Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2537/2024 11.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə xx.xx.2024-cü il tarixdə, 332 nömrə ilə 06 saylı Asan Xidmət X3ndə qeydə alınmış nikahın etibarsız sayılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh nikahları “06 saylı ASAN” xidmət mərkəzinin qeydiyyatı şöbəsi tərəfindən 01 mart 2024-cü il tarixdə 332 nömrə ilə qeydiyyata alınmışdır. Nikah formal xarakter daşımış, tərəflərinin hər ikisinin ailə qurmaq niyyəti olmamışdır.Tərəflər faktiki ailə münasibətlərinə daxil olmamışlardır.Nikahın etibarsızlığına dair ilkin mediasiyadan keçirilmə üçün mediasiya təşkilatına müraciət edilmiş, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddia ərizəsinə əlavə edilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan məlum olur ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı İMS üçün 50 AZN, poçt kargüzarlıq xidməti üçün 10 AZN məbləğində xərcləri ödəmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmənin 30 may 2024-cü il tarixli hazırlıq iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, o, İddiaçı ilə eyni sferada işləmiş, onların toyu olmamış, birgə yaşayıb, birgə təsərrüfat aparmamışlar. Mart ayının 1-i nikaha daxil olmuş, mart ayının 9-dan bir-biriləri ilə əlaqələrini kəsmişlər. Məhkəmə iclasında iştirakı iddiaçı tərəfindən təmin edilmiş şahid X5 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, İddiaçı xalası oğludur. Onun cavabdeh ilə hər hansı ailə münasibətləri olmamışdır. Cavabdeh ailə üzvü kimi tanımır. Bildiyinə görə, iddiaçı xaricə getmək üçün cavabdehlə nikaha daxil olmuşdur. El adəti ilə nişan, toy olmamışdır. Sadəcə qeydiyyat şöbəsinə getməklə nikaha daxıl olmuşlar. Onların toyu olsaydı, bundan xəbəri olardı. Məhkəmə iclasında iştirakı iddiaçı tərəfindən təmin edilmiş şahid X8 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, İddiaçı xalası oğludur. Tərəflərin toyu olmamış, formal nikaha daxil olmuşlar. Bildiyinə görə, iddiaçı onlar xaricə getmək üçün nikaha daxil olmuşdur. İddiaçı ilə cavabdeh nikaha daxıl olmaq niyyətləri olmamışdır. İddiaçının xalası oğlu olaraq əgər onun toyu və ya nişanı olsayda bundan mütləq xəbəri olardı. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 06 saylı Bakı "Asan Xidmət" X3 tərəfindən xx.xx.2024-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 615097 nömrəli nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, Cavabdeh ilə X2 arasında 01 mart 2024-cü il tarixdə bağlanmış nikah 332 nömrə ilə akt qeydləri kitabında qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Çobanov, arvada Çobanova soyadı verilmişdir; xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, X6 60 manat məbləğində mediasiya xərci ödəmişdir. Ailə Məcəlləsinin 2.3-cü maddəsinə görə nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Həmin Məcəllənin 25-ci maddəsinə görə isə, bu Məcəllənin 10-12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Ailə qanunvericiliyi nikahın etibarsız sayılmasını tələb etmək hüququ olan şəxslərin dairəsini də dəqiq müəyyən etmişdir. Belə ki, Ailə Məcəlləsinin 26-cı maddəsinə əsasən aşağıdakı şəxslər nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər: - nikahın bağlanmasına mane olan hallar barədə məlumatı olmayan ər (arvad), məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) isə qəyyumu; pozulmamış əvvəlki nikah üzrə ər (arvad); - saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad). Qnunvericinin mövqeyindən göründüyü kimi, nikah, digər hallarla yanaşı, həm də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadığı halda (saxta nikah) bağlandıqda etibarsız sayıla bilər. Çünkü saxta nikahın bağlanmasındakı məqsəd ailə hüququ münasibətləri üzrə hüquq və vəzifələr əldə etmək deyil, əmlak və şəxsi qeyri-əmlak xarakterli hüquq və güzəştlərin əldə edilməsi olur ki, belə nikahın etibarlı sayılması mümkün deyildir. Bununla belə, nikahın etibarsızlığının əsasları qanunvericilikdə dəqiq şəkildə müəyyən olunduğu üçün, bu tip mübahisələrdə əsaslı, mötəbər sübut olmadan yalnız formal mülahizələrə əsaslanmaqla iddiaların təmin olunması bu institutun mahiyyətinə zidd olmaqla bərabər, ailənin dövlətin himayəsində olması ilə bağlı konstitusion müddəanın pozulmasına səbəb ola bilər. İşin hallarından aydın olur ki, tərəflər “xarici dövlətə getmək üçün” rəsmi nikah bağlayaraq qeydə aldırmış, tərəflərin «evli» statusunda görünməsi onlara bir sıra güzəştlər əldə edilmələri üçün lazım olmuşdur. Göründüyü kimi, tərəflər arasında nikah bağlanarkən nikahın etibarlılığını şübhə altına alan hallar şahid ifadələri, işin digər halları ilə sübut olunmuş, tərəflərin xarici getmək planlar baş tutmadıqdan sonra nikahın etibarsızlığı barədə iddia irəli sürülmüşdür. Göstərilən hallar isə nikahın etibarsızlığının əsaslarını təşkil edir. Çünkü qanunverici, nikahın etibarsızlığını məhz ilk andan tərəflərin ailə qurmaq niyyətinin olmaması ilə əlaqələndirmişdir, hazırkı işin hallarından isə nikaha daxil olarkən hər iki tərəfin ailə qurmaq niyyətinin olmadığı aydın olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf mahiyyətindəki mövqeyinə münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 52-ci maddəsinə əsasən iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanunvericiliyə zidd deyil, başqa şəxslərin hüquqlarını pozmur. Beləlik, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X4 ilə Cavabdeh arasında 01 mart 2024-cü il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Çobanov, arvada Çobanova soyadı verilmişdir. Hazırda iddiaçı ailə qurmaq niyyətində olmadığını, cavabdehlə aralarında bağlanmış nikahın formal xarakter daşıdığını iddia edir və bu səbəbdən nikahın etibarsız hesab edilməsini tələb edir. Göründüyü kimi, nikahın etibarsız sayılması üçün əsas olan hallar (şərtlər) Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 25-ci maddəsində təsbit edilmiş və tərəflərdən, yəni ər və arvaddan birinin və ya hər ikisinin ailə qurmaq niyyətinin olmaması da onlar arasında bağlanmış nikahın etibarsız sayılması üçün əsaslardan biri kimi müəyyən edilmişdir. İddiaçı ilə Cavabdeh arasında nikah bağlanarkən tərəflərin ailə qurmaq niyyətində olmamış və iddiaçı nikahın bağlanmasının səbəbi kimi onun “xarici dövlətə getmək üçün” evlənmək istədiyini göstərir. Bununla belə, məhkəmə belə qənaətə gəlir ki, hər iki tərəfin, yəni həm iddiaçının, həm də cavabdehin ailə qurmaq niyyəti olmadığından və tərəflər arasında nikah görünüş üçün bağlandığından, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında 01 mart 2024-cü il tarixdə bağlanmış və 332 nömrə ilə 06 saylı Bakı "Asan Xidmət" X3 tərəfindən qeydə alınmış nikah etibarsız hesab edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 01 mart 2024-cü il tarixdə bağlanmış və 332 nömrə ilə 06 saylı Bakı "Asan Xidmət" X3 tərəfindən qeydə alınmış nikah etibarsız hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-2537/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2537/2024
11.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver