Məhkəmə qərarları › İş №e-2(005)-2525/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2525/2024

23.08.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2525/2024 23.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli 3-29-69/3- 1-318K/2024 saylı əmrinin ləğv edilməsini, özünün işə bərpa edilməsini, məcburi iş buraxma müddəti üçün orta əmək haqqının ödənilməsi, mediasiya, poçt və hüquqi yardım üçün ödənilmiş 360 manat pulun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1994-cü ildən İmişli rayonu, Buludlu kənd uşaq bağçasında tərbiyəçi vəzifəsində əmək fəaliyyətinə başlamış, xx.xx.2005-ci ildən isə həmin uşaq bağçasının müdiri vəzifəsinə keçirilmişdir. İddiaçı müddətsiz əmək müqaviləsi əsasında işləmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli 3- 29-69/3-1-318K/2024 saylı əmri ilə iddiaçı ilə bağlanılmış əmək müqaviləsi rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən suiistifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəliklərini və əmək funksiyalarını yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. İddiaçı bu əmrdə göstərilən səbəblərlə qətiyyən razılaşmır və işəgötürənin onu sözügedən əsasla işdən çıxarmasını qanunsuz və əsassız hesab edir. Belə ki, İddiaçı bağçaya rəhbərlik etdiyi 19 il ərzində heç bir nöqsana yol verməmiş, barəsində hər-hansı bir intizam məsuliyyəti tətbiq edilməmişdir. Əmrə əsasən İddiaçının işdən çıxarılmasına səbəb 2024-cü ilin mart ayının 11-da bağçaya gəlmiş Mil-Muğan Təhsil İdarəsinin əməkdaşlarının bağçada apardıqları monitorinq zamanı aşkar olunan nöqsanlar və bununla bağlı tərtib edilmiş akt olmuşdur. İddiaçı həmin aktda göstərilən nöqsanlar ilə tanış olmamışdır. Həmin aktı iddiaçı yalnız xx.xx.2024-cü ildə Mil-Muğan Təhsil İdarəsinə müraciət etdikdən sonra, yəni barəsində verilmiş əmrdən 1 ay 5 gün sonra almışdır, aktda İddiaçının rəhbərlik etdiyi bağçanın yox, İmişli rayonu, Sarxanlı kənd uşaq bağçasının möhürü vurulmuşdur. Həmin aktı tərtib etdikdən sonra Mil-Muğan Regional Təhsil İdarəsinin əməkdaşları İddiaçını İdarəyə dəvət edərək, işdən çıxarılacağını bildirmiş, veriləcək hesaba 2500 manat ödəniş edildiyi təqdirdə işdən çıxarılmayacağını və əmək fəaliyyətinə davam edəcəyini bildirmişlər. İddiaçı isə yekun qərarın ona təqdim edilməsini və əgər maddi ziyan vurmuşdursa veriləcək hesaba ödəniş etməyə hazır olduğunu bildirmiş, orada olan əməkdaş tərəfindən ona hədə-qorxu gəlinərək işinin prokurorluğa veriləcəyi bildirilmişdir. Bundan sonra, Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli rayonu üzrə sektorunun Atakişi adlı əməkdaşı İddiaçıya zəng edərək, onu Kərim müəllim ilə görüşə çağırmış və görüş zamanı 2500 manat ödəyəcəyi təqdirdə vəzifədə qalacağı İddiaçıya bildirilmişdir. İddiaçı isə İdarədə bildirdiyi kimi, qərarın ona təqdim edilməsini və bundan sonra ödəniş edəcəyini bildirmişdir. Ödəniş etmədiyi üçün ona qərəzli münasibət göstərilmiş, nəticədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli 3-29-69/3-1-318K/2024 saylı əmri ilə iddiaçı ilə bağlanılmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. İddiaçı tərəfindən bağçada işlədiyi 30 ildən artıq müddətdə ciddi nöqsanlara yol verilməmiş, aktda göstərilən nöqsanların bir çoxu obyektiv səbəblərdən baş vermişdir. Belə ki, uşaq bağçası ayrıca binada deyil, orta məktəbə aid uyğunlaşdırılmış binada (idman zalı olub) fəaliyyət göstərir, bağça icra hakimiyyətinə tabe olduğu dövrdə çarpayı verilmişdir ki, onlar da artıq köhnəlmişdir, Təhsil Nazirliyinə tabe olduğu dövrdə bağçaya cəmi 5 ədəd çarpayı verilmiş, bağçada olmasına baxmayaraq 2 ədəd 2 mərtəbəli çarpayı yoxlayıcılar tərəfindən qərəzli şəkildə qeyd olunmamışdır. Bağça istilik sistemi və müasir avadanlıqlarla təchiz olunmamışdır. Bu nöqsanların baş vermə səbəb və şəraiti araşdırılmadan İddiaçının ciddi nöqsanlara yol verməsi səbəb göstərilərək onunla bağlanılmış əmək müqaviləsi qanunsuz və əsassız olaraq ləğv edilmişdir. İddiaçı işlədiyi müddətdə kollektiv arasında hörmət qazanmış, əmək funksiyalarını yüksək səviyyədə icra etmiş, iş yerində daim intizamlı müdir kimi tanınmış, saysız-hesabsız uşağın cəmiyyətdə yararlı insan kimi yetişməsində böyük rolu olmuş, heç bir zərərli vərdişi olmayan şəxsdir. İddiaçının mübahisənin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun tənzimlənməsi cəhdləri heç bir səmərə verməmişdir. Bakı Şəhəri 14 saylı Mediasiya Təşkilatının mediatoru X1 xx.xx.2024-cü il tarixli MŞB/14/2024-00294 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışda qeyd edilir ki, ikinci tərəf Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhzil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi iddiaya yazılı etiraz təqdim edərək etirazında bildirmişdir ki, iddiaçı Hüseynova X8 xx.xx.2024-cü il tarixli 3 29-69/3-1-318K/2024 saylı Əmri ilə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəliklərini və əmək funksiyalarını yerinə yetirmədiyinə görə onunla bağlanılmış əmək müqaviləsi ləğv edilmişdir. Həmin Əmrin əsası kimi Mil-Muğan Regional Təhsil İdarəsinin əsaslandırması, Azərbaycan Təhsil İşçiləri X13 Mil-Muğan Regional Təhsil İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin 05 aprel 2024-cü il tarixli, 14 nömrəli Protokolundan çıxarış, İddiaçı izahatı və müvafiq sənədlər göstərilmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixində Mil-Muğan Təhsil İdarəsinin əməkdaşlarının bağçada apardıqları monitorinq zamanı aşkar olunan nöqsanlar və bununla bağlı tərtib edilmiş aktla iddiaçı yalnız xx.xx.2024-cü ildə Mil-Muğan Təhsil İdarəsinə müraciət etdikdən sonra, yəni barəsində verilmiş əmrdən 1 ay 5 gün sonra almışdır. xx.xx.2024-cü il tarixində İmişli rayonu Buludlu kənd uşaq bağçasında aparılmış monitorinqin nəticələrinə dair Akt Mil-Muğan Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri X9, həmin İdarənin Sabirabad Rayon Təhsil Sektoru üzrə mühasibi X23, həmin İdarənin İmişli rayon Mərzəli kənd tam orta məktəbin təşkilatçısı X15, İddiaçı və İmişli rayonu Buludlu kənd uşaq bağçasının aşpazı X16 tərəfindən imzalanmış, akta qoşma kimi həmin bağçanın müdiri və əməkdaşlarının izahatları əlavə edilmişdir. Aktın ikinci səhifəsinə iddiaçı şəxsən imza etmiş və aktda göstərilən nöqsanları təsdiq etmişdir. Yəni, iddiaçının nümayəndəsinin bu barədə iddiası tamamilə əsassızdır. İddiaçının nümayəndəsi iddia ərizəsində göstərmişdir ki, aktda iddiaçının rəhbərlik etdiyi bağçanın yox, İmişli rayonu, Sarxanlı kənd uşaq bağçasının möhürü vurulmuşdur. Qeyd edilən halla bağlı araşdırma aparılmış, Mil-Muğan Regional Təhsil İdarəsi, İmişli rayonu Sarxanlı və Buludlu kənd uşaq bağçaları ilə əlaqə saxlanılmış və məlum olmuşdur ki, səhvən İmişli rayon Sarxanlı kənd uşaq bağçasının möhürü Buludlu kənd uşaq bağçasına, Buludlu kənd uşaq bağçasının möhürü isə Sarxanlı kənd uşaq bağçasına verilmişdir. Qeyd edilən hal həmin bağçalarda müxtəlif dövrlərdə hazırlanmış rəsmi sənədlərə vurulmuş möhürlərdə də öz əksini tapmışdır. Məsələn, İmişli rayonu Sarxanlı kənd uşaq bağçasının “xx.xx.2024 tarixdə qruplar üzrə faktiki uşaq sayı əsasında anbardan qida məhsullarının buraxılması üçün Sifariş”indən görünür ki, Məktəbəqədər Təhsil Müəssiəsi hissəsində Sarxanlı kənd uşaq bağçasının adı yazılsa da, həmin sənəd İmişli rayonu Buludlu kənd uşaq bağçasının möhürü ilə təsdiq edilmişdir. Eləcə də İmişli Rayon Təhsil Sektorunun tabeliyində olan Sarxanlı kənd uşaq bağçasının müdiri X17 tərəfindən xx.xx.2024-cü il tarixində Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayevə ünvanlanmış izahatında göstərmişdir ki, 06 mart 2024-cü il tarixdə mərkəzləşdirilmiş mühasibatlıqda sənədləri möhürləyərkən möhürlər yanaşı olduğundan səhvən Buludlu kənd uşaq bağçasının möhürü ilə Sarxanlı kənd uşaq bağçasının möhürünü dəyişik salıb. 06 mart 2024-cü il tarixindən 14 mart 2024-cü il tarixinədək bütün rəsmi sənədlər Buludlu uşaq bağçasının möhürü ilə möhürlənmişdir. Bu hal sifariş sənədlərinə möhür vurarkən mühasibatlığın mühasibi X5 tərəfindən müəyyən edilmişdir. Əlavə olaraq eyni məzmunlu və tarixli izahatı İddiaçı şəxsən yazmış və imzalamışdır. Bu səhvlik barədə adları qeyd edilən və digər əlaqəli sənədlər qoşmaya əlavə edilmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində göstərmişdir ki, həmin aktı tərtib etdikdən sonra Mil-Muğan Regional Təhsil İdarəsinin əməkdaşları İddiaçını İdarəyə dəvət edərək, işdən çıxarılacağını bildirmiş, veriləcək hesaba 2500 manat ödəniş edildiyi təqdirdə işdən çıxarılmayacağını və əmək fəaliyyətinə davam edəcəyini bildirmişlər. İddiaçı isə yekun qərarın ona təqdim edilməsini və əgər maddi ziyan vurmuşdursa veriləcək hesaba ödəniş etməyə hazır olduğunu bildirmiş, orada olan əməkdaş tərəfindən ona hədəqorxu gəlinərək işinin prokurorluğa veriləcəyi bildirilmişdir. Bundan sonra, Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli rayonu üzrə sektorunun Atakişi adlı əməkdaşı İddiaçıya zəng edərək, onu Kərim müəllim ilə görüşə çağırmış və görüş zamanı 2500 manat ödəyəcəyi təqdirdə vəzifədə qalacağı İddiaçıya bildirilmişdir. İddiaçı isə İdarədə bildirdiyi kimi, qərarın ona təqdim edilməsini və bundan sonra ödəniş edəcəyini bildirmişdir. Ödəniş etmədiyi üçün ona qərəzli münasibət göstərilmiş, nəticədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli 3-29-69/3-1-318K/2024 saylı əmri ilə iddiaçı ilə bağlanılmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Qeyd edilən halla bağlı aparılmış araşdırmanın nəticəsinə uyğun olaraq müəyyən edilmişdir ki, İddiaçı idarəyə öz təşəbbüsü ilə gəlmiş, qeyd edilən əməkdaşlarla söhbəti işdən çıxarılmaması barədə xahişi üzərində qurulmuş, 2500 manat pulu Mil-Muğan Regional Təhsil İdarəsinin əməkdaşları iddiaçıdan tələb etməmiş, aparılmış söhbət zamanı pul məsələsi olmamış, iddiaçı onunla bağlanılmış əmək müqaviləsi ləğv edildiyindən müvafiq Regional Təhsil İdarəsinin əməkdaşlarına və cavabdeh Agentliyə böhtan atır. Eləcə də iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd edilən hallarla bağlı sübut təqdim etmədiyindən, iddia ərizəsi həmin hissədə də əsassızdır. İddiaçının nümayəndəsi iddia ərizəsində göstərmişdir ki, aktda göstərilən nöqsanların bir çoxu obyektiv səbəblərdən baş vermişdir. Mil-Muğan Regional Təhsil İdarəsinin müdirinin müavini X3 xx.xx.2024-cü il tarixli 41(1)-17 nömrəli “Xidməti məlumatı”ndan görünür ki, İmişli rayonu Buludlu kənd uşaq bağçasında 11 mart 2024-cü il tarixlərində keçirilmiş monitorinq zamanı aşağıdakılar müəyyən edilmişdir: 1) İşçilərin əmək intizamı yoxlanlarkən, işçilərin işdə olduğu müəyyən edildi; 2) Uşaqların davamiyyəti yoxlanılarkən 3-4 yaşlılardan ibarət qrupda 15 uşaqdan 13 nəfər, 4-5 yaşlılardan ibarət qrupda 17 uşaqdan 13 nəfər olmaqla, iki qrup üzrə ümumilikdə 32 nəfər uşaqdan 26 nəfər uşağın bağçada olmadığı (saat 12 radələrində 2 nəfər uşağın gəldiyi), bir nəfər uşağın (Rəcəb adlı) MTİS-dən kənar uşağın olduğu müəyyən edilmişdir. Rayon Təhsil Sektoru tərəfindən bir neçə dəfə bağçada uşaqların davamiyyəti ilə bağlı monitorinq keçirilib, bu zaman da uşaqların sayı bağçada 6-8 nəfər olub. 3) Bağçanın əmr kitabı 23 oktyabr 2023-cü il tarixdən 11 mart 2024-cü il tarixədək yazılmamışdır. Yazılmış əmrlərin səthi olduğu, cari tədris ilinin əvvəlində qrupların komplektləşdirilməsi, qrupların tərbiyəçilərə həvalə olunması, bağçaya qəbul və xaric edilən uşaqlar barədə əmrlərin verilmədiyi müəyyən edilmişdir. 4) Bağçanın Pedaqoji şuranın protokolu kitabı olmadığı üçün təqdim edilmədi. Ümumiyyətlə bağçada pedaqoji şura keçirilməmişdir. Bağçanın fəaliyyət planı, müdirin fəaliyyət planı, pedaqoji şuranın fəaliyyət planı, bağçanın gün rejimi, tədris planına uyğun məşğələ cədvəlinin, tərbiyəçilərin illik prespektiv planı proqramıının olmadığı, qrup jurnallarında tədris ili ərzində hər hansı bir məşğələ bardə keçirilən mövzuların yazılmadığı müəyyən edildi. 5) Uşaqların şəxsi işlərinə baxarkən bağça üzrə 32 uşaqdan heç birinin sağlamlıq haqqında arayışının olmadığı, 10 nəfər uşaqın sağlamlıq haqqında arayışından başqa digər sənədlərin yerində olduğu, 22 nəfər uşağın isə şəxsi işi təqdim olunmadı. 6) İşçilərin şəxsi işlərinə baxış keçirilərkən şəxsi işlərinin natamam olduğu müəyyən edildi. Belə ki, əmək müqavilələri bağlandığı halda işçi haqqında məlumatlar, əmək funksiyası haqqında məlumatlar yazılmamış, tərcümeyi-hal, foto şəkilin olmadığı, kadr anketlərin yazılmadığı, yenilənmədiyi və s. çatışmazlıqlar mövcud idi. 7) Bağça üzrə 32 uşaq olsa da, uşaqların yatması üçün nəzərdə tutulmuş otaqda 13 çarpayının olduğu müəyyən edildi. Digər otağda 5 çarpayı olsa da, həmin otaqdan uşaqların yatması üçün istifadə edilmədiyi bildirildi. Bağçanın gözətçilərin əmək müqaviləsi üzrə iş saatlarının bilmədikləri, iş vaxtını öz aralarında şəxsi razılıqları ilə bölüşdürdükləri müəyyən edildi. İş vaxtı barədə əmr kitabında hər hansı bir qeydin, əmək müqaviləsində iş vaxi ilə bağlı öhdəlik götürülməmişdir. 8) Uşaqların qidalanması, qida normalarına riayət edilməsi vəziyyəti, ərzaq məhsullarının saxlanma qaydalarına əməl olunma vəziyyəti yoxlanılarkən ərzaq məhsullarının saxlanma şəraitinin normalara uyğun olmadığı, ərzağın hər gün ancaq bağça müdiri tərəfindən aşpaza verildiyi, 01 yanvar 2024-cü il tarixdən 11 mart 2024-cü il tarixədək olan dövr üçün menyu tələbnamənin olmadığı, çörəklərin bağça müdiri tərəfindən evdə bişirildiyi, cari ilin mart ayı ərzində menyunun bağça müdiri tərəfindən yazılmadığı müəyyən edilmiş, sərf olunmuş ərzaq barədə məxaric sənədi olmadığı üçün təqdim edilməmişdir. Bağçaya müntəzəm olaraq 6-10 nəfər uşağın gəldiyi halda əvvəlki aylarda ərzağın 20 nəfərə qədər uşaq üçün verildiyi və həmin sayda uşaq üçün ərzağın silindiyi müəyyən edilmişdir. Bununla da 01 sentyabr 2023-cü il tarixdən 10 mart 2024-cü il tarixədək olan dövr ərzində dövlət büdcəsindən əsassız xərclərin yaranmasına, dövlət büdcəsinə zərər vurulmasına əsaslı şübhələr yaranmışdır. Qeyd edilən “Xidməti məlumat”a əsasən müvafiq tarixdə bağçada aparılmış yoxlama nəticəsində müəyyən edilmiş qüsurlar iddiaçının nümayəndəsinin iddia ərizəsində göstərdiyi kimi obyektiv səbəblərdən baş verməsi mümkün olmayan hallardır. Belə ki, uşaqların davamiyyətinin əhəmiyyətli dərəcədə aşağı olması, uşaqların bağçaya gəlməməsi yalnız direktorun bağçaya lazımi qaydada rəhbərlik edə bilməməsi və bağça əməkdaşlarının uşaqların rahatlığı üçün lazımi şərait yarada bilməməsi səbəbindən qaynaqlana bilər. Həmçinin bağçanın əmr kitabının uzun müddət ərzində yazılmaması və əmrlərin verilməsi bağçaya rəhbərliyi həyata keçirən direktorun məsuliyyətsizliyinə və əmək funksiyalarını lazımi qaydada icra etməməsinə işarə edir. Eləcə də, bağçanın Pedaqoji şuranın protokolu kitabı olmaması, bağçada pedaqoji şuranın keçirilməməsi və yuxarıda göstərilən tərtibi məcburi olan sənədlərin hazırlanmaması da iddiaçının lehinə təfsir edilə, obyektiv səbəb kimi qiymətləndirilə bilməz. Əlavə olaraq, uşaqların sağlamlıq haqqında arayışlarının olmaması bu arayışların onların valideynlərindən tələb edilməməsindən və ya hər hansı digər formada vəzifə funskiyalarına (öhdəliklərinə) biganə yanaşmaqdan irəli gəlir. İşçilərin şəxsi işlərinin natamamlığı, bağçanın gözətçilərinin əmək müqaviləsi üzrə iş saatlarının bilməməsi, iş vaxtını öz aralarında şəxsi razılıqları ilə bölüşdürməsi, iş vaxtı barədə əmr kitabında hər hansı bir qeydin olmaması, əmək müqaviləsində iş vaxtı ilə bağlı öhdəliyin götürülməməsi də eyni qəbildən olan hallar sırasına daxildir. Xüsusi olaraq qeyd etməyi zəruri hesab edirik ki, uşaqların qidalanması, qida normalarına riayət edilməsi vəziyyəti, ərzaq məhsullarının saxlanma qaydaları barədə aşkarlanmış yuxarıda (8-ci bənddə) qeyd edilən nöqsanlar bilavasitə iddiaçının hərəkətləri və göstərişləri əsasında, onun iradəsinə uyğun olaraq həyata keçirildiyindən həmin halların obyektiv xarakter daşıması istisna edilməlidir. Belə ki, İddiaçı xx.xx.2024-cü il tarixli izahatında bildirmişdir ki, aşpazlara mart ayı ərzində menyunu şifahi şəkildə bildirdiyindən gündəlik menyu hazırlanmamışdır. Müəssisə daxilində bağçaya inzibati rəhbərliyi həyata keçirən direktor İddiaçı öz imzası ilə təsdiq etdiyi izahatında özü etiraf etmişdir ki, sənədləşmə proseduruna məhəl qoymamış, müvafiq göstərişləri şifahi şəkildə verməklə kifayətlənmişdir. Bu hal isə iddiaçının nümayəndəsinin iddia ərizəsində qeyd etdiyi kimi “obyektiv” xarakterli deyil, məhz iddiaçının iradəsindən asılı subyektiv hal olduğundan onunla bağlanılmış əmək müqaviləsinin ləğv edilməsinin əsası kimi çıxış etməsi hüquqa və qanuna uyğundur. İddiaçı öz tələbində bildirişdir ki, “Mübahisələndirilən əmrin məzmunundan görünür ki, əmrdə onu imzalayan işəgötürənin atasının adı göstərilməmiş, habelə əmək müqaviləsinin ləğv edilməsi üçün əsas hesab olunan müəssisə həmkarlar ittifaqı təşkilatının qərarı əmrin məzmununa daxil edilməmişdir”. Bu arqumentə münasibət bildirərək qeyd edirik ki, əmr gücləndirilmiş elektron imza vasitəsilə imzalanmış və əmrdə QR kod mövcuddur. Elektron imza və sənəd haqqında Qanunun 6.1-ci maddəsinə əsasən, dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının informasiya sistemlərində elektron sənəd mübadiləsi üçün ancaq gücləndirilmiş imzadan və sertifikatlaşdırılmış imza vasitələrindən istifadə edilir. Bu zaman əmrdə onu imzalayan işəgötürənin atasının adı qeyd edilməyə bilməz. Bununla da, iddiaçının “əmrdə onu imzalayan işəgötürənin atasının adı göstərilməmişdir” arqumentini həqiqəti əks etdirmədiyi sübut edilir. İkinci arqument isə “həmkarlar ittifaqı təşkilatının qərarı əmrin məzmununa daxil edilməmişdir” fikridir. Bu məsələyə münasibət bildirərək qeyd edir ki, əmrin əsaslandırıcı hissəsində açıq-aşkar ATİAHİ-nin Mil-Muğan Regional Təhsil İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin 05 aprel 2024-cü il tarixli 14 nömrəli protokolundan çıxarışa istinad edilmişdir. Bu zaman əmrin mətnindən bir növ blanket norma kimi həmin hüquqi akta istinad edilir. Əmr anlaşıqlı və aydın olmalıdır, bu səbəbə görə hüquq texnikası baxımından istinadın edilməsi tamamilə hüquqa uyğun və məntiqlidir. İddiaçı tərəfin göstərdiyi bütün arqumentlərin hüquqi və məntiqi şərhi etirazda öz əksini tapmışdır, və qarşı tərəfin işə bərpa barədə iddiası formallıqdan o yana keçə bilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat vermiş, həmçinin cavabdehin etirazına münasibətdə bildirmişdir ki, cavabdeh etirazında iddiaçının ondan 2500 manat pulun tələb edilməsini qeyd etməsinə böhtan kimi yanaşsa və təkzib etsə də, elə cavabdehin nümayəndəsi izahatında iddiaçıdan vurulmuş maddi zərərə görə 1600 manat pul istənilməsini etiraf etmişdir. Həmçinin etirazda uşaqların davamiyyətinin aşağı olduğu qeyd olunur ki, bu da iddiaçıdan asılı olmayan səbəbdən həmin dövrdə həmin bölgədə “qızılca” xəstəliyinin geniş yayılması və valideynlərin bu səbəbdən öz övladlarını bağçaya gətirməkdən çəkinmələri səbəbindən baş vermişdir. Etirazda bağçanın əmrlər kitabında 23 oktyabr 2023-cü il tarixdən əmrlərin qeydiyyatının aparılmadığı göstərilsə də, cavabdehin nümayəndəsi də məhkəmə iclasında həmin tarixdən sonra hər hansı əmrin verilmədiyini təsdiqləmişdir. Aydındır ki, əmr olmadığı üçün də kitabda qeydiyyat olmamışdır. Etirazda bağçada 32 uşaq üzrə 13 çarpayı olduğu qeyd olunmuşdur. Halbuki aydındır ki, çatışmayan çarpayılar bağça müdirinin şəxsi maddi dəstəyi ilə deyil, cavabdeh agentlik tərəfindən təmin olmalıdır. Agentlik isə özünün təmin etməli olduğu halda yol verdiyi nöqsana görə iddiaçı işdən çıxardır. Həmçinin etirazda bağçada ərzaq məhsullarının sanitariya şəraitinin olmadığı qeyd olunur. Halbuki bağçanın maddi texniki təminatı görə cavab olan şəxs iddiaçı deyil agentlikdir. Etirazda uşaqların davamiyyətinin aşağı olmasına baxmayaq əvvəlki aylar üçün daha çox uşaq sayına uyğun ərzağın sərf olunduğu, bununla da dövlət büdcəsinə zərər vuurlduğu qeyd olunur. Halbuki yoxlamanın xx.xx.2024-cü il tarixdə keçirildiyi aydındır. Belə olan halda heç bir əsaslandırma olmadan əvvəlki aylar üçün uşaqların davamiyyəti barədə aktda qeyd olunanlar cavabdehin əsassız mülahizəsidir. Etirazda iddiaçının yol verdiyi əməldə cinayət tərkibinin olmasına görə hüquq mühafizə orqanlarına müraciət edildiyi bildirilir. Nəzərə alınmalıdır ki, cavabdeh hər hansı şəxsin hərəkətinin cinayət tərkibi daşımasını müəyyən edən orqan deyil. Qeyd etdiyi müraciətin edilməsi də əməlin baş verməsinin təsdiqi deyil. Həmçinin nəzərə alınmalıdır ki, bağçada hər hansı audit yoxlaması və ya digər ixtisaslaşdırılmış yoxlama keçirilmədən bağçaya iddiaçı tərəfindən 1600 manat zərərin dəydiyini öz mülahizələrinə əsasən müəyyən etmişlər və bu məbləği iddiaçıdan tələb etmişlər. Aktı tərtib edən şəxsin müvafiq sahədə ixtisaslaşmış olması müəyyən edilməmişdir, onların maliyyə sahəsində biliklərinin olması qaranlıq məqam olaraq qalır. Hətta etirazda bağça müdirinin çörəyi evdə bişirdiyi qeyd olunur ki, cavabdeh özü bunun üçün hər hansı avadanlıqla bağçanı təmin etməmiş, yalnız un məmulatını verməklə kifayətlənmişdir. Məhz iddiaçı öz kommunal sərfiyyat hesabına cavabdehin yol verdiyi nöqsanı aradan qaldırmağa çalışmış və ərzağın hazırlanmasını təmin etmişdir. Eyni zamanda iddiaçının işəgötürənin Mil-Muğan Təhsil İdarəsi olmasına baxmayaraq onunla bağlanmış əmək müqavilənsinə cavabdeh agentliyin əmri ilə xitam verilməsi qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Elm və Təhzil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi X10 izahatında bildirmişdir ki, Agentliyin əsasnaməsinə əsasən ümumtəhsil məktblərinin direktorlarını, məktəbəqədər təhsil müəssiələrinin müdirlərini agentlyin sədri vəzifəyə təyin edir və vəzifədən azad edir. Həmçinin iddiaçıya vurulmuş zərərə görə ödəniş edilməsi təklif olunmuşdur, lakin həmin məbləğ 2500 manat olmamışdır. Eyni zamanda, iddiaçının əməlinə hüquqi qiymət verilməsi üçün hüquq mühafizə orqanlarına müraciət edilmişdir. Əsaslandırıcı hissə: a)Mülki işin materialları Əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Mil-Muğan Regional Təhsil İdarəsi və işçi İddiaçı xx.xx.2023-cü il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsi üzrə İddiaçı İmişli rayonu Buludlu kənd uşaq bağçasının direktoru vəzifəsinə işə qəbul edilmişdir. Bildiriş sistemə X24 tərəfindən daxil edilmişdir. İmişli rayonu Buludlu kənd uşaq bağçasının böyük qrupunun tərbiyəçisi X6 tərəfindən xx.xx.2024-cü il tarixdə yazılmış izahatda qeyd olunur ki, həmin qrupda sənəd üzrə 17 uşaq olsa da, xx.xx.2024-cü il tarixdə həmin qrup üzrə 4 uşaq bağçada olmuşdur. Bağçaya gəlməyən 13 uşağın valideynləri ilə danışıqlar aparılsa da, bağçaya olan məsafənin uzaq olması və bağçanın zəruri şəraitinin olmaması səbəbindən valideynlər uşaqlarını bağçaya gətirməmişlər. Bu barədə bağça müdirinə bir neçə dəfə məlumat verilmişdir. İmişli rayonu Buludlu kənd uşaq bağçasının müdiri İddiaçı xx.xx.2024-cü il tarixdə yazdığı izahatında 2024-cü ilin mart ayı üçün ərzaq menyusunu şifahi olaraq aşpaza bildirdiyini və buna görə də yazılı şəkildə yoxlama aparan şəxslərə təqdim etmədiyini, ümumiyyətlə isə ərzağı hər 15 gündən biri 20 nəfər uşaq sayı üçün sifariş verdiyini qeyd etmişdir. İmişli rayonu Buludlu kənd uşaq bağçasının orta qrupunun tərbiyəçisi X7 tərəfindən xx.xx.2024cü il tarixdə yazılmış izahatda qeyd olunur ki, həmin qrupda sənəd üzrə 15 uşaq olsa da, xx.xx.2024cü il tarixdə həmin qrup üzrə 2 uşaq bağçada olmuşdur. Bağçaya gəlməyən uşaqların valideynləri ilə danışıqlar aparılsa da, bağçanın zəruri şəraitinin olmaması səbəbindən valideynlər uşaqlarını bağçaya gətirməmişlər. Tədris etdiyi mövzulara dair qrup jurnalında qeydiyyat aparmamış, illik planlaşdırma proqramı tərtib etməmişdir. İmişli rayonu Buludlu kənd uşaq bağçasının gözətçisi X14 tərəfindən xx.xx.2024-cü il tarixdə yazılmış izahatda qeyd olunur ki, hər gün saat 8-9:00 aralığında bağçanın qapısını açdıqdan və 1-2 saat ərazidə olduqdan sonra yaşadığı ünvan bağçaya yaxın olduğu üçün bağçanı tərk edərək evinə gedir və bağça işçilərinin iş vaxtı bitən zaman qayıdaraq qapıları bağlayır. Əmək müqaviləsi üzrə müəyyən edilmiş iş vaxtı barədə məlumatlı deyil. İmişli rayonu Buludlu kənd uşaq bağçasının müdiri İddiaçı xx.xx.2024-cü il tarixdə yazdığı növbəti izahatında bağçada uşaqlara verilən çörəkləri özü evdə bişirdiyini, iş vaxtı ərzində növbəliliyin bağça gözətçilərinin özləri tərəfindən razılaşdırıldığını, bu barədə əmr vermədiyi və əmək müqavilələrində iş vaxtının göstərilməsidini qeyd etmişdir. İmişli rayonu Buludlu kənd uşaq bağçasının aşpazı X18 xx.xx.2024-cü il tarixdə yazdığı izahatında qeyd etmişdir ki, bağçada uşaqların sayının ən çox olduğu hallarda 8-12 nəfər uşaq sayına, bir neçə dəfə isə 15 nəfər uşaq sayına görə ərzaq verilmişdir. İmişli rayonu Buludlu kənd uşaq bağçasının müdiri İddiaçı xx.xx.2024-cü il tarixdə yazdığı növbəti izahatında yoxlama keçirilən tarixdə bağçada 32 nəfər uşaqdan 6-sının olduğunu, siyahıdan kənar Rəcəb adlı uşağın bağçada olduğunu, bağçanın aşpazı Cəfərova Ətlasın xəstə olması və dərman qəbul etməyə zəruriyyətinin olması səbəbindən yoxlama aprılan zaman bağçada olmadığını, bağçanın pedoqoji şuranın protokol kitabının olmadığını, bağşanın əmrlər kitabın 31 okktyabr 2023-cü il tarixdən etibarən yazılmadığını, gündəlik gün rejiminin olmadığını, məşğələ cədvəlinin tərtib edilib təsdiqlənmədiyini, məşğələ cədvəli olaraq təqdim etdiyi cədvəldə göstərilmiş fənlərlə tədris planı arasında uyğunsuzluq olduğunu, 32 uşaqdan 22 uşağın şəxsi işinin yerində olmadığını, pedoji şuranın fəaliyyət planının olmadığını, əmr kitabında cari ilin sentyabr ayının tədris planı işlənsə də əvvəlki tədris illərinə dair əmrlərin olmadığı, işçilərin şəxsi işlərinin natamam olduğu, baçaya əlməyən uşaqların validyenləri ilə söhbət aparılmasına baxmayaraq onların bağçanın şəraitinin olmamasına və uşaqların xəstələnməsinə görə uşaqları bağçaya gətirməkdən imtina etdiklərini bildirmişdir. Mil-Muğan Regional Təhsil İdarəsi Tədrisin keyfiyyəti sektorunun müdiri Mahir Zahidov, həmin İdarənin Sabirabad rayonu üzrə mühasibi İlham Əliyev, İmişli Rayonu Məzrəli kənd tam orta məktəbin təşkilatçısı X30 rayonu Buludlu kənd uşaq bağçasının müdiri İddiaçı və həmin bağçanın aşpazı Ətlaz Cəfərova tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli aktda qeyd olunur ki, 1) İşçilərin əmək intizamı yoxlanılarkən, 11 işçidən 9 nəfər işçinin (2 gözətçidən başqa) işdə olduğu müəyyən edildi; 2) Uşaqların davamiyyəti yoxlanılarkən 3-4 yaşlılardan ibarət qrupda 15 uşaqdan 13 nəfər, 4-5 yaşlılardan ibarət qrupda 17 uşaqdan 13 nəfər olmaqla, iki qrup üzrə ümumilikdə 32 nəfər uşaqdan 26 nəfər uşağın bağçada olmadığı (saat 12 radələrində 2 nəfər uşağın gəldiyi), bir nəfər uşağın (Rəcəb adlı) MTİS-dən kənar uşağın olduğu müəyyən edilmişdir. 3) Bağçanın əmr kitabı 23 oktyabr 2023-cü il tarixdən 11 mart 2024-cü il tarixədək yazılmamışdır. Yazılmış əmrlərin səthi olduğu, cari tədris ilinin əvvəlində qrupların komplektləşdirilməsi, qrupların tərbiyəçilərə həvalə olunması, bağçaya qəbul və xaric edilən uşaqlar barədə əmrlərin verilmədiyi müəyyən edilmişdir. 4) Bağçanın Pedaqoji şuranın protokolu kitabı olmadığı üçün təqdim edilmədi. Ümumiyyətlə bağçada pedaqoji şura keçirilməmişdir. Bağçanın fəaliyyət planı, müdirin fəaliyyət planı, pedaqoji şuranın fəaliyyət planı, bağçanın gün rejimi, tədris planına uyğun məşğələ cədvəlinin, tərbiyəçilərin illik perspektiv planı proqramının olmadığı, qrup jurnallarında tədris ili ərzində hər hansı bir məşğələ barədə keçirilən mövzuların yazılmadığı müəyyən edildi. 5) Uşaqların şəxsi işlərinə baxarkən bağça üzrə 32 uşaqdan heç birinin sağlamlıq haqqında arayışının olmadığı, 10 nəfər uşağın sağlamlıq haqqında arayışından başqa digər sənədlərin yerində olduğu, 22 nəfər uşağın isə şəxsi işi təqdim olunmadı. 6) İşçilərin şəxsi işlərinə baxış keçirilərkən şəxsi işlərinin natamam olduğu müəyyən edildi. Belə ki, əmək müqavilələri bağlandığı halda işçi haqqında məlumatlar, əmək funksiyası haqqında məlumatlar yazılmamış, tərcümeyi-hal, foto şəkilin olmadığı, kadr anketlərin yazılmadığı, yenilənmədiyi və s. çatışmazlıqlar mövcud idi. 7) Bağça üzrə 32 uşaq olsa da, uşaqların yatması üçün nəzərdə tutulmuş otaqda 13 çarpayının olduğu müəyyən edildi. Digər otaqda 5 çarpayı olsa da, həmin otaqdan uşaqların yatması üçün istifadə edilmədiyi bildirildi. Bağçanın gözətçilərin əmək müqaviləsi üzrə iş saatlarının bilmədikləri, iş vaxtını öz aralarında şəxsi razılıqları ilə bölüşdürdükləri müəyyən edildi. İş vaxtı barədə əmr kitabında hər hansı bir qeydin, əmək müqaviləsində iş vaxi ilə bağlı öhdəlik götürülməmişdir. 8) Uşaqların qidalanması, qida normalarına riayət edilməsi vəziyyəti, ərzaq məhsullarının saxlanma qaydalarına əməl olunma vəziyyəti yoxlanılarkən ərzaq məhsullarının saxlanma şəraitinin normalara uyğun olmadığı, ərzağın hər gün ancaq bağça müdiri tərəfindən aşpaza verildiyi, 01 yanvar 2024-cü il tarixdən 11 mart 2024-cü il tarixədək olan dövr üçün menyu tələbnamənin olmadığı, çörəklərin bağça müdiri tərəfindən evdə bişirildiyi, cari ilin mart ayı ərzində menyunun bağça müdiri tərəfindən yazılmadığı müəyyən edilmiş, sərf olunmuş ərzaq barədə məxaric sənədi olmadığı üçün təqdim edilməmişdir. Mil-Muğan Regional Təhsil İdarəsinin müdirinin müavini X11 tərəfindən həmin İdarənin müdiri Rəşad Musayevə ünvanlanmış “Xidməti məlumatı”ndan görünür ki, həmin məlumatda xx.xx.2024-cü il tarixli akta istinadən yoxlamaların nəticələri qeyd olunmuşdur. Həmçinin göstərilmişdir ki, bağçaya müntəzəm olaraq 6-10 nəfər uşağın gəldiyi halda əvvəlki aylarda ərzağın 20 nəfərə qədər uşaq üçün verildiyi və həmin sayda uşaq üçün ərzağın silindiyi müəyyən edilmişdir. Bununla da 01 sentyabr 2023-cü il tarixdən 10 mart 2024-cü il tarixədək olan dövr ərzində dövlət büdcəsindən əsassız xərclərin yaranmasına, dövlət büdcəsinə zərər vurulmasına əsaslı şübhələr yaranmışdır. Monitorinqin nəticələrinə əsasən İmişli rayonu Buludlu kənd uşaq bağçasının müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi təklif olunmuşdur. Mil-Muğan Regional Təhsil İdarəsinin müdirin Rəşad Musayev tərəfindən İmişli rayon prokuroruna edilmiş müraciətdə İdarə tərəfindən xx.xx.2024-cü il tarixdə İmişli rayonu Buludlu kənd uşaq bağçasında keçirilmiş monitorinq zamanı bağçada rəhbərlik tərəfindən əmək funksiyalarının icra olunmaması ilə əlaqədar dövlət büdcəsinə zərər vurulmasına əsaslı şübhələr yarandığı və araşdırmanın nəticəsinə hüquqi qiymət verilməsi üçün monitorinqə dair təsdiqedici sənədlərin aidiyyəti üzrə göndərildiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunur ki, Mil-Muğan Regional təhsil idarəsinin müdiri X28 Rayon Buludlu kənd uşaq bağçasında yol verilmiş bir sıra qanunsuzluqlar barədə İmişli rayon prokurorluğundan Baş Prokurorluğua daxil olmuş müraciət öyrənilərkən müəyyən edilmişdir ki, aparılmış monitorinq nəticəsində həmin uşaq bağçasının saxlanılması məqsədi ilə cari il üçün dövlət büdcəsindən nə qədər vəsait ayrılması, habelə müraciətdə sadalanan qanunsuzluqlar nəticəsində dövlət büdcəsinə nə qədər maddi ziyan vurulması kimi xüsusiyyatlara aydınlıq gətirilməmişdir. Odur ki, qeyd olunan müraciət və ona əlavə edilmiş müvafiq sənədlər göstərilən xüsusiyyatların hərtərəfli yoxlanılmaqla yaranmış suallara aydınlıq gətirilməsi, nəticəsi barədə Baç Prokurorluğa aydınlıq verilməsi, cinayət, yaxud inzibati xəta əlamətləri olan faktlar aşkar olunacağı təqdirdə isə müvafiq sənədlərin hüquqi qiymət verilməsi məqsədi ilə Baş Prokurorluğa təqdim olunması üçün Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə göndərilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru X24 tərəfindən verilmiş əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən İmişli rayonu Buludlu kənd uşaq bağçasının müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsinin rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəliklərini və əmək funksiyalarını yerinə yetirmədiyinə görə ləğv edilməsi barədə əmr verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, işçi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Mil-Muğan Regional Təhsil İdarəsi tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Mil-Muğan Regional Təhsil İdarəsi ilə bağladığı əmək müqaviləsi əsasında İmişli rayonu Buludlu kənd uşaq bağçasının direktor vəzifəsinə işə qəbul edilmişdir. 11 mart 2024-cü il tarixdə həmin uşaq bağçasında yoxlama keçirilmiş və yekun olaraq akt tərtib olunmuşdur. Həmin aktda uşaq bağçasında aşkar olunmuş nöqsanlar sadalanmış və bu akta əsasən Mil-Muğan Regional Təhsil İdarəsinin müdirinin müavini X11 tərəfindən həmin İdarənin müdiri Rəşad Musayevə ünvanlanmış “Xidməti məlumat”da İmişli rayonu Buludlu kənd uşaq bağçasının müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi təklif olunmuşdur. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru X24 tərəfindən verilmiş əmrlə İmişli rayonu Buludlu kənd uşaq bağçasının müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Hazırda iddiaçı onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinin əsassız olduğunu bildirir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış fərdi əmək mübahisəsi aşağıda qeyd olunan qanunvericilik normalarının tətbiq olunması əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 3-cü maddəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; - 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz; - 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır; - 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin ləğv olunması ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir; - 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Mil-Muğan Regional Təhsil İdarəsi ilə əmək müqaviləsi bağlayaraq İmişli rayonu Buludlu kənd uşaq bağçasının direktor vəzifəsinə işə qəbul edilmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə işəgötürənin əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” başlıqlı 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin “işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar” başlıqlı 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi belə halların sırasında göstərilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi işçinin yol verdiyi pozuntuların onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasında xitam verilməsinə əsas təşkil etməsi üçün, pozuntu(lar) nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olması şərtdir. Məhz sadalanan halların birgə mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə (xüsusilə 71-72-ci maddələrinə) əməl olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər. Əmək Məcəlləsinin 83-cü maddəsində göstərilmişdir ki, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Mil-Muğan Regional Təhsil İdarəsinin əmri, İddiaçı direktoru olduğu İmişli rayonu Buludlu kənd uşaq bağçasında aparılmış yoxlamalar nəticəsində aşkar edilmiş nöqsanlara əsasən verilmişdir. Bu nöqsanların İddiaçı əmək vəzifələri kobud şəkildə pozması, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlər hesab edilmişdir. Hazırda iddiaçı bu halların onun əmək vəzifələrinin kobud pozmasının sübutu olmadığını və onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinin əsassız olduğunu bildirir. Cavabdeh isə yoxlamalara dair tərtib olunmuş aktlara və arayışa əsaslanaraq əmrin qanuni və əsaslı olduğunu bildirir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Plenum Qərarında qeyd olunur ki, Mülki Prosessual Məcəllədə çəkişmə prinsipi və Məcəllədə birbaşa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipi xüsusi yer tutur. Dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar). Yuxarıda sadalananlardan aydın olur ki, məhkəmənin öz təşəbbüsü ilə sübutlar toplamaq funksiyası qanunvericiliklə yalnız tərəfin bu sübutu əldə etmək imkanı olmadıqda və bu barədə vəsatət verdikdə müəyyən olunmuşdur. Məhkəmə tərəflər arasında olan mülki hüquq münasibətlərinin xarakterini və işin qanuni və ədalətli həlli üçün zəruri olan digər halları tərəflərin verdiyi və iş materiallarında olan sübutlar əsasında müəyyən edir. İş materiallarından iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə əsas olmuş halın onun direktoru olduğu uşaq bağçasında aparılmış yoxlamalar təşkil etdiyi müəyyən olunduğundan məhkəmə əsas diqqəti aparılmış bu yoxlamaların nəticəsinə ayırır. Belə ki, cavabdehin iddiaya etirazının əsası olan İmişli rayonu Buludlu kənd uşaq bağçasında aparılmış yoxlamaların nəticəsinə dair tərtib edilmiş aktda qeyd olunur ki, Uşaqların davamiyyəti yoxlanılarkən 3-4 yaşlılardan ibarət qrupda 15 uşaqdan 13 nəfər, 4-5 yaşlılardan ibarət qrupda 17 uşaqdan 13 nəfər olmaqla, iki qrup üzrə ümumilikdə 32 nəfər uşaqdan 26 nəfər uşağın bağçada olmadığı (saat 12 radələrində 2 nəfər uşağın gəldiyi), bir nəfər uşağın (Rəcəb adlı) MTİS-dən kənar uşağın olduğu müəyyən edilmişdir. Məhkəmə araşdırması təqdiq edilmiş sübutlara daxil olan tərbiyəçilərin və uşaq bağçasının müdirinin izahatlarından aydın olur ki, uşaqların davamiyyəti barədə bağlı uşaqların valideynləri ilə söhbət aparılsa da, valideynlər məhz bağçanın zəruri şəraitinin olmaması səbəbindən uşaqlarını bağçaya gətirmədiklərini qeyd etmişlər. İş materiallarında olan fotoşəkillərdən bağçanın uşaqların sağlam mühitdə tərbiyələndirilməsi üçün zəruri şəraitə malik olmadığı aşkar görünür. Hətta bu hal cavabdehin iddiaya etirazının əsası olan yoxlama aktında da dəfələrlə göstərilmişdir. Belə ki, aktda bağçada siyahı üzrə 32 uşağın olmasına baxmayaraq 13 çarpayının olduğu qeyd olunmuşdur, digər otaqda 5 çarpayı olsa da, həmin otaqdan uşaqların yatması üçün istifadə etmədiyi vurğulanmışdır. Sanki həmin 5 çarpayının da istifadə olunması ilə (nəticədə 18 çarpayı) 32 uşağın tələbatı tam qarşılanmış olacaqdır. “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinə əsasən uşaq bağçası məktəbəqədər yaşlı uşaqların təhsili ilə məşğul olan müəssisələrə daxildir. Həmin Qanunun “Məktəbəqədər təhsil sahəsində uşaqların hüquqları” adlı 17-ci maddəsinə əsasən həyat və sağlamlıq üçün təhlükəsiz şəraitdə, mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq, həmçinin asudə vaxtının və istirahətinin səmərəli təşkili, meyil və maraqlarının reallaşması və yaradıcılıq imkanlarının inkişafı üçün münasib şəraitlə təmin olunmaq məktəbəqədər təhsil sahəsində uşaqların hüquqları sırasında əksini tapmışdır. Halbuki sözügedən uşaq bağçası yuxarıda qeyd olunan uşaq hüquqlarının realizə edilməsi üçün zəruri texniki bazaya və şəraitə malik deyil. Bu səbəbdən də valideynlərin öz uşaqlarını bağçaya gətirməkdən imtina etmələri başa düşülən olub, bağçanın işçi heyəti, xüsusilə də bağça müdiri olan iddiaçıdan asılı olmayan hal olmuşdur. Nəzərə alınmalıdır ki, bağçanın zəruri şəraitinin olmaması nəinki dövlətin qayğısında olan uşaqların hüquqlarını birbaşa pozmuş, o cümlədən tərbiyəçilərin və bağça müdirinin də öz vəzifələrini lazımınca yerinə yetirmələrinə imkan verməmişdir. Belə ki, sözügedən Qanunun 16-cı maddəsinə əsasən təhsilverənlər (pedaqoji işçilər) – tərbiyəçi-müəllimlər, metodistlər, defektoloqlar, loqopedlər, musiqi rəhbərləri, psixoloqlar məktəbəqədər təhsil prosesinin iştirakçıları hesab olunurlar. Uşaqların təhlükəsizliyinin və sağlamlığının qorunmasında bilavasitə iştirak etmək, onları fiziki və psixi zorakılığın bütün formalarından qorumaq Qanunun 18-ci maddəsində təhsilverənlərin vəzifələrinə daxil edilmişdir. Aydındır ki, bağçanın zəruri şəraitlə təmin edilməməsi uşaqların hüquqlarını pozmaqla yanaşı həmin bağçanın təhsilverənlərinin də vəzifələrinin icrasına əngəllər yaradır. xx.xx.2024-cü il tarixli aktda və onun əsasında verilmiş xidməti məlumatda qeyd olunmuşdur ki, uşaqların qidalanması, qida normalarına riayət edilməsi vəziyyəti, ərzaq məhsullarının saxlanma qaydalarına əməl olunma vəziyyəti yoxlanılarkən ərzaq məhsullarının saxlanma şəraitinin normalara uyğun olmadığı, ərzağın hər gün ancaq bağça müdiri tərəfindən aşpaza verildiyi, 01 yanvar 2024-cü il tarixdən 11 mart 2024-cü il tarixədək olan dövr üçün menyu tələbnamənin olmadığı, çörəklərin bağça müdiri tərəfindən evdə bişirildiyi, cari ilin mart ayı ərzində menyunun bağça müdiri tərəfindən yazılmadığı müəyyən edilmiş, sərf olunmuş ərzaq barədə məxaric sənədi olmadığı üçün təqdim edilməmişdir. “Xidməti məlumat”da o da qeyd olunur ki, müvafiq tarixdə bağçada aparılmış yoxlama nəticəsində müəyyən edilmiş qüsurlar iddiaçının nümayəndəsinin iddia ərizəsində göstərdiyi kimi obyektiv səbəblərdən baş verməsi mümkün olmayan hallardır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 oktyabr 2012-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 3.6-cı bəndinə qeyd olunur ki, uşaqların qidalanmasının təşkilinə nəzarət məktəbəqədər təhsil müəssisəsinin müdiri tərəfindən həyata keçirilir. Qeyd olunan Nizamnamənin 6.6.1-ci maddəsinə əsasən məktəbəqədər təhsil müəssisəsi müdiri məktəbəqədər təhsil müəssisəsinin fəaliyyətinə görə dövlət, cəmiyyət və təsisçi qarşısında məsuliyyət daşıyır. Lakin qanunla uşaqların qidalanması üçün zəruri şəraitin təmin edilməsi uşaq bağçasının müdirinin vəzifəsi olaraq müəyyən edilməmişdir. İş materiallarında olan fotoşəkillərdən isə uşaqların qidalanması üçün zəruri şəraitin olmadığı görünür, bu hal iddiaçının vəkili tərəfindən dəfələrlə cavabdehin nümayəndəsinin iştirak etdiyi məhkəmə iclas zalında bildirilmiş, cavabdeh tərəf bu halı təkzib etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, uşaqların qidalanması üçün vəzifə funksiyalarını da aşaraq vicdanlı hərəkət edən iddiaçı buna görə cəzalandırılması ədalətli deyil. Nəzərə alınmalıdır ki, xx.xx.2024-cü il tarixdə uşaq bağçasında aparılan yoxlamalar zamanı aşkar edilmiş sözügedən nöqsanlar iddiaçının deyil, məhz cavabdehin vəzifə funksiyalarına daxil olan hallar olmuşdur. Belə ki, “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən məktəbəqədər təhsil müəssisəsinin təsisçisi (təsisçiləri) dövlət, bələdiyyələr, Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri ola bilər. “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin : 6.34-cü bəndinə əsasən təsisçinin vəzifəsi məktəbəqədər təhsil müəssisəsini müvafiq avadanlıqlarla təchiz olunmuş bina və həyətyanı sahə ilə təmin etməkdən ibarətdir; 6.35-ci bəndinə əsasən təsisçi məktəbəqədər təhsil müəssisəsinin dövlət təhsil standartına uyğun olaraq fəaliyyəti üçün şəraitin yaradılmasına görə məsuliyyət daşıyır. Xidməti məktubda qeyd olunmuşdur ki, bağçaya müntəzəm olaraq 6-10 nəfər uşağın gəldiyi halda əvvəlki aylarda ərzağın 20 nəfərə qədər uşaq üçün verildiyi və həmin sayda uşaq üçün ərzağın silindiyi müəyyən edilmişdir. Bununla da 01 sentyabr 2023-cü il tarixdən 10 mart 2024-cü il tarixədək olan dövr ərzində dövlət büdcəsindən əsassız xərclərin yaranmasına, dövlət büdcəsinə zərər vurulmasına əsaslı şübhələr yaranmışdır. Məhkəmə qeyd edir ki, yoxlamanın məhz xx.xx.2024-cü il tarixdə keçirildiyi halda hansı əsaslardan əvvəlki tarixlər üçün uşaqların davamiyyətinin göstərilən dərəcədə aşağı olmasının əminliklə qeyd edilməsinə cavabdeh tərəfindən hər hansı aydınlıq gətirilməmişdir. Xidməti məktubun əvvəlki abzaslarının birində daha əvvəlki tarixlərdə də yoxlamanın keçirildiyi qeyd olunsa da, həmin yoxlamaya dair heç bir təsdiqedici sənəd mövcud deyil. Məhz səthi olaraq xidməti məktubu tərtib edənin müstəqil mülahizəsi əsasında qeydlər aparılmışdır. Cavabdehin nümayəndəsi tərəfindən təqdim olunmuş izahatların birində də qəti nəticəyə gəlinməsi üçün dəqiq say göstərilməsə də, uşaqların davamiyyətinin daha yuxarı olduğu qeyd olunmuşdur. Cavabdehin mülahizəsinə əsasən iddiaçının yol verdiyi nöqsanların dərəcəsinin ciddiliyi görüntüsü yaradılması üçün prokurorluq orqanına iddiaçının hərəkətlərinə hüquqi qiymət verilməsi üçün müraciət edilmiş, cavabdehin nümayəndəsi tərəfindən məhkəmə iclaslarında bu hala bir neçə dəfə istinad edilmişdir. Halbuki iş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Azərbaycan respublikasının Elm və Təhsil Nazirliyinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda müvafiq araşdırma aparılması üçün zəruri məlumatların olmadığı bildirilmişdir. Məhkəmə gələcəkdə iddiaçının hərəkətlərində inzibati və ya cinayət hüquqi xarakterli əməlin əlamətlərinin ola bilməsi ehtimalına əsaslanaraq cavabdehin etirazının müvafiq hissədə əsaslı olması qənaətinə gələ bilməz. xx.xx.2024-cü il tarixli yoxlamanın nəticələrinə dair tərtib edilmiş aktda bağçanın əmrlər kitabının 23 oktyabr 2023-cü il tarixdən etibarən yazılmadığı qeyd olunsa da, bu tarixdən sonra hansısa əmrin olması halı araşdırma zamanı cavabdehin nümayəndəsi tərəfindən sübuta yetirilməmiş, iddiaçın vəkilinin belə bir əmrin olmamasına dair izahatına cavabdeh tərəfindən heç bir etiraz olmamışdır. Məhkəmə qeyd edir ki, işəgötürən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Mil- Muğan Regional Təhsil İdarəsi işçi İddiaçı öz vəzifə funskiyalarını lazımınca icra etməsi üçün zəruri şəraiti yaratmadığı halda təşkil etdiyi yoxlamaların nəticəsi olaraq bu halı işçinin yol verdiyi nöqsan olaraq göstərməsini ağlabatan deyil. xx.xx.2024-cü il tarixli aktda aparılan yoxlama zamanı bir sıra sənədlərin olmaması və ya təqdim edilməməsi barədə qeyd olunanlarla bağlı məhkəmə iddiaçıya münasibətdə əsaslı şübhədən kənar sübut prinsipini tətbiq etdiyi halda cavabdehin sənədlərinə də eyni prinsipdən yanaşmalıdır. Belə ki, aktı tərtib edən şəxslərin yoxlama qrupunun üzvləri olması səbəbindən onlar tərəfindən heç bir başqa vasitə ilə təsdiq edilmədən həra hansı sənədin yoxlama zamanı yerində olmaması və ya təqdim edilməməsini yazmaları birmənalı, mötəbər sübut kimi qəbul edilə bilməz. İmişli rayonu Buludlu kənd uşaq bağçasının müdiri İddiaçı xx.xx.2024-cü il tarixdə yazdığı izahatında yoxlama zamanı uşaq bağçasına dair sənədlərdə çatışmazlıqların olduğunu göstərmişdir. Lakin həmin nöqsanların sırasında əmrlər kitabında xx.xx.2023-cü il tarixdən sonra əmrlərin qeydiyyatının aparılmadığını da qeyd etmişdir. Halbuki yuxarıda göstərildiyi kimi cavabdehin nümayəndəsi həmin tarixdən sonra hər hansı əmrin olmaması təsdiq etmiş, bu barədə iddiaçının vəkilinin izahatına heç bir etiraz etməmişdir. Belə olan halda, əmri verməyən iddiaçının əmrlərinin qeydiyyatını aparmaması barədə yazılı izahat verməsi bütünlükdə bu izahatın mötəbər sübut olmasını şübhə altına salır. Məhkəmə aktla bağlı qeyd edir ki, aktda yoxlama komissiyasının üzvlərindən başqa uşaq bağçasının işçi heyətindən yalnız bağçanın aşpazı tərəfindən imzalanmışdır ki, həmin şəxs aktda qeyd olunan və yoxlamalar aparılan bir çox məsələ üzrə səlahiyyətli şəxs olmayıb, bu sahədə zəruri biliklərə malik olması da ağlabatan deyil. Onun aktda qeyd olunan bir çox sənədlərin qaydalara uyğun olmaması barədə təsdiq imzası bu sənədlərin həqiqətən də düzgün tərtib edilməməsinə dəlalət etməməlidir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı iddia tələbinin əsaslılığını sübut etmək vəzifəsi daşısa da, nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyətlərə malik olur (“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarı). Bu səbəbdən məhkəmə tərəfindən işçi ilə işəgötürən arasında yaranmış əmək mübahisələrinə baxılarkən ədalətli balans və tarazlığın qorunması və təmin edilməsi ədalətli məhkəmə araşdırması hüququnu təmin etməklə, ciddi əsaslar olmadığı halda gələcəkdə işçinin əmək fəaliyyətinə mane olacaq halların aradan qaldırılmasına yönəlməlidir. Bu baxımdan məhkəmə heç bir sübutla təsdiq olunmadan arayışda qeyd edilən halların həqiqiliyi iş materialları ilə müəyyən olunmamışdır. Əmək Məcəlləsinin 83-cü maddəsində göstərilmişdir ki, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. İddiaçı barəsində işəgötürən tərəfindən veriliş əmrdə iddiaçı tərəfindən dövlət büdcəsinə maddi zərər vurduğuna istinad edilmişdir. Halbuki yuxarıda qeyd edilyi kimi bu hal sübuta yetirilməmişdir. Cavabdehin tərəfin müvafiq araşdırma aparılması üçün müraciət etməsini iddiaçının əməlinə hüquqi qiymət verilməsinə bərabər tutuması və əmrdə bu hala istinad etməsi absurddur. Əmrin qoşmasında “ATİAHİ-nin Mil-Muğan Regional Təhsil İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin 05 aprel 2024-cü il tarixli, 14 nömrəli protokolundan çıxarış” qeyd edilsə də, əmrin məzmununda bu halla bağlı heç bir məlumat öz əksini tapmamış, protokol məhkəməyə təqdim edilmədiyindən araşdırılmamış və əmrdə protokol üzrə hər hansı məqama istinad edilməmişdir. Nəzərə alınmalıdır ki, əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslansa da, bu münasibətlərin tənzimlənməsində bir qayda olaraq imperativ xarakterli normalar üstünlük təşkil edir. Xüsusən iş vaxtı, əmək şəraiti, əmək haqqının hesablanması qaydası, işdən çıxarılma prosedurları və s. kimi məsələlərdə qanunvericinin imperativ tələbi əsas götürülür. Bu, işçinin əmək münasibətlərinin zəif tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alınması zərurətindən irəli gəlir. Yəni faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 20 oktyabr tarixli Qərarı). Məhkəmə hesab edir ki, iddiaçıya istinad olunan pozuntular nəticəsində onun işlədiyi məktəbdə işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulduğu və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə ciddi ziyan dəydiyi sübuta yetirilməmişdir. Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Məhkəmə iclasında verilən izahatlar, toplanmış və tədqiq olunmuş sübutların məcmusu, iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, işəgötürən iddiaçıya müvafiq intizam tənbehinin tətbiqinə əsas olub-olmadığı tam aydınlaşdırmamış, onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi, ailə vəziyyəti nəzərə alınmamış və əsaslı araşdırma aparılmadan əmək müqaviləsinə xitam verilmişdir. Xüsusilə qeyd olunmalıdır ki, Əmək Məcəlləsi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirmiş, alternativ tənbeh tədbirləri kimi töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək imkanlarını da nəzərdə tutmuşdur və məhkəmənin qənaətinə görə iddiaçının yol verdiyi iddia olunan pozuntulara görə onun əmək müqaviləsinə xitam verilməsi həmin pozuntuların - əgər pozuntu hesab edilsə belə - xarakterinə adekvat olmamış, istinad olunan pozuntuların bəziləri isə onun işdən çıxarılmasına əsas verəcək qədər ciddi olmamışdır. Məhkəmə mülki işin bütün materiallarını araşdıraraq hesab edir ki, iş materiallarında olan sübutlar iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinin yeganə yetərli əsası kimi çıxış edə bilməz. Belə ki, aktın bütün bəndləri məhkəmə tərəfindən tərəflərin təqdim etdikləri yazılı sübutlar və onların izahatları ilə araşdırılmışdır. İddiaçının işdən çıxarılmasına əsas təşkil edən yoxlama aktında pozuntu kimi göstərilən yuxarıda göstərilən hallardan bəziləri iddiaçıdan asılı olmayan hallar olmuş, digərləri məhkəmə iclasında sübuta yetilməmiş, qalan hallar isə işçiyə ən ağır tənbeh tədbirinin verilməsi üçün yetərli olmamışdır. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70.3-cü maddəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Hazırda iş materiallarında mötəbər sübut kimi araşdırılmış və iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinin əsaslı olduğu birmənalı təsdiq edən sübutlar mövcud deyil. Halbuki yuxarıda qeyd olunan normanın tələbinə əsasən cavabdeh əmək müqaviləsinə xitam verilməsini əsaslandırmalı idi. İş materiallarında bu hala dair sübut qismində araşdırılması mümkün olan yeganə sənədlər məktəbdə aparılan yoxlamanın nəticəsində tərtib edilmiş akt olmuşdur ki, yuxarıda bu aktın cavabdehin əmrinin yeganə əsası olaraq qəbul edilməsinin yolverilməzliyi kifayət qədər əsaslandırılmışdır. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçı barəsində verdiyi əmrin qanuni əsası mövcud deyil, iddia tələbi əsaslıdır, buna görə də təmin olunmalı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4 Sənəm Çingiz qızı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli 3-29-69/3-1-318K/2024 saylı əmrinin ləğv edilməli, İddiaçı əvvəlki vəzifəsinə bərpa olunmalı və ona xx.xx.2024-cü il tarixdən hesablanmaqla məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməlidir. Məhkəmə “mediasiya, poçt və hüquqi yardım üçün ödənilmiş 360 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülkii Prosessual Məcəlləsinin : 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115-ci maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddiaçının vəkilin xidmətindən istifadə etməsi iş materiallarında olan vəkil orderindən aydın olduğu üçün məhkəmə vəkil xərcinin cavabdehdən tutulmasını qanuni hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə sasən mediasiyaprosesinə iştirak üçün mediasiya xərci ödədiyindən və bu məbləğ qanuna əsasən iddia ərizəsinin verilməsinə görə ödənilməli dövlət rüsumuna daxil olduğundan həmin mediasiya xərci də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin və 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4 Sənəm Çingiz qızı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli 3-29-69/3-1- 318K/2024 saylı əmri ləğv edilsin. İddiaçı İmişli rayonu Buludlu kənd uşaq bağçasının direktoru vəzifəsinə işə bərpa olunsun və ona xx.xx.2024-cü il tarixdən hesablanmaqla məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən mediasiya və vəkil xərcinə görə 360 manat pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar