Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2463/2022 22.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzilə köçürülmə və istifadə hüququna yaradılmış maneələrin qadağan olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzilə köçürülmə və istifadə hüququna yaradılmış maneələrin qadağan olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi və onun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi ilə əlaqədar maneələrin yaradılması Cavabdeh qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən 97 saylı mənzil xx.xx.2004-cü il tarixdə 42 saylı DNK-nın xx.xx.2004-cü il tarixli 4Ə/07-653 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən vəfat etmiş ataları X2 adına qeydiyyatdan keçmişdir. Sözügedən mənzil sonradan digər üçüncü şəxslərin adına qeydiyyata alınmışdır. Lakin Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli, 8(005)-352/2014 saylı qərarına əsasən üçüncü şəxslərin adına verilmiş çıxarışlar ləğv edilmiş və yuxarıda qeyd olunan mənzilin ½ hissəsi xx.xx.2011-ci il tarixdə X2, digər ½ hissəsi isə xx.xx.2013cü il tarixdə X1 adına qeydiyyatdan keçmişdir. Daha sonra X5 Cavabdeh ilə birgə nikahda olduğu dövrdə, yəni xx.xx.2016-cı il tarixdə keçmiş arvadı, yəni iddiaçıların anası X4 ilə aralarında xx.xx.2016-cı il tarixli AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsi bağlayaraq həmin mənzilin X3 aid ½ hissəsini 50.000 manata satın almışdır. İddia ərizəsinə əlavə edilmiş Nərimanov rayon Məhkəməsinin 2(005)-146/2019 saylı qətnaməsindən də göründüyü üzrə məhkəmə belə qənaətə gəlmişdir ki, “ünvan 2 ünvanında yerləşən 97 saylı mənzilin X1 mülkiyyətində olan hissəsi X5 ilə Cavabdeh birgə nikahda olduğu dövrdə əldə olunduğundan həmin mənzilin ¼ hissəsi sonuncunun mülkiyyəti hesab edilməlidir.” Həmçinin mübahisə obyekti olan mənzilin ¾ hissəsinə münasibətdə məhkəmə tərəfindən bildirilmişdir ki, “həmin mənzilin ¾ hissəsi iddiaçılar və Cavabdeh arasında bərabər şəkildə bölünməli və hər birinə ümumi mənzildən ¼ hissədə pay tanınmalıdır.” Beləliklə, Nərimanov rayon Məhkəməsinin 2(005)-146/2019 saylı, 12 aprel 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, ünvan 2 ünvanında yerləşən 97 saylı mənzil barəsində ünvan 3vabdeh Cavabdeh verilmiş xx.xx.2017-ci il tarixli, 2V-345 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh adına verilmiş çıxarışın etibarsız hesab edilməsi, ünvan 2 ünvanında yerləşən 97 saylı mənzildən İddiaçı1 ¼ hissədə və İddiaçı2 ¼ hissədə miras pay hüquqlarının müəyyən edilməsi və həmin əmlaka dair iddiaçılar İddiaçı1 və Cavabdeh paylarına münasib yeni vərəsəlik şəhadətnamələrinin verilməsi qət edilmişdir. Həmin qətnamədən tərəfindən və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmış və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9264/2019 saylı, 18 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə Nərimanov rayon Məhkəməsinin 2(005)-146/2019 saylı, 12 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9264/2019 saylı, 18 sentyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə baxılmış və AR Ali Məhkəməsinin 2(102)-621/2020 saylı, 03 fevral 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş və iş yenidən apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5053/2020 saylı, 09 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə baxılmış və Ali Məhkəmənin 2(102)-2202/2021 saylı, 20 aprel 2021-ci il tarixli qərara əsasən Cavabdeh kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5053/2020 saylı, 09 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Belə ki, mövcud mübahisənin yekunlaşmasından 1 ildən artıq müddət keçməsinə baxmayaraq cavabdeh tərəfindən yaradılan maneələrə görə hələ də ünvan 2 ünvanında yerləşən 97 saylı mənzilə olan hər birimizin ½ hissə payımıza əsasən yaranmış sahiblik və istifadə hüququnu həyata keçirə və ya həmin mənzilə köçə bilmirlər. Hazırda cavabdeh tərəfindən sözügedən mənzilə köçürülməyi, həmçinin həmin mənzilə sahiblik və istifadə hüquqularına yaradılan maneələrin aradan qadırılması zərurəti vardır. Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, iddiaçıların köçürülmələrini istədikləri ünvan 4 ünvanında yerləşən 97 saylı mənzildə cavabdeh, oğlu, oğlunun həyal yoldaşı və onların 3 uşağı yaşayırıq. Onların həmin mənzildə onlarla birlikdə yaşamaları qeyri- mümkündür. Həmçinin iddiaçıların gənc gəlinin, azyaşlı uşaqlarla birlikdə yaşamaları etik baxımdan da yolverilməzdir. Bundan başqa iddiaçıların yaşamaları üçün həm Naxçıvan şəhərində, həm də Bakı şəhərində mənzilləri vardır. Onların bu evə köçürülmək istəmələri hüquqlarından sui-istifadədir. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili iddia tələbinin dəlillərinə uyğun surətdə çıxış edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə vəsatətlə müraciət edərək, Şirvan İnzibati Məhkəməsində saat 11:10-a təyin edilmiş məhkəmə iclasında iştirak etməsi səbəbindən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 146/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək, ünvan 5 ünvanında yerləşən 97 saylı mənzil barəsində ünvan 3vabdeh Cavabdeh verilmiş xx.xx.2017-ci il tarixli, 2V-345 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən Cavabdeh adına verilmiş çıxarış etibarsız hesab edilməsi, ünvan 2 ünvanında yerləşən 97 saylı mənzildən İddiaçı1 1/4 hissədə və İddiaçı2 1/4 hissədə miras pay hüquqları müəyyən edilməsi, Həmin əmlaka dair iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh paylarına münasib yeni vərəsəlik şəhadətnamələri verilməsi və “Nissan Navara” markalı, **-BA-*** (**-CM-***) dövlət qeydiyyat nişanlı avtomobil üzərində İddiaçı1 1/6 hissədə. İddiaçı2 1/6 hissədə miras pay hüquqlarının olması müəyyən edilsin və onlara Cavabdeh tərəfindən sözügedən mübahisəli avtomaşının ilk dəfə özgəninkiləşdirilməsi zamanı əldə etdiyi məbləğdən paylarına münasib pul tələbi üzrə iddia qaldırmaq hüquqlarına malik olmaları izah edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilmiş mülkiyyət hüquqularının qeydiyyatı barədə qeydiyyat nömrəsi **********, ********** nömrəli xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixli çıxarışlardan görünür ki, daşınmaz əmlakın reyestr nömrəsi **********09-05101-093023 olan ünvan 2 ünvanında yerləşən 97 saylı mənzil ¼ İddiaçı1 və ¼ İddiaçı2 xüsusi mülkiyyət hüquqları tanınmışdır (X7 2/4 hissə açıq qalır). Məhkəmə baxışında müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-146/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən mənzilə dair İddiaçı1 1/4 hissədə və İddiaçı2 1/4 hissədə miras pay hüquqları müəyyən edilmişdir. İddiaçıların pay hüquqlarının dövlət qeydiyyatına alınaraq onların müvafiq mənzilə xüsusi mülkiyyət hüquqları müəyyən edilmişdir. Lakin iddiaçılar qeyd olunan əmlakda müəyyən edilmiş paylarına münasibətdə istifadə hüquqlarına cavabdeh tərəfindən maneə törədilməsi səbəbindən, həmin maneələrin aradan qaldırılması və onun həmin evə köçürülməsi üçün məhkəməyə müraciət etmişdir. Cavabdeh hazırda iddiaçıların mübahisə predmeti olan mənzildən istifadə etmələrini qeyrimümkün olduğunu bildirərək iddia tələbini təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evin paylı mülkiyyətçisidir və həmin evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır. Beləliklə, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa, onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir. İddiaçının evdən istifadə hüququnun olmaması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, bu norma göstərişinin xarakterinə görə səlahiyyətverici norma deyil, qadağanedici normadır. Əgər səlahiyyətverici norma olsaydı (mənzildə yaşamaq səlahiyyəti versəydi) bu halda iddiaçının istifadə hüququnun olması normanın tətbiqi üçün vacib sayılardı. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunur, bu isə o deməkdir ki, norma istifadə hüququnun olub-olmadığından asılı olmayaraq mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Obyektiv hüququn funksiyalarında biri də mühafizə funksiyasıdır. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu norma qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur. Əgər “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın mühafizə funksiyası olmasa fiziki cəhətdən güclü olan istənilən şəxs istifadə hüququ olmadan mənzildə yaşayan digər şəxsi oradan çıxara bilər və ya yaşadığı mənzilə daxil olmasına manelər yarada bilər və ya digər bu kimi hərəkətlər edə bilər, nəticədə isə özbaşınalığa şərait yaranar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzim etmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, məhkəmə hesab edir ki, mübahisəli evdə cavabdeh kimi iddiaçılarında pay hüququ olduğundan cavabdehin həmin evdən istifadə etməklə ondan faydalandığı kimi, iddiaçıların da bu hüququ realizə etməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 162-ci maddəsinə əsasən əşyaya faktik sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq əşyaya sahibliyi ləğv etmir. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Həmin Məcəllənin 165.2-ci maddəsinə əsasən qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Yuxarıda qeyd olunan maddi hüquq normasının imperativ tələblərindən göründüyü kimi şəxsin mülkiyyətdən istifadə hüquq qanunla müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçıların ünvan 1 ünvanında yerləşən mənzilə paylı mülkiyyətçi hüquqlarının olması qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında dövlət qeydiyatına alınmaqla müəyyən edilmişdir. Belə olan halda hazırda iddiaçıların iddia tələbinin həm faktiki, həm də maddi hüquqi əsası sabit olduğundan onun ünvan 1 ünvanına köçürülməsi və istifadə hüququna qarşı yönəlmiş maneələrin aradan qaldırılması zəruridir. Lakin iddiaçılar tələblərində üçüncü şəxslər tərəfindən onların istifadə hüququna dair maneələrin aradan qaldırılmasını göstərsələrdə, üçüncü şəxslərin kimlər olması barədə hər-hansı məlumatı verməmişlər. Qeyd olunan halı nəzərə alan məhkəmə bildirir ki, hazırda tələbin həmi hissəsi qeyri-müəyyəndir. Belə olan halda məhkəmə həmin hissədə iddia tələbinin təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia tələbi qismən təmin edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Nərimanov rayonu, Yanvar Nəsirov küçəsi. 1921 məhəllə ünvanında yerləşən 97 saylı mənzilə köçürülməli və onların ünvan 2 ünvanında yerləşən 97 saylı mənzilə dair istifadə hüquqlarına maneələrin yaradılması Cavabdeh qadağan edilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Nərimanov rayonu, Yanvar Nəsirov küçəsi. 1921 məhəllə ünvanında yerləşən 97 saylı mənzilə köçürülsün. İddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 2 ünvanında yerləşən 97 saylı mənzilə dair istifadə hüquqlarına maneələrin yaradılması Cavabdeh qadağan edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-2463/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2463/2022
22.09.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver