Məhkəmə qərarları › İş №e-2(005)-2614/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2614/2025

30.07.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2614/2025 30.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı mənzilin təhvil verilməsi və sair tələbinə dair mülki məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı mənzilin təhvil verilməsi və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK ilə bağlanmış xx.xx.2018-ci il tarixli, 16 nömrəli müqaviləyə əsasən Cavabdeh MTK tərəfindən ünvan 1 ünvanında inşa olunan 6 bloklu binanın 1-ci blokunun 8-ci mərtəbəsində, 37-ci sırada yerləşən 150 kv.m sahəsi olan mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, birgə nikahı dövründə mərhum həyat yoldaşı X5 ilə Cavabdeh MTK arasında xx.xx.2018-ci il tarixli, 16 nömrəli müqavilə bağlanmışdır. Həmin Müqaviləyə əsasən alıcı (X3) ünvan 1 ünvanında cavabdeh MTK tərəfindən inşa olunan 6 bloklu binanın 1-ci blokunun 8-ci mərtəbəsində 37-ci sırada yerləşən 150 kv.m sahəsi olan mənzili 150000 manat məbləğində pul vəsaiti əsasında satıcıdan (Cavabdeh MTK-dan) alır. Alıcı tərəfindən satıcı MTK-ya mənzilin dəyərini təşkil edən 150000 manat pul vəsaiti xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tam olaraq ödənilmiş, alıcının satıcıya heç bir borcu qalmamışdır. Bu barədə cavabdeh MTK maliyyə arayışı vermişdir. X3 xx.xx.2021ci il tarixdə vəfat etmişdir. O, həmin mənzillə bağlı X1 vərəsəsi kimi tanınmışdır. Müqaviləyə əsasən öz öhdəliklərini tam icra etsə də, cavabdeh tərəf bu günədək öhdəliklərini icra etməmiş, mənzili ona təhvil verməmişdir. Nəticədə hüquqları pozulmuşdur. Müqavilənin bağlanmasından 7 ilə qədər, pul vəsaitinin tam ödənilməsindən isə 5 ilə qədər vaxt keçmişdir. Daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ünvanlayaraq, Cavabdeh MTK ilə bağlanmış xx.xx.2018-ci il tarixli, 16 nömrəli müqaviləyə əsasən Cavabdeh MTK tərəfindən ünvan 1 ünvanında inşa olunan 6 bloklu binanın 1-ci blokunun 8-ci mərtəbəsində, 37-ci sırada yerləşən 150 kv.m sahəsi olan mənzilin ona təhvil (istifadə və sahibliyinə) verilməsi və həmin mənzildə onun tərəfindən təmir işlərinin aparılmasına yaradılan maneələrin aradan qaldırılması öhdəliyinin Cavabdeh MTK-ya həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını, iddia ərizəsini və təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “Satıcı” Cavabdeh MTK ilə “Alıcı” X5 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 16 nömrəli müqavilənin surətindən görünür ki, “Alıcı”, Cavabdeh MTK-nın İ.Dadaşov küçəsi 57 ünvanında inşa olunan 6 bloklu binanın 1-ci blokunun 8-ci mərtəbəsində, 37-ci sırada yerləşən 150 kv.m sahəsi olan mənzilin alınması üçün “Satıcı”ya müraciət etmiş və tərəflər arasında müqavilə bağlanmışdır. Müqavilənin ümumi dəyəri 150000 manat olmuşdur; Cavabdeh MTK-nın Maliyyət arayışının surətindən görünür ki, ünvan 2 ünvanında inşa olunan 6 bloklu binanın 1-ci blokunun 8-ci mərtəbəsində, 37-ci sırada yerləşən 150 kv.m sahəsi olan mənzilin dəyəri 150000 manat X4 tərəfindən tam ödənilmişdir; Bakı şəhəri 51 saylı Notariat Ofisinin xx.xx.2025-ci il tarixli, 789 nömrəli məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 ölümü ilə əlaqədar vərəsələrin dairəsi müəyyən olunmuş və mirası İddiaçı və X6 qəbul etmişlər; Fotoların surətindən görünür ki, mənzilin giriş qapısına müdaxilə edilmiş, qapının qıfıl və əl dəstəyi hissəsinə kənar müdaxilələr edilmişdir. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir; İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının mərhum həyat yoldaşı X5 ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 16 saylı müqaviləyə əsasən ünvan 1 ünvanında inşa olunan 6 bloklu binanın 1-ci blokunun 8-ci mərtəbəsində, 37-ci sırada yerləşən 150 kv.m sahəsi olan mənzilin tam dəyəri müqavilədə müəyyən edilmiş həcmdə və qaydada ödənildikdən sonra verilməsi şərtləndirilmişdir. X5 vəfat etdikdən sonra mirası İddiaçı və X6 etmişdir. Mənzilin dəyəri tam şəkildə ödənilmiş və müqavilə üzrə öhdəlikləri icra edilmiş, lakin mənzil iddiaçıya təhvil verilməmişdir. Hazırda iddiaçı mənzilin təhvil verilməsi və maneələrin aradan qaldırılması öhdəliyinin icrasının cavabdehin üzərinə qoyulmasını xahiş edir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (Mülki Məcəllənin 442 və 448.1-ci maddələri). Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qanunvericiliyin mənasına görə icra müddəti təyin edilməmiş, habelə bu müddəti təyin etmək mümkün olmayan öhdəliyi borclu ağlabatan müddətdə icra etməlidir. Bu zaman ağlabatan müddət öhdəliyin mahiyyətindən, həcmindən, mürəkkəbliyindən asılı olaraq müəyyən edilir. Məhkəmə bu hissədə toplanmış sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2018-ci il tarixli müqavilənin bağlandığı və mənzilin dəyəri ödənildiyi vaxtdan cavabdehin üzərinə düşən öhdəliyi 5 ildən artıq müddət ərzində icra etməməsi müqavilənin ağlabatan müddətdə icra edilməməsi hesab edilməlidir. İddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə uyğun olaraq isə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1 və 113.2-ci maddələrinə görə, mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənziltikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyriyaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Eyni zamanda Mülki Məcəllənin mülki hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 178.8-ci maddəsinə müvafiq olaraq mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Beləliklə, Mülki Məcəllənin 5.3-cü maddəsində qeyd olunduğu kimi, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Hazırki iş üzrə cavabdeh mənzili iddiaçıya təhvil vermək öhdəliyini yerinə yetirmək vəzifəsi daşımasına baxmayaraq, müqavilənin bağlanmasından xeyli müddət keçsə də öz öhdəliklərini icra etməmişdir. Halbuki mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu baxımdan bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilməlidir. Belə ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Müqavilə şərtlərinin məcburiliyinə və icra edilməli olması tələbinə əsaslanaraq hazırki iş üzrə cavabdeh aralarında bağlanmış müqavilə üzrə razılaşdırılmış şərtlər əsasında öz öhdəliyini icra etməlidir. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddiaçının pay haqqını tam verdiyi mənzilə sahiblik və istifadə etmək hüququ yarandığından, cavabdehin mənzili iddiaçıya təhvil verməkdən yayınması qanunsuz olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşdığı üçün əsaslıdır. İddiaçı tərəfin izahatına və iş materiallarına əsasən mübahisələndirilən mənzil iddiaçıya təhvl verilmədiyindən, qeyd edilən normalar hazırki mübahisəyə tətbiq edilməli və cavabdeh tərəfindən öz öhdəliyinin icrası vəzifəsi onun üzərinə qoyulmalıdır. Məhkəmə iddia tələbinin mənzilə dair onun sahiblik və istifadə hüquqlarına yaranmış maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehə həvalə olunması hissəsində qeyd edir ki, iddia həmin hissədə də təmin edilməlidir. Belə ki, tam dəyəri ödənilmiş mənzilə dair iddiaçının sahiblik və istifadə hüququnun cavabdeh tərəfindən hər hansı yolla məhdudlaşdırılması və ya maneələrin yaradılması qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Başqa sözlə, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır (Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələri). Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında inşa olunan 6 bloklu binanın 1-ci blokunun 8-ci mərtəbəsində, 37-ci sırada yerləşən 150 kv.m sahəsi olan mənzilin İddiaçı sahibliyinə və istifadəsinə verilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulmalıdır. Həmçinin həmin mənzilə dair İddiaçı təmir işlərinin aparılmasına yaranmış maneələrin də aradan qaldırılması vəzifəsi Cavabdeh MTK-ya həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırda ödənilmiş dövlət rüsumuna dair tələb olmadığından, dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında inşa olunan 6 bloklu binanın 1-ci blokunun 8-ci mərtəbəsində, 37ci sırada yerləşən 150 kv.m sahəsi olan mənzilin İddiaçı sahibliyinə və istifadəsinə verilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulsun. Həmin mənzildə İddiaçı təmir işlərinin aparılmasına yaranmış maneələrin aradan qaldırılması vəzifəsi Cavabdeh MTK-ya həvalə edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar