Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2601/2022 11.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Təhsil Nazirliyinin iddiaçı barəsində verdiyi “əmək müqaviləsinin ləğv edilməsi” barədə 18 fevral 2022-ci il tarixli K-161 nömrəli əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1990-cı ildən Samux rayon Qırmızı Samux kənd orta məktəbdən müəllim, 2010-cu ildən isə həmin məktəbin direktoru vəzifəsində işləyir. Samux rayon təhsil şöbəsinə təzə təyin olunmuş müdir Nurlana Həsənova və onun müavini Vüsal Cəfərov ilk işə başladıqları gündən ona qarşı qərəzli mövqe tutmuşlar. Belə ki, onlar ona 7-8 ştatlı işçini və 3-4 nəfər texniki işçini hər hansı bir səbəblə işdən azad etməsini tələb etmişlər. İddiaçı isə də onların ailəsinin və yeganə dolanacaq yerlərinin məktəb olduğunu bildirərək bunu edə bilməyəcəyini bildirmişdir. 15 sentyabr 2021-ci ildə onlar iddiaçını otaqlarına çağıraraq işçiləri işdən azad etməsə, onu peşman edəcəklərini və pis söyüşlərlə onu təhqir etmişlər. Münaqişədən sonra iddiaçı ürək xəstəliyi əmələ gəlmişdir. Elə bu vaxtlardan da o əmək qabiliyyətini müvəqqəti itirmiş və əmək qabiliyyətinin olmamasına görə işə çıxmamışdır. Gəncə şəhəri Kardioloji xəstəxananın ******* nömrəli “X5 Kartasından Çıxarış” dan bu öz təsdiqini tapır. Lakin 19 yanvar 2022-ci ildə Samux rayon Təhsil şöbəsinin müdiri Nurlana Həsənova teleqram göndərmişdir ki, iddiaçını işdən çıxardırlar, o isə cavab olaraq xəstə olduğunu bildirmişdir. 21 yanvar 2022-ci ildə bir də eyni məzmunlu teleqram vurulmuşdur, 23 yanvar 2022-ci ildə isə teleqram gəldi ki, artıq o, işdən çıxarılmışdır. 25 yanvar 2022-ci ildə isə iddiaçının evinə polis işçiləri ilə təhsil şöbəsinin işçiləri gəlib onu zorla məktəbə aparıb möhürü təhvil təslim etdirmişlər. İddiaçı 06 dekabr 2021-ci ildən 01 mart 2022-ci ilə qədər əmək qabiliyyətinin olmamasına görə işdən azad edilmişdir. İddiaçının işdən çıxarılması barədə əmr 18 fevral 2022-ci ildə verilmiş və 21 fevral 2022-ci ildə əmək müqaviləsinə xitam verilmişdir ki, bu da Samux rayon Təhsil şöbəsinin müdiri Nurlana Həsənovanın ona qarşı qərəzli mövqedə olması müəyyən olunur. Bununla bağlı Təhsil Nazirliyi 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə əvvəl müraciət etmiş və ona xx.xx.2021-ci il tarixli məktubla cavab verilmişdir ki, araşdırma aparılmış və müvafiq sənədlər (izahatlar və. s) təhlil edilərkən RTŞ müdiri X2 qəsəbə tam orta məktəbinə və ona qərəzli mövqe tutması, sağlam mənəvi mühitin yaradılması üzrə iş aparılmaması müəyyən edilmişdir. Bununla bağlı da Təhsil Nazirliyinə rəsmi məktub göndərilmişdir. Beləliklə də onun rəsmi qaydada işdən azad olunduğu və xəstə olduğu zaman işdən çıxarılmasının da qərəzli olması müəyyən olunur ki, bu da əmək qanunvericiliyin tələblərinə zidd olmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsində əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar sadalanmışdır. Onlardan biri də məhz əmək qabiliyyətini müvəqqəti itirən işçilərdir ki, onların bu müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. 31 yanvar 2022-ci il tarixli ******* nömrəli “Əmək qabiliyyətinin olmaması vərəqəsi”ndən göründür ki, iddiaçı sonuncu dəfə 31 yanvar 2022-ci ildən 01 mart 2022-ci ilə qədər işdən azad edilmişdir. Həmin sənəd mübahisələndirilməmiş və hal-hazırda da qüvvədədir. Göründüyü kimi, əmək qanunvericiliyi yuxarıda sadalanan normaları işçinin işdən azad edilməsinin imperativ şərtlərini müəyyən etmişdir. Ancaq eyni zamanda burada istisnalar da öz əksini tapmışdır ki, onun işdən çıxarılması da məhz bu istisnalara daxildir. Çünki, o, işə öz xəstəliyi ilə əlaqədar çıxa bilməmişdir ki, bu da rəsmi sənədlərlə müəyyən olunur. Samux rayon Təhsil şöbəsinin Həmkarlar təşkilatının onun barəsində qəbul etdiyi qərar və keçirdiyi iclas qanunsuz və əsassızdır. Çünki 21 yanvar 2022ci ildə o, xəstəliyi ilə əlaqədar işdən azad edilmiş və iclasda iştirak etməsi də mümkünsüz idi. (Samux rayon Mərkəzi Xəstəxanasının 05 yanvar 2022-ci il tarixli 634159 nömrəli Əmək Qabiliyyətinin olmaması barədə sənəd). Həmçinin həmin tarixə müvafiq həmkarlar təşkilatının sədri səlahiyyətsiz olmuş, qərəzli və onun iştirakı olmadan müvafiq razılıq verilməsi barədə qərar qəbul edilmişdir. Cavabdehlə mübahisənin mediasiya qaydasında məhkəmədən kənar qaydada həll edilməsi mümkün olmamışdır. Daha sonra İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddia tələbinin artırılmasına dair yazılı ərizə təqdim edərək, iddiaçının bülletendə olduğu dövr üzrə ödənilməli olan əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin tələblərinə uyğun uzahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə iddia tələbinin əsassız olduğunu bildirərək rədd edilməsini məhkəmədən xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, İddiaçı əmək müqaviləsinə xitam verilən zaman onun əmək qabiliyyətinin olmamasından işəgötürənin məlumatı olmamışdır, həttə İddiaçı işdə olmadığı üçün onun axtarışı ilə bağlı müvafiq tədbirlər görmüşdür. Lakin iddiaçı özünün xəstə olması ilə bağlı iş yerinə hər hansı bir məlumat verməmişdir. Məhkəmə tərəflərin izahatını, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı tərəfindən 50 manat məbləğində mediasiya xərci ödəmişdir. İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2010-cu il tarixli, 51 nömrəli əmri ilə Samux rayon Qırmızı Samux kənd orta məktəbin direktoru vəzifəsinə işə qəbul edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin K- 161 nömrəli, xx.xx.2022-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) xitam verilmişdir. Samux rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş SN00007 seriyalı ******* saylı əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək işdən azad edilmişdir, xx.xx.2021-ci il tarixdən işə başlamalıdır. Samux rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş SN00006 seriyalı 634159 saylı əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək işdən azad edilmişdir, xx.xx.2022-ci il tarixdən işə başlamalıdır. A.Səhhət adına Xəstəxana tərəfindən verilmiş SN00007 seriyalı ******* saylı əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işdən azad edilmişdir, xx.xx.2022-ci il tarixdən işə başlamalıdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin K-161 nömrəli, xx.xx.2022-ci il tarixli əmrindən görünür ki, Samux rayonu Qaraağacı qəsəbə tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən ləğv edilmişdir; Samux Rayon Təhsil X8 təşkilatının xx.xx.2022-ci il tarixində keçirilən iclasın 03 №-li Protokolundan görünür ki, Samux rayon Qaraağaclı qəsəbə tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "Ç" bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir; Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bildirişinin surətindən və məzmunundan görünür ki, İddiaçı əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli, K-161 №-li əmrlə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin nazirinə ünvanlanmış xidməti məlumatının surətinin mətnində “Samux rayonu Qaraağacı qəsəbə tam orta məktəbində qanunsuzluqların olması ilə əlaqədar Təhsil Nazirliyinə daxil olmuş müraciətlərin araşdırılması məqsədilə Samux Rayon Təhsil Şöbəsinə Gəncə Şəhər Təhsil idarəsinin və 8 saylı ƏMHM-nin əməkdaşları ilə birlikdə qeyd olunan ümumi təhsil müəssisəsində rəhbərlik və nəzarətin, təlim-tərbiyə prosesinin səmərəli təşkilinin və sənədləşmə işlərinin qanunvericiliyin tələblərinə uyğun yerinə yetirilməsi sahəsində mövcud vəziyyətin öyrənilməsi və nəticəsi barədə Nazirliyə məlumat verilməsi tapşırılmışdır. Samux Rayon Təhsil Şöbəsinin Təhsil Nazirliyinə ünvanlandığı 28 yanvar 2022-cl il tarixli, 09/TQD-99-195 nömrəli məktubda verilmiş tapşırığı icra etmək məqsədilə Samux RTŞ, Gəncə ŞTİ və 8 saylı ƏMHM əməkdaşlarından ibarət komissiya yaradıldığı, 20, 21, 27 dekabr 2021-ci il və 07 yanvar 2022-ci il tarixlərində Samux rayonu Qaraağaclı qəsəbə tam orta məktəbində yoxlamalar aparıldığı və araşdırma zamanı ziddi nöqsan və çatışmazlıqların olduğu bildirilmişdir. Məktəbin direktoru İddiaçı xx.xx.2021-ci il tarixdən işə gəlməmiş, bu barədə Samux Rayon Təhsil Şöbəsinə heç bir məlumat verməmişdir. Məktəbin möhür, ştamp və rəsmi sənədləri heç kimə təhvil-təslim edilməmişdir. Məktəbin direktoru İddiaçı Vİİİ və X siniflərində ingilis dili fənni üzrə dərs saatları olsa da, o, həmin dərs saatlarını tədris etməmişdir. Məktəbin texniki işçilərindən Türkan Məmmədovanın və Aynur Mustafayevanın mütəmadi olaraq işə gəlmədikləri halda, onlara aylıq əməkhaqqı hesablanaraq ödənildiyi məlum olmuşdur. Həmçinin katibə (direktorun qızı) X3 məktəbdə aparılan yoxlamalar zamanı işdə olmamışdır. İddiaçı uzun müddət üzrsüz səbəbdən işdə olmamasına görə bir çox rəsmi sənədlərə ("Məktəbin illik fəaliyyət planı", "Məktəb pedaqoji şurasının protokolu kitabı" "Məktəb üzrə əmr kitabı”, "Ümumi orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi kitabı", "Tam orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi kitabı", “Pedaqoji işçilərin şəxsi heyətinin uçotu kitabı”, şagirdlərin şəxsi işi, "Məktəbin texniki pasportu", əsas vəsaitlərin inventar siyahısı, "Materialların anbar uçotu kitabı', "Məktəbin kitabxana fondunun inventar kitabı” və s.) baxış keçirmək və onun fəaliyyətini tam şəkildə araşdırmaq mümkün olmamışdır. Məktəbə rəhbərlik və nəzarətin olmadığını nəzərə alaraq, Samux rayonu Qaraağacı qəsəbə tam orta məktəbinin direktoru İddiaçı ilə bağlanılmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi məqsədəmüvafiq hesab edilir” göstərilmişdir; Samux Rayon Təhsil Şöbəsinin müdiri Nurlana Həsənova tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətində “Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli, 09/TQ-09-3576 nömrəli məktubunu icra etmək məqsədilə Samux Rayon Təhsil Şöbəsinin əmri ilə Samux RTŞ, Gəncə ŞTİ və 8 saylı ƏMHM əməkdaşlarından ibarət komissiya yaradılmış 20,21,27 dekabr 2021-ci il və 07.01,2022-ci il tarixlərində Samux rayonu Qaraağaclı qəsəbə tam orta məktəbində rəhbərlik və nəzarətin, təlim-tərbiyə prosesinin səmərəli təşkilinin və sənədləşmə işlərinin qanunvericiliyin tələblərinə uyğun yerinə yetirilməsi sahəsində mövcud vəziyyətin öyrənilməsi üçün yoxlamalar aparılmışdır. Qaraağaclı qəsəbə tam orta məktəbin direktoru İddiaçı xx.xx.2021-ci il tarixdən Samux Rayon Təhsil Şöbəsinə məlumat vermədən işə gəlməmiş, öz vəzifə funksiyalarını yerinə yetirməmişdir. Həmçinin, onun işdə olmadığına görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli, 09/TQ-09-3576 nömrəli məktubu əsasında məktəbdə aparılan yoxlamalar zamanı bir çox rəsmi sənədlərə ("Məktəbin illik fəaliyyət planı”, “Məktəb pedaqoji şurasının protokolu kitabı”, “Məktəb üzrə əmr kitabı”, "Ümumi orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi kitabı”, “Tam orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi kitabı”, “Pedaqoji işçilərin şəxsi heyətinin uçotu kitabı”, şagirdlərin şəxsi işi, "Məktəbin texniki pasportu”, əsas vəsaitlərin inventar siyahısı, “Materialların anbar uçotu kitabı”, 'Məktəbin kitabxana fondunun inventar kitabı" və s) baxış keçirmək mümkün olmamışdır. Yoxlamalar zamanı Qaraağaclı qəsəbə tam orta məktəbində çoxsaylı ciddi nöqsanlar aşkarlanmışdır. Aşkar olunmuş nöqsanlarla bağlı tərtib edilmiş aktlar, məsul şəxslərdən alınmış izahatlar və yoxlamanın nəticələrinə dair tərtib olunmuş yekun arayış Samux RTŞ-nin xx.xx.2022-ci il tarixli 00-01-10/10 nömrəli müşaiyət məktubu ilə baxılması uçun Samux RTŞ İlk Həmkarlar ittifaqı Komitəsinə təqdim edilmişdir. xx.xx.2022-ci il tarixdə Samux RTŞ ilk Həmkarlar İttifaqı Komitəsində baxılmış və Qaraağaclı qəsəbə tam orta məktəbin direktoru İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilmişdir. Qeyd olunanları nəzərə alaraq Qaraağaclı qəsəbə tam orta məktəbin direktoru İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsini Sizdən xahiş edirik” göstərilmişdir; Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış fərdi əmək mübahisəsi aşağıda qeyd olunan qanunvericilik normalarının tətbiq olunması əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 3-cü maddəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; - 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz; 45-ci maddəsinin 4-cü hissəsinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır; 47-ci maddəsində qeyd edilir ki, əmək funksiyasının xüsusiyyətlərinə, onun icrasının şərtlərinə, müddətinə görə işlərin (xidmətlərin) daimi xarakter daşımadığı hallarda əmək müqaviləsi müddətli bağlanıla bilər; 56.2-ci maddəsinə əsasən məhkəmə işçinin işdən çıxarılmasında və ya başqa işə keçirilməsində qanunun aşkar surətdə pozulduğunu müəyyən etdikdə, çarəsizlikdən məcburi işburaxma müddəti üçün və ya aşağı maaşlı işin görüldüyü müddət üçün haqq ödənilməsi ilə əlaqədar hüquqi şəxsə vurulmuş zərəri və ya işçiyə vurulmuş mənəvi zərəri ödəmək vəzifəsini təqsirli vəzifəli şəxsin üzərinə qoya bilər. Belə hallarda vəzifəli şəxslərdən tutulmalı olan məbləğin miqdarı əmək qanunvericiliyi ilə müəyyən edilir; - 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır; - 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin ləğv olunması ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir; - 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Samux rayon Qırmızı Samux kənd orta məktəbin direktoru vəzifəsində işləmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə işəgötürənin K-161 nömrəli, xx.xx.2022-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Təhsil Nazirliyinin K-161 nömrəli, xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi, İddiaçı Samux rayon Qırmızı Samux kənd orta məktəbin direktoru vəzifəsinə bərpa olunması, ona xx.xx.2022-ci il tarixdən işə bərpa olunduğu tarixədək məcburi işburaxmaya görə kompensasiya ödənilməsi, bülletendə olduğu dövr üzrə ödənilməli olan əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” başlıqlı 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin “işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar” başlıqlı 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi belə halların sırasında göstərilmişdir. Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndinə əsasən işəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin K-161 nömrəli, xx.xx.2022-ci il tarixli əmrində, Samux Rayon Təhsil X8 təşkilatının xx.xx.2022-ci il tarixində keçirilən iclasın 03 №-li Protokolundan çıxarışda İddiaçı öz vəzifələrinin icrası zamanı ciddi pozuntulara yol verdiyi göstərilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərkən müəyyən etmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək səhhəti ilə əlaqədar əmək qabiliyyətli olmamış və göstərilən müddət aralığında işdən azad edilmişdir, xx.xx.2022-ci il tarixdən işə başlamalı olması göstərilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı fəaliyyətində pozuntular aşkar edilsə də, onunla bağlanmış əmək müqaviləsinə onun bülletendə olduğu dövrdə, yəni əmək qabiliyyətini müvəqqəti itirdiyi müddətdə xitam verilməsi qanunsuzdur, əmək qanunvericiliyinin tələblərinə ziddir. Bu səbəbdən Azərbaycan Respublikasının Təhsil Nazirliyinin K-161 nömrəli, xx.xx.2022-ci il tarixli əmri İddiaçı münasibətdə ləğv edilməli və İddiaçı Samux rayon Qırmızı Samux kənd orta məktəbin direktoru vəzifəsinə bərpa edilməlidir. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Azərbaycan Respublikası ƏM-nin 300-cü maddəsinin 1-ci bəndinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə iddia tələbinin “bülletendə olduğu dövr üzrə ödənilməli olan əmək haqqının hesablanaraq ona ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır, təmin olunmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı qanunsuz olaraq işdən azad edilməsi sübuta yetirildiyindən ona məcburi işburaxmaya görə əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin və 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin K-161 nömrəli, xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilmə barədə əmri İddiaçı münasibətdə ləğv edilsin. İddiaçı Samux rayon Qaraağaclı qəsəbə tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilsin. xx.xx.2022-ci il tarixindən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı, bülletendə olduğu dövr üzrə ödənilməli olan əmək haqqının hesablanaraq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-2601/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2601/2022
11.08.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver