Məhkəmə qərarları › İş №e-2(005)-2635/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(005)-2635/2022

16.09.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2635/2022 16.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “öhdəliyin yerinə yetirilməsi və mənzilin təvhil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 04 noyabr 2016cı il tarixli müqavilə əsasında aldığı Bakı şəhəri, Nərimanov rayonu, M.Qaşqay küçəsində 5 girişli binanın, 16 mərtəbəli yaşayış evinin giriş 1, yaşayışın 7-ci mərtəbəsi, ümumi sahəsi 78,2 kv.m olan, 2 (iki) otaqdan ibarət 20 saylı mənzilin təhvil verilməsi üçün Cavabdeh MMC-nin üzərinə öhdəlik qoyulmasına və mənzilin ona təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini iddia tələbini onunla əsaslandırmışdır ki, o, 04 noyabr 2016-ci il tarixdə Cavabdeh MMC-yə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, M.Qaşqay küçəsində Cavabdeh MMC-nin tikintisini apardığı 5 girişli binadan, 16 mərtəbəli yaşayış evinin giriş 1, yaşayışın 7-ci mərtəbəsi, ümumi sahəsi 78,2 kv.m olan, 2 (iki) otaqdan ibarət 20 saylı mənzil almaq barədə razılaşaraq müqavilə bağlamışdır. Həmin mənzilə dair pul iddiaçı tərəfindən tam olaraq ödənilməsi barədə ona 04 noyabr 2016-cı il tarixli maliyyə arayışı verilmişdir. Müqavilə şərtlərinə uyğun olaraq o öz ödəliyini yerinə yetirərək aldığı mənzilin pulunu vaxtında tam ödəmişdir. Lakin acınacaqlı hal odur ki, cavabdeh şirkət Cavabdeh MMC iddiaçının qarşısında öz öhdəliyini yerinə yetirməmiş, aldığı satdığı mənzili hələdə ona təhvil verilməmişdir. Neçə ildir ki, hər dəfə müraciət edəndə iddiaçıya müxtəlif yalan vədlər və bəhanələr gətirirlər. O vaxtdan indiyə qədər 6 (altı) il keçməsinə baxmayaraq, hələdə iddiaçının mənzili təhvil verilməmişdir. Cavabdehin bu cür vicdansız hərəkətləri nəticəsində ona xeyli miqdarda maddi və mənəvi ziyan dəymişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil mülki işə qiyabi icraat qaydasında baxılmasına dair ərizə təqdim edərək, iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçı tərəfin işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməməsini nəzərə alaraq, məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Podratçı Cavabdeh MMC ilə sifarişçi İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən sifarişçinin sifarişi əsasında podratçı Nərimanov rayonu, M.Qaşqay küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 1, yaşayışın 7-ci mərtəbəsi, ümumi sahəsi 78,2 m2 olan izolə olunmuş 2 otaqdan ibarət 20 saylı mənzilini tikib təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən sifarişçi 2 otaqlı, tam sahəsi 78.2 kv.m mənzil cəmi 37.800 AZN təşkil edir. Cavabdeh MMC-nin xx.xx.2016-cı il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Qaşqay küçəsində Cavabdeh MMC tərəfindən inşa edilən 16 mərtəbəli yaşayış binasının 1-ci girişi, yaşayışın 7-ci mərtəbəsində, ümumi sahəsi 78,2 m2-dən ibarət olan, 20 saylı iki otaqlı mənzilin tam dəyəri üzrə İddiaçı Cavabdeh MMC-yə borcu yoxdur; xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir; 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 355.2-ci maddəsinə əsasən razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir; 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənziltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir; 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənziltikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, podratçı Cavabdeh MMC ilə sifarişçi sifarişçi İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən sifarişçinin sifarişi əsasında podratçı Nərimanov rayonu, M.Qaşqay küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 1, yaşayışın 7-ci mərtəbəsi, ümumi sahəsi 78,2 m2 olan izolə olunmuş 2 otaqdan ibarət 20 saylı mənzilini təhvil vermək öhdəliyi götürmüş, lakin müqavilə öhdəliyi bugünədək icra edilməmişdir. Həmin müqaviləyə əsasən sifarişçi 2 otaqlı, tam sahəsi 78.2 kv.m mənzil cəmi 37.800 AZN təşkil edir. Hazırda müqavilə tərəfləri öhdəliyin cavabdeh tərəfindən pozulduğunu, mənzilin bügunədək təhvil verilmədiyini bildirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu və 216-220cimaddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. «EVROSTROY-S.S” MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə şərtlərinə əsasən Nərimanov rayonu, M.Qaşqay küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 1, yaşayışın 7-ci mərtəbəsi, ümumi sahəsi 78,2 m2 olan izolə olunmuş 2 otaqdan ibarət 20 saylı mənzilin verilməsi öhdəliyi «EVROSTROY-S.S” MMC-nin üzərinə qoyulsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qiyabi qətnaməni rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə, 1 (bir) ay müddətində isə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar