Məhkəmə qərarları › İş №e-2(005)-2884/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2884/2025

11.09.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2884/2025 11.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı mənzilə müdaxilənin qadağan edilməsi və ümumi yığıncağın qərarının verilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı mənzilə müdaxilənin qadağan edilməsi və ümumi yığıncağın qərarının verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində inşa etdiyi 5 bloklu yaşayış kompleksinin F blok, 8-ci mərtəbəsində yerləşən 57 saylı, 3 otaqdan ibarət, ümumi sahəsi 104,4 kv.m olan mənzilə sərbəst giriş-çıxışına, sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə mane olan bütün hərəkətlərin, həmçinin mənzildə onun müəyyən etdiyi fiziki və hüquqi şəxslər tərəfindən təmir işlərinin aparılmasına müdaxilə və maneənin Cavabdeh MTK-ya qadağan edilməsi, mənzilin açarlarının və mənzilin satılması barədə kooperativ üzvlərinin ümumi yığıncağının qərarının ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh MTK arasında xx.xx.2022-ci il tarixli, F019 nömrəli mənzilin alqı-satqısına dair müqavilə bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində inşa etdiyi 5 bloklu yaşayış kompleksinin F blok, 8-ci mərtəbəsində yerləşən 57 saylı, 3 otaqdan ibarət, ümumi sahəsi 104,4 kv.m olan mənzilin tikintisini, istismara verilməsini və yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay ərzində tamamlayıb tam layihə gücünə çatdırması öhdəliklərini öz üzərinə götürmüşdür. Mənzilin ümumi dəyəri 163908 manat, ilkin ödəniş isə 86000 manat məbləğində müəyyən edilmişdir. O, ödəməli olan qalıq 77908 manatı cavabdehə tam ödəmiş və ona maliyyə arayışı verilmişdir. xx.xx.2025-ci il tarixdə o, mənzildə təmir işləri aparmağa başlamışdır. Daha sonra cavabdeh bildirmiş ki, mənzildə yenidən oxdan oxa ölçülər aparılmış və mənzilin ümumi sahəsinin oxdan-oxa 104,4 kv.m deyil, 114 kv.m təşkil etdiyi müəyyən olunmuşdur. Bu səbəbdən 15700 manat borcun ödənilməsi ondan tələb edilmişdir. xx.xx.2025-ci il tarixdə cavabdeh təmir işləri aparan şəxsləri mənzildən çıxardaraq, mənzilin açarlarını zorla almış, təmir işlərinin aparılmasını qadağan etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, maliyyə arayışında texniki səhvə yol verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü hesab edilməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün edir. Məhkəmə iddia ərizəsini, iddiaçının nümayəndəsi və vəkilinin izahatını, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2022-ci il tarixli, F019 saylı Mənzilin alqı-satqısı müqaviləsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində inşa etdiyi 5 bloklu yaşayış kompleksinin F blok, 8-ci mərtəbəsində yerləşən 57 saylı, 3 otaqdan ibarət, ümumi sahəsi 104,4 kv.m olan mənzilin tikintisini, müqavilədə nəzərdə tutulan təminatını, onun istismara verilməsi və müqavilədə göstərilmiş vaxtda yəni, yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay ərzində tamamlayıb tam layihə gücünə çatdırması öhdəliklərini yerinə yetirməyi Cavabdeh MTK üzərinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən mənzilin ümumi sahəsi oxdan-oxa 104,4 kv.m təşkil edir və bir kv.m qiyməti 1570 manat məbləğindədir. 2.2-ci bəndinə əsasən mənzilin ümumi dəyəri 163908 manat müəyyən edilir. 2.3-cü bənddə isə qeyd edilir ki, ilkin ödəniş 86000 manata çıxılmaqla, qalan 77908 manat ödəmə 30 ay ərzində aylıq bərabər hissələrə bölünməklə həyata keçirilir; xx.xx.2022-ci il tarixli, F019 saylı müqaviləyə 1 saylı əlavədən görünür ki, mənzilin ümumi dəyəri olan 163908 manat məbləğ 30 ay ərzində, hər ay 2597 manat olmaqla ödənilməlidir; xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı mənzilin ümumi sahəsi oxdan-oxa 104,4 kv.m deyil, 114 kv.m təşkil etdiyindən 15700 manat borc pulun ödənilməsi, əks halda müqavilənin birtərəfli qaydada ləğv olunaraq, mənzilin satışa çıxarılacağı və satışdan sonra onun ödədiyi məbləğdən 5 faiz tutularaq yerdən qalan hissənin ona qaytarılacağı barədə xəbərdar edilmişdir; xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yerləşən yüksək mərtəbəli yaşayış evinin F blokunun 8-ci mərtəbəsində yerləşən 56 saylı, ümumi sahəsi oxdan-oxa 104,4 kv.m-dən ibarət olan, 3 otaqlı mənzilin dəyərini tam ödəmişdir. Təqdim edilmiş sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh MTK arasında mənzilə dair müqavilə bağlanmış, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam icra etsə də, lakin cavabdeh tərəfindən iddiaçıya mülkiyyət hüququnun tanınması üçün sənədlər tam şəkildə təqdim edilməmişdir. Habelə cavabdeh tərəfindən mülkiyyət hüquqlarının həyata keçirilməsində iddiaçıya digər maneələr törədildiyindən, iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139.4-cü maddəsinə əsasən məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. Mənzil Məcəlləsinin 113.1-ci maddəsinə görə mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsinə görə bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Eyni zamanda Mülki Məcəllənin mülki hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 178.8-ci maddəsinə müvafiq olaraq mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0.10-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2-ci maddəsinə əsasən məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; Mülki Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, qanunvericiliyin tələbinə uyğun olaraq mübahisəli hüquq münasibətinin yarandığı zaman, 2013-cü il yanvarın 1-dən sonra inşa edilən tikili üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün müxtəlif sənədlər tələb olunur. Həmin tikililər üzrə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə qərara əlavə edilməlidir. Məhkəmənin qənaətinə görə iddiaçı mənzilin dəyərini tam şəkildə ödəyərək, öz öhdəliyini yerinə yetirmiş və bununla da mənzil üzərində mülkiyyətə dair hüquqlarını əldə edilməsinə dair əsası və hüququ yaranmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş maliyyə arayışına əsasən İddiaçı Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yerləşən yüksək mərtəbəli yaşayış evinin F blokunun 8-ci mərtəbəsində yerləşən 56 saylı, ümumi sahəsi oxdan-oxa 104,4 kv.m-dən ibarət olan, 3 otaqlı mənzilin dəyərini tam ödəmişdir. Göründüyü kimi İddiaçı öz öhdəliyini lazımınca icra etdiyindən, adıçəkilən əmlaka dair qanuni gözləntisi mövcuddur. Lakin cavabdeh MTK tərəfindən ümumi yığıncağının qərarı təqdim edilmədiyindən, hazırda daşınmaz əmlakın dövlət reyestrində iddiaçının mülkiyyət hüquqlarının qeydə alınması həyata keçirilə bilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülkiyyət hüququ əmlakdan faktiki olaraq sərbəst istifadə, ondan yaşayış və ya digər qanuni məqsədlərlə yararlanmaq imkanını özündə ehtiva edir. Cavabdeh tərəfindən mənzilə sərbəst giriş-çıxışın və təmir işlərinin aparılmasının qadağan olunması, habelə mənzilin açarının alınaraq iddiaçıdan gizlədilməsi onun qanunvericiliklə qorunan sahiblik və istifadə hüquqlarını məhdudlaşdırmaqdadır. Bu səbəbdən cavabdehin həmin hərəkətləri hüquq pozuntusu kimi qiymətləndirilməli və qadağan edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində inşa etdiyi 5 bloklu yaşayış kompleksinin F blok, 8-ci mərtəbəsində yerləşən 57 saylı, 3 otaqdan ibarət, ümumi sahəsi 104,4 kv.m olan mənzilə sərbəst giriş-çıxışına, sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə mane olan bütün hərəkətlər, həmçinin mənzildə onun müəyyən etdiyi fiziki və hüquqi şəxslər tərəfindən təmir işlərinin aparılmasına müdaxilə və maneə Cavabdeh MTK-ya qadağan edilməli, mənzilin açarlarının və mənzilin satılması barədə kooperativ üzvlərinin ümumi yığıncağının qərarının ona verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumuna dair tələb olmadığından iddiaçıya aid edilməsini məqbul hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində inşa etdiyi 5 bloklu yaşayış kompleksinin F blok, 8-ci mərtəbəsində yerləşən 57 saylı, 3 otaqdan ibarət, ümumi sahəsi 104,4 kv.m olan mənzilə sərbəst giriş-çıxışına, sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə mane olan bütün hərəkətlər, həmçinin mənzildə onun müəyyən etdiyi fiziki və hüquqi şəxslər tərəfindən təmir işlərinin aparılmasına müdaxilə və maneə Cavabdeh MTK-ya qadağan edilsin. Mənzilin açarlarının və mənzilin satılması barədə kooperativ üzvlərinin ümumi yığıncağının qərarının İddiaçı verilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulsun. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar