Məhkəmə qərarları › İş №e-2(005)-2864/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2864/2024

07.10.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2864/2024 07.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 Sürət oğlu və Cavabdeh1 azyaşlı uşaqları və əmlakları ilə birlikdə, həmçinin icra vaxtı mənzildə olan digər şəxslərin, onun mülkiyyətində olan yeni qaydalarla AZ1052, ünvan 1 ünvanında yerləşən, sahəsi 71,10 kv.m. olan 2 otaqlı mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, yeni qaydalarla ünvan 2 ünvanda sahəsi 71,10 kv.m olan 2 otaqlı mənzil Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən onun mülkiyyətindədir. Cavabdehlər Cavabdeh2 Sürət oğlu və Cavabdeh1 ər-arvad olaraq həmin mənzili ona satmış X1 və qızıdır. Aralarında olan razılaşmaya əsasən onlar mənzili 01 yanvar 2024-cü ilədək boşaldıb ona təhvil verməli idilər. Ancaq bu günə qədər mənzili boşaldıb çıxmırlar. Onların mənzildən çıxmamaları onun Azərbaycan Respublikası Konstitusiyası ilə təminat verilən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə müəyyən edilən hüquqlarını pozmaqla onlara qarşı mənzildən çıxarılma tələbinə dair məhkəmədə iddia qaldırmasını zəruri edir. Yuxarıda göstərilənlərdən müəyyən olunur ki, cavabdehlər Cavabdeh2 Sürət oğlu və Cavabdeh1 azyaşlı uşaqları və əmlakları ilə birlikdə, həmçinin icra vaxtı mənzildə olan digər şəxslərin mülkiyyətində olan 2 otaqlı mənzildən çıxarılmaları üçün hüquqi əsaslar mövcuddur. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddia tələbinin əsasında iddiaçı qeyd edir ki, ona çıxarış verilmiş, o həmin evdə yaşa bilmir, digər şəxslər, cavabdehlər həmin evdə yaşayır. Əgər ev həqiqətən iddiaçıya qanuni əsaslarla məxsus olmuşdursa, niyə onlar uzun müddətdir ki, həmin evdə yaşamaqdadırlar. Göründüyü kimi, iddiaçının iddia tələbinin heç bir məntiqi əsası yoxdur. Belə ki, İddiaçı qarşılıqlı razılaşma ilə müəyyən pul məbləğində atasına borc verməklə həmin evi girov kimi alqı-satqı ilə adına keçirmiş, pulu qaytardıqdan sonra yaşayış evini qaytaracağını bildirmişdir. Ancaq daha sonra atası borcunu qaytarıb, yaşayış evini geri öz adlarına keçirməyi bildirsə də, iddiaçı 400000 manat dəyərində yaşayış evini çox ucuza aldığını, niyə qaytaracağını deyərək yaşayış evini onlara verməkdən imtina etmişdir. Bununla bağlı çıxarışın verilməsinə əsas olan sənədlər İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin DƏDRX-dən götürülsə, həmin sənədlərin, müqavilənin heç bir hüquqi əsası olmadığını, notariat orqanında təsdiqlənmədiyini, evdə qeydiyyatda olan şəxslərin heç bir imza etmədiyini, razılıq bildirmədiyini, müqaviləyə notariat qaydasında imza edilmədiyi sənədlərin saxta olduğu üzə çıxacaqdır. Odur ki, iddianın tam şəkildə rədd olunmasını, mövcud və yeni əldə olunacaq sübutlar əsasında təmin olunmamasını xahiş edirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa müvafiq izahat verərək bildirmişdir ki, cavabdehlər mübahisələndirilən mənzildə qeydiyyatda deyillər. Çıxarışı ilk dəfə iddiaçı alıb. Cavabdehlərdən biri mənzili satanın qızı, digəri isə kürəkənidir. Mənzilli Aydan xanımın atasıgildən almışdır. Onlar 1 yanvar 2024-cü il tarixədək mənzili boşaltmağı öhdələrinə götürsələr də, öz öhdəliklərini icra etmirlər, mənzili ona təhvil verməkdən yayınırlar. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reysteri X9 hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, AZ 1052, ünvan 3 ünvanında yerləşən 71.10 kv.m sahəsi olan mənzil İddiaçı adına xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır; - “İcraçı” "xxxx" MMC ilə “Sifarişçi” İddiaçı arasında bağlanmış 59STT saylı, xx.xx.2023-cü il tarixli müqavilənin surətindən görünür ki, “İcraçı” Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 83 ünvanında tikilən 3-cü bina, 6-cı blok, 3-cü mərtəbəsində yerləşən 3№li mənzili “Sifarişçi”-yə verməyi, “Sifarişçi” isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür. “Sifarişçi”nin ödənişi 170000 manat təşkil edir; - 33TT saylı, xx.xx.2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi 83 ünvanında tikilən 16 mərtəbəli yaşayış binası "xxxx" MMC-yə məxsusdur. 3-cü bina, 6-cı blok, 3-cü mərtəbədə yerləşən 3№-li mənzil, ümumi sahəsi 73,5 kv.m. olan yaşayış sahəsinə görə İddiaçı “MTK”-ya borcu yoxdur; - X2 xx.xx.2023-cü il tarixdə Bakı 3 saylı Notariat Ofisində təsdiq edilmiş ərizəsindən görünür ki, "xxxx" MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi 83 ünvanında inşa etdiyi 3 saylı binanın, 6-cı blok, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 73.5 kv.m olan 2 otaqdan ibarət, həyat yoldaşı X5 məxsus 3 saylı mənzilin satılmasına və həmin mənzilin İddiaçı adına sənədləşdirilməsinə etiraz etmir; - X3 xx.xx.2023-cü il tarixdə Bakı 3 saylı Notariat Ofisində təsdiq edilmiş ərizəsindən görünür ki, "xxxx" MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi 83 ünvanında inşa etdiyi 3 saylı binanın, 6-cı blok, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 73.5 kv.m olan 2 otaqdan ibarət, həyat yoldaşı X5 məxsus 3 saylı mənzilindən və pay hüququndan imtina edir. Həmin mənzilin İddiaçı adına sənədləşdirilməsinə etiraz etmir; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan şəxs yoxdur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, mübahisələndirilən mənzil əvvəllər cavabdehlərin yaxın qohumlarına məxsus olmuşdur. Daha sonra onlar mənzilin satılmasına notarial qaydada razılıq vermiş və İddiaçı ilə MMC arasında mənzilin alğı-satqısına dair müqavilə bağlanmışdır. Mənzilin əvvəlki sahibləri mənzilin iddiaçının adına rəsmiləşdirilməsinə etiraz etmədikləri barədə yazılı ərizə vermiş və mənzil iddiaçının mülkiyyəti olaraq qeydə alınmışdır. Hazırda iddiaçı mənzilin keçmiş sahibinin ailə üzvləri olan cavabdehlərin hələ də mənzildən çıxmamalarına istinad edərək, onların evdən çıxarılmalarını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqlarının və X4 Haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir, heç kəs cəmiyyətin maraqları naminə, qanuna və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsı Plenumunun “R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Məhkəmə qeyd olunan qanunvericilik normalarından və daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasından çıxış edərək hesab edir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə yaşamaları və maneələr yaratması sonuncunun qanunla qorunan mülkiyyət hüquqlarının kobud surətdə pozulması ilə nəticələnir. İddiaçının tələb hüququ, Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtlərindən irəli gəlir. Qeyd edilən normaya əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (vindikasiya barədə iddia). Vindikasiya iddiasının irəli sürülməsi üçün iddiaçı əmlakın mülkiyyətçisi olmalı, mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalı, mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalı və başqa şəxsin faktiki sahibliyində olmalı, lakin həmin şəxsin sahiblik hüququ olmamalıdır. Göstərilən şərtlər isə məcmu halda hazırki işdə mövcuddur. Cavabdehlər bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən iddiaçının mübahisəli mənzilə dair qüvvədə olan çıxarışının mövcudluğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Belə ki, cavabdehlərin əmlakdan istifadə və ona sahiblik etmək üçün hər hansı hüquqi əsasının, o cümlədən onlarla iddiaçı arasında bağlanmış kirayə və sair müqavilənin olması müəyyən edilməmişdir. İstifadə və sahiblik hüququnun olması isə cavabdehlərin əmlakda yalnız bilavasitə yaşaması (fiziki baxımdan mövcudluğu) ilə əlaqələndirilə bilməz. Onların hazırda ailə üzvləri və əmlakları ilə birlikdə mübahisəli mənzildə məskunlaşmaları iddiaçının, mülkiyyətçi olmasına baxmayaraq, əmlakdan istifadə etmək və ona sahib olmaq hüquqlarını məhdudlaşdırır. Mövcud vəziyyətdə cavabdehlərin bu hərəkətləri iddiaçını mülkiyyətindən faktiki olaraq məhrum etmiş olur və hüquqi nəticə etibarı ilə onun konstitusion hüququ olan mülkiyyət hüququnu pozur. Cavabdehlərin azyaşlı övladları və əmlakları ilə birlikdə mənzildən çıxarılmaları tələbi ilə bağlı qeyd olunmalıdır ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə görə on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən isə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, cavabdehlər hazırda iddiaçıya məxsus mənzildə yaşayırlar. Müvafiq mənzilə mülkiyyət hüququ iddiaçıya məxsus olsa da, onlar mənzilin boşaldılması və təhvil verilməsindən imtina edirlər. Mübahisəli mənzil iddiaçının mülkiyyətində olduğundan, qanunvericiliyə görə mülkiyyət hüququ istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə edilməli olduğundan və onun mülkiyyətindən sərbəst istifadəsi başqa şəxslərin hüquqlarını pozmadığından, cavabdehlərin isə mövcud vəziyyətdə mənzildən istifadə hüquqları olmadığından iddia təmin edilməlidir. Digər şəxslərin mənzildən çıxarılması ilə bağlı məhkəmə qeyd edir ki, həmin ifadə qeyri-müəyyən olsa da, cavabdehlərin hüquqlarından sui-istifadəsinin, əsassız məhkəmə araşdırmalarının qarşısını alınması və mülkiyyətçinin hüquqlarının daha səmərəli qorunması baxımından iddia həmin hissədə də təmin edilməlidir. Cavabdehin etirazı ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı ilə qarşılıqlı razılaşma əsasında müəyyən pul məbləğində atasına borc verməklə həmin evin girov əvəzinə alğısatqı kimi rəsmiləşdirildiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir, həmçinin iddiaçının çıxarışı mübahisələndirilməmişdir. Mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Başqa sözlə, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır (Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələri). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 Sürət oğlu və Cavabdeh1 uşaqları və əşyaları, eləcə də eləcə də onlarla yaşayan digər şəxslərlə birlikdə ünvan 5 ünvanında yerləşən 71,10 kv.m sahəsi olan 2 otaqlı mənzildən çıxarılmalıdırlar. İş üzrə ödənilmiş dövlət rüsumuna görə 100 manat məbləğində pul cavabdehlər Cavabdeh2 Sürət oğlu və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 Sürət oğlu və Cavabdeh1 uşaqları və əşyaları, eləcə də onlarla yaşayan digər şəxslərlə birlikdə ünvan 5 ünvanında yerləşən 71,10 kv.m sahəsi olan 2 otaqlı mənzildən çıxarılsınlar. İş üzrə ödənilmiş dövlət rüsumuna görə 100 (yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh2 Sürət oğlu və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elekton kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar