Məhkəmə qərarları › İş №e-2(005)-2561/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2561/2025

18.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2561/2025 18.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızı, iddiaçı "xxxx" ASC cavabdeh X3 qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdeh X3 qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 iddiaçı “X1” ASC-nin xeyrinə 287.40 manat müqavilədən irəli gələn əsas borcun, 25.15 manat faiz borcunun, ümumilikdə (cəmi) 312,55 manat borcun, o cümlədən 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC (bundan sonra – "xxxx") ilə X6 (bundan sonra – “Cavabdeh”) arasında xx.xx.2023-cü il tarixində “Kart hesabının açılması və ödəniş kartından istifadəyə dair” müqavilə imzalanmış və bu əsasla cavabdehə müvafiq ödəniş kartı təqdim edilmişdir. İddia ərizəsinə əlavə edilmiş müqavilə üzrə kart hesabından çıxarışdan göründüyü kimi, xx.xx.2023-cü il tarixindən başlayaraq hesab üzrə qalıq balansdan artıq məbləğdə əməliyyatlar aparılmış, beləliklə texniki overdraft halı yaranmışdır. ABB-nin “Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart Şərtlər”in 1.11-ci bəndinə əsasən, texniki overdraft dedikdə müştəriyə overdraftın təqdim edilməsi barədə müştərinin müraciəti olmadığı halda ödəniş kartı/əlavə kart vasitəsilə kart hesabının qalığından artıq məbləğdə əməliyyatların, o cümlədən akseptsiz və ya təkrar silinmə, valyuta məzənnəsinin dəyişdirilməsi və ya digər texniki əməliyyatların aparılması və bunun nəticəsində hesabda yaranan mənfi qalıq həcmində pul vəsaitinin milli və xarici valyuta olmasından asılı olmayaraq illik maksimum 30% dərəcəsi ilə kreditləşdirilməsi nəzərdə tutulur. Texniki overdraft üzrə faizlərin hesablanmadığı güzəşt müddəti Texniki overdraftın yarandığı gündən 45 gün, faizlərin hesablandığı maksimum müddət çərçivəsi isə 46-120-ci günlər aralığı hesab olunur, 121-ci gündən etibarən faizlərin hesablanması dayandırılır. Standart Şərtlərin Kredit/Kredit xəttinə aid müddəaları Texniki overdraft üzrə kreditləşməyə də şamil edilir. Məsələ ilə bağlı Cavabdehin yaşayış yeri üzrə yazılı bildiriş göndərilməklə ondan müvafiq borc məbləğinin qaytarılması xahiş edilmişdir. Lakin Cavabdeh yaşayış yerində olmadığından kuryer şirkəti tərəfindən bildiriş məktubunun çatdırılmasının mümkün olmaması barədə akt tərtib edilmişdir. Nəticə etibari ilə, Cavabdeh artıq ödənilən pulun geri qaytarılmasını təmin etməmiş, özünə aid olmayan pul vəsaitindən qanunsuz istifadə etmiş və onu qaytarmaqdan boyun qaçırmışdır. Bildiririk ki, Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Nəticə etibarı ilə, hesablanmış faizlərlə birlikdə Cavabdehin ABB-yə olan cari borcu 287.40 AZN, hesablanmış faiz isə 25.15 AZN olmaqla cəmi 312.55 AZN təşkil edir (Ziddiyyət yaranmaması üçün qeyd olunur ki, təqdim etdikləri hesabdan çıxarışda xx.xx.2024-cü il tarixinə mənfi qalıq 382.97 AZN, təqdim olunan maliyyə arayışında isə 312.55 AZN olaraq qeyd edilməsinin səbəbi bankdaxili qaydalara əsasən, overdraft faizlərinin hesablanması qaydalarının xx.xx.2024cü il tarixində dəyişdirilməsi ilə bağlıdır və nəticə olaraq, yeni hesablama qaydası ilə Cavabdehə daha az əlavə faiz hesablanmışdır). Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Beləliklə, ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə cavabdeh X4 arasında xx.xx.2023-cü il tarixində “Kart hesabının açılması və ödəniş kartından istifadəyə dair” müqavilə imzalanmış və bu əsasla, cavabdehə müvafiq ödəniş kartı təqdim edilmişdir. xx.xx.2023-cü il tarixindən başlayaraq hesab üzrə qalıq balansdan artıq məbləğdə əməliyyatlar aparılmış, beləliklə texniki overdraft halı yaranmışdır. Nəticə etibari ilə cavabdeh artıq ödənilən pulun geri qaytarılmasını təmin etməmiş, özünə aid olmayan pul vəsaitindən qanunsuz istifadə etmiş və onu qaytarmaqdan boyun qaçırmışdır. İş materiallarından görünür ki, "xxxx" ASC ilə X4 arasında xx.xx.2023-cü il tarixdə BPM**********90 nömrəli kart hesabının açılması və ödəniş kartından istifadəyə dair müqavilə ilə ödəniş kartı X3 təqdim olunmuşdur. Həmin müqavilənin 1.11-ci bəndi ilə texniki overdraft zamanı yaranmış overdraft məbləğinə faiz hesablanmaqla kreditləşməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2023-xx.xx.2025-ci il tarixlərini əhatə edən hesabdan çıxarışdan görünür ki, X4 texniki overdrafta yol vermişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli əsassız varlanmanı əks etdirən arayışdan görünür ki, X4 hüquqi əsası olmadan hesabdan 287,40 manat məbləğ çıxarmış və ona hesablanmış faiz borcu 25,15 manat təşkil edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, borcun qaytarılması tələbinə dair bildirişdən görünür ki, X2 312,55 manat borcun 5 gün ərzində ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan 6-2-41/2-12296/20 nömrəli məktubun göndərilməsinin surətindən görünür ki, X3 bildiriş ünvanlanmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli AKT-a əsasən, "xxxx" MMC təsdiq edir ki, həqiqətən "xxxx" ASC-dən xx.xx.2025-ci il tarixində 263661 saylı məktub qəbul edilmişdir. Kuryer xx.xx.2025-ci il tarixində alıcının ünvanında olmuşdur. Lakin ünvançı ünvanda yaşamadığı üçün məktubun çatdırılması mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən, borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Overdraft dedikdə, kart hesabında olan pul vəsaiti kartdan istifadə etməklə aparılan əməliyyatlar üçün kifayət etmədikdə, həmin əməliyyatlar üçün tələb olunan pulun çatışmayan hissəsinin bank tərəfindən ödənilməsi, texniki (icazə verilməmiş) overdraft dedikdə isə, tərəflər arasında overdraftın təqdim edilməsi barədə razılaşma olmadığı halda, kart istifadəçisi tərəfindən kart vasitəsilə kart hesabında olan vəsaitdən artıq məbləğdə əməliyyatların aparılması nəzərdə tutulur. İşin faktiki hallarından görünür ki, texniki overdraft nəticəsində xx.xx.2023-cü il tarixindən başlayaraq cavabdeh kart vasitəsilə əməliyyat həyata keçirmişdir, bu zaman ona məxsus kartda pul vəsaitinin olmamasına baxmayaraq, 287,40 manat həcmində əməliyyatı həyata keçirmişdir ki, bunun da nəticəsində kart üzrə texniki overdraft halı baş vermiş və cavabdehin kart hesabında 287,40 manat borcu yaranmışdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi üzrə texniki overdraft nəticəsində cavabdeh tərəfindən istifadə edilmiş və geri ödənilməmiş 287,40 manat əsas borc və ona hesablanmış 25,15 manat faiz borcu cavabdeh X2 tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X2 287,40 manat müqavilədən irəli gələn əsas borc, 25,15 manat faiz borcu, ümumilikdə 312,55 manat borc və 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar