Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-2475/2023 07.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi Məhkəmə iclas katibi Əliyeva Nurlana Sahib qızının katibliyi, Birinci iş üzrə iddiaçı (ikinci iş üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Birinci iş üzrə cavabdeh (ikinci iş üzrə iddiaçı) Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Birinci iş üzrə İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair, ikinci (birləşdirilmiş) iş üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-yə ödənilmiş və yerinə yetirilməmiş işə görə vurulmuş maddi ziyan olaraq 33932 manatın, qüsurların aradan qaldırılması üçün ödənilmiş 2000 manatın, qiymətləndirmə rəyinə görə ödənilmiş 1500 manatın və iddia ərizəsi üçün ödənilmiş 203 manat dövlət rüsumunun, ümumilikdə 37635 manat pulun cavabdehdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı arasında 30 yanvar 2023-cü il tarixində podrat müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.1-ci maddəsinə əsasən, Cavabdeh MMC iddiaçıya məxsus Quba rayonu ərazisində yerləşən, 12 sot torpaq sahəsində layihə əsasında çöl divardan – çöl divara ümumi sahəsi 102 kv.m. olmaqla, (75 kv.m. ev və 27 kv.m. terrasın sahəsi) 3 ayrı evin eyni ölçülərdə tikintisi, təmiri, ümumi sahənin landşaft işləri həyata keçirməyi, müqavilənin ayrılmaz tərkib hissəsi olan “Qiymətlərin razılaşdırma protokolu”nda göstərilən tikinti mallarının və materialların siyahısını və qiymətini iddiaçıya təqdim etməyi öhdəsinə götürmüş, iddiaçı isə öz növbəsində həvalə etdiyi işlərin və xidmətlərin yerinə yetirilməsi ilə əlaqədar bu müqavilə ilə razılaşdırılmış layihə dəyəri, mal-materialların haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Müqaviləyə uyğun olaraq işlərin ümumi dəyəri 150000 manat müəyyən edilmişdir. İlk vaxtlar cavabdeh tərəfindən işlər normal aparılırdı. Sonradan isə cavabdehin gördüyü işlərdə gecikmələr başlanılıb. Hər dəfəsində iddiaçıdan əlavə pul ödəməyi istəyərək işlərin yekunlaşdırılacağı bildirilsə də, heç bir işlər görülməyib. Ümumilikdə iddiaçı tərəfindən cavabdehə 131160 manat məbləğ ödənilmişdir. Lakin cavabdeh şirkət tərəfindən ödənilən məbləğ dəyərində işlər görülməmişdir. Cavabdehlə danışdıqda isə 20000 manat da ödəniləcəyi halda işləri yekunlaşdıracağı bildirilmişdir. İşlərin davam etdirilməsi barədə iddiaçı tərəfindən dəfələrlə şifahi qaydada cavabdehə məlumat verilsə də, heç bir nəticə olmamışdır. Bundan sonra 25 aprel 2023-cü il tarixində iddiaçı tərəfindən cavabdehə rəsmi pretenziya məktubu göndərilmişdir. 25 aprel tarixindən etibarən iddiaçı tərəfindən müqavilədən imtina edilmişdir və işlərin icrası tamamilə cavabdeh tərəfindən dayandırılmışdır. İddiaçı 26 aprel 2023-cü il tarixində “X1” MMC-yə müraciət edərək cavabdeh tərəfindən müqaviləyə əsasən görülmüş işlərin dəyərinin hesablanmasını ekspertden xahiş etmişdir. 18 may 2023-cü il tarixində “X1” MMC tərəfindən 64 nömrəli qiymətləndirmə rəyi təqdim edilmişdir. Tədqiqatın nəticəsi olaraq iddiaçıya məxsus torpaq sahəsində inşa edilmiş “A-Frame” tipli 3 ədəd modul evlərin və həyətyanı sahədə aparılan tikililərin inşasına (istifadə olunan mal-material və ustanın əmək haqqısı daxil edilməklə) çəkilən xərcin ümumi dəyəri- 97228 manat müəyyən edilmişdir. Beləliklə, qiymətləndirmə rəyindən sonra müəyyən olunmuşdur ki, iddiaçı 33932 manat artıq vəsait ödəmişdir cavabdehə və həmin məbləğə uyğun da işlər cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Ümumilikdə iddiaçıya 33932 manat məbləğində maddi ziyan vurulmuşdur. Bundan əlavə olaraq cavabdehin gördüyü işlərdə qüsurlar müəyyən edilmişdir. Bu qüsurların aradan qaldırılması məqsədi ilə ilə iddiaçı yeni ustalar işə cəlb etmiş və öz vəsaiti hesabına həmin işləri görmüşdür. Bu işlərə görə də iddiaçı ümumilikdə 2000 manat ödəniş etmişdir. Əlavə olaraq iddiaçı tərəfindən “X1” MMC tərəfindən qiymətləndirmə rəyinin verilməsi ilə bağlı müqavilə imzalanmışdır. Həmin müqavilə üzrə 1500 manat “X1” MMC-yə ödəniş edilmişdir. Beləliklə, cavabdehin müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində iddiaçıya cəmi 37432 manat maddi ziyan vurulmuşdur. İkinci (birləşdirilmiş) iş üzrə iddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı xx.xx.2023-cü il tarixli müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsi nəticəsində ödənilməmiş 29110 manat pul vəsaitinin və ödənilmiş 178 manat dövlət rüsumunun iddiaçı Cavabdeh MMC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı ilə Cavabdeh MMC olaraq aralarında xx.xx.2023-cü il tarixli “Podrat müqaviləsi” bağlanmışdır. Bağlanmış podrat müqaviləsinin 1.1-ci maddəsinə əsasən podratçı olan Cavabdeh MMC sifarişçi olan İddiaçı məxsus Quba rayonu ərazisində yerləşən 0.12 ha torpaq sahəsində layihə əsasında çöl divardan-çöl divara, ümumi 102 kv.m olmaqla (75 kv.m ev 27 kv.m terras sahəsi) 3 ayrı eyni ölçülərdə tikintisi, təmiri ümumi sahənin landşaft işləri həyata keçirməyi, sifarişçi İddiaçı isə müqavilədə qeyd edilən ölçüdə olan evlərin tikintisi üçün razılaşdırılmış və müqavilədə göstərilən 150000 manatı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə tikinti xx.xx.2023-cü il tarixdən başlamalı, xx.xx.2023-cü il tarixində başa çatmalı idi. Eyni zamanda müqavilənin 3.3-cü bəndində qeyd edilmişdir ki “Sifarişçi işlərin görülməsi ilə bağlı “Podratçı”ya Layihə-Eskizə əsasən tapşırıqlar və göstərişlər verir. Tapşırıqlar və göstərişlər tikinti və təmir işləri görülənə qədər olmalıdır. Əks təqdirdə yeni təmir-tikinti işləri ilə əlaqədar tapşırıqlar əlavə vəsait tələb etdiyi təqdirdə, həmin vəsait “Sifarişçi” tərəfindən əlavə olaraq ödənilməlidir. Tikinti müqavilədə qeyd edilən tarixdə başlamış və sürətlə tikinti davam etmişdir. Tikinti isə müqavilənin əlavəsində qeyd edilən smetaya uyğun materiallarla işlənilmişdir. Cavabdeh İddiaçı özü də şəxsən işinə nəzarət edirdi və daim işimizdən razı olduğunu bildirmişdir. Lakin cavabdeh olan İddiaçı tikintinin bitməsinə 2 ay qalmış artıq işlərin yekunlaşması üçün pul vəsaiti istəniləndə pəncərələin qoyulduğu an pul vəsitini verəcəyini bildirmişdir. Pəncərələr qoyulandan sonra İddiaçı heç bir əsas gətirmədən müxtəlif bəhanələrlə bizimlə işləmək istəmədiyini bildirərək çalışan işçiləri qovmuş və əlavə başqa işçiləri gətirərək işlətməyə başlamışdır. Mən iradımı bildirəndə isə məhkəmədə görüşəcəyimizi bildirdi. Tikintinin ümumi qiyməti müqavilədə qeyd edilən sahə üzrə 150.000 manat idi. Əlavə tikililərdə isə tikiləcək sahələrin ödənişləri ayrıca hesablanıb veriləcəkdi. Müqavilə üzrə tikiləcək tikilinin tikintisinə və əlavə tikililərin tikintisinə görə İddiaçı cəmi 131.160 manat pul ödəniş etmişdir. Lakin o faktiki olaraq həm müqavilə üzrə həm də şifarişçinin göstərişi ilə əlavə tikinti üçün 152.084 manat pul vəsaiti xərcləmişdir. Bunlardan 29110 manatı əlavə sifarişli tikili və digər xərclərə qalan 122.974 manatı isə ümumi fərdi yaşayış evinə xərclənmişdir. Müqavilədən kənar sifarişçi tərəfindən sifariş verilmiş layihə və dizayn tərtib edilmə işi və tikililər bunlardır: 1. Layihələndirmə və dizayn işi: 1 kv.m-15 manat x 102 kv.m =1530 manat x 3ev=4590 manat (Ləman xanıma ödənilib); 2. Müqavilədən kənar landşaft işi 1 kv.m-5 manat x 981 kv.m-4905 manat; 3. Yaranmış küclü külək nəticəsində dağıdılmış tikintinin bərpası üçün şirkət tərəfindən çəkilmiş xərc- 7615 manat (bu hal müqavilənin 8-ci bəndinə əsasən tələb edilir ki, təbii fəlakət nəticəsində tikintiyə dəymiş ziyanın məsuliyyəti Podraçıya aid olmadığı halda sifərişçinin razılığı ilə yenidən bərpa edilmişdir ki, onun dəyəri ödənilməmişdir; 4. Müqavilədə qeyd edilən terrasdan əlavə inşa edilən 60 kv.m-dən çox olan terras-9000 manat; 5. 10 Tonluq su çəni 3000 manat-Cəmi-29110 Manat. Sifarişçi İddiaçı müqavilə üzrə tikilməkdə olan evlərin tam bitməsi üçün təxmini 21.000 manat pul vəsaiti sifarişçi tərəfindən ödənilməmişdi və tikilinin bitməsinə 2 ay müddət qalmışdı. Belə olan halda hazırda cavabdeh olan ilkin iddiaçının layihədən və müqavilədən kənar sifarişi əsasında ödəməli olan pul vəsaiti 29110 manatdır ki, onu İddiaçı şirkətə ödəməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2979/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “öhdəliyin pozulması nəticəsində yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(005)-2979/2023 nömrəli qeydiyyat nömrəsində olan mülki iş həmin Məhkəmənin icratında olan 2(005)-2474/2023 nömrəli qeydiyyat nömrəsində olan mülki işlə birləşdirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı (ikinci iş üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa müvafiq izahat verərək, işin aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsinə etirazını bildirmiş və qeyd etmişdir ki, tərəflər arasındakı münasibətlər sahibkarlıq xarakteri daşımır. Gələcəkdə hər hansı bir sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ehtimalına görə iş kommersiya məhkəməsinə göndərilə bilməz. Məhkəmə iclasında iştirak edən birinci iş üzrə cavabdeh (ikinci iş üzrə iddiaçı) Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2, İddiaçı evləri gəlir əldə etmək məqsədilə tikdiyini, lakin işin uzanmaması məqsədilə rayon məhkəməsi tərəfindən işə baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki mülki işə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Belə ki, Mülki Məcəllənin 13-cü maddəsinə görə, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” AR Qanununun 1-ci maddəsi də sahibkarlıq fəaliyyətini şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyət kimi xarakterizə edir. Göründüyü kimi, qanunvericiliyin sahibkarlıq fəaliyyətinə verdiyi anlayışın xüsusi dispozitiv şərti, başlıca meyarı bu fəaliyyətin əsas məqsədinin mənfəət (gəlir) götürülməsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1 və 26.1-ci maddələrinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə isə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Qeyd olunan normaların müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir və adı çəkilən hər üç qiymətləndirici meyarlar arasında qarşılıqlı bağlılıq olmalıdır. Mübahisənin predmeti aydınlaşdırılarkən yalnız hüquq münasibətlərinin mahiyyətinə və tərəflərin subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də nəzər yetirilməlidir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Eyni Qərarın 13-cü bəndinə görə isə əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətini birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir (Qərarın 14-cü bəndi). Qeyd olunmalıdır ki, ilkin olaraq məhkəmə tərəfindən mübahisəyə kommersiya məhkəməsində baxılmalı olduğundan iddia ərizəsi geri qaytarılmış, daha sonra İddiaçı şikayəti əsasında (həmin evlərin sahibkarlıq məqsədilə deyil, şəxsi məqsədlər üçün (uşaqları üçün) tikildiyi əsası ilə) qərardad ləğv edilmiş və iddia ərizəsi icraata qəbul edilmişdir. Lakin məhkəmə iclasının gedişində sübutlar tədqiq edilərkən iddiaçının təqdim etdiyi cavabdehlə yazışmalarında iddiaçının cavabdehə “Ağ rəngdə həyətdə pis günə qoyacaq müştərilər” yazması, cavabdehin isə öz növbəsində “o da düzdü, onda bu rəng edərik” məzmununda cavab verməsi aşkar olunmuşdur. Bu hal isə İddiaçı eyni vaxtda 3 ədəd modul evinin tikintisini cavabehə sifariş edərək həmin evləri müştərilərə verməklə gəlir əldə etmək məqsədi daşıdığını təsdiq edir və iddiaçının evlərin tikintisini şəxsi məqsədlər üçün sifariş verməsi, gəlir əldə etmək məqsədi daşımaması barədə etirazını təkzib edir. Göstərilənlər əsasında hazırki iş üzrə işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla mübahisənin kommersiya məhkəməsinə aid olduğu müəyyənləşdirilir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, birinci iş üzrə iddiaçı (ikinci iş üzrə cavabdeh) İddiaçı fərdi sahibkar kimi qeydiyyatdan keçməklə (hazırda VÖEN statusu fəaliyyətini müvəqqəti dayandırmış kimi qeyd olunmuşdur), Cavabdeh MMC isə hüquqi şəxs yaratmaqla, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) almışlar. İddiaçı eyni vaxtda 3 ədəd modul evinin tikintisini gəlir əldə etmək məqsədilə cavabehə sifariş etmişdir. Yuxarıda qeyd edilmiş Plenum Qərarına əsasən isə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətini birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmış mübahisələrə kommersiya məhkəmələri tərəfindən baxılır. Hazırki iş üzrə pul tələbi də məhz tərəflərin ayrı-ayrılıqda sahibkarlıq fəaliyyətini həyata keçirmələrindən irəli gəlmiş tələbdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə görə isə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Mülki Prosessual Məcəllənin 32.3 və 32.4-cü maddələrinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Eyni Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi aidiyyəti üzrə başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 32.5-ci maddəsinə uyğun olaraq aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, fərdi sahibkar olan iddiaçının kommersiya hüquqi şəxsi olan cavabdehə qarşı pul tələbi məhz sahibkarlıq failiyyətindən irəli gəlir və həmin fəaliyyətin həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir. Bu baxımdan tərəflər arasındakı hazırkı mübahisə kommersiya mübahisəsi olduğundan, iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32, 44 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Birinci iş üzrə İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiaları üzrə mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-2475/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-2475/2023
07.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver