Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2646/2025 12.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı “bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və s.” tələbinə dair qarşılıqlı iddia ərizələri barədə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbinin dəlilləri İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbi ilə məhkəməyə müraciət edərək,atası-Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılması barədə qətnamə qəbul edilməsini xahi etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının tam mülkiyyətimdədir.Həmin mənzilə dair mülkiyyət hüququ Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli çıxarış ilə təsdiq edilir.Qeyd edilir ki, atası-Cavabdeh artıq uzun illərdir ki tamamilə başqa bir ünvana köçmüşdür və sözügedən mənzildə yaşamır. Lakin bu günədək rəsmi qeydiyyatda qalmağa davam edir. Bu isə iddiaçının bir mülkiyyətçi kimi öz əmlakı üzərində hüquqlarının tam həyata keçirilməsinə müəyyən maneələr yaradır.Qeyd edilir ki, mənzil iddiaçıya məxsus daşınmaz əmlakdır və həmin daşınmaz əmlakı istənilən kənar təsirlərdən və əlavə yüklülükdən bütün vasitələrdən istifadə etmək yolu ilə azad etmək hüququna malikdir. Bütün yuxarıda qeyd edilən səbəblərdən və mübahisəni aralarında həll edə bilmədiyi üçün səbəbindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qarşılıqlı iddia ərizəsi və onun dəlilləri Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı bağlanmış müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və s tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia tələbinin edilməsi, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 56 kv/m, yaşayış sahəsi 30.82 kv/m, yardımçı sahəsi 25.18 kv/m olan 2 otaqlı mənzilə dair Bakı şəhəri 44 saylı Notariat Ofisinin tərəfindən rəsmləşdirilmiş xx.xx.2022-ci il tarixli, 4Ə-169 nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin bağışlama müqaviləsi əsasında verilmiş İddiaçı adına verilmiş çıxarışın ləğv edilməsi, mənzilin Cavabdeh oğlnun mülkiyyətinə geri qaytarılması, hüquqi yardım üçün ödənilmiş 200 manatın, dövlət rüsumu kimi ödənilmiş 110 manatın, etibarnamə veilməsi üçün ödənilmiş 17 manat 50 qəpiyin ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı tutularaq ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh övladıdır. İlkin iddia üzrə İddiaçı məhkəməyə müraciət edərək ilkin iddia üzrə cavabdeh, həmçinin atası Cavabdeh ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 56 kv/m, yaşayış sahəsi 30.82 kv/m, yardımçı sahəsi 25.18 kv/m olan 2 otaqlı mənzildə olan istifadə hüququna xitam verilməsini məhkəmədən xahiş etmişdir. Hazırda həmin iddia tələbi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində 2(005)2646/2025 saylı mülki iş kimi hakim Mehriban xanım Əfəndizadənin icraatındadır. Bununla yanaşı İddiaçı iddia əriəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək atası Cavabdeh ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 56 kv/m, yaşayış sahəsi 30.82 kv/m, yardımçı sahəsi 25.18 kv/m olan 2 otaqlı mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. İlk növbədə bildirilir ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 56 kv/m, yaşayış sahəsi 30.82 kv/m, yardımçı sahəsi 25.18 kv/m olan 2 otaqlı mənzil Cavabdeh məxsusdur. ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 56 kv/m, yaşayış sahəsi 30.82 kv/m, yardımçı sahəsi 25.18 kv/m olan 2 otaqlı mənzilin bağşılanmasına dair Cavabdeh ilə İddiaçı arasında formal xarakterli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsi bağlanmışdır. Həmin bağışlama müqaviləsinin bağlanmasında əsas məqsəd əmlakın İddiaçı mülkiyyətinə keçməsi deyil, onun mülkiyytində daşınmaz əmlak olması görüntüsü yaratmaq olmuşdur. Belə ki, hazırda ABŞda yaşayan İddiaçı atası Cavabdeh xahiş etmişdir ki, ABŞ-na getməsi üçün onun viza alması zəruridir və vizanın alınması üçün onun mülkiyyətində daşınmaz əmlakın olması mütləqdir. Lakin ABŞ-na viza alaraq getdikdən sonra, orda sənəd məsələlərini həll edərək, sənədlərini qaydaya saldıqdan sonra, imkan olan kimi geri qayıdıb əmlakı geri qaytaracaqdır. Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 56 kv/m, yaşayış sahəsi 30.82 kv/m, yardımçı sahəsi 25.18 kv/m olan 2 otaqlı mənzilin müvəqqəti olaraq formal xarakterli olaraq bağışlama müqaviləsi əsasında formal olaraq övladı İddiaçı adına rəsmləşdirmək məcburiyyətində qalmışdır.Göründüyü kimi tərəflərin əsas niyyəti əmlakın hədiyyə verilməsi ilə bağlı olmamış,onun adında daşınmaz əmlak olması görüntüsü yaratmaqla ABŞ-na İddiaçı getməsi üçün viza almasına kömək məqsədi ilə hazırki uydurma əqd bağlanmış, daha sonra isə İddiaçı həmin ünvanda yaşamamış, ABŞ-na köçmüş, hal-hazırda da orda yaşamaqdadır. Lakin İddiaçı halhazıradək atası Cavabdeh məxsus daşınmaz əmlakı geri qaytarmamış, əksinə ümumi razılaşmadan kənara çıxaraq xx.xx.2025-ci il tarixli iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək atası Cavabdeh mənzildən qeydiyyatdan çıxarılmasını, həmçinin Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinə müraciət edərək atası Cavabdeh mənzilə olan istifadə hüququna xitam verilməsini tələb etmişdir. Bununla da, Cavabdeh ona məxsus yeganə ümid yeri olan mənzili övladı İddiaçı tərəfindən aldadılaraq ələ keçirilmiş, Cavabdeh mülkiyyət hüquqları kobud şəkildə pozulmuş və o, öz mülkiyyətindən qanunsuz olaraq məhrum olmuşdur. Göründüyü kimi İddiaçı öz hüquqlarından sui-istifadə edərək, atasını aldadaraq ona məxsus yeganə ümid yeri olan əmlakı, mənzili ona qaytaracağı ilə bağlı inamından, atasının etibarından sui-istifadə edərək qanunsuz olaraq atasına məxsus əmlakı ələ keçirmişdir.Bununla da, İddiaçı öz doğma, ahıl atasına qarşı qanunsuz və vicdanlılığın tələb etdiyi tərzdə davranış göstərməməklə onu mülkiyyətindən qanunsuz olaraq məhrum etmişdir. Buna görə də, hesab edilir ki, aldatma yolu ilə bağlanmış bağışlama müqaviləsi etibarsız hesab edilərək daşınmaz əmlak əsl sahibi Cavabdeh geri qaytarılmalıdır.Qanunvericiliyin tələblərinə əsasən, formal olaraq bağlanmış olsa belə bağışlama onun üçün son dərəcə ağır yükə çevrilmiş, o, əmlakından məhrum olub, evsiz-eşiksiz qalmış, yeganə sığınacaq yeri olan daşınmaz əmlakı etibar etdiyi, qaytarılması ilə bağlı vəd verən doğma övladı cavabdeh İddiaçı tərəfindən onun əlindən aldatma yolu ilə alınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etdi. O qeyd etdi ki, cavabdeh uzun müddətdir mübahisəli mənzildə yaşamır, artıq cavabdehin anası ilə nikahları da pozulmuşdur. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək, ilkin iddia tələbinin rədd edilməsini xahiş etdi. Bildirdi ki, sözügedən mənzili iddiaçıya həqiqətən bağışlamaq niyyəti olmayıb, iddiaçı xaricə köçmək üçün mütləq qaydada mülkiyyətində daşınmaz əmlakın olmasının zəruri şərt olduğunu, əks təqdirdə müvafiq icazə sənədlərinin alınmasının qeyrimümkün olduğunu bildirib. Bu səbəbdən bağışlanma müqaviləsi imzalanıb. İddiaçı xaricə getdikdən sonra onun həmin mənzildən çıxarılması ilə bağlı məhkəməyə müraciət etdiyini bildirdi. Həmçinin qeyd etdi ki, mübahisə predmeti olan mənzildə 1997-1998-ci ildən 2024cü ilə qədər yaşamış, sonradan keçmiş həyat yoldaşı tərəfindən mənzilin açarını dəyişdirildiyi üçün daxil ola bilməmişdir. Mülkiyyətində başqa mənzili olmadığını bildirdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək, təmin edilməsini, ilkin iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilən şahid X8 izahatında bildirdi ki, tərəfləri tanıyır, Cavabdeh ilə 2021-ci ildən etibarən bir yerdə işləyir. Üç il öncə Cavabdeh oğlu Firuzun ABŞ-a getmək istədiyini və buna görə evi onun adına keçirtmək istədiyini bildirdi, daha sonra mənzili oğlunun mülkiyyətinə keçirtdi. Bağışlama niyyəti olmayıb, oğlu xaricə köçə bilsin deyə müqavilə bağlanıb. Oğlu köçəndən sonra mübahisə yarandı. Bildiyinə görə cavabdehin həmin mənzildə 1 ildir ki, yaşamır. Məhkəmə iclasında dindirilən şahid X10 izahatında bildirdi ki, cavabdehlə 90-cı illərin sonunda ortaq dostlar vasitəsilə tanış olub. Firuzun oğlu Ələsgər təxminən 2023-cü ildə xaricə köçüb. Bundan əvvəl qaçaq yollarla gedib-gəlib, daha sonra rəsmi sənədləşmə üçün mənzil lazım olub. Əvvəl Avropaya, sonra ABŞ-a köçüb. Firuz mənzili oğlu xaricə köçə bilsin deyə onun adına kçirib. Ələsgər tərbiyəli oğlan olub, gözünün önündə böyüyüb. Bildiyinə görə ailədaxili 2-3 ildir ki, mübahisə var. Məhkəmə iclasında dindirilən şahid X9 izahatında bildirdi ki, tərəfləri tanıyır və cavabdeh ilə 2000-2001-ci illərdən dostluq münasibətləri var. 2022-ci ilin sonlarında cavabdehin oğlu Avropaya getmək istədiyini və buna görə də mülkiyyətində əmlakın olmasının lazım olduğunu bildirib. İddiaçı iş yerinə gələrək, atası ilə danışıb, əmlakı onun mülkiyyətinə keçirilməsini və sonradan qaytaracağını bildirib. Cavabdeh də iddiaçı ilə danışıb, razılaşıb. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia rədd edilməlidir. Mülki işin materialları: - Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri,Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, ev 33,mənzil 60 Cavabdeh xüsusi mülkiyyətində olmuşdur. Bu barədə xx.xx.2011-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş ******* seriyalı çıxarışdan görünür ki, Bakı şəhəri,Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, ev 33, mənzil 60 X1 xüsusi mülkiyyətində olmuşdur. Bu barədə xx.xx.2010-cu il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. - xx.xx.1996-cı il tarixli Nərimanov Rayon İcra Hakimiyyətinin Başçısının sərəncamına əsasən, Bakı Poçtamtı müdiriyyəti və HİK-nin 10 aprel 1996-cı il tarixli, 4№-li birgə qərarına əsasən Sank-Peterburq küçəsi, 881-885-ci məhəlllə, 4-cü blok,2-ci mərtəbə, 2 otaqlı yaşayış sahəsi 30,82 kv.m olan 60№-li mənzil G.H.Əliməmmədovanın 3 nəfər ailə üzvü - X2-özü, X4-əri, X3-oğluna ayrılması, X1 mənzil növbəsindən çıxarılması, köhnə mənzildə 4 nəfər(oğlu,qızı,gəlini,nəvəsi)qalır. - xx.xx.2099-cu il tarixli Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamenti təərfindən verilən arayışdan görünür ki, Bakı şəhəri,Nərimanov rayonu,Ceyhun Hacıbəyli küçəsi,ev 33,mənzil 60 ünvanında yerləşən yaşayış sahəsində X2 (özü), Cavabdeh (oğlu) və X5(gəlini) daimi qeydiyyatdadır. - xx.xx.2009-cu il tarixdə Cavabdeh tərəfindən yazılmış ərizədən görünür ki, ünvan 4 ünvanında yerləşən yaşayış sahəsini anası, X2 adına özəlləşməsinə etiraz etmir və yazılanları öz imzası ilə təsdiq edir. - xx.xx.2011-ci il tarixli mənzilin bağışlanması haqqında müqavilənin surətindən görünür ki, ünvan 5 ünvanında yaşayan X2 ünvan 5 saylı mənzili və həmin ünvanda yaşayan Cavabdeh bağışlamışdır. Müqavilə tərəflərin imzası ilə təsdiqlənmişdir. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri,Nərimanov rayonu,Ceyhun Hacıbəyli küçəsi, ev 33, mənzil 60 İddiaçı xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2022-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. - 05 iyul 2022-ci il tarixli, daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, ”hədiyyə verən”- Cavabdeh ünvan 5 ünvanında yerləşən 2 otaqlı mənzili tam mülkiyyət üzrə oğlu olan “hədiyyə alan”- İddiaçı mülkiyyətinə verir. - Ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödəmişdir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Maddə 29. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Maddə 33. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Konstitusiyanın 43-cü maddəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.2. Sahiblik hüququ—əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; Maddə 152.3. İstifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Maddə 339.2 Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 339.3 Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin: Maddə 54. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir; Maddə 87. İcarədar və onun ailə üzvləri daim yaşamaq üçün başqa yaşayış məntəqəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Maddə 118.1. Xüsusi mülkiyyətində yaşayış evi (evin bir hissəsi) olan vətəndaşlar ondan şəxsən yaşamaq üçün və ailə üzvlərinin yaşaması üçün istifadə edirlər. Onlar həmin evə (evin bir hissəsinə), başqa vətəndaşları köçürmək, habelə onu icarəyə vermək hüququna malikdirlər; Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsi müəyyən edir ki, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə iclasında araşdırılmış sübutlardan məlum oldu ki, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, ev 33, saylı mənzil İddiaçı mülkiyyətindədir. İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh oğludur. Həmin sözügdən mənzil cavabdehin anası X2 tərəfindən ona bağışlanmış, sonradan isə Cavabdeh tərəfindən 05 iyul 2022-ci il tarixdə İddiaçı bağışlanmışdır. Hazırda həmin müqavilə qüvvədədir. İlkin iddia üzrə iddiaçı məhkəməyə müraciət edərək, cavabdehin -atasının uzun müddətdir həmin mənzildə yaşamadığını bildirir və onun mənzildən istifadə hüququna xitam verilməsini xahiş edir. Cavabdeh isə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, tərəflərin arasında bağlanmış bağışlanma müqaviləsinin etibarsız hesab edilməsini xahiş edir. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Məhkəmə hesab edir ki, ilk növbədə qarşılıqlı iddia ərizəsinə hüquqi qiymət verilməlidir. Belə ki, ilkin iddia tələbi istifadə hüququnun itirilmiş hesab edilməsinə əsaslanır, qarşılıqlı iddia ərizəsi ilə isə tərəflər arasında bağlanmış müqavilənin etibarlılığı mübahisə edilir. Bununla da, qarşılıqlı iddia tələbinin təmin edilməsi ilkin iddianın təmin edilməsini istisna edir. Məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı qeyd edir ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqa zidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu çür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir. Məhkəmənin qənaətinə görə, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Qarşılıqlı iddia ərizəsindən görünür ki, iddia ərizəsində cavabdeh müqavilə bağlanarkən niyyətinin mənzilin oğlunun (ilkin iddiaçının) xüsusi mülkiyyətinə keçirilməsi olmadığını, müqavilənin formal xarakter daşıdığını, görüntü üçün bağlandığını, oğlunun xaricə köçməsi üçün belə bir addım atdığını, daha sonra mənzilin yenidən onun adına qaytarılmalı olduğunu iddia edir. Mülki işin materiallarında olan “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı 2022-ci ilin oktyabr ayında 5 gün müddətində ölkə hüdudlarını tərk edib. Bundan sonra ölkə hüdudlarından növbəti dəfə 2023-cü ilin mart ayının 6-da ölkə hüdudlarını Milan istiqamətində tərk etmişdir. Bundan sonra cavabdehin sərhədkeçməsi barədə məlumat müəyyən edilmir. Yenə mülki işin materiallarında olan bağışlama müqaviləsindən görünür ki, müqavilə 05 iyul 2022-ci il tarixdə Bakı şəhəri 44 saylı Notariat ofisində bağlanmışdır. Tərəflərə bağışlanma müqaviləsinin hüquqi nəticələri izah edilmişdir. Bağışlanma müqaviləsində hədiyyəni qəbul edənin – İddiaçı qarşısında hər hansı şərt, öhdəlik qoyulmamışdır. Beləliklə, müqavilənin bağlanması ilə qarşılıqlı iddiaçının daimi əsaslarla ölkə hüdudlarını tərk etməsinə qədər 8 ay müddət keçmişdir. Məhkəmə daha sonra qeyd edir ki, cavabdeh niyyətinin mənzili oğlunun xüsusi mülkiyyətinə keçirmək olmadığın bildirsə də, bunu təsdiq edən mötəbər sübutları təqdim edə bilməmişdir. Məhkəməyə dəvət edilən şahidlər cavabdehin iddia ərizəsində göstərilənlərə uyğun ifadələr versələr də, hər üç şahid cavabdehin yaxın münasibətləri olan dostları, iş yoldaşlarıdır. Bilavasitə müqavilənin bağlanmasında iştirak etməmişdirlər. Buna görə məhkəmə şahid ifadələrini cavabdehin iddia tələbini əsaslı hesab etmək üçün kifayət edən sübut növü hesab etmir. Digər tərəfdən müqavilənin bağlanmasından 3 ildən çox vaxt keçmiş, cavabdehin özünün izahatına əsasən həm oğlu, həm keçmiş həyat yoldaşı ilə münasibətləri uzun müddətdir pisləşmişdir. Mübahisəli mənzildə iki ildir ki yaşamır. Mənzildə yaşamasına keçmiş həyat yoldaşı maneə yaratmışdır. Belə olan təqdirdə cavabdehin bağışlama müqaviləsini münasibətlərin pisləşdiyi, iddiaçının mənzili qaytarmaq niyyətinin olmadığının cavabdehə məlum olduğu vaxt mübahisələndirmədiyi, yalnız mənzildən istifadə hüququna xitam verilməsi tələbi ilə müraciət edildikdən sonra qarşılıqlı iddianın verilməsini məhkəmə ağlabatan mühakimə əsasında inandırıcı hesab etmir. Məhkəmə həmçinin qeyd edir ki, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı qarşı bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. İddia tələbi əsas hissədə təmin edilmədiyindən, digər hissələrdə - çıxarışın ləğvi, vəkil xərci və s. tələblərə aid hissədə də təmin edilməməsi qənaətinə gəlir və əlavə araşdırılma aparılmasına zərurət görmür. Məhkəmə ilkin iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsıni qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli qərarına görə, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur (Mülki Məcəllənin 255.1 və 255.6-cı maddələri). Bunun tək istisnası, Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutdur...Bu maddələrə əsasən, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan "istifadə hüququ"nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür; 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları (bu halda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göründüyü kimi, tərəflər arasında mənzildən istifadə edilməsi ilə bağlı münasibətlər xx.xx.2009-ci il tarixədək yaranmışdır. Məhkəmə qeyd edir ki, cavabdehlər cavabdehlər Cavabdeh mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsinin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının yaranıb-yaranmaması, yarandığı təqdirdə isə bu hüquqa xitam verilməli olubolmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquq mövcud olmadığı halda ona xitam verilməsindən söhbət gedə bilməz. Məhkəmə tərəflər arasında mənzildən istifadə hüququ ilə bağlı münasibətlərin yaranması tarixini əsas götürüb, belə qənaətə gəlir ki, hazırki mübahisəyə xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Cavabdeh münasibətdə məhkəmə qeyd edir ki, onun istifadə hüququna xitam verilə bilməz. Qeyd olunmalıdır ki, Cavabdeh keçmiş mülkiyyətçi və ailə üzvü olaraq evdən istifadə hüququnun yaranmış olduğu mübahisəli deyildir. İddiaçı onun sözügedən evdə yaşamadığını irəli sürərək evdən istifadə hüququnun itirilməsini xahiş etmişdir. Lakin mülki iş materialları və tərəflərin məhkəmə iclasında verdiyi izahatlar əsasında müəyyən edilir ki, iş üzrə Cavabdeh daimi yaşayış yeri yoxdur, buna dair iddiaçı tərəf məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Bundan başqa, elektron məhkəmə informasiya sistemində də cavabdehin mülkuyyətində hər hansı əmlakın olduğu müəyyən edilmir. Bu baxımdan, iddianın təmin edilməsinin mümkünlüyü yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacının aradan qalxmasının müəyyən edilməsindən asılıdır. Tərəflər arasındakı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin (məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericilik mübahisənin yarandığı vaxt qüvvədə olan yox, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tətbiq edilməsini nəzərdə tutduğundan, hazırkı mübahisə üzrə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan keçmiş Mənzil Məcəlləsi tətbiq olunmalıdır) 53-cü maddəsinin 1- ci hissəsinə əsasən, kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53cü maddəsinin 3-cü hissəsinə əsasən, kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Adı çəkilən Məcəllənin 123-cü maddəsinə görə isə, “yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır”. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir”. Göründüyü kimi qanunvericilik, yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirir; cavabdehin (Cavabdeh) isə daimi yaşamaq üçün yaşayış yerinə malik olması sübut olunmur, beləliklə də evə dair hüquqlarının itirilməsinə münasibətdə keçmiş Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsasların mövcud olduğu qənaətinə gəlməyə əsas vermir. Bu baxımdan iddia tələbi rədd olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, ilin və qarşılıqlı iddia tələbləri rədd edilməli, ödənilmiş dövlət rüsumları tərəflərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ilkin iddiaçıya aid edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı bağlanmış müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və s. tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu qarşılıqlı iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-2646/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2646/2025
12.09.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver