Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2561/2023 25.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X16 Mehdi qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin nümayəndələri X2 və X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin xx.xx.2022-ci il tarixli HİHd1.2.1.3-31 saylı əmrinin ləğv edilməsini, işə bərpa olunmağına dair və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və X1 X5 Dövlət Sort-Sınaq Məntəqəsinə böyük aqrotexnik vəzifəsinə işə qəbul olunmuşdur. Onunla bağlanmış 125 saylı əmək müqaviləsi olmaqla müddətsiz bağlanmışdır. İşlədiyi dövrdə heç bir inzibati tənbehi olmamışdır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən direktor müavini X11 xx.xx.2022-ci il tarixdə iddiaçının əmək müqaviləsinə xitam verilməsi haqqında HİHd1.2.1.3-31 saylı Əmr imzalamışdır. İşdən çıxarılma səbəbi bir neçə gün işə getməməyi olmuşdur. İddiaçı şəkər xəstəsidir və Zaqatala RMX-sı PHŞ-in Poliklinika Şöbəsinin endokrinoloji kabinetində xx.xx.2012-ci il tarixdən dispanser qeydiyyatındadır. Diaqnozu “Şəkərli diabet orta ağır forma tip İİ Diabetik polineyropatiya”dır. Həmin günlərdə havaların kəskin isti və quraq keçməsi ilə əlaqədar qanda şəkəri yüksəlmiş və özünü çox pis hiss etdiyi üçün, xəstə olduğundan işə getməmişdir. İşdən çıxma barədə əmrin surətini və əmək kitabçasını rəsmi olaraq almamışdır. Ona göə də iddia müddətini ötürmüşdür. İddiaçı həmin əmri qanuni hesab etmir. Əmək Məcəlləsinin tələblərinə əməl olunmadan iddiaçı işdən çıxarılmışdır. Əmrdən açıq-aydın görünür ki, onun Konstitusiya ilə müəyyən olunmuş əmək hüququ pozulmuşdur. Buna görə də həmin əmr ləğv edilməli və o, işə bərpa olunmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-cı maddəsində qeyd olunur ki, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Lakin həmkarların onun işdən çıxarılmağına dair razılığı alınmamışdır. Ümumiyyətlə həmkarların iclası keçirilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən məhkəməyə iddia ərizəsinə yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsində onunla bağlanmış 2021-ci il 01 sentyabr tarixli 125 nömrəli əmək müqaviləsinin müddətsiz bağlandığını və əmək müqaviləsinə xitam verilməsinin əsası kimi bir neçə gün işə gəlməməsini göstərmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.2-ci maddəsinə əsasən əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Sözügedən əmək müqaviləsi müqavilənin 2.3-cü bəndindən göründüyü kimi tərəflərin qarşılıqlı razılığı ilə 1 (bir) ay müddətinə, yəni müddətli bağlanmışdır. Eyni zamanda əmək müqaviləsinin 2.1-ci bəndində əmək müqaviləsinin müddətsiz bağlanmadığı açıq şəkildə qeyd edilmişdir. Bu o deməkdir ki, iddiaçı ilə müddətli əmək müqaviləsi bağlanmışdır və mübahisələndirilən əmrin əsası iddiaçının işə gəlməməsi deyil, onunla bağlanmış əmək müqaviləsinin müddətinin bitməsi olmuşdur. Bundan başqa iddiaçı iddia ərizəsində əmrin surətini və əmək kitabçasını rəsmi olaraq almadığını vurğulamışdır. İddiaçı əmrin surətini almadığını iddia etməsinə baxmayaraq iddia ərizəsinə həmin əmrin surətini əlavə etmişdir. Həmçinin sonuncu iş günü iddiaçıya əmək kitabçası təhvil verilsə də İddiaçı işə bərpa olunacağını əsas gətirərək əmək kitabçasını götürməkdən imtina etmişdir. Dəfələrlə iddiaçıya əmək kitabçasının götürülməsi ilə bağlı müraciət edilsə də heç bir nəticəsi olmamışdır, iddiaçıya əmək kitabçasının poçt vasitəsilə göndərilməsi təklif edilmiş, lakin İddiaçı buna razılıq verməmişdir. İddiaçının əmək müqaviləsinə xitam verilməsi zamanı həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması fikri də əsassızdır və heç bir hüquqi əsası yoxdur. Belə ki, Əmək Məcəlləsinin 80-ci maddəsinə görə bu Məcəllənin 70ci maddəsinin “b” (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) və “ç” (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Lakin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verildiyi üçün qanunvericiliyə Əsasən həmkarlar ittifaqı təşkilatının razılığının alınması zəruri deyildir. Qeyd edilənlərdən açıq-aşkar göründüyü kimi iddiaçının iddia tələbi formal mülahizələrə əsaslanır və heç bir hüquqi əsası yoxdur. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin nümayəndələri X3 və X12 etiraz ərizəsində qeyd edilənlərlə eyni məzmunlu izahat verərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutları araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin xx.xx.2022-ci il tarixli Əmrdən görünür ki, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və X1 X5 Dövlət Sort-Sınaq Məntəqəsinin böyük aqrotexniki tutduğu vəzifədən azad edilərək, xx.xx.2023-cü il tarixindən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Zaqatala RMX-sı PHŞ-in Poliklinika Şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı endokrinoloji kabinetində xx.xx.2012-ci il tarixdən dispanser qeydiyyatındadır və diaqnozu “Şəkərli diabet orta ağır forma tip İİ Diabetik polineyropatiya”dır. İş materiallarında olan İddiaçı xx.xx.2022-ci il tarixli izahatından görünür ki, o, 22 və 23 avqust 2022-ci il tarixində səhhəti ilə bağlı, havaların isti, quraq keçməsi ilə əlaqədar qanda şəkərinin yüksək olduğu üçün həmin günlər işə gedə bilməmiş, özünü pis hiss etdiyi üçün işə gedə bilmədiyini rəhbərliyi xəbərdar etməmişdir. Həmin günlərdə xəstə olmasını nəzərə alaraq üzrlü hesab edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 125 nömrəli əmək müqaviləsindən görünür ki, tərəflər arasında əmək müqaviləsi 1 (bir) il müddətinə bağlanılmışdır. İş materiallarında olan X4 (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin nümayəndəsi X7 İMS-in keçirildiyi ünvanda iştirak etmişlər və cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin nümayəndəsi mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin İddiaçı ünvanlandığı 11 may 2023-cü il tarixli mediasiya prosesinin tətbiqi barədə təklif haqqında məktubun surətindən qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə əsasən ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyatı üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Mərkəz ünvan 1 ünvanında yerləşir. Bu səbəbdən qanunvericiliyin tələblərini nəzərə alaraq ilkin mediasiya sessiyasının Zaqatala rayonu ərazisində fəaliyyət göstərən mediator tərəfindən deyil, Bakı şəhərində yerləşən mediasiya təşkilatı tərəfindən aparılmasını məqsədəmüvafiq hesab edilir. İş materiallarında olan Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin avqust ayı üçün son haqq hesabının yığım cədvəlindən görünür ki, İddiaçı vəzifəsi aqrotexnikdir, məzuniyyət və son haqq-hesab olaraq maaş kartına ödəniş olaraq 722,21 manat ödəniş edilib. İş materiallarında olan 02 sentaybr 2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, kpçürülən məbləğ 725,10 manatdır. İş materiallarında olan əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işçi İddiaçı əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2021-ci ildir, aylıq əmək haqqının məbləği 398 manatdır. İş materiallarında olan İddiaçı ünvanladığı ərizəsindən görünür ki, o, xx.xx.2021-ci il tarixində Qax X5 Dövlət Sort-Sınaq Məntəqəsinə böyük aqrotexnik vəzifəsinə təyin olunmaq üçün müraciət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin 01 sentyabr 2021-ci il tarixli əmrindən görünür ki, İddiaçı Qax X5 Dövlət Sort- Sınaq Məntəqəsinə böyük aqrotexnik vəzifəsinə təyin olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin xx.xx.2022-ci il tarixli əmrindən görünür ki, İddiaçı tutduğu vəzifədən azad edilərək, xx.xx.2022-ci il tarixindən əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə iddia tələbi ilə gəldiyi bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 68-ci maddəsinin ikinci bəndinin “b” yarımbəndinə əsasən işçi ilə bağlanmış əmək müqaviləsinin müddətinin bitməsi, əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Beləliklə məhkəmədə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və X1 X5 Dövlət Sort-Sınaq Məntəqəsinə böyük aqrotexnik vəzifəsinə işə qəbul edilmişdir. Yekunda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən, direktor müavini X8 xx.xx.2022-ci il tarixli əmri ilə işçi İddiaçı xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləninin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin xx.xx.2022-ci il tarixdə qurtarması ilə əlaqədar işdən azad edilmişdir. İş materialları ilə də təsdiq olunmuşdur ki, işçi (iddiaçı) ilə əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə bitmiş və işə götürən onunla bağlanmış əmək müqaviləsinin müddətini uzatmayaraq işçi ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmr vermişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, əmrin etibarsız hesab edilməsi hissəsində iddia tələbi əsassız və qanunsuzdur və təmin edilməməlidir. Məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək qeyd etməyi zəruri hesab edir ki, İddiaçı ilə olan əmək müqaviləsinə xitam verilən zaman Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri nəzərə alınmış və həmin normalara tam riayət olunmuşdur. İddiaçı yuxarıda sadalanan əsaslarla işdən azad edilmiş, iddiaçının iddia tələbi ilə bağlı əsaslandığı xüsusatlar məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlar ilə tam təkzib olunmuşdur. Belə ki, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və X1 X5 Dövlət Sort-Sınaq Məntəqəsinə böyük aqrotexnik vəzifəsinə müvafiq əmrlə müddətli əmək müqaviləsi əsasında təyin edilmişdir. Həmçinin, iddiaçının müddətli əmək müqaviləsi üzrə fəaliyyət göstərdiyi vəzifəsinə müqavilə müddəti bitən tarixdə yəni xx.xx.2022-ci ildə, yəni qanunvericiliklə müəyyən edilmiş müddət ərzində (müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur) xitam verilmiş, onunla yeni əmək müqaviləsi imzalanmamışdır. Daha sonra isə müvafiq əmrlə işdən azad olunmuşdur. Bundan başqa məhkəmə, iddia tələbinin “həmkarlar ittifaqının onun işdən çıxarılmağına dair razılığının alınmaması” dəlilinə münasibətdə qeyd edir ki, əmək qanunverciliyində əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verildiyi zaman həmkarlar ittifaqının razılığının alınması nəzərdə tutulmamışdır. Ona görə də iddiaçının iddia tələbinin dəlili bu hissədə də əsassızdır, heç bir hüquqi əsası mövcud deyil. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” barədə iddia tələbi məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinin tələblərinə uyğun olaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-2561/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2561/2023
25.07.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver