Məhkəmə qərarları › İş №e-2(005)-2576/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2576/2024

19.07.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2576/2024 19.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqı tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmovun imzaladığı 17 aprel 2024-cü il tarixli K/M-42 saylı əmrin ləğv edilməsi, onun əvvəlki iş yerinə, Goranboy Rayon Peşə Məktəbinin direktoru vəzifəsinə işə bərpa olunması və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1990-cı ildən Goranboy rayon Peşə Məktəbinin Xocalı filialının müdiri vəzifəsində işləmişdir. 2022-ci ilin dekabr ayından xx.xx.2024-cü il tarixədək Goranboy Rayon Peşə Məktəbinin direktoru vəzifəsində çalışmışdır. Direktor vəzifəsini icra etdiyi zaman məktəbdən bir neçə şəxsi qanuni əsaslarla işdən azad etmişdi. Həmin şəxslər ondan müxtəlif dövlət orqanlarına, o cümlədən prokurorluq və məhkəməyə də şikayətlər edirdilər. Məhkəmədə qaldırılan iddialar rədd edildikdən sonra həmin şəxslər barəsində daha da çox şikayət ərizələri yazmağa başladılar. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov onu qəbul edərək bildirdi ki, “Səndən yuxarı orqanlara edilən şikayətlər araşdırılması üçün bizə göndərilir. Həmin qurumların məktublarına cavab vermək üçün müvəqqəti bir ərizə yaz ki, bildirəm ki, ərizəni alıb araşdırma aparırıq”. Onu inandırmaq üçün həm də işdən azad olunması barədə ərizənin baxılmamış saxlanılması barədə də ərizə aldılar ki, 10-15 gün keçdikdən sonra işdən azad oluması barədə ərizəni ləğv edəcəklər. Beləliklə razılaşdılar ki, ondan olunan şikayətlərə cavab olaraq bildiriləcək ki, onun ərizəsi alınıb barəsində araşdırma aparılır, o da öz vəzifəsində işini davam etdirəcək, 10-15 gün keçdikdən də sonra işdən azad olunması barədə ərizəni ləğv edəcəklər. Onu da məhkəmənin nəzərinə xüsusi olaraq çatdırmaq istəyir ki, hər iki ərizədə tarix qoyulmamışdır. Lakin səhərisi gün ona məlum olmuşdur ki, onu 18 aprel 2024-cü il tarixli K/M-42 saylı əmrlə, öz xahişi əsasında əmək müqaviləsinə xitam vermişlər. Ceyhun Kərəmovun tabeliyində olan vəzifəli şəxs olduğuna görə, bundan əlavə aralarında yaxşı münasibətlər olduğundan o, onun sözlərinə güvənib etibar edərək onun dediklərinə əməl edib. Göstərilənlərə əsasən hesab edir ki, onun işdən çıxarılması qanunsuz, əsassız və ədalətsiz olduğuna görə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmovun imzaladığı xx.xx.2024-ci il tarixli, K/M-42 nömrəli əmr məhkəmə qaydasında ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, iddiaçı 30 ildən çoxdur ki təhsil müəssisələrində rəhbər vəzifələrdə çalışmışdır. Əvvəl Goranboy rayon Peşə Məktəbinin Xocalı filialının müdiri vəzifəsində işləmişdir. Daha sonra Xocalı filialı Goranboy Rayon Peşə Məktəbinə birləşdirilmiş və 2022-ci ildən həmin məktəbin direktoru olmuşdur. Ərizəni Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktorunun xahişi ilə görüntü üçün yazıb vermişdir. Belə ki, ona söz vermişdilər ki, bir neçə gün sonra ərizəni baxılmamış saxlayacaqlar. İddiaçı da ona inanmışdır. Qarşı tərəfin məqsədi onu bu yolla işdən kənarlaşdırmaq olmuşdur. Ən böyük pozuntu isə ərizədə əmək müqaviləsinə xitam veriləcəyi günün göstərilməməsinə baxmayaraq, əmək müqaviləsini 1 ay müddət vermədən həmin gün ləğv etmişlər. Bu isə birbaşa işçinin hüquqlarının, əmək qanunvericiliyinin tələblərinin pozulmasıdır. Bu səbəbdən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsinin surətindən görünür ki, o, Goranboy Peşə Məktəbinin direktoru vəzifəsindən azad edilməsini xahiş etmişdir; - İddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə işdən çıxma ərizəsinin Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən etibarsız hesab edilməsini xahiş etmişdir; - Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin K/M-42 saylı, xx.xx.2024-cü il tarixli əmri ilə Goranboy Peşə Məktəbinin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən öz xahişi ilə xitam verilmişdir; - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışın surətindən görünür ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi keçirilən mediasiya sessiyasında iştirak etməmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı, 1990-cı ildən Goranboy rayon Peşə Məktəbinin Xocalı filialının müdiri vəzifəsində işləmişdir. 2022ci ilin dekabr ayından xx.xx.2024-cü il tarixədək Goranboy Rayon Peşə Məktəbinin direktoru vəzifəsində çalışmışdır. xx.xx.2024-cü il tarixdə o, öz xahişi ilə vəzifədən azad edilmişdir. Hazırda iddiaçı həmin ərizənin onun aldadılaraq yazdırıldığına, ərizədə işdən çıxma ilə bağlı konkret gün göstərilmədiyinə baxmayaraq səhərisi gün işdən çıxarıldığına, Əmək Məcəlləsinin 69-cu maddəsinin tələblərinin pozulduğuna istinad edərək işdən çıxarılma barədə əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsini məhkəmədən xahiş edir. İlk növbədə qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 1 və 8-ci bəndlərinə görə, əmək fərdi və ictimai rifahın əsasıdır. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçi ilə əmək müqaviləsinin xitam verilməsi əsaslarını dəqiq tənzim etməklə, əmək qanunvericiliyinin tələblərinə zidd əmək müqaviləsinin xitam verilməsinin yolverilməz olduğunu əks etdirir. Əmək Məcəlləsinin 76-cı maddəsinin 2-ci hissəsinə uyğun olaraq bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Hazırkı işdə əmək müqaviləsinin xitamına dair əmrin verilməsinə əsas kimi Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə, yəni işçinin öz təşəbbüsü ilə işdən azad olunduğuna istinad edilmişdir. İş materiallarından görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə işdən çıxarılmasını xahiş etsə də, xx.xx.2024-cü il tarixdə həmin ərizəsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Bununla belə, Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin K/M- 42 saylı, xx.xx.2024-cü il tarixli əmri ilə Goranboy Rayon Peşə Məktəbinin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. Bu isə Əmək Məcəlləsinin müddəalarının birbaşa pozuntusu ilə nəticələnmişdir. Halbuki Əmək Məcəlləsinin 12-ci maddəsinə əsasən (c bəndi) əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biri əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaqdır. Həmin Məcəllənin 69-cu maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Hazırki mülki iş üzrə isə İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsində əmək münasibətlərinə xitam vermək istədiyi günü göstərməmişdir. Belə olan təqdirdə, yuxarıda qeyd edilən qanunvericilik tələblərinə əsasən xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Bununla belə işəgötürən xəbərdarlıq müddətini gözləməmiş, işçi ilə olan əmək müqaviləsini elə həmin gündən xitam edərək, qanunvericiliklə nəzərdə tutulmuş qaydaları pozmuşdur. Qeyd edilməlidir ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçi götürdükdə və bu barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etdikdə, işçinin ərizəsini geri götürməsi və ya onu etibarsız hesab etməsi barədə işəgötürənə yeni ərizəsi hər hansı hüquqi nəticəyə səbəb olmur. Hazırki halda məhkəmə tərəfindən belə bir hal müəyyən edilməmişdir. Göründüyü kimi, hazırki iş üzrə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 69-cu maddəsinin tələbləri, bunun nəticəsində işçinin Konstitusiya ilə təsbit edilmiş əmək hüquqları pozulmuşdur. Bu hal isə əmrin ləğv edilməsi və Əmək Məcəlləsinin 300-cü maddəsinə görə iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi üçün hüquqi əsasdır. Belə ki, Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. İddiaçı işdən çıxma barədə ərizəsinin aldatma və məcburetmə təsirləri nəticəsində yazılması iddiası ilə bağlı məhkəmə qeyd edir ki, bu halı təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə vurğulayır ki, iddiaçının qeyd edilən iddiası bilavasitə sübutetmə yükü ilə bağlıdır və məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Sübut edilməyən halı isə məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Həmçinin o da qeyd edilməlidir ki, əmrin qanunvericilik tələblərinin pozulması ilə verildiyi müəyyən edildiyindən iddiaçının digər dəlillərinin araşdırılmasına zərurət qalmamışdır. Göstərilənlərə əsasən hazırki iş üzrə əmək müqaviləsinə xitam verilməsi zamanı əmək qanunvericiliyinin tələbləri pozulduğundan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləlikə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin 17 aprel 2024-cü il tarixli, K/M-42 saylı əmri ləğv edilməli, iddiaçı Abışov X1 Rayon Peşə Məktəbinin direktoru vəzifəsinə işə bərpa olunmalı və ona məcburi buraxılmış iş günlərinə görə əmək haqqı hesablanaraq ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin 17 aprel 2024-cü il tarixli, K/M-42 saylı əmri ləğv edilsin. İddiaçı Abışov X1 Rayon Peşə Məktəbinin direktoru vəzifəsinə işə bərpa olunsun. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyindən xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa edildiyi günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqı tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar