Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2569/2024 25.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı (açar sözlər: artıq iş saatlarına və gecə növbəsinə görə pul tələbi; iddia müddəti) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhmədbəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh GESCO" Açıq Səhmdar Cəmiyyətində işlədiyi müddətdə hər növbədə artıq işlədiyi iş saatına görə 1800 manat, gecə növbəsinə görə 480 manat, 12 ay müddətində əmək kitabçasını vermədiyi üçün 4560 manat xx.xx.2023-cü il tarixdə mediasiya ödədiyi 51 manat bir dəfə ikinci dəfə mediasiya ödədiyi 55 manat və yol xərci Bakı şəhərinə məhkəməyə getməyinin yol xərcləri 90 manat olmaqla cəmi 7036 manat, qeyd olunan məbləğin gecikdirilməsinə görə hər gün üçün 1 faiz pulun hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılması və Əmək müqaviləsindən kənar işə cəlb etdiyi üçün Cavabdeh ASC mühafizə şirkətinin iyirmi beş min manat məbləğdə cərimə edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı oglu xx.xx.2018-ci il tarixdə Gəncə şəhər 2 saylı Peşə məktəbində gözətçi vəzifəsində işləmiş, işlədiyi dövrdə heç bir nizam intizam qaydalarını pozmamış, əksinə nümunəvi işçi olmuş, maddi məsul şəxsi olmuşdur. 2 saylı peşə məktəbinin xx.xx.2022-ci il tarixdə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ümumi respublika üzrə gözətçi vakant yerləri ixtisara düşdüyünə görə onunla bağlanmış əmək müqaviləsinə xitam vermiş və xx.xx.2022-cu il tarixdə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən sifariş verdiyi “GESCO" ASC ilə əmək müqaviləsi bağlayaraq mühafizəçi vəzifəsinə qəbul olunmuşdur. Xidmət etdiyi post Gəncə şəhəri 2 saylı peşə məktəbi olub və aylıq əmək haqqı da 300 manat miqdarında müəyyən edilib. Lakin Gəncə şəhərində yerləşən 6 dənə peşə məktəbin gözətçiləri – onun kimi ixtisara düşənlər onunla birlikdə 18 nəfərə xx.xx.2022-ci il tarixdə Gesco ASC-nin onlara verdiyi A4 də sənədlər siyahısında lazım olan sənədləri toplayıb Bakı Şəhər Nərimanov Nərimanov Cinar park biznes mərkəzində yerləşən Cavabdeh ASC mühafizə şirkətinə həmin sənədləri təqdim etmək göstərişini verdilər. xx.xx.2022 ci il tarixdə 6 nəfər gözətci 6 dənə peşə məktəbinin hərəsində 1 nəfər qalmaqla yerdə qalan onunla birlikdə 12 nəfər gözətçi Gəncə şəhərində gecə saat 12:00-da avtobusa minərək yola düşmüşlər. Bakı şəhərinə xx.xx.2022-ci il tarixdə Bakı Şəhər Nərimanov Nərimanov Cinar park biznes mərkəzində yerləşən Cavabdeh ASC mühafizə şirkətinə 12 nəfər daxil olaraq Gəncədən topladıqları sənədləri təqdim etmişlər. Cavabdeh ASC mühafizə şirkətinin Baş mühasibinə Şamil məllimə və sənədlər imza etdirdi lakin işin mahiyyətini iş saatlarını onlara izah eləməmişdir. Gəncə Şəhərində cavabdeh şəxs var xx.xx.2022-ci il tarixdə gəlin iş saatını və iş qrafikin başa salacaq, “artıq siz bizim əməkdaşsız”, onlara uniforma, geyim, şalvar köynək, iş vəsiqəsi vermişdirlər. Həmin gündə - xx.xx.2022-ci il tarixdə Gəncəyə qayıtmışdırlar. xx.xx.2022-ci il tarixdə saat 09:00-da Gəncə şəhəri 2 saylı peşə məktəbində onunla birlikdə 3 nəfər Gesco ASC nin onlara təqdim etdiyi uniforma paltarı geynib tam xidmətə hazır vəziyyətdə Cavabdeh ASC-nin Gəncə şəhər üzrə cavabdeh şəxsini gözləmişlər ki, onlarla tanışlıq edib iş saatları və iş qrafikini onlarla tanış etsin. 10-15 dəqiqə sonra Cavabdeh ASC-nin mülki geyimdə nümayəndəsi gəlmiş, Gesco İMS-F 047 Layihənin ərazidə yerləşən obyektə nəzarət jurnalını, Gesco İMS-F 049 Təhvil Təslim jurnalını, Gesco Muhafizə işcilərinin iş cədvəlini, X3 formasını təqdim etmiş və iş saatının 12 saat həftədə 5 gün, bir ayın 20 gününü işə gəlməli olduğunu, hər gün 12 saatdan 1 nəfər təkcə posta durmalıdır hətta naharı da əlində qapnın girişində yeməlidirlər, 10 gün gündüz 12 saat 10 gün axşam 12 saat, əmək haqqı 294 azn, lakin ay 31 dən olarsa 21 smen işləyəcəklər. 12 saatdan əmək haqqı 308 azn. Onları işlə tanış edib getmişdir. Həmin tarixdən-xx.xx.2022-ci il tarixdən xidmətə başlamışlar. xx.xx.2023-cü il tarixdə Gesco ASC-nin Gəncə Şəhəri üzrə lahiyə rəhbəri İsgəndərov Elşən qərəzli şəkildə əmək müqaviləsinin müddəti bitməsi ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verdirib. Lakin xx.xx.2023-cü il tarixdə Cavabdeh ASC verdiyi uniforma paltarı əynində Gəncə 2 saylı peşə məktəbində posta xidmət apararkən ona telefonla növbə reysi zəng edib demişdir ki, “sən işdən azadsan.” Cavabdeh ASC mühafizə şirkəti onunla xx.xx.2022-ci ildə əmək müqaviləsini bagladığına baxmayaraq, onu işə cəlb edib xx.xx.2022-ci il tarixdən və əmək müqaviləsinə xx.xx.2023-cü ildə xitam verməsinə baxmayaraq xx.xx.2023-cü il tarixə kimi işə cəlb edib. Qeyd olunan müqaviləyə xitam verilməsindən 12 aya yaxın vaxt keçməsinə baxmayaraq, cavabdeh orqan onun əmək kitabçasını qaytarmayıb. Bundan ələvə bağlanmış əmək müqaviləsinin şərtlərinə, eyni zamanda da qanunvericiliyin tələbinə görə iş saatı 8 saatdan artıq olmamalı, eyni zamanda da gecə növbəsində olan işçilərə qısaldılmış iş rejimi tətbiq edilməli idi, lakin bunun əksinə olaraq cavabdeh orqan onu işlədiyi müddətdə hər növbədə 4 saat artıq işlədib. Belə ki, bir ayda 20 dəfə növbədə olmuş, bağlanmış müqavilə üzrə 6 ay işləmişdir. Cavabdeh onu hər ay 80 saat artıq işlədib və həmin artıq iş saatına görə də 1800 manat pul ödənilməlidir. Eyni zamanda da gecə növbəsinə görə ona əlavə 480 manat, 12 aydır əmək kitabçasını vermədiyi üçün 4560 manat, xx.xx.2023-cü il tarixdə Mediasiya ödədiyi 51 manat bir dəfə ikinci dəfə mediasiya ödədiyi 55 manat və yol xərci Bakı şəhərinə məhkəmiyə getməyinin yol xercləri 90 manat olmaqla cavabdeh orqan hazırda ona 7036 manat pul ödəməlidir. İddiaçı xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə ərizə təqdim edərək, Cavabdeh ASC-nin xx.xx.2022-ci il tarixdən bugünə qədər ona ödəmədikləri gecə növbəsinin və artıq iş saatlarının pulunu, cəmi 7036 AZN məbləğ və Əmək məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən ümumilikdə 32 min 717 (otuz iki min yeddi yüz on yeddi manat) AZN pulun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC məhkəmə icraatı dövründə ona xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək yığılmış borcdan heç bir ödəniş etməmişdir. ASC-nin ona 7036 manat AZN əsas borcu qalmışdır. ASC ona xx.xx.2022-cu ildən bu günə qədər ödənilməli olan artıq iş saatlarının pulunu və gecə növbəsinin ödənişlərini bu günə qədər gecikdirdikləri üçün ƏM-nin 172-ci maddəsinin 5-ci bəndinə əsasən hər gecikdirilmiş gün üçün azı 1 faiz olmaqla 7036 manat edir. Yəni ki, 7036 AZN (gecikdirilmiş günlərin sayı bu günə qədər xx.xx.2022-ci ildən bəri 24 ay təşkil edir. (730 gün gecikmə günlərin sayı). Gecikmə günlərin sayı xx.xx.2022-cu ildən bəri bu günə qədər azalan rəqəmlər olduğu üçün (24:2=12) 12 ay nəzərdə tutulmalıdır. (365 gün). Ödənilməli olan gecə növbəsinin ödənişi və artıq iş saatlarının ödənişləri ortaq hesabları bu günə qədər 365 gün gecikdiyi üçün (7036 AZN əsas məbləğ) + hər gün 1 faizdən 70.36 AZN təşkil etdiyi üçün 25 min 681 AZN + əsas məbləğ=32 min 717 AZN təşkil edir. ASC-nin ona ümumi 32 min 717 AZN qalmışdır. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsi 11 aprel 2023-cü il tarixli qərar ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun – 11 aprel 2023-cü il qərarı ilə təsdiq edilmişdir ki, Əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq Azərbaycan Respublikası Əmək məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı 1 faiz məbləğində ödənc verilməlidir. Müddəası əmək mübahisəsinin yarandığı halda da şamil edilir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq işçi hüququnun pozulduğunun aşkar edildiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər. Cavabdeh ASC ona ödənilməli olan gecə növbəsinin pulunu və ay ərzində 80 saat artıq iş saatlarının pullarını xx.xx.2022-ci ildən bu günə qədər ödəməyiblər. Əmək məcəlləsinin 165-ci maddəsinə əsasən iş vaxtından artıq görülən iş saatı vəzifə maaşından iki qat məbləğindən aşağı olmaqla hesablanmalıdır. İddiaçı xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə ərizə təqdim edərək, Cavabdeh ASC-nin yalan məlumat verdiklərinin aşkar olunmasını, yalan məlumat verdikləri üçün məsuliyyətə cəlb olunmasını, əmək müqaviləsindən kənar işə cəlb etdiklərinə və həmin müqavilədən kənar xx.xx.2023-cü il tarixdə 48,51 azn əmək haqqı son haqq-hesab vəsait iddiaçının bank hesabına köçürülməsinə dair xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. II. Tərəflərin mövqeləri: Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının işdən azad edilməsindən 1 ildən çox müddət keçmişdir. İddiaçı iddia müddətini ötürmüşdür. Bu müddət ərzində iddiaçı 3 dəfə məhkəməyə müraciət etmiş, onun iddiası rədd olunmuşdur. Cavabdehin nümayəndəsi xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, əmək münasibətləri üzrə mübahisələr tələbi (pul tələbi) üzrə iddiadan imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İddiaçı hüququnun pozulduğunu aşkar etmiş və xx.xx.2024-cü il tarixdə mediasiyaya müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişdirlər. İddiaçı xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iclasın onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən məlum olur ki, İddiaçı xx.xx.2022-ci il tarixdən Cavabdeh ASC-də mühafizə departamentində müddətli əmək müqaviləsi əsasında, 300 AZN əmək haqqı almaqla “mühafizəçi” vəzifəsində çalışmışdır. - Baki Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(005)- 1780/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh ASC-yə qarşı işə bərpa tələbinə dair iddiası təmin edilməmişdir. - Baki Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(005)- 4256/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “ödənilməmiş son haqq-hesab” tələbinə dair iddiası təmin edilməmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, məhkəmə iclasında tərəflərin təqdim etdikləri sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ASC-də mühafizəçi vəzifəsində işə qəbul edilmiş, bu barədə tərəflər arasında xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Bundan sonra Cavabdeh ASC-nin xx.xx.2023-cü il tarixli, 17/K №-li əmrilə qeyd edilən əmək müqaviləsinə, AR ƏMnin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən işəgötürən tərəfindən xitam verilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə hazırki tələblə məhkəməyə müraciət edərək, gecə növbəsi və artıq iş saatlarına görə ödənilməmiş məbləğ və Əmək məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən ödənc verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 89-cu maddəsinə əsasən, tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. - 95-ci maddəsinə əsasən iş vaxtının rejimi qaydaları — gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir. İş vaxtının rejimi və onu müəyyən edən qaydalar bu Məcəllə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş iş vaxtı müddətinə əməl olunmaqla işəgötürənin əmri (sərəncamı, qərarı) ilə təsdiq edilir. Bu qaydalarla işçilər hökmən tanış edilməlidirlər. Həmin qaydaların iş rejimini tənzimləyən əsas bölmələri böyüdülmüş şəkildə bütün işçilərin hər gün görə biləcəyi yerdən asılmalıdır. - 97-ci maddəsinin 1-ci bəndinə əsasən, saat 22-dən səhər saat 6-dək olan müddət gecə vaxtı sayılır. - 99-cu maddəsinin 1-ci bəndinə əsasən, iş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. - 102-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. - 154-cü maddəsinin 1-ci bəndinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. - 165-ci maddəsinin 1-ci bəndinə əsasən, işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində. - 166-cı maddəsinin 1-ci bəndinə əsasən, gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş həddən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir. - 172-ci maddəsinin 1-ci hissəsinə əsasən, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. - 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. - 178-ci maddəsinin 1-ci hissəsində işəgötürənin maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqının bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. - 296-cı maddəsinin 3-cü hissəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. - 296-cı maddəsinin 4-cü hissəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. -296-cı maddəsinin 7-ci hissəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli Qərarında qeyd olunur ki, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub- olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında qeyd olunur ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Bu mənada Mülki Məcəllənin 560.3.4-cü maddəsi xüsusi önəm kəsb edir. Bu normaya əsasən hüquqdan sui-istifadə, o cümlədən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, işçinin əmək haqqının gecikdirilməsinə görə ödənc barədə işəgötürənə qarşı tələbinə pul xarakterli tələb olaraq Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində göstərilən bir illik müddət tətbiq olunmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Tərəflər arasında əvvəllər əmək münasibətlərinin olması, əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilməsi işin mübahisəsiz halıdır, tərəflərin heç biri bu faktı mübahisələndirmir. Onlar arasında 2023-cü ilin əvvəllərindən başlayaraq məhkəmə mübahisələri olmuşdur. Belə ki, İddiaçı xx.xx.2023-cü il tarixdə işə bərpa, xx.xx.2023-cü il tarixdə isə ödənilməmiş son haqq-hesab tələbi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Baki Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(005)-1780/2023 saylı və xx.xx.2023-cü il tarixli e-2(005)- 4256/2023 saylı qətnamələri ilə iddiaçının iddia tələbləri təmin edilməmişdir. Hazırda mübahisələndirilən hal iddiaçının iş vaxtından əlavə işlədiyi əvəzi ödənilməmiş artıq iş saatları, gecə növbəsi üzrə ödənilməli olan əmək haqqına əlavələrin ödənilməməsi, habelə həmin əmək haqqı məbləğlərinə əlavələrin vaxtında ödənilməməsi səbəbindən hesablanmış məbləğin 1 faizi həcmində ödəncin ödənilməsi ilə bağlıdır. Məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, əmək münasibətləri üzrə mübahisələr tələbi (pul tələbi) üzrə iddiadan imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İddiaçı hüququnun pozulduğunu aşkar etmiş və xx.xx.2024-cü il tarixdə mediasiyaya müraciət etmişdir. İddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Əmək qanunvericiliyinə əsasən, iddia müddətinin əvvəli işçinin öz hüququnun pozulduğunu aşkar etdiyi gündən hesablanır və bu müddət bir il nəzərdə tutulub. İddiaçı işlədiyi xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək ödənilməli olan artıq iş saatları və gecə növbəsi üzrə ödənilməli olan əmək haqqına əlavələrin hesablanaraq ödənilməsi, habelə həmin əmək haqqı məbləğlərinə əlavələrin vaxtında ödənilməsinin gecikdirilməsi səbəbindən hər gecikdirilmiş gün üçün hesablanmış məbləğin 1 faizi həcmində ödəncin tutulmasını tələb edir. İddiaçı ilkin olaraq əmək mübahisəsinin həll edilməsinə dair mediasiya prosesinin tətbiqi barədə xx.xx.2024-cü il tarixdə mediasiyaya müraciət etmiş, mediasiya prosesi xx.xx.2024-cü ildə bitmiş, bununla əlaqədar ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə həmin tarixdə arayış tərtib edilmişdir. Bundan sonra iddiaçı xx.xx.2024cü il tarixdə hazırki tələblə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Qanunun : -35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. - 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Əmək qanunvericiliyinin tələbinə görə, aylıq əmək haqqı (o cümlədən iş vaxtından artıq vaxtda görülən və gecə vaxtı yerinə yetirilən işə görə əmək haqqı daxil olmaqla) işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Yəni, qanunda əmək haqqının hər ay üzrə ödənilməsinə dair qayda, ay tamam olduqda iş vaxtından artıq vaxtda görülən və gecə vaxtı yerinə yetirilən işə görə əmək haqqı almayan işçinin həmin dövr üzrə almalı olduğu əmək haqqına münasibətdə hüququnun pozulduğunu bilməsinə dəlalət edir (iddiaçı avqust ayında iyul ayı üzrə maaşı aldığı zaman ona artıq vaxtda görülən və gecə vaxtı yerinə yetirilən işə görə əmək haqqı verilmədiyindən – hüququnun pozulduğundan məlumatlı olur). Başqa sözlə, işçinin əmək haqqına əlavə tələbinə iddia müddəti vəsaitin ödənilmədiyi məlum olduğu vaxtdan hər ay üzrə ayrıca hesablanır. Bu cür vəziyyətdə əgər işçinin almadığı ödənclər varsa, onları bir il keçmədən tələb edərsə iddia müddəti ötürülmüş sayılmır (məsələn: iddiaçı 2022-ci ilin avqust ayında həmin ilin iyul ayı üzrə maaşı aldığı zaman əlavələrin ödənilmədiyini bildikdən 1 il ərzində - xx.xx.2023-cü il tarixədək bu barədə tələblə məhkəməyə müraciət edə bilərdi). Digər tərəfdən iddiaçı iddia ərizəsində xx.xx.2022-ci il tarixdə ona iş cədvəlinin verildiyini, iş saatlarının izah edildiyini (iş saatının 12 saat həftədə 5 gün olduğunu, bir ayın 20 gününü işə gəlməli olduğunu, hər gün 12 saatdan 1 nəfər təkcə posta durmalı olduğu, 10 gün gündüz 12 saat 10 gün axşam 12 saat, əmək haqqı 294 manat, lakin ay 31 dən olarsa 21 smen işləyəcək olmaları, 12 saatdan əmək haqqının 308 manat olacağı) bildirmişdir. Həmçinin iddiaçı cavabdeh tərəfindən hüquqlarının pozulduğunu bildirərək ona qarşı işə bərpa, son haqq hesab tələbləri ilə məhkəməyə müraciət etmiş, qeyd olunan iddia ərizələrində də gecə vaxtlarında və iş saatlarından artıq işlədiyini bildirmişdir. Göründüyü kimi iddiaçı məhkəməyə müraciət etdiyi xx.xx.2024-cü il tarixdən əvvəlki bir ildən qabaqkı dövrün (xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək) ödənclərini tələb etdiyindən iddia müddətini ötürmüşdür. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, əmək qanunvericiliyinin normaları baxımından hazırki tələb üzrə iddia müddəti keçdiyindən, iddia müddətinin tətbiq edilməsinə dair cavabdeh tərəfindən ərizə verildiyindən və iddia müddətinin ötürülməsinin üzrlü səbəblərinə dair hallar məhkəmə tərəfindən müəyyən olunmadığından iddia müddəti tətbiq edilməklə iddiaçının hazırki iddia tələbi rədd edilməlidir. Məhkəmə iddiaçının xüsusi qərardadın çıxarılması tələbi ilə əlaqədar qeyd edir ki, məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Məhkəmə iddiaçının tələbləri üzrə məhkəmə araşdırmalarının nəticələrinə əsaslanıb belə qənaətə gəlir ki, hüquqi şəxs olan cavabdehin hərəkətlərində cinayət əlamətləri aşkara çıxarılmadığından hazırki mülki iş üzrə xüsusi qərardad qəbul edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. - 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: - 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıda qeyd edilən normalara əsasən məhkəmə hesab edir ki, iddiaçı əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı hazırki tələb üzrə dövlət rüsumu ödəməkdən azad olunduğundan, onun tələbi isə təmin edilmədiyindən tərəflərdən dövlət rüsumu alınmamalıdır. Məhkəmə, mediasiya xərcinə görə ödənilmiş pul məbləğinin, yol xərclərinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə isə hesab edir ki, iddiaçının hazırki tələbi təmin edilmədiyindən, onun tərəfindən ödənilmiş mediasiya xərclərinin və yol xərclərinin də cavabdehdən onun xeyrinə tutulması əsaslı deyildir. Beləliklə məhkəmə işin hallarını və yuxarıda qeyd olunan maddi hüquq normalarını nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “Cavabdeh ASC-nin xx.xx.2022-ci il tarixdən bugünə qədər ona ödəmədikləri gecə növbəsinin və artıq iş saatlarının pulunu, cəmi 7036 AZN məbləğ və Əmək məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən ümumilikdə 32 min 717 (otuz iki min yeddi yüz on yeddi manat) AZN pulun ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. V. Nəticə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci, 358-360-cı maddələrinin tələblərinə uyğun olaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “Cavabdeh ASC-nin xx.xx.2022-ci il tarixdən bugünə qədər ona ödəmədikləri gecə növbəsinin və artıq iş saatlarının pulunu, cəmi 7036 AZN məbləğ və Əmək məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən ümumilikdə 32 min 717 (otuz iki min yeddi yüz on yeddi manat) AZN pulun ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-2569/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2569/2024
25.09.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver