Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2398/2023 25.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, hakim Quliyev Ramin Nizaməddin oğlu, İddiaçı MMMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MMMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 988 manat kommunal xidmət haqqının ödənilməməsinə görə yaranmış borc, 220 manat pozulmuş hüquqlarının bərpası üçün ödənilmiş pul, 33 manat ödənilmiş dövlət rüsumunun, cəmi 1241 manat tutularaq İddiaçı MMMC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdeh tikinti şirkətindən ünvan 1 ünvanında inşa olunmuş bina 2, blok 2, 15 mərtəbəsində yerləşən 78 nömrəli, sahəsi 94,10 kv.m olan mənzil almışdır. Qeyd olunan mənzil tikinti şirkəti tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixdə təhvil verilmişdir. "xxxx" MMC tərəfindən ərazidə yerləşən binanın tikintisi tam başa çatdıqdan sonra, tikilmiş çoxmənzilli binanın idarə edilməsi üçün sahə mülkiyyətçiləri tərəfindən İddiaçı MMMC yaradılmışdır. İddiaçı MMMC-nin yaradılmasının məqsədi çoxmənzilli binada daşınmaz əmlak kompleksinin birgə idarə edilməsi, çoxmənzilli binanın ümumi əmlakının istismarı, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin edilməsidir. Qeyd olunan vəzifələri yerinə yetirməsi üçün sakinlərdən onlara məxsus yaşayış sahələrinin hər kv.m-ə görə 0,75 manat kommunal xidmətlərə görə haqq müəyyən etmişdir. Ödəmələr MMMC tərəfindən binanın və onun həyətyanı sahəsinin istismarı ilə bağlı yaranan xərclərə sərf olunur (liftin saxlanılması, həyətyanı sahənin yaşıllaşdırılması, təmizliyin təmin edilməsi, söhbətgahların bərpası, mühafizə xidmətinin təşkil edilməsi, mühafizə kameralarının və monitorlarının saz vəziyyətdə saxlanılması və sair). Bununla bağlı sözügedən binada sakinlərin əksəriyyəti kommunal xidmətlərə görə ödəmələri vaxtıvaxtında həyata keçirir, lakin cavabdeh və onun kimi bir neçə sakin qeyd olunan ödəmələri ödəməkdən qərəzli olaraq yayınır. Cavabdeh kommunal xidmətlərə görə ödəmələri ödəmək bir neçə dəfə tələb edilsə də, o, bu tələbə heç bir məhəl qoymamışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə cavabdehə yazılı formada rəsmi xəbərdarlıq verilmiş və yaranmış 988 manat borcunu 5 gün ərzində ödəmədiyi təqdirdə onun barəsində məhkəməyə müraciət ediləcəyi onun nəzərinə çatdırılmışdır. Lakin cavabdeh qeyd olunan rəsmi xəbərdarlığa da heç bir əhəmiyyət verməmişdir. İddiaçı MMMC-nin Nizamnaməsinin 3-cü maddəsində qeyd edilmişdir: 3.1.2. illik gəlir və xərclər smetasının, o cümlədən çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri xərclərinin, çoxmənzilli binanın əsassız təmirinə və yenidən qurulmasına çəkilən xərclər smetasına, ehtiyat fonduna xüsusi haqqı və ayırmaları habelə bu şəkildə və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş məqsədlər üçün digər xərcləri müəyyən etmək; 3.1.3. cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək; Həmçinin Nizamnamənin 4.1.4-cü maddəsində cəmiyyətin üzərinə, çoxmənzilli binada lazımi sanitariya və texniki vəziyyətin təmin edilməsi vəzifəsi qoyulmuşdur. Həmin vəzifənin də icra edilməsi üçün MMMC-nin mütamadi şəkildə maliyyələşdirilməsinə zərurət vardır. İddiaçı MMMC qeyri-kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxs olduğundan onun maliyyələşdirilməsi yalnız sakinlərdən toplanan komunal xidmət haqlarından təşkil olunur. Cavabdeh tərəfindən komunal xidmətlərin ödənilməməsinə görə yaranmış 988 manat borc könüllü olaraq ödənilmədiyi səbəbindən məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Həmçinin pozulmuş hüquqların bərpa edilməsi üçün MMMC tərəfindən Mirzəyev və Partnyorları vəkil bürosu ilə müqavilə bağlanılmış və həmin təşkilata 220 manat pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün icraata qəbul edilmiş və cavabdehə bildiriş göndərilərək, bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Tikilən çoxmənzilli binada mənzil əldə edilməsi şərtləri haqqında xx.xx.2022-ci il tarixli, 01103K_ST nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən ünvan 1 ünvanında inşa olunmuş bina 2, blok 2, 15 mərtəbəsində yerləşən 78 nömrəli, sahəsi 94,10 kv.m olan mənzil almışdır; İddiaçı MMMC-nin nizamnaməsinin surətindən görünür ki, çoxmənzilli binalarda yerləşən qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri cəmiyyətin üzvü ola bilərlər. Nizamnamənin 2.2.1-ci bəndinə əsasən yaşayış binalarının cəmiyyət iştirakçılarının ümumi istifadəsində olan daxili və xarici kommunal xidmətləri təchizatı xətlərinin və digər qurğu və avadanlıqlarının təmiri və lazım gələrsə, bərpa edilərək daim işlək vəziyyətdə saxlanılması; 2.2.2-ci bəndinə əsasən yaşayış binalarının binadaxili istilik və elektrik enerjisi, təbii qaz, lift, məişət tullantıları və kanalizasiya xidmətləri təchizatı qurğuları və xətlərinin təmir və ya bərpa olunması və onların işlək vəziyyətdə saxlanılması cəmiyyətin fəaliyyət növlərinə daxildir; İddiaçı MMMC-nin xx.xx.2022-ci il tarixli, 002 nömrəli qərarından görünür ki, "xxxx" MMC tərəfindən tikilmiş və hazırda "xxxx" MMMC-nin idarə edilməsində olan ünvan 2 ünvanında yerləşən çoxmənzilli binaların idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə həmin binanın sakinlərindnən (cəmiyyətin üzvü olub olmasından asılı olmayaraq) mülkiyyətlərində olan mənzillərin sahəsinə uyğun olaraq hər kv.m üçün 0,75 manat kommunal xidmətlərə görə haqq tutulması, kommunal xidmətlərə görə haqqın hesablanması xx.xx.2022-ci il tarixdən başlanması və hər ayın 1-5 nə qədər ödənilməsi qərara alınmışdır; Maliyyə arayışından görünür ki, Cavabdeh 988 manat məbləğində İddiaçı MMMC-yə ödənilməmiş borcu vardır; İddiaçı MMMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, borcu 5 gün ərzində ödəmədiyi təqdirdə borcun alınması ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdalıq edilmişdir; "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli qəbzindən görünür ki, İddiaçı MMMC “Mirzəyev və partnyorları” Vəkil Bürosunun hesabına 220 manat pul ödənilmişdir; Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 33 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə MMMC-nin ümumi yığıncağı ünvan 1 ünvanında inşa olunmuş 2 saylı binanın sahə mülkiyyətçiləri ümumi yığıncağında qəbul edilmiş qərarlar üzrə protokol tərtib edilmişdir. Ümumi yığıncağın qərarları səs çoxluğu ilə qəbul edilmişdir. Həmin protokolun bəndinə görə binanın hər bir sahə mülkiyyətçisinin ona məxsus daşınmaz əmlakın ümumi sahəsini 0,75 qəpik əmsalına vurmaqla alınan pul məbləğini hər ay MMMC-yə ödəmələri qərara alınmışdır. Cavabdeh MMMC iştirakçılarının ümumi yığıncağında binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr üzrə (lift xidməti idarəsi, sanitariyatəmizlik və kommunal xidmətlər idarəsi və s.), həmçinin qanunvericilikdə və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş digər məqsədləri həyata keçirmək üçün lazım olan maliyyə vəsaitlərini təmin etmək məqsədilə, yuxarıda qeyd edilən əsalara baxmayaraq, bəzi bina sakinləri yaşayış sahəsinə görə mütləq (məcburi) olan pul ödənişlərini etməkdən yayınırlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 120.5-ci maddəsinə görə tikilməkdə olan çoxmənzilli binalarda yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqları məxsus olacaq (hüquqlarını əldə edəcək) şəxslər bu fəslin müddəalarına uyğun olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətini yaratmaq hüququna malikdirlər. Həmin Məcəllənin 122.3-cü maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Həmin Məcəllənin 140.1-ci maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. Həmin Məcəllənin 140.3-cü maddəsinə görə əgər çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul etməzlərsə, bu miqdar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Həmin Məcəllənin 141.3-cü maddəsinə görə çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. Həmin Məcəllənin 142.4-cü maddəsinə görə çoxmənzilli binanın idarə edilməsi müqaviləsində binanın bütün mülkiyyətçiləri (kirayəçiləri, istifadəçiləri) üçün eyni şərtlər müəyyən edilir və mülkiyyətçilər (kirayəçilər, istifadəçilər) tərəfindən ödənilən haqqın miqdarı yalnız yaşayış sahəsinin ölçüsünə mütənasib olan ümumi əmlakın saxlanmasına çəkilən xərclərdəki iştirakdan və faktiki istifadə edilmiş kommunal xidmətlərin miqdarından asılı olaraq fərqlənə bilər. Həmin Məcəllənin 142.10-cü maddəsinə görə idarəedici təşkilat çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin şərtlərini yerinə yetirmədikdə, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən birtərəfli qaydada bu müqavilənin icrasından imtina edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edirəm ki, Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmişdir. O, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Həmçinin hesab edirəm ki, hüquqi yardıma görə vəkilə ödənilmiş 220 manat pulun cavabdehdən tutulması hissəsində də iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən ona hüquqi yardım göstərilməsi üçün vəkil hesabına 220 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə vəkilə ödənilmiş 220 manat pulun ağlabatan məbləğ olduğunu və cavabdehin öhdəliyin icra edilməməsi nəticəsində çəkdiyi xərclərin əvəzini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddia həmin hissələrdə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək məhkəmə hesab edirəm ki, iddia təmin edilməli, Cavabdeh kommunal xidmətlərindən istifadəyə görə yaranmış borc üzrə 988 manat məbləğində pul, hüquqi yardıma görə ödənilmiş 220 manat və dövlət rüsumuna görə ödənilmiş 33 manat məbləğində pul tutularaq İddiaçı MMMC-nin xeyrinə ödənilməlidir. Qeyd olanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh kommunal xidmətlərindən istifadəyə görə yaranmış borc üzrə 988 manat məbləğində pul, hüquqi yardıma görə ödənilmiş 220 manat və dövlət rüsumuna görə ödənilmiş 33 manat məbləğində pul tutularaq İddiaçı MMMC-nin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №e-2(005)-2398/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2398/2023
25.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver