Məhkəmə qərarları › İş №e-2(005)-2731/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2731/2024

13.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2731/2024 13.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı MMMC-nin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı MMMC-nin Cavabdeh qarşı “kommunal borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMMC Cavabdeh qarşı “kommunal borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cаvabdeh Cavabdeh Müqavilə üzrə 1987,02 manat məbləğində kommunal haqqın və 40 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayonu, Ə.Əliyev küçəsi 1937-ci məhəllə, ev 8 mənzil 643 yerləşdiyi çoxmənzilli bina İddiaçı mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti (bundan sonra İddiaçı) tərəfindən idarə edilir. İddiaçı Nizmnamə ilə müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş sahə mülkiyyətçilərinin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya təşkilatı olan hüququ şəxsdir. MMMC-nin yaradılmasının əsas məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını və s. öhdəliklərinin idarə edilməsindən ibarət olmuşdur. MMMC xx.xx.2022-ci il tarixdə Dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin Nizamnaməsinin 2.2.1-ci bəndinə əsasən cəmiyyət yaşayış binasının cəmiyyət iştirakçılarının ümumi istifadəsində olan daxili və xarici kommunal xidmətləri təchizatı xəttlərinin və digər qurğu və avadanlıqlarının təmiri və lazım gələrsə bərpa edilərək daim işlək vəziyyətdə saxlanması fəaliyyətini həyata keçirir. MMMC-nin ümumi yığıncağın qərarı ilə çoxmənzilli binanın saxlanılmasına görə cəmiyyətin iştirakçılarının istifadəsində olan sahənin hər kv.metrinə görə ödənişlərin və ya haqqın məbləği 0,40 (qırx qəpik) manat təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.2.3-cü maddəsinə görə yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi mənzil-tikinti kooperativi üzvləri üçün–mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan, həmin maddənin 135.2.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi üçün yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaranmış hesab edilir. Məhkəməyə təqdim edilmiş kommunal ödəniş və borc cədvələrindəndə görünür ki, cavabdeh tərəfindən ödənişlər aparılsa belə borcu yaranmışdır və bu günə kimi ödənilməmiş qalmaqdadır. Cavabdeh mənzil ona təhvil verildiyi andan kommunal xidmətlərə görə ödənişləri həyata keçirməlidir, MMMC isə bu xidmətləri göstərən təşkilat kimi ödənişlərin ödənilməsini tələb etməyə haqqı çatan tərəfdir. Tərəflər arasında müqavilə imzalanmışdır, cavabdeh kommunal xidmətlərdən yararlanmış və bu günə kimi də yararlanmaqdadır. xx.xx.2022-ci il tarixli çoxmənzilli binanın idarə edilməsinə dair Müqavilənin (bundan sonra Müqavilə) 4.1-ci bəndinə əsasən Bu Müqavilə ilə nəzərdə tutulan yaşayış sahəsinin saxlanması və təmiri üzrə ödəniş haqları bu müqavilənin 2 nömrəli əlavəsində qeyd olunan xidmətlərin və işlərin həcminə uyğun olaraq formalaşır. Müqaviləyə edilmiş əlavəyə əsasən xidmətin dəyəri hər kv.metrinə görə 0.35 AZN məbləğində müəyyən edilmişdir. Müqavilə 3.4.3-cü bəndinə əsasən müqavilə üzrə müəyyən edilmiş hər ay üzrə ödəniş haqları həmin aydan sonra gələn ayın 15-dək ödənilir. Cavabdeh müqavilə üzrə öhdəliyini icra etməyərək ödəniş haqqların ödənilməsini gecikdirmişdir. Hazırda Müqavilə üzrə 1987,02 (bir min doqquz yüz səksən yeddi manat iki qəpik) manat məbləğində kommunal haqqı ödəməmişdir. Bununla da Cavabdeh iddiaçı qarşısında olan borcu 1987,02 AZN təşkil edir. İddiaçı bildirir ki, onlar tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdehə pretenziya məktubu göndərilmiş, lakin bugünədək heç bir ödəniş edilməmişdir. ”Nərimanov-31” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti Nizmnaməsinin 3.3-cü bəndinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMMC-nin nümayəndəsi və vəkili X4 iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: - “Satıcı” "xxxx" ASC ilə “Alıcı” Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin surətindən görünür ki, müqaviləyə əsasən "xxxx" ASC Nərimanov rayonu, Ə.Əliyev küçəsi 1937-ci məhəllə, saylı binanın,5 blok,4 mərtəbə,548 saylı 3 otaqdan ibarət, ümumi sahəsi 152.58 kv.m olan mənzili Alıcının mülkiyyətinə verməyi, Alıcı isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə mənzilin dəyərini ödəməyi öz öhdəsinə götürür. - "xxxx" ASC tərəfindən İddiaçı MMMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli 185 nömrəli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, 1937 saylı məhəllə, Ə.Əliyev küyəsi, bina 8, blok 6, 643 (köhnə 736) saylı mənzilə dair X3 ilə 12016 saylı, xx.xx.2010 cu il tarixli müqavilə və Bakı şəhəri, Nərimanov rayonu, 1937 saylı məhəllə, Ə.Əliyev küçəsi, bina 8, blok 5, 476 (köhnə 548) saylı mənzilə dair Cavabdeh ilə 17186 saylı, xx.xx.2013-cü il tarixli müqavilə imzalanmışdır. Yuxarıda qeyd edilən mənzillər hal-hazırda da müvafiq olaraq X1 və Cavabdeh adlarındadır. - xx.xx.2024-cü il tarixli İddiaçı MMMC tərəfindən Cavabdeh ünvanlanmış borcun ödənilməsi tələbinə dair pretenziya məktubundan görünür ki, borcun 3 (üç) gün müddətində iddiaçının hesabına ödənilməsini təmin edilməsi tələb olunmuşdur. Əks təqdirdə borc ödənilməsə məhkəməyə müraciət ediləcəkdir. - İddiaçı MMMC-nin idarə heyətinin iclasının ümumi yığıncağının 09 saylı, xx.xx.2022ci il tarixli protokolunun surətindən görünür ki, Qərar Kompleksdə yaşayan mülkiyyətçilərin öhtəliyinə buraxılaraq kompleksdə faktiki yaşayan mülkiyyətçilərin ümumi yığıncağının 51 % imzalı rəyi olduğu halda qərar qəbul olunması, qərar qəbul olunduğu halda ümumi liftlər üçün xərclər hesablanaraq mülkiyyətçilərin vəsaiti hesabına liftlərin yenilənməsinin həyata keçirilməsi və qərarın icrasına nəzarət İddiaçı MMMC İdarə Heyətinin sədri Toğrul Nəbiyevə həvalə edilməsi qərara alınmışdır. - İddiaçı MMMC-nin idarə heyətinin iclasının ümumi yığıncağının 08 saylı, xx.xx.2022ci il tarixli protokolunun surətindən görünür ki, “Kommunal” haqqının miqdan hər mənzil üçün 01.yanvar 2023-cü il tarixindən 1 kv.metr üçün 0.40 azn müəyyən olunması, Qərarın icrasma nəzarət "xxxx" MMMC-nin idarə Heyətinin sədri Toğrul Nəbiyevə həvalə edilməsi, idarə heyətinin protokolu tərtib olunub, qərarara əlavə olunması, Qəbul olunmuş qərar elan lövhələrində yerləşdirilməsi, ümumi sakinlərin qoşulduğu kompleksə məxsus whatsapp qurupunda mənzil müliyətçilərinə elan olunması qərara alınmışdır. - İddiaçı MMMC ilə Cavabdeh arasında bağlanmış İddiaçı MMMC ilə mənzil mülkiyyətçiləri arasında çoxmənzilli binanın idarə edilməsinə dair” xx.xx.2022-ci il tarixli, 476 saylı müqavilədən görünür ki, "xxxx" MMMC ünvan 3 ünvanında yerləşən çoxmənzilli binanın idarə edilməsini,ümumi əmlakın saxlanılması və təmiri üzrə bu müqavilənin 2 nömrəli əlavəsində qeyd olunan xidmətlər göstərməyi və işləri yerinə yetirməyi öz öhdəsinə götürür. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 40 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri Nərimanov rayonu, Ə.Əliyev küçəsi 1937-ci məhəllə, 8 saylı binanın, 548 saylı mənzilinin yerləşdiyi çoxmənzilli bina İddiaçı mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti (bundan sonra İddiaçı) tərəfindən idarə edilir. Həmin mənzil Cavabdeh adınadır. İddiaçı MMMC ilə Cavabdeh arasında bağlanmış 476 saylı Müqaviləyə əsasən, tərəflər çoxmənzilli yaşayış binasının idarə edilməsi, ümumi əmlakın saxlanılması və təmiri üzrə xidmətlər göstərilməsi və işlərin yerinə yetirilməsi barədə qarşılıqlı öhdəliklər götürmüşlər. İddiaçı MMMC-nin idarə heyətinin iclasının ümumi yığıncağının 08 saylı, xx.xx.2022-ci il tarixli protokolunun surətindən görünür ki, “Kommunal” haqqının miqdarı hər mənzil üçün 01 yanvar 2023-cü il tarixindən 1 kv metr üçün 0.40 AZN müəyyən olunması, Qərarın icrasına nəzarət "xxxx" MMMC-nin idarə Heyətinin sədri Toğrul Nəbiyevə həvalə edilməsi, idarə heyətinin protokolu tərtib olunub, qərara əlavə olunması, Qəbul olunmuş qərar elan lövhələrində yerləşdirilməsi, ümumi sakinlərin qoşulduğu kompleksə məxsus whatsapp qurupunda mənzil mülkiyyətçilərinə elan olunması qərara alınmışdır. Cavabdeh müqavilə üzrə öhdəliyini icra etməyərək ödəniş haqqların ödənilməsini gecikdirmişdir. Hazırda Müqavilə üzrə 1987,02 (bir min doqquz yüz səksən yeddi manat iki qəpik) manat məbləğində kommunal haqqı ödəməmişdir. İddiaçı tərəfindən ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, borcun 3 (üç) gün müddətində ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 120.5-ci maddəsinə görə tikilməkdə olan çoxmənzilli binalarda yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqları məxsus olacaq (hüquqlarını əldə edəcək) şəxslər bu fəslin müddəalarına uyğun olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətini yaratmaq hüququna malikdirlər. Həmin Məcəllənin 122.3-cü maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Həmin Məcəllənin 140.1-ci maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. Həmin Məcəllənin 140.3-cü maddəsinə görə əgər çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul etməzlərsə, bu miqdar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Həmin Məcəllənin 141.3-cü maddəsinə görə çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. Həmin Məcəllənin 142.4-cü maddəsinə görə çoxmənzilli binanın idarə edilməsi müqaviləsində binanın bütün mülkiyyətçiləri (kirayəçiləri, istifadəçiləri) üçün eyni şərtlər müəyyən edilir və mülkiyyətçilər (kirayəçilər, istifadəçilər) tərəfindən ödənilən haqqın miqdarı yalnız yaşayış sahəsinin ölçüsünə mütənasib olan ümumi əmlakın saxlanmasına çəkilən xərclərdəki iştirakdan və faktiki istifadə edilmiş kommunal xidmətlərin miqdarından asılı olaraq fərqlənə bilər. Həmin Məcəllənin 142.10-cu maddəsinə görə idarəedici təşkilat çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin şərtlərini yerinə yetirmədikdə, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən birtərəfli qaydada bu müqavilənin icrasından imtina edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilən normaların hazırki mülki işə tətbiqi nəticəsində məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbində göstərilən cavabdehdən tutulmasını məhkəmə qaydasında tələb etdiyi məbləğ İddiaçı MMMC ilə Cavabdeh arasında bağlanmış “Kommunal xidmətin göstərilməsinə dair” xx.xx.2022-ci il tarixli, 476 saylı müqaviləyə əsasən sonuncunun özünə məxsus daşınmaz əmlakın ümumi sahəsinə görə ödəməli olduğu kommunal xərclərdir. Müqavilə tərəfi Cavabdeh ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə çoxmənzilli binanın saxlanması və təmiri üzrə xidmət və işlərin görülməsinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borclu olduğu halda müqavilə öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1987.02 manat kommunal xidmət haqqı tutularaq İddiaçı MMMC-yə ödənilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 40 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1987,02 manat kommunal xidmət haqqı və 40 manat dövlət rüsumu tutularaq İddiaçı MMMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar