Məhkəmə qərarları › İş №e-2(005)-276/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-276/2024

09.10.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-276/2024 09.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə4 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh "xxxx" ASC-yə qarşı torpaq sahəsinin ilkin vəziyyətinin bərpa edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh "xxxx" ASC-yə qarşı torpaq sahəsinin ilkin vəziyyətinin bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən "xxxx" ASC-nin istifadəsində və dövlət mülkiyyətində olan 27281.6 kv.m torpaq sahəsinin xx.xx.2001-ci il tarixli texniki pasportda qeyd edilən ilkin vəziyyətə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, həmçinin mediasiya sessiyası ilə bağlı mediatora ödənilmiş 40 manat məbləğində vəsaitin cavabdehdən Xidmətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş monitorinq nəticəsində ünvan 1 ünvanında yerləşən, "xxxx" ASC-nin istifadəsində və dövlət mülkiyyətində olan 27281.6 kv.m torpaq sahəsinin 1500 kv.m hissəsində "xxxx" ASC tərəfindən özbaşına olaraq qeyri-yaşayış obyektlərinin inşa edildiyi aşkar olunmuşdur. “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin xx.xx.2001-ci il tarixli, 198 nömrəli sərəncamı ilə "xxxx" ASC yaradılmış və onun səhmləri xx.xx.2005-ci il tarixdə tam özəlləşdirilmişdir. Cəmiyyətin səhmləri tam özəlləşdirilsə də, onun yerləşdiyi torpaq sahəsi hazırkı vaxtadək özəlləşdirilməmiş və dövlət mülkiyyətində qalmışdır. "xxxx" ASC tərəfindən tikinti işləri xx.xx.2001-ci il tarixli texniki pasportda göstərilmiş hüdudlar daxilində aparılmışdır. Cavabdeh tərəfindən dövlət mülkiyyətində və onun istifadəsində olan torpaq sahəsində müvafiq tikinti işlərinin aparılması üçün Əmlak Məsələləri Dövlət Xidmətindən razılıq alınmalı olduğu halda, belə bir razılıq olmadan tikinti işlərini aparmışdır ki, bununla da qanunvericiliyin tələbləri pozulmuşdur. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh "xxxx" ASC-nin nümayəndəsi iddianı qəbul etməyərək, rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq cavabdeh heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə tərəflərin izahatlarını, iddia ərizəsini və ona əlavə edilmiş sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin registrdən çıxarışından görünür ki, "xxxx" ASC-yə məxsus qeyri-yaşayış sahəsi ünvan 2-də olan 27281.6 kv.m torpaq sahəsində yerləşir. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi dövlət əmlakının inventarlaşdırılması idarəsi tərəfindən verilən xx.xx.2001-ci il tarixli texniki pasportun surətindən müəyyən olunur ki, Bakı Yüksək Gərginlikli Elektrik Avadanlıqları” ASC ünvan 2 ünvanında yerləşir və ümumi faydalı sahəsi 18950,8 m2, əsas sahəsi 13813,1 m2, köməkçi sahə 5137,7 m2-dir. Azərbaycan Respublikası Dövlət Əmlak Nazirliyinin xx.xx.2001-ci il tarixli sərəncamına əsasən, “Azərelektroterm” X7 tabeliyində olmuş ünvan 3 ünvanda yerləşən Bakı Yüksək Voltlu X1 bazasında "xxxx" ASC-nin yaradılması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli aktdan görünür ki, aktı imza edənlər bu aktı ondan ötrü tərtib etmişlər ki, monitorinq zamanı ünvan 2 ünvanında yerləşən (39T X:405228.80; Y:4472086.07 saylı koordinatlar) “Bakı Yüksək Voltlu X5”nun istifadəsinə verilmiş 27281.6 kv.m dövlət mülkiyyətində olan torpaq sahəsinin təxminən 1500 kv.m hissəsində qeyriyaşayış obyektinin inşa edilməsi faktı aşkar olunmuşdur. Araşdırma zamanı, “Bakı Yüksək Voltlu X5”nun (xx.xx.2001-ci il tarixli Texniki pasport) istifadəsində olan torpaq sahəsinin təxminən 1500 kv.m hissəsində qeyri-yaşayış obyektinin tikintisinə dair müvafiq qurumların icazə sənədləri olmadan inşa edildiyi müəyyən edilmişdir. Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, “Bakı Yüksək Voltlu X6” ASC xx.xx.2022-ci il tarixdə keçirilmiş mediasiya sessiyasında iştirak etməmişdir. Mediasiya xərci 40 manat iddiaçı tərəfindən ödənilmişdir; xx.xx.2008-ci il tarixli, 466 saylı Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən “İcarəyəverən” Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi “İcarəçi” “Bakı Yüksək Gərginlikli X6” ASC-yə xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ASC-nin yerləşdiyi torpaq sahəsini əvəzi ödənilməklə müddətli istifadəsinə verir. Tikinti altında olan sahə 19032,2 kv.m, sərbəst sahə 8249 kv.m olmaqla, cəmi 27281,6 kv.m təşkil edir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/982 №-li ekspert rəyinə əsasən ünvan 2 ünvanında yerləşən "xxxx" ASC-nin istifadəsində olan 27281,6 kv.m torpaq sahəsinin üzərindəki tikililər xx.xx.2001-ci il tarixli texniki pasportunun baş planının göstəricilərinə uyğun olmadığı müəyyən olunmuşdur. Belə ki, baxış zamanı texniki pasportun baş planında göstərilən C saylı tikiliyə bitişik təqribən 19,5x49,0 m ölçüdə əlavə tikili inşa olunmuş, D, L, M, M1 saylı tikililər sökülmüş və H, İ, P, P1, N, İ, İİ, İİİ saylı tikililərdə dəyişiklik aparılaraq əlavə tikinti işləri aparıldığı müəyyən olunmuşdur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Komitəsi tərəfindən ünvan 2 ünvanda yerləşən tikiliyə Bakı Yüksək Gərginlikli Elektrik Avadanlıqları xx.xx.2001-ci il tarixli texniki pasport verilmişdir. Daha sonra Azərbaycan Respublikası Dövlət Əmlak Nazirliyinin xx.xx.2001-ci il tarixli sərəncamına əsasən “X2 Birliyi”nin tabeliyində olmuş ünvan 3 ünvanda yerləşən “Bakı Yüksək Voltlu X4”nun bazasında "xxxx" ASC-nin yaradılması qərara alınmışdır. İddiaçının əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli akta əsasən ünvan 2 ünvanında yerləşən “Bakı Yüksək Voltlu X5”nun istifadəsinə verilmiş 27281.6 kv.m dövlət mülkiyyətində olan torpaq sahəsinin təxminən 1500 kv.m hissəsində qeyri-yaşayış obyektinin inşa edilməsi faktı aşkar olunmuşdur. Hazırda iddiaçı həmin ünvanda yerləşən "xxxx" ASC-nin istifadəsində və dövlət mülkiyyətində olan 27281.6 kv.m torpaq sahəsinin xx.xx.2001-ci il tarixli texniki pasportda qeyd edilən ilkin vəziyyətə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Məcəllənin 66-cı maddəsinin 1-ci bəndinə əsasən dövlət mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli Fərmanına əsasən yuxarıda sadalanan maddələrdə göstərilən “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərinin həyata keçirilməsi dövlət müəssisə, idarə və təşkilatların istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və yerli icra hakimiyyəti orqanlarına həvalə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 155.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. 155.2-ci maddəsinə əsasən fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun: 10-cu maddəsinə əsasən təsdiq olunmuş şəhərsalma sənədlərində yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsi yalnız yerli icra hakimiyyəti orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. 25-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığını almadan özbaşına bina və qurğular tikdikdə, mövcud tikililərin funksional təyinatını dəyişdirməklə, onların yenidən planlaşdırma və yenidənqurma işlərini apardıqda inzibati və mülki məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 5-ci bəndinə əsasən yerli icra hakimiyyəti ilə obyektdə dəyişikliklər edilməsi razılaşdırıldıqdan sonra bu məqsədlə işlənmiş layihə-smeta sənədləri sifarişçi tərəfindən təsdiq olunduqdan sonra bina və qurğularda genişləndirmə, yenidən planlaşdırma, yenidənqurma işlərinin aparılmasına və müvafiq qaydada tikinti işlərinin icrasına başlanılmasına yol verilir. Məhkəmə araşdırması zamanı məhkəmə ekspertiza mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/982 nömrəli ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən "xxxx" ASC-nin istifadəsində olan 27281,6 kv.m torpaq sahəsinin üzərindəki tikililər xx.xx.2001-ci il tarixli texniki pasportunun baş planının göstəricilərinə uyğun deyildir. Texniki pasportun baş planında göstərilən C saylı tikiliyə bitişik təqribən 19,5x49,0 m ölçüdə əlavə tikili inşa olunmuş, D, L, M, M1 saylı tikililər sökülmüş və H, İ, P, P1, N, İ, İİ, İİİ saylı tikililərdə dəyişiklik aparılaraq əlavə tikinti işləri aparılmışdır. Göründüyü kimi cavabdeh "xxxx" ASC tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq onun istifadəsinə verilmiş dövlət mülkiyyətində olan torpaq sahəsində müvafiq icra hakimiyyəti orqanlarının razılığını alınmadan özbaşına tikililər inşa edilmişdir. İddiaçı tələbi əsaslı olduğundan, iddia təmin olunmalı, ünvan 2 ünvanında yerləşən "xxxx" ASC-nin istifadəsində və dövlət mülkiyyətində olan 27281.6 kv.m torpaq sahəsinin xx.xx.2001-ci il tarixli texniki pasportda qeyd edilən ilkin vəziyyətə bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələblərinə görə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ödənilmiş mediasiya xərcinin cavabdehdən tutulmasını tələb etdiyindən medasiya xərci olaraq ödənilmiş 40 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin iddia təmin edildiyindən, aparılmış ekspertiza təhqiqatının xərci cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən "xxxx" ASC-nin istifadəsində və dövlət mülkiyyətində olan 27281.6 kv.m torpaq sahəsinin xx.xx.2001-ci il tarixli texniki pasportda qeyd edilən ilkin vəziyyətə bərpa edilməsi vəzifəsi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulsun. İddiaçı tərəfindən ödənilmiş 40 manat mediasiya xərci cavabdeh "xxxx" ASC-dən alınaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutulsun. Keçirilmiş ekspertiza təhqiqatının dəyəri olan 100 (bir yüz) manat cavabdeh "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar