Məhkəmə qərarları › İş №e-2(005)-2396/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2396/2022

23.06.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2396/2022 23.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Cavabdehlərin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Əsgər qızı və Cavabdeh2 Gumrah qızına qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi və onun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi ilə əlaqədar maneələrin yaradılması cavabdehlər Cavabdeh1 Əsgər qızı və Cavabdeh2 Gumrah qızına qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair iddiası ilə Nərimanov rayon məhkəməsinə müraciət etmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli İş № 2(005)- 4068/2021saylı qətnaməsi ilə iddia təmin edilmiş, ünvan 1 ünvanına İddiaçı və Cavabdeh1 Əsgər qızının ümumi birgə mülkiyyəti hesab edilməsi və həmin ev üzərində onun A hissəsində mülkiyyət hüququ tanınaraq bölünməsinə dair qətnamə qəbul edilmişdir. Qətnamədən, Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilməmişdir. Hal-hazırda İddiaçı mülkiyyətçisi olduğu ünvan 1 ünvanına daxil ola bilmir, buna cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı çıxır, lazımsız dava-dalaş salaraq maneələr yaradırlar. Məhz bu səbəbdən də, iddiaçı Balıyev X3 Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətindədir. İddiaçı iddia tələbini onunla əsaslandırır ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 140.57 kv.m olan mənzil iddiaçının tam mülkiyyətində idi. Cavabdehlər arvadı və qızı ona orada rahat yaşamasına imkan vermirdilər. Bu səbəbdən iddiaçı həmin əmlak üzərində arvadının da pay hisessini tanıtdırdı (Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli İş № 2(005)- 4068/2021saylı qətnaməsi ilə). Lakin buna baxmayaraq cavabdehlər yenə süni maneələr yaradır, dava-dalaş salırlar. Onlar iddiaçının ailə üzvü olsa da onu və digər ailə üzvlərini öz evlərində yaşamağa qoymur, həmin evdə yaşamağı iddiaçı üçün dözülməz ediblər. Onlar iddiaçıyla ailə üzvünə yaraşmayan tərzdə davranırlar, buna görə də, əslində, ailə münasibətləri tamamilə korlanmışdır və formal xarakter daşıyır. Həmin ev üzərində onun A hissəsində mülkiyyət hüququ tanınaraq bölünməsinə dair qətnamə mövcuddur. Balıyev ,evə sərbəst surətdə daxil ola bilmir, orada yaşaya bilmir. İddiaçı öz hüquqlarını tələb etdikdə isə mütəmadi olaraq evdə dava salırlar, iddiaçının və digər ailə üzvlərinin normal və rahat yaşamaqlarına imkan vermirlər. Göründüyü kimi cavabdehlər onun evində yaşayaraq və qeydiyyatla olmaqla onun mülkiyyət hüquqlarını əhəmiyyətli dərəcədə pozur, onun mülkiyyət hüquqlarımı həyata keçirməyinə mane olurlar. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili iddia tələbinin dəlillərinə uyğun surətdə çıxış edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və onların nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4068/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, müvafiq qətnamə ilə ünvan 1 ünvanına İddiaçı və Cavabdeh1 Əsgər qızının ümumi birgə mülkiyyəti hesab edilməsi və həmin ev üzərində onun 2/1 hissəsində mülkiyyət hüququ tanınaraq bölünməsi qət edilmişdir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı ilə Cavabdeh1 birgə nikah dövründə əldə edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4068/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı 2/1 hissədə payı müəyyən edilmişdir. İş materiallarından da aşkar surətdə göründüyü kimi iddiaçı və cavabdeh mübahisəli mənzilin paylı mülkiyyətçiləridirlər, yəni mübahisəli mənzil 1/2 hissə pay ilə bölünmüşdür. Lakin iddiaçı qeyd oluna əmlakda müəyyən edilmiş payına münasibətdə istifadə hüquqlarına cavabdehlər tərəfindən maneə törədildiyindən həmin maneələrin aradan qaldırılması və onun həmin evə köçürülməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evin paylı mülkiyyətçisidir və həmin evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır. Beləliklə, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa, onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir. İddiaçının evdən istifadə hüququnun olmaması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, bu norma göstərişinin xarakterinə görə səlahiyyətverici norma deyil, qadağanedici normadır. Əgər səlahiyyətverici norma olsaydı (mənzildə yaşamaq səlahiyyəti versəydi)bu halda iddiaçının istifadə hüququnun olması normanın tətbiqi üçün vacib sayılardı. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunur, bu isə o deməkdir ki, norma istifadə hüququnun olub-olmadığından asılı olmayaraq mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Obyektiv hüququn funksiyalarında biri də mühafizə funksiyasıdır. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”məzmunlu norma qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur. Əgər “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın mühafizə funksiyası olmasa fiziki cəhətdən güclü olan istənilən şəxs istifadə hüququ olmadan mənzildə yaşayan digər şəxsi oradan çıxara bilər və ya yaşadığı mənzilə daxil olmasına manelər yarada bilər və ya digər bu kimi hərəkətlər edə bilər, nəticədə isə özbaşınalığa şərait yaranar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzim etmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, məhkəmə hesab edir ki, mübahisəli evdə cavabdeh kimi iddiaçının da pay hüququ olduğundan cavabdehin həmin evdən istifadə etməklə ondan faydalandığı kimi, iddiaçının da bu hüququ realizə etməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 162-ci maddəsinə əsasən əşyaya faktik sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq əşyaya sahibliyi ləğv etmir. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Həmin Məcəllənin 165.2-ci maddəsinə əsasən qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Yuxarıda qeyd olunan maddi hüquq normasının imperativ tələblərindən göründüyü kimi şəxsin mülkiyyətdən istifadə hüququ qanunla müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə paylı mülkiyyətçi hüququnun olması qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Belə olan halda hazırda iddiaçının iddia tələbinin həm faktiki, həm də maddi hüquqi əsası sabit olduğundan onun ünvan 1 ünvanına köçürülməsi və istifadə hüququna qarşı yönəlmiş maneələrin aradan qaldırılması zəruridir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, X2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməli və iddiaçı X2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi ilə əlaqədar maneələrin yaradılması cavabdehlər Cavabdeh1 Əsgər qızı və Cavabdeh2 Gumrah qızına qadağan edilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı X2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. İddiaçı X2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi ilə əlaqədar maneələrin yaradılması cavabdehlər Cavabdeh1 Əsgər qızı və Cavabdeh2 Gumrah qızına qadağan edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar