Məhkəmə qərarları › İş №e-2(005)-2471/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2471/2023

26.07.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2471/2023 26.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qarabağ Regional Təhsil İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı (X7 və Qarabağ Regional Təhsil İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) işdən çıxmaq barədə ərizəsinin, əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş 16 fevral 2023-cü il tarixli, 3-29/-3-1-222K/2023 saylı əmrin etibarsız hesab edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki iş yerindəki vəzifəsinə - Bərdə rayon şəhid Alı adına 5 saylı tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı, iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, məcbur qalaraq ona qarşı edilən təhdid və hədə-qorxu altında imzaladığı xx.xx.2023-cü il tarixli işdən çıxmasına dair ərizəsinin və həmin ərizə əsasında Azəraycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş 16 fevral 2023-cü il tarixli, 3-29/-3-1-222K/2023 saylı əmrin etibarsız hesab edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki iş yerindəki vəzifəsinə - Bərdə rayon şəhid Alı adına 5 saylı tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun iş yerindəki uğurlu təcrübəsi, işinin gedişatı və sənədli olaraq isbat edilmiş fayda verən nəticəvi mövqeyi, onu işində zəhmətkeş və işinə vicdanlı münasibətli bir işçi kimi xarakterizə edir. Bu səbəbdən, işdən əsassız şəkildə çıxarılması düzgün deyildir və bunun hüquqlarını pozmaq məqsədi güdən bir addım olduğuna inanır. 2017-ci il 03 aprel tarixindən 16 fevral 2023-cü il tarixinə qədər şəhid Alı adına 5 saylı tam orta məktəbdə məktəb direktoru kimi əmək fəaliyyəti olmuşdur və həmin iş vəzifəsində nailiyyətini isbat etmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş 16 fevral 2023-cü il tarixli, 3-29/3-1-222K/2023 saylı əmrə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və həmin əmrə əsasən də o haqsız olaraq Bərdə rayon Şəhid Alı adına 5 saylı orta məktəbin direktoru vəzifəsindən azad olunmuşdur. Onun işdən çıxarılma səbəbi Bərdə Təhsil sektorunun inspektoru Kənan Rüstəmovun və sektor müdiri X10 Regional Təhsil idarəsi müdiri Gündüz Əbdülov ilə əvvəlcədən əlbir olaraq saxta sənədlər əsasında ona qarşı qarayaxma kampaniyası başlatmaları olmuşdur ki, Qurban Məmmədov və Kənan X1 rəhbəri olduğu məktəbdə işə götürülməsi ilə bağlı, Şahid 19 sentyabr 2022-ci il tarixdə 3 ədəd məktub vermiş və həmin məktubların arxa üzü möhürlənmişdir. Şahid həmin 3 ədəd məktubu gətirib o olmayanda onun stolunun üzərinə qoyub çıxıb getmişdir. Sonra 18 yanvar 2023-cü il tarixdə Şahid vasitəsi ilə ona göndərilən məktublardakı sənədlərin həqiqətə uyğun olmadığı məsələsi ortaya çıxmışdır. O zaman Şahid Bərdə təhsil idarəsinə (Qarabağ Regional Təhsil idarəsi) çağırılaraq, sektor müdiri Qurban Məmmədov ondan izahat alıb və onu məcbur edibdir ki, onun əleyhinə izahat verərək, ona göndərdikləri sənədin saxta olmasının və onun tərəfindən saxta yolla hazırlandığını təsdiq etsin. Ancaq Şahid onun əleyhinə şər və yalan dolu izahat verməkdən imtina edibdir. Ona qarşı təhdid və böhtan olaraq irəli sürülmüş və saxta olduğu deyilən, Şahid ona göndərilmiş sənədlər elektron imza ədnirəzü) QR əks olunub) Qarabağ Regional Təhsil idarəsinin müdiri Gündüz Əbdülov tərəfindən imzalanmışdır. Lakin hansısa texniki səbəblərdən mövcüd QR kodu oxutmaq hazırda qeyri-mümkündür. Ehtimal ki, Gündüz Əbdülov, Kənan Rüstəmov və Qurban Məmmədov QR kod məsələsini də özlərinə məxsus şəkildə həll ediblər. Gündüz Əbdülov tərəfindən elektron imza ilə imzalanmış və 19 sentyabr 2022-ci il tarixlə Qurban Məmmədov tərəfindən dərkənar qoyulmuş həmin sənəddə X5 15 sentyabr 2022-ci il tarixdən 8 saatlıq dərs yükü ilə 5 saylı orta məktəbdə ingilis dili müəlliməsi olaraq qəbul edilməsi öz əksini tapmışdır. Günel Nadirovanın işə qəbul sənədlərini Gündüz Əbdülov özü asan imza ilə imzalamışdır, ancaq yekunda ona qarşı AR Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndinin tələbləri pozulmaqla (işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin əsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır) onunla bağlanmış əmək müqaviləsinə 16 fevral 2023-cü il tarili 3-29/3-1-222K/2023 saylı əmrlə əsassız olaraq xitam verilmişdir. Ona qarşı açıq-aşkar təxribat olan bu cür hərəkətin arxasında dayanan qərəz və düşmənçiliyin məram və mənasını anlamağa çətinlik çəkir. Bu qeyd edilənlərə əlavə olaraq bildirir ki, Nadirova Günel Elburus qızı tərəfindən Bərdə rayon məhkəməsinə verilmiş “işə bərpaya dair” iddia ərizəsində də açıq bəyan edilir ki, Təhsil şöbəsinin 26 sentybar 2022-ci il tarixli qərarı ilə Günel Nadirova Kəlbəcər rayon 38 saylı tam orta məktəbdən Bərdə rayon şəhid Alı adına 5 saylı orta məkətəbə köçürülübdür. Günel Nadirova öz iddia ərizəsində həmçinin göstərmişdir ki, 18 yanvar 2022-ci il tarixdə Teymur müəllim işdən azad edildiyi zaman, o da işdən azad edilibdir. Günel Nadirova iddia ərizəsinin mətnində yazır ki, onun anası Şahid Bərdə Təhsil sektorunun inspektoru Kənan Rüstəmovla əlaqə saxladıqdan sonra, Kənan Rüstəmov anasına sənədlər vermiş və həmin sənədləri 5 saylı məktəbə çatdırlmasını anasından Kənan Rüstəmov istəmiş, anası Şahid həmin sənədləri 5 saylı orta məktəbə çatdırmış, həmin sənədlərin Təshil şöbəsindən verildiyinə inandıqları üçün 5 saylı orta məktəbə çatdırılmasında problem görməmişdilər. Lakin sonra məktəbə yoxlama gəldikdə guya onun tərəfindən Günel Nadirovanın qanunsuz olaraq saxta sənədlər əsasında işə götürülməsi “aşkar edildiyi” üçün hər ikisini işdən azad etmişdilər. Günel Nadirovanın iddiası əsasında başladılmış mülki məhkəmə icraatında Bərdə Rayon Məhkəməsi onu işə cəlb edib. O zaman o da məhkəməyə onda olan sənədləri təqdim edib. Məhkəmə Q.Məmmədovdan münasibət bildirməsini soruşduqdan sonra bildirib ki, iş üzrə xətşünaslıq ekspertizası təyin edəcəkdir. Bundan sonra növbəti məhkəmə iclasında, yəni 08 may 2023-cü il tarixində iddiaçı Günel Nadirova nümayəndəsi vasitəsi ilə ona məlum olmayan səbəblərdən iddiasının baxılmamış saxlanılması haqqında ərizə vermişdir. Bərdə Rayon Məhkəməsi iddiaçının ərizəsi əsasında işin baxılmamış saxlanmasına dair qərardad qəbul etmişdir. Onun məhkəməyə təqdim etdiyi sənədlər həmin mülki işin materiallarına əlavə edilmişdir. Bütün bunlar onu deməyə əsas verir ki, onun işdən azad olması tam qanunsuzdur və ona qarşı qəsdən, qərəzli olaraq başladılmış qarayaxma kampaniyasının tam ifadəsidir. Onun tərəfindən 1 aylıq müddətə əməl edilmiş və mediasiya qanunverciliyinə uyğun olaraq cavabdehə göndərilmiş 10 mart 2023-cü il tarixli mediasiya təklifinin bildirişini aldıqdan sonra həmin sənədləri mediasiya ərizəsi ilə birlikdə Bakı 5 saylı Mediasiya təşkilatına 03 aprel 2023 cü il tarixdə göndərmiş olsa da, adı çəkilən mediasiya təşkliatından məlumat gəlmişdir ki, həmin təşkilat artıq fəaliyyət göstərmir. Bundan sonra o, məcburən mediasiya təşkilatını dəyişərək bu dəfə Bakı 1 saylı Mediasiya təşkilatına müraciət edib və 17 may 2023-cü il tarixdə mediasiya təşkilatından müvafiq arayışı əldə etmişdir. Məhkəmə tərəfindən X7 və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qarabağ Regional Təhsil İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, bütün hadisələr Günel Nadirovanın məktəbə müəllim kimi köçürülməsi barədə sənədlərin ona göndərilməsi ilə başlamışdır. Müəllim keçirildikdən sonra həmin sənədlərin saxta olduğunu bildirdilər. Göndərilən sənədlər yalnız onların özləri, idarə tərəfindən hazırlana bilərdi. Çünki onlarda qr kod var idi, icra edin dərkənarı qoyulmuşdur, o, həmin göstərişi icra etməyə bilməzdi. Sonradan məhkəmə tərəfindən sənədlərin saxtalığı ilə bağlı ekspertiza keçirilməsi təklif edildikdə iddia ərizəsi geri götürülmüşdü. O işdən heç vaxt çıxmaq istəməmiş, lakin Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz müəllim ona işdən çıxmaq üçün təzyiq etmişdir. Belə ki, məktəbə yoxlama gəlmişdir. Bu zaman onu məktəbdən uzaqlaşdıraraq, 20 günlük təhsil şöbəsinə ezamiyyətə göndərmişlər. Təhsil şöbəsində isə ona demişlər ki, o evinə getsin, əgər burada iş olsa onu çağıracaqlar. O, həmin 20 günü evdə keçirmişdir. Təhsil şöbəsindən onu çağırmamışlar. O, yoxlama bitdikdən sonra məktəbə geri qayıtmışdır. Qayıtdıqdan bir gün sonra Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz müəllim ona zəng edərək, onu Qarabağ Regional Təhsil İdarəsinə dəvət etmişdir. Onun otağına getdikdən sonra Gündüz müəllim onu təhdid etməyə başlayaraq bildirmişdir ki, ərizəni yazıb işdən çıxmalıdır, əgər o ərizəni yazıb işdən çıxmasa, o, onun barəsində prokurorluğa müraciət edərək onu tutduracaq. Ona bildirib ki, o polkovnikdir və istədiyi hər şeyi edə bilər. O, elə İdarədə məcbur qalaraq ərizəsini yazmışdır. O, ərizəni yazarkən otaqda Tamella müəllimə və Gündüz müəllim olub. Tamella müəllimə həmkarlar ittifaqının sədridir. Gündüz müəllim ərizəni “səhhətimlə bağlı işdən azad edilməyimi xahiş edirəm” məzmununda yazmağı onu təkid etmişdir. O, mediasiyaya müraciət etdikdən sonra Gündüz müəllimin müavini onu çağıraraq, ərizəsini geri götürəcəyi halda digər iki məktəbə direktor təyin etməyi təklif etmişdir. Lakin o, bu təkliflə razılaşmamışdır. Onun baş vermiş hadisələrdə heç bir təqsirinin olmadığını və işdən çıxmaq barədə ərizəsini hədə-qorxu təsiri altında yazdığını nəzərə almaqla iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 bildirmişdir ki, onlar mediasiya şurasına müraciət etdikdən sonra Teymur müəllim barəsində Bərdə Rayon Prokurorluğuna müraciət edilmişdir. Onların təqdim etdikləri sənədlərdən də görünür ki, prokurorluğa 05 aprel 2023-cü il tarixində müraciət edilmişdir. Bərdə Rayon Prokurorluğu tərəfindən əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İddiaçının iş yerindəki uğurlu təcrübəsi, işinin gedişatı və sənədli olaraq isbat edilmiş fayda verən nəticəvi mövqeyi onun barəsində qarayaxma kampaniyasının həyata keçirilməsinə səbəb olmuşdur. İddiaçıya qarşı təhdid və böhtan olaraq irəli sürülmüş və saxta olduğu deyilən, Şahid iddiaçıya göndərilmiş sənədlər elektron imza ilə ədnirəzü) QR əks olunub) Qarabağ Regional Təhsil idarəsinin müdiri Gündüz Əbdülov tərəfindən imzalanmışdır. Lakin hansısa texniki səbəblərdən mövcüd QR kodu oxutmaq hazırda qeyri mümkündür. Ehtimal ki, Gündüz Əbdülov, Kənan Rüstəmov və Qurban Məmmədov QR kod məsələsini də özlərinə məxsus şəkildə həll ediblər. Gündüz Əbdülov tərəfindən elektron imza ilə imzalanmış və 19 sentyabr 2022-ci il tarixlə Qurban Məmmədov tərəfindən dərkənar qoyulmuş həmin sənəddə X5 15 sentybar 2022-ci il tarixdən 8 saatlıq dərs yükü ilə 5 saylı orta məktəbdə iniglis dili müəlliməsi olaraq qəbul edilməsi öz əksini tapmışdır. Günel Nadirovanın işə qəbulu sənədlərini Gündüz Əbdülov özü asan imza ilə imzalamışdır, ancaq yekunda iddiaçıya qarşı AR Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndinin tələbləri pozulmaqla əmək müqaviləsinə xitam verilmişdir. İddiaçıya qarşı açıq aşkar təxribat olan bu cür hərəkətin arxasında qərəz və düşmənçilik dayanır. Günel Nadirovanın iddiası əsasında başladılmış mülki məhkəmə icraatında Bərdə Rayon Məhkəməsi ididaçını işə cəlb etdi. O zaman iddiaçı da məhkəməyə onda olan sənədləri təqdim etdi. Məhkəmə Q.Məmmədovdan münasibət bildirməsini soruşduqdan sonra bildirdi ki, iş üzrə xəttşünaslıq ekspertizası təyin edəcəkdir. Bundan sonra növbəti məhkəmə iclasında, yəni 08 may 2023-cü il tarixində iddiaçı Günel Nadirova nümayəndəsi vasitəsi ilə bizə məlum olmayan səbəblərdən iddiasının baxılmamış saxlanılması haqqında ərizə vermişdir. Qeyd olunanlar baxımından, iddiaçının işdən əsassız şəkildə çıxarılmağı düzgün deyil və onun hüquqlarını pozmaq məqsədi güdən bir addımdır. Beləliklə, o, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qarabağ Regional Təhsil İdarəsinin nümayəndəsi X6 bildirmişdir ki, onlarda olan məlumata əsasən iddiaçı işdən öz ərizəsinə əsasən azad edilmişdir. Məktəbdə yoxlama aparılmışdır. O, yoxlama prosesində iştirak etməmişdir. O, sadəcə olaraq, təhvil-təslim prosesində iştirak etmişdir. O, Teymur müəllimin həmin ərizəni hansı şəkildə yazdığı barədə məlumat verə bilməz. Onlarda olan sənədlərə əsasən Teymur müəllim 16 fevral 2023-cü il tarixində səhhəti ilə əlaqədar ərizəsini yazaraq, işdən çıxmışdır. Teymur müəllim Qarabağ Regional Təhsil İdarəsinin əmrinə əsasən 20 gün müddətinə Qarabağ Regional Təhsil İdarəsinə ezam olunmuşdur. Məktəbdə yoxlama yanvar və fevral aylarında aparılmışdır və bu zaman Teymur müəllim Qarabağ Regional Təhsil İdarəsinə ezam olunmuşdur. Qarabağ Regional Təhsil İdarəsi tərəfindən aşkar edilmişdir ki, X8 test və müsahibə mərhələsində nailiyyət əldə etməməsinə baxmayaraq, məkətəbə müəllim kimi keçirilmişdir. Bu hadisə müəyyən edildikdən sonra X8 işdən azad edilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, onların iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasda iştirak edən tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Təhsil Nazirinin K-05/2 nömrəli, xx.xx.2017-ci il tarixli əmrindən görünür ki, Bərdə rayonu Gərəə kənd tam orta məktəbinin direktoru ilə bağlanmış əmək müqaviləsinin ƏM-in 69-cu maddəsinə əsasən 03 aprel 2017-ci il tarixdən ləğv edilməsi və həmin tarixdən şəhərin A.Mustafayev adına 5 nömrəli tam orta məktəbinin direktoru vəzifəsinə təyin edilməsi əmr edilmişdir; Əmək kitabçasının surətindən görünür ki, İddiaçı Təhsil Nazirliyinin xx.xx.2017-ci il tarixli K-05/2 nömrəli əmri ilə A.Mustafayev adına 5 nömrəli tam orta məktəbdə direktor vəzifəsinə təyin edilmişdir; İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil naziri Emin Əmrullayevə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsinin surətindən görünür ki, o, baş-beyin insultu keçirdiyini, səhhətinin işləməyə imkan vermədiyini bildirmiş və xx.xx.2023-cü il tarixdən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir; Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin 3-29/3-1-222K/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən Bərdə şəhəri Şəhid Alı adına 5 nömrəli tam orta məktəbin direktoru İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə 16 fevral 2023-cü il tarixdən xitam verilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Elm və Təhsil Nazirliyinə təqdim etmək üçün verilmiş xx.xx.2023-cü il tarixli tibbi arayışından görünür ki, İddiaçı Zaur oğlu yararlıdır, kardioloji sağlamdır; Şahid tərəfindən yazılmış izahat və ərizənin məzmunundan görünür ki, Bərdə Təhsil sektorunun müdiri Qurban Məmmədov tərəfindən İddiaçı əleyhinə ifadə verməyə məcbur edildiyini, lakin ifadə verməkdən imtina etdiyini, bu halda işin prokurorluğa veriləcəyi və onu işdən çıxaracaqları ilə təhdid edildiyini bildirmişdir; İddiaçı X7 tərəfindən Bərdə Rayon Məhkəməsinə verilmiş iddia ərizəsinin surətindən görünür ki, o, Bərdə Təhsil şöbəsinin işçisi Kənan Rüstəmovun onun kənd məktəbindən Bərdə şəhər 5 nömrəli məktəbə köçürülməsi barədə verdiyi sənədləri məktəbə təqdim etmiş, həmin sənədlərin saxta olduğu bildirilərək o və direktor qanunsuz olaraq işdən azad edilmişdir. Bu səbəbdən əvvəlki vəzifəsinə geri qaytarılmasını xahiş etmişdir; Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan çıxarışın surətindən görünür ki, Elm və Təhsil Nazirliyi Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbilov, İddiaçı işlədiyi müddətlərdə yol verdiyi qanunsuz hərəkətləri barədə Bərdə Rayon Prokurorluğuna müraciət etmişdir. 100c-23 saylı material üzrə İddiaçı əməlində Azərbaycan Respublikası CM-də nəzərdə tutulmuş cinyətlərin, xüsusilə də vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxltakarlığı cinayətlərinin tərkib əlamətləri olmadığından barəsində Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir; Mediasiya prosesinin tətbiqi barədə təklifin surətindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə mediasiya prosesinin tətbiqi üçün təklif göndərilmişdir; İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi mediasiya prosesində iştirak etməmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı Bərdə şəhəri, A.Mustafayev adına 5 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyin edilmişdir. Daha sonra iddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə insult olması səbəbindən xx.xx.2023-cü il tarixdən əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Elm və Təhsil Nazirinin xx.xx.2023-cü il tarixli əmri ilə, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hazırda iddiaçı həmin ərizəni hədə-qorxu təsiri altında imzalamasına əsaslanaraq ərizənin etibarsız hesab edilməsi, əmrin ləğv edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ və Vİ hissələri). Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23cü maddəsinin ikinci bəndində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ təsbit olunmuşdur. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər - işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük vermir. Əmək Məcəlləsinin 10-cu maddəsində göstərildiyi kimi, sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq, əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarındandır. Əmək Məcəlləsi işçi ilə əmək müqaviləsinin xitam verilməsi əsaslarını dəqiq tənzim etməklə, əmək qanunvericiliyinin tələblərinə zidd əmək müqaviləsinin xitam verilməsinin yolverilməz olduğunu əks etdirir. Həmin Məcəllənin 76-cı maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmçinin Əmək Məcəlləsinin 83-cü maddəsinə görə, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Qeyd edilməlidir ki, əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür (ƏM-in 68-ci maddəsinin 2-ci hissəsi). Əmək Məcəlləsinin 69-cu maddəsində əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsinin qaydaları nəzərdə tutulmuşdur. Həmin maddənin 1-5-ci hissələrinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Qanunvericilik normalarının məzmunundan göründüyü kimi, işçi 1 ay qabaqcadan xəbərdarlıq etməklə, yazılı ərizə yazaraq əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam vermək hüququna malikdir. Həmçinin, əmək qanunvericiliyində hansı hallarda işçinin ərizədə yazıldığı gün əmək müqaviləsinə xitam verilməsinin mümkünlüyü dəqiq şəkildə qeyd edilmiş və bu halın yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda mümkünlüyü imperativ norma kimi nəzərdə tutulmuşdur. Qeyd edilən əmək müqaviləsini bağlamaq, həm də onu ləğv etmək müqavilə tərəfi kimi işçinin subyektiv hüququdur və o, bu hüququnu reallaşdırmaq üçün müqavilənin digər tərəfi sayılan işəgötürənin iradəsindən (əmrindən) asılı deyil və işəgötürənin əmri əslində mahiyyətinə görə əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi faktını yalnız rəsmiləşdirmək məqsədi daşıyır. Yəni, işçinin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edildiyi halda, onu işçi ləğv edir. İşəgötürən isə bu ləğvi Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinin tələbinə uyğun olaraq rəsmiləşdirir. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır (Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci hissəsi). Hazırki iş üzrə iddiaçı xx.xx.2023-cü il tarixdə ərizə yazaraq insult keçirdiyini, işləməyə səhhətinin imkan vermədiyini qeyd etmiş, bu səbəbdən xx.xx.2023-cü il tarixdən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. İş materiallarından və məhkəmə iclasında iştirak edən tərəflərin izahatından görünür ki, iddiaçının işdən çıxmasının başlıca səbəbi X5 Kəlbəcər Rayon 38 nömrəli tam orta məktəbdən Bərdə Şəhər şəhid Alı adına 5 nömrəli tam orta məktəbinə ingilis dili müəllimi keçirilməsi olmuşdur. Bu hal X7 tərəfindən verilmiş iddia ərizəsindən, onun anası-məktəbin müəllimi Şahid tərəfindən yazılmış ərizədən, eləcə də Qarabağ Regional Təhsil İdarəsinin nümayəndəsinin məhkəmə iclasında vermiş olduğu izahatından aydın olur. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, Qarabağ Regional Təhsil İdarəsinin adından imza çəkilmiş, möhür vurulmuş X5 məktəbə ingilis dili müəllimi köçürülməsi barədə məktubu, eləcə də Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbilovun adından, üzərində QR kod əks olunmuş, “İddiaçı, icra edin. Sektor müdiri Q.Məmmədov” dərkənarı qoyulmuş məktub İddiaçı təqdim edilmişdir. Həmin məktub əsasında X7 məktəbə ingilis dili müəllimi keçirilmişdir. Sonradan sənədlərin saxta olduğu bildirilmişdir. Sektor müdiri Q.Məmmədov sənəddəki “İddiaçı icra edin” dərkənarının onun tərəfindən qoyulub-qoyulmaması barədə məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, gündə onlarca sənədə qol çəkir, bu sənədə də bilmədən qol çəkdiyi istisna olunmur. İddiaçının izahatına əsasən müvafiq məsələnin məhkəmə qaydasında araşdırılacağının tərəfdarı olsa da, məhkəmə tərəfindən həmin iş üzrə xətşünaslıq ekspertizasının təyin edilməsi təklif edildikdən sonra iddia ərizəsi X7 tərəfindən geri götürülmüşdür. Həmçinin hər iki tərəfin izahatına əsasən müvafiq hadisədən sonra direktor Təhsil İdarəsinə 1 aya yaxın müddətə ezam olunmuş, məktəbdə yoxlama başlanmış, ezamiyyə müddətinin bitdiyi gün səhərisi Təsil İdarəsinə çağırılmış, daha sonra işdən çıxmaq barədə ərizə yazmışdır. İddiaçı həmin ərizəni hədə-qorxu təsiri altında, Qarabağ Regional Təhsil İdarəsinin rəhbərinin təzyiqi, tutduralacağı təhdidi ilə yazdığını bildirir. Qeyd olunmalıdır ki, bu hal birbaşa sübutlarla təsdiq olunmasa da, işin gedişatı, X5 məhkəməyə verdiyi iddia ərizəsinin məzmunu, onun anasının ərizəsində qeyd etdikləri, iddiaçının Təhsil İdarəsinə ezam olunması, məktəbdə onun iştirakı olmadan yoxlama aparılması, daha sonra işdən çıxmaq barədə ərizə yazması, ərizədə sağlam olduğu halda insult keçirməsi səbəbindən işləyə bilməməsini qeyd etməsi, ərizəni məktəbdə deyil, Təhsil İdarəsində yazması, mediasiya prosesi barədə təklif göndərildikdən sonra cinayət işinin başlanması üçün cavabdeh tərəfindən prokurorluğa müraciət olunması kimi hallar diqqətçəkən məqamlardır. Nəzərə alınmalıdır ki, işçi əmək münasibətlərində daha zəif tərəf olduğundan Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci hissəsində göstərilən halların təsiri altında işdən çıxmaq barədə ərizəni yazmasını sübuta yetirməsi, həmin halı birbaşa sübutlarla təsdiq etməsi demək olar ki, mümkünsüzdür. Bu baxımdan müvafiq hal araşdırılarkən tərəflərin münasibəti, işin gedişatı, şahid ifadələri və digər dolayı sübutlar obyektiv, hərtərəfli qiymətləndirilərək məcburiyyət, hədə-qorxu halının olub-olmaması müəyyən edilməlidir. Hazırki işdə isə məhkəmə yuxarıda qeyd edilən halları və iddiaçının təqdim etdiyi sübutları müqayisəli şəkildə qiymətləndirərək hesab edir ki, iddiaçı işdən çıxmaq barədə ərizəsini öz iradəsi əsasında deyil, baş vermiş hadisələrdən dolayı hədə-qorxu, məcburiyyət təsiri altında iradəsi əleyhinə yazmağa məcbur qalmış və bu fakt məhkəmə gedişatında tədqiq edilmiş sübutlarla, işin halları ilə və məhkəmə iclasında iddiaçının verdiyi izahatlarla öz təsdiqini tapmışdır. Belə ki, hazırki mülki iş üzrə hadisələrin aşağıda göstərilən xronoloji ardıcıllığı iddiaçının istinad etdiyi halları (hədə-qorxu, məcburiyyət təsirinin mövcudluğunu) təsdiq edir: - Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülovun imzası ilə Qarabağ Regional Təhsil İdarəsinin Bərdə rayonu üzrə təhsil sektoruna məktub ünvanlanaraq ingilis dili müəllimi işləyən X5 Bərdə şəhər 5 nömrəli orta məktəbə 8 saatlıq dərs yükü ilə daimi əsaslarla yerləşdirilməsinin məqsədəmüvafiq hesab olunduğu bildirilir; - Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbilovun adından, yuxarıda göstərilən məzmunda, üzərində QR kod əks olunmuş, “İddiaçı, icra edin. Sektor müdiri Q.Məmmədov” dərkənarı qoyulmuş məktub 5 nömrəli məktəbin direktoruna təqdim edilir (Günel Nadirovanın anası, məktəbin müəlliməsi, Şahid tərəfindən); - İddiaçı tərəfindən həmin məktublar əsasında X7 məktəbə ingilis dili müəllimi təyin edilir, sonradan yuxarıda göstərilən məktubların saxta olduğu bildirilir; - Daha sonra Bərdə şəhər Şəhid Alı adına 5 nömrəli tam orta məktəbin direktoru Həmidov X9 Regional Təhsil İdarəsinin əmrinə əsasən 20 gün müddətinə Qarabağ Regional Təhsil İdarəsinə ezam olunur; - Ezamiyyətdə olduğu dövrdə məktəbdə yoxlama aparılır. Ezamiyyət müddəti bitdiyi günün səhərisi xx.xx.2023-cü il tarixdə İdarəyə çağrılır və orada işdən çıxma barədə ərizə yazır; - Sağlamlığı ilə bağlı problem olmadığı halda (Səhiyyə Nazirliyinin tibbi arayşından görünür) insult keçirdiyini bildirir və xx.xx.2023-cü il tarixdən işdən azad olunmasını xahiş edir; - İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsi əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin xx.xx.2023-cü il tarixli əmri ilə xx.xx.2023-cü il tarixdən vəzifəsindən azad edilir; - Şahid (məktəbin müəlliməsi, Günel Nadirovanın anası) izahat və ərizə yazaraq, Bərdə Təhsil sektorunun müdiri Qurban Məmmədov tərəfindən İddiaçı əleyhinə ifadə verməyə məcbur edildiyini, lakin ifadə verməkdən imtina etdiyini, bu halda işin prokurorluğa veriləcəyi və onu işdən çıxaracaqları ilə təhdid edildiyini bildirir; - Həmçinin X2 saxta olduğundan xx.xx.2022-ci il tarixdən işdən azad edilir; - Bununla bağlı X7 əvvəlki işinə geri qaytarılma tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, əvvəlki vəzifəsinə geri qaytarılmasını xahiş edir; - İddia tələbi onunla əsaslandırılır ki, o, Bərdə Təhsil şöbəsinin işçisi Kənan Rüstəmovun onun kənd məktəbindən Bərdə şəhər 5 nömrəli məktəbə köçürülməsi barədə verdiyi sənədləri məktəbə təqdim etmiş, həmin sənədlərin saxta olduğu bildirilərək o və direktor qanunsuz olaraq işdən azad edilmişdir. Bu səbəbdən əvvəlki vəzifəsinə geri qaytarılmasını xahiş edir; - Sonradan (ekspertiza məsələsi müzakirə edildikdən sonra) X7 iddia ərizəsinin geri qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət edir və Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə onun iddia ərizəsi geri qaytarılır; - İddiaçı işə bərpa tələbi ilə bağlı qarşı tərəfə mediasiya prosesinin tətbiqi barədə xx.xx.2023-cü il tarixdə təklif göndərdikdən sonra, xx.xx.2023-cü il tarixdə Elm və Təhsil Nazirliyi Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbilov tərəfindən İddiaçı işlədiyi müddətlərdə yol verdiyi qanunsuz hərəkətlərin araşdırılması barədə Bərdə Rayon Prokurorluğuna müraciət edilir. Məhkəmə, cavabdehin vəsatəti əsasında şahid qismində dəvət edilmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq xəstə olduğundan məhkəmə iclasına gələ bilməyəcəyini bildirmiş Şahid yazdıqlarına münasibətdə qeyd edir ki, Şahid həmin ərizə ilə yuxarıda qeyd edilən izahat və ərizəsinin (İdarə tərəfindən direktorun əleyhinə ifadə verməyə məcbur edilməsi və s. barədə) onun tərəfindən yazıldığını qəbul etsə də, onları iddiaçının təsiri altında yazdığını bildirir. Məhkəmə həmin ərizədə qeyd edilənləri səmimi qəbul etmir. Şahid qızı Nadirova Günelin məhkəməyə verdiyi işə bərpa tələbinə dair iddia ərizəsində də qeyd edilənlər həmin halı təkzib edir. Göstərilən hallar tərəflər arasında qərəzli münasibətin mövcudluğunu, iddiaçının Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci hissəsinin tələbinin pozulması ilə işdən çıxarıldığını, işdən çıxmaq barədə ərizəni könüllü olaraq, öz iradəsi əsasında deyil, hədəqorxu, məcburiyyət təsiri altında iradəsi əleyhinə yazdığını bir daha təsdiq edir. Yuxarıda qeyd olunduğu kimi, bu zaman məhkəmə, işçi tərəfindən hədə-qorxunu təsdiq edən birbaşa sübutun təqdim edilməsinin bir qayda olaraq mümkünsüzlüyünü nəzərə alır. Halbuki əmək müqaviləsinin işçinin təşəbbüsü ilə pozulmasına o halda yol verilə bilər ki, işdən çıxarma haqqında ərizənin verilməsi onun öz iradəsini könüllü ifadə etməsinin nəticəsi olsun.Yəni işçi öz təşəbbüsü ilə yalnız iradəsinə uyğun olaraq əmək müqaviləsini ləğv etmək hüququna malikdir və bu, işçinin öz iradəsini ifadə etməsinin birbaşa nəticəsi olmalıdır. İşçinin iradəsinin əleyhinə onu hər hansı vasitə və ya üsulla əmək müqaviləsini ləğv etməyə məcbur etmək isə qanunvericiliklə qadağandır. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə uyğun olaraq, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşçinin əmək müqaviləsinin ləğv edilməsinə məcbur edilməsi barədə dəlillərinə formal yanaşılması daha zəif tərəf olan işçinin Konstitusiya və digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş hüquqlarından məhrum edilməsinə, iqtisadi cəhətdən daha güclü tərəf olan işəgötürənin isə hüquqlarından sui-istifadəsinə şərait yaratmış olur, bu hal isə qanunvericilik tərəfindən yolverilməz hesab edilir. Nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur (“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarı). Bu səbəbdən məhkəmə tərəfindən işçi ilə işəgötürən arasında yaranmış əmək mübahisələrinə baxılarkən ədalətli balans və tarazlığın qorunması və təmin edilməsi ədalətli məhkəmə araşdırması hüququnu təmin etməklə, ciddi əsaslar olmadığı halda gələcəkdə işçinin əmək fəaliyyətinə mane olacaq halların aradan qaldırılmasına yönəlməlidir. Əmək Məcəlləsi ilə müəyyən olunmuş hüquqları pozmağa görə məsuliyyət müəyyən edən 310-cu maddəyə əsasən istər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsinə görə işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. İddiaçının xx.xx.2023-cü il tarixli işdən çıxma barədə ərizəsinin etibarsız hesab edilməsi tələbi ilə əlaqədar məhkəmə aşağıdakı qeyd edir. Mülki Məcəllənin 2.3-cü maddəsinə uyğun olaraq, ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Həmin Məcəllənin 339.4 və 339.6-cı maddələrinə əsasən, əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı ilə əmək müqaviləsi ləğv edilərkən Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci hissəsinin tələbləri pozulduğundan, bu hal isə işçinin Konstitusiya ilə təsbit edilmiş əmək hüquqlarının pozulması ilə nəticələndiyindən iddiaçının 15 fevral 2023-cü il tarixli işdən çıxma barədə ərizəsi, işəgötürənin əmri qanunsuz hesab olunmalı və o, əvvəllər tutduğu “direktor” vəzifəsinə bərpa edilməli, eləcə də məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Belə ki, Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli Qərarına görə, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləlikə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2023-cü il tarixli işdən çıxma barədə ərizəsi etibarsız hesab edilməli və həmin ərizə əsasında Azəraycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş 16 fevral 2023-cü il tarixli, 3-29/3-1-222K/2023 saylı əmr ləğv edilməli, iddiaçı əmək müqaviləsinə əsasən əvvəllər tutduğu Bərdə şəhəri Şəhid Alı adına 5 saylı tam orta məktəbində “direktor” vəzifəsinə bərpa edilməli və ona xx.xx.2023-cü il tarixindən hesablanmaqla işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixli işdən çıxma barədə ərizəsi etibarsız hesab edilsin və həmin ərizə əsasında Azəraycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş 16 fevral 2023-cü il tarixli, 3-29/3-1-222K/2023 saylı əmr ləğv edilsin. İddiaçı xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə əsasən əvvəllər tutduğu Bərdə şəhəri Şəhid Alı adına 5 nömrəli tam orta məktəbində “direktor” vəzifəsinə bərpa edilsin və ona xx.xx.2023-cü il tarixindən hesablanmaqla işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar