Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2431/2023 22.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı mülki iş üzrə (açar sözlər: işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqı, hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc, mənəvi zərər) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “işdən çıxarılma əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı, mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “işdən çıxarılma əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı, mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSCnin (əvvəlki adı "xxxx" MMC) xx.xx.2021-ci il tarixli, 175 nömrəli əmri ləğv edilməsini, İddiaçı Cavabdeh QSC-yə (əvvəlki adı "xxxx" MMC) dalğıc vəzifəsi üzrə işə bərpa edilməsini, xx.xx.2021-ci il tarixdən işə bərpa edilən tarixə qədər məcburi işburaxma müddəti üçün əmək haqqı məbləği iddiaçıya ödənilməsini, İddiaçı mənəvi sarsıntı və fiziki iztirab keçirdiyindən Cavabdeh QSC-dən (əvvəlki adı "xxxx" MMC) 20.000 manat mənəvi ziyan məbləği tutularaq iddiaçıya ödənilməsini, Cavabdeh QSC-yə (əvvəlki adı "xxxx" MMC) təqdim edilmiş əmək kitabçası, dalğıc kitabçası, tibb kitabçası, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi tərəfindən verilmiş sertifikatlar (MKUB, MBJS, SOLAS) alınaraq iddiaçıya qaytarılmasını, cavabdeh tərəfindən iddiaçının ərizəsinin saxtalaşdırılması faktı müəyyən edildiyi halda onun əməlinə (cinayət) hüquqi qiymətin verilməsi üçün xüsusi qərardad qəbul olunmasını və Azərbaycan Respublikasının Baş Prokurorluğuna məlumat verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 20 noyabr 2021-ci il tarixində "xxxx" MMCyə (yeni adı ilə Cavabdeh QSC-yə) dalğıc vəzifəsi üzrə işə düzəlmək üçün müraciət etmişdir. Müraciət edərkən cavabdeh təşkilata əmək kitabçası, dalğıc kitabçası, tibb kitabçası, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi tərəfindən verilmiş sertifikatları (MKUB, MBJS, SOLAS) və digər zəruri sənədlərini təqdim etmişdir. Bundan sonra onunla müsahibə aparılmış və qeyd edilən vəzifə üzrə tələblərə cavab verdiyindən onunla cavabdeh arasında 20 noyabr 2021-ci il tarixli əmək müqaviləsi bağlanılaraq dalğıc vəzifəsi üzrə işə qəbul edilmişdir. Əmək haqqı 3374,01 AZN, əmək funksiyası isə dənizdə dalğıc işlərinin görülməsi olmuşdur. Əmək müqaviləsi bağladıqdan sonra işə başlayaraq 4 gün dənizdə işləmişdir. 4 gündən sonra işlədiyi gəmi Xəzər dənizində güclü küləyin olması səbəbi ilə sahilə yan almış və ona bildirilmişdir ki, dənizdə külək var, işlər dayanıb, onu özləri zəng edərək işə çağıracaqlar. O da qeyd olunanlarla razılaşaraq cavabdeh təşkilatın nümayəndələrinin zəngini gözləmişdir. Lakin həmin gündən sonra işə çağırılmamışdır. Bu barədə cavabdehin nümayəndələri ilə bir necə dəfə danışaraq hansı səbəbdən işə çağırılmamağı barədə məlumat almaq istəsə də ona hər hansı bir məlumat verilməmişdir. Daha sonra ona məlum olmuşdur ki, onun xəbəri olmadan əmək müqaviləsinə xitam verilmişdir. Dərhal bu barədə cavabdeh təşkilatın əməkdaşlarına iradını bildirsə də iradlarına məhəl qoyulmadı. Məsələnin qanuni yolla həlli üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə müraciət etmiş və düzgün araşdırma aparılmasını xahiş etmişdir. Araşdırma nəticəsində Müfəttişlik tərəfindən ona xx.xx.2022-ci il tarixli məktub ünvanlanaraq, “"xxxx" MMC tərəfindən təqdim olunmuş sənədlərdən cəmiyyətlə arasında xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) uyğun olaraq öz xahişi ilə xitam verildiyi” bildirdi. O isə belə bir ərizəni yazmadığını, adından ərizə yazılaraq yerinə saxta qol çəkildiyini müfəttişliyin əməkdaşına bildirsə də o, qeyd edilənlərlə razılaşmadığı halda məhkəməyə müraciət etmək hüququnun olduğu bildirdi. Buna görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd olunur ki, tərəfindən "xxxx" MMC-yə (yeni adı ilə Cavabdeh QSC-yə) hər hansı bir ərizə yazılmamışdır və öz iradəsi ilə işdən çıxmamışdır. Cavabdeh tərəfindən saxtakarlıq edilmiş, adından ərizə yazılaraq yerinə imza atılmış və həmin sənəd istifadə edilərək cinayət əməli törədilmişdir. Hesab edir ki, həmin ərizəni özü yazmadığından və ərizədə onun iradə ifadəsini əks etdirmədiyindən işə bərpa edilməlidir və məcburi işburaxma müddəti üçün əmək haqqın məbləği ona kompensasiya qismində ödənilməlidir. Bundan əlavə cavabdehin qanunsuz əməlləri nəticəsində sarsılmışdır, onu qanunsuz olaraq işdən çıxartmaları, adından ərizə yazmaları, bir sözlə aldadılaraq işdən çıxarılmağı, onu mənəvi cəhətdən sarsmış, iztirab keçirməyinə səbəb olmuşdur. Daha sonra qeyd edir ki, cavabdeh tərəfindən bu günədək ona işə daxil olarkən təqdim etdiyi əmək kitabçası, dalğıc kitabçası, tibb kitabçası, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi tərəfindən verilmiş sertifikatları (MKUB, MBJS, SOLAS) qaytarılmamış və bu müddət ərzində işsiz qalmışdır. Bununla da cavabdeh ona əhəmiyyətli dərəcədə zərər vurmuşdur. Məhkəməyə müraciət etməmişdən əvvəl cavabdeh mübahisənin qarşılıqlı razılıqla həll edilməsi üçün ilkin mediasiya ilə bağlı 18 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Lakin, 08 may 2023-cü il tarixli arayışa əsasən “ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayış ona təqdim olunmuş, tərəfindən 50 (əlli) manat məbləğində mediasiya xərci ödənilmişdir. Mübahisənin məhkəmədən kənar mediasiya mərhələsində həll edilməsi üçün cəhd etsə də, hər hansı bir nəticə verməmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi və azaldılması barədə ərizə təqdim edərək, “Universal Metal" QSC-nin (əvvəlki adı İZİ” MMC) 24 11.2021-ci il tarixli, 175 nömrəli əmrinin ləğv edilməsini, İddiaçı 'Universal Metal” QSC-yə (əvvəlki adı "İZİ” MMC) dalğıc vəzifəsi üzrə işə bərpa edilməsini, 24.11 2021-ci il tarixdən işə bərpa edilən tarixə qədər məcburi işburaxma müddəti üçün əmək haqqı məbləğinin iddiaçıya ödənilməsini, İddiaçı mənəvi sarsıntı və fiziki iztirab keçirdiyindən Universal Metal QSC-dən (əvvəlki adı "xxxx" MMC) 20.000 manat mənəvi ziyan məbləği tutularaq iddiaçıya ödənilməsini, cavabdehin vəzifəli şəxsləri tərəfindən iddiaçının ərizəsinin saxtalaşdırılması faktı, vəzifə saxtakarlığı və digər cinayət əməlləri müəyyən edildiyi halda onların əməllərinin araşdırılması və hüquqi qiymətin verilməsi məqsədilə xüsusi qərardad qəbul olunması, bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna məlumat verilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi və artırılması barədə ərizə təqdim edərək, Cavabdeh QSC-nin (əvvəlki adı "xxxx" MMC) xx.xx.2021-ci il tarixli, 175 nömrəli əmri ləğv edilməsi, İddiaçı Cavabdeh QSC-yə (əvvəlki adı "xxxx" MMC) dalğıc vəzifəsi üzrə işə bərpa edilməsi, xx.xx.2021 -ci il tarixdən işə bərpa edilən tarixə qədər məcburi işburaxma müddəti üçün əmək haqqı məbləği iddiaçıya ödənilməsi, İddiaçı hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc cavabdeh “Universal Metal" QSC-dən (əvvəlki adı "xxxx" MMC) tutularaq iddiaçıya verilməsi, İddiaçı mənəvi sarsıntı və fiziki iztirab keçirdiyindən Cavabdeh QSC-dən (əvvəlki adı "xxxx" MMC) 20.000 manat mənəvi ziyan məbləği tutularaq iddiaçıya ödənilməsi, cavabdehin vəzifəli şəxsləri tərəfindən iddiaçının ərizəsinin saxtalaşdırılması faktı, vəzifə saxtakarlığı və digər cinayət əməlləri müəyyən edildiyi halda onların əməllərinin araşdırılması və hüquqi qiymətin verilməsi məqsədilə xüsusi qərardad qəbul olunması, bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna məlumat verilməsini xahiş etmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirmişdir ki, iddiaçıya məxsus bütün sənədlər itmişdir. Onun sənədləri bərpa olunduqdan sonra iddiaçı dalğıc vəzifəsinə bərpa oluna bilər. Hazırki vəziyyətdə o yalnız dalğıc köməkçisi kimi işə qəbul oluna bilər. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2021-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmışdır. Vəzifəsi dalğıcdır. Aylıq əmək haqqının məbləği 3374,01 manatdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X4r. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin VÖEN-i **********-dir. - "xxxx" MMC – xx.xx.2021-ci il tarixli işdən azad olma ərizəsindən görünür ki, İddiaçı onu 24 noyabr 2021-ci il tarixdən etibarən dalğıc vəzifəsindən azad edilməsini xahiş etmişdir. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 175 №-li 24 noyabr 2021-ci il tarixli işçinin işdən azad olunması barədə əmrindən görünür ki, İddiaçı dalğıc ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) 24 noyabr 2021-ci il tarixdən xitam verilmişdir. Əsas kimi İddiaçı 24 noyabr 2021-ci il tarixli ərizəsi göstərilmişdir. - İddiaçı tərəfindən X3 Xidməti Bakı şəhər İdarəsinin rəisinə ünvanlanmış xx.xx.2022ci il tarixli ərizədən görünür ki, İddiaçı müqaviləsinə onun məlumatı olmadan xitam verilməsi məsələsinin araşdırılmasını xahiş etmişdir. - Kommersiya qurumlaının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, Cavabdeh QSC-nin qanuni təmsilçisi X6, VÖEN-i **********-dir. - Cavabdeh QSC-nin direktoru tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə ünvanlanmış məktubdan görünür ki, 20 noyabr 2021-ci il tarixdə İddiaçı şirkətə işləmək üçün müraciət etmişdir. İddiaçıla müsahibə aparılmış və ərizə əsasında Əmək müqaviləsi bağlanaraq işə qəbul edilmişdir. 24 noyabr 2021-ci ildə öz ərizəsinə əsasən işinə xitam verilmişdir. İddiaçı işlədiyi müddət üçün son haqq hesab hesablanmışdır. İddiaçı ona hesablanan son haqq-hesabın az olduğunu bildirərək, son haqq-hesabının almasından imtina etmişdir. İddiaçı hesablanan son haqq-hesabın alınması üçün qeydiyyat ünvanına xəbərdarlıq məktubu da göndərilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********3 saylı məktubdan görünür ki, iddiaçının müraciətinə baxılmış, "xxxx" MMC tərəfindən təqdim olunmuş sənədlərdən cəmiyyətlə arasında xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) uyğun olaraq öz xahişi ilə xitam verildiyi məlum olmuşdur. "xxxx" MMC tərəfindən X3 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim olunan aktdan əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilərklən son haqq-hesabı götürməkdən imtina etdiyi müəyyən olunmuşdur. Eyni zamanda son haqq hesabı götürməkdən imtina etdiyi üçün cəmiyyətin baş ofisinə yaxınlaşmağı və son haqq-hesabı almağı barədə ünvanına müvafiq məktub göndərildiyi məlum olmuşdur. - “X5” MMC tərəfindən İddiaçı ünvanlanmış 14 avqust 2023-cü il tarixli İEM-03/08/23 saylı mütəxəssis rəyindən görünür ki, ərizədən tədqiq olunan yazılar və imza, ”İZİ“ MMCnin direktorunun adına İddiaçı adından işdən azad edilməsinə dair yazılmış 24 noyabr 2021-ci il tarixli ərizənin mətnində əlyazısı ilə icra olunmuş yazılardan və “İmza” qrafasındakı imzadan ibarətdir. Tədqiqata təqdim edilmiş, ”İZİ“ MMC-nin direktorunun adına İddiaçı adından işdən azad edilməsinə dair yazılmış 24 noyabr 2021-ci il tarixli ərizənin mətnində əlyazısı ilə icra olunmuş yazılar - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Tədqiqata təqdim edilmiş, ”İZİ“ MMC-nin direktorunun adına İddiaçı adından işdən azad edilməsinə dair yazılmış 24 noyabr 2021-ci il tarixli ərizənin “İmza” qrafasındakı imza - İddiaçı tərəfindən yox, onun həqiqi imzasına (şəxsiyyət vəsiqəsindəki imzasına) oxşadılmaqla başqa şəxs tərəfindən icra olunmuşdur. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 06 sentyabr 2023-cü il tarixli 4/1126 №-li ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş işdən azad olunma barədə 24 noyabr 2021 -ci il tarixli ərizənin kserosurətindəki yazılar və "imza” qrafasındakı imza - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. IV. Məhkəmə baxışının hədləri: Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. V. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Beləliklə, məhkəmə iclasında tərəflərin təqdim etdikləri sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2021-ci il tarixlii əmək müqaviləsinə əsasən, iddiaçı cavabdeh şirkətdə dalğıc vəzifəsində işə qəbul edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 175 №-li 24 noyabr 2021-ci il tarixli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) 24 noyabr 2021-ci il tarixdən xitam verilmişdir. Əsas kimi İddiaçı 24 noyabr 2021-ci il tarixli ərizəsi göstərilmişdir. Hazırda iddiaçı əmək müqaviləsinə onun məlumatı olmadan xitam verildiyini bildirərək hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: -12-ci maddəsinin 1-ci bəndinə əsasən, əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. -68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. -69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. -69.4-cü maddəsinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. -69.7-ci maddəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. -74-cü maddəsinin 2-ci bəndinə əsasən, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. -290-cı maddəsinin 2-ci bəndinə əsasən işçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir. -300-cü maddəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Bu maddənin “Qeyd” hissəsində göstərilir ki, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə, işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Məhkəmə qeyd edir ki, əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin – əmək müqaviləsinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Hazırda iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2021-ci il tarixli 175 №-li əmr Azərbaycan Respublikası Əmək Məcələsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) verilmişdir. Həmin əmrdən görünür ki, əmrin əsası kimi İddiaçı 24 noyabr 2021-ci il tarixli ərizəsi göstərilmişdir. İş materiallarında olan həmin xx.xx.2021-ci il tarixli işdən azad olma ərizəsindən görünür ki, İddiaçı 24 noyabr 2021-ci il tarixdən etibarən dalğıc vəzifəsindən azad edilməsini xahiş etmişdir. Ərizə ”İZİ“ MMC-nin direktorunun adına İddiaçı adından işdən azad edilməsinə dair yazılmış 24 noyabr 2021-ci il tarixli ərizənin mətnində əlyazısı ilə icra olunmuş yazılardan və “İmza” qrafasındakı imzadan ibarətdir. İddiaçı "xxxx" MMC-yə (yeni adı ilə Cavabdeh QSC-yə) belə bir ərizə yazmadığını, adından ərizə yazılaraq yerinə saxta qol çəkildiyini və öz iradəsi ilə işdən çıxmadığını bildirmişdir. Qeyd olunan halın araşdırılması məqsədilə məhkəmə tərəfindən məhkəməxətşünaslıq ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 06 sentyabr 2023-cü il tarixli 4/1126 №-li ekspert rəyinə əsasən, ekspertizaya təqdim olunmuş işdən azad olunma barədə 24 noyabr 2021-ci il tarixli ərizənin kserosurətindəki yazılar və "imza” qrafasındakı imza - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən olunmuşdur. Eyni zamanda iş materiallarına iddiaçının nümayəndəsi və vəkili tərəfindən əlavə edilmiş müstəqil ekspert - “X5” MMC tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, ”İZİ“ MMC-nin direktorunun adına İddiaçı adından işdən azad edilməsinə dair yazılmış 24 noyabr 2021-ci il tarixli ərizənin mətnində əlyazısı ilə icra olunmuş yazılar - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu, ərizənin “İmza” qrafasındakı imza - İddiaçı tərəfindən yox, onun həqiqi imzasına (şəxsiyyət vəsiqəsindəki imzasına) oxşadılmaqla başqa şəxs tərəfindən icra olunduğu müəyyən olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə bu halı təkzib edən hər hansı bir sübut (rəy, hesabat və s.) təqdim edilməmişdir. Belə olan halda məhkəmə iş üzrə təqdim edilən sübutları nəzərdə keçirərək hesab edir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ekspert rəyi və mütəxəss rəyi mötəbər sübut kimi qəbul edilməli və həmin rəylər üzrə gəlinən nəticə nəzərə alınmalıdır. Göründüyü kimi Əmək Məcəlləsinin 68 və 19-cü maddələri, işçinin öz təşəbbüsü (yazılı şəkildə ifadə olunmuş iradəsi) əsasında əmək müqaviləsinə xitam verilməsinin mümkünlüyünü nəzərdə tutur. Lakin cavabdeh təşkilatın iddiaçının işdən azad olunmasına əsas kimi təqdim etdiyi xx.xx.2021-ci il tarixli ərizənin iddiaçı tərəfindən imzalanması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, mübahisələndirilən əmək müqaviləsinə xitam verilməsinə dair ərizənin məzmunundakı yazılar, habelə ərizə üzərindəki imza İddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən icra edilmişdir. xx.xx.2021ci il tarixli 175 saylı əmrin verilməsinə əsas olmuş İddiaçı ərizəsi onun özü tərəfindən yazılmadığından və imzalanmadığından iddiaçının öz təşəbbüsü ilə işdən azad olunmasına əsas ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, işəgötürən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən vəzifədən azad olunması barədə xx.xx.2021-ci il tarixli 175 saylı əmri ilə qanunvericiliyin tələblərin pozaraq işçi ilə əmək münasibətlərinə xitam vermişdir. Qeyd olunan hal isə Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əmrin ləğv olunması kimi hüquqi nəticəyə səbəb olur. Sadalanan maddi hüquq normalarının tələblərindən və məhkəmə araşdırması zamanı müəyyən olunmuş hallara əsasən hazırda iddiaçı barəsində qəbul edilmiş əmrin qəbul edilməsi zamanı cavabdeh tərəfindən pozuntulara yol verildiyi aşkar olunmuşdur. Bu səbəbdən də iddiaçı barəsində qəbul edilmiş əmr Əmək Məcəlləsinin imperativ tələbləri pozulmaqla qəbul edildiyindən ləğv edilməlidir. Məhkəmə qeyd edir ki, əmrin Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən ləğv olunması, eyni zamanda iddiaçının işə bərpa olunması, məcburi iş buraxma maddəti üçün əmək haqqının ödənilməsi və mənəvi zərərin ödənilməsi üşün qanuni əsaslar yaradır. İddia tələbinin əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün ödənilməli olan əmək haqqının bir faiz məbləğinin ödənilməsi hissəsinə gəldikdə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 178-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Həmin Məcəllənin 172-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin maddənin “Qeyd” hissəsinə görə, “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli Qərarına əsasən, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Həmin Qərarda qeyd edilir ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin ikinci cümləsinin tələbinə görə, işəgötürən ödəncin verilməsindən imtina etdiyi halda işçi yaranmış mübahisəni məhkəmə qaydasında həll etməyə məcbur olur. Bu baxımdan normanın məzmununun fərqli şərhi, yəni ödəncin yalnız fərdi əmək mübahisəsinin yaranmadığı halda ödənilməli olması kimi şərhi hüquqi məntiqə uyğun olmamaqla yanaşı, işçinin əmək münasibətlərinə daxil olmasının əsasını təşkil edən əmək haqqı hüququnun pozulmasına görə işəgötürənin məsuliyyətdən kənar qalmasına gətirib çıxarar. Eyni zamanda bu işçinin əmək haqqı hüququnun pozulması səbəbindən qanunvericiliklə tanınan ödəncin verilməsi tələbinin təmin edilməsi üçün məhkəməyə müraciət etməsini də mənasız edər. Bu halda həmin maddənin tətbiqi mümkünsüz olur və o, əhəmiyyətsiz normaya çevrilməklə faktiki olaraq işçini müvafiq ödənci tələb etmək hüququndan məhrum edir....Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, fərdi əmək mübahisəsi olduğu halda ödəncin verilməməsi işçilər arasında qeyri-bərabər vəziyyət yaradar. Belə ki, bu halda eyni hüquqi vəziyyətdə olan şəxslərə, yəni işəgötürən tərəfindən əmək haqları gecikdirilmiş və bu səbəbdən ödəncin verilməsi üçün məhkəməyə müraciət etmiş işçilərə münasibətdə fərqli yanaşma sərgilənmiş olar ki, bu da əmək qanunvericiliyinin prinsipləri ilə ziddiyyət təşkil edər. Qeyd olunan normada əlavə ödəncin verilməsi müəyyən edilməklə, işçinin Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndində və 54-cü maddəsində təsbit edilən əmək haqqı hüququnun müdafiəsinə əlavə təminat verilmişdir. Bu qayda işəgötürənin əmək haqqının vaxtında verilməsi məsələsində intizamlı olmağa məcbur etdiyi kimi, həm də işçinin pozulmuş hüququnun əvəzində kompensasiya mahiyyəti daşıyır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. İddiaçı həmçinin iddia tələbində cavabdehdən 20.000 manat məbləğində mənəvi zərərin ödənilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarına istinad edilməsini zəruri sayır. Həmin Qərarda göstərilir ki, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Həmin Qərarın 10-cu bəndinə əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər, qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir....Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Məhkəmə qeyd edir ki, iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməsi üçün əsas olmuş ərizənin başqa şəxs tərəfindən icra edilməklə iddiaçının qanunsuz və əsassız şəkildə vəzifəsindən azad edilməsi, iddiaçının hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalması faktları özü-özlüyündə onun psixoloji sarsıntı və iztirab keçirməsi, buna müvafiq ona mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir. Məhkəmə qeyd edilənlərə əsasən iddiaçının öz xahişi ilə işdən çıxmaq barədə ərizə vermədiyi halda cavabdeh tərəfindən bu əsasla işdən qanunsuz olaraq çıxarılmasını, bunun nəticəsində onun maddi sıxıntıya məruz qalmasını, cavabdehin məhkəməyə qədər və məhkəmə araşdırması zamanı qeyd edilən pozuntunu aradan qaldırmağa çalışmamasını və digər diqqətəlayiq halların olmasını nəzərə alaraq hesab edir ki, mənəvi zərərin vurulmasına görə iddiaçıya cavabdeh tərəfindən 200 (iki yüz) manat məbləğində mənəvi zərərin ödənilməsi işin hallarına, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyin tələblərinə uyğundur. Məhkəmə iddiaçının xüsusi qərardadın çıxarılması tələbi ilə əlaqədar qeyd edir ki, bu tələb hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir. İşdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər. Yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Məhkəmə iddiaçının tələbləri üzrə məhkəmə araşdırmalarının nəticələrinə əsaslanıb belə qənaətə gəlir ki, hüquqi şəxs olan cavabdehin hərəkətlərində cinayətin əlamətləri aşkara çıxarılmadığından hazırki mülki iş üzrə xüsusi qərardad qəbul edilməməlidir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən, bu Məcəllənin 355-7.4-cü, 355- 17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Eyni zamanda məhkəmə hesab edir ki, məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatının dəyəri kimi 105 manat cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə məhkəmə işin hallarını və yuxarıda qeyd olunan maddi hüquq normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh QSC-nin (əvvəlki adı "xxxx" MMC) xx.xx.2021-ci il tarixli, 175 nömrəli əmri ləğv edilməli. İddiaçı Cavabdeh QSC-yə (əvvəlki adı "xxxx" MMC) dalğıc vəzifəsi üzrə işə bərpa edilməli. xx.xx.2021-ci il tarixli, 175 nömrəli əmr verildiyi tarixdən məcburi işburaxma müddəti üçün əmək haqqı məbləği hesablanaraq İddiaçı ödənilməli. İddiaçı hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc hesablanaraq cavabdeh “Universal Metal" QSC-dən (əvvəlki adı "xxxx" MMC) tutularaq İddiaçı xeyrinə ödənilməli. Cavabdeh QSCdən vurulmuş mənəvi ziyanın əvəzi kimi 200 (iki yüz) manat alınaraq İddiaçı xeyrinə ödənilməli. Ərizə qalan hissədə təmin edilməməli. Eyni zamanda Cavabdeh QSC-dən 105 (yüz beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməlidir. VI. Nəticə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinin tələblərinə uyğun olaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh QSC-nin (əvvəlki adı "xxxx" MMC) 24 noyabr 2021-ci il tarixli, 175 nömrəli əmri ləğv edilsin. İddiaçı Cavabdeh QSC-yə (əvvəlki adı "xxxx" MMC) dalğıc vəzifəsi üzrə işə bərpa edilsin. 24 noyabr 2021-ci il tarixli, 175 nömrəli əmr verildiyi tarixdən məcburi işburaxma müddəti üçün əmək haqqı məbləği hesablanaraq Cavabdeh QSC (əvvəlki adı "xxxx" MMC) tərəfindən İddiaçı xeyrinə ödənilsin. İddiaçı hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc hesablanaraq cavabdeh “Universal Metal" QSC (əvvəlki adı "xxxx" MMC) tərəfindən İddiaçı xeyrinə ödənilsin. Cavabdeh QSC-dən vurulmuş mənəvi ziyanın əvəzi kimi 200 (iki yüz) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Ərizə qalan hissədə təmin edilməsin. Cavabdeh QSC-dən 105 (yüz beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-2431/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2431/2023
22.11.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver