Məhkəmə qərarları › İş №e-2(005)-2598/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2598/2023

14.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2598/2023 14.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əzizova (indiki soyadı Zərbaliyeva) Püstə Məhərrəm qızının yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X5 ilə birgə ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi, 75, M2-də yerləşən 3 saylı mənzilə dair istifadə hüququna xitam verlməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi, 75, M2-də yerləşən 3 saylı mənzilin **********26-05301-093063-reystr nömrəli, ********* qeydiyyat nömrəli “hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən Çıxarış”ına əsasən xx.xx.2018-ci il tarixdən mülkiyyətçisidir. Qeyd edilən mənzil xx.xx.2018-ci il tarixdə anası X1 tərəfindən 9 saylı notariat kontorunda hədiyyə olaraq bağışlanma müqaviləsi əsasında ona verilmişdir. Əzizova (indiki soyadı Zərbaliyeva) Püstə Məhərrəm qızı, yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X5 qeyd edilən mənzildə qeydiyyatdadırlar. xx.xx.2023-cü il tarixdə cavabdehlə nikahları pozulmuş və başqa ünvanda uşaqları ilə birgə yaşayır, hər ay stabil aliment və digər xərclərini ödəyir. Bir ildən coxdur ki, qeyd edilən şəxslər onun mülkiyyətində faktiki yaşamasalar da, qeydiyyatda qaldıqları üçün mülkiyyəti ilə bağlı müəyyən əqdləri bağlaya və sərəncam verə bilmir. Bu hal isə Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən olunan mülkiyyətinə dair hüquqlarını ədalətsiz olmaqla yanaşı əsassız və qanunsuz olaraq pozulmaqda davam edir Qeyd edilən əmlakda Əzizova (indiki soyadı Zərbaliyeva) Püstə Məhərrəm qızı, yetkinlik yaşına çatmayan X4 və X5 ilə birgə qeydiyyatda olsalar da, faktiki olaraq yaşamırlar və əmlakdan istifadə etmirlər. Bununla əlaqədar həmin mənzildə qeydiyyatda olan cavabdehin yetkinlik yaşına çatmayan X4 və X5 ilə birgə qeydiyyatdan cıxarılması və istifadə hüququna xitam verilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nərimanov rayon Polis İdarəsinə müraciət etsə də, imtina verilmiş və bildirilmişdir ki, yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. 54 saylı MKİS-nin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli arayışında və aktında da qeyd edilmişdir ki, Əzizova (indiki soyadı Zərbaliyeva) Püstə Məhərrəm qızının yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X5 qeyd edilən mənzildə uzun müddətdir yaşamırlar. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdeh Əzizova (indiki soyadı Zərbaliyeva) Püstə Məhərrəm qızının yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X5 ilə birgə iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi, 75, M2-də yerləşən 3 saylı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, cavabdeh iddiaçının keçmiş arvadıdır, evləndikdən sonra tərəflər iddiaçının anasına məxsus mənzildə yaşamışlar, həmin mənzilin əvəzində iddiaçının anasına başqa mənzil verilmiş və yeni mənzili 2018-ci il tarixdə iddiaçının anası ona bağışlamışdır. 2021-ci il tarixdə cavabdeh azyaşlı uşaqları ilə birlikdə qeyd edilən mənzilə qeydiyyata düşmüşlər. Hazırda tərəflər arasında bağlanmış nikah pozulmuş, cavabdeh uşaqları ilə mənzilindən köçüb getmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirdi ki, iddianı qəbul etmir, qeydiyyatdan çıxarılacaqları təqdirdə qeydiyyata düşəçəyi yerləri yoxdur. Odur ki, iddianın təmin edilməməsi xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X8 prospekti, 75, M2, m3 ünvanında yerləşən mənzil xx.xx.2018-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır; Bakı şəhəri 9 saylı notariat kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakın Bağışlama müqaviləsinin surətindən görünür ki, “hədiyyə verən” X1 Bakı şəhəri, Nərimanov rayonu, X8 prospekti, 75, M2, m3 ünvanında yerləşən mənzili “hədiyyə alan” İddiaçı mülkiyyətinə vermişdir; Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı, X4, Cavabdeh və X5 Bakı şəhəri, Nərimanov rayonu, X8 prospekti, 75, M2, m3 ünvanında yerləşən mənzildə qeydiyyatdadırlar; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nərimanov rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, qanunvericiliyin tələblərinə əsasən vətəndaşların qeydiyyatdan çıxarılma məsələləri onların səlahiyyətləri daxilində olmadığından pasport qeydiyyatında olan vətəndaşların qeydiyyatdan çıxarılması tərəflərindən mümkün deyildir. Məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir; 54 saylı MKİS tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli aktların surətindən görünür ki, X4, Cavabdeh və X5 Bakı şəhəri, Nərimanov rayonu, X8 prospekti, 75, M2, m3 ünvanında yerləşən mənzildə qeydiyyatdadırlar, lakin uzun müddət həmin mənzildə yaşamadıqları qeyd edilmişdir; AZ-İİ seriyalı, 614744 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2011-ci il təvəllüdlü X5 doğulmuşdur; AZ-İİİ seriyalı, 099986 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2013-cü il təvəllüdlü X4 doğulmuşdur; Nərimanov Rayon Məhkəməsinin 2(005)-2731/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında nikahın pozulması, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X5 anası Əzizova (Zərbaliyeva) Püstə Məhərrəm qızının yanında saxlanılması qət edilmişdir; Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında nikaha xx.xx.2022-ci il tarixdə məhkəmə qətnaməsi əsasında xitam verilmişdir. Nikah pozulduqdan sonra qadına “Zərbaliyeva” soyadı verilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X8 prospekti, 75, M2, m3 ünvanında yerləşən mənzil 2018-ci il tarixdən bağışlama müqaviləsi əsasında İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. Cavabdeh iddiaçının arvadı olmuş, tərəflər arasında nikah məhkəmənin qətnaməsi ilə 2022-ci il tarixdə pozulmuşdur. Hazırda iddiaçı cavabdehin və azyaşlı uşaqlarının ona məxsus məzildə yaşamamalarını və qeydiyyatlarının formal xarakter daşımasını, bunun isə onun mülkiyyət hüquqlarını məhdudlaşdırmasını əsas gətirərək, Bakı şəhəri, Nərimanov rayonu, X8 prospekti, 75, M2, m3 ünvanında yerləşən mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra, onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Cavabdeh xx.xx.2010-cu il tarixdə nikaha daxil olduğundan və yeni mənzilin verilməsi üçün əsas olmuş iddiaçının anasına məxsus köhnə mənzilə həmin ildə köçdüyündən bu münasibətlərdən yaranan mübahisəyə hal-hazırda qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Qeyd edilməlidir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüququ verən müvafiq müqavilənin bağlanması və digər qanuni halları aid etmək olar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Hazırki iş üzrə cavabdeh Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin dispozitiv şərtləri çərçivəsində iddiaçının ailə üzvü və digər qohumları hesab edilmir. Qeyd edilən normaya əsasən, digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Digər qohumlar anlayışına və onların əhatə dairəsinə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında aydınlıq gətirilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun göstərilən Qərarındakı hüquqi mövqeyinə görə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göründüyü kimi, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Qeyd olunduğu kimi, hazırkı iş üzrə cavabdeh qeydiyyatda olduğu evin mülkiyyətçisinin ailə üzvü və digər qohumları kateqoriyasına aid deyildir. Həmçinin Bakı şəhəri, Nərimanov rayonu, X8 prospekti, 75, M2, m3 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətinə anası tərəfindən bağışlama nəticəsində keçmişdir. Eyni zamanda cavabdehin mübahisələndirilən mənzildə yaşamaması Ailə Məcəlləsinin 30.4-cü maddəsinə müvafiq olaraq keşmiş ailə üzvü kimi maddi vəziyyətinin və diqqətə layiq digər halların özünü yaşayış sahəsi ilə təmin etməyə imkan verməməsini istisna edir. Cavabdeh göstərilən halları təkzib edən hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində də təsbit olunmuşdur. Beləliklə, istər mülki, istərsə də mənzil qanunvericiliyi baxımından iddiaçının cavabdehin mülkiyyətində olan mənzildən istifadə hüququnun mövcud olması müəyyən edilmir. İddiaçının mübahisəli mənzildə qeydiyyatda olması faktı isə onun daşınmaz əmlakdan istifadə hüququnun mövcudluğunu ehtiva etmir Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 1-ci maddəsinin 2-ci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Məhkəmə yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X2 iddiaçıya məxsus mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi hissəsində qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən yetkinlik yaşına çatmayanların yaşayış yeri onların qanuni nümayəndələrin yaşayış yeri sayılır və ya sonuncuların razılığı ilə digər yaşayış yeri müəyyən edilir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2731/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X2 anası Cavabdeh yanında qalmasının (saxlanılması) müəyyən olunması qət edilmişdir. Məhkəmə uşaqların anası Cavabdeh həmin mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi qənaətinə gəldiyindən, hesab edir ki, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2011ci il təvəllüdlü X2 yaşayış yeri anasının yanı olmalı, onların da həmin mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin azyaşlı uşaqları ilə hazırda iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalmaları sonuncunun mülkiyyət hüququnu məhdudlaşdırdığından iddia təmin edilməli, Cavabdeh azyaşlı uşaqları xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X5 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, X8 prospekti, 75, M2, m3 ünvanında yerləşən mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırda ödənilmiş dövlət rüsumuna dair tələb olmadığından, dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh azyaşlı uşaqları xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X5 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, X8 prospekti, 75, M2, m3 ünvanında yerləşən mənzildən istifadə hüququ itirilmiş hesab edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar