Məhkəmə qərarları › İş №e-2(005)-2820/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2820/2022

21.09.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2820/2022 21.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinə qarşı “işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı işə bərpa və əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin SOCAR**********00070020B00003 №-li 05 yanvar 2022-ci il tarixli əmrinin ləğv edilməsi və işə bərpa edilməsi, işə bərpa olunduğu günə qədər ona çatası əmək haqlarının cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Geofizika və Geologiya İdarəsinin Mədəngeofizika İstehsalat Bölümünün “Quyuların qazılmasına geoloji, texnoloji nəzarət ekspedisiyasının ekspedisiya rəhbərliyi”ndə əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis vəzifəsində 10cu dərəcəli mühəndis olaraq işləmiş, SOCAR**********00070020B00003 №-li 05 yanvar 2022-ci il tarixli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” (işçilərin sayının ixtisar edilməsi) bəndinə əsasən əsassız və qanunsuz olaraq 10-cu dərəcəli mühəndis vəzifəsindən xaric olunmuşdur. O, xx.xx.1992-ci ildən xx.xx.2022-ci ilə qədər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Cavabdeh1ndə müxtəlif peşələrdə və son illərdə “Quyuların qazılmasına geoloji, texnoloji nəzarət ekspedisiyasının ekspedisiya rəhbərliyi”ndə əməyin mühafizəsi və təhlükəsizlik texnikası iizrə mühəndis vəzifəsində 10cu dərəcəli mühəndis vəzifəsində işləmiş və işlədiyi 30 il ərzində barəsində hansısa intizam tənbehi olmamış, daima işinə nizam-intizamlı və məsuliyyətli olmuş, 2008, 2014, 2015, 2019, 2020-ci illərdə SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma idarəsi tərəfindən keçirilən kurslarda əməyin mühafizəsi və təhlükəsizlik texnikası olaraq 6 sertifikata layiq görülmüş və SOCAR**********00070020B00003 №-li 05 yanvar 2022-ci il tarixli əmrlə əsassız və qanunsuz olaraq işdən xaric edilmiş, cavabdehlə olan əmək müqaviləsinə onun razılığı olmadan qanuna zidd olaraq xitam verilmişdir. O, boşanmış xanımdır və 3 uşağından (oğlunun gözü görmür) ibarət ailəsinin sosial vəziyyəti pisdir və onun işdən xaric olması onun və ailəsinin sosial vəziyyətini daha da ağırlaşdırmışdır. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin SOCAR**********00070020B00003 №-li 05 yanvar 2022-ci il tarixli əmri qanunsuz və əsassızdır, bu səbəbdən də əmr ləğv edilməlidir. Onu işdən çıxartdıqdan sonra onun yerinə eyni ştata dərhal öz yaxınlarını işə düzəltmişlər. Necə olur ki, onu 10-cu dərəcəli mühəndis vəzifəsindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” (işçilərin sayının azaldılması) bəndinə əsasən xaric edirlər və onun yerinə eyni ştata hər hansı iş təcrübəsi olmayan şəxsi işə qəbul edirlər. Cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi Nümayəndə1 vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı əmək münasibətlərində olduğu müəssisə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi olmuş və məhz həmin müəssisə tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. Bu səbəbdən cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin əsl cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, xx.xx.2022-ci il tarixli hazırlıq iclasında iddiaçının yazılı razılığı ilə cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətini əsl cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi ilə əvəz etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi tərəfindən məhkəməyə iddia ərizəsinə yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, son zamanlar koronavirus COVİD-19 pandemiyası ilə əlaqədar iş həcminin əhəmiyyətli dərəcədə azalması səbəbindən struktur dəyişikliyi və optimallaşdırma ilə bağlı qanunvericilikdə müəyyən olunmuş tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci hissəsinə əsasən müvafiq hallarda işçilərin sayı azalarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşənin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. Qanunun bu norması əsas tutularaq, struktur dəyişikliyi və ştatların optimallaşdırılması aparılan SOCAR-ın müəyyən qurumlarının, o cümlədən Geofizika və Geologiya İdarəsinin işçilərinin peşəkarlıq səviyyəsinin müəyyən edilməsi məqsədilə SOCAR-ın İnsan Resursları Departamenti tərəfindən “mərkəzləşdirilmiş qaydada" test imtahanları keçirilmişdir. İddiaçı da həmin imtahanda iştirak etmiş, lakin ümumilikdə 67.90 bal toplayaraq aşağı nəticə göstərmişdir. Yəni, peşəkarlıq səviyyəsi aşağı olmuşdur. Bundan başqa, Bakı Neft-Energetika Kolleci tərəfindən verilmiş diploma əsasən 2004-cü ildə həmin kollecin “Neft-qaz quyularının geologiyası və kəşfiyyatı” ixtisası üzrə tam kursunu bitirmiş və ona “kiçik mütəxəssis” ixtisası verilmişdir. Qiymətləndirmə nəticələrinə görə çox aşağı bal toplaması İddiaçı yüksək peşəkarlıq səviyyəsinə malik işçi olmasını təsdiq etmir, onun ixtisasının da əməyin mühafizəsi ixtisasına heç bir aidiyyəti yoxdur. İddiaçı şikayətdə qeyd etdiyi, əməyin mühafizəsi üzrə mühəndis kimi həmkarı olan X7 da ali təhsilli olmasına (Azərbaycan Beynəlxalq Universitetinin “Avtonəqliyyatda daşımaların və idarəetmənin təşkili” ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi) baxmayaraq test imtahanlarına göndərilmiş, 83.54 bal toplayaraq daha üstün nəticə göstərmişdir. Yəni, SOCAR-ın İnsan Resursları Departamenti müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşənin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçi kimi X1 müəyyən etmişdir. Bu hal isə ona Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən işdə saxlanmağa üstünlük hüququ verir. X9 heç də İddiaçı tutduğu vəzifəyə təyin edilməmişdir. Vəzifə təlimatının 3-cü bölməsinə - ödəniş dərəcələrinə ixtisas tələblərinə görə 9-13 dərəcəli əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis vəzifəsinə ali texniki təhsil tələb olunur. Əvvəllər, eləcə də müəyyən zamanlara qədər idarəyə verilən sifariş və iş həcmləri nəzərə alınaraq orta texniki (orta ixtisas) təhsilinə malik olan kiçik mütəxəssislərə mühəndis vəzifəsində işləməyə, şərait yaradılırdı. Hazırda isə bütün dünyada hökm sürən iqtisadi böhran səbəbindən iş sifarişləri, həcmləri əhəmiyyətli dərəcədə azaldığına və boşdayanmalar yarandığına görə bütün işçilərin işdə saxlanması mümkün deyil. Göründüyü kimi, İddiaçı ilə bağlı halda işçilərin sayının azaldılması üzrə tədbirlər həyata keçirilir, bu səbəbdən ştat vahidi ixtisar edilmir. Əmək Məcəlləsinin sözügedən maddəsinə uyğun olaraq peşəkarlıq səviyyəsi daha yüksək olan işçi işdə saxlanılır və həmin ştatda vəzifələrini icra edir. İddiaçı təhsilinin “0” bal ilə qiymətləndirilməsinə gəldikdə, ali təhsilinin olmaması səbəbindən ali təhsil meyarı üzrə təhsili “0” bal ilə qiymətləndirilmişdir. Göründüyü kimi, işçinin peşəsinin (ixtisasının) qiymətləndirilməsi, peşəkarlıq səviyyəsinin müəyyən edilməsi “mərkəzləşdirilmiş qaydada” SOCAR-ın İnsan Resursları Departamenti tərəfindən şəffaf və obyektiv olaraq həyata keçirilir. Beləliklə, şikayətçinin heç bir əmək hüququ pozulmamışdır. Sadəcə, işçilərin sayının azaldılması ilə bağlı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən xəbərdarlıq təqdim edilməsi məqsədilə X6 şöbəsinə dəvət edilmiş, lakin həmin xəbərdarlığı qəbul etməkdən imtina etmişdir. Bu fakt müvafiq akt ilə rəsmləşdirilmişdir. İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin birinci hissəsinə uyğun olaraq əmək müqaviləsi ləğv edilməzdən qabaqcadan bu barədə rəsmi xəbərdarlıq edilmişdir. İddiaçı işdə saxlanmağa üstünlük hüququ olmadığından onun barəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 78-ci maddəsi tətbiq edilməmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinə kimi əmək qabiliyyətini müvəqqəti itirdiyinə görə işə çıxa bilməmiş və xx.xx.2022-ci il tarixində işə çıxmışdır. Bu səbəbdən də hazırkı əmrin xx.xx.2022-ci il tarixdə verilməsi mümkün olmuşdur. Bundan başqa, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinə uyğun olaraq, həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndində göstərilən əsaslarla əmək müqaviləsinə xitam verilən və həmkarlar ittifaqının üzvü olan işçilərin, əmək müqavilələri ləğv olunmamışdan əvvəl Geofizika və Geologiya İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin razılığı alınmışdır (HİK-nin xx.xx.2021-ci il tarixli 13 nömrəli Protokolu). Xəbərdarlıq müddəti bitməsi ilə əlaqədar GGİ-nin xx.xx.2022-ci il tarixli SOCAR**********00070020B00003 nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Fərdi əmək münasibətlərinin həllində iddia müddətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsində müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci həssinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ‘‘Viktor Ozerovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 iyul 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 aprel 2011-ci il tarixli Qərarına əsasən Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 noyabr 2008-ci il tarixli qərarında və başqa qərarlarında göstərilmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və va bilməli olduğu subyektiv anla əlaqəlidir. Bundan başqa, Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında qeyd olunmuşdur ki, hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanası, mübahisəyə aid digər hallar da nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsinin həmin qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə görə iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. İddiaçı əmək müqaviləsinə xitam verildiyi tarixdən 1 (bir) aydan artıq vaxt keçdikdən sonra onun tərəfindən məhkəmədə iddia qaldırıldığından iddia tələbi rədd edilməlidir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin nümayəndəsi Nümayəndə2 iddia tələbini etiraf etmədi, etirazda qeyd edilənlərlə eyni məzmunlu izahat verərək İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinə qarşı işə bərpa tələbinə dair iddia ərizəsinin fərdi əmək mübahisələrinin həlli üçün nəzərdə tutulmuş iddia müddəti keçdiyinə, eləcə də İddiaçı ilə bağlanmış 1594 №-li 29 yanvar 2014-cü il tarixli əmək müqaviləsinə qanuni əsaslarla xitam verildiyinə görə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi və məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizəni təqdim etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutları araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan 1594 №-li 29 yanvar 2014-cü il tarixli əmək müqaviləsinin və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin rəisi X3 tərəfindən verilmiş 1116-k №-li 29 yanvar 2014-cü il tarixli əmrin surətindən görünür ki, İddiaçı 29 yanvar 2014-cü il tarixdən aylıq 510 manat əmək haqqı ödənilməklə Geofizika və Geologia İdarəsinin Mədəngeofizika İstehsalat bölümünün “Quyuların qazılmasına geoloji, texnoloji nəzarət ekspedisiyasının eksperdisiya rəhbərliyi”nə 9-cu dərəcəli əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin rəisi Elçin Şirinov tərəfindən idarənin Həmkarlar İttifaqı Komitəsinə ünvanlanmış əmək müqaviləsinin ləğvi ilə əlaqədar razılaşma haqqında məktuba əsasən işçilərin sayının azaldılması, ştatların ixtisarı ilə əlaqədar, siyahıda qeyd olunan işçilərlə (İddiaçı adı siyahıya əlavə edilmişdir) bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə ləğv edilməsinə Həmkarlar İttifaqı Komitəsi tərəfindən razılıq verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi Həmkarlar İttifaqı Komitəsinin iclasının 13 №-li 25 iyun 2021-ci il tarixli protokolunun surətindən görünür ki, “Quyuların qazılmasına geoloji, texnoloji nəzarət” ekspedisiyasında əməyin mühafizəsi və təhlükəsizlik üzrə mühəndis İddiaçı və adları protokolda qeyd edilmiş digər şəxslərlə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə ləğv edilməsinə razılıq verilmişdir. İş materiallarında olan 13 iyul 2021-ci il tarixli xəbərdarlıq haqqında məktubun surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən 9 təqvim həftə sonra ləğv ediləcəyi bildirilmiş, xəbərdarlıq İddiaçı tərəfindən alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin rəisi X4 tərəfindən verilmiş SOCAR**********00070020B00003 №-li 05 yanvar 2022-ci il tarixli əmrin surətindən görünür ki, Geofizika və Geologia İdarəsinin Mədəngeofizika İstehsalat bölümünün “Quyuların qazılmasına geoloji, texnoloji nəzarət ekspedisiyasının eksperdisiya rəhbərli”yində 10-cu dərəcəli əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 05 yanvar 2022-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayının ixtisar edilməsi) xitam verilməsi, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən bağlanmış əmək müqaviləsinə uyğun olaraq on ildən çox əmək stajı olduğuna görə orta aylıq əmək haqqının iki misli miqdarında işdənçıxarma müavinətinin ödənilməsi əmr edilmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatdan görünür ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi xxxxxxx0001X0 №-li 05 yanvar 2022-ci il tarixli “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş 35 №-li 06 yanvar 2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı 2608,45 manat məbləğində son haqq-hesab ödənilmişdir. İş materiallarında olan 01 №-li 05 yanvar 2022-ci il tarixli aktdan görünür ki, İddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi ilə aralarında bağlanmış 1594 №-li 29 yanvar 2014-cü il tarixli əmək müqaviləsinə 05 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi haqqında əmrlə tanış olması üçün insan resursları şöbəsinə dəvət olunmuş, İddiaçı həmin əmrlə tanış olaraq götürülməsindən imtina etmiş, əmək kitabçalarının və əmək kitabçasına əlavə içliyin uçotu və hərəkəti kitabına imza ataraq əmək kitabçasını götürmüşdür. Ona görə də X5 rəisi H.Ə.Nağıyeva, həmin şöbənin rəis müavini R.R.Məmmədov və həmin şöbənin kadrlar üzrə mütəxəssisi N.Ə.Vəliyeva bu aktı tərtib edərək öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan Geofizika və Geologiya İdarəsi Mədəngeofizika İstehsalat bölümü “Quyuların qazılmasına geoloji, texnoloji nəzarət ekspedisiyası əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndisinin vəzifə təlimatı”nın 3-cü bəndində ödəniş dərəcələrinə ixtisas tələbləri aşağıdakı kimi göstərilmişdir: - 8-ci dərəcəli əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis vəzifəsinə ali ixtisas təhsili və iş stajına tələb qoyulmadan; - 9-13-cü dərəcəli əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis vəzifəsinə ali texniki təhsil və hər əvvəlki dərəcə üzrə 2 il iş stajı. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin işçilərinin peşəkarlıq səviyyəsinin müəyyən edilməsi məqsədilə SOCAR-ın İnsan Resursları Departamenti tərəfindən keçirilmiş test imtahanlarının nəticələrindən görünür ki, İddiaçı 67.90 bal toplamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi tərəfindən 3 saylı Mediasiya Təşkilatına ünvanlanmış 11 may 2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı gələcəkdə məhkəmədə qaldıracağı iddia tələbinin hüquqi əsası olmadığına görə tərəflər arasındakı mübahisənin qarşılıqlı razılıq əsasında həll edilməsi mümkün deyildir. İddiaçı eyniməzmunlu, çoxsaylı şikayətləri X8 tərəfindən araşdırılmış və tələblərinin əsassız olduğu müəyyən edilmişdir. Bu səbəbdən Geofizika və Geologiya İdarəsi “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nın 7.4-cü bəndinə uyğun olaraq mediasiya sessiyasında iştirak etməkdən imtina edir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin rəisi X4 tərəfindən verilmiş SOCAR**********00070020B00006 №-li 13 yanvar 2022-ci il tarixli əmək müqaviləsinə dəyişikliyin rəsmiləşdirilməsi haqqında əmrin surətindən görünür ki, X7 14 yanvar 2022-ci il tarixdən Geofizika və Geologia İdarəsinin Mədəngeofizika İstehsalat bölümünün “Quyuların qazılmasına geoloji, texnoloji nəzarət ekspedisiyasının eksperdisiya rəhbərliyi”nə 10-cu dərəcəli əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin işçilərinin peşəkarlıq səviyyəsinin müəyyən edilməsi məqsədilə SOCAR-ın İnsan Resursları Departamenti tərəfindən keçirilmiş test imtahanlarının nəticələrindən görünür ki, X7 83.54 bal toplamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-cı maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Həmin maddənin 3-cü hissəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. Həmin Məcəllənin 80-ci maddəsinin 1-ci və 2-ci hisslələrinə əsasən bu Məcəllənin 70ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. İddia tələbindən görünür ki, iddiaçı cavabdeh tərəfindən əsassız və qanunsuz olaraq işdən xaric edildiyini, cavabdehlə olan əmək müqaviləsinə onun razılığı olmadan qanuna zidd olaraq xitam verildiyini, onun yerinə eyni ştata hər hansı iş təcrübəsi olmayan şəxsin işə qəbul edildiyi iddia etmiş, lakin işin məhkəmə iclasında araşdırılan hallarına əsasən İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, cavabdehlə olan əmək müqaviləsinə iddiaçının razılığı olmadan qanuna zidd olaraq xitam verilməsi tələbi ilə bağlı qeyd edir ki, işəgötürən tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilərkən işçinin deyil, həmkarlar ittifaqının üzvü olan işçinin müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən və qanunvericiliyin yuxarıda qeyd olunan normalarından görünür ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən həmkarkar ittifaqı komitəsinin razılığı alınmışdır. Bundan başqa, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməmişdən əvvəl iddiaçı Azərbaycan Respublikasının Əmək Məcəllənin 77-ci maddəsinin 1-ci hissəsində göstərilmiş qaydada xəbərdarlıq edilmiş, həmin maddənin 3-cü hissəsində göstərilmiş qaydada iddiaçıya işdənçıxma müavinəti verilmişdir. Göründüyü kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. İddiaçının yerinə eyni ştata hər hansı iş təcrübəsi olmayan şəxsin işə qəbul edilməsi tələbinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci hissəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Həmin maddənin 2-ci hissəsinə əsasən işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Cavabdehin nümayəndəsinin izahatından və məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin işçilərinin peşəkarlıq səviyyəsinin müəyyən edilməsi məqsədilə SOCAR-ın İnsan Resursları Departamenti tərəfindən “mərkəzləşdirilmiş qaydada" test imtahanları keçirilmiş, iddiaçı həmin imtahanda 67.90 bal, həmin idarədə əməyin mühafizəsi üzrə digər mühəndis X7 isə 83.54 bal toplayaraq daha üstün nəticə göstərmişdir. Digər tərəfdən, iddiaçı Bakı Neft-Energetika Kollecinin “Neft-qaz quyularının geologiyası və kəşfiyyatı” ixtisası üzrə tam kursunu bitirmiş və ona “kiçik mütəxəssis” ixtisası verilmiş, X7 isə Azərbaycan Beynəlxalq Universitetinin “Avtonəqliyyatda daşımaların və idarəetmənin təşkili” ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi almışdır. Göründüyü kimi, cavabdeh tərəfindən işçilərin sayı azaldılarkən əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan X7 işdə saxlanılmış, eyni zamanda, qanunvericilikdə işçinin peşəkarlıq səviyyəsinin işəgötürən tərəfindən müəyyən edilməsi qeyd edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.1-ci, 296.2-ci, 296.4-cü maddələrinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı 05 yanvar 2022-ci il tarixdən tutduğu vəzifədən azad edildiyini və bu barədə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Geofizika və Geologiya İdarəsinin SOCAR**********00070020B00003 №-li 05 yanvar 2022-ci il tarixli əmrinin mövcud olmasını bilsə də, məhkəməyə işə bərpa edilməsi tələbi ilə yalnız 2022-ci ilin iyun ayında, qanunvericiliklə müəyyən edilmiş bir aylıq iddia müddətini buraxmaqla müraciət etmişdir. Bununla bağlı olaraq məhkəmə iş üzrə ən mühüm hal kimi qeyd edir ki, iddiaçının cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinə qarşı işə bərpa edilməsinə dair iddia verməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddəti buraxması onun tələbinin rədd edilməsi qənaətinə gəlinməsi üçün əsas kimi qəbul edilir. Belə olan halda, məhkəmə qanunsuz olaraq işdən çıxarılma nəticəsində işburaxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsində də tələbin əsassız olmasına qənaətinə gəlir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinə qarşı işə bərpa və əmək haqqının ödənilməsi tələbinə dair iddiası qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinə qarşı “işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar