Məhkəmə qərarları › İş №e-2(005)-244/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-244/2023

07.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-244/2023 07.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı X5, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil2 Məmməd qızının iştirakları ilə, İddiaçı X5 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (Maraqlı şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X17 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (Maraqlı şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 50000 (əlli min) ABŞ dolları kredit tələbinin ipoteka predmeti olan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 vərəsəlik hüququ ilə məxsus ünvan 1 ünvanda yerləşən 46 saylı mənzilə yönəldilməsi, əmlakın satışından əldə olunan vəsait hesabına 50000 ABŞ dolları kredit borcunun iddiaçı X9 ödənilməsi, əmlak satıldıqdan sonra 1 (bir) ay ərzində cavabdehlər tərəfindən boşaldılması, cavabdehlərin və onlarla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin mənzildən və mənzildən qeydiyyatdan çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı Maraqlı şəxs 100000 (bir yüz min) ABŞ dolları borc vermişdir. Kredit borcunun təminatı kimi iddiaçı, borclu və X31 arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən, X25 məxsus olan ünvan 1 ünvanda yerləşən 46 saylı mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində xx.xx.2015-ci il tarixli, ********** saylı qeydiyyat nömrəsi ilə 1361 nömrəli reyestr kitabının 124367 nömrəli vərəqində qeydiyyata alınmışdır. Nərimanov Rayon Məhkəməsinin 2(005)-3448/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddiaçı X5 cavabdehlər Maraqlı şəxs, X18, X3 və X25 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və ipoteka predmetinin boşaldılması” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh Maraqlı şəxs və X10 müştərək qaydada 84000 (səksən dörd min) ABŞ dolları məbləğində borcun qətnamə icra olunan günə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə iddiaçı X5 xeyrinə tutulması, tələb üzrə tutmanın X23 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, 35 saylı evin 46 saylı mənzilinə - həmin mənzilin ilkin satış qiyməti 60000 (altmış min) manat məbləğində müəyyən edilməklə X2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinə - həmin torpaq sahəsinin ilkin satış qiymətinin 30000 (otuz min) manat məbləğində müəyyən edilməklə yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılması və əldə olunan vəsait hesabına iddiaçı X5 borc tələbinin ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq məbləğin mülkiyyətçilərə qaytarılması, ipoteka predmetləri açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində cavabdehlər X31 və X4 həmin mənzildən və torpaq sahəsindən çıxmazsa, onların məcburi qaydada çıxarılması qət edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2 (005)-3448/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi əsasında X23 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, 35 saylı evin 46 saylı mənzili, X2 mülkiyyətində olan ünvan 2nin bir hissəsi ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi icra icraatı qaydasında borc hesabına iddiaçı X5 mülkiyyətinə keçmişdir. Lakin sonradan Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1039/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə “iddia tələbinin tələb üzrə tutmanın X23 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, 35 saylı evin 46 saylı mənzilinə - həmin mənzilin ilkin satış qiymətinin 60000 (altmış min) manat məbləğində müəyyən edilməklə yönəldilməsi hissəsində” Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3448/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv olunaraq digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3448/2017 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Nərimanov Rayon Məhkəməsinin 2(005)-3448/2017 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli qətnaməsinin icrasında dönüş edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 35, 46 saylı mənzilə dair xx.xx.2017-ci il tarixində reyestrdə qeydə alınmış qeyd ləğv edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 35, 46 saylı mənzilə dair qeyd əvvəlki mülkiyyətçi X23 adına qeydə alınmaqla mülkiyyət hüququna dair qeyd bərpa olunmuşdur. Beləliklə, hazırda Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 35, 46 saylı mənzil iddiaçı X5 mülkiyyətində deyildir. X31 xx.xx.2016-cı ildə vəfat etmişdir. X23 arvadı X19 11 sentyabr 2021-ci il tarixdə vəfat etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 X23 qanun üzrə vərəsələridir. AR İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin **********44 saylı xx.xx.2022ci il tarixli arayışına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 35, 46 saylı mənzil hazırda da iddiaçı X5 xeyrinə ipoteka ilə yüklüdür. Kredit müqaviləsi üzrə X9 ödənilməmiş cari borc 50000 (əlli min) ABŞ dolları təşkil edir. İddiaçı X17 ipoteka saxlayan kimi bildirişlə ipoteka qoyan X23 vərəsələri olan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xəbərdarlıq etmişdir ki, kredit borcunun tam ödənilməsi üçün ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 35, 46 saylı mənzilə tutmanın yönəldilməsini başlayır. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş cavabdehlərə xx.xx.2022-ci ildə verilmişdir. Həmin bildiriş AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. Cavabdehin nümayəndəsi və vəkili məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, tərəflər arasında əvvəllər mövcud olmuş mübahisələrlə bağlı məhkəmələr tərəfindən müəyyən edilən işin faktiki hallarına görə, iddiaçı 2015-ci ildə Orxan adlı şəxsə 100.000 dollar borc verir və borcun təminatı olaraq üç nəfərlə ipoteka müqaviləsi bağlayır. İpotekalardan biri hazırkı mübahisəli mənzil barəsində olmuşdur. 2016-cı ilin yanvarında hazırkı mübahisəli mənzilin mülkiyyətçisi Ənvər Mehdiyev vəfat edir. İddiaçı həmin ilin sonunda Orxanla müqaviləyə dəyişiklik və əlavə imzalayır. Müqavilənin müddəti 2017-ci ilədək uzadılır, kreditin məbləği aşağı salınır və 84.000 ABŞ dolları məbləğində müəyyən edilir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsində göstərilmişdir ki, ipotekaya xitam verilməsi barədə qarşılıqlı iddia tələbi təmin edilə bilməz. Belə ki, həmin tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi eyni tarixli kredit müqaviləsindən əmələ gələn 100.000 ABŞ dolları məbləğində öhdəliyin icrasının təmin olunması məqsədilə bağlanmış, xx.xx.2016-cı il tarixində ipoteka qoyan Ənvər Mehdiyev vəfat etmiş, bundan 11 ay sonra — xx.xx.2016-cı il tarixində iddiaçı Hidayət Şahtaxtinski ilə borcalan Maraqlı şəxs arasında “kredit müqaviləsinə dəyişiklik edilməsi barədə” razılaşma imzalanmışdır. Bu razılaşmada kredit müqaviləsinə dəyişiklik edilmiş, kreditin məbləği 84.000 ABŞ dolları müəyyən edilmişdir. Bundan başqa, sonuncu razılaşmanın təminatı kimi Əli Nəcəfov ilə zaminlik müqaviləsi bağlanmışdır. Məhkəmə qeyd etmişdir ki, “İpoteka haqqında” Qanunun 10.4-cü maddəsinə görə “İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir”. Lakin hazırkı mülki işdə ipoteka müqaviləsinin dövlət qeydiyyatına alınmasını təsdiq edən sübut yoxdur. Bundan başqa, “İpoteka haqqında” Qanunun 14.1.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə ipotekanın əlavə dövlət qeydiyyatı aparılmalıdır. Sonradan əsas öhdəliyin ölçüsü və icra müddəti dəyişdirilmiş, bu dəyişiklik ipoteka müqaviləsində öz əksini tapmamış və əlavə dövlət qeydiyyatı aparılmamışdır. Belə ki, xx.xx.2015-ci il tarixində bağlanan kredit müqaviləsində kreditin məbləği 100.000 ABŞ dolları, kreditin qaytarılma tarixi xx.xx.2016-cı il müəyyən edilmişdir. Sonradan xx.xx.2016-cı il tarixində bağlanan əlavə razılaşmada müqavilənin predmetinə və öhdəliyin icra müddətinə dair şərt dəyişdirilmişdir: müqavilənin predmeti 84.000 ABŞ dolları müəyyən edilmiş, həmin pulun bir hissəsinin (50.000 ABŞ dollarının) qaytarılma günü xx.xx.2017-ci il tarixinə, qalan hissəsinin (34.000 ABŞ dollarının) qaytarılma günü isə xx.xx.2017-ci il tarixinə təyin olunmuşdur. Göründüyü kimi, ipoteka müqaviləsi və dəyişikliklər qüvvəyə minməmişdir. Qüvvəyə minməmiş müqaviləyə xitam verilə bilməz, çünki xitam qüvvənin əksidir, qüvvəyə minmə baş vermədən xitam mümkün deyil. Həmçinin iddiaçı X17 cavabdehlər Cavabdeh1, X20 və X11 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X6, X15 və Cavabdeh1 ünvan 1 ünvanda yerləşən 46 saylı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin mənzili boşaldaraq ona təhvil verməsi və həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 352/21 saylı, 02 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunaraq, ünvan 1 ünvanda yerləşən 46 saylı mənzildən cavabdehlər Cavabdeh1, X24 və X7 istifadə hüquqlarının itirilməsi, ünvan 1 ünvanda yerləşən 46 saylı mənzilin boşaldılaraq iddiaçı X9 təhvil verilməsi, cavabdehlərin həmin mənzildən çıxarılmaları qət edilmişdir. Həmin qətnamədən cavabdeh İsmayılova (Mehdiyeva) Fəridə Ənvər qızı tərəfindən yerilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4314/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsi ilə təmin edilməmiş və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hazırkı iş üzrə 02 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 6314/2021 saylı, 21 dekabr 2021-ci il tarixli qərarı ilə cavabdeh İsmayılova (Mehdiyeva) Fəridə Ənvər qızının kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4314/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv olunmuş və iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 13 aprel 2022-ci il tarixli 2(103)- 2160/2022 saylı qətnaməsi ilə cavabdeh İsmayılova (Mehdiyeva) Fəridə Ənvər qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-352/2021 saylı, 02 fevral 2021-ci il tarixli qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə çıxarılmışdır, iddiaçı X5 cavabdehlər Cavabdeh1 və X20 qarşı cavabdehlərin ünvan 1 ünvanda yerləşən 46 saylı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin mənzili boşaldaraq ona təhvil verməsi və həmin mənzildən çıxarılmaları barədə tələbləri təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 13 aprel 2022-ci il tarixli qərardadı ilə iddiaçı X5 cavabdehlər Cavabdeh1, X20 və X11 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və çıxarılma” barədə iddia tələbi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-352/2021 saylı, 02 fevral 2021-ci il tarixli qətnaməsi cavabdeh X11 münasibətdə ləğv edilmiş və cavabdeh X11 münasibətdə iş üzə icraata xitam verilmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir, iddiaçının iddia ərizəsində göstərdiyi əsaslar bundan əvvəl qaldırdığı iddialarında göstərdiyi əsaslarla eynilik təşkil edir və mübahisə predmeti olan ipoteka müqaviləsi üzrə əsas öhdəliyin şərtləri dəyişdirildiyinə və buna uyğun olaraq ipoteka müqaviləsində dəyişiklik edilmədiyindən və həmin dəyişiklik qeydə alınmadığından məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə ipoteka müqaviləsinin heç bir hüquqi qüvvəsi olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-in 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə iclasında iştirak edən iddiaçı X17, onun etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil2 Məmməd qızı iddia tələbini qəbul etməyərək etirazda qeyd olunan məzmunda izahat verərək, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər Cavabdeh1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda qeyd olunanlara əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2015-ci il tarixində X17 (borc verən) və Maraqlı şəxs (borc alan) arasında Bakı şəhəri notariat kontorunda 3M-1821 reyestr nömrəsi ilə qeydə alınmaqla bağlanmış kredit müqaviləsinə əsasən, borc verən borc alana 100000 (bir yüz min) manat borc verməyi, sonuncu isə həmin məbləği xx.xx.2016-cı il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür; X17 (borc verən / ipoteka saxlayan), X31 (ipoteka qoyan) və Maraqlı şəxs (borc alan) arasında Bakı şəhəri 6 saylı notariat kontorunda 3M-1822 reyestr nömrəsi ilə qeydə alınmaqla bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan 3M-1821 reyestr nömrəli kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təmin edilməsi məqsədi ilə mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, 35 saylı evin 46 saylı mənzilini borc verənin xeyrinə ipoteka ilə yüklü etmişdir. Həmin müqavilənin 3-cü bəndinə əsasən, ipoteka predmeti olan mənzil ipoteka qoyan və ipoteka saxlayanın razılığı ilə 60000 manat məbləğində qiymətləndirilmişdir; RX seriyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, ipoteka saxlayan X5 Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, 35 saylı evin 46 saylı mənzilin üzərindəki ipoteka hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə qeydə alınmış və buna dair ipoteka saxlayanın adına çıxarış verilmişdir; AZ-İ seriyalı, 819560 nömrəli “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X31 24 yanvar 2016-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir; Kredit müqaviləsinə edilən dəyişikliklər barədə xx.xx.2016-cı il tarixli razılaşmadan görünür ki, Hidayət Şahtaxtinski ilə borcalan Maraqlı şəxs arasındakı “xx.xx.2015-ci il tarixli, 3M-1821 reyestr nömrəli kredit müqaviləsinə dəyişiklik edilməsi barədə” razılaşma imzalanmış, razılaşma ilə krediti müqaviləsinə dəyişiklik edilərək kreditin məbləği 84.000 ABŞ dolları müəyyən edilmiş, həmin pulun bir hissəsinin (50000 ABŞ dollarının) qaytarma günü xx.xx.2017-ci il, qalan hissəsinin (34000 ABŞ dollarının) qaytarma günü isə xx.xx.2017-ci il tarixinə təyin olunmuşdur; Cavabdeh2, X22 və Cavabdeh1 tərəfindən Bakı şəhəri notariat kontoruna ünvanlanmış xx.xx.2018-ci il ərizədən görünür ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş X23 onlardan başqa vərəsəsi yoxdur, gələcəkdə başqa vərəsə çıxarsa onun payını ödəməyi öz öhdələrinə götürürlər; Bakı şəhəri 9 saylı notariat ofisinin notariusu tərəfindən 27/2018 saylı vərəsəlik işi əsasında reyestrdə 2V-105 nömrəsi ilə qeyd edilməklə verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” xx.xx.2018-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş X23 vərəsələri payları bərabər olmaqla arvadı – X22, qızı – Cavabdeh2 və oğlu – Cavabdeh1dur; Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2160/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, X19 11 sentyabr 2021-ci il tarixdə vəfat etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3448/2017 saylı, xx.xx.2017ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Maraqlı şəxs, X18, X3 və X25 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və ipoteka predmetinin boşaldılması” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh Maraqlı şəxs və X10 müştərək qaydada 84.000 (səksən dörd min) ABŞ dolları məbləğində borcun qətnamə icra olunan günə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə və iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, tələb üzrə tutmanın X23 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, 35 saylı evin 46 saylı mənzilinə - həmin mənzilin ilkin satış qiymətinin 60.000 (altmış min) manat məbləğində müəyyən edilməklə; X2 mülkiyyətində olan ünvan 2nin bir hissəsi ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinə - həmin torpaq sahəsinin ilkin satış qiyməti 30.000 (otuz min) manat məbləğində müəyyən edilməklə; X2 mülkiyyətində olan ünvan 2nin bir hissəsi ünvanında yerləşən ümumi sahəsi 0.06 kv/m olan torpaq sahəsinə - həmin torpaq sahəsinin ilkin satış qiyməti 35.000 (otuz beş min) manat məbləğində müəyyən edilməklə yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılması və əldə olunan vəsait hesabına İddiaçı borc tələbinin ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq məbləğin mülkiyyətçilərə qaytarılması, ipoteka predmetləri açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində cavabdehlər X31 və X2 həmin mənzildən və torpaq sahəsindən çıxmazsa, onların məcburi qaydada çıxarılması qət edilmişdir; Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1039/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3448/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən cavabdeh X23 prosessual hüquq varisi Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, həmin qətnamənin “tələb üzrə tutma X23 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsində yerləşən 35 nömrəli evin 46 nömrəli mənzilinə - həmin mənzilin ilkin satış qiyməti 60000 (altmış min) manat məbləğində müəyyən edilməklə yönəldilsin, ipoteka predmeti açıq hərracdan satılsın və əldə olunan vəsait hesabına X5 borc tələbi ödənilsin” hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmış və X9 mərhum X23 prosessual hüquq varisini müəyyən etməklə, ona qarşı tələb irəli sürə biləcəyi izah edilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4997/2018 saylı, xx.xx.2018ci il tarixli qətnaməsi ilə X5 cavabdehlər Cavabdeh1, X12 və X21, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs qarşı “tələbin ipotekaya yönəldilməsi, əmlakın dəyərindən kredit borcunun silnməsi, bir ay ərzində boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi” tələbinə dair ilkin iddiası təmin edilmiş, qanuni qüvvəyə minmiş qətnamə əsasında tutulmalı olan 84.000 (səksən dörd min) ABŞ dolları kredit tələbinin ipotekaya qoyulmuş ünvan 6-da yerləşən yaşayış sahəsinə yönəldilməsi, mənzilin açıq hərrac vasitəsilə satılması və satışdan əldə edlmiş vəsait hesabına 84.000 (səksən dörd min) ABŞ dolları məbləğində borcun iddaçıya ödənilməsi, əmlakın 1 (bir) ay ərzində boşaldılması qət edlmiş, Cavabdeh1 cavabdeh X9 qarşı “müqavilənin etibarsızlığı və çıxarışın ləğvi barədə” qarşılıqlı iddia ərizəsinin isə təmin olunmaması qət edilmişdir; Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2173/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilk iddiaya aid hissədə ləğv edilmiş, iddiaçı X5 cavabdehlər Cavabdeh1, X19 və X20 qarşı “kredit tələbinin ipoteka predmetinə yönəldilməsi barədə” ilk iddiası baxılmamış saxlanılmışdır; Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2173/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi maddi hüquq normaları pozulduğundan qarşılıqlı iddiaya aid hissədə ləğv edilmiş, iddiaçılar Cavabdeh1, X13 və X15 cavabdeh X9 qarşı “müqavilənin etibarsızlığı və çıxarışın ləğvi barədə” qarşılıqlı iddiası rədd olunmuşdur; xx.xx.2018-ci il tarixli, 39/02 №-li “Açıq hərracın nəticələri haqqında protokol”dan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3448/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinin və Sabunçu rayon icra və probasiya şöbəsinin 6942-231859/2018-4-6E saylı, xx.xx.2018-ci il tarixli sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən borclu X2 mülkiyyətində olmaqla ilkin satış qiyməti 35000 (otuz beş min) manat müəyyən edilən Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha torpaq sahəsinə dair keçirilmiş hərracın qalibi X17 olmuşdur; xx.xx.2018-ci il tarixli 39/03 №-li “Açıq hərracın nəticələri haqqında protokol”dan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3448/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinin və Sabunçu rayon icra və probasiya şöbəsinin 6942-231859/2018-4-6E saylı, xx.xx.2018-ci il tarixli sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən borclu X2 mülkiyyətində olmaqla ilkin satış qiyməti 30000 manat müəyyən edilən Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha torpaq sahəsinə dair keçirilmiş hərracın qalibi X17 olmuşdur; Borc verən/ipoteka saxlayan X5 ipoteka qoyanın vərəsələri Cavabdeh2 və Cavabdeh1 göndərdiyi xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, onlar borc barədə xəbərdar edilmiş və borcun ödənilmədiyi halda ipoteka predmetinə tutma yönəldilməsinə başlayacağı bildirilmişdir; 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X25 Məxsus Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, 35 saylı evin 46 saylı mənzilinə tutmanın yönəldilməsi haqqında bildiriş daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır; Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 dekabr 2022-ci il tarixli, 10/7055 saylı rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, 35 saylı evin 46 saylı mənzilinin ümumi sahəsinin 64,8 kv.m. təşkil etdiyi nəzərə alınaraq, mənzilin hazırki orta bazar qiymətinə uyğun ümumi dəyəri təqribən 137700 manat (2126 x 64,8), 10 % azalma əmsalı tətbiq edilməklə həmin mənzilin hazırki orta bazar qiymətinə uyğun likvid dəyəri təqribən (137700 – 10 %) 124000 manat təşkil edir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, X1 Orxan Allahverdi oğluna 06 dekabr 2016-cı il tarixədək qaytarmaq şərti ilə 100.000 (bir yüz min) ABŞ dolları məbləğində borc pul vermiş və 06 dekabr 2015-ci il tarixli ipoteka müqaviləsi ilə həmin kredit müqaviləsi üzrə Maraqlı şəxs öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə X25 məxsus Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 35 ünvanında yerləşən 46 saylı mənzil, eləcə də digər ipoteka qoyanlar tərəfindən daha iki əmlak X5 xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı xx.xx.2015-ci ildə mübahisələndirilən mənzilə dair ipoteka hüququnu təsdiq edən çıxarış almışdır. X31 24 yanvar 2016-cı il tarixdə vəfat etmiş, arvadı – X22, qızı – Cavabdeh2 və oğlu – Cavabdeh1 onun vərəsəsi kimi tanınmışdır. X19 isə 11 sentyabr 2021-ci il tarixdə vəfat etmişdir. İpoteka qoyan Ənvər Mehdiyevin xx.xx.2016-cı il tarixində vəfatından 11 ay sonra – xx.xx.2016-cı il tarixində Hidayət Şahtaxtinski ilə borcalan Maraqlı şəxs arasında “xx.xx.2015-ci il tarixli, 3M-1821 reyestr nömrəli kredit müqaviləsinə dəyişiklik edilməsi barədə” razılaşma imzalanmış, razılaşma ilə kredit müqaviləsinə dəyişiklik edilərək kreditin məbləği 84.000 ABŞ dolları müəyyən edilmiş, həmin pulun bir hissəsinin (50000 ABŞ dollarının) qaytarma günü xx.xx.2017-ci il, qalan hissəsinin (34000 ABŞ dollarının) qaytarma günü isə xx.xx.2017-ci il tarixinə təyin olunmuşdur. Nərimanov Rayon Məhkəməsinin 06 iyul 2017-ci il tarixli qətnaməsilə 84000 ABŞ dollarının cavabdehlərdən tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi qərara alınmışdır. Qətnamə yalnız tutmanın X25 məxsus mənzilə yönəldilməsi hissəsində mübahisələndirilmiş və Bakı Apellyasiya Məhkəməsinin qərardadı ilə X31 vəfat etdiyindən iddiaya tutmanın ona məxsus mənzilə yönəldilməsi hissəsində iş üzrə icraata xitam verilmişdir. Daha sonra Nərimanov Rayon Məhkəməsinin 16 noyabr 2018-ci il tarixli qətnaməsi ilə X8 Cavabdeh1 və qeyrlərinə qarşı tələbin mübahisələndirilən mənzilə yönəldilməsi barədə iddiası təmin edilmiş, iddiaçı Cavabdeh1 ipoteka müqaviləsinin etibarsızlığı və çıxarışın ləğvi barədə iddiası isə təmin edilməmişdir. Cavabdehlər Cavabdeh1 və qeyrilərinin şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin 20 fevral 201-cu il tarixli qərardadı ilə “tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə iddia tələbi ipoteka bildirişinin qeydə alınmaması səbəbindən baxılmamış saxlanmışdır. Eyni zamanda cavabdehlərin hazırki iş üzrə iddiaçıya qarşı ipoteka müqaviləsinin xitam olunması və çıxarışın ləğv edilməsi barədə iddiası rədd olunmuşdur. İşin mübahisələndirilən halı ipoteka müqaviləsinin hüquqi qüvvəsinin olub-olmaması ilə bağlıdır. Hazırda iddiaçı 06 dekabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə pul tələbinin ipoteka predmeti olan mübahisələndirilən mənzilə yönəldilməsini tələb edir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs olan Maraqlı şəxs 06 dekabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə icra edilməmiş kredit borcunun olduğu işin mübahisəsiz halıdır. Belə ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3448/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Maraqlı şəxs və X10 müştərək qaydada 84.000 (səksən dörd min) ABŞ dolları məbləğində borcun qətnamə icra olunan günə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə İddiaçı xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə borcun tutulması hissəsində mübahisələndirilmədiyindən həmin hissədə qanuni qüvvəyə minmişdir. Daha sonra keçirilmiş hərraclar nəticəsində ipoteka qoyulmuş X2 mülkiyyətində olan 0.06 ha torpaq sahəsi 30000 manata, həmin şəxsin mülkiyyətində olan ipoteka qoyulmuş digər 0.06 ha torpaq sahəsi 35000 manata tələbkar X17 tərəfindən əldə edilmişdir. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borcun 84000 ABŞ dolları məbləğində olduğu müəyyən edilmiş və iddiaçının 84000 ABŞ dolları həcmində olan tələbinin 65000 manat hissəsi ipoteka qoyulmuş daşınmaz əşyalar hesabına ödənilmişdir. Hazırki iş üzrə borcun məbləği və onun tutulması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən yenidən həmin fakta məhkəmə tərəfindən baxıla bilməz. Qeyd olunmalıdır ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi icra məmurları tərəfindən həyata keçirilir, həmin qətnamə üzrə qalıq borcun da məbləği icra işinin materiallarına uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. Əks hal eyni tələblə, yəni borcun məbləği ilə bağlı iki müxtəlif icra sənədinin mövcudluğuna gətirib çıxarar. Beləliklə, borcun məbləği qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən iddia 50000 ABŞ dolları kredit borcunun tutulması hissəsində təmin edilə bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin, həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Oxşar hüquqi mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Avropa Məhkəməsinin Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik qanunun aliliyi prinsipinin əsasını təşkil etməklə daha əvvəl hüquqi qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktların təkrarən mübahisələndirilməsini istisna edir. Tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ilə bağlı qeyd olunmalıdır ki, iş materiallarından göründüyü kimi, hazırkı işdə vərəsələri cavabdeh qismində cəlb edilən mərhum X25 məxsus olmuş ünvan 1 ünvanda yerləşən 46 saylı mənzil borc alan Maraqlı şəxs 100000 dollar məbləğində öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka müqaviləsi ilə yüklü edilmiş və ipotekanın dövlət qeydiyyatı həyata keçirilmişdir. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1 və 319.6-cı maddələrinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. İpoteka müqaviləsi bağlanan zaman qüvvədə olmuş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33 və 34.4.1-ci maddələrinə uyğun olaraq borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Göründüyü kimi, ipoteka predmetinə tutmanın yönəldilməsi qanunla ipoteka saxlayanın üzərində təsbit olunmuş hüquqdur və bu hüquq hüquq sahibinin iradə ifadəsi əsasında reallaşdırıla bilər. Hazırki iş üzrə əsas borclu öz öhdəliyini lazımınca icra etmədiyindən və müqavilə ilə nəzərdə tutulmuş şərtləri pozduğundan iddiaçının ipoteka predmetinə tutmanın yönəldilməsini tələb etmək hüququ yaranmışdır. Həmçinin qeyd edilməlidir ki, iddiaçı tərəfindən qanunla müəyyən olunmuş ipoteka predmetinə tutmanın yönəldilməsi qaydalarına əməl olunmuş, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2022-ci il tarixli bildiriş ipoteka qoyanın vərəsələrinə göndərilmiş və xx.xx.2022-ci il tarixli ərizə ilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət olunmuş və bildiriş xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. Tələbin vərəsələrə yönəldilməsinə gəlincə qeyd edilməlidir ki, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020-ci il tarixli Qərarı). Cavabdeh2 “öhdəliyin həcmi və müddəti dəyişdirildiyindən, ipoteka müqaviləsində isə müvafiq dəyişikliklər edilmədiyindən və həmin dəyişikliklər qeydə alınmadığından ipoteka müqaviləsinin heç bir hüquqi qüvvəsinin olmamasının məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilməsi” dəlili ilə bağlı məhkəmə qeyd edir ki, ipoteka qoyan Ənvər Mehdiyevin xx.xx.2016-cı il tarixində vəfatından sonra – xx.xx.2016cı il tarixində Hidayət Şahtaxtinski ilə borcalan Maraqlı şəxs arasındakı “xx.xx.2015-ci il tarixli, 3M-1821 reyestr nömrəli kredit müqaviləsinə dəyişiklik edilməsi barədə” razılaşmanın imzalanması, razılaşma ilə kredit müqaviləsinə dəyişiklik edilərək kreditin məbləğinin 84.000 ABŞ dolları, həmin pulun bir hissəsinin (50000 ABŞ dollarının) qaytarma gününün xx.xx.2017-ci il, qalan hissəsinin (34000 ABŞ dollarının) qaytarma gününün isə xx.xx.2017-ci il tarixinə təyin olunması müəyyən edilsə də, bu hal ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi üçün əsas ola bilməz. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” AR Qanununun 1.0.9-cu, “İpoteka haqqında” AR Qanununun 10.5, 14 və 48-ci maddələrinin və AR MMnin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 25 iyul 2019-cu il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, qanunvericiliyin tələblərinə müvafiq olaraq, kredit müqaviləsinin zəruri şərtlərində (məbləğ, müddət, faiz dərəcəsi, valyutaya və s.) dəyişikliklər edildikdə ipoteka müqaviləsinə də müvafiq dəyişikliklər edilməlidir. İpoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün şərtlərin göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyacaqdır. Hazırkı işin müəyyən olunmuş və mübahisə edilməyən hallarından da aydın olur ki, X17 (borc verən) və Maraqlı şəxs (borc alan) arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi ilə kredit məbləği 100000 (bir yüz min) ABŞ dolları, öhdəliyin icra edilmə müddəti xx.xx.2016-cı il tarixədək müəyyən edilmişdir. Həmin kredit müqaviləsinə xx.xx.2016-cı il tarixində edilmiş dəyişikliyə əsasən isə ödəniş edildiyindən kreditin məbləği azaldılaraq 84.000 ABŞ dolları müəyyən edilmiş, həmin öhdəliyin icra edilmə müddəti 3 aya yaxın müddətə uzadılmışdır. Hətta Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən Qərarı hazırki işə tətbiq edilməsə belə, kreditin faizsiz verilməsinin şərtləndirildiyi nəzərə alınarsa kredit müqaviləsinə edilmiş qeyd olunan dəyişikliklərin ipoteka qoyanın ziyanına dəyişdirilmədiyini, onun məsuliyyətinin artmasına gətirib çıxarmadığını aydın şəkildə görmək olar. İpoteka qoyanın məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olmayan müvafiq dəyişikliklərin kredit müqaviləsinə edilməsinə görə isə ipoteka müqaviləsinin qüvvəyə minməmiş hesab edilməsi hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab verməməklə yanaşı, ipoteka saxlayanın əşya hüququ olan ipoteka institutunun, bütövlükdə öhdəliyin icrasının təmini üsullarının mahiyyəti ilə ziddiyyət təşkil etmiş olar. Qeyd olunanlar ipoteka müqaviləsində dəyişikliklər edilməməsi səbəbindən onun qüvvəyə minməməsi ilə bağlı cavabdehin arqumentlərinin əsaslı olmasını istisna edir. İpoteka müqaviləsinin və dəyişikliklərin qüvvəyə minməməsinin apellyasiya məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilməsi barədə dəlili ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqanıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Bu baxımdan məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarında ipoteka müqaviləsinin hüquqi qüvvəsi ilə bağlı əks olunmuş hüquqi mövqeyinin rəhbər tutulmasını zəruri hesab etmişdir. Eyn zamanda qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Məhkəmə cavabdehin etirazında “iddiaçının iddia ərizəsində göstərdiyi əsasların bundan əvvəl qaldırdığı iddialardakı əsaslarla eynilik təşkil etməsi səbəbindən iş üzrə icraata xitam verilməli olması” dəlili ilə əlaqədar qeyd edir ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən yaranan mübahisənin “kredit borcunun tutulması” hissəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(005)-3448/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə artıq həll olunduğu, bununla belə kredit müqaviləsi üzrə pul tələbinin (hansı ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə artıq müəyyən edilmişdir) ipoteka predmetinə yönəldilməsi hissəsində mübahisənin öz həllini tapmadığı, əmlakın mülkiyyətçisi öldüyündən iş üzrə icraata xitam verilməsi, digər halda isə ipoteka bildirişinin qeydə alınmaması səbəbindən həmin iddianın baxılmamış saxlanıldığı (Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1039/2018 saylı, xx.xx.2018-ci il tarixli və 2(103)-2173/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadlarına əsasən) müəyyən edilmişdir. Göründüyü kimi, “kredit müqaviləsi üzrə pul tələbinin ipoteka predmetinə yönəldilməsi” hissəsində iddiaçının tələbi üzrə işi mahiyyəti üzrə həll edən yekun məhkəmə qərarı mövcud deyildir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin etirazı əsassızdır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilən borc tutulmalı olduğundan və həmin borc öhdəliyinin icrasının təmin edilməsi məqsədilə bağlanmış ipoteka müqaviləsi qüvvədə olduğundan ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Bu səbəbdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş tutma (qalıq borc) mübahisələndirilən ipoteka predmetinə yönəldilməlidir. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İpoteka predmetinin ilkin satış qiyməti ilə bağlı tərəflər arasında razılaşma olmadığından, məhkəmə araşdırması zamanı qiymətləndirmə ekspertizası təyin edilmiş, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26 dekabr 2022-ci il tarixli, 10/7055 saylı rəyi ilə Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, 35 saylı evin 46 saylı mənzilinin bazar qiymətinin 137700 (bir yüz otuz yeddi min yeddi yüz) manat, likvid dəyərinin isə 124000 (bir yüz iyirmi dörd min) manat olması müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, həmin mənzilin ilkin satış qiyməti müəyyən edilərkən məhz onun likvid qiyməti əsas götürülməlidir. Nəzərə alınmalıdır ki, məhz likvid qiymətin əsas götürülməsi ilə mənzilin münasib qiymətə tez bir müddətdə asan satılması və bununla da qətnamənin icrası təmin edilə bilər. Məhkəmə qiymətləndirici rəyini nəzərə alaraq hesab edir ki, Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, 35 saylı evin 46 saylı mənzili ilkin satış qiyməti 124000 (bir yüz iyirmi dörd min) manat müəyyən edilməklə açıq hərracdan satılmalı və qalıq borcun tutulması əldə edilən məbləğə yönəldilməlidir. İddia tələbinin əmlak satıldıqdan sonra 1 ay ərzində cavabdehlər tərəfindən mənzilin boşaldılması, cavabdehlərin və onlarla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin mənzildən və mənzilə qeydiyyatdan çıxarılmaları hissəsinə gəlincə qeyd olunmalıdır ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinin dispozisiyasından göründüyü kimi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra onun bir ay müddətində boşaldılması tələbi imperativ xarakter daşımaqla, iki halla şərtləndirilmişdir: əmlak kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Bu iki şərtdən birinin mövcudluğu ipoteka qoyanın və onunla birlikdə həmin əmlakdan istifadə edən ailə üzvlərinin həmin əmlakı ən geci bir ay ərzində boşaltması öhdəliyini yaradır. “İpoteka haqqında” Qanunun müvafiq norması ipoteka predmeti olan əmlak satıldıqdan sonra onun boşaldılmasını məhkəmə qaydasında tələb etmək hüququnu həmin ipoteka müqaviləsinin tərəfi olan və əmlak xeyrinə yüklü edilmiş ipoteka saxlayana vermişdir. Kreditor onun xeyrinə icra edilməli olan gecikdirilmiş öhdəliyin mümkün qədər tez icra olunmasında iqtisadi marağı olan hüquq subyekti qismində çıxış edir. Bu cür iqtisadi maraq ipoteka predmetinin mümkün qədər qısa müddətdə özgəninkiləşdirilməsi yolu ilə kreditorun əsas öhdəlik üzrə ümid etdiyi nəticənin ağlabatan müddətdə təmin edilməsini ehtiva edir. İpoteka predmetinin əldə edilməsindən sonra həmin əmlaka real mülkiyyət hüquqlarının həyata keçirilməsi imkanından məhrum olmaq və onun boşaldılması barədə ayrıca məhkəmə mübahisəsi açmaq perspektivi potensial alıcıların həmin əmlakı əldə etməyə olan marağını azaldır. Bu isə son nəticədə hüquqi müəyyənlik prinsipinin tələblərinə də cavab verməməklə yanaşı, mülki prosesin təməl prinsiplərindən olan prosessual qənaət prinsipi baxımından da yolverilməzdir. Qeyd olunanlar baxımından məhkəmə hesab edir ki, iddia cavabdehlərin mənzildən çıxarılması və mənzil satıldıqdan sonra 1 ay ərzində mənzilin boşaldılması hissəsində əsaslı hesab edilərək təmin edilməlidir. Digər şəxslər ifadəsi isə qeyrimüəyyən olduğundan və onlar cavabdeh qismində işə cəlb edilmədiyindən iddia həmin hissədə təmin edilə bilməz. Belə ki, iddiaçı yalnız cavabdehə qarşı tələb irəli sürməsinə baxmayaraq, ipoteka predmetində yaşayan digər şəxslərin də çıxarılmasını tələb etmiş, buna baxmayaraq, həmin şəxslər barədə hər hansı məlumat təqdim etməmiş və onları cavabdeh qismində müəyyən etməmişdir. Halbuki, qüvvədə olan mülki prosessual qanunvericiliyin tələblərinə əsasən iddia üzrə ünvanına tələb yönələn hər bir şəxs cavabdeh qismində müəyyən edilməli və hər bir cavabdehə qarşı yönələn tələb dəqiq göstərilməlidir. Hüquqi nəticə etibarı ilə bu tələb qeyri-müəyyən şəxslər dairəsinə qarşı irəli sürülmüşdür. Məhkəmə iddianın “cavabdehlərin və onlarla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin mənzilə qeydiyyatdan çıxarılmaları” hissəsini əsaslı hesab etmir. Belə ki, cavabdehlərin və onlarla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipoteka predmeti olan daşınmaz əmlakdan qeydiyyatdan çıxarılması “İpoteka haqqında” Qanunla tənzimlənir. Həmin Qanunun 59.4-cü maddəsinə uyğun olaraq, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, həmin tələbin müstəqil iddia formasında irəli sürülməsinə zərurət yoxdur və qeydiyyatdan çıxarılması ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında icra məmurları və inzibati orqan tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 iyun 2017-ci il tarixli, 2(005)-3448/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş tutma (84.000 (səksən dörd min) ABŞ dolları məbləğində borcun qətnamə icra olunan günə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə müəyyən edilmiş məbləğindən qalıq borc) ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 35 ünvanda yerləşən 46 saylı mənzilə yönəldilməli, mənzil ilkin satış qiyməti 124000 (bir yüz iyirmi dörd min) manat müəyyən edilməklə açıq hərracda satılmalı və satışdan əldə olunan vəsait hesabına qalıq borc ödənilməlidir. Satışdan artıq qalan məbləğ cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qaytarılmalı, əmlak satıldıqdan ən gec bir ay ərzində mənzili tərk etməzlərsə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 35 ünvanda yerləşən 46 saylı mənzildən məcburi çıxarılmalı və mənzil boşaldılmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. İpoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 iyun 2017-ci il tarixli, 2(005)- 3448/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş tutma (84.000 (səksən dörd min) ABŞ dolları məbləğində borcun qətnamə icra olunan günə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə müəyyən edilmiş məbləğindən qalıq borc) ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 35 ünvanda yerləşən 46 saylı mənzilə yönəldilsin. ünvan 6 ünvanda yerləşən mənzil ilkin satış qiyməti 124000 (bir yüz iyirmi dörd min) manat müəyyən edilməklə açıq hərracda satılsın və satışdan əldə olunan vəsait hesabına qalıq borc ödənilsin. Satışdan artıq qalan məbləğ cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qaytarılsın. Mənzil satıldıqdan ən geci bir ay ərzində mənzili tərk etməzlərsə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 35 ünvanda yerləşən 46 saylı mənzildən məcburi çıxarılsın və mənzil boşaldılaraq alıcıya təhvil verilsın. İddia qalan hissədə təmin edilməsin. İpoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE**********0002088501, X14, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar