Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2598/2025 15.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının, Hüseynli Umuxanım Cavid qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa haqqında və əmək haqqı” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin iddiaçı ilə bağlı xx.xx.2025-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçının Gəncə şəhəri İsmət Qayıbov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsinə bərpa edilməsi və qətnamə qanuni qüvvəyə minənədək məcburi iş buraxmaya görə iddiaçıya ödənilməmiş əmək haqqının, 60 manat mediasiya haqqının, 400 manat hüquqi xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2004-cü il tarixdən Gəncə şəhər M.M.Mehdizadə adına 4 nömrəli orta məktəbinə 3 il müddətinə müsahibə əsasında müəllim təyin edilmiş və xx.xx.2007-ci il tarixdən həmin vəzifədə müddətsiz əmək müqaviləsi bağlanılmaqla saxlanılmışdır. Bu əsasla da, iddiaçı xx.xx.2024-cü il tarixdək Gəncə şəhər M.M.Mehdizadə adına 4 nömrəli orta məktəbində tam ştatla müəllim kimi işləmiş və işlədiyi müddət ərzində müqəddəs “müəllim” adını uca tutmaqla üzərinə düşən vəzifələri vaxtında və layiqincə icra edərək həm şagirdlərin elmi biliklərə yiyələnməsinə, həm də vətənini və dövlətini sevən layiqli vətəndaş, insan ruhunda böyümələrinə nail olmuşdur. Məhz bu səbəbdən də işlədiyi müddətdə pedoqoji kollektivin, regional təhsil idarəsinin işçilərinin, eləcə də şagird və valideyn qruplarının yanında yüksək hörmətə layiq görülmüşdür, işiylə əlaqədar hər hansı bir pozuntuya yol verməməklə heç bir intizam məsuliyyətinə cəlb edilməmişdir. 2024-cü ildə isə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən və dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarət direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə iştirak edib, müsabiqədən uğurla keçərək Gəncə şəhəri İsmət Qayıbov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinə direktor təyin edilmişdir. Bu zaman, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 3-29-69/3-1-132K/2024 saylı, 05 mart 2024-cü il tarixli əmrinə əsasən iddiaçı ilə agentlik arasında əmək müqaviləsi bağlanmışdır. Bundan sonra, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 3-29-69/3-1-132K/2024 saylı 05 mart 2024-cü il tarixli əmrinin icrası ilə əlaqədar Məktəbəqədər və Ümumi Təhsil üzrə X35-Daşkəsən Regional Təhsil İdarəsinin Müdirinin 3-29-31/3-1-137K/2024 saylı xx.xx.2024-cü il tarixli əmrinə əsasən müvafiq təhvil təslim işləri aparılmış və iddiaçı direktor kimi əmək fəaliyyətinə başlamışdır. Ümumtəhsil məktəbinin direktoru kimi fəaliyyət göstərdiyi müddət ərzində daim işlərinə vicdanla və intizamla yanaşmış, məktəbdə təhsil və tərbiyə işinin təşkili üçün tələb olunan bütün addımları atmışdır. Buna baxmayaraq, direktor kimi əmək fəaliyyətinə yeni başladığı zamanlarda məktəbdə iddiaçının qanuni fəaliyyətindən narahat olmaqla onun təmiz adını ləkələmək istəyən bir sıra insanların yaratdıqları süni münaqişə və mübahisə nəticəsində heç bir əsas olmadan Məktəbəqədər və Ümumi Təhsil üzrə X35- Daşkəsən Regional Təhsil İdarəsinin rəhbərliyi tərəfindən bir dəfə əsassız almışdır. Həmin töhmətin əsassızlığı ilə bağlı müraciət etdikdə isə, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəhbərliyi bu intizam təhbehinin formal olduğunu, iddiaçının əmək fəaliyyətinə təsir etmədiyini bildirməklə onu sakitləşdirdilər və direktor kimi əmək fəaliyyətini davam etməyini tövsiyə etdilər. Məhz bu səbəbdən də, iddiaçı töhmət almasıyla bağlı əmrdən aidiyyət üzrə şikayət edə və bu əmrin əsassızlığını sübuta yetirə bilməmişdir. Ancaq, sonradan məlum oldu ki, iddiaçının əsassız olaraq intizam məsuliyyətinə cəlb edilməsi və töhmət almağı ilə bağlı addımlar təsadüfü deyilmiş, onun direktor vəzifəsindən uzaqlaşdırılması üçün bir addım imiş. Belə ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi xx.xx.2025-ci il tarixli əmr qəbul edərək Gəncə şəhəri İsmət Qayıbov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Bu zaman iddiaçıya aydın olmuşdur ki, respublika səviyyəsində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən və 4 mərhələdən ibarət olan müsabiqəni ugurla keçmiş bir müəllimlə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi daimi olan ümumtəhsil məktəbinin direktoru vəzifəsinə müddətli, yəni 1 illik əmək müqaviləsi bağlamışdır. Halbuki, iddiaçı direktor vəzifəsinə layiq olduğunu məhz qüsursuz müəllim fəaliyyətiylə yanaşı, yüksək nəticə əldə etdiyi müsabiqə ilə də tam təsdiq etmişdir. Belə olan halda, iddiaçı daimi iş yeri olan ümumtəhsil məktəbinin direktoru vəzifəsinə müddətli əmək müqaviləsinin bağlanması qanunsuz olmaqla sonradan onunla istənilən zaman bu vəzifədən kənarlaşdırılmağına xidmət etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin artırılması haqqında ərizə ünvanlayaraq, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin iddiaçı ilə bağlı xx.xx.2025-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçının Gəncə şəhəri İsmət Qayıbov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsinə bərpa edilməsi və qətnamə qanuni qüvvəyə minənədək məcburi iş buraxmaya görə iddiaçıya ödənilməmiş əmək haqqının və digər ödənişlərin, hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödəncin verilməsi, 60 manat mediasiya haqqının, 400 manat hüquqi xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən iddiaya etiraz ünvanlanaraq bildirilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma müddətinə görə əmək haqqı, mediasiya və vəkil xidmətinin haqqının ödənilməsi barədə” iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi aşağıda qeyd olunanlara əsasən İddiaçı iddia ərizəsinə etiraz edir. Belə ki, iddiaçı iddia ərizəsində onunla bağlanmış əmək müqaviləsinin müddətli əsaslarla bağlanması barədə məlumatlı olmadığını, əmək müqaviləsinə xitam verilən gün (xx.xx.2025-ci il tarixdə) əmək müqaviləsinin müddətli bağlandığı barədə məlumatının olduğunu qeyd etmişdir. Lakin bildirilir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin razılığı ilə 1 il müddətinə bağlanmışdır. ƏMAS elektron informasiya sistemindəki yazışmalardan da göründüyü kimi, İddiaçı əmək müqaviləsinin müddətli olması barədə məlumatlı olmuş, “əmək müqaviləsinin müddətinin uzadılması”na yenidən baxılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində müddətli əmək müqaviləsinin müddətinin bitməsi səbəbindən xitam verilməsindən öncə əmək müqaviləsinə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar edilmədiyini bildirmişdir. Bununla bağlı bildirilir ki, elektron informasiya sistemi (ƏMAS) vasitəsilə xx.xx.2025-ci il tarixdə “İşəgötürən və işçilər arasında rəsmi yazışmalar” bölməsindən İddiaçı əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam veriləcəyi barədə xəbərdarlıq göndərilmişdir. İddiaçı iddia ərizəsində əmək müqaviləsinə xitam verilməsinin əsası kimi intizam tənbehinin və yoxlamaların olmasını qeyd etmişdir. Bununla bağlı bildirilir ki, İddiaçıın əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq - əmək müqaviləsinin müddətinin qurtarması səbəbindən xitam verilmişdir. İşçi və işəgötürən arasında bağlanmış əmək müqaviləsi tərəflərin birinin təşəbbüsü ilə Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən ləğv edilə bilər. Hüquqi məsələlər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “a”, “b” və “f” bəndlərinə əsasən, əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Həmin Məcəllənin 11-ci maddəsinin 1-ci bəndinin “b” və “d” bəndlərinə əsasən, əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək. Həmin Məcəllənin 57-ci maddəsinə əsasən, işəgötürən işçinin əmək funksiyasının — əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. Əmək funksiyasının həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Vahid X3 əsasən və ya işəgötürən tərəfindən müəyyən edilərək əmək müqavilələrində təfsilatı ilə göstərilir. Yuxarıda qeyd olunanlara əsasən, İddiaçı “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma müddətinə görə əmək haqqı, mediasiya və vəkil xidmətinin haqqının ödənilməsi barədə” iddia tələbi əsassız olduğu üçün iddianın rədd edilməsi barədə qətnamə qəbul etməyinizi xahiş edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsi ilə eyniməznmunlu izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi X17 məhkəmə iclasında iddia tələblərini qəbul etməyərək, etiraz ərizəsinə uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməməlidir. İş materiallarında olan: - Bakı 6 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasına (İMS) iştirak edilməməsi barədə MŞB/6-00539 saylı xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı İMS-də iştirak etmiş, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi isə İMS-də iştirak etməmişdir. - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin intizam tənbehi tədbirinin görülməsi barədə əmrin surətindən görünür ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən xx.xx.2024cü il tarixində Gəncə şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbdə yoxlama keçirilmişdir. Yoxlama aparılan zaman əmək intizamına, məktəb sənədlərinə, dərs bölgüsünə baxış keçirilmiş və dərs bölgüsündə, şagirdlərin dərsə davamiyyətində, texniki işçilərin işə davamiyyətində, məktəb sənədlərinin işlənilməsində, dərnək məşğələlərinin təşklində və dərslərin əvəz edilməsində nöqsanların olduğu müəyyən edilmişdir. Nəticədə “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X5” üzrə əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifələrin icrasına səhlənkar yanaşdığına və yol verilmiş nöqsanlara görə Gəncə şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətindən görünür ki, 1. Gəncə şəhəri İsmət Qayıbov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025- ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. - xx.xx.2025-ci il tarixli Xidmət üçün müraciətlə bağlı bildirişdən görünür ki, Hörmətli Gülbəniz xanım, Sizinlə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi arasında bağlanmış müddətli əmək müqaviləsinin müddəti xx.xx.2025-ci il tarixində bitəcəkdir. Bununla əlaqədar olaraq, sizinlə bağlanmış əmək müqaviləsinə xitam veriləcəkdir. - Ümumi təhsil müəssisəsində çalışan direktorlar ilə əmək münasibətlərinin tənzimlənməsi barədə əsaslandırmadan görünür ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan Gəncə şəhəri İsmət Qayıbov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin fəaliyyəti 26-29 noyabr 2024-cü il və 26-27 fevral 2025-ci il tarixlərində yoxlanılmışdır. Yoxlama nəticəsində məktəbin direktoru İddiaçı əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifələrin icrasına səhlənkar yanaşdığına və yol verilmiş nöqsanlara görə Azərbaycan Respublikasının Əmək Məcələsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq, xx.xx.2024-cü il tarixli 3-29-31/3-1-1092K/2024 nömrəli əmr ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İddiaçı əmək müqaviləsinin müddəti xx.xx.2025-ci il tarixdə sona çatacaqdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində xitam verilməsi məqsədəmüvafiq hesab edilir. - xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X27 Xidməti Bakı şəhər İdarəsinin 3-17-5/1-B-13665/2025 nömrəli, xx.xx.2025-cü il tarixli müraciətə dair ünvanlandığı məktubdan görünür ki, əmək müqavilənizə xitam verilməsi barədə əmrin ləğv edilərək törədilmiş inzibati xəta pozuntusunun aradan qaldırılmasının təmin edilməsi məqsədilə işəgötürənə tərəfimizdən göstəriş məktubu ünvanlanmışdır. Müraciətinizdə qeyd etdiyiniz məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnuz vardır. - Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri cənab X33 İnzibati təşkilat sektorunun məsləhətçisi Əli Cəfərov tərəfindən ünvanlanmış təqdimatdan görünür ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-29-31/3-1- 1039K/2024 nömrəli əmrinə əsasən idarənin İnzibati təşkilat sektorunun məsləhətçiləri X38, X12, Gəncə şəhəri üzrə Təhsil sektorunun məsləhətçisi X13 tərəfindən vətəndaş X9 müraciəti əsasında xx.xx.2024-cü il tarixində Gəncə şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbdə yoxlama aparılmışdır. Yoxlama zamanı aşağıdakı nöqsanlar aşkar edilmişdir: Məktəbdə "Nömrə 1" tədris mərkəzi tərəfindən sınaq imtahanlarının keçirilməsi ilə əlaqədar araşdırma zamanı məlum oldu ki, qeyd edilən tədris mərkəzi tərəfindən məktəbin direktoru İddiaçı 660 ədəd bilet təqdim edilmiş və həmin biletləri İddiaçı məktəbin direktor müavinlərinə satılması üçün təhvil vermişdir. Biletlər isə 2-8-ci siniflərə 7 manat, 9-11-ci siniflərə isə 10 manat olmaqla satılmışdır. Məktəb rəhbərliyi biletlərin könüllü əsaslarla satıldığını bildirdi. Qeyd edilənləri şagirdlər şifahi sorğu əsasında, məktəb rəhbərliyi isə yazılı izahatları ilə təsdiq etdilər. Direktorun verdiyi məlumata əsasən 436 ədəd bilet satılmışdır. X15 müraciətinə əsasən övladının digər VA sinif şagirdi Teymur Abbasov tərəfindən döyülməsi ilə əlaqədar məktəb psixoloqunun iştirakı ilə qeyd edilən sinifdə araşdırma aparılmışdır. Araşdırma zamanı məlum oldu ki, G.Oruczadənin övladı Ənvər Orucov ilə Teymur Abbasov arasında mübahisə yaranmışdır. Mübahisəyə səbəb isə T.Abbasovun Ə.Orucova qeyri-etik sözlər deməsi olmuşdur. Lakin T.Abbasov qeyri-etik ifadələr işlətmədiyini bildirdi. Qeyd edilən mübahisə zamanı Ə.Orucov T.Abbasovun ayağından tutmuş, T.Abbasov isə cavabında Ə. Orucovun baş nahiyəsinə kəllə ilə vurmuşdur. Zərbədən Ə.Orucov yıxılmışdır. Qeyd edilən hadisədən sonra şagirdlər valideynlərinə məlumat vermiş və valideynlər məktəbə gəlmişdir. Məktəbdə valideynlər arasında mübahisə yaranmış və mübahisə direktorun otağında davam etmişdir. Yekunda isə valideynlər narazı şəkildə məktəbdən ayrılmışdır. Texniki işçilərin tabel kitabına bir neçə gün müəyyən işçilər imza çəkməmişdilər. Lakin direktorun və təsərrüfat müdirinin bildirdiyinə əsasən qeyd edilən işçilər işdə olmuşdurlar. 09:30 radələrində şagird davamiyyətinə baxış keçirilərkən bir neçə sinifdə ümumiyyətlə şagirdlərin dərs məşğələlərində iştirak etmədikləri məlum olmuşdur. Belə ki, Azərbaycan bölməsi üzrə XİB sinfində 29 şagirddən, X a sinfində 20 şagirddən, X b sinfində 24 şagirddən, Rus bölməsi üzrə Xİ sinfində 37 şagirddən və Xİ ç sinfində 31 şagirddən heç bir şagird dərs məşğələlərində iştirak etmirdi. Əksər siniflərdə sinif jurnalları yox idi. Xİc sinfində rus dili fənni üzrə dərslər yarımqruplara bölünsə də, X10 yarımqrupunda heç bir şagird iştirak etmirdi. Məktəb üzrə dərs cədvəli tərtib edilərkən Xc sinfində həftə ərzində kimya fənni 2 saat olsa da, cədvəldə 3 saat göstərilmişdir. Biologiya fənni isə 2 saat olsa da, 1 saat göstərilmişdir. V a sinfində informatika fənni üzrə dərslər yarımqruplara bölünsə də, X18 işdə deyildi. Onu məktəbin laborantı X23 əvəz edirdi. Q.Yusifovanın icazə ərizəsi olsa da, bu barədə buraxılan və əvəz edilən dərslərin uçotu kitabında heç bir qeydiyyat aparılmamışdır. Əmr kitabında xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək əmrlər yazılmamışdır. Lakin ayrı-ayrı başlıqlı blanklarda əmrlər verilmişdir (42 ədəd əmr). Məktəbdə əvvəlki tədris illərinə aid 8 ədəd tam orta təhsil haqqında attestat saxlanılır. Azərbaycan dili və ədəbiyyat müəllimi X2 29 saat dərsi olsa da, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin məktəb inspeksiyası layihəsində iştirak edir və onun dərsləri məktəbin direktoru və digər ixtisas müəllimi tərəfindən tədris edilir. Məktəbin informatika müəllimi X14 işdə deyildi. Direktor məsələ ilə bağlı bildirdi ki, A.Qurbanova hazırda xəstəxanada reanimasiyadadır və onun dərs saatları bölünməyərək digər yarımqrup müəllimi tərəfindən tədris edilmişdir. Riyaziyyat müəllimi X4 işdə deyildi və onun dərslərini digər riyaziyyat müəllimi X24 əvəz edirdi. Lakin bu barədə buraxılan və əvəz edilən dərslərin uçotu kitabında heç bir qeydiyyat aparılmamışdır. Pedaqoji şuranın protokolu kitabında sonuncu iclas xx.xx.2024-cü il tarixi üçün qeyd edilib. Lakin növbəti iclas keçirilsə də, kitaba yazılmamışdır. Direktorun fəaliyyət planı şablondur, tədbirlərin tarixləri düzgün deyil və müəyyən tədbirlər təşkil edilməmişdir. Fakultətiv və dərnək məşğələləri cədvəlləri məktəbin dəhlizindən asılmamışdır. Həmçinin dərnək məşğələləri cədvəlində “Bacarıqlı əllər” dərnəyi üzrə Xəyalə Nuriyeva həftədə 9 saat dərnək məşğələsi tədris etməli olduğu halda, cədvəldə 3 saat göstərilmişdir. X29 tərəfindən üzərində qələm vasitəsilə düzəlişlər edilmiş cədvəl təqdim edildi. “Həyat bilgisi” dərnəyinin rəhbəri X11 məktəbdə olsa da, heç bir şagird dərnək məşğələlərində iştirak etmirdi. “Bədii qiraət” dərnəyinin rəhbəri X19 izahat verərək bildirdi ki, cədvəl üzrə məktəbdə işdə olsa da, qeyd edilən dərnək məşğələsi üzrə heç bir şagird məşğələlərdə iştirak etmir və dərnəyi tədris etmir. Məktəbin dərnək rəhbərlərinin illik iş planları müəssisə rəhbəri tərəfindən təsdiq edilməmişdir. Məktəb üzrə X sinifə qəbul ərizələri yoxdur. Evdə təhsilə ümumilikdə 11 nəfər şagird cəlb edilmişdir. Onlardan İİ sinif şagirdi X31 ibtidai sinif müəllimi X25 dərs keçməsi barəpe 27 və 28 noyabr 2024-cü il tarixləri üçün jurnalı yazmışdır. Lakin dərslər hələ tədris edilməmişdir. Evdə təhsilə cəlb edilmiş Xİ sinif şagirdi X26 riyaziyyat fənni üzrə xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək cəmi 5 mövzunun tədris edilməsi barədə jurnalda qeydiyyat aparılmışdır. Halbuki, 14 mövzu yazılmamışdır. Fərdi təhsilə cəlb edilən şagird X7 xx.xx.2024-cü il tarixi üçün ingilis dili və informatika fənni üzrə dərs saatları olsa da, jurnal yazılmamışdır. Ümumi orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi kitabında əksər illər üzrə attestatların təhvil alınması barədə imzalar yoxdur. Ümumi orta və tam orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi kitabları tam dolmadığı halda, yeni kitablar tərtib olunaraq təsdiq edilmişdir. Məktəbdə 0.5 ştat vahidi təlim-tərbiyə işləri üzrə iki nəfər direktor müavini olduğu halda, əlavə olaraq bir nəfər də, xx.xx.2023-cü il tarixində işə qəbul edilmişdir. Məktəbdə texnologiya fənni üzrə V-Vİİİ siniflər üzrə 10 saat dərs yükü və bir nəfər ixtisaslı müəllim var. Qeyd edilən dərs saatları da bölünməyərək bir sinifdə tədris edilir. Lakin sinif jurnallarında sagirdlər yarımqruplar şəklində yazılmışdır. Məktəbin dərs bölgüsündə nöqsanların olduğu və imtahan nəticələrinə uyğun bölünmədiyi müəyyən edildi. Belə ki, imtahan nəticəsi olmayan müəllimlərə qaydalara zidd olaraq əlavə dərs saatları verilmiş, eyni zamanda bir bölmə üzrə imtahandan keçən müəllimlərə imtahandan keçmədiyi bölmə üzrə də dərs saatları verilmişdir (Azərbaycan və Rus bölməsi). Pedaqoji işçilərin şəxsi heyyətinin uçotu kitabında xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək heç bir məlumat yazılmamışdır. Məktəbin texniki işçiləri arasında iş bölgüsü düzgün aparılmamışdır. Belə ki, təsərrüfat müdiri izahat verərək X20 akt zalının, X1 isə idman zalının təmizliyini tapşırdığını bildirdi. Digər işçilərə isə məktəbin bütün ərazisi bölünmüşdür. Çalışmanın yaş həddinə çatmış Rus dili və ədəbiyyatı müəllimi X8 (xx.xx.1959-cü il təvəllüdlü) ilə çalışma müddətinin uzadılması qaydalarına zidd olaraq sertifikasiyadan keçmədiyi halda tədris ilinin sonunadək müddətli müqavilə bağlanılmışdır. Əlavə olaraq RTİ-nin razılıq məktubunda qeyd edilən müəllimin müqaviləsinin 6 saat dərs yükü ilə uzadılması göstərilsə də, məktəbdə dərs bölgüsü zamanı müəllimə 19 saat dərs yükü verilmişdir. Məsələ ilə bağlı direktor İddiaçı bildirdi ki, qeyd edilən proses ondan əvvəlki dövrdə olmuşdur. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək Gəncə şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsində işləmişdir. O, xx.xx.2025-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə (əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə) işdən azad edilmişdir. Məhkəmənin mövqeyi: İlk növbədə qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Həmçinin bu Məcəllə işçilərlə işəgötürən arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim etməklə, fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ və Vİ hissələri). Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, Əmək Məcəlləsinin prinsiplərindən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Əmək Məcəlləsinin 186-cı və 187-ci maddələrinə görə isə, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbehi verə bilər. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı “direktor vəzifəsindən azad edilməsi barədə əmrin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa edilməsi və həmin vəzifə üzrə məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbini irəli sürməkdə haqlı olmamışdır. Belə ki, işin hallarından da göründüyü kimi, xx.xx.2024-cü il tarixdə müvafiq yoxlama (monitorinq) nəticəsində iddiaçının direktoru olduğu məktəbin fəaliyyətində ciddi nöqsan və çatışmazlıqlar aşkar edilmişdir və nəticədə iddiaçıya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İddiaçı bildirir ki, onunla bağlanmış əmək müqaviləsinin müddətli olmasından xəbərdar olmamışdır. Həmçinin o, daha əvvəl müddətsiz əmək müqaviləsi ilə müəllim vəzifəsində işləmiş, sonradan onunla müddətli əmək müqaviləsinin bağlanması isə qanunsuz olmuşdur. İddiaçının iddiasının əsasları ilə bağlı məhkəmə qeyd edir ki, onun müəllim kimi müddətsiz əmək müqaviləsi ilə fəaliyyət göstərməsi, sonradan müsabiqə əsasında direktor təyin edildiyi vaxt müddətli əmək müqaviləsinin bağlanmaması üçün əsas deyildir. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul və direktorların yerdəyişməsi üzrə qaydaların 1.3-cü bəndinə əsasən Müəssisələrdə direktor vəzifəsinə işə qəbul Nazirlik tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqənin keçirilmə vaxtı Nazirlik tərəfindən müəyyənləşdirilərək elan edilir. Mərkəzləşdirilmiş müsabiqədən uğurla keçən namizəd bir il müddətinə direktor vəzifəsinə təyin edilir. Həmin müddət başa çatdıqdan sonra bir illik fəaliyyət barədə hesabat Nazirliyə təqdim olunur və müvafiq müsahibə keçirildikdən sonra şəxsin daimi əsaslarla işə təyin olunması barədə qərar verilir. Göründüyü kimi, iddiaçı mərkəzləşdirilmiş müsabiqədən uğurla keçdikdən sonra bir il müddətinə Gəncə şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbin direktor vəzifəsinə təyin edilmişdir. Sonradan iddiaçı həmin 1 illik fəaliyyəti dövründə məktəbdə daxili intizam qaydalarında ciddi nöqsanlara yol verdiyi üçün barəsində intizam tənbeh tədbiri kimi şiddətli töhmət verilmişdir. İddiaçının əmək müqaviləsinin müddətli bağlanmasından xəbərdar olmaması və ümumiyyətlə əmək müqaviləsinin müddətsiz olmalı olduğu barədə bildirdiklərinə gəlincə isə məhkəmə qeyd edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin 1 il müddətinə müddətli olaraq bağlanması qanunun tələbinə zidd olmamışdır. Həmçinin onun bundan xəbərdar olmaması isə ağlabatan mülahizə deyildir. Ona görə ki, əmək müqaviləsi işçi ilə işəgötürən arasında qarşılıqlı razılıq əsasında bağlanılır. Həmçinin onunla bağlanmış əmək müqaviləsinin 1 il müddətinə bağlanması barədə müvafiq qeyd əmək kitabçasında da öz əksini tapmışdır. Bundan başqa, iddiaçı bildirir ki, barəsində verilmiş şiddətli töhmət gələcəkdə onun işdən çıxarılması üçün atılmış addım olmuşdur. Halbuki, işin məhkəmədə araşdırılan hallarından müəyyən edilmişdir ki, məktəbdə yoxlama aparılan zaman ciddi nöqsanlara yol verilmiş, bu barədə həm onun, həm də məktəbin digər əməkdaşlarının izahatları da alınmışdır. Yəni iddiaçı barəsində verilmiş töhmətin onun gələcəkdə işdən çıxarılması üçün qərəzli olaraq verilməsi müəyyən edilməmişdir. İddiaçı dəlillərindən bir digəri isə odur ki, onunla bağlanmış əmək müqaviləsi işəgötürən tərəfindən “Əmək və Məşğulluq” altsistemində gec qeydiyyata alınmış və nəticədə cavabdeh pozuntuya yol vermişdir. Məhkəmə bir daha iddiaçıya bildirir ki, həmin halla bağlı cavabdeh barəsində X27 tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək, müvafiq tədbirlər görülmüşdür. Həmin halın baş verməsi isə cavabdeh tərəfindən iddiaçı ilə müddətin bitməsi səbəbindən əmək müqaviləsinə xitam verilməsinin qanunsuz hesab edilməsi üçün əsas deyildir. Sadalanan qanunvericilik normalarına və işin araşdırılan hallarına əsasən, məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə cavabdeh tərəfindən xitam verilməsinin əsassız və qanunsuz olması müəyyən edilmədiyindən, iddiaçının iddiasının əsasları onun tələbinin dizpozsiya şərtləri ilə uzlaşmadığından məhkəmə hesab edir ki, işdən çıxarılma barədə əmrin ləğv edilməsinə dair iddia tələbi təmin edilməməlidir. Məhkəmə həmçinin iddiaçının “işə bərpa olunma və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” barədə tələblərinə hüquqi qiymət verərək, hesab edir ki, iddiaçının işdən azad edilməsi barədə əmrinin ləğvinə dair iddia tələbi təmin edilmədiyindən, göstərilən hissələrdə də iddia tələbləri təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa haqqında və əmək haqqı” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-2598/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2598/2025
15.07.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver