Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2835/2025 03.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı X4nın iştirakı ilə, İddiaçı X4nın Cavabdeh MMC-yə qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X4 Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməməsi faktının tanınması və ona göstərilməmiş xidmətlərə görə ödənilmiş 2300 manat, 360 avro (697 manat) və 460 manat məbləğin, hesablanmış 312 manat dəbbə pulunun, o cümlədən məhkəməyə ödənilmiş 58 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2004-cü il tarixdə cavabdehlə XM/315 saylı xidmət müqaviləsi bağlamış, müqavilənin predmeti xarici ölkədə işə düzəlmə və viza ilə bağlı təşkilati məsələlərin həyata keçirilməsi olmuşdur. Müəyyən olunmuş şərtlərə əsasən şirkət 4-5 ay müddətində onu Slovakiya Respublikasında istehsal sahəsində işə düzəltməli və bu məqsədlə Şengen vizası ilə təmin etməli idi. Müqaviləyə görə o, xx.xx.2004-cü il tarixdə 1300 manat nağd və 1000 manat kartla ilkin ödəniş etmişdir. Lakin cavabdeh onun işə başlaması üçün heç bir sənəd təqdim etməmiş, viza ilə bağlı addım atmamışdır. Onun tərəfindən xx.xx.2024-cü il tarixdə 360 avro və xx.xx.2024cü il tarixdə 400 manat ödənilmişdir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə cavabdeh şirkətin nümayəndəsi tərəfindən “15-də pul veriləcək” vədi verilmiş, lakin hər dəfəsində yeni tarixlər göstərilməklə öhdəliklərin icrasından yayınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü hesab edilməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, təqdim edilən sübutları tədqiq edib, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2024-cü il tarixli, XM/315 saylı Xidmət müqaviləsindən görünür ki, “İcraçı” Cavabdeh MMC tərəfindən xaricdə işə düzəlmə və təminatlar, “Sifarişçi” X4 tərəfindən isə xidmət haqlarının ödənilməsi barədə öhdəlik götürülmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən qanuni iş vizası verilir, 3.1-ci bəndinə əsasən işin olduğu ölkə Slovakiya, vakansiya isə istehsal sahəsidir. Müqavilənin 4.1-ci bəndinə görə sifarişçi ilkin xidmət haqqı olaraq 1300 manat ödəyir, ikinci ümumi xidmət haqqı isə iş dəvəti aldıqdan sonra ödənilməlidir; Qəbzdən görünür ki, Kapital Bank pul köçürmə sistemi ilə 665 manat ödəniş həyata keçirilmişdir; xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh MMC xx.xx.2024-cü il tarixli, XM/315 saylı Xidmət müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyindən, 3769,80 manat məbləğində pulun qaytarılması barədə xəbərdar edilmiş, göstərilən məbləğ ödənilməzsə, məhkəməyə müraciət ediləcəyi bildirilmişdir; xx.xx.2025-ci il tarixli Cavabdeh MMC-nin direktoru X1 ərizəsindən görünür ki, şirkət ilə X4 arasında bağlanmış müqavilə xx.xx.2024-cü ildən qüvvədədir. Şirkət sifarişçinin xx.xx.2025-ci il tarixdə ödədiyi 3425 manat məbləği xx.xx.2025-ci il tarixə qədər tam olaraq ödəyəcəyinə dair söz vermişdir. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, viza ilə təmin və xaricdə işədüzəltmə xidmətləri barədə tərəflər arasında müqavilə bağlanmış, iddiaçı X4 tərəfindən müvafiq xidməti ödənişlərin edilməsinə baxmayaraq, Cavabdeh MMC öz öhdəliklərini yerinə yetirməmişdir. Hazırda iddiaçı ödədiyi məbləğlərin məhkəmə qaydasında geri qaytarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hazırki mülki iş materiallarından görünür ki, “İcraçı” Cavabdeh MMC ilə “Sifarişçi” X4 arasında xx.xx.2024-cü il tarixli, XM/315 saylı Xidmət müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh MMC sifarişçiyə qanuni iş vizası verilməsi və onun xaricdə işlə təmin olunmasını öz öhdəsinə götürmüşdür. Müqavilənin 2.1.1-ci bəndində işə düzəlmə ilə bağlı problem yaranarsa, sifarişçinin ödədiyi məbləğin tam olaraq icraçı tərəfindən geri qaytarılacağı razılaşdırılmışdır. Cavabdeh MMC-nin direktoru X3 tərtib etdiyi ərizəsində xidmət müqaviləsi üzrə sifarişçi tərəfindən xx.xx.2025-ci il tarixdə ödənilmiş 3425 manat məbləğin ona geri qaytarılmasına dair söz vermişdir. Yəni bu qeydlə cavabdeh müqavilə üzrə öz öhdəliyini yerinə yetirmədiyindən 3425 manat vəsaiti qaytarmaqda borclu olduğunu etiraf etmişdir. Məhkəmə tərəfindən həmin etirafın qəbul edilməsindən imtina olunması üçün hər hansı bir əsas, o cümlədən işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə yaradan hər hansı bir hal aşkar edilməmişdir. Yəni göründüyü kimi iddiaçı verdiyi vəsaitin geri ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçının iddia tələbində göstərdiyi digər məbləğlərlə bağlı məhkəmə qeyd edir ki, xidmət haqlarının ödənilməsini sübut etmək yükünü iddiaçı daşıyır, hazırki iş materiallarında isə belə bir mötəbər sübut mövcud deyildir. Belə ki, iddiaçı X4 Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli ərizəsində göstərdiyi 3425 manat məbləğə inkar mövqedə yanaşmayaraq, borcun daha artıq olması barədə ərizəyə etiraz ünvanlamamışdır. O cümlədən bu halı təkzib edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, işin hallarından tərəflərin hüquq və vəzifələrinin qarşılıqlı olaraq qəbul edildiyi, iddianın etiraf edilməsi ilə əlaqədar yaranan hüquqi nəticələrin tərəflərin hər ikisinə aydın olduğu qənaətinə gəlmək olar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2 və 52.5-ci maddələrinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə uyğun olaraq, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3 və 220.4-cü maddələrinə görə isə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddia tələbinin “312 manat dəbbə pulu” hissəsində qeyd edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı dəbbə pulunun nədən ibarət olması və hansı əsasla hesablanması barədə sübut təqdim etməmiş və iddiasını həmin hissədə əsaslnadırmamışdır. Bundan başqa tərəflər arasında bağlanmış müqavilənin şərtlərində dəbbə pulunun ödənilməsi nəzərtə tutulmamış, tərəflər bu barədə razılığa gəlməmişdir. Məhkəmə iddia tələbinin “Cavabdeh MMC tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməməsi faktının tanınması” hissəsində qeyd edir ki, iddia həmin hissədə də təmin edilməməlidir. Belə ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəlik icra edilmədiyindən hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Müqavilə öhdəliyinin lazımi qaydada icra edilmədiyindən məhkəmə iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Göründüyü kimi müqavilə üzrə cavabdehdən vəsaitinin tutulması özlüyündə müqavilə öhdəliklərinin yerinə yetirməməsini ehdiva edir ki, həmin halın təsdiqlənməsinin zərurəti yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia qismən təmin edildiyindən, təmin edilmiş hissəyə nisbətdə 58 manat rüsum məbləğinin 52,71 manatının cavabdehdən tutularaq iddiaçıya verilməsi qənaətindədir. Beləliklə, tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edirəm ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 3425 manat pul və dövlət rüsumu kimi ödənilmiş 58 manat pulun 52,71 manatı tutularaq iddiaçı X2 ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 3425 manat pul və dövlət rüsumu kimi ödənilmiş 58 manat pulun 52,71 manatı tutularaq iddiaçı X2 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №e-2(005)-2835/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2835/2025
03.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver