəllimi X11 izahatına görə 10a,b sinfində qiymətləndirməni karandaşla yazmışdır. Heç bir şagirdin qiymətini dəyişmək fikrində olmamışdır. Bu bir texniki səhvdir. Karandaşla yazmasının səbəbi bir səhv olmasın deyədir, sonra qələmlə həmin qiymətləri yazacaqdı. Bir daha belə səhvlərə yol verməyəcək, daha diqqətli olacaq; Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbin tarix müəllimi X25 tərəfindən verilmiş izahata görə xx.xx.2023-cü il tarixində 9b sinfində Zəfər tarixi dərsi olub. Dərsi olsa da, lakin jurnala həmin tarixi yazmamışdır. Mövzu çox maraqlı olduğu və zəfər paradı mövzusu olduğu və başı dərslə bağlı proseslərə qarışdığı üçün tarixi yazmaq yadından çıxıb; Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi X15 izahatına görə 9c sinif jurnalında 16, 19, 23, 26 yanvar 2023-cü il tarixlərini qoymağı unudub. Həmin günlərdə həmin sinifdə dərsini keçmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə müəllimlər otağında jurnal olmadığı üçün dərsə apara bilməmişdir. Sonrakı günlərdə isə başı dərs və qiymətləndirmə prosesinə qarışmış, həmin günləri qeyd etməmişdir; Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbin tarix müəllimi Məlikov Natiqin izahatına görə xüsusi təhsil sinfində təhsil alan 6-cı sinif şagirdi Hacıyev Elmirə sentyabr ayının əvvəllərindən tək formada dərs deməyə çalışmışdır. Lakin əqli qüsuru olduğuna görə şagirdlə ünsiyyət yarada bilməmiş, buna görə də şagirdi 6-cı sinif şagirdləri ilə birlikdə məktəbdə tədrisə cəlb etmişdir; Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Məmmədyarov Sakit tərəfindən verilmiş izahata görə fərdi təhsil alan 6-cı sinif şagirdi Elmirə həftədə 1 saat olmaqla riyaziyyat dərsini hər 2-ci gün saat 11:20-12:05-də ümumi siniflə birlikdə keçmişdir; Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbin Biologiya müəllimi X12 9a-19,24 və xx.xx.2023, 11b-xx.xx.2023, 10d-23 və xx.xx.2023, 11e-23 və xx.xx.2023 tarixlərində bu jurnalları yazmağı unutmuşdur çünki ilin sonu olduğu üçün yazı işləri çox idi. Əlbətdəki bu onun səhlənkarlığıdır; Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbin coğrafiya müəllimi X6 izahatına görə o 9d-də xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə kiçik summativ qiymətləndirmə keçirmişdir. Mikayılov Rəvanı diqqətindən yayınaraq qiymətləndirmişdir; Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İş mübahisəsiz hallarından da göründüyü kimi İddiaçı rəhbərlik etdiyi təhsil müəssisəsində aparılmış monitoriqlər zamanı tədris işinin təşkili, işçilərin əmək intizamı və əmək funksiyası üzrə vəzifə öhdəliklərinin icrası ilə bağlı bir sıra kobud nöqsanlara yol verdildiyi aşkar edilmişdir: Şagirdlərin dərsə davamiyyətinin aşağı olması, direktor İddiaçı rəhbərlik etdiyi təhsil müəssisəsində məhz özü tərəfindən 12 saat yarımqruplara bölünən dərsini tədris etməyərək 2380 manat əsassız əmək haqqı qazanılması, xüsusi təhsilin 6-cı sinfində təhsil alan Elmir Hacıyevə fərdi dərs keçirilməyərək bunun üçün 1684 əsassız əmək haqqının ödənilməsi, məşğələlər keçirilmədiyi halda dərnək rəhbərlərinə bunun üçün 1569 manat, 8-10-cu siniflərə fakültativ dərslər keçirilmədiyi halda 7 nəfər ixtisas müəlliminə isə bunun üçün 4819 manat əsassız əmək haqqının, kiçik xidmət edici heyət üzrə Gülşən Əlipaşayeva, Xeyransa Aslanova, Gülşad İbrahimova və Arzu Rəhimovaya əmək müqaviləsini yerinə yetirmədikləri halda əsassız olaraq 6428 manat əmək haqqının ödənilməsi. Göründüyü kimi təhsil müəssisəsi üçün ayrılmış vəsaitlər tədris işi ilə əlaqədar olmayan formada sərf edilmiş, bu vəsaitlər təyinatları üzrə istifadə edilməmişdir. Bundan başqa iş materiallarında olan təhsil müəssisəsinin kollektivinin üzvlərinin izahatlardan da təhsil müəssisəsində təhsilin təşkili və aparılması, eləcə də məktəbin idarə edilməsi ilə bağlı ciddi çatışmazlıqların mövcud olduğu, bunların bir çoxunun formalaşmasında məhz iddiaçının öz vəzifələrini layiqincə icra etməməsi və məsuliyyətsizlik göstərməsinin əhəmiyyətli rol oynadığı və onların aradan qaldırılması üçün hər hansı tədbirlər görülmədiyi məlum olur. Bundan başqa məhkəmə onu da qeyd edir ki, iş materiallarında olan və tədqiq edilmiş sübutlarla İddiaçı iş fəaliyyəti ilə bağlı nöqsanları məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır, bunu təkzib edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamış, həmçinin iddiaçı tərəfindən inkar edilsə də, mötəbər dəlillərlə əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur. 70-ci maddəsinin «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol veirlir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Məhkəmə qeyd edir ki, işçinin əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan, yerinə yetirilməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətin dairəsi anlaşılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsi əmək vəzifələrini kobud şəkildə pozulması kimi qiymətləndirən halları dəqiq şəkildə müəyyən edir. Göründüyü kimi İddiaçı tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi və 72-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuş, bu haqda onun barəsində verilmiş əmrdə əmək müqaviləsinin ləğv edilməsinin əsasları ətraflı olaraq qeyd olunmuş, bu əsaslar əmək müqaviləsinin ləğvi üçün kifayət etməklə birlikdə xx.xx.2023-cü il tarixli, 3-29/3-1-228K/2023 nömrəli Əmrin əsaslı olması təsdiq olunmuş, bunun əksinə olaraq iddiaçı tərəfindən irəli sürülən tələblərin həqiqəti əks etdirməsi işdəki sübutlarla təsbit olunmamış, nəticə olaraq məhkəmə iddia tələbinin əsassızlığı və əmrin əsaslılığı barədə nəticəyə gələrək iddianın təmin edilməməsi barədə nəticəyə gəlinməsinin məqsədəuyğun olduğunu hesab edir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair iddia tələbi məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən, əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada veridiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №e-2(005)-2383/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2383/2023
18.08.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver