Məhkəmə qərarları › İş №e-2(005)-2502/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2502/2025

22.07.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2502/2025 22.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran sədrliyi, Hüseynli Umuxanım Cavid qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinə qarşı “orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinə qarşı “orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 65 yaşda pensiya yaşına çatdığına görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin, 50 (əlli) manat mediasiya xərcinin və hüquqi yardıma görə ödənilmiş 310 (üç yüz on) manat pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsindən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin Kompleks mühəndisi axtarış istehsalat bölümünün Mühəndisi geoloji qazma üzrə kəşfiyyat partiyası, texnoloji işlər üzrə partiya rəisinin müavini vəzifəsində işləmişdir. Qanunvericiliklə müəyyən olunmuş qaydada pensiya yaşına çatdığına görə xx.xx.2025-ci il tarixdə Geofizika və Geologiya İdarəsinin rəhbərliyinə ərizə ilə müraciət etmişdir. Ərizədə xx.xx.2025-ci il tarixdən pensiya yaşına (65) çatdığı üçün orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik müavinət verilməklə onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Neft və X6 İttifaqı Respublika Komitəsi arasında bağlanmış 2020- 2023-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişin 5.16-cı bəndində qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqdan sonra bir ay müddətinə öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam vermiş şəxslərə tərəflərin razılığı ilə SOCAR-ın qərarı əsasında orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilməsi nəzərdə tutulmuşdur. Geofizika və Geologiya İdarəsinin rəhbərliyi müraciətinə güzəştli şərtlərlə əmək pensiyası hüququ uzun müddətdir əmələ gəldiyindən (2012-ci il tarixdən etibarən), ona əmək haqqının 5 mislini ödəmək üçün heç bir hüquqi əsasın olmaması haqqında xx.xx.2025-ci il tarixli məktubla cavab vermişdir. Hesab edir ki, cavabdehin müraciətinin təmin edilməsindən imtinası qanunsuz və əsassızdır. Belə ki, onunla bağlanmış əmək müqaviləsinə (işçinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş təqaüd yaşına çatdıqda) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “d” bəndinə əsasən xx.xx.2025-ci il tarixli 14- 2-4/3-1K-16/2025 nömrəli əmrlə xitam verilmişdir. Yəni əmək müqaviləsinə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən kişilər 65 yaşına çatdıqda yaşa görə əmək pensiyası hüququnun yaranması əsas götürülərək xitam verilmişdir. Cavabdeh tərəfindən güzəştli şərtlərlə pensiya almaq hüququna istinad olunaraq ona orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilməsindən imtina edilməsi qanunsuz və əsassızdır. Belə ki, güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüququ uzun illər zərərli sahədə işləyənlər üçün dövlət tərəfindən yaradılmış sosial ədalət imkanıdır. Bu imkandan istifadə etməsi pensiya yaşına çatdıqda (65 yaş üçün nəzərdə tutulan şərtlərə əməl etdiyi halda) orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin verilməsi hüququnu məhdudlaşdıra bilməz. Bununla bağlı oxşar məhkəmə qərarları da vardır. Hazırkı mübahisənin mediasiya vasitəsilə həll edilməsi üçün xx.xx.2025-ci il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş, lakin cavabdehin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmiş və bu barədə arayış təqdim edilmişdir. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. İddiaçı, 65 yaşı tamam olduğu tarixdən 1 ay müddətində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Neft və X6 İttifaqı Respublika Komitəsi arasında bağlanmış 2020- 2023-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişin 5.16-cı bəndinə əsasən ...qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqdan sonra bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş şəxslərə tərəflərin razılığı ilə SOCAR-ın qərarı əsasında orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik müavinətin verildiyini nəzərə alaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş təqaüd yaşına çatdığı üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Kollektiv Sazişin 5.16-cı bəndində “güzəştli şərtlərlə yaşa görə pensiya” alan şəxslər üçün birfəfəlik müavinətin ödənilməməsi ilə bağlı konkret bir istisna qeyd olunmamışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbini etiraf etmədi və izahatında bildirdi ki, SOCAR-ın və Azərbaycan Neft Qaz X4 İttifaqı Respublika Komitəsinin ANQSİHİRK-nın 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli “Azərbaycan Respublikası Dövlət Neft Şirkətində işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” əmr-qərarına əsasən işçi qanunvericiliklə müəyyən olunmuş pensiya yaşına çatdıqda, bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının 5 misli məbləğində işdənçıxma müavinətinin ödənilməsi nəzərdə tutulur. Qeyd olunan Əmr-Qərarda nəzərdə tutulan “qanunvericiliklə müəyyən olunmuş pensiya yaşı” dedikdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun “Yaşa görə əmək pensiyası” fəslində nəzərdə tutulduğu kimi 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların, həmçinin güzəştli şərtlərlə əmək pensiyası hüququ olanların, çoxuşaqlı qadınların, sağlamlıq imkanları məhdud uşağı olan anaların, uşaqlarını təkbaşına böyüdən ataların və qəyyumların yaşa görə əmək pensiyası almaq hüququ verən yaş həddi nəzərdə tutulur. Həmin qanuna edilmiş dəyişikliyə əsasən, qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən qanunun tələblərinə əsasən, yaşa görə əmək pensiyası almaq hüququ ayrı-ayrı əsaslarla əmələ gələ bilər. Bu əsaslardan biri də güzəştli şərtlərlə əmək pensiyası almaq hüququdur. İddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququ uzun müddətdir əmələ gəldiyindən (2012-ci il tarixindən etibarən) ona əmək haqqının 5 mislini ödəmək üçün heç bir hüquqi əsas yoxdur. Tələbinin hüquqi əsası kimi iddiaçı AR Dövlət Neft Şirkəti ilə Azərbaycan Neft və X6 İttifaqı Respublika Komitəsi arasında bağlanmış 2020-2023-cü illər üçün Sahə (Kollektiv) Sazişinin 5.16-cı bəndinə istinad etmişdir. Həmin bənddə deyilir: “Qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqdan sonra 1 ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş şəxslərə tərəflərin razılığı ilə SOCAR-ın qərarı əsasında orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilir”. Məzmunundan göründüyü kimi istinad olunan norma dispozitivdir və yalnız bütün şərtlər eyni anda ödənildiyi halda müraciət müəllifi belə müavinəti almağa ixtiyar qazanır. Bu şərtlər isə aşağıdakılardır: 1) Qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatmaq; 2) Pensiya yaşına çatdıqdan sonra 1 ay müddətində öz təşəbbüsü ilə işdən azad olunmasını xahiş etmək; 3) İşdən azad olunduqdan sonra ona müavinətin ödənilməsi ilə bağlı işəgötürəninə ərizə ilə müraciət etmək və bu barədə tərəflərin razılığa gələrək ikitərəfli razılaşma sənədini imzalaması; 4) Cari məsələ ilə bağlı SOCAR-ın qərar qəbul etməsi. Sözügedən müavinətin verilməsi üçün hüquq sahibinin ən birinci qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatması tələb olunur. İlkin aydınlaşdırılmalı məsələ pensiya hüquq münasibətlərinin tənzimlənməsində hansı qanunvericiliyin tətbiqindən bəhs olunmasıdır. “Əmək pensiyaları haqqında” AR Qanununun preambulasında qeyd olunur ki, bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. İstinad olunan normaya əsasən Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarını “Əmək pensiyaları haqqında” AR Qanunu tənzimləyir. Deməli, istinad olunan Kollektiv Sazişin 5.16-cı bəndində qeyd olunan müavinətin verilməsi üçün pensiya yaşına çatmasını müəyyən edən qanunvericilik deyildikdə “Əmək pensiyaları haqqında” AR Qanunu nəzərdə tutulur. X2 mübahisələndirilən normasında sözügedən müavinətin verilməsi üçün hüquq sahibinin qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatması tələb olunur. “Əmək pensiyaları haqqında” AR Qanununda yaşa görə əmək pensiyası ilə bağlı müddəalar həmin Qanunun İİ fəslində yer alıb, 7-10-cu maddələri əhatə edir. İlkin olaraq pensiya hüququnun yaranmasını müəyyən edən yaş həddi Qanunun 7-ci maddəsində tənzimlənmişdir. Həmin normanın təhlili zamanı müəyyən olunur ki, pensiya hüququnun yaranması tələblərinə əməl etmiş və 7-ci maddədə nəzərdə tutulmuş yaş həddinə çatmış şəxsin yaşa görə wnək pensiyası hüququ yaranmış olur. Bununla da anlaşılır ki, bu, yaşa görə əmək pensiyasının ümumi növüdür. Yəni yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki sadə şərtin ödənilməsi - lazımi staj və ya kapitalın toplanılması və nəzərdə tutulmuş yaş həddinə - çatılması tələb olunur. Eyni zamanda, yaşa görə əmək pensiyası ilə bağlı həmin Qanunun İİ fəslində yer alaraq istinad olunan Qanunun 8 və 9-cu maddələrində də yaşa görə əmək pensiyası hüququnun yaranmasından bəhs olunur. Belə ki, adıçəkilən Qanunun 8-ci maddəsi uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası olan şəxslərin, 9-cu maddəsi isə siyahısı qanunvericiliklə tənzimlənən sahələrdə çalışan şəxslərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını tənzimləyir. Hər iki normanı təhlil etdikdə aydın olur ki, sadə şərtlərlə yaşa görə əmək pensiyası növündən fərqli olaraq, güzəştli şərtlərlə əmək pensiyası hüququ heç də bütün əmək pensiyaçılarına deyil, yalnız müvafiq kateqoriyadan olan şəxslərə şamil olunur. Lakin bütün hallarda, istər yaşa görə əmək pensiyasının sadə növündə, istərsə də güzəştli şərtlərlə yaşa görə əmək pensiyasında qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatmaq mütləqdir. Belə ki, yaşa görə əmək pensiyasının sadə növündə yaş həddi 7-ci maddədə nəzərdə tutulmuş həddə olmalıdırsa, 8.1 -ci maddə üzrə uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 7-di maddədə nəzərdə tutulmuş yaş həddinin 5 il azaldılması; 9.1-ci maddədə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 7-ci maddədə nəzərdə tutulmuş yaş həddinin 5 il azaldılması; 9.2-ci maddədə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 7-ci maddədə nəzərdə tutulmuş yaş həddinin 20 il azaldılması və s. nəzərdə tutulmuşdur. Belə olan halda, aparılan dəyərləndirmənin nəticəsi olaraq, hazırkı mübahisə üzrə istinad olunan Kollektiv Sazişin 5.16-cı bəndində qeyd olunan pensiya yaşına çatmaq dedikdə, ilk öncə əmək pensiyasının hansı növündən söhbət gedildiyi aydınlaşdırılmalıdır. Əgər söhbət yaşa görə əmək pensiyasından gedirsə, onda yaşa görə əmək pensiyasının da hansı ümumi yoxsa güzəştli əsaslarla təyin olunması məsələsi dəqiqləşdirilməlidir. Çünki güzəştli şərtlərlə yaşa görə əmək pensiyası da yaşa görə əmək pensiyasının bir növüdür və təsadüfi deyil ki, həm adında (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası), həm də yer aldığı fəsil (yaşa görə əmək pensiyası) məhz yaş faktorunu diqqətə çəkir. İşdən görünür ki, iddiaçı istehsalatın zərərli sahələrində işlədiyindən güzəştli şərtlərlə yaşa görə 2012-ci ildən pensiyaya çıxmışdır. Başqa sözlə, iddiaçının pensiya hüququ verən yaş həddi 2012ci ilin müvafiq ayından yaranmışdır. İddiaçının pensiya hüququ 2012-ci ildə yaransa da, başqa sözlə, ona pensiya hüququ verən yaş həddinə çatsa da, əmək münasibətlərini davam etdirmiş və işləyən əmək pensiyaçısı kateqoriyasına daxil olmuşdur. Yəni, iddiaçı pensiya yaşına çatsa da, 1 ay ərzində öz təşəbbüsü ilə əmək münasibətlərinə xitam verməmişdir. Lakin müavinətin ödənilməsi üçün ən mühüm 1-ci və 2-ci şərt qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatmış şəxsin mütləq qaydada 1 ay müddətində öz təşəbbüsü ilə işdən azad olunmasını xahiş etməsi idi. Başqa sözlə, pensiya yaşına çatmış şəxs, əgər 1 ay müddətində əmək münasibətlərinə xitam verilməsini xahiş etmirsə, sonradan digər əsaslarla da (hazırda olduğu kimi) pensiya hüququ yaransa da, artıq müvafiq müavinət almaq hüququnu itirmiş olur. Belə olan halda gəlinən nəticə odur ki, iddiaçı hələ 2011-ci ildən pensiya yaşına çataraq pensiya hüququ qazansa da, işdən azad olunmadan əmək münasibətlərinə davam etməsi, hazırda belə bir iddianın verilməsini istisna etmiş olur. İddiaçı iddiasında o zaman haqlı ola bilərdi ki, ilk dəfə pensiya hüququ verən yaş həddinə (2012) çatarkən, 1 ay müddətində əmək münasibətlərinin xitam verilməsini xahiş etmiş olsun. Lakin iddiaçı bu qaydada davranmadığı üçün, dolayısıyla, hazırkı reallıqda belə bir iddianın verilməsi üçün iddiaçının subyektiv hüququ aradan qalxmış olur. İlkin təəsüratda bu yanaşmanın məhkəmə üçün işçiyə münasibətdə ədalətsiz görünməsi mümkündür. Lakin məhkəmə qərar qəbul edərkən hər iki tərəfin, həm işçinin, həm də işəgötürənin mənafeyini nəzərə almalı, tərəflər arasında ədalətli balansı gözləməlidir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, sözügedən kollektiv Sazişin bağlanılmasında məqsəd, Preambulasında da qeyd olunduğu kimi, AR Dövlət Neft Şirkətində aparılan struktur islahatları çərçivəsində ştat vahidlərinin təkmilləşdirilməsi və işçilərin say tərkibinin optimallaşdırılması, başqa sözlə, Şirkətin müəssisə və təşkilatlarında işçi heyətindən daha səmərəli istifadə etmək və xərclərin azaldılmasına nail olmaqdan və s. ibarət idi. Yəni, bu bir həvəsləndirmə tədbiridir ki, ARDNŞ pensiya yaşına çatmış işçiyə 5 misli miqdarında müavinət ödənilməsini bəyan etməklə onun işdən azad olunmasına dəvət edir, əvəzində isə daha yeni kadrların, işçi qüvvələrinin işə cəlb olunmasına nail olmaq istəyir. Dolayısıyla, belə həvəsləndirmə tədbiri tətbiq edərkən işəgötürən kimi həyata keçirdiyi fəaliyyət planına və istiqamətinə uyğun olaraq, SOCAR-ın da özünün çatmaq istədiyi hədəflər olmuşdur. Belə olan halda hazırkı mübahisə üzrə zamanında (2012) pensiya yaşına çatmış iddiaçı 13 il ərzində əmək münasibətlərinə davam etməklə, dolayısıyla, özünə münasibətdə işəgötürənini çatmaq istədiyi hədəfindən məhrum etmişdir. Bunlar nəzərə alınanda əks yanaşmanın tətbiq olunması, SOCAR-a münasibətdə ədalətsiz mövqeyə səbəb olar. Bundan əlavə, əks yanaşmanın tətbiq olunması həmçinin, güzəştli şərtlərlə pensiya yaşına çatan və 1 ay ərzində əmək münasibətlərinə xitam verilən işçilərə münasibətdə qeyri-bərabərliyə səbəb olar. Çünki həmin şəxslər güzəştli şərtlərlə pensiya hüququ qazanan kimi müvafiq müavinəti almaq üçün 1 ay ərzində işdən çıxmalı olduqları halda (ki, onların da illər sonra yaşa görə əmək pensiyasının ümumi əsaslarla təyin olunması istisna olunmurdu), iddiaçının işdən azad olunmadan əmək münasibətlərinə davam etdirməsi və hazırda həmin müavinətə yiyələnməsi işçilər arasında ayrı-seçkiliyə gətirib çıxarar ki, bu da Əmək Məcəlləsinin 16-cı maddəsinə əsasən yolverilməzdir. Yuxarıda qeyd olunan təhlildə həmçinin qeyd olunmuşdur ki, sözügedən müavinətin verilməsi üçün işçi işdən azad olunduqdan sonra ona müavinətin ödənilməsi ilə bağlı işəgötürəninə ərizə ilə müraciət etməli və bu barədə tərəflərin razılığa gələrək ikitərəfli razılaşma sənədini imzalaması da tələb olunurdu. Hazırkı iş üzrə iddiaçı, ona verilən bu səlahiyyətdən vaxtında istifadə etmədiyi üçün tərəflər arasında belə bir razılaşma imzalanmamışdır. Başqa sözlə cavabdeh tərəf olaraq iddia edirlər ki, işçi ilə müvafiq məzmunda razılaşma bağlanmadığı üçün işəgötürənin müvafiq müavinəti ödəmək öhdəliyi də yaranmamışdır. Çünki mübahisələndirilən normanın təhlilində aşkara çıxarırlar ki, ilkin şərtlərin (pensiya yaşına çatdıqdan sonra 1 ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi) yerinə yetirilməməsi, sonrakı şərtlərin (tərəflərin razılığı ilə SOCAR-ın qərarı) mövcudluğunu və əhəmiyyətini istisna edir. Beləliklə, qeyd edilənlərin fonunda, iddiaçının qaldırdığı iddianın əhəmiyyətsiz və əsassız olduğu ortaya çıxmış olur. SOCAR-ın digər müəssələrində və yaxud Geofizika və geologiya İdarəsində bir çox işçilərinə Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” qanununda göstərilən güzəştli şərtlərlə pensiya alan şəxslərə SOCAR-ın və Azərbaycan Neft Qaz X4 İttifaqı Respublika Komitəsinin ANQSİHİRK-nın 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli “Azərbaycan Respublikası Dövlət Neft Şirkətində işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” əmr-qərarına əsasən heç bir işçiyə orta aylıq əmək haqqının 5 misli məbləğində işdənçıxma müavinətinin ödənilməmişdir. Yuxarıda qeyd olunanlardan başqa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-ci bəndində işçi yaşa, əliliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qınamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Qanunvericiliyin bu normasında da hər hansı məbləğin hesablanıb ödənilməsi nəzərdə tutulmayıb. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/MT015/2025-0077-02 nömrəli xx.xx.2025-ci il tarixli arayışdan və xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin nümayəndəsi xx.xx.2025-ci il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etməmişdir, İddiaçı ilkin mediasiya sessiyasında iştirak edərək 50 manat mediasiya xərcini ödəmişdir. - xx.xx.2025-ci il tarixli 14-2-4/3-1K-16/2025 nömrəli əmrin və ИT-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin “Kompleks mühəndisi axtarış” istehsalat bölümünün Mühəndisi geoloji qazma üzrə kəşfiyyat partiyası, texnoloji işlər üzrə partiya rəisinin müavini İddiaçı ilə bağlanmış xx.xx.2012-ci il tarixli 475 nömrəli əmək müqaviləsinə, həmin müqavilənin 9-cu bəndinin 9.6. hissəsini (işçinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş təqaüd yaşına çatdıqda) nəzərə alaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “d” bəndinə əsasən xx.xx.2025-ci il tarixindən xitam verilmişdir. - İddiaçı tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizənin surətindən görünür ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən “pensiya yaşına çatdığı üçün orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilməklə ləğv edilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi tərəfindən İddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli “ərizəyə cavab”ın surətindən görünür ki, yaşla əlaqədar güzəştli şərtlərlə əmək pensiyası hüququ uzun müddətdir əmələ gəldiyindən (2012-ci il tarixindən etibarən) iddiaçıya əmək haqqının 5 mislini ödəmək üçün heç bir hüquqi əsasın olmaması bildirilmişdir. - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Neft və Qaz X4 İttifaqı Respublika Komitəsi arasında bağlanmış 57/06-19ə nömrəli xx.xx.2009-cu il tarixli əmrqərarın 4-cü bəndinə əsasən bu əmr-qərar verildiyi tarixdən bir təqvim ayı ərzində, eləcə də bu əmr-qərarın birinci bəndi ilə müəyyən olunmuş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən, bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müvafiq razılaşma imzalanır. Beləliklə, məhkəmədə müəyyən edilmiş işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi ilə əmək müqaviləsi bağlayaraq əmək münasibətlərinə daxil olmuşdur. xx.xx.2025-ci il tarixdə onun əmək müqaviləsinə təqaüd yaşına çatdığına görə xitam verilmişdir. İddiaçı istehsalatın zərərli sahələrində işlədiyindən güzəştli şərtlərlə onun 2012-ci ildən pensiya hüququ yaranmış, eyni zamanda əmək münasibətlərinə davam etməklə xx.xx.2025-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsində çalışmışdır. Hazırda iddiaçı pensiya yaşına çatdığı üçün orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilməsini xahiş edir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin nümayəndəsi isə iddiaçının yaşla əlaqədar əmək pensiyası hüququ 2012-ci ildən yarandığı üçün hazırda idda tələbinin əsassız olduğunu bildirir və iddianın rədd olunmasını xahiş edir. Məhkəmə hazırkı mübahisə ilə bağlı aşağıda qeyd olunan qanunvericilik normalarının tətbiq olunmasını zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinə (əmək hüququ) əsasən: İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 38-ci maddəsinə (sosial təminat hüququ) əsasən: İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3-cü maddəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; 35-ci maddəsinə əsasən münasibətlərin tənzimlənməsi sahəsindən asılı olaraq aşağıdakı kollektiv sazişlər bağlanıla bilər: a) Baş kollektiv saziş - respublikada sosial-iqtisadi siyasətin aparılmasının razılaşdırılmış ümumi prinsiplərini müəyyən edir. b) Sahə (tarif) kollektiv sazişi - müvafiq sahənin sosial-iqtisadi inkişafı istiqamətlərini, peşə qrupları, sahənin işçiləri üçün əmək şəraiti və əmək haqqı, sosial təminatları müəyyən edir. c) Ərazi (rayon) kollektiv sazişi - ərazi xüsusiyyətləri ilə bağlı müəyyən sosial-iqtisadi problemlərin həlli şərtlərini müəyyən edir. 39-cu maddəsinə əsasən:

1. Kollektiv saziş bir ildən üç ilədək müddətə bağlanıla bilər.

2. Kollektiv saziş imzalandığı və ya sazişdə göstərilən gündən qüvvəyə minir. 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz; 10-1.1-ci maddəsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir; 10-1.2-ci maddəsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir; 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır; 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir; 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası; 4.1.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası; 4.1.3-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası. 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1- dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Yuxarıda qeyd olunan hüquq normalarını təhlil edərək məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Qanunvericiliyin tələbləri baxımından dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Yəni dövlət müəssisəsində çalışan hər bir vətəndaş 65 yaşınadək çalışa bilər. Bu müddətin uzadılması səlahiyyəti isə müvafiq dövlət orqanının rəhbərinə həvalə edilmişdir. Digər tərəfdən, qanunla əmək pensiyasının üç növü müəyyən edilmişdir ki, bunlardan biri də yaşa görə əmək pensiyasıdır. Yaşa görə əmək pensiyası hüququ isə müxtəlif şərtlərlə əmələ gələ bilər. Belə ki, yaşa görə əmək pensiyası hüququnun əmələ gəlməsi üçün ümumi şərt kişilərin 63 yaşına, qadınların isə 60 yaşına çatmış olması və fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması kimi müəyyən edilir (Kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Güzəştli şərlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün isə fərqli şərtlər – fərqli yaş hədləri və stajlar nəzərdə tutulur. Yuxarıda qeyd olunanlardan da aydın olduğu kimi, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinin 65 olması, yaşa görə əmək pensiyası hüququnun daha erkən yaşlarda əmələ gəlməsini istisna etmir. Hazırkı iş üzrə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Neft və X6 İttifaqı Respublika Komitəsi arasında bağlanmış 2020-2023-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişin 5.16-cı bəndinə istinad edərək, yaşa görə əmək pensiyasına çıxdığı üçün cavabdehdən orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilməsini tələb edir. Sözügedən Sazişin 5.16-cı bəndinin məzmunundan aydın olur ki, işçilərə qanunvericiliklə nəzərdə tutulmuş pensiya yaşına çatdıqdan sonra 1 ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam vermək imkanı təklif edilir, şəxs bu imkandan istifadə etdiyi halda isə tərəflərin razılığı ilə SOCAR-ın qərarı əsasında orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik müavinət verilməsi nəzərdə tutulur. Məhkəmə qeyd edir ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ 2012-ci ildən yarandığından o, SOCAR-ın və Azərbaycan Neft Qaz X4 İttifaqı Respublika Komitəsinin ANQSİHİRK-nın xx.xx.2009-cu il tarixli, 57/06-19ə nömrəli “Azərbaycan Respublikası Dövlət Neft Şirkətində işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” əmr-qərarına əsasən bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi üçün müraciət etməklə bu imkandan istifadə edərək, müstəsna hal kimi işəgötürən tərəfindən onun orta aylıq əmək haqqının 5 misli məbləğində işdənçıxma müavinətinin ödənilməsini tələb edə bilərdi. Lakin iddiaçı 2012-ci ildə yaranmış bu hüququndan istifadə etməməyi seçərək, əmək münasibətlərini davam etdirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinə qarşı “orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən məhkəmə,

QƏT ETDİ:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinə qarşı “orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar